İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Başqa kimi tanıyırsınız ki, həm yazıçı olsun, həm də aktyor? Yazıçı-rəssam var, şair-bəstəkar, şair-müğənni də var. Amma yazıçı-aktyor heç eşitməmişdim, bu ilki oldu. Azərbaycan yazıçısı, aktyor Şahmar Hüseynov. Bu gün həm də onun doğum günüdür.
O, 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olub. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alıb. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçib (3 il) və leytenant rütbəsi qazanıb.
Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I-ci kursu başa vurmadan oranı tərk edib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, dram və aktyorluq fakültəsinə qəbul olunub.
Kurs rəhbəri məşhur Azərbaycan rejissor və aktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.
Əllidən çox tamaşada oynayıb və hər tamaşada fərqli obrazlar yaradıb. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub.
Uşaq vaxtından kiçik hekayələr yazan Şahmar Hüseynov aktyor fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olub. Şahmar imzası ilə Azərbaycan mətbuatında hekayələri işıq üzü görüb. Onun “Bir balaca səhv” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap edilib.
Bir-birindən maraqlı hekayələri ilə ədəbi mühitə səs salan Şahmar təkcə aktyor kimi deyil, həm də yazıçı kimi də peşəkarlaşıb. Onun hekayələrində kənd cazibəsi, yaşadıqları ilə yanaşı teatr aləmi, şəhər həyatı, xüsusilə, aktyorların həyatı öz əksini tapıb. 70-ci illərdə yazıçının “Sehrli güzgü” adlı pyesi çalışdığı Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
1986-cı ildə "Elçilik" adlı bir hekayələr kitabı çap olunub. Ölümündən sonra, 1989-cu ildə isə yazıçının “İtki” kitabı çapdan çıxıb. 11 yanvar 1989-cu ildə "Gözləmədyim gəliş", "Qoyungöz", "Qəndil-sinab" hekayələrinə görə Mirzə Fətəli Axundov adına ədəbi mükafata layiq görülüb.
1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var.
Amma çox qısa ömür sürüb.
1988-ci ilin 9 yanvar tarixində Bakıda, yaşadığı mənzildə ürək tutmasından dünyasını dəyişib. Valideynlərinin istəyi ilə dəfni doğma yurdu Gəncədə baş tutub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)