Super User

Super User

Adilə Nəzərova,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

Qədim İpək Yolu əsrlər boyu karvanların daşıdığı maddi sərvətlərdən daha çox, fərqli xalqların mədəniyyətini, ədəbiyyatını və sənətini bir-birinə qovuşduran mənəvi körpü kimi tarixin yaddaşına köçmüşdür. Bu körpünün üzərində yerləşən Şərq xalqlarının ortaq bədii təfəkkürü, mənəvi dəyərləri və dünyaya baxış fəlsəfəsi elə bir daxili yaxınlığa malikdir ki, coğrafi sərhədlər dəyişsə də, mədəniyyətlərin ortaq dili dəyişməz qalır. Müasir Misir ədəbiyyatının görkəmli siması Əşrəf Dalinin (Əşrəf Əbül-Yezid) təşəbbüskarı və yaradıcısı olduğu “Bu gün İpək Yolu” (The Silk Road Today) layihəsi də məhz bu unudulmuş ortaq yaddaşı dirçəltmək, xalqlar arasındakı mənəvi körpüləri sözün gücü ilə yenidən bərpa etmək məqsədi daşıyır. Dalinin bu qlobal mədəniyyət missiyası, coğrafi hüdudları aşaraq insan qəlbinə uzanan və fərqli dillərdə danışan eyni ruhlu sənətkarları bir araya gətirən müqəddəs bir yolçuluqdur.

 

Bu yolçuluğun növbəti dayanacağı Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, daxili alovu və ikinci cümlədən özünü tanıdan fərdi üslubu ilə seçilən, bölgə şivəsi ilə zəngin, torpaq qoxulu yazıçı Əlabbasdır.

Ədəbi dialoqun və mənəvi qardaşlığın ən canlı sübutu olaraq, Əşrəf Dalinin Əlabbasın “Gözəl” povestini böyük bir qədirbilənliklə ərəb dünyasına təqdim etməsini, insan ləyaqətinin tapdanmasından doğan mənəvi sarsıntıları ərəb dilinin qatlarında yenidən canlandırmasını göstərə bilərik. Məhz bu əsərin tərcüməsi bədii-estetik dəyərindən əlavə, həm də Əlabbasın 1992-ci ilin Qarabağ fəryadını əks etdirən bədii həqiqətin gücü ilə erməni millətçilərinin dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri, yandırılan evləri və qətlə yetirilən günahsız insanların talelərini ərəb dünyasına çatdırmaq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Əsərdə əsir düşən insanların fiziki cəhətdən geri dönsələr də, cəmiyyətin amansız ittihamı və şübhələri qarşısında əslində mənən öldürüldüyü, ruhən məhv edildiyi reallığı bütün çılpaqlığı ilə açılır.

Deməli, bu kəsişmə sadəcə bir tərcümə faktı deyil, çünki hər iki yazıçının fərqli coğrafiyalarda qələmə aldıqları əsərlər arasında heyrətamiz tipoloji bənzərliklər mövcuddur. Mühitin mənəvi korluğuna və mənəvi terrora qarşı qaldırılan qiyam xətti isə bu ədəbi müqayisənin kulminasiya nöqtəsidir. Əşrəf Dalinin “Şəmavis” əsərində sənətkar ruhun simvolu olan Doktor Kərim Əbdülməcidə və onun iradəli qızı Dünyaya qarşı generalın oğlu Hişam tərəfindən hazırlanan saxta video kaset skandalı qorxunc bir kibercinayətdir. Bu böhtan dalğası qarşısında sənətkarın kəndə qaçaraq mühacirət etməsi, onun müdafiəsizliyini göstərir. Sonda kiber ekspertiza ilə Kərimin bəraət alması və cümə namazından sonra Şeyx Əbdülhəlimin xütbəsindən təsirlənən Şəmavis kəndlilərinin yanan məşəllərlə villaları odlara qalaması ədalətin xalqın əli ilə bərqərar olan təmizləyici üsyanıdır. Beləcə, modernizmin və qudurğan elatanın kənd mənəviyyatına vurduğu ləkə xalqın kollektiv qəzəbi ilə təmizlənir.

Bu ümumi qəzəb, Əlabbasın “Gözəl” povestindəki o böyük fəryadla fəlsəfi cəhətdən birləşir. Erməni vəhşətindən sonra doğma cəmiyyətin, qardaşının və sevdiyi adamın Gözəli “murdarlanmış” bir cisim kimi kənara itələməsi, kənd icmasının soyuq, kinayəli sükutu qarşısında qadının özünü yandırması saflığın və tapdanmış ləyaqətin dəhşətli bir qiyamıdır. Dali ədaləti bərpa etmək üçün dağıdıcı xalq qiyamına müraciət edir, Əlabbas isə oxucunu zahiri düşməndən daha çox içimizdəki sevgisizliyin və mənəvi aşınmanın qorxuncluğu ilə üz-üzə qoyur. Hər iki müəllif fərqli sosioloji və siyasi sferalarda saflığın mütləq şəkildə qurban verilməsini cəmiyyətin mənəvi böhranı kimi təqdim edir.

Yazıçıların yaratdığı bədii coğrafiyaya diqqət yetirdikdə, məkandan rəmzə doğru uzanan sosioloji və mənəvi bir eroziyanın şahidi oluruq. Əşrəf Dalinin “Şəmavis” romanındakı Şəmavis kəndi ilə Əlabbasın “Qiyamçı” romanındakı Əyriqar yurdu, əslində, qloballaşmanın, modernizmin, sosial təzyiqlərin və yad təsirlərin insan xarakterinə vurduğu zərbələrin bədii modelidir. Bu nöqtədə hər iki müəllifin bədii məkan fəlsəfəsində dərin bir paralellik vizuallaşır. Əşrəf Dalinin romanında milyonların qaynadığı Qahirə meqapolisinin o soyuq, daşlaşmış kollektiv ortamı bədii bir qəhrəman kimi çıxış edirsə, Əlabbasın nəsrində bu amansız kütləvi şüur Əyriqarın kiçik, dumanlı daş evlərində qarşımıza çıxır. Müəlliflər coğrafi miqyasları heçə endirərək göstərirlər ki, insanın ruhunu sıxan, öz asan güzəştlərini rədd edən tənha fərdləri sındırmağa çalışan ictimai duyğusuzluq hər yerdə eyni riyakarlıqla hökm sürür. Hətta Əlabbasın romanındakı “Daha ittifaqda ittifaqlıq qalmayıb...” kimi bədii ifadələr təkcə sovet sisteminin çökməsinə deyil, geopolitik nizamın, böyük dövlətlərin maraq savaşlarının gətirəcəyi qlobal mənəvi böhranlara da vaxtından əvvəl qoyulmuş bədii-siyasi öncəgörənlikdir.

Ə.Dalinin əsərində qədim firon dilindən gələn və ağsaqqal Məruf əl-Cindinin dilindən verilən “Şəmaus” (Günəşcik) rəvayəti məkanın ilkin mənəvi işığına, saflığına işarə edir. Lakin son otuz ildə yaşıl tarlaların yerini daş və sement betonların alması, Körfəzdən qayıdanların yerli kapital vasitəsilə təbiəti və adətləri korlaması o rəvayətdən süzülən ilkin aydınlığı qaranlığa qərq edir. Bu ekoloji və mənəvi sarsıntının qarşısında Əlabbasın bədii coğrafiyasındakı toponimlər də böyük fəlsəfi yük daşıyır. Yazıçının təsvir etdiyi Əyriqar kəndi haqqdan uzaq, düzgün olmayan çevrəyə qarşı bir üsyanı və təkliyi simvolizə etdiyi halda, Çalmalı kəndi uğursuzluğu, Naltökən dərəsi isə daş-qayalıq yolları ilə bəşəri maneələri və ayrılıqları vizuallaşdırır. Şəmavisdə maddiləşən və köklərindən qopan insanlar torpağın mənəvi bərəkət rəmzi olduğunu unudaraq ona sadəcə bir qazanc obyekti kimi yanaşdıqları kimi, Əyriqarda da sakinlər tarixi-siyasi proseslərin, sovetin qorxudan rejiminin və daxili xəyanətlərin təsirilə öz yurdunda didərginləşir, daxili miqrasiyaya məruz qalırlar. Həm Şəmavisə gələn jurnalist/yazıçı baxışı, həm də Əyriqarın salnaməçisi rolunda çıxış edən Əlabbas diktəsi, bu yadlaşmanı milli ziyalı süzgəcindən keçirib oxucuya təqdim edir.

Görünən sosial və texnoloji transformasiya prosesində Əlabbas nəsrinin qan yaddaşı ilə Əşrəf Dalinin sənət prinsipləri arasında dörd böyük tipoloji paralellik ortalığa çıxır.

Birincisi, hər iki yazıçı modernizmin sındırdığı taleləri və şəhər mühitinin kənd mənəviyyatına etdiyi təcavüzü, xüsusən medianın çirkin bir sahəyə çevrilməsini ictimai diaqnoz kimi qələmə alır. Nil sahilində ucalan üç zəngin villanın uca divarları və quduz mühafizə itləri yuxarı təbəqə ilə kəndlilər arasındakı uçurumu göstərdiyi kimi, Əlabbasın əsərində də sovet sisteminin gətirdiyi yad təfəkkürün ictimai psixologiyada yaratdığı qorxu və adaptasiya mexanizmləri ifşa olunur.

İkincisi, mənəvi saflığın qurbanı motivi hər iki mətndə mərkəzi sütundur. “Şəmavis”dəki yoxsul kənd qızı, universitet tələbəsi Nərgiz Kamal təmizliyin və ailəsinə kömək etmək istəyən saf ruhun rəmzi olsa da, sosial bərabərsizlik tunelindən çıxmaq istəyərkən elitanın oyunlarının qurbanına çevrilir. Əlabbasın yaratdığı Şəhriz obrazı da “tək günahı gözəllik olan”, xarici füsunkarlığı ilə daxili tənhalığı arasında bədbəxtləşən və cəmiyyətin qınaqları altında əzilən mənəvi paklığın təcəssümüdür.

Üçüncüsü, hər iki mətndə mistik-metafizik qat mühüm rol oynayır. Dalinin romanındakı falçı qaraçı qadın, həmçinin kəndin qədim mənəvi yaddaşı qoruyan Şəmsiyyəli (Günəşli) və Məruf əl-Cindi kimi personajlar digər obrazların daxili vicdan səsinə çevrilirlər. Əlabbasın nəsrində də xalq inancları, dərvişanə elementlər, atalar sözlərinin hikməti və Qəyyum müəllim kimi mənəvi dəstək olan qüvvələr əsərin bədii-fəlsəfi qatını metafizik səviyyəyə qaldırır.

Nəhayət, dördüncü ortaq cəhət heyvan simvolizmidir. Şəmavisdə Nərgizi parçalayan vəhşi mühafizə itləri sadəcə heyvan olmaqla məhdudlaşmır, Hişam Vəcihin şəxsində cəmiyyətdəki qudurğanlığın, vəhşi kapitalın və amansız gücün rəmzi kimi çıxış edir. Burada işlənən “İtin quyruğu heç vaxt düzəlmir” xalq məsəli, Əlabbas yaradıcılığında insan təbiətinin yırtıcılığını, xəyanətini vizuallaşdırmaq üçün müraciət olunan canavar, it və yırtıcı metaforaları ilə eyni bədii funksiyanı daşıyır. Müəllif məhz bu mənəvi sarsıntının miqyasını, insanın öz təbii fəlsəfəsindən uzaqlaşmasını “Qiyamçı” romanında “Heyvan elə heyvan yanında qalsa yaxşıdır” acı həqiqəti ilə ümumiləşdirir.

