Super User
“Bir dəfə Amerika”nın Robert De Nirosu
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hollivudaktyorlarındanbütünzamanlardadünyadaən çox sevilən bəlkə də Robert De Nirodur. “Bir dəfə Amerika” qanqster filmi ilə parlayan aktyor sənətdə mükəmməlliyin parlaq nümunəsidir.
Robert De Niro dünya kinosunun ən nüfuzlu və təsirli aktyorlarından biri hesab edilir. Xüsusilə “Taxi Driver”, “Raging Bull”, “The Godfather Part II”, “Goodfellas”, “Casino”, “Heat” və “The Irishman” kimi filmlərdə yaratdığı obrazlarla tanınır. O, aktyor olmaqla yanaşı, prodüser və rejissor kimi də fəaliyyət göstərib.
Robert Anthony De Niro Jr. 17 avqust 1943-cü ildə Nyu-York şəhərinin Manhetten ərazisində anadan olub. Atası Robert De Niro Sr. rəssam, anası Virginia Admiral isə rəssam və şair idi. De Niro sənət mühiti ilə əhatə olunmuş ailədə böyüyüb. Atasının tərəfdən italyan mənşəyi ilə yanaşı, irland, ingilis, holland, alman və fransız kökləri də var.
Uşaqlıqdan aktyorluğa maraq göstərən De Niro gənc yaşlarında teatr sənətinə yönəlib. O, Stella Adler Conservatory və American Workshop kimi aktyorluq məktəblərində təhsil alıb. Onun aktyor kimi formalaşmasında teatr təhsili və xarakter üzərində ciddi işləmək üsulu mühüm rol oynayıb.
De Niro ilk dövrlərdə kiçik rollarda çıxış edib. Onun karyerasında 1973-cü il xüsusi əhəmiyyət daşıyıb. Həmin il “Bang the Drum Slowly” filmi ilə daha geniş auditoriyanın diqqətini çəkib. Eyni zamanda Martin Scorsese ilə ilk dəfə “Mean Streets” (1973) filmində işləməsi onun karyerasında dönüş nöqtəsi olub. De Niro ilə Scorsese arasında yaranan əməkdaşlıq sonrakı onilliklər ərzində kino tarixinin ən məşhur rejissor-aktyor tərəfdaşlıqlarından birinə çevrilib.
De Nironun böyük beynəlxalq uğurlarından biri “The Godfather Part II” (1974) filmi olub. O, filmdə gənc Vito Corleone obrazını canlandırıb. Maraqlıdır ki, obrazın yaşlı versiyasını Marlon Brando yaradıb. De Niro Vito Corleoneni sadəcə mafiya başçısı kimi deyil, onun keçmişini, ailəsini, qorxularını və hakimiyyətə yüksəlişini göstərən mürəkkəb xarakter kimi təqdim edib. Bu rol ona Ən yaxşı ikinci plan aktyoru nominasiyasında Oskar qazandırıb. Beləliklə, De Niro “The Godfather” dünyasının ən mühüm aktyorlarından birinə çevrilib.
“Taxi Driver” (1976) De Nironun yaradıcılığında ən mühüm filmlərdən biridir. Martin Scorsesenin çəkdiyi filmdə De Niro Travis Bickle adlı taksi sürücüsünü canlandırıb. Travis cəmiyyətdən uzaqlaşmış, tənha, psixoloji baxımdan getdikcə daha çox gərginləşən bir insandır. De Niro bu obrazın daxili dünyasını əsasən mimika, susqunluq, baxış və bədən dili ilə göstərib. Film De Nironun aktyorluq üslubunun ən parlaq nümunələrindən hesab olunur. O, bu roluna görə Ən yaxşı aktyor Oskarına namizəd olub. “Taxi Driver” həmçinin onun Martin Scorsese ilə əməkdaşlığını daha da möhkəmləndirib.
