Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 32 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Sevda Əli qızı Abdullayeva 3 aprel 1962-ci ildə Yevlax şəhərində anadan olmuşdur.1979-cu ildə Yevlax şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin universiteti bitirmişdir. Təyinatla Cəlilabad rayonu Hasıllı kənd məktəbinə ingilis dili müəllimi təyin olunmuşdur. 1998-ci ildən Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləmişdir. 2002-ci ildən təlim-tərbiyə işləri üzrə direktor müavini, 24 yanvar 2003-cü ildən isə həmin məktəbə direktor təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu il tədris ilində işlədiyi müəssisə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Azərbaycan Respublikası təhsil nazirinin 3 oktyabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 sentyabr 2015-ci il tarixli sərəncamı ilə rəhbəri olduğu məktəb buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Məktəb direktorlarının hazırlığı"təlim kursunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.
31.08.2015-9.09.2015-ci il tarixlərində Parisin Sorbon Universitetinin müəllimlərinin iştirakı ilə Quba şəhərində "Liderlik, şagird sağlamlığının qorunması, vaxtın idarə olunması, təqdimat və bacarıqların inkişafı"mövzusunda keçirilmiş kursda iştirak etmiş və sertifikat almışdır.
14.11.2015-19.11.2015-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində təşkil edilmiş "Yeni məktəb yaradılması" adlı,22.02.2016-26.02.2016-cı il tarixində isə İngiltərənin London şəhərində "İngilis dilini öyrənək" adlı kursları bitirmişdir.
2016-cı ilin may ayında Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş "Direktorlar üçün strateji planlaşma" modulunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.
ŞAGİRD:
Bayramlı Ayla Murad qızı 21.05.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ildə Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Hal-hazırda həmin məktəbin 7-ci sinfində təhsilini davam etdirir.
Əlaçıdır, mütaliəni çox sevir, məktəb tədbirlərində fəal iştirak edir.
Gələcəkdə həkim kimi Vətənə layiqincə xidmət etmək arzusundadır.
ESSE
Qəhrəmanlar unudulmurlar.
Qəhrəman - 8 hərfdən ibarət olan bu söz bütün xalqların həyatında mühüm rol oynayıb.
Doğrusu, əvvəllər qəhrəman deyəndə ağlıma qeyri-adi gücə malik obrazlar, əsərlərdəki mifik obrazlar gəlirdi. Ancaq böyüdükcə anladım ki, əsl qəhrəmanlıq tam başqa bir şeydir. Qəhrəman - Vətəni, torpağı və xalqı üçün öz istəklərindən, hətta canından keçməyi bacaran insandır.
Bizim ölkəmizdə qəhrəmanlar çoxdur. Onların çoxu gənc olub. Onlar da bizim kimi gələcək haqqında xəyallar qurublar, ailələrini seviblər. Amma çətin məqamda qorxmadan irəli atılıblar. Məncə, qəhrəmanlığın ən böyük sirri də elə budur.
Bəzən adam elə bilir ki, vaxt keçdikcə hər şey yaddan çıxır. Amma qəhrəmanlar unudulmurlar, çünki adları ürəyimizə yazılıb. Valideynlər övladlarına onların adlarını qoyurlar, biz məktəbdə onlar haqqında şeirlər öyrənirik, parklara, küçələrə, məktəblərə onların adları verilir.
Sonda demək istəyirəm ki, qəhrəmanlar heç vaxt ölmür. Onlar bizim qürurumuzdur. Biz şagirdlər yaxşı oxumalıyıq ki, onların qanları bahasına qoruduğu bu vətənin adını daim uca tutaq.
Qəhrəmanları unutmamaq hər birimizin vətəndaşlıq borcudur.
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında duman göründü.
(Əliağa Vahid)
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