Cəmiyyətin bu sarsıdıcı mənəvi və intellektual deqradasiyasını yazıçı sözügedən əsərdə meqapolisdən didərgin düşmüş Bəbiri (Təbrizi) yola gətirmək üçün Bakıdan Əyriqara gələn üç “alim”in (Firqət, Sabir və Əli müəllimlərin) səthi, savadsız söhbətləri vasitəsilə elmi müstəvidə də ifşaya çevirir. “Şəmavis”də quduz itlərin amansızlığı yuxarı təbəqənin qudurğanlığının fiziki təzahürüdürsə, Əlabbasın üç “akademiya təmsilçisi”nin dağ yurdunda dərhal dərədən-təpədən, pula, qadına, hətta “tuluğu az doldurmağa” dair etdikləri səthi dialoqlar ziyalı təbəqənin intellektual məhdudluğunun və dayazlığının rəmzidir. Doktor Kərimi mühacirətə sürükləyən medianın bəsitliyi ilə Bəbiri dağ yurdundan uzaqlaşdırmaq istəyən bu saxta ziyalıların ucuz sükutu eyni sosioloji korşalmanın fərqli səs tonlarıdır. Əyriqarın qədim daş kitabələrini akademiya institutlarından ekspedisiyalar göndərməklə sübut etmək istəyən, lakin əslində “daş toppuz”u, “əmud”u, “xəncər”i, “sapand”ı “ox”dan, “yay”dan fərqləndirə bilməyən bu alimlərin elmi dünyagörüşü baxımından kasadlığı, Dalinin general oğlunun kiber-böhtanı ilə eyni dərəcədə dağıdıcıdır. Hər iki müəllif göstərir ki, gözünü pul örtmüş savadsızlığın boğduğu mühitdə nə Doktor Kərimin sənət sevinci, nə də Bəbirin ata yurdu sədaqəti təhlükəsiz deyil.

Yazıçıların bu insanlıq dramını, sosial ədalətsizliyi təsvir edərkən seçdikləri üslub bədii nəsrin ən çətin və dərin qatını – psixoloji realizmi və daxili monoloqları təşkil edir. “Qiyamçı”dakı Təbriz (Bəbir) onillik tənha həyat yaşamış, güclü xarakterə sahib, suallara cavab axtaran mürəkkəb bir obrazdır. Onun daxili monoloqları, məktublarla apardığı xəyali dialoqlar ruhani bir qiyamın və daxili intiqamın əksidir. Təbrizin Şəhrizlə olan son görüşündə dediyi “Biləsən, Şəhriz, hər şeyə səni ürəkdən istəməyim səbəb oldu…” etirafı sevgidən doğan bir fəlakətin bədii rəsmidir. Çünki insani hisslərin ilahi inam fonunda bu dərəcədə mütləqləşməsi qəhrəmanı həm qadına, həm də ailəsinə qarşı aciz qoyur, onu ilahi dəyərlərlə şəxsi duyğular arasında parçalayır. Əşrəf Dalinin romanındakı Əhməd obrazı da sanki bu daxili çarpışmanın, tapdanan ali dəyərləri dirçəltmək meylinin Şərq meqapolisindəki ekvivalentidir. Qahirənin o nəhəng, xaotik sferasında Əhməd də eynilə Bəbir ləyaqəti ilə maddiyyatın boğduğu insani münasibətləri qorumağa, öz səssiz qiyamını yaşamağa çalışır.

Bu nöqtədə hər iki müəllif “qiyam” anlayışına yeni bir fəlsəfi anlam gətirirlər: qiyam dağıtmaq, yıxmaq və zorakılıqla yenisini qurmaq mənasını daşımır; o, mövcud olan saflığı qorumaq, vəfaya sadiq qalmaq və daxili prinsipləri müdafiə etmək üçün aparılan səssiz, daxili bir mübarizədir.

Qahirənin qədim küçələrindən Azərbaycanın dərdli, lakin məğrur əyalətlərinə qədər uzanan bu ədəbi paralellər ruhların zamansız dialoqundan xəbər verir. Səmimi, pafossuz və daxili monoloqlarla zəngin bu iki əsər oxucunu passiv bir müşahidəçi statusundan çıxarıb, bu katarsis prosesinin fəal iştirakçısına çevirir. Dünyanı idarə edən qəddar praqmatizm, müharibələr və mənəvi aşınmalar qarşısında insanlığı xilas edəcək yeganə real qüvvə – sərhədləri aşan haqq Sözün sehridir. Məhz bu mənada, Əlabbas və Əşrəf Dali yaradıcılığının kəsişmə nöqtələrini üzə çıxaran, Şərq təfəkkürünün ortaq ağrılarını təhlil edən bu kiçik müqayisəli ədəbi baxışın özü də birbaşa Ə.Dalinin müəllifi olduğu “Bu gün İpək Yolu” layihəsinin ali məqsədinə xidmət edir. Bu böyük məqsəd bu gün Azərbaycanın da marağında olan Zəngəzur dəhlizinin və tarixi İpək Yolunun yenidən açılması prosesi ilə eyni amala və mənəvi missiyaya söykənir. Bu yazı ilə qurulan ədəbi-elmi körpü unudulmuş mənəvi yaddaşın bərpasına və xalqlar arasındakı könül bağlarının yenidən canlandırılması missiyasının real bir parçasıdır. Bu söz və bu missiya var olduqca, nə Gözəllərin fəryadı yerdə qalacaq, nə də Bəbirlərin, Əhmədlərin və Şəmavis kəndlilərinin qaldırdığı mənəvi qiyam bayrağı enəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

 

 

 

 

 

Çərşənbə axşamı, 18 Avqust 2026 17:25

“Biri ikisində” Fuad Biləsuvarlının şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Fuad Biləsuvarlının şeirləri təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Fuad BİLƏSUVARLI

 

 

***

 

Bəlkə, yoxa çıxım, itim, 

İtim – qədrim bilinəcək. 

Yer üstündən yer altına,

Gedim – qədrim bilinəcək.

 

Ya tez, ya da gec olacaq, 

Ölən zaman künc-bucaqda. 

Ağlamayın bu torpaqda 

Bitim – qədrim bilinəcək.

 

İnanmışdım bir zamanlar, 

Yaxşı idi o əyyamlar. 

Sevinirdim, a insanlar, 

Dedim – qədrim bilinəcək.

 

Fikirlərdi didir məni, 

Qəm üstündən verir qəmi. 

Hansı aya, günə kimi 

Bilim – qədri bilinəcək?

 

Dolu yerinə bomboşun, 

Dəyəri yox dərd bilənin. 

Nə vaxtacan qurdun-quşun 

İtin – qədri bilinəcək?

 

Elə şeylər gördü gözüm, 

Boş sevinc özümə qaldı. 

Gec də olsa sağkən bildim – 

Çətin qədrim bilinəcək,

Gedim – qədrim bilinəcək.

 

 

***

 

Pöhrələyir dərd ağacı, 

Bahar vaxtı qış barı var. 

Allah verir bərəkəti, 

Zülmkarın min fəndi var.  

 

Sağ bağlanır, soldan keçir, 

Əl bağlanır, qoldan keçir, 

Göz bağlanır, dildən keçir – 

Şərin gizli yolları var. 

 

Ay yazıqlar sizlərin də, 

Daşı ağır düzlərin də, 

Neçə şair izlərində – 

Min illərin ağrısı var.

 

Ümidsizlik içində qəm,

Qəm içində qüssə, ələm,

Göy üzündən gözləyirəm,

Onun belə hikməti var,

Ümid adlı neməti var. 

 

 

ALLAHA DUA

 

Gəl sinəmdən dağı götür,

Götür, Allah, yalvarıram!

Dərdlərimi azdır, itir,

İtir, Allah, yalvarıram!

 

Çiyinlərim dağdan ağır,

Fikir məni yaman boğur...

Mən bəndənə bir yol uğur

Yetir, Allah, yalvarıram!

 

Gəl sınama inadını,

Qırma eşqin qanadını...

Bizə vüsalın dadını

Gətir, Allah, yalvarıram!

 

Aç qapını üzümüzə,

Yetir bizi arzumuza.

Bərəkət qat ömrümüzə,

Qadir Allah, yalvarıram.

 

Hər vaxt yetiş köməyimə,

Bir qüvvət ver biləyimə.

Şəfqətini ürəyimə

Ötür, Allah, yalvarıram!

 

Bəxş et bizə xoş zamanı,

Sülhlə bəzə bu cahanı.

Müharibə, qan, davanı

Bitir, Allah, yalvarıram!

 

 

QAÇIR

 

Fürsətin kəndiri qısa,

Yıxılıram əldən qaçır.

Bəzən deyə bilmədiyim,

Söz də çıxır dildən, qaçır.

 

Torpaq küsür – əkən yoxdu,

Ev ucaldıb tikən yoxdu.

Güldən şirə çəkən yoxdu,

Arılar da güldən qaçır.

 

 

Ha gözlərik xoş baharı,

Bizə düşən – qışın qarı,

Sellər qaçır çaya sarı,

Çaylarımız seldən qaçır.

 

Belə doğub məni anam –

Ölən deyil arzu, inam.

Mən ki alışan adamam!

Şair Fuad, küldən qaçır!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

 

Çərşənbə axşamı, 18 Avqust 2026 12:01

Bir mahnı insanı illər əvvələ necə aparır?

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Telefonun ekranını səbəbsiz yerə aşağı sürüşdürürdü. Bir videodan o birinə keçir, bəzilərinə baxır, bəzilərini isə heç dinləmədən ötürürdü. Günün yorğunluğu idi, yəqin. İnsan bəzən heç nə axtarmadan telefona baxır, sadəcə barmağı ekranı sürüşdürür və qarşısına çıxanları bir-bir ötürür.  Heç fikir vermir ki, nəyi ötürdü? Elə həmin an bir mahnı səsləndi. Barmağı dayandı. Mahnını tanıyırdı, amma haradan tanıdığını xatırlaya bilmirdi. Adını bilmirdi, ifaçının kim olduğunu da. Buna baxmayaraq, mahnının ilk saniyələrində qəribə bir hiss yarandı. Sanki çoxdan getdiyi bir yerdən kimsə ona səslənmişdi...

 

Bir neçə saniyə əvvəl oturduğu otaq eyni otaq idi, telefon yenə əlində idi, həyat da əvvəlki kimi davam edirdi, amma fikri artıq orada deyildi. Harasa getmişdi. Hara olduğunu özü də bilmirdi. Bəlkə də bir yay axşamı idi. Bəlkə məktəbdən qayıtdığı günlərdən biri. Bəlkə köhnə bir avtomobilin arxa oturacağında oturmuşdu, pəncərədən küçəyə baxırdı və həmin mahnı səslənirdi. Bəlkə yanında indi həyatda olmayan, ya da artıq həyatında olmayan biri vardı. Xatirənin özünü tam olaraq tapa bilmirdi, amma onun izi mahnının içində idi. O qəribə hiss, o günlərin havası, nədənsə tanış gələn bir sakitlik.

Musiqinin fərqli tərəfi bilirsiniz nədir? Bir şəkil bizə nə baş verdiyini göstərə bilər, bir məktub kiminsə sözlərini qaytara bilər, köhnə bir əşya keçmişdən nəyisə xatırlada bilər. Amma mahnı bəzən bunların heç birinə ehtiyac duymur. Bir neçə saniyə kifayət edir. Sanki yaddaşın qapısını döymür, açarı birbaşa tapır. İnsan illərdir düşünmədiyi bir küçəni, bir insanın səsini, məktəb yolunu, köhnə evin pəncərəsini, hansısa axşamın işığını birdən-birə xatırlaya bilir. Hətta o günün necə qoxduğunu belə hiss etdiyini düşünür. Əslində həmin xatirəni bütün detalları ilə yada sala bilməsə də, beynində onunla bağlı qalan hiss yenidən canlanır.

Bəzən bir mahnı insanı uşaqlığına qaytarır. O vaxt hər şey daha böyük görünürdü: küçələr daha uzun, yay tətili daha uzun, axşamlar daha gec bitirdi. İndi həmin küçədən keçəndə heç nə əvvəlki kimi deyil. Mağazalar dəyişib, evlər təmir olunub, tanış adamların çoxu köçüb gedib. Amma mahnı səslənəndə küçə yenidən əvvəlki halına qayıdır. İnsan bir anlıq indiki yaşını unudur və keçmişdəki özü ilə üz-üzə qalır. Bəzən isə mahnının içindən bir insan çıxır. Vaxtilə hər gün danışdığın, sonra həyatının hansısa yerində qalan biri. İndi adını eşidəndə belə xüsusi reaksiya vermədiyin, hətta haqqında çoxdan düşünmədiyin bir insan. Amma həmin mahnı başlayanda onun gülüşü yadına düşür. Söhbətləriniz, bir yerdə keçirdiyiniz adi bir gün, bəlkə də heç əhəmiyyət vermədiyin bir cümlə.  İnsan da çox vaxt böyük hadisələri deyil, məhz belə xırda şeyləri xatırlayır. Bir stəkan çay, avtobus dayanacağı, yağışlı küçə, pəncərənin yanında oturmaq, kiminsə "Sabah görüşərik" deməsi... İllər sonra həmin cümlənin özündən çox, o cümlənin deyildiyi gün qayıdır.

