“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Gəncəli Sabahi(1906-1994) – tanınmış yazıçı, tənqidçi, memuarçı
Gəncəli Sabahi Güney Azərbaycan ədəbi mühitində “Anadilli Güney nəsrinin atası” kimi qəbul edilmişdir. Gəncəli görkəmli nasir olmaqla yanaşı, Güney ədəbi tənqidinin də gözəl nümunələrini yaratmışdır. Əsərlərində xalqının keşməkeşli taleyini, zəngin tarixi keçmişini əks etdirmişdir. Onun əsərləri həm də işıqlı gələcəyə olan ümidlərin ifadəsi olmuşdur. Gəncəli Sabahinin yaradıcılığına bədii nəsri və tənqidi-publisist yazıları daxildir.
Ədibin nəsr nümunələri “Qartal” (1979), “Həyat faciələrindən” (1980) və “Ötən günlərim” (1960) adlı kitablarında toplanıb.“Qartal” hekayəsi Azərbaycan kəndli qadınının fədakarlığı və insan duyğularının tərənnümü ilə yanaşı, həm də ictimai fəlakətın bədii təcəssümüdür.
1980-ci ildə yazılmış “Həyat faciələrindən” adlı hekayələr toplusunda xalqın demokratik ideallar uğrunda apardığı mübarizədən və ərbab-rəiyyət arasındakı qarşıdurmalardan bəhs edilir. Yazıçı “Həyat faciələrindən” kitabında toplanmış əsərlərində qlobal problemlərin yaranma səbəbi və həlli yollarından söhbət açır. O, şah zindanlarında məşəqqətlərə qatlaşan inqilabçıların həyatına, durğunluq dövründə baş alıb gedən ictimai ədalətsizliklərə diqqəti cəlb edir. Bu kitaba qocaman ədibin “Həyat faciələrindən”, “Xain”, “Ovçu” və “Şərəfli ölüm” kimi bədii-estetik cəhətdən ən gözəl əsərləri daxil edilib. Bu hekayələrdə Azərbaycan kəndlərindəki zülmət dünyası təbii boyalarla təqdim olunur.
“Ötən günlərim” povesti həyati epizodlar və canlı insan surətləri ilə zəngindir. G.Səbahinin əsərlərində, adətən, dialoq və mükalimələrə geniş yer verilir. Bu isə xarakterlərin yaxından tanıdılmasına böyük xidmət göstərir.
“Ötən günlərim” adlı xatirə povestini ədibin avtobiqrafik əsəri saymaq olar. Xatirə povestdə yeddi yaşından anası ilə atasının yanına Quzeyə yola düşən, 33 il Gədəbəy, Şəmkir və Gəncədə yaşayan Gəncəlinin məktəb illərindən tutmuş, instituta daxil olanadək və Qazaxıstan çöllərində ailəsi ilə başı min bir olmazın əzablar çəkərkən keçdiyi ömür yolundan və həyat epizodlarından bəhs olunur. Şəmkirdə bir vaxtlar məskunlaşıb icma halında yaşayan alman ailələrinin qarışqa kimi zəhmətsevərliyindən, intizamından, quruculuğundan heyranlıqla danışır. Povestdə yaşadığı ayrı-ayrı yerlərin coğrafiyası, xalqların etnoqrafiyası, həmin illərin tarixi hadisələri haqqında maraqlı bilgilər sərgiləyir. Yazıçı əsəri 1952-ci ildə Tehranda yazıb bitirmişdir. Povestdə 40 yaşında vətənə dönən yazıçının yenidən Loristanın müxtəlif yerlərində ailəsindən uzaq olan sürgün həyatından səhifələr də özünə yer alıb.
Bu mükalimələrdən biri sürgün müddəti başa çatmış adamla vətənə dönmək üçün ona sənəd verməli olan – sütunları millətə biganəlik özülü, insana tamahını doyurmaq üçün bir vasitə kimi baxan şah məmuru arasında olmuşdur.
“Şah “Əfvi-ümumi” verməyə məcbur oldu. Mən də başqa sürgün olmuşlar kimi yığışıb Xürrəmabada gəldim. Biz bu idarəyə müraciət etməklə azadlıq vərəqəmizi almalı idik. Məni bir kapitanın yanına göndərdilər. O:
– hara getmək istəyirsən? – deyə sual verdi.
– Təbrizə, – dedim.
Mənə tərəf dönüb arxayın bir səslə:
– Qüssə yemə, mən düzəldərəm, – dedi, – ancaq bir az xərci var. Bir beş yüz tümən olsa, mən düzəldərəm, – dedikdə mənim gözlərim böyüdü. İki il zindan, qara günlər keçirdikdən sonra məndən rüşvət ummaq.
Üç yüz, iki yüz, axırda əlli tümənə qane oldu. Mən qəti bir səslə:
– Dedim ki, mən Təbrizə getmirəm.
Məni orada qoyub yan otağa kecdi. İki dəqiqə keçmədi ki, bir polkovniklə geri qayıtdı. İndi də cənabi polkovnik mənimlə çənə vurmağa başladı.Bir nəticə ala bilməyəcəyini yəqin etdikdə hövsələsizliklə:
– Yaxşı, on tümən ver. Qoy Təbrizə yazsın”. (Ötən günlərim).
Müəllif görüb yaşadıqlarını, başına gələnləri xronologiya və bədiiliyi saxlamaqla qələmə alsa da, bu həm də o dövrdəki həyatın real mənzərəsi idi.
Gəncəli Sabahinin bədii və ədəbi əsərləri müxtəlif illərdə və başqa-başqa mövzularda yazılsa da, Azərbaycanın milli məsələləri ilə bağlı ideya ətrafında birləşmişdir.
S.Gəncəli görkəmli nasir olmaqla yanaşı, Güney ədəbi tənqidinin də gözəl nümunələrini yaratmışdır. Bu baxımdan müəllifin “Şeirimiz zamanla addımlayır” adlı məqalələr toplusunda təqdim etdiyi yazılar Güney ədəbiyyatının tənqid və ədəbiyyatşunaslığında çox önəmli yer tutur. G.Sabahiyə qədər ədəbiyyatşünaslıq daha çox təzkirəçilik, təsvirçilik ənənəsinə söykənirdi. O bu əsəri yazmaqla bir zamanlar D.S.Komissarovun söylədiyi kimi, “İran mühiti üçün xarakterik olan faktların sadalanması və təsvirçiliyindən analitik metoda keçə bildi”. Ədibin bu kitabı Güney Azərbaycan ədəbiyyatı tarixində yazıçı və şairlərin ömür yolu və yaradıcılıqları haqqında yazılan ilkin mənbələrdən sayıla bilər.
1990-cı il sentyabrın 6-da Tehranda dünyasını dəyişib və Behişti-Zəhraqəbiristanlığında dəfn olunub.
“Ədəbiyyat və incəsənət”
(01.04.2026)