De Nironun aktyor kimi zirvələrindən biri “Raging Bull” (1980) filmidir. Filmdə o, real həyatda yaşamış boksçu Jake LaMotta obrazını canlandırıb. Bu rol üçün De Niro obrazın fiziki və psixoloji dünyasına son dərəcə ciddi hazırlaşıb. Filmdə LaMottanın gənc, atletik dövründən sonrakı kökəlmiş yaşlarına keçidi göstərilib. De Nironun aktyorluğu o qədər güclü idi ki, Jake LaMottanın qəzəbi, qısqanclığı, özünəinamı, zorakılığı və daxili tənhalığı tamaşaçıya çox real görünüb. Nəticədə De Niro 1981-ci ildə “Raging Bull” filmi ilə Ən yaxşı aktyor Oskarını qazanıb. Bu rol onun karyerasının simvollarından birinə çevrilib.
Robert De Niro ilə Martin Scorsese əməkdaşlığı kino tarixində xüsusi yer tutur.
Onların birlikdə işlədiyi əsas filmlər:
Mean Streets (1973)
Taxi Driver (1976)
Raging Bull (1980)
The King of Comedy (1982)
Goodfellas (1990)
Cape Fear (1991)
Casino (1995)
The Irishman (2019)
Killers of the Flower Moon (2023)
Bu əməkdaşlığın maraqlı tərəfi odur ki, De Niro Scorsesenin filmlərində çox vaxt cəmiyyətin qaranlıq tərəfləri ilə üz-üzə qalan mürəkkəb, ziddiyyətli və bəzən təhlükəli insanları canlandırıb.
“Goodfellas” (1990) mafiya mövzusunda çəkilmiş ən məşhur filmlərdən biridir. De Niro burada Jimmy Conway obrazını canlandırıb. Jimmy ağıllı, soyuqqanlı və təhlükəli kriminal fiqurdur. De Niro obrazı çox böyük emosional nümayişlə deyil, daha çox sakit davranış, baxış və təmkin vasitəsilə qurur. Filmdə onunla birlikdə Ray Liotta və Joe Pesci də baş rollarda çıxış ediblər.
“Cape Fear” (1991) De Nironun ən qorxulu obrazlarından birini yaratdığı filmlərdəndir. O, Max Cady adlı təhlükəli və intiqam hissi ilə yaşayan məhbusu canlandırıb. Bu rol De Nironun fiziki transformasiya və psixoloji hazırlıq baxımından diqqət çəkən işlərindən biridir. O, bu filmlə Ən yaxşı aktyor Oskarına namizəd olub.
“Casino” (1995) De Niro və Scorsese əməkdaşlığının digər mühüm nümunəsidir. De Niro burada Sam “Ace” Rothstein obrazını yaradıb. Obraz Las-Veqas kazino dünyasının idarə olunmasında iştirak edən ağıllı və hesablayan bir insandır. Filmdə De Niro ilə yanaşı Joe Pesci və Sharon Stone da mühüm rollarda çıxış edirlər.
“Heat” (1995) De Nironun ən məşhur filmlərindən biridir. Filmdə o, peşəkar oğru Neil McCauley rolunu oynayıb. Filmin digər əsas ulduzu isə Al Pacinodur. De Niro və Pacino əvvəllər “The Godfather Part II” filmində eyni filmdə görünüblər, lakin onların “Heat” filmindəki qarşılaşmaları tamaşaçı üçün xüsusi hadisəyə çevrilib. Filmin ən məşhur səhnələrindən biri iki obrazın kafedə qarşı-qarşıya oturub danışdığı səhnədir. Burada əsas maraq silah və aksiyadan daha çox iki güclü xarakterin psixoloji qarşıdurmasıdır.
De Niro yalnız ağır dramatik və kriminal rollarla məhdudlaşmayıb. O, komediya janrında da uğur qazanıb.