Ona görə də bəzi mahnıları uzun müddət dinləmirik. Bəlkə də səbəb mahnının özünü sevməməyimiz deyil. Sadəcə bilirik ki, onu açsaq, yalnız musiqiyə qulaq asmayacağıq. Özümüzü də eşidəcəyik. Bir vaxtlar olduğumuz insanı, artıq yaşamadığımız günləri, dəyişmiş münasibətləri, geri qayıtmayacaq bəzi insanları. Mahnının bizdə yaratdığı kədər bəzən keçmişə görə deyil, həmin keçmişə bir daha qayıda bilməyəcəyimizi bilməyimizə görədir. Amma bütün xatirələr kədərli olmur. Bəzən illər əvvəl dinlədiyin bir mahnı səslənir və səbəbsiz yerə gülümsəyirsən. Nə üçün güldüyünü özün də bilmirsən. Sadəcə həmin vaxt həyatın başqa cür olduğunu xatırlayırsan.  İnsanın ən böyük yanılğılarından biri budur: yaşadığı anın gələcəkdə xatirəyə çevriləcəyini heç vaxt düşünmür.

O gün telefonda mahnını sonuna qədər dinlədi. Videonu da keçmədi. Mahnının haradan yadında qaldığını yenə xatırlaya bilmədi. Bəlkə heç vaxt da xatırlamayacaq. Amma bunun artıq o qədər də əhəmiyyəti yox idi. Çünki bəzən bir xatirənin hansı günə aid olduğunu bilməkdən daha vacib olan onun bizdə nə hiss yaratmasıdır. Mahnı bitəndə ekran yenidən dəyişdi, başqa bir video açıldı, həyat öz axarına qayıtdı. Amma bir neçə dəqiqəlik də olsa, illər əvvəlki bir insan indiki həyatına qonaq gəlmişdi. O insan da elə özü idi...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Çərşənbə axşamı, 18 Avqust 2026 11:28

“Xatirən də yavaş-yavaş ölürmüş...” – Arzu Hüseyn

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

"Ədəbiyyat və İncəsənət" portalı isti, soyuq bilmədən, istirahəti sevmədən öz rubrikaları Sizi yenə salamlayır, əziz izləyicilərimiz.

" Ruhun pıçıltısı" rubrikası bu dəfə Arzu Hüseyn poeziyasını pıçıltı ilə Sizə çatdıracaq.

 

ARZU HÜSEYN

ŞEİRLƏR

 

Dünənimdə elə həmin adamsan,

Məhv elədin ikimizi gül kimi!

Bilirəm ki, mənim üçün haçansa

Tökəcəksən göz yaşını sel kimi.

 

Mən yenə də sevinmirəm o qəmə,

Ürəyinə daş dəyməsin sabah da.

Baxmayaraq acımadın sən mənə,

Demədin ki, qəlb sındırmaq günahdı.

 

Şeirlərim ağladıqca sevindin,

Dedin: "Mənəm o ocağın tüstüsü."

Yazdıqlarım şeirlər tək dərindi,

İçimdəki inadların bəstisi.

 

Nə günəşəm, nə küləyəm, nə yağış,

Havadadır duyğularım, hisslərim.

Məndən səni soruşdular dost-tanış,

Usanmadan, dayanmadan pislədim.

 

Lənətlərim parçalandı min tikə,

Əsəblərim söyüşlərdə bağırdı.

Az qalırdım hönkürərək diz çökəm,

Hamı bildi sənsiz necə ağırdı...

 

Necə aciz, necə yorğun, yaralı...

Görən gördü, cəhənnəm ol, get indi!

Qulağına gəlib çatdımı barı,

"Yaxşı oldu bu axmağa" dedinmi?

 

Dünənimdə elə həmin adamsan,

Məhv elədin ikimizi gül kimi!

Bilirəm ki, mənim üçün haçansa

Tökəcəksən göz yaşını sel kimi…

 

 

***

 

Gözün aydın, nəfəsini dər rahat,

Əllərimdən sığal görməz saçların.

Ürəyini süfrə kimi sər rahat

Ayağına, bədəninə acların.

 

Elə sər ki, özün də dad bir tikə,

Doya-doya gözünə sürt qanını!

Mən qarışqa, sən asudə çəyirtkə —

Nə bilirsən fəsillərin qarını?

 

Qəzəbliyəm dünənimə, özümə,

Qəzəbliyəm, nə gizlədim, nə danım...

Lənət olsun astarına, üzünə,

Tüpürmüşəm gərdişinə zamanın!

 

Ayazıyıb fikirlərim nə vaxtdır,

Kimdir məni xəyallarda saxlayan?

Amma qəlbim böyüməyən uşaqdır —

Ümidləri daşa dəysə, ağlayan...

 

Kim mənimtək yollarına gül sərər?

Ver haqqını sevginə möhtacların!

Gəlişinə qucaq açmaz pəncərəm,

Yuxulamaz sığalımdan saçların.

 

Məhəbbətin közərdikcə sinəmdə —

Fillər kimi ölümünü bilirmiş*...

Sən içimdə hər gün bir az öləndə

Xatirən də yavaş-yavaş ölürmüş...

 

Gözün aydın, nəfəsini dər rahat,

Əllərimdən sığal görməz saçların.

Ürəyini süfrə kimi sər rahat

Ayağına, bədəninə acların.

 

 

***

 

Daha həyatında nə yağışam, nə külək,

Daha üzərinə bir damcı düşməz məndən.

Başının üzərindən gecə-gündüz əsərək,

Öpmərəm gözlərindən...

 

Daha həyatında nə ağacam, nə yarpaq,

Daha gün işığından qorumaz kölgəm səni.

Daha əvvəlki kimi, uşaqtək ağlayaraq —

Səsləmərəm mən səni…

 

Daha dodaqlarından qopmaram bir ad kimi,

Daha nə zəng edərəm, aramaram mən səni.

Görüşsək də yanından ötərəm bir yad kimi,

Tanımaram mən səni…

 

Daha həyatında nə səmayam, nə torpaq,

Ayağını möhkəm bas, başına yağmaz qarım.

Sənin üçün köksümdə bir sərçə uçmayacaq,

Sənin üçün bir çiçək bitirməz səhralarım...

 

 

***

 

 

 

Ölsəm, heykəl olacam,

Hələ sağam, gör məni.

Qucağım istidir, gəl –

Soyutmamış gor məni.

Neynirəm sonra gəlsən?

Bəlkə sonra olmadı.

Bəlkə görüşmək üçün

Bir də zaman qalmadı.

 

Deyəcək sözlərini boxça elə,

Gəldiyin yolları baxça elə…

 

Ölsəm, heykəl olacam,

Hələ sağam, sev məni.

Gecənin bir yarısı

Aparmamış div məni,

Gizlətməmiş qəsrində əjdahalar –

Sən gizlət məni,

Vaxt yoxdur,

Heykəl edəcək həsrət məni…

 

Pay tut şirinliyindən,

İçimə çəkim şirin iyindən…

 

Ölsəm, heykəl olacam,

Hələ sağam, tap məni.

Anam-atam öpməyib,

Sən sarıl, sən öp məni.

Ağlayım uşaq kimi, kirit, anam ol,

Dostum ol, yarım ol, sonam ol.

 

Heç nə istəmirəm ki, bircə doğma qucaq...

Aldat məni,

De ki, yaxşı olacaq…

 

 

***

 

Bahar gələ bu dağın da başına,

Bir əsirlik qarı axa, sel ola.

Ağacın da, budağın da başına,

Yarpaq ola, çiçək ola, gül ola.

 

Pəncərəmin palçığını, tozunu,

Anam silə, mən qurudam, nə olar.

Bir də baxam, dönülməyən səfərdən,

Atam dönə, ev eşiyim şən ola.

 

Bahar gələ bu dağın da başına,

Sarı günəş, al üfüqü yəhərlər.

Yaşıllanan qayasına, daşına ,

Şeir yazam, nəğmə qoşam səhərlər.

 

Bahar gələ, qəlbim ola yaza tən,

Dünya-aləm gülüstana bürünə.

Buz ürəyim çiçək aça təzədən,

Yaşanmayan baharların yerinə…

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Çərşənbə axşamı, 18 Avqust 2026 09:24

Poeziya, kino və teatr – İlqar Fəhmi üstünlükləri

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün - avqustun 18-i onun 51 yaşı tamam olur. Sizə zarafat gəlməsin, o, müasir Azərbaycan ədəbiyyatının ünlü yazarlarından biridir. Onun yaradıcılığı ən yaxşı bədii nümunələrdən biri kimi ədəbiyyat tariximizdə yer alıb. Gözəl poeziya nümunələrinin, o cümlədən maraqlı roman və povestlərin müəllifidir. Qələmə aldığı pyeslər bir sıra ölkə teatrlarında səhnələşdirilib. O, həmçinin kinodramaturq kimi də xeyli işlər görüb. Bir sıra film, serial və bədii filmlərin ssenarisini yazıb. Kifayyət qədər xidmətləri var.

 

Bəli, bu gün sizə bir şair, yazıçı, kinodramaturq haqqında söhbət açmaq istəyirəm. Öncə onu söyləyim ki, anadangəlmə öndər, mərd və iradəli adamdır. Cazibəsi sayəsində ətrafına onlarla insanı toplaya bilir. Və müsbət xüsusiyyətləri ilə həmişə ön plana çıxır. Özünə inam baxımından adətən hamıdan öndə olur. Hətta xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarır. Vicdanlı və ürəyiyumşaqdır. İnsanlara kömək etmək istəyi, ona içdən gəlir. Bütün bununlarla yanaşı, o davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəslidir...

 

Deyir ki:- “Sənətkarlar bəzən cəmiyyətdə elə sevgi qazanırlar ki, hər şeyi unudub ayaqlarının altını görmürlər. İnsanlar onlara rəğbət göstərdikcə, sanki başları hərlənir. Bəziləri də elə fikirləşirlər ki, nə etsələr də, xalq qəbul edəcək və qəbul etməyə məhkumdur. Necə deyərlər, təkəbbür onları məcrasından çıxarır. Günah belələrinə ehtiram göstərənlərdədir. Düşünmürlər ki, bir şeyin ki adı sənətdirsə deməli sünidir. Məgər sənət rus dilində iskusstvo (искусство)- süni sözündən deyilmi? Yəni iskusstvennıy (искусственный). Bir şeyin ki kökündə sünilik dayanır, bu, heç vaxt təbii ola bilməz. Jan Bodriyarın “Simulakrum və Simulyasiya” əsəri var. Orda deyir ki, müasir cəmiyyətdə bir şeyin “kopya”sı onun özündən daha çox hörmət qazanır.

Təsəvvür edin ki, Qarabağ müharibəsi ilə bağlı yaxşı bir film çəkilir və aktyor möhtəşəm bir obraz yaradır. Bodriyarın dediyi kimi, simulyator sistemi işə düşür. Real qəhrəmandan daha çox, xalq o aktyoru sevir. O aktyora bütün məclislərdə yuxarı başda yer verirlər, ona əl çalırlar, onu tərifləyirlər. O da, vətənpərvərlikdən, qəhrəmanlıqdan danışır. Demək istəyirəm ki, əslində əsl qəhrəmanın özündən çox, onun obrazını yaradan sənətkara daha çox diqqət ayrılır. Bu, zamanənin faciəsidir. Quranda təkəbbürlülük bəyənilmir. Şairlər, yazarlar başa düşsünlər ki, sən əslində nə qədər təriflənsən də, nə qədər diqqət-qayğı görsən də, bu vaxta qədər bir dənə adamın qarnın doydurmamısan. Cəmiyyətə bir xeyrin dəyibmi? Sadəcə süni bir şey yaratmısan...”

 

Öz rahatlığını heç nəyə qurban vermir. Rus atalar məsəlində olduğu kimi- “müharibə öz yerində, nahar elə nahardır...” Amma buna rəğmən çalışqan və bacarıqlıdır. Özünü sübut etmək üçün çox əzmkardır. Elə bunun sayəsində də, harada çalışmasından asılı olmayaraq, uğur qazana bilir...

