Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

 

21—Cİ DƏRC                                                          

 

 -Həyat nədir? Niyə yaşayırıq? Hər birimizin özünə verdiyi suallar.

-Həyat sualdır və onun ən dəqiq cavabı da sualdır... İnsan həyat dediyimiz bu meydanda öz rolunu oynamalıdır. Çalışmalıdır ki, öz taleyinə nələrisə əlavə etməyi bacarsın. Təkcə taleyə bel bağlamaq olmaz... Yaşla dünyagörüşünün artması, sualların artması, çoxalmasıdır. Mən bunu zəlzələyə bənzədərdim. Həyatda tapılan cavablar özü də zəlzələ doğurur. Və bu zəlzələnin yaratdığı yeni sualların sunamisi dərhal üstümə gəlir. Bu insan təfəkkürünün, elmin sonsuzluğudur...   

-Vaqif, dünyanın sirləri yavaş-yavaş açılmaq istəyir... əsrlərlə qadağalar qoyulmuş mətləblər üzə çıxmağa başlayır   ...

Ömrün boyu hər şeyin – özünün, insanların, onların əməllərinin, ətrafda baş verənlərin təhlil edir, nəticədə yazırdın: “Yer üzündə elə bir Allah balası yoxdur ki, ona birmənalı qiymət vermək mümkün olsun. Bu, mənimçün çoxdan bəri müzakirəyə qoyulmayacaq bir aksiomdur...”.

Özündənrazı, nəyisə yüz faiz əminliklə deyən adamlar üçün “xoşbəxt adamdır...” deyirdin. Gündəlikdən: “Şair heç vaxt özündən razı olmayacaq, çünki poeziya şəxsiyyətlə, insanla, dünya ilə narazılıqdan qidalanır. Yağışlı gündə, gecə kimsəsiz tindəki bir aptekin işığı, vitrini məni bəzən Qız qalasından çox heyrətə gətirir. Və yaxud yol qırağında illərdən bəri qalıb, pas atan bir avtomobilin sür-sümüyü...”. 

Özünə qarşı tələbkar idin və dəyərini bilirdin... Bu qəddar reallıqla yaşaya bilmək üçün: “Həmişə dözümlü, təmkinli, sakit olmaq yeganə əlacdır”.

Dünyanın dəyişəcəyinə inanmırdın. “Nə qədər bəşəriyyət var, yer üzündə ideal, xoşbəxt cəmiyyət olmayacaq. Bu bəşəriyyətin sonu demək olardı. Yəni Yaradanı yalnız xeyir kimi qəbul eləmək, yalnız xeyirlə, yaxud əksinə, yalnız şərlə yaşamaq həyatın sonudur. Xeyirlə şər həmişə bərabər gedir. Ancaq indi dünyada şər üstələyib...” Taleyinlə barışan insansan. “Yalnız işıqda yox, zülmətdə də cazibə” görmüsən. Bunu “Allahın iradəsi” kimi qəbul etmisən.

- Mənim bir xoşbəxtliyim var, Allah verən taleylə lap gənc yaşlarından barışmışam. Və bilirəm ki, mən, mən kimi mən deyiləm, Allahın bir hissəsidi, Allahın bir hökmüdü. Nə qədər istəsəm, dəyişə bilməyəcəm”.

“Ömür tənhalıq verdi mənə...” deyərək, nə yalqızlıqdan, nə tənhalıqdan qaçmadın. Tənhalıqda özünü, səsini daha yaxşı eşitdin. Tənhalığından enerji, güc aldın. Yaradıcılıq enerjisi. Kağız-qələmlə təkbətək qalanda səmimisən, olduğun kimisən. Yaradıcılığında insanın əbədi kədərini, tənhalığını, insanın ekzistensial mahiyyətini ifadə etdin.

Gündəlikdən: “Var ümid yeri bu dünyada, olmasaydı, heç yaşamağa dəyməzdi. Yazıçı üçün isə ən böyük ümidgah ağ kağız və qara qələmdir...”. (1986)

Tənhalıq (təklik yox) yaradıcı adam üçün vacibdir. “Tənhalıq yazıçının iş yeridir” deyirsən.