Əsas nümunələr:
Analyze This (1999)
Meet the Parents (2000)
Meet the Fockers (2004)
The Intern (2015)
Dirty Grandpa (2016)
Xüsusilə “Meet the Parents” filmindəki Jack Byrnes obrazı De Nironun daha yumoristik tərəfini nümayiş etdirib. Bu filmlərlə o, özünü yalnız ciddi dram aktyoru kimi deyil, komediya janrında da uğurlu aktyor kimi təsdiqlədi.
De Nironun karyerası yalnız Oskarlarla məhdudlaşmır.
O, müxtəlif illərdə çoxsaylı mükafat və fəxri təltiflər alıb. IMDb-nin məlumatına görə onun 69 qələbəsi və 178 nominasiyası qeyd olunur.
Əhəmiyyətli təltiflərindən bəziləri:
- 2 Akademiya Mükafatı (Oskar)
- AFI Life Achievement Award – 2003
- Golden Globe Cecil B. DeMille Award – 2010/2011 təqdimatı
- Cannes Film Festival – 2025 Honorary Palme d'Or
2025-ci ildə Kann Film Festivalı De Niroya fəxri “Qızıl Palma budağı” təqdim edib.
Robert De Niro sadəcə çoxlu filmdə çəkilmiş aktyor deyil. Onun əsas əhəmiyyəti XX əsrin ikinci yarısında aktyorluq sənətinin inkişafına böyük təsir göstərməsindədir. O, xüsusilə 1970–1980-ci illərdə Hollivudda aktyor anlayışının dəyişməsinə kömək edən sənətçilərdən biri olub.
Onun Travis Bickle, Jake LaMotta və Vito Corleone kimi obrazları kino tarixinin yaddaşında qalıb. De Nironun yaradıcılığını üç əsas sözlə ifadə etmək olar:
Psixologiya — transformasiya — realizm.
Onun ən böyük gücü isə bəlkə də budur: obrazı oynamaq yox, obrazın özünə çevrilmək. Bu səbəbdən Robert De Niro Al Pacino, Jack Nicholson, Dustin Hoffman, Daniel Day-Lewis və Marlon Brando kimi aktyorlarla birlikdə Amerika kino aktyorluğunun ən böyük simalarından biri hesab olunur.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Sinəmiz nişan yeridir – Sakit İlkinin şeirləri
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam dəyərli, "Ədəbiyyat və İncəsənət" portalının poeziyasevər izləyiciləri, bu gün də Ruhun pıçıltısı rubrikasında görüşünüzə Sizi düşündürən, ruhunuzu sərxoş edən, qəlbinizə məlhəm olan şeirlərlə gəlmişik.
Beləliklə, qonağımız-dəyərli Sakit İlkin poeziyasından gözəl şeirləri Sizə təqdim edirik.
AZƏRBAYCAN BAYRAĞI
İlham alır varlığım şöhrətindən, şanından..
Uğrunda gör nə qədər igid keçmiş canından...
Rənginə rəng qatmısan şəhidlərin qanınnan...
Dostlarına məlhəmsən,düşməninə göz dağı...
AZƏRBAYCAN BAYRAĞI!!!
Baxma gündüzdür, gecə, hər anımda dalğalan
Yaralıyam, ya sağam, hər halımda dalğalan...
Göyçəmdə, Dərbəndimdə, Borçalımda dalğalan
Zirvəsində gözləyir səni SAVALAN DAĞI...
AZƏRBAYCAN BAYRAĞI...
Çox sevir səni Laçın, Kəlbəcər, Şuşa, Ağdam
Füzuliynən Qubadlım, Xocalıynan Zəngilan
Xankəndim,Xocavəndim, Cəbrayılım..bağrı qan...
Başım üstə dalğalanan, dolanaq QARABAĞI...
AZƏRBAYCAN BAYRAĞI...
Canım sevgilim VƏTƏN, yarana qurban sənin...
Yad əlində utanan qalana qurban sənin
Neçə şəhid balan var....balana qurban sənin
Dalğalan QARABAĞDA...dəhşətə gəlsin yağı..