“Hər bir yaradıcının müəyyən istiqamətləri yazdığı ilk əsərlərdən bilinir. Kiminsə əsərində fəlsəfi meyillər üstün olur, kimdəsə ədəbi həllər, kimdəsə təsvirlər və s. Mənim həm poeziya, həm də prozamda isə teatrallıq və vizuallıq həmişə üstün olub. Teatr mövzusuna həsr olunan "Akvarium", "Akvanaziya", bir aktrisanın taleyindən bəhs edən "Aktrisa" romanlarım, "Karmen" povestim elə birbaşa teatra yaxın mövzulardır. Əvvəl buna çox da diqqət etməmişəm. Amma bir müddətdən sonra analiz edəndə gördüm ki, əsərlərim teatraldır və bu teatrallıq dekorativliyin üzərinə köklənib. Yəni mən yazanda özüm də hiss etmədən heç vaxt məişətin aşağı qatlarına düşməmişəm. Teatrallıq effektini də məhz bu yaradıb. Çünki teatrda verilən ölümü də, qan-qadanı da tamaşaçı şərti qəbul edir. Qeyd etmək istəyirəm ki, kinodan fərqli olaraq, teatrda naturalizmə getmək olmaz. Hər halda, bu teatrdır.”- söyləyir...

 

1975-ci ilin avqust ayının 18-də Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. İndiyədək "Axırıncı qatar" ("İtlər"), "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib. Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib. Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında çalışır və Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasında Televiziya serialının ssenarisi fənnindən dərs deyir. Və Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır...

 

Bəli, düz tapdınız, söhbət İlqar Fəhmidən gedir. Həddən artıq qürurlu və tələbkardır, lakin eyni zamanda mehriban və həyat doludur. Həmişə gülümsəməyə və yaxşı vaxt keçirməyə çalışır. Ən çətin problemləri belə həll edə bilən zəkaya malikdir. Bir çox mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq edə bilir. Tükənməz enerjisi, parlaq istedadı var. Gözəl intuisiyaya sahibdir, hadisələri öncədən hiss edir...

 

2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur. 2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru olub. Son illərdə pyesləri ardıcıl şəkildə ölkə teatrlarında səhnələşdirilib. Onlardan “Son reportaj”, “Mənəm, mən”, “İsgəndərə yeni namə”, “Balaca kişilər” pyeslərini qeyd etmək istəyirəm . Hələ bu harasıdır, on beşdən yuxarı sənədli və bədii filmin ssenari, on beşə yaxın roman, povest və şeir kitablarının müəllifidir. Şeirlərinə gəldikdə isə, mükəmməl poeziya nümunələri yarada bilib. Onların bəzilərinə bəstəkarlar mahnı da bəstələyiblər...

 

Bir sözlə, haqqında söhbət açdığım İlqar Fəhmi Azərbaycan ədəbiyyatına və eləcə də mədəniyyətinə xeyli töhfələr verib. Bəlkə də yaşıdları arasında sıranın önündədir. Amma ağayanə adam olduğu üçün, heç vaxt özünü reklama yol verməyib...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Adəm İsmayıl Bakuvi,

“Ədəbiyyat və incəsənət”

 

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda onunla üz-üzə qalır. Dünya ədəbiyyatında elə əsərlər var ki, onlar müəyyən bir dövrün hadisələrini təsvir etməklə kifayətlənmir, zamanın fövqünə qalxaraq insanlığın əbədi suallarına çevrilirlər.

 

Bu əsərlərdə hadisə süjetdən, qəhrəman isə adi ədəbi obraz olmaqdan çıxır; bütöv bir sivilizasiyanın vicdanını, qorxusunu, ehtirasını və mənəvi məsuliyyətini ifadə edən rəmzə çevrilir. Bəzən tarix elə bir səhnəyə çevrilir ki, orada insanlar İblisi axtarırlar. Göylərdə, qaranlıq mağaralarda, miflərin dərinliklərində... Halbuki böyük yazıçılar bizə başqa bir həqiqəti göstərirlər: İblis gizlənmir. O, insanın hakimiyyət ehtirasında, müharibə qərarında, nifrət dolu sözündə və vicdanını susdurduğu anda görünür. Məhz buna görə Höte "Faustun İblisi"ni yaratdı, Hüseyn Cavid isə bəşəriyyətin İblisini səhnəyə çıxardı. İohann Volfqanq Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i məhz belə əsərlərdəndir. Bu iki əsər müxtəlif zamanlarda, müxtəlif mədəni mühitlərdə, fərqli dini-fəlsəfi ənənələr daxilində yaranmışdır.

Höte Qərbi Avropanın maarifçilikdən romantizmə, klassisizmdən modern düşüncəyə keçdiyi böyük mənəvi sarsıntılar dövrünün sənətkarıdır. Hüseyn Cavid isə Şərqin parçalandığı, imperiyaların toqquşduğu, Birinci Dünya müharibəsinin insanı, dini, əxlaqı və mədəniyyəti qan içində qoyduğu bir zamanın romantik filosofudur. Höte "Faust" üzərində ömrünün böyük hissəsi boyunca çalışmış, əsəri dəfələrlə dəyişdirmiş və təkmilləşdirmişdir. "Faust"un birinci hissəsi 1808-ci ildə, ikinci hissəsi isə 1832-ci ildə nəşr olunmuşdur. Araşdırmalara görə, Hötenin bu mövzu üzərində işi altmış ilə yaxın davam etmişdir. Hüseyn Cavidin dördpərdəli mənzum faciəsi "İblis" isə 1918-ci ildə, Birinci Dünya müharibəsinin yaratdığı ümumbəşəri fəlakətin içərisində meydana gəlmişdir. Ancaq bu əsərlərin böyüklüyü onların yazıldığı tarixlərdə deyil. Onların əsl zamanı insanın yarandığı gündən başlayır və insan nə qədər ki seçim edir, tamaha düşür, hakimiyyət arzulayır, həqiqəti axtarır, yanılır, günah işləyir və öz vicdanı qarşısında cavab verməyə məcbur olur.

İblis obrazı niyə yarandı?

İblis obrazı ədəbiyyatın yaratdığı təsadüfi bir xəyali varlıq deyil. O, insanlığın xeyir və şər haqqında düşünməyə başladığı ən qədim zamanlardan bəri dini mətnlərdə, miflərdə, əfsanələrdə, fəlsəfi sistemlərdə və bədii ədəbiyyatda müxtəlif adlarla meydana çıxmışdır. İnsan şərin haradan gəldiyini anlamağa çalışmışdır: Şər kainatın müstəqil qüvvəsidirmi? O, insanın xaricində, yoxsa daxilindəmi yaranır? İnsanı günaha çəkən görünməz bir varlıqdırmı, yoxsa həmin varlıq insanın ehtiraslarının, qorxularının, qürurunun və hakimiyyət istəyinin obrazlaşdırılmış ifadəsidir?

Qurani-Kərimdə İblisin faciəsinin başlanğıcı onun Adəmə səcdə etməkdən imtinası ilə bağlıdır. İblis itaətsizliyini özünü insandan üstün hesab etməsi ilə əsaslandırır: o, oddan, Adəm isə torpaqdan yaradılmışdır. "Əraf" surəsində bu etiraz təkcə itaətsizlik kimi deyil, mənşəyə əsaslanan təkəbbür, özünüüstünlük iddiası kimi təqdim edilir. "Bəqərə" surəsinin 34-cü ayəsində İblisin imtinası və təkəbbürü onun mənəvi süqutunun əsas səbəbi kimi göstərilir. "Kəhf" surəsinin 50-ci ayəsində isə onun cinlərdən olduğu və Rəbbinin əmrindən çıxdığı bildirilir. Burada şərin başlanğıcı sadəcə günah deyil, "mən ondan üstünəm" hökmüdür. Bu düşüncə insan tarixində saysız-hesabsız fəlakətlərin mənəvi düsturuna çevrilmişdir. Bir insanın digərindən, bir xalqın başqa xalqdan, bir irqin digər irqdən, bir məzhəbin başqa məzhəbdən, bir dövlətin bütün dünyadan üstün olduğuna inanması İblisin qədim iddiasının tarixi formalarda təkrarlanmasıdır. İblis əvvəlcə "mən üstünəm" deyir, sonra "mən hökm etməliyəm" nəticəsinə gəlir. Ardınca başqasının azadlığını, həyatını və ləyaqətini öz üstünlüyünün sübutuna çevirir. Bu səbəbdən İblis obrazı yalnız dini personaj deyil. O, təkəbbürün metafizik portretidir. İncil mətnində də şeytan insanı sınağa çəkən, onun zəif anından istifadə etməyə çalışan qüvvə kimi görünür. Matta İncilinin dördüncü fəslində şeytan səhrada İsa Məsihi əvvəlcə aclıq, sonra möcüzə göstərmək ehtirası, nəhayət, dünya hakimiyyəti ilə sınağa çəkmək istəyir. Burada üç əsas ehtiras üzə çıxır: maddi ehtiyac, öz gücünü nümayiş etdirmək arzusu və hakimiyyət ehtirası. İsa Məsih bu təkliflərin hər birini rədd edir. Deməli, dini düşüncədə şeytan insanı məcbur edən deyil, ona təklif verən qüvvədir. O, insanın əlini tutub zorla cinayət törətmir. O, insanın daxilində gizlənmiş ehtirası oyadır, günaha bəraət qazandırır, yalanı həqiqət kimi göstərir və insanı öz seçiminin məsuliyyətindən uzaqlaşdırır. Şeytanın ən böyük gücü insanın iradəsini əlindən almaq deyil, insana günahı azad seçim kimi qəbul etdirməkdir. Ədəbiyyat da İblis obrazına məhz bu nöqtədən daxil olur.

Faust insandır. Şeytani başlanğıcı təmsil edən obraz Mefistofeldir. Lakin əsərin fəlsəfi gücü ondadır ki, Faustla Mefistofeli bir-birindən tam ayırmaq mümkün olmur. Mefistofel Faustun qarşısına kənardan çıxsa da, onun təkliflərinin qəbul olunması üçün zəmin artıq Faustun daxilində mövcuddur. Faust çox oxumuş, elmləri öyrənmiş, lakin həyatın son həqiqətinə çata bilməmiş alimdir. Kitablar ona bilik vermiş, amma mənanı verməmişdir. O, dünyanı anlayır, lakin yaşamağın səbəbini anlaya bilmir. Bilikləri artdıqca, öz cahilliyini daha dərindən hiss edir. Faustun faciəsi savadsızlıq faciəsi deyil. Onun faciəsi biliyin insan ruhundakı boşluğu doldura bilməməsidir. O, həqiqəti axtarır, lakin həqiqətə çatmaq üçün yalnız düşüncə ilə kifayətlənmək istəmir. Həyatı bütün ehtirasları, günahları, gözəllikləri, ağrıları və ziddiyyətləri ilə yaşamaq istəyir. Məhz bu məqamda Mefistofel peyda olur. Mefistofel Fausta hazır cavab təqdim etmir. Ona təcrübə təklif edir. Bu təklifin mahiyyəti belədir: sən dünyanı mənəvi məsuliyyət daşımadan yaşa, mən isə istəklərini reallaşdırım.

"Faust"un mərkəzindəki müqavilə sadəcə, insanın ruhunu şeytana satması barədə qədim əfsanənin təkrarı deyil. Əsərdə əsl müqavilə insanla onun öz ehtirası arasında bağlanır. Mefistofel həmin müqavilənin görünən şahididir. Faustun şərti də son dərəcə mühümdür: əgər o, hər hansı bir ana "dayan, sən necə də gözəlsən!" deyərək, həmin anın içində əbədi qalmaq istəsə, məğlub olmuş sayılacaq. O, bitmiş həqiqətə inanmır. Onun varlığı əbədi axtarışdır. Faustun həm böyüklüyü, həm də təhlükəsi buradadır. O, sakitliyə qarşıdır, çünki sakitlik onun üçün ölüm deməkdir. Lakin daim irəli getmək arzusu insanı mənəvi sərhədləri keçməyə də sürükləyə bilər. Axtarışın qarşısında vicdan dayanmadıqda, inkişaf dağıntıya çevrilə bilər. Faust bütün varlığı ilə yaşamaq və insanlığa xidmət etmək istəyir. Mefistofel isə bu sonsuz istəyi insanın əleyhinə çevirməyə çalışır.

Mefistofelin həqiqəti və yalanı. 

