Azərbaycanlı şairin Qırğızıstanda kitabı nəşr edilib Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının Qırğızıstanda “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) adlı şeirlər kitabı nəşr olunub.

 

Qırğızıstan Yazıçılar Birliyi Oş vilayəti bölməsinin tövsiyəsi və həmin bölmənin rəhbəri, Oş Dövlət Universitetinin müəllimi Bermet Zakirovanın rəyi əsasında nəşr edilən bu kitab, eyni zamanda iki qardaş xalq arasında qurulan ədəbi körpülərin möhkəmləndiyini göstərən, sözün sərhəd tanımadığını sübut edən mənəvi bir görüş, qələm adamlarının ədəbiyyata və ulu sözə olan ehtiramının təzahürüdür. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Muqimcon Nurboyevdir.  Şeirləri qırğız türkcəsinə Aykın Mamatova uyğunlaşdırıb.

    Qeyd edək ki, Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sukunti” (“Sevgi sükutu”) (Özbəkistan) adlı şeir kitabları, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusu, eləcə də “Namiq Dəlidağlı – Sözdə görünən adam” portret cizgiləri kitabı işıq üzü görüb. O, həmçinin dörd publisistik toplunun həmmüəllifidir.

Namiq Dəlidağlı eyni zamanda bir çox kitabın redaktoru, tərtibçisi və ön söz müəllifidir. Onun şeir və məqalələri ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, eləcə də bir sıra Avropa ölkələrinin mətbuatında ardıcıl dərc olunur. Şeirləri həm Azərbaycanda, həm də xaricdə nəşr edilən müxtəlif ədəbi toplularda yer alıb.

“Men ubakıttan utuldum” şeirlər toplusu müəllifin ölkə xaricində nəşr olunan sayca ikinci kitabıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.