AZƏRBAYCAN BAYRAĞI...
****
Payız doğulmuşam, xəzəllər ayı...
Aparıb çıxardı yaz hara, məni?
Ay mələk donunda gələn əzrayıl,
Hara aparırsan, yaz, hara məni?
Baş-başa qoymuşam dərd ilə dərdi,
Çox gözlər gözünü dərdə zillədi....
İçimdə gülərüz dərd əzizlədim,
Saldı əziz dərdim azara, məni...
Öləndə göz yaşı tökərmi barı,
Güneyin gülləri, quzeyin qarı?
Sizi çox sevirəm el adamları,
Necə qoyacağsız məzara, məni?
***
Sinəmiz nişan yeridir,
Sancılan nizə ağlayır...
Sağkən bizi ağladanlar,
Öləndə bizə ağlayır?!
Mənimləydi tuş, neçəsi
Adıma qoy quş, keçəsi...
Uzun olur qış gecəsi,
Gecə gündüzə ağlayır.
Vətən həm sizin, həm bizim,
Sürünürük dizin, dizin...
Anası ölsün bu düzün,
Əyrilər düzə ağlayır...
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
“Maraqlı söhbətlər”də arılar barədə bilmədiklərimiz
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Arılar tikinti işində - pətək qurmaqda tikinti mühəndislərindən də, arxitektorlardan da dəqiqdirlər. Belə ki, alimlər çox cəhd etmişlər ki, arılar şanı qurmaq qabiliyyətini dəyişsinlər. Lakin bacarmamışlar. Nə olursa – olsun, arılar pətəkdə məsamələrin bucağını 109° 28′ 16.3″ bucaqda quracaqlar.
Arılar pətəyi həm aşağıdan yuxarıya,həm də yuxarıdan aşağıya qura bilirlər.
Arıların davranışı çox heyranedicidir. Ana arı yumurta qoyur,işçi arı bal yığır. Bir ana arı bütün həyatı ərzində maksimum 1–2 milyon yumurta qoya bilir.
İşçi arıların bir hissəsi sanitar, bir hissəsi “qapıda” (deşikdə) duraraq gözətçi rolunu oynayır. Xidmətçi arılar öz qanadları ilə arı yeşiklərini (və ya yaşadığı yeri) elə təmizləyir ki, ora parıldayır. Sanitar rolunu oynayan arılar isə ölmüş arıları bayıra tullayırlar. Gözətçi arılar isə kənar arıları içəri buraxmayıb, içəri girən başqa arını öldürürlər.
Arı ailəsində həyatı əsasən nəzarətçi arılar idarə edir. Bəzi arıçı alimlər hesab edirlər ki, arıların həyatını gizli arı “komitəsi” idarə edir.
Mütəxəsislərin dediyinə görə, gələcəkdə Yer kürəsində bal hasilatı neştərsiz arıların artmasından asılı olacaqdır.
Neştərsiz arılar həqiqətən çox zəhmətkeşdir. Belə ki, 1 kq bal toplamaq üçün onlar 1 milyon çiçəkdən şirə götürür, 300 000 km -ə qədər məsafəyə uçurlar. Bu isə ekvator boyunca 7 dəfədən çox fırlanmağa bərabərdir.
Təbiətdə arı növünün yox olması 100 000 bitki növünün yox olması demək olardı.
Qeyd edək ki, arı balı yüz illər, hətta min illər qalır, lakin xarab olmur.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Sən məni unuda bilməzsən...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu mahnıların hər biri onun səsiylə Azərbaycan musiqisinin xəzinəsidir. Təkrarsız və mükəmməl ifa, musiqi ilə səsin inanılmaz vəhdəti, könülləri riqqətə gətirən bir ahəngdarlıq, gözəllik...
Mən səni araram...
Bu çiçək yağışı...
Bilsən necə darıxmışam...
Unuda bilməzsən...
Yaşın nə fərqi var...