O, adi mənada yalançı obraz deyil. Onun sözlərinin qorxulu təsiri ondadır ki, söylədiklərində müəyyən həqiqət vardır. O, insanın zəifliyini, riyakarlığını, şəhvətini, şöhrətpərəstliyini görür. İnsan haqqında dediklərinin əksəriyyəti müşahidəyə əsaslanır. Lakin Mefistofelin əsas saxtakarlığı insan həqiqətinin yalnız qaranlıq tərəfini ümumiləşdirməsidir. O, insanın günahını görür, tövbəsini görmür. Ehtirasını görür, sevgisini görmür. Məğlubiyyətini görür, yenidən ayağa qalxmaq gücünü görmür. İnsanın naqisliyini onun son mahiyyəti kimi təqdim edir. Mefistofel insanın özünə inamını məhv etməyə çalışır. Çünki şər üçün ən əlverişli insan günahkar insan deyil; düzələ biləcəyinə inanmayan insandır. Hötenin əsərində şər yalnız tamah vasitəsilə hərəkət etmir. O, istehza vasitəsilə də hərəkət edir. Mefistofel yüksək ideallara gülür, müqəddəs duyğuları bəsitləşdirir, sevgini fizioloji ehtiyaca, mənəvi axtarışı mənasız ehtirasa çevirməyə çalışır. Onun gülüşü sadəcə yumor deyil. Bu gülüş mənəvi dəyərləri dəyərsizləşdirmək vasitəsidir. İnsan əvvəlcə müqəddəs bildiyi şeyə gülür, sonra ona inamını itirir, nəhayət, onu qorumaq üçün heç bir məsuliyyət hiss etmir. Mefistofelin intellektual təhlükəsi buradadır. 

Qretxenin faciəsi: Faustun axtarışının mənəvi qiyməti nədədir? 

"Faust" yalnız Faustla Mefistofelin fəlsəfi söhbətindən ibarət deyil. Əsərin insani ağrısı Qretxenin taleyində açılır. Faust özünü axtardığı halda, başqa bir insanın həyatını dağıdır. O, sevgini yaşamaq istəyir, lakin sevgidə məsuliyyət daşımağa hazır deyil. Qretxen üçün sevgi bütöv həyatdır; Faust üçün isə sonsuz təcrübələrdən biridir. Bu fərq faciənin əsasını yaradır. Faustun metafizik axtarışı Qretxenin real həyatında ölümə, günaha və ruhi sarsıntıya çevrilir. Burada Höte böyük bir həqiqəti göstərir: insanın ən uca idealları belə başqasının taleyini məhv edirsə, həmin ideallar mənəvi bəraət qazana bilməz. Faustun faciəsi yalnız şeytana yaxınlaşması deyil. Onun faciəsi öz axtarışının başqalarına vurduğu zərbəni gec görməsidir. Qretxen isə zahirən məğlub olsa da, mənəvi baxımdan Mefistofelin hakimiyyətindən kənarda qalır. Çünki o, əzabın içində vicdanını tam itirmir. Beləliklə, Höte insanın xilasını günahsızlıqda deyil, vicdanın ölməməsində görür.

Hüseyn Cavid niyə "İblis"i yaratdı? 

Hüseyn Cavidin "İblis"i Birinci Dünya müharibəsinin qanlı səhnələri içərisində yaranmışdır. 1918-ci ildə dünya artıq Avropa maarifçiliyinin və texniki tərəqqinin insanı daha ədalətli edəcəyi barədə nikbin düşüncənin sarsıldığını görmüşdü. Elm inkişaf etmiş, lakin həmin elm silaha çevrilmişdi. Dövlətlər böyümüş, lakin insan kiçilmişdi. Mədəniyyət yüksəlmiş, lakin şəhərlər dağıdılmışdı. Cavid belə bir zamanda şərin səbəbini sadəcə fövqəltəbii qüvvədə axtara bilməzdi. Əgər müharibəni insanlar başlayırdısa, şəhərləri insanlar yandırırdısa, yalanı insanlar danışırdısa, qardaşı qardaşa insanlar öldürtdürürdüsə, bütün günahı görünməyən İblisin üzərinə atmaq insanın öz məsuliyyətindən qaçması demək idi. Buna görə Cavidin İblisi ənənəvi dini təsəvvürdəki şeytandan fərqlənir. O, səhnəyə çıxır, danışır, insanlara yaxınlaşır, lakin əsərin sonunda məlum olur ki, şərin həqiqi məkanı onun xarici varlığı deyil. İblis insanın içindədir. Cavidin "İblis" əsərinin üçüncü pərdəsində belə İblis hadisələrdən kənarda dayanan mücərrəd varlıq kimi deyil, insan münasibətlərinin, qorxuların və dağıdıcı ehtirasların arasında hərəkət edən qüvvə kimi təqdim olunur. Bu, Şərq ədəbiyyatında İblis obrazının mühüm fəlsəfi çevrilməsidir. Cavid İblisi sadəcə, insanı aldadan varlıq kimi göstərmir. Onu insanın öz cinayətlərinə bəraət qazandırmaq üçün yaratdığı bəhanəyə də çevirir. İnsan öldürür və deyir: məni İblis yoldan çıxardı. Dövlət müharibə başlayır və deyir: bunu vətən naminə etdim. Fanatik qan tökür və deyir: bunu Tanrı naminə etdim. Hakimiyyət insanları əzir və deyir: bunu nizam naminə etdim. Beləliklə, şər özünü heç vaxt şər adı ilə təqdim etmir. O, həmişə uca bir anlayışın libasını geyinir. Cavidin İblisi məhz həmin libasları cırır.

Cavidin İblisi - fərdin deyil, bəşəriyyətin kölgəsi. 

Hötenin Mefistofeli əsasən Faustun arxasınca gedir. Onun qarşısında konkret insan, konkret ruh və konkret müqavilə vardır. Cavidin İblisinin qarşısında isə bütöv bəşəriyyət dayanır. Mefistofel bir insanın ehtirasına yol açır. Cavidin İblisi isə dövlətlərin, orduların, siyasi ideologiyaların, dini fanatizmin və kütləvi nifrətin içərisində görünür. Mefistofel pıçıldayır. Cavidin İblisi bəzən top səsləri ilə danışır. Mefistofel insanı fərdi zövq və təcrübə ilə sınağa çəkir. Cavidin İblisi insanları qan, sərvət, torpaq, məzhəb və hakimiyyət uğrunda bir-birinə qarşı qoyur. Bu mənada Mefistofel psixoloji, Cavidin İblisi isə tarixi-siyasi miqyasa malikdir. Lakin Cavidin İblisini yalnız siyasi simvol kimi görmək də doğru olmazdı. O, hər şeydən əvvəl insan ruhunun qaranlıq imkanlarının bədii təcəssümüdür. Siyasət, müharibə və fanatizm həmin qaranlığın cəmiyyət miqyasında görünən formalarıdır. Cavidin əsas sualı budur: əgər insanın daxilində zorakılığa meyil olmasaydı, heç bir İblis onu zorakılığa sövq edə bilərdimi? Bu sual əsəri dini alleqoriyadan çıxarıb böyük antropoloji faciəyə çevirir.

Arif: Cavidin Faustu. 

"İblis" əsərini "Faust"la müqayisə edərkən yalnız İblis və Mefistofel obrazlarını qarşılaşdırmaq kifayət etmir. Cavidin əsərində Faustun mənəvi-fəlsəfi paraleli müəyyən mənada Arifdir. Arif də həqiqət axtaran insandır. Onun adı təsadüfi seçilməmişdir. "Arif" sözü bilən, anlayan, mənəvi həqiqətə vaqif olan insan mənası daşıyır. Lakin əsərdə bu ad faciəli ironiya qazanır: həqiqəti axtaran insan hadisələrin içərisində öz həqiqətini itirir. Faust biliyin yetərsizliyindən əzab çəkir. Arif isə dünyanın ədalətsizliyindən sarsılır. Faust həyatın mənasını yaşamaq üçün Mefistofellə yaxınlaşır. Arif dünyadakı zülmü anlamağa çalışarkən İblisin təsir dairəsinə düşür. Hər ikisinin daxilində boşluq vardır. Hər ikisi mövcud həqiqətlə razılaşmır. Hər ikisi daha böyük cavab axtarır. Lakin həmin axtarış mənəvi dayağını itirdiyi anda onları uçuruma yaxınlaşdırır. Faustun zəifliyi sonsuz təcrübə ehtirasıdır. Arifin zəifliyi mənəvi ümidsizlikdir. Faust dünyanın bütün nemətlərini yaşamaq istəyir. Arif dünyanın bütün həqiqətlərindən şübhəyə düşür. Faust ehtirasdan günaha yaxınlaşırsa, Arif ümidsizlikdən günaha yaxınlaşır. Bu fərq Qərb və Şərq romantik qəhrəmanlarının daxili quruluşunu göstərir. Hötenin qəhrəmanı fəaliyyət və fərdi iradə insanıdır. Cavidin qəhrəmanı isə mənəvi sarsıntı, vicdan və ədalət axtarışı içərisində yaşayan insandır. Faust dünya ilə savaşaraq özünü tapmaq istəyir. Arif dünya qarşısında sarsılaraq özünü itirir.

Mefistofel və İblis: 

eyni qaranlığın iki dili. Mefistofel və Cavidin İblisi bir-birinə bənzəyir, çünki hər ikisi insanın zəifliyini görür və həmin zəiflikdən istifadə edir. Hər ikisi ağıllıdır. Hər ikisi insanı özündən daha yaxşı tanıdığı təəssüratını yaradır. Hər ikisi istehzalıdır. Hər ikisi mənəvi dəyərlərin arxasında gizlənən riyakarlığı görür. Hər ikisi insanı məcbur etmir, insanın içindəki hazır meyli hərəkətə gətirir. Hər ikisinin ən güclü silahı insanın öz ehtirasıdır. Lakin onların arasında mühüm fərq vardır. Mefistofel şərin fəlsəfi və ironik ağlıdır. Cavidin İblisi isə şərin tarixi yaddaşıdır. Mefistofel insana "sən zəifsən" deyir. Cavidin İblisi bəşəriyyətə "törətdiyiniz cinayətlərə görə məni günahlandırmayın" deyir. Mefistofel insanın ruhunu almağa çalışır. Cavidin İblisi insanın onsuz da öz ruhunu hakimiyyətə, nifrətə, pula və qana satdığını göstərir. Mefistofel Faustun qarşısında müqavilə qoyur. Cavidin İblisi göstərir ki, insanlar müqaviləni çoxdan öz aralarında bağlayıblar: biri öldürəcək, digəri ona qəhrəman adı verəcək; biri yalan danışacaq, digəri həmin yalanı həqiqət kimi yayacaq; biri müharibə başladacaq, milyonlarla insan isə onun əmrinə itaət edəcək. Hötedə müqavilə fərdidir. Caviddə müqavilə ictimaidir.

İblis insanın daxilindədir, yoxsa xaricində? 

Hər iki əsərin mərkəzində bu sual dayanır. Höte şərin kənardan gəldiyini göstərsə də, onu qəbul edən insan iradəsini məsuliyyətdən azad etmir. Mefistofel olmasaydı belə, Faustun daxilində narazılıq, ehtiras və sərhədləri aşmaq istəyi mövcud idi. Mefistofel bu istəkləri yaratmır; onları istiqamətləndirir. Caviddə isə məsuliyyət daha sərt şəkildə insanın üzərinə qaytarılır. İblis yalnız pərdəni qaldırır və insanın öz daxilində gizlətdiyi qaranlığı göstərir. Bu baxımdan hər iki əsərdə şeytan güzgüdür. Lakin güzgüdə görünən şeytan deyil, insandır. İnsan öz qaranlıq tərəfini başqa bir varlığın simasında görmək istəyir. Çünki şəri özündən kənarda təsəvvür etmək ona mənəvi rahatlıq verir. İnsan deyir: mən yaxşı idim, məni yoldan çıxardılar. Mən sülh istəyirdim, məni müharibəyə məcbur etdilər. Mən günahsız idim, ehtiras məni məğlub etdi. Höte və Cavid bu bəraəti qəbul etmirlər. Onların bədii hökmünə görə, insan şərin təklifini eşidə bilər, lakin son sözü yenə özü deyir. Qurani-Kərimdə İblisin insan üzərində mütləq hakimiyyət sahibi kimi deyil, azdırmağa çalışan qüvvə kimi təqdim edilməsi də məsuliyyəti insanın üzərindən götürmür. İncilin sınaq səhnəsində də şeytan təklif edir, lakin İsa Məsih təklifi rədd edir.