-Şeir yazan vaxt məni təkliyimdən, tənhalığımdan ayırsalar aləm dəyər bir-birinə... Şeirləri necə yazıram? Əvvəlcə nəsə bir uğultu eşidirəm. Hansısa bir şeirin musiqisi səslənir. Elə bil kimsə züy tutur. Bax bu səs üstündə köklənirəm, yavaş-yavaş sözlər gəlir. Şeir yazanda heç vaxt əziyyət çəkmirəm. Əziyyət şeirin təbi gələn zaman olur. Yazı masasından demək olar ki, istifadə eləmirəm. Kresloda otururam. Bloknot da dizimin üstündə. Əlimdə pozan, bir də karandaş.

Ancaq “Tənhalıq poeziyası” yaradan şair təkliyi sevmirdi...

Gündəliyindən: “Özbaşına, tək yaşaya bilmirəm. Bacarmıram. İstəmirəm də... İnsan ömrü uzaq, tənha ada imiş. Əllini haqlayanda bildim bunu. Hayıf, hayıf...”(1987)

“Tənhalıqda Günəş də qara paltarda ağ yamaq kimi görünür...”  

 “Özümə yer tapa bilmirəm yenə də. Bir şey yazdırmır da tərs kimi bu can sıxıntısı. Heç nədən mamanın üstünə qışqırdım bayaq. Acıq, hirs, küsü, pərtlik – hərəsi bir silləyə, bir qapaza dönüb, elə hey yağır başıma, üzümə. Yarım saat bundan əvvəl aşağıda bir trolleybus siqnal verdi. Əcaib bir səs. Elə bil naməlum nəhəng bir heyvan bağırdı. Ağladım...”. (1987)

Gündəliyində uşaqlıq çağlarının həsrətiylə nəfəs alan sətirlər də az deyil, bu da tənhalığın  xiffətidi Səni uşaqlıq çağlarına aparan... 

 Elə bil dünən uşaq idik,

bağda gün batanda, “hop” deyib,

ağzımıza bir ovuc ağ tut doldurduq

üzümüzü günbatana tutub...

“Tənhalıqdan qurtulmaq üçün sevmək lazımdır...”. Bu fikrini gündəliyində oxuyuram. Biz evlənəndən sonra yazmısan. Bir gün dedin: “Nuşa, səninlə evlənməyim şeirlərimdə də özünü göstərir. Əvvəlki ahu-zar yoxdur. Daha çox təbiətdən, quşlardan yazmaq istəyirəm. Ahu-zar daha təmkinli, sakitdir”.

Həyatındakı ayrılıqlar, vəfaya inamın qırılması, yaranmış ümidsizlik, inamsızlıq uzun müddət Sənin qadınlarla ciddi münasibətlər qurmağına imkan verməyib. Ancaq ürəyinin bir küncündə sığınacaq tapmış sevib-sevilmək, sevinmək arzusu ilə yaşamısan. Gündəliyindən: “Hər gün, hər gün sevinmək istəyirəm. Həyatda ən böyük və ən gizli arzum sevincdir. Ancaq buna şair ömründə yer tapılmır. Hayıf. Min hayıf. Kaş şair olmayaydım...”.

Gündəliyinin başqa səhifəsində kövrək bir istək: “35-40 yaşında halal süd əmmiş bir qadın olaydı. Qohumsuz, atasız-anasız. Az danışan. Elə bir qadın ki, söz deyəndə qulaq asa. Xudmani ailə qurub, yavaş-yavaş ömür sürmək olardı. Baş-başa verib. Soyuqda, sazaqda qoyunlar kimi. İstidə də. (1985)                                                                                                                              

Ayrılıqların ağrısını, yalqızlığın dözülməzliyini gördüyün üçün mənimlə yaşadığın günlərin dəyərini qiymətləndirə bildin həm də...

-Nuşa, mən düşünürdüm, qalan həyatım elə belə, tək-tənha, kişi məclislərində keçəcək... Şükür bu günümə...

Bir də görürdüm yığışıb, bağa getməyə hazırlaşırsan. “Nuşa, gedim iki-üç gün bağda dincəlim”. Bağa çatan kimi, zəng edir, gümrah səslə: “Nuşa, buralar elə yaxşıdır ki... Dincəlirəm”, – deyirdin. Gecə zəng edəndə bir qədər qəribsəmiş səslə: “Darıxıram, amma dözərəm”, – deyirdin. Səhəri gün deyirdin: “Deyəsən, axşam qayıdacam”.  Mənsə gülürdüm...