Neynərsən mənə...
Azərbaycan Respublikasının xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.
1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir. 1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır.
1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.
1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar bəstələnir.
Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub. İlhamə Quliyevanın dediyinə görə, uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edib, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.
1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edir, oxumağa yox, susmağa üstünlük verir. Bu susqunluq İlhamə xanıma da təsir edir, o da bir müddət öz dünyasına çəkilir. Günlərin bir günü bəstəkar Faiq Sücəddinov İlhamə xanıma zəng edir:
"İlhamə, səninçün yeni mahnılar yazmışam".
İlhamə xanım isə oxumaq arzusunda olmadığını deyir. Faiq Sücəddinov “Neylərsən” mahnısını pianoda çalmağa başlayır. Mahnı onu təsirləndirir. "Neylərsən" İlhamə Quliyevanın yaradıcılığında dönüş nöqtəsi olur.
Videoqrafiya
- Incitmə Qəlbimi ft. Rəşad İlyasov
- Unuda Bilməzsən
- Gedirəm
- Ay Qaragilə
- Oyan, Bəxtim ft. Hüseyn Dərya
- Bu Gedən Karvan
- Bu sevgi hekayəti
- Ağla
- Çox darıxmışam
- Gülüm
- Sevgi Dünyamız
- Unut məni
- Azərbaycan bayrağı
Filmoqrafiya
Göy göl
Oxuyan ürəkdir
Adam ol!
Payız melodiyaları
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "Şərəf" ordeni
Ömrünün son dönəmlərində müğənninin adı qalmaqallarla yanaşı çəkildi, şəxsi həyatında qarışıqlıqlar, xoşagəlməz olaylar baş verdi, amma nə oldusa heç nə onun mükəmməl sənətinə kölgə sala bilmədi.
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etdi, 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edildi.
“Sən məni unuda bilməzsən...” – İlhamə xanımın məşhur mahnısının nəqaratıdır. Sevənin dilindən sevdiyinə ünvanlanır. Amma əslində bu, müğənninin tamaşaçılara xitabıdır. Bəli, o gözəl mahnıların müəllifini unuda bilmərik...
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Bu gün ölməz Müslüm Maqomayevin doğum günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bakıda – Nefçilər prospektində yeni ucaldılmış abidələr sırasında qərarlaşan bir abidə var. Müğənni əllərini yana açaraq oxuyur. Bu, sovet dönəmində ən məşhur müğənnimiz, opera ulduzu, sağlığında adına əfsanələr qoşulan SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsidir. Abidədəki əl və üz jestindən oxuduğu mahnının hansı olması da duyulur:
Ey, anam mənim, Azərbaycan!
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib.
Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb edib. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir. 1940–50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanıb. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanınıb.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişib və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilib. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanıb, onlardan qiyabi olaraq vokal dərsləri alıb. İndisə gənclik xəyalları gerçəkləşib və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.
O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanan "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacaran Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.
Filmoqrafiya
1. Abşeron ritmləri — mahnı ifa edən
2. Azərbaycan incəsənəti
3. Azərbaycan naminə!
4. Bəstəkar Müslüm Maqomayev
5. Burulğan
6. Dostluq himni
7. İntibah
Mükafatları
1. Azərbaycan SSR əməkdar artisti
2. "Qırmızı əmək bayrağı" ordeni
3. Azərbaycan SSR xalq artisti
4. SSRİ xalq artisti
5. "Xalqlar Dostluğu" ordeni
6. "Şöhrət" ordeni
7. "Şərəf" ordeni (Rusiya)
8. "İstiqlal" ordeni
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Allah qapısını açsın!..