Deməli, həm dini mətnlərdə, həm də bu iki böyük əsərdə əsas məsələ şeytanın mövcudluğundan daha çox insanın cavabıdır. Şər azadlığın nəticəsidirmi? İnsanın seçim imkanı yoxdursa, onun yaxşılığı da mənəvi dəyər daşımır. Məcburi xeyirxahlıq xeyirxahlıq deyil. Yaxşılığın həqiqi mənası insanın şəri seçmək imkanı olduğu halda ondan imtina etməsindən yaranır. Bu səbəbdən həm "Faust", həm də "İblis" insan azadlığının faciəsini göstərir.

Azadlıq insanın böyüklüyüdür, çünki o, seçim edə bilir. Azadlıq insanın təhlükəsidir, çünki o, yanlış seçim edə bilir. Mefistofel və İblis azadlığın qaranlıq imkanlarını təmsil edirlər. Onlar insanı robot kimi idarə etmirlər. İnsana seçim təklif edirlər. Faust bu seçimdən istifadə edir. Arif bu seçim qarşısında sarsılır. Qretxen günaha düşür, lakin vicdanını tam itirmir. Cavidin qəhrəmanları müharibənin, qisasın, ehtirasın və mənəvi qarışıqlığın içərisində seçim etməyə məcbur olurlar. Beləcə, hər iki əsər göstərir ki, insanın taleyi onun başına gələn hadisələrdən daha çox həmin hadisələrə verdiyi cavabla müəyyənləşir.

"Faust"da kainat, "İblis"də tarix. 

Hötenin baxışında insan kainat qarşısında dayanır. Faust təbiətin, biliyin, zamanın, gözəlliyin və yaradılışın sirrini anlamaq istəyir. Onun sualı metafizikdir: insan dünyada nə üçün yaşayır və onun imkanlarının son sərhədi haradadır? Faustun axtarışı fərddən başlayıb kainata doğru genişlənir. Cavidin baxışında isə insan daha çox tarixin qarşısında dayanır. "İblis"də əsas sual budur: bəşəriyyət niyə özünü məhv edir? Niyə din mərhəmət gətirməli olduğu halda fanatizm vasitəsinə çevrilir? Niyə elm rifah yaratmalı olduğu halda silah istehsal edir? Niyə dövlət insanı qorumalı olduğu halda onu müharibəyə göndərir? "İblis"in axtarışı tarixdən başlayıb insanın daxilinə doğru dərinləşir. Höte kainatın içində insanın yerini axtarır. Cavid insanın içində tarixin qanlı səbəblərini axtarır. Hötedə insan sonsuzluğa can atan varlıqdır. Caviddə insan öz yaratdığı cəhənnəmdə yolunu itirən varlıqdır. Hər iki müəllif üçün insan tamamlanmış məxluq deyil. O, daim yaranan, dəyişən, yıxılan, qalxan, axtaran və özünü yenidən quran varlıqdır.

Bədii obrazların gücü. 

Nə üçün fəlsəfə kitablarında deyilən bir çox fikir unudulur, lakin Faust, Mefistofel, İblis, Arif və Qretxen kimi obrazlar əsrlərlə yaşayır? Çünki bədii obraz ideyanı canlı taleyə çevirir. "Şər insanın daxilindədir" fikri fəlsəfi hökm kimi söyləndikdə ağla təsir edir. Lakin həmin şər səhnədə danışanda, insanın qulağına pıçıldayanda, onun ehtirasını oyadanda, bir ailənin faciəsinə, bir insanın süqutuna və bir dünyanın müharibəsinə çevriləndə həm də ruha təsir göstərir. Ədəbiyyat düşüncəni hissə çevirir. Mefistofel yalnız şər ideyası deyil. Onun ironiyası, soyuqqanlılığı, insanı kiçiltmək bacarığı vardır. Faust yalnız axtarış ideyası deyil. Onun yorğunluğu, ümidsizliyi, ehtirası, günahı və peşmanlığı vardır. Cavidin İblisi yalnız müharibə simvolu deyil. O, insanlığın öz cinayətləri qarşısında qurduğu nəhəng bəraət mexanizmidir. Arif yalnız çaşqın ziyalı deyil. O, dünyada ədalət tapmadıqda öz daxilindəki işığı itirən insanın faciəsidir. Bədii obraz ona görə qüdrətlidir ki, oxucu onunla mübahisə etmir, onunla yaşayır. Oxucu Faustun yerinə özünü qoyur: mən həqiqət naminə nə qədər irəli gedə bilərdim? Qretxenin taleyinə baxır: mənim arzularım başqa bir insanın həyatına hansı qiymətə başa gəlir? Arifin sarsıntısını yaşayır: dünyadakı ədalətsizlik mənim inamımı məhv edə bilərmi? İblisin ittihamını eşidir: öz günahımı hansı görünməz qüvvənin üzərinə atıram? Ədəbi əsər cavab verməkdən daha çox insanın daxilində sual yaradır. Ölməz əsərlərin gücü də bundadır.

Faust və Arif bir obrazda. 

Əgər Faustla Arifi vahid bir bədii-fəlsəfi obrazda birləşdirsək, qarşımızda həqiqəti axtaran, lakin həm biliyin, həm də mənəvi ümidsizliyin sərhədində dayanan insan görünər. Bu insan dünyanın bütün kitablarını oxuyub, amma bir uşağın göz yaşının səbəbini anlaya bilməyib. O, kainatın qanunlarını öyrənib, lakin insanın niyə başqa insanı öldürdüyünü izah edə bilməyib. O, dinlər haqqında bilik qazanıb, amma din adından törədilən nifrəti görəndə sarsılıb. O, azadlıq haqqında danışıb, lakin azadlıq naminə başlayan müharibələrin yeni əsarətlər yaratdığını görüb. Onun bir tərəfində Faust dayanır: "Mən yaşamaq, bilmək, yaratmaq və sərhədləri aşmaq istəyirəm". Digər tərəfində Arif dayanır: "Mən bu dünyanın ədalətinə inanmaq istəyirəm, amma gördüklərim inamımı məhv edir". Bu birləşmiş obraz müasir insanın özüdür. Müasir insan Fausta bənzəyir, çünki texnologiya vasitəsilə dünyanın bütün sərhədlərini aşmaq istəyir. Müasir insan Arifə bənzəyir, çünki həmin tərəqqinin içərisində müharibə, yoxsulluq, tənhalıq və mənəvi boşluq görərək sarsılır. Onun qarşısında isə Mefistofel və İblisin birləşmiş kölgəsi dayanır. Bu kölgə ona deyir: "Bilik əldə et, amma vicdanı unut." "Dünyanı dəyiş, amma insanı düşünmə." "Qüdrətli ol, lakin mərhəmətli olma." "Qalib gəl, necə qalib gəldiyinin əhəmiyyəti yoxdur." "Günah et, sonra günahına böyük bir ideyanın adını ver." Müasir İblisin ən təhlükəli forması bu səsdir.

Mefistofel və İblis bir obrazda. 

Mefistofellə Cavidin İblisini vahid obrazda təsəvvür etsək, bu varlıq nə klassik şeytan görkəmində olar, nə də alovlar içərisində görünərdi. O, çox savadlı danışardı. Məntiqli görünərdi. İnsan hüquqlarından danışaraq müharibəni müdafiə edə bilərdi. Ədalətdən danışaraq qisası təbliğ edərdi. Dindən danışaraq nifrət yarada bilərdi. Vətənpərvərlikdən danışaraq özgə xalqların məhvini əsaslandırardı. Tərəqqidən danışaraq insanı mexanizmin əlavəsinə çevirərdi. Azadlıqdan danışaraq insanın şüurunu idarə edərdi. Bu birləşmiş İblis zorla deyil, anlayışları dəyişdirməklə hökm sürərdi. O, ölümə "zəruri itki", işğala "tarixi ədalət", yalana "informasiya siyasəti", qorxuya "ictimai təhlükəsizlik", tamaha "inkişaf", mənəvi boşluğa isə "müasir həyat" adı verərdi. Mefistofelin ironiyası ilə Cavidin İblisinin tarixi miqyası birləşəndə müasir şərin portreti yaranır. Bu şər mağarada yaşamır. O, tribunalarda, ekranlarda, kabinetlərdə və bəzən insanın öz daxili monoloqunda yaşayır.

Hüseyn Cavid və Hötenin ortaq düşüncəsi. 

Höte və Hüseyn Cavid fərqli dövrlərin, fərqli xalqların və fərqli mədəniyyətlərin sənətkarları olsalar da, onların insan haqqında əsas narahatlığı ortaqdır. Hər ikisi insanı sadəcə, günahsız qurban kimi göstərmir. Hər ikisi insanın daxilində xeyirlə şərin mübarizə apardığını qəbul edir. Hər ikisi şərin ağılsız deyil, ağıllı və cazibədar görünə biləcəyini göstərir. Hər ikisi insanı öz seçiminə görə məsuliyyət daşıyan varlıq kimi təqdim edir. Hər ikisi zahiri tərəqqinin mənəvi tərəqqi olmadan fəlakətə çevrilə biləcəyini hiss etdirir. Hər ikisi ümidsizliyin şərə aparan yollardan biri olduğunu göstərir. Hər ikisində insanın xilas ehtimalı tamamilə yox olmur. Lakin onların baxış istiqamətləri fərqlidir.

Höte insanın daim axtarmasını onun böyüklüyü hesab edir. Faust yanılır, günaha düşür, dağıdır, lakin hərəkətdədir. Onun ruhu donmur. Cavid isə insanın axtarışının mənəvi məsuliyyətdən ayrıldığı anda təhlükəli olduğunu göstərir. Arifin düşüncəsi onu xilas etmir, çünki düşüncə iradə və inamla birləşmir. Höte insanın fəaliyyətinə ümid edir. Cavid insanın vicdanını oyatmağa çalışır. Hötedə xilasın yolu sonsuz cəhddən keçir. Caviddə xilasın yolu insanın İblisi özündən kənarda deyil, öz daxilində tanımasından keçir. "Faust" və "İblis" ona görə yaşayır ki, bəşəri mövzuları əhatə edir. İnsan hələ də biliyin çoxluğu içərisində mənasızlıq yaşayır. İnsan hələ də sevgini məsuliyyətsiz ehtirasa çevirir. İnsan hələ də hakimiyyət naminə vicdanından imtina edir. İnsan hələ də öz günahına bəraət axtarır. Dövlətlər hələ də müharibəni uca ideyalarla əsaslandırırlar. Fanatizm hələ də müqəddəs sözlərin arxasında gizlənir. Texniki tərəqqi hələ də mənəvi tərəqqini qabaqlayır.

Müasir insanın əlində Hötenin dövründə təsəvvür belə edilməyən vasitələr vardır, lakin Faustun sualı yenə də cavabsızdır: bütün bunlar insana həqiqi məna verirmi? Müasir dövlətlər Cavidin dövründən daha güclü silahlara malikdirlər, lakin "İblis"in sualı yenə də qarşımızdadır: bu silahların arxasında kim dayanır - İblis, yoxsa insan? Əsərlər köhnəlmir, çünki insanın daxilindəki qarşıdurma köhnəlmir. Forma dəyişir, İblis dəyişmir. Müqavilənin kağızı dəyişir, Mefistofelin təklifi dəyişmir. Faust laboratoriyadan çıxıb texnologiya mərkəzinə keçir. Arif köhnə hücrədən çıxıb müasir şəhərin tənhalığına düşür. Mefistofel orta əsr libasını çıxarıb rasional məsləhətçi kimi danışır. İblis alovlu səhnədən enib insanın vicdanına yerləşir. Buna görə bu əsərlər yalnız klassik ədəbiyyat nümunələri deyil. Onlar insan ruhunun daim yenilənən diaqnozudur. Ədəbiyyatın qurduğu böyük məhkəmə - "Faust" və "İblis" oxucunu məhkəməyə çağırır. Lakin bu məhkəmədə hakim də, müttəhim də, şahid də insanın özüdür. Mefistofel insanı ittiham edir: sən ideallarından danışsan da, ehtiraslarının arxasınca gedirsən. Faust cavab verir: mən yanılıram, çünki axtarıram. İblis insanlığı ittiham edir: törətdiyiniz bütün cinayətləri mənim adıma yazırsınız. Arif cavab verə bilmir, çünki öz daxilində həqiqətlə ümidsizlik arasında parçalanır. Qretxen öz əzabı ilə göstərir ki, böyük ideyaların qiymətini çox vaxt günahsız insanlar ödəyirlər. Bu məhkəmənin hökmü əvvəlcədən yazılmayıb. Hər yeni oxucu hökmü yenidən verməlidir. Məhz buna görə böyük ədəbiyyat insanı rahatlaşdırmır.

