Kanadada yaşayan soydaşlarımız üç böyük paradda ölkəmizi təmsil edib

Kanadanın Alberta əyalətində yaşayan Azərbaycan icması “Heritage Park Canada Day” və “Banff Canada Day” paradlarında ilk dəfə, “Stampede” paradında isə artıq ikinci dəfə ölkəmizi təmsil ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, paradlarda milli ornamentlərlə bəzədilmiş xüsusi konstruksiyalı nəqliyyat vasitəsi üzərində ölkəmizin zəngin mədəniyyətini əks etdirən simvollar nümayiş olunub. Kompozisiyada Qız qalasının modeli, Azərbaycan xalçası, “Odlar Yurdu”nu simvolizə edən alov maketləri, musiqi alətləri, Qarabağ atlarının və Şuşa qalasının təsviri yer alıb.

Layihənin müəllifi Kalqari şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının rəhbərlərindən biri İradə Şamilovadır. Kompozisiyanın hazırlanmasında Kalqari icmasının fəalı Aleks Qubski, “Azerbaijan Calgary Stars” rəqs qrupu və digər könüllülər iştirak ediblər.

İradə Şamilovanın sözlərinə görə, təkcə “Stampede” paradı zamanı Azərbaycan bayrağı və milli musiqi sədaları altında irəliləyən qrupumuzu təxminən 300.000 nəfərə yaxın yerli sakin izləyib. Paradın onlayn izləyici sayı isə 5 milyon nəfərə çatıb. İcmamızın çıxışı tamaşaçıların alqışları, soydaşlarımızın sevinc və qürur hissi ilə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

  

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.