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir vaxtlar onun sayəsində evinə çörək aparanlar çox olub. Xüsusən də, yaradıcı adamların arasında elələri var ki, problemlərinin həllində ondan xeyli yararlanıblar. Nə olsun ki? Fəqət, necə deyərlər, verdiyi çörəyin duzu ki olmayıb. Etdiyi yaxşılıqların cavabını ala bilməyib. Dostlarının əksəriyyəti namərd çıxıb. Əjdər Olu deyirəm. Bəli, bu dəfə sizə hazırda həbsdə yatan şair, publisist, tərcüməçi Əjdər Oldan danışmaq istəyirəm...
O, 1958-ci ilin avqust ayının 17-də Hacıqabul şəhərində anadan olub. Orta məktəbi orada bitirdikdən sonra təhsilini indiki Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində davam etdirib. Daha sonra isə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə müəllimliklə başlayıb. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor, Yazıçıların yaradıcılıq evində direktor müavini, Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini, Prezident Aparatında milli məsələlər üzrə məsləhətçi, "Şur" nəşriyyatında baş redaktor, Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi, Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru, Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri vəzifələrində çalışıb. 2013-cü ildən həbs olunanadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar həbs edilib...
Deyir ki:- “İnsanlar müxtəlif tezlikdə düşünürlər. Biri çox sürətlə düşünür, sürətlə hərəkət edir, o biri ləng olur. Adam var çox ağıllıdı, amma tənbəldi. Ağıl, düşüncə və hərəkət tezliyi hərəni bir mənzilə aparıb çıxardır. Hazırcavablıq necə olur? Adam arzulamaqla hazırcavab ola bilməz. Hazırcavablıq düşüncə sürəti ilə bağlıdır. Qarşı tərəfi duymaq da görünür insanın beyinlə əlaqəli başqa bir qabiliyyətidir.Ümumiyyətlə, zaman hadisələrə fərqli baxır. Sənə ciddi gələn şey ona gülünc görünür. Yaxud zamanına görə hamıya ciddi gələn bir epizod, bir cəsarətli addım bir müddət sonra çox adi təsir bağışlayır. Mən xaraktercə hadisələrə gələcəkdən baxanam. Bəlkə, adamda ironiya yaradan elə bu amildir. Düzdür, deyirlər, sonunu düşünən qəhrəman olmaz...”
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri 1981-ci ildə "Azərbaycan" jurnalında dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edib. Bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə “Milli kitab mükafatı”na, Respublika Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına layiq görülüb, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub...
“Hər yazıçının özünün üslubu, dünyagörüşü, yanaşma bucağı var və bu özəlliklər bütün əsərlərdə bu və ya digər şəkildə üzə çıxır. Elə hadisələr var, ironiya, elə hadisələr də var, ciddiyyət doğurur. Dövrün adamları, onların özlərini necə aparması, hadisələrə dəyib qayıtması, hadisələrdə əks olunması, istək və ehtiraslarının üzə çıxması hər bir əsərdə öz əksini tapır. Fərqi yoxdur, kim haradadır. Misal üçün, ustad Məmmədhüseyn Şəhriyar otuz ilə yaxın Tehran və Təbriz banklarında mühasib işləyib. Sonralar mühasibat şöbəsinin müdiri də olub. Ordan da pensiyaya çıxıb. Adam çətin təsəvvür edir. O cür duyğulu, koloritli bir şair ömür boyu rəqəmlərlə baş-başa qalıb. Məmurluq sadəcə onun işi idi və orda da özünə və cəmiyyətə fayda verirdi.”- söyləyir.
Qırxa yaxın şeir, hekayə və publisistika, ona yaxın tərcümə kitablarının müəllifidir. Dörd pyesi müxtəlif teatrlar tərəfindən tamaşaya qoyulub. İki ssenarisi əsasında film çəkilib. Haqqında isə- “Əjdər Olam”, “Əjdər Ol. Bir könül savaşı”, “Sənət əsirliyində” və “Nəsrin imkanları” adlı kitablar işıq üzü görüb...