Münasibətlərdə vəfa, sədaqət, arxa – hər birimizin ehtiyac duyduğu hisslər. Sevginin ən əsas göstəricisi. İki insanın bir yerdə yaşaması, dil tapması mürəkkəb bir işdir. Yaradıcı insanla münasibət qurmaq, yaşamaq isə daha çətindir. Çünki onlar üçün həyatda ən əsas öz sənətləridir və ən gözəl hisslərini də onlar yaradıcılıqları vasitəsilə ifadə edirlər. Təbii, belə insanlardan  özünü bütünlüklə ailəyə həsr etməsini tələb etmək düzgün olmazdı. Bir də böyük sənətkarlarda eqoizm və fərdçilik xüsusiyyətləri daha qabarıq olur. Bu haqqı onlara istedadları verir. Xoşbəxt o adamdır ki, ilk evliliyindən qarşısına ruhən ona doğma, onu duyan, başa düşən insan çıxsın. Yaradıcı insan üçün, bu, daha vacibdir. Sənin yaradıcılığınla mən biz evlənəndən sonra tanış oldum. Sən ilk böyük kitabını – “Mən burdayam, İlahi...”ni nəşrə hazırlayırdın. Bloknotlarından müxtəlif illərdə yazdığın şeirləri yazı makinasına köçürürdün. İş çox ləng gedirdi. Sənə kömək etmək qərarına gəldim. Düzü, bunu necə qarşılayacağını bilməsəm də, Sən otaqda olmayanda yazı makinasının arxasına keçib, şeirlərini çap etməyə başladım. Arxaya baxanda gördüm ki, dirsəyini qapıya söykəyib, gülümsəyirsən. İnamsız-inamsız soruşdum: “Mən şeirlərini çap eləyirəm, olar?” Kövrək səsinlə: “Əlbəttə olar. Mən ömrüm boyu rus yazıçılarına, xanımlarının onlara kömək etmələrinə həsəd aparmışam. Bu, mənim  çoxdankı arzum idi...”. O an gülən gözlərin deyirdi: “Şükür, İlahi, bu günü də gördüm...”. Çox sonralar gündəliyində oxudum: “Jena – pomoşnik, jena pravaya ruka. Kakoe eto v suşnosti sçastye, ay Allah...”. (1985) (Həyat yoldaşı köməkçidir, həyat yoldaşı sağ əlindir. Ay Allah, əslində, bu nə böyük xoşbəxtlikdir...).

İlk dəfə mən onda Sənin yaradıcılığına toxundum, Sənin dünyanla üz-üzə qaldım. Sənin dünyanı qəbul etdim, sevdim və bu aləmdə özümü tapdım. Böyük həvəslə şeirlərini yazı makinasına köçürür, kitablarını çapa hazırlayırdım. Baxmayaraq ki, fəlsəfə elmləri namizədi idim, işlədiyim elmi institutda plan işlərim də var idi, ancaq Sənin əsərlərini makinada yığmaq, tərtib etmək, nəşrə hazırlamaq mənə daha böyük zövq verirdi. Yadıma bilirsən nə düşdü? 2014-cü ildə Nizami adına Ədəbiyyat Muzeyində Sənin Amerikada çıxan kitabının təqdimatında muzeyin direktoru, hələ tələbəlik illərindən tanıdığım Rafael Hüseynov Sənin yazdıqlarının işıq üzü görməsində mənim rolumu qeyd edib, bu fəaliyyətimə qısa və çox dəqiq ad verdi: “Nüşabə xanım şərqşünasdan çevrilib oldu Vaqifşünas”. Ədalət naminə onu da deyim ki, Sən mənim “Cənubi Azərbaycanın ictimai-siyasi fikir tarixindən” monoqrafiyamı oxuduqdan sonra mənə: “Bəlkə doktorluq işi götürəsən?” – dedin.

- Əlbəttə, doktorluq işi götürüb, yazmaq olar. İntəhası, istədiyin vaxt məni evdə görə bilməyəcəksən. İşdə, kitabxanada olacağam çox vaxt.  

– Yox, onda istəmirəm...

Sonradan iş yerimi dəyişdim. Şərqşünaslıq İnstitutundan İqtisad Universitetinə, Beynəlxalq münasibətlər kafedrasına keçdim. Yayda Zuğulbada pansionatda idik. Gələn dərs ili üçün “Qədim dünya tarixi” ilə bağlı proqram hazırlayırdım. Sən hərdən yazdıqlarıma baxır, işi nə vaxt tamamlayacağımla maraqlanırdın. Mən də Sənə o dövrlə bağlı maraqlı faktlar danışırdım. Proqramı yazıb qurtaran kimi, bu şad xəbəri Sənə dedim. Səhəri içində proqram olan qovluğun üstünə qoyulmuş  bu  şeiri oxudum: 

                 Ey Qədim Romadan yazan gözəlim, 

                 Qədim yunanları süzən gözəlim,   

                 Şərqin tarixində gəzən gözəlim,

                Vaqifin qısqanır səni bu elmə                                             

                Bilmə, ey gözəlim, tarixi bilmə...

