Qartal qanadlı sənətkar - Ələsgər Ələkbərov Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanlı kişisinin təbii obrazı Rüstəm kişini canlandıran aktyor,adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Ələsgər Ələkbərov barədədir sözümüz. Bu gün ustad sənətkarın anım günüdür.

 

 “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır” – bunlar Xalq yazıçısı Mirzə İbrahimoun sözləridir.

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb.

Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb.

 Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

 

Teatr səhnəsindəki rolları

- Makduf (Makbet, Uilyam Şekspir)

- Vaqif (Vaqif, Səməd Vurğun)

- Fərhad (Fərhad və Şirin, S. Vurğun)

- Otello (Otello, V. Şekspir)

- Xanlar (Xanlar, S. Vurğun)

- Minnətov (Vəfa, Rəsul Rza)

- Alxan (Bahar suları, İlyas Əfəndiyev)

- Yusif (Məhəbbət, Mirzə İbrahimov)

 

Filmoqrafiya

- Ağasadıq Gəraybəyli (film, 1974)

- Aktrisanın təbəssümü (film, 1974)

- Almaz (film, 1936)- rol: Fuad

- Altıncı hiss (film, 1935) — mühəndis Heydər

- Bizim küçə (film, 1961)

- Böyük dayaq (film, 1962)

- Fətəli xan (film, 1947)

- Kəndlilər (film, 1939)

- Kölgələr sürünür (film, 1958)

 

Təltif və mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Lenin" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- "Şərəf nişanı" ordeni

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Böyük aktyor, ustad sənətkar 31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.