Höte İblisi insanın qarşısına çıxardı, Hüseyn Cavid isə göstərdi ki, İblis artıq insanın içində yaşayır. Mefistofel bir insanı sınağa çəkir, Cavidin İblisi isə bütöv bəşəriyyətin taleyini yönləndirən şərin simvoluna çevrilir. Buna görə "Faust" insan haqqında yazılmış əsərdirsə, "İblis" insanlığın taleyi haqqında yazılmış faciədir. Höte insanın daxilindəki şəri görmək üçün "Faustun İblisi"ni yaratdı. Hüseyn Cavid isə göstərdi ki, İblis artıq insanın daxilindən çıxaraq dövlətlərin, müharibələrin, ideologiyaların və bütöv bəşəriyyət tarixinin taleyini idarə edən simvola çevrilmişdir. Höte insanın İblisini göstərdi. Hüseyn Cavid isə bəşəriyyətin İblisini yaratdı.

Əgər bir gün dünya bütün müharibələri dayandırsa, bütün silahlar sussa, bütün sərhədlər açıq olsa belə, "Faust" və "İblis" yenə yaşayacaq. Çünki bu əsərlər dövlətlər haqqında deyil, insan haqqında yazılmışdır. İnsan isə hələ də öz daxilində işıqla kölgənin, vicdanla ehtirasın, həqiqətlə yalanın sonsuz mübarizəsini yaşayır. Bəşəriyyətin ən böyük məhkəməsi tarixdə deyil, insanın qəlbində qurulur. Höte də bunu gördü, Hüseyn Cavid də. Biri həmin məhkəməyə bir insanı gətirdi, digəri isə bütün bəşəriyyəti.

İblis heç vaxt təkcə mifoloji varlıq olmayıb. O, insanın vicdanı susanda danışan səsdir. Höte həmin səsi bir insanın taleyində eşitdi. Hüseyn Cavid isə həmin səsin bütöv bəşəriyyətin tarixinə çevrildiyini gördü. Məhz buna görə "Faust" və "İblis" bu gün də insanı öz vicdanı ilə üz-üzə qoyur.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

 

 

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

“Hərbçilərimizin portreti” rubrikasında bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Babək Mürsəl oğlu Ələkbərovun portreti ilə tanış olacaqsınız.

 

Azərbaycanın müasir hərb tarixi yalnız qalibiyyətlərlə deyil, bu qalibiyyətləri döyüş meydanında yazan fədakar, peşəkar və cəsur zabitlərin adı ilə zəngindir. Sərhədlərimizin keçilməz qatına çevrilən, düşmənə göz dağı verən və 44 günlük Vətən Müharibəsində misilsiz rəşadəti ilə seçilən belə sərkərdələrdən biri dəBabək Ələkbərovdur.

 

Kökündən gələn vətən sevgisi və hərbi yolun başlanğıcı

Babək Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya göz açıb. Onun soykökü tarixi Qərbi Azərbaycan torpaqlarına dayanır; atası Mürsəl müəllim Hamamlı (Spitak) rayonunun Saral kəndindən, anası isə Kalinino (Təşir) rayonunun Molla Eyyublu kəndindəndir. Uşaqlıq illərindən hərbi formaya, nizam-intizama və Vətən müdafiəsinə böyük həvəs göstərən Babək, hələ gənc yaşlarında taleyini orduya bağlamaq qərarına gəlib.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey (2003–2006): Zabitlik yolunun ilk addımlarını burada ataraq hərbin incəliklərini öyrənib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası (2006–2010): Sərhəd Qoşunları fakültəsini müvəffəqiyyətlə bitirərək "leytenant" rütbəsi ilə zabitlik fəaliyyətinə başlayıb.

Təhsilini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin ən elitar strukturlarından sayılan Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul olunan Babək Ələkbərov, yüksək fiziki hazırlığı, cəsarəti və idarəetmə qabiliyyəti ilə qısa müddətdə komandirlərin ehtimadını qazanıb.

 

Vətən müharibəsi: Xudafərin və Zəngilan zəfərinin yanar çəşəli

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi Babək Ələkbərovun hərbi peşəkarlığının və sərkərdəlik bacarığının ən parlaq şəkildə üzə çıxdığı sınaq meydanı oldu. DSX-nin xüsusi təyinatlı qüvvələrinin rəhbər heyətində yer alan polkovnik-leytenant Babək Ələkbərov Arazboyu əməliyyatların ən qaynar nöqtələrində — Cəbrayıl və Zəngilan istiqamətlərində birbaşa döyüşlərə rəhbərlik edib.

Düşmənin illərlə qurduğu mühəndis-istehkam xətlərinin yarılmasında, strateji yüksəkliklərin azad olunmasında onun xüsusi təyinatlıları misilsiz cəsarət göstərib. Babək Ələkbərovun döyüş salnaməsinin zəfər zirvəsi isa iki tarixi hadisə ilə rəmzləşib:

Xudafərin Körpüsü: Əsrlər boyu mənəvi bütövlüyümüzün rəmzi olan Xudafərin körpüsünün işğaldan azad edilməsi əməliyyatına rəhbərlik edib və bu müqəddəs mekanda Azərbaycan bayrağını dalğalandırıb.

Zəngilan Şəhəri: Zəngilanın düşmən tapdağından təmizlənməsi əməliyyatını uğurla tamamladıqdan sonra, birbaşa döyüş meydanından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə tarixi məruzəni təqdim edib.

 

Ən gənc general və tarixi rütbələr

Müharibədəki misilsiz qəhrəmanlığı dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

 DSX Çevik Hərəkət Qüvvələrinin Komandanı (2023): 2023-cü ilin iyun ayında bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunub.

Azərbaycanın Ən Gənc Generalı (2023): 17 avqust 2023-cü il tarixində 35 yaşında "general-mayor" ali hərbi rütbəsinə layiq görülərək Silahlı Qüvvələrimizin ən gənc generalı ünvanını qazanıb.

General-Leytenant Zirvəsi (2026): Pəşəkar xidməti, yüksək təşkilatçılığı və ordunun güclənməsindəki xidmətlərinə görə 17 avqust 2026-cı il tarixində Ölkə Başçısının Sərəncamı ilə növbəti ali hərbi rütbəyə — "general-leytenant" rütbəsinə yüksəlib.

Qəhrəman generalımız müxtəlif illərdə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Heydər Əliyevin 100 illiyi" medalları ilə təltif edilib.

Ailəlidir, 3 övlad atasıdır. General-leytenant Babək Ələkbərovun keçdiyi şərəfli ömür və xidmət yolu bu gün gənc əsgər və zabitlərimiz üçün əsl vətənpərvərlik, mərdlik və dövlətə sədaqət məktəbidir.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın XX əsr tarixi həm böyük mədəni intibah, həm də sovet bolşevik rejiminin amansız repressiyaları və mədəni-dini soyqırımları ilə yadda qalmışdır. Bu tarixin ən ağrılı səhifələrindən biri, Şərq memarlığının nadir incilərindən sayılan Bibiheybət məscidinin 1936-cı ildə partladılaraq tamamilə məhv edilməsidir. Tanınmış jurnalist və araşdırmaçı Müsəllim Həsənovun sənədli arxiv materialları üzərindən apardığı dərin araşdırmalar bu tarixi cinayətin pərdəarxası məqamlarına işıq salır, eyni zamanda müstəqillik illərində ucaldılan yeni bina Azərbaycanın mənəvi dirçəliş rəmzinə çevrilir.

 

Bibiheybət Məscidinin tarixi və dağıdılma xronikası

Bibiheybət məscidi XIII əsrin ikinci yarısında (1281–1282-ci illərdə) Şirvanşah II Fərruxzad tərəfindən məşhur memar Mahmud ibn Sədə inşa etdirilmişdi. İslam dünyasında mühüm müqəddəs məkanlardan biri olan bu kompleksdə Məhəmməd peyğəmbərin soyundan gələn Həkimə xanımın qəbiri və qədim minarələr yerləşirdi.

1930-cu illərdə SSRİ miqyasında başlayan "militan ateizm" və dinə qarşı mübarizə kampaniyası çərçivəsində Bakının bu incisi hədəfə alındı:

 

Dağıdılma əmri:

1936-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi Mir Cəfər Bağırovun birbaşa göstərişi ilə abidənin sökülməsi sərəncamı verilir.

Partlayışlar:

Həmin ilin sentyabr ayında rəsmi qərarla abidə kompleksinə partlayıcılar yerləşdirilir. Sənədli kadrlara əsasən, divarlar birinci partlayışda uçsa da, qədim minarə yalnız üçüncü partlayışdan sonra yerlə-yeksan olur.

Tarixin paradoksu (sürgün):

Məscid tamamilə dağıdıldıqdan dərhal sonra Moskvadan tarixi memarlıq abidələrinin qorunması haqqında yeni fərman gəlir. Bakıdakı söküntüyə görə işə rəhbərlik edən Azkomstaris (Abidələrin Mühafizəsi Komitəsi) sədri Salamov günahkar elan edilərək 20 il müddətinə Sibirə sürgün edilir. Ziyarətgahın yerindən isə sovet dövründə şose yolu salınır.

 

Müsəllim Həsənovun şərhləri və arxiv iftixarı

Jurnalist və ssenarist Müsəllim Həsənovun bədii-sənədli layihələrdə və sosial şəbəkələrdə geniş əks-səda doğuran videoşərhlərində bu mövzu subyektiv mülahizələrlə deyil, birbaşa təkzibolunmaz sənədlərlə sübuta yetirilir.

Müəllif öz tədqiqatında dövlət sənədlərinə istinad edərək bolşevik rəhbərliyinin gizli yazışmalarını və qərarlarını ifşa etmişdir. Onun sovet dövrünə aid vizual xronikaları və tarixi şərhləri, totalitar rejimin Azərbaycanın həm mənəviyyatına, həm də maddi-mədəni irsinə vurduğu ağır zərbələri gənc nəslə çatdırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir.

 

Yenidən doğuş: məscidin bərpası və genişləndirilməsi

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dini-mənəvi dəyərlərin dirçəldilməsi çərçivəsində Bibiheybət ziyarətgahının yenidən tikilməsi dövlət səviyyəsində əsas hədəflərdən birinə çevrildi.

1.    Sərəncam və Elmi Bərpa (1994-1997):

1994-cü ildə Ümummilli Lider Heydər Əliyev məscidin qədim yerində yenidən ucaldılması haqqında sərəncam imzaladı. Kompleksin orijinal planı və ölçüləri təsadüfən qorunmuş sənədlər, partlayışdan az əvvəl çəkilmiş fotolar və tarixi qeydlər əsasında santimetrinə qədər bərpa edildi.

2.    Bünövrə və İlk Açılış (1997-1998):

1997-ci il iyulun 23-də (Məhəmməd Peyğəmbərin mövludu günündə) Heydər Əliyevin iştirakı ilə yeni binanın bünövrəsi qoyuldu. Düz bir il sonra, 12 iyul 1998-ci ildə məscidin əsas hissəsinin təntənəli açılışı baş tutdu.

3.    Müasir Kompleksin Qurulması (2005-2008):

 Prezident İlham Əliyevin 2005-ci il sərəncamına əsasən ziyarətgahın ərazisi xeyli genişləndirildi, təbii fəlakət risklərinə karşı bərkidilmə işləri aparıldı və yeni salonlar inşa edildi. 12 iyul 2008-ci ildə yenidən qurulmuş nəhəng, klassik Şirvan memarlıq məktəbi üslubunda hazırlanan möhtəşəm Bibiheybət məscid-ziyarətgah kompleksi dindarların istifadəsinə verildi.

 

Tədqiqatçı-jurnalist Müsəllim Həsənov kimdir?

