“Biri ikisində” – Güneydən Məhəmməd Biriya Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Məhəmməd Biriya Bağırzadə (1914-1985) – azərbaycanlı şair, dramaturq, siyasətçi

 

Məhəmməd Biriya həm mübariz bir şair, həm də zamanın faciələrini yaşayan bir ziyalı idi.  Onun həyatı və yaradıcılıq taleyi dövrün ictimai-siyasi prosesləri, təqiblər və sürgünlə sıx bağlıdır.

         Məhəmməd Hacı Qulam oğlu Bağırzadə Biriyanın ilk şeirləri 1924-cü ildə Bakıda çap olunan "Divar" jurnalında çap olunub. 1930-cu illərdə Azərbaycan və fars dillərində lirik qəzəllər yazmağa başlayıb. Özünə riyasız, yalansız mənasını verən "Biriya" ədəbi təxəllüsünü götürüb.

         İlk şeirlərində anaya, sevdiyi insana, doğma yurda bağlılıq və məhəbbət duyğuları üstünlük təşkil etsə də, az sonra onun poeziyasında sosial narazılıq, yoxsulluq, ədalətsizlik və zülmə qarşı etiraz xüsusi yer tutdu. İkinci Dünya müharibəsi başlayanda siyasi şəraitdə zəif də olsa, yaranmış mülayimlik Cənubi Azərbaycanda milli oyanışı gücləndirdi. 1941-ci ildən etibarən milli azadlıq hərəkatında fəal iştirak edən Biriya alovlu şeirləri ilə xalq kütlələri arasında məşhurlaşdı.

        Məhəmməd Biriyanın ədəbi və siyasi fəaliyyəti XX əsrin ortalarında baş verən milli-ideoloji proseslərlə sıx bağlı idi.Azərbaycan Milli Hökumətinin Mədəniyyət və Maarif naziri  vəzfəsinə qədər yüksəldi. Biriya təkcə şair deyil, həm də fəal publisist idi.

1941-1946-cı illər arasında onun şah rejiminə, faşizmə qarşı və eləcə də vətənpərvər ruhda yazdığı şeirlər Cənubi Azərbaycan şəhərlərində əldən-ələ gəzirdi. O bu yazılarda kapitalizmi, imperializmi və müstəmləkəçiliyi tənqid edir, sosialist dünyagörüşünü xilas yolu kimi təqdim edirdi.

M.Biriyanın bir neçə kitabı sağlığında çap olunmuşdu. Bakıda 1944-cü ildə “Ürək sözü”, 1945-ci ildə Təbrizdə "Üsyan" və "Hücum"kitabları çap olunmuşdu.

         M.Biriyanın ölümündən sonra 1376-cı ildə (1997-1998)  Təbrizdə “Ürək sözləri", “Seçilmiş əsərləri” adlı kitabları nəşr olundu. Bakıda isə 1997-ci ildə Nərgiz Rüstəmlinin tərtibi ilə M. Biriyanın istintaq materialları da daxil olunmuş  “Hər addımda məzarım var”, 2003-cü ildə Hökümə Allahverdiyevanın ön sözlə hazırladığı  “Seçilmiş əsərləri”, 2010-cu ildə isə İslam Qəriblinin müqəddimə və şərhlərlə nəşrə hazırladığı “Məhəmməd Biriya. Əsərləri” adlı kitabları çap olunmuşdur.

O, Azərbaycan Milli Hökuməti qurulduqdan sonra şairliklə yanaşı, pyeslər də yazaraq onları səhnələşdirib.

“Çətirbazlar”, “Baş tutmayan sevda”, “Hacı və hambal”, “Ədalətsiz mühakimə”,

“Bugünkü övzə – Seyid Ziya hökuməti”, “Cahid Yalçın və Seyid Ziya”, “Ata və oğul” kimi komediya və səhnəciklər yazmışdır.

Bu pyeslərin bəziləri  Təbrizdə fəaliyyət göstərən Ərk teatrında və Marağa şəhər teatrında səhnəyə qoyulub.

Onun iri həcmli əsərləri sırasında “Azərbaycan qəhrəmanı” və  “Ərk qalası” poemaları da var. Şairin şeirlərində Azərbaycan türklərinin milli haqq mübarizəsi mərkəzi mövzulardan biri idi.

        Biriyanın 1940-1950-ci illərdə yazdığı şeirlər yeni ədəbiyyatın sosial məzmunu ilə səsləşir. “Yaranmışam”, “İrticaya xitab”, “Göz aç, ey kargər”, “Bir may” kimi şeirlərində o, fəhlə, yoxsul, zəhmətkeş obrazlarını önə çəkir:

 

        Mən fitrətən mübarizi-dövran yaranmışam,

Zəhmətkeşin nicatına qalxan yaranmışam.

 

Həqiqətin yolunda natiqi-Quran Əli kimi,

Öz qəqnima zamanda qəltan yaranmışam...

 

Lakin bu mərhələdə o, ideoloji romantizm içindəydi – hələ sovet sisteminin ziddiyyətlərini görmürdü.

Sovet ordusu onun üçün azadlıq rəmzi idi. Uzun müddət Biriya sosial-demokrat ideallara inanmış, Sovet Rusiyasını bu idealların daşıyıcısı kimi görmüşdü.

Lakin bu inam uzun sürmədi. 1946-cı ildən sonra sovet gerçəkliyi ilə tanış olduqca o, ideal ilə reallıq arasındakı dərin uçurumu gördü. Həbsxana illəri, təqiblər, sürgünlər bu inamı tamamilə dağıtdı.