 Mən sənin tarixin olmaq istərəm,             

Yeganə elmin tək qalmaq istərəm,

Beynində mən lövbər salmaq istərəm

Sənin keçmişinəm, gələcəyinəm,

Sənin ən mötəbər biləcəyinəm...

             Az çalış, Nüşabə, yordun sən məni, 

             Bu yayı təpəmdən vurdun sən məni,

             Qədim tarixlərə yazdın sən məni,

             Gələn yay götürmə belə öhdəlik,

             Salamat qal, yarım, sağ ol, hələlik...

Çox xoş əhval-ruhiyyə bağışlayan bu şeirdə demək istədiklərini özünəməxsus yumorla yazmışdın. Ancaq düz də demişdin: “Sən mənim həm keçmişim oldun, həm bu günüm...”. “Vaqifşünas” adı isə mənimçün bütün elmi dərəcələrdən, elmi adlardan yüksək fəxri addır. O biri adları almaq, qazanmaq olar, ancaq belə ada yiyələnmək hər yaradıcı adamın həyat yoldaşına qismət olmur...                                                               

Yaradıcı adamla həyat qurmaq yalnız adının filankəsin həyat yoldaşı kimi çəkilməsi deyil, həm də onun fəaliyyətinə qısqanclıqla yanaşmamaq, mane olmamaqdır, yaratdıqlarına biganə qalmamaqdır, lazım gələrsə, ona kömək etməkdir. Ernest Heminqueyin “Həmişə səninlə olan bayram” kitabında Skott Fitsceraldın xanımı Zelda haqqında yazdıqları yadıma düşdü: “Zelda Skottu onun yazıçılığına qısqanırdı...”. Heminquey içkini və Zeldanı bu istedadlı yazıçının həyatında ən böyük bəla adlandırırdı. Həm şəxsi həyatında, həm də yaradıcılığında məğlubiyyətə uğradığını görüb, özünü parçalanmış boşqabla müqayisə edən Skott Fitscerald qızına ünvanladığı məktubunda yazırdı: “...Mənim arzum o gün puç oldu ki, sənin ananla evlənmək qərarını verdim...”.                                                                          

Vaqif, yəqin həm Sənin, həm də mənim xoşbəxtliyimdir ki, “ağ kağız üzərində yer üzünün bütün məntiqlərinə meydan oxuyan qələminin təkliyini”, “nə bir dövlət bayrağının kölgəsinə, nə də bir qadın səsinə, nə  övlad nəfəsinə...” dəyişmək istəmədiyini  anladım, qəbul etdim. Dərk etdim ki, Poeziya, Yaradıcılıq Sənin qibləgahındır, ən böyük həqiqətindir. Bunu Sən də görür və mənə olan inamın daha da artırdı. Yaradıcılığının üzə çıxmasında Sənə yardımçı olmağım: yazdıqlarını sahmana salıb, makinada yığmağım, redaktə edib, çapa hazırlamağım nəticəsində bizim birgə, ümumi işimiz yaranırdı. Əsərlərinin nəşri ilə bağlı Sənə verilən suallara can rahatlığı ilə: “Nüşabə xanıma müraciət edin, bu işlərlə o məşğuldur”, – deyirdin. Mən isə bu sözlərdən qürur duyurdum. Əminliklə deyə bilərəm ki, həyat yoldaşının yaradıcı insanın təkcə həyatında deyil, həm də fəaliyyətində yaxından iştirak etməsi onların münasibətlərinin möhkəm olması üçün çox vacib şərtdir. Sən minnətdarlıq hissiylə işıq üzü görən kitablarının ilk nüsxəsini imzalayaraq mənə bağışlayırdın: “Məni zülmətdən işığa çıxaran, taleyimin bəxt üzüyünə dönən, ömrümün mənası və yaraşığı olan Sevgilim, Dostum Nüşabə xanıma – diz üstə əllərini öpərək. Vaqif Səmədoğlu. 16.XII.1999. Bakı”.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2026) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.