Zamanı gəlməyən böyük rejissor - Rövşən Almuradlı Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

2019-cu ilin 2 aprel tarixində səhər saatlarında Sumqayıt şəhərin Sülh küçəsində Qubaya - rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan tanınmış rejissor Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşdi. Əraziyə dərhaltəcilitibbiyardım çağırıl. Lakino, xəstəxanayaaparılarkənyoldadünyasını dəyişdi. Beləcə, Azərbaycankinosuvə teatrı çoxdəyərlibirrejissorunuitirdi...

Bu gün unudulmaz sənətkarın anım günüdür...

 

Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib.

Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek olub. 1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını ifa edib

O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olub. 1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub.

Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş verib. 1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.

1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri olub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olub. 1991-ci ildə M.Süleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olub.

1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub. 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilən "Ümud" bədii filminin müəllifidir. R.Almuradlı AzTV-nin "Sabah" yaradıcılıq birliyində  bir neçə film-tamaşalara quruluş verib.

 

Film-tamaşaları:

- C.Məmmədquluzadənin "Anamın kitabı"

- N.Hacızadənin "Qayalarda qalan səs"

- Orxan Fikrətoğlunun "Şəkilçi və şəkilçi"

- Şekspirin "Kleopatra"

 

"Telefilm" yaradıcılıq birliyində aşağıdakı bədii televiziya filmlərinin quruluşçu rejissoru olub:

- "Yaz yuxusunun işiqi"

- "Bəsdir aglama"

 

Film dastanlar:

- "Abbas və Gülgəz", 7 seriyalı

- "Koroğlu"

 

Sənədli filmlər:

- "Etnoqrafik etüdlər"

- "Qobustan"

- Qax abidələri

- "Padarçöl"

- "Molla Cümə"

- "Şıx ocağının işığı"

- "Qudyalçay"

 

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Cavad xan” bədiii filminin quruluşçu rejissoru, 2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olub. Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.

Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş verib. 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

Rövşən Almuradlı 2013-cü ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub. 2015-ci ildən VHP Siyasi Şurasının üzvü və Mədəniyyət Komissiyasının sədri olub.

Rejissor sabaha inamla çalışır, ortaya biri-birindən keyfiyyətli işlər qoyurdu. Nə biləydi ki, ömrü belə erkən yarıda qırılacaq.

Teatr barədə belə deyirdi: “Teatr incəsənətin ən güclü laboratoriyasıdır, incəsənət mədəniyyətin ən güclü təsiredici vasitəsidir. Teatrı qorumaq lazımdır. Binanı bəzəyib – get, orada işlə deməklə deyil, inkişaf rəqabətdə olur.

Dünyada iki cür teatr var. Biri dramatik, biri epik teatr. Dramatik teatr deyir ki, mən ruhlu bir aləm yaradıram, bacarırsansa, gəl mənə qoşul. Epik teatr isə – mən oynamıram, sənə hadisələri göstərirəm, mən yuxarıda durmamışam, elə sənin yanındayam, gəl birlikdə bütün cəmiyyətimizin problemlərini həll edək, - deyir. Bu iki teatrın hərəsinin minlərcə qolu var.

Mən də o epik teatrın qolunun birini özümə istiqamət götürmüşəm və onun yolu ilə gedirəm. Mənim bütün tamaşalarımda vətəndaş mövqeyi mütləq şəkildə olmalıdır.

Əslinə qalsa mən əsərin təqdimatı ilə məşğul olmuram. Əsərdən istifadə edib, bu günün ağrısından, dərdindən danışıram. Hadisələri göstərib deyirəm ki, gəl çiyin-çiyinə duraq, baxaq görək nəyimiz var, nəyimiz yoxdur. Nəyi düz edirik, nəyi səhv edirik. Teatr zaman və məkan çərçivəsindədir”.

Haqsızlıqlarla üzləşmişdi, bir müddət fəaliyyətfən kənarda qalmışdı. Son müsahibələrindən birində “Film sahəsində tanınmış rejissorlardansınız. Film sektorunun bu qədər inkişaf etdiyi bir dövrdə nə üçün o meydanda sizi görə bilmirik?” sualını belə cavlandırmışdı:

“Təklif olunsa əlbəttə ki, çox böyük məmnuniyyətlə film çəkərdim. Filmdən əlavə serial çəkmək arzusunda da olmuşam. Ancaq bunu mənə həvalə edən olmayıb. Tamaşa elədir ki, onun üçün lazım olan sərmayə çox az olur. Cüzi bir imkanla tamaşa hazırlamaq mümkündür. Filmdə isə nə qədər çox maliyyə ayrılsa, texniki tərəfdən o qədər keyfiyyətli bir iş çıxar ortalığa. İndiki dövrdə serial bazarına girmək, serial çəkmək üçün ya yaxşı əlaqələrin olmalıdır, ya da yaxşı sponsorun”.

“Bəs çəkilən serialların keyfiyyətindən necə razısınızmı?” sualını isə belə cavablandırmışdı:

“Çəkilən serialların içərisində razı qaldıqlarım da var, qalmadıqlarım da. Seriallarımızda sanki mövzu qıtlığı yaşanır. Hərdən imkan olduqca ötəri şəkildə onları izləyirəm. İnsanda elə təsəvvür yaranır ki, sanki bizim insanların hamısı villalarda yaşayır, ciplərdə gəzirlər. Camaatın əsas problemi odur ki, bir-birilərinə pul atsınlar, ətrafındakı insanların firmalarını ələ keçirsinlər.

Axı torpaqlarımızın 20 faizi işğal altındadır, kəndlərimiz boşalıb, nə qədər ağrılarımız, acılarımız var. Bizim qədim türklərə söykənən şanlı tariximiz, mədəniyyətimiz var. O qədər bədii əsərlərimiz var ki... Onlardan gözəl seriallar çəkmək mümkündür. Ancaq görünür ki, indiki zəmanə başqa şeylər tələb edir. Güman edirəm ki, hələ mənim zamanım gəlməyib”.

Bəli, onun zamanı gəlmədi. Olsun ki, bu zaman daha çox istedadsızlara, yaxud, öz fikri olmayan, asılılığı qəbul edənlər üçün işləyir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.