Bu ideoloji qırılma Biriyanın poeziyasına da sirayət etdi. Əgər 1940-cı illərin əvvəllərində o, sosial-demokratik ümidlərlə yazırdısa, 1950-ci illərin ortalarından etibarən onun misralarında pessimizm, ümidsizlik və tənhalıq duyğuları güclənir. “Mən kiməm?” və “Nə azadam bu aləmdə” kimi şeirlərdə insanın öz varlığı ilə mübarizəsi, təqdirin sərt qanunları qarşısında acizliyi təsvir olunur. O, insanı “bəlakeşi-dövran” adlandırır və dünyanın ədalətsizliyini şəxsi ağrı kimi hiss edirdi.

        Həbsdən sonrakı şeirlər (“Mən kiməm?”, “Həqiqət”, “Bəşər”, “Qalacaq”, “Dövranə əsir yaranmış insan”) artıq sosial şüardan çox, ekzistensial sorğulara, insanın varlıq və ölüm məsələlərinə yönəlir.

Daha sonra həbs və sürgün illərində bu inam tamamilə sarsılır. 1957-ci ildə yazdığı məktubda ərəb əlifbasına qayıdış, marksizm-leninizm məktəblərinin bağlanması kimi fikirlər artıq onun ideoloji çevrilişinin, daxili oyanışının göstəricisidir.

Bu dəyişmə Biriyanı yeni ədəbiyyatın başqa bir mərhələsinə-fərdi azadlıq mərhələsinə gətirir.

         O həm “milli azadlıq” ideyasını, həm də “insani haqlar” düşüncəsini birləşdirən nadir Cənubi azərbaycanlı simalardan idi. Bu xüsusiyyət onu həm Təbrizdə, həm də Bakıda təhlükə altına saldı – çünki hər iki rejim millət fikrindən qorxurdu.

 

Mən kiməm? Laübal bir Məcnun,

Çöhrəsi qönçələr kimi solğun.

Mən kiməm? – Bir ümidsiz məhzun,

Sinəsi zülmü, cövrdən pürxun.

 

Biriyanın ictimai baxışlarında milli özünüdərk ideyası ilə dini təməl bir-birindən ayrılmır. O, dinin mənəvi dayağını itirmədən azadlığın mümkün olmadığını düşünürdü.

         Biriyаnın аdı həbs olduğu tаrixdən (1947-ci ilin sonundаn) hаqsız olаrаq Azərbаycаn ədəbiyyаtındаn və inqilаbi hərəkаt tаrixindən ləğv edildi. Birinci növbədə 1944-cü ildə Bаkıdа nəşr edilmiş “Ürək sözü” kitаbı 1948-ci ildən qаdаğаn olundu.

         Azərbаycаn Yаzıçılаr İttifаqının tədbirlərində, Cənubi Azərbаycаn ədəbiyyаtınа аid müzаkirə və məqаlələrdə Biriyаnın аdı çəkilmədi. Azərbаycаn Sovet Ensiklopediyаsındа Biriyа sözü yаzılmаdı. 1988-ci il “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nda onun adı belə çəkilməmişdi.

Biriya ədəbiyyatdan silinməklə ikinci dəfə öldürülmüşdü.

Bu, sovet ideoloji senzurasının “mədəni yaddaş üzərində repressiya” mexanizmini aydın şəkildə göstərir. O yalnız 1986-cı ildə Almaniyada nəşr edilən “Ana dili” qəzetində “Məhəmməd Biriyanı öldürdülər” başlıqlı məqalə ilə yenidən xatırlanırdı.

        Biriya Azərbaycan ədəbiyyatında “mənəvi mühacir” obrazının ən parlaq təcəssümlərindən biridir. O nə bir ideologiyanın, nə də bir rejimin vətəndaşı idi. “Mənəm ” adlı şeirində bu tənhalıq fəlsəfəsini belə ifadə edirdi:

 

Vurma əl türbətimə,

Türbəti-adəm də mənəm.

Nə o dünya, nə bu dünya,

İki aləm də mənəm.

 

Neyləyim rey aparan

Olmadı bir varlığıma.

Eyşü-işrət də mənəm,

Möhnəti-matəm də mənəm.

 

Arama qəbrimi,

Axtarma mənim başdaşımı,

Rəsmdə həzrəti Nuh,

İsmdə Xatəm də mənəm.

  

O, “iki aləm də mənəm” misrasında sufizmin fəlsəfi təmkinini ideoloji dirənişlə birləşdirir. Bu, Füzulidən gələn “mən” konseptinin modern transformasiyasıdır – mistik mənlik artıq siyasi müqavimət formasına çevrilmişdir.

Məhəmməd Biriyanın ömür yolu bir tərəfdən ideallar uğrunda mübarizənin, digər tərəfdən isə totalitar sistemlərə inanmağın faciəli nəticəsidir. Məhəmməd Biriya Azərbaycan ədəbiyyatının ən çox təqib olunan, lakin ən az tanıdılan mübariz simalarından biridir.

        O nə sovet ideologiyasına, nə də dini fanatizmə tam uyğunlaşa bildi. Onun həyatı, əslində, XX əsr Azərbaycan ziyalısının daxili ziddiyyətlərinin aynasıdır – azadlıq arzusunun dövlət və ideologiya divarlarına çırpıldığı bir taleyin hekayəsidir.

Təbrizdə yerləşən Vadi rəhmət qəbiristanlığında dəfn olunub. Sinə daşının üzərində özünün “Vəsiyyət” şeiri yazılıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.