Müsəllim Qaman oğlu Həsənov 22 dekabr 1958-ci ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Peşəkar fəaliyyəti:

O, uzun illər respublika mətbuatında redaktor və şöbə müdiri vəzifələrində çalışıb, həmçinin dövlət qurumlarının mətbuat xidmətlərində fəaliyyət göstərib. Göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Kino və TV yaradıcılığı:

Müsəllim Həsənov sənədli kino sahəsində Azərbaycanın ən güclü ssenarist və araşdırmaçılarından biridir. O, yerli televiziya kanallarında tarixi silsilələrin müəllifi olmuş, "Son iclas" bədii-sənədli filminin ssenarisini yazmışdır. Bundan əlavə, "63-ün tutqun payızı", "106 nömrəli avtobusda partlayış", "Əbədi ezamiyyət" sənədli filmlərinin və "Qara bağ" sənədli serial layihəsinin müəllifidir.

Kitabları:

Müəllif həmçinin mühacirət tariximizə aid tədqiqat əsərlərinin və publisistik kitabların müəllifidir.

 

Məhz Müsəllim Həsənov kimi peşəkar araşdırmaçıların qorunub saxlanmış arxiv sənədlərinə əsaslanan ssenariləri və şərhləri sayəsində, 1936-cı ildə dağıdılan Bibiheybət məscidi kimi abidələrin real tarixi təhrif olunmadan gələcək nəsillərə ötürülür.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Çərşənbə axşamı, 18 Avqust 2026 14:32

Sükutdan sonra insan özünə qayıdır

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Bəzən insan həyatının ən uzun söhbətini heç kimlə deyil, özü ilə edir. Bu söhbətdə nə şahid olur, nə də cavab gözləyən başqa biri. Qarşında yalnız özün dayanırsan. Güzgüdə gördüyün üz illər əvvəlki üz deyil. Gözlərdə yaşanmış günlərin izi, səsində deyilməmiş sözlərin ağırlığı, ürəyində isə heç kimin bilmədiyi yaralar var.

 

İnsan özündən soruşur: “Həyat sənə nə verdi?”

Bəlkə də ilk cavabımız sevinc, uğur, ailə, dostlar, xatirələr olar. Amma həyatın bizə verdiklərini sadaladıqca anlayırıq ki, ən böyük qazancımız sahib olduqlarımız deyil, keçdiklərimizdir. Çünki insanı böyüdən həmişə xoşbəxt günlər olmur. Bəzən bir itki, bir xəyanət, bir ayrılıq, bir gözləmə, bir gecə boyu axan göz yaşları insanı illərlə verə bilmədiyi qədər dəyişdirir.

Sonra başqa bir sual gəlir:

“Bəs yaraların səndən nə aldı?”

İnsan burada bir müddət susur.

Çünki bəzi yaralar bizdən sadəlövhlüyümüzü alır. İnsanlara əvvəlki kimi inanmağı, hər gülüşün arxasında səmimiyyət axtarmağı, hər “yanındayam” sözünə inanmağı öyrədir. Bir vaxtlar ürəyimizi açaraq girdiyimiz qapıları sonralar ehtiyatla döyürük. Çünki bilirik: hər açılan qapının arxasında bizi gözləyən mərhəmət olmaya bilər.

 

Amma yaraların bizdən aldıqları qədər bizə verdikləri də olur.

 

Onlar bizə sərhəd qoymağı öyrədir. Kimin həqiqətən yanımızda, kimin isə yalnız yaxşı günlərimizin qonağı olduğunu göstərir. İnsan bir dəfə dərin yaralanandan sonra artıq hər ağrını əvvəlki kimi yaşamır. Ağrının içindən keçmiş insan ağrının dilini öyrənir.

Bəlkə də insanın həyatdakı ən böyük dönüş nöqtəsi “Mən artıq heç nədən qorxmuram” dediyi andır.

Çünki insan ən böyük qorxularını yaşadıqdan sonra bir çox şey əvvəlki əhəmiyyətini itirir. İtirməkdən qorxduğu insanları itirib, dağılmaqdan qorxduğu halda dağılıb, tək qalmaqdan qorxduğu halda tək qalıb və yenə də səhər açılıb. Həyat davam edib. Günəş yenə doğub. Küçələr yenə insanlarla dolub. Çay yenə qaynadılıb. Dünya isə sənin ürəyinin həmin gecə necə parçalandığını bilmədən öz işinə davam edib.

 

Onda anlayırsan ki, insan düşündüyündən daha güclüdür.

 

Bəzən biz öz gücümüzü yalnız yıxıldıqdan sonra tanıyırıq. Ayaqda olduğumuz zaman özümüzü güclü hesab edirik. Əsl güc isə dizlərimizin yerə dəydiyi anda yenidən qalxa bilməyimizdir.

Bəs bütün bunlardan sonra insan nə istəyir?

Əslində cavab çox sadədir: sakitlik.

Nə böyük sərvət, nə hamının sevgisi, nə də bütün dünyaya özünü sübut etmək arzusu. Sadəcə sakitlik...

Elə bir sakitlik ki, vicdanın səninlə danışa bilsin, dünya bir müddət susa bilsin. Heç kimə özünü izah etmək məcburiyyətində qalmadığın, kiminsə səni yanlış anlamasından qorxmadığın, keçmişin qapını döymədiyi bir sakitlik.

Çünki müəyyən yaşdan sonra insanın ən böyük ehtiyacı səs-küydən uzaqlaşmaq deyil, daxilindəki səs-küyü susdurmaq olur.

İnsan bir gün anlayır ki, hamıya cavab vermək məcburiyyətində deyil. Hər haqsızlığa qarşı özünü müdafiə etməli deyil. Hər gedənin arxasınca qaçmaq lazım deyil. Bəzi insanları həyatımızdan çıxarmaq məğlubiyyət deyil, özümüzə göstərdiyimiz hörmətdir.

Sonra insan özünə daha bir sual verir:

 

“Bu gün yenidən həyata başlasaydın, nəyi dəyişərdin?”

 

Və qəribədir, cavab bəzən “heç nə” olur.

Çünki yaşadığımız hər yanlışın bizi bu günkü insana çevirdiyini anlayırıq. Kaş demədiyimiz sözləri desəydik, kaş bəzi insanlara daha az inansaydıq, kaş bəzi ayrılıqları bu qədər ağır yaşamazdıq, kaş özümüzü başqalarının sevgisində bu qədər axtarmasaydıq...

 

Amma keçmiş dəyişmir.

 

Bəlkə də həyatın ən böyük müdrikliyi budur: insan keçmişini dəyişə bilmədiyini qəbul etdiyi gün onun əsiri olmaqdan çıxır.

Məni böyüdən sevinclərim olmadı, deyə bilər insan. Məni böyüdən hər dəfə qırıldıqdan sonra yenidən ayağa qalxmağım oldu. Hər məğlubiyyətdən sonra içimdə yenidən doğulan ümid oldu. Hər itkidən sonra özümü yenidən toplamağım oldu.

 

Çünki insanı yaşadığı illər deyil, o illərin içindən necə keçdiyi böyüdür.

 

Bəzən insanın içində bir uşaq qalır. Hələ də sevilmək, anlaşılmaq, qorunmaq istəyən bir uşaq. Böyüyürük, amma o uşağın bəzi arzuları dəyişmir. Sadəcə onları dilə gətirməyi dayandırırıq.

Və bir gün anlayırıq ki, illər boyu başqalarından gözlədiyimiz mərhəməti özümüzə göstərməliyik. Özümüzü bağışlamalı, özümüzü günahlandırmağı dayandırmalı, keçmişdə etdiyimiz səhvlərə görə özümüzü ömürlük cəzalandırmamalıyıq.

 

İnsan özünə də mərhəmət etməlidir.

 

Çünki həyat onsuz da kifayət qədər ağırdır. İnsan öz çiyninə bir də özünün yükünü qoymamalıdır.

Bəlkə də bütün sualların sonunda ən doğru cavab sükutdur.

Çünki bəzən insanın deyəcəyi son söz olmur.

Sadəcə susur.

Amma bu sükut məğlubiyyət deyil. Bu, hər şeyi anlayandan sonra gələn sükutdur. Daha heç kimə heç nə sübut etmək istəməyən, keçmişlə mübahisə etməyən, gələcəyi məcbur etməyən bir insanın sükutu...

 

O sükutda insan ilk dəfə özünü eşidir.

 

Və bəlkə də həyatın bizə verdiyi ən böyük dərs budur: insan hər şeyi itirə bilər, amma özünə qayıtmaq üçün həmişə bir yol tapmalıdır.

Çünki həyat bizi neçə dəfə sındırırsa-sındırsın, sonuncu qərarı yenə biz veririk:

Ya qırıldığımız yerdə qalırıq, ya da parçalarımızı bir-birinə calayıb yenidən özümüzü qururuq.

Məncə, insanın əsl hekayəsi də elə burada başlayır.

Sükutdan sonra.

Özünə qayıtdığı yerdə.

Heç kimə demədən, heç kimdən gözləmədən, sadəcə ürəyinin içindən keçən bir cümlə ilə:

“Bütün bunlara baxmayaraq, mən hələ buradayam.”

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Çərşənbə axşamı, 18 Avqust 2026 08:50

Doğum gününüz mübarək, ölümsüzlər!

Vətən müharibəsinin igid cəngavəri:Şəhid Baş Gizir Elvin Ömərov

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və 30 illik işğala son qoyulması ilə nəticələn Vətən müharibəsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm Zəfəri bizə bəxş edən, canını Vətən torpağına fəda edən igidlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, iki müharibənin iştirakçısı Elvin Xeybər oğlu Ömərovdur.

 

Həyatı və hərbi xidmətə başlaması

Doğum tarixi və yeri: Elvin Ömərov 18 avqust 1991-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində ziyalı və zəhmətkeş bir ailədə anadan olmuşdur.

Təhsili və ilk xidmət:  Orta təhsilini doğulduğu Qarasu kəndində başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Vətənə, hərb sənətinə olan sonsuz sevgisi onu xidmətini peşəkar olaraq davam etdirməyə sövq etdi. Səfərbərlik kurslarını uğurla keçərək "gizir" hərbi rütbəsini almış və Azərbaycan Ordusunun sıralarında ön cəbhə bölmələrində nümunəvi xidmətə başlamışdır. O, nizam-intizamı, cəsurluğu və yüksək döyüş hazırlığı sayəsində "Baş gizir" rütbəsinə qədər yüksəlmişdir.

 

İki müharibənin qəhrəmanı: Aprel döyüşlərindən Vətən müharibəsinə

Elvin Ömərov sadəcə 2020-ci il deyil, həm də ondan əvvəlki irimiqyaslı hərbi toqquşmalarda rəşadət göstərmiş təcrübəli bir hərbçi idi.

2016-cı il Aprel döyüşləri:

2016-cı il aprelin 2-dən 5-nə qədər cəbhə xəttində baş verən şiddətli döyüşlərdə fəal iştirak etmiş, erməni təxribatlarının qarşısının alınmasında və strateji yüksəkliklərin azad edilməsində igidlik göstərmişdir.

-Vətən Müharibəsi:

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları başladığı ilk gündən Elvin ön cəbhədə yer aldı. O, tabeliyindəki şəxsi heyətlə birlikdə düşmənin illərlə qurduğu müdafiə xətlərinin yarılmasında şəxsi şücaət nümayiş etdirdi.

Döyüş yolu: 

Baş gizir Füzuli rayonunun və Strateji əhəmiyyətli Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən ən ağır, qanlı döyüşlərin birbaşa iştirakçısı və idarəedicilərindən olmuşdur.

 

Əbədiyyətə qovuşması

Hadrut qəsəbəsi ətrafındakı meşəlik və dağlıq ərazilərdə düşmən qüvvələrinin tam təmizlənməsi üçün keçirilən əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən 10 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Bəzi mənbələrdə nəşinin döyüş meydanından çıxarılması və ya rəsmi qeydiyyat tarixi 13 oktyabr olaraq da keçir.

Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonunun Qarasu kənd qəbiristanlığında böyük izdiham və hərbi ehtiramla torpağa tapşırılmışdır.

 

Dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyinə görə Baş gizir Elvin Xeybər oğlu Ömərov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə aşağıdakı medallarla təltif olunmuşdur:

"Vətən uğrunda" medalı

"Cəsur döyüşçü" medalı

"Füzulinin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

 

Elvin Ömərov kimi canını fəda edən qəhrəmanların sayəsində bu gün Qarabağ azaddır və üçrəngli bayrağımız xilaskar ordumuzun qanı baha başa gələn torpaqlarda qürurla dalğalanır. Məkanı cənnət, ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

73 -dən səhifə 3114

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.