Deyir ki:- “Bütün yazılarımda yalançı təvazökarlıqdan qaçmışam. Həyatla tapmaca oynamaq lazım deyil. Ədəbiyyatın işi fərdlərlədir. Birini həyəcanlandıran hadisə, başqa birinə az təsir edə bilər. Çox vaxt hər hansı problemə görə səs-küy salanlar bunu xal qazanmaq üçün edirlər və işi ictimailəşdirib bir az da korlayırlar. Şəxsən mən danışmaqdan, münasibət bildirməkdən daha çox, problemin həlli üçün əlimdən gələni etməyi üstün tuturam...”
...Heç kim səhv etməkdən sığortalanmayıb. Bəzən səhv cinayətə çevrilir. Hər bir cinayət isə gec-tez öz cəzasını almalıdır. O da öz səhvinin cəzasını çəkir. Bağlı qapılar arxasında ömür sürür. Allah qapısını açsın!..
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Səngərdən zəfərə ucalan şərəfli ömür:Şəhid Kapitan Elvin Əsgərov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Elvin Məhərrəm oğlu Əsgərov – İkinci Qarabağ müharibəsində tabeliyindəki bölüklə birgə düşmən mövqelərinin darmadağın edilməsində misilsiz şücaət göstərən, Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli kapitanıdır. Müdafiə Nazirliyinin ön cəbhə hərbi hissələrində bölük komandiri kimi mühüm vəzifə icra edən Elvin Əsgərov, Vətən müharibəsinin ilk dəqiqələrindən əks-hücum əməliyyatlarına rəhbərlik edərək Şanlı Zəfərimizin qazanılmasına böyük töhfələr vermiş və göstərdiyi qəhrəmanlıqlarla gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilmişdir.
Hərbi ailə mühiti və doğma valideynlərin təsiri
Elvin Əsgərov 17 avqust 1992-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Onun bir peşəkar zabit kimi yetişməsində və vətənpərvər ruhda böyüməsində daxil olduğu ailə ocağının və valideynlərinin müstəsna, həlledici rolu olmuşdur.
Atası Məhərrəm Əsgərovun irsi: Elvinin atası Məhərrəm müəllim Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş peşəkar və tanınmış hərbçidir. Evdə atanın qoruyub saxladığı hərbi nizam-intizam, torpaq uğrunda keçilən döyüş xatirələri Elvinin və qardaşının dünyagörüşünə dərindən təsir etmişdir. Atasının şərəfli yolunu davam etdirmək onun üçün uşaqlıq illərindən mənəvi bir vəzifəyə çevrilmişdir.
Anası Zərifə Əsgərovanın tərbiyəsi: Evin digər təməl sütunu olan ana Zərifə xanım övladlarını mənəvi təmizlik, Vətənə sədaqət və xalqa xidmət ruhunda böyütmüşdür. Anasından aldığı bu sarsılmaz mənəvi tərbiyə Elvini gələcəkdə tabeliyindəki əsgərlərə bir ata kimi qayğı göstərən fədakar bir komandir kimi formalaşdırmışdır. Bu möhkəm ailə mühiti sayəsində Elvin hələ kiçik yaşlarından çətinliklərdən qorxmayan, sarsılmaz bir xarakter sahibi olmuşdur.
Hərbi lisey və ali hərbi təhsil dövrü
Ailəsindən aldığı möhkəm təməl və vətənpərvərlik tərbiyəsi sayəsində Elvin hələ yeniyetmə yaşlarında öz peşəkar yolunu qəti olaraq müəyyən etdi.
Hərbi lisey illəri: İlkin hərbi biliklərə və peşəkar intizama yiyələnmək məqsədilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. Lisey illərində nümunəvi kursant kimi komandirlərinin rəğbətini qazanmışdır.
Ali hərbi institut: Lisey təhsilini uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, buranı "Silahlı Qüvvələrdə tərbiyəvi işin təşkili" ixtisası üzrə müvəffəqiyyətlə bitirərək peşəkar hərbçi kimi məzun olmuşdur.
Xidmətin başlanması: Təhsil ocağını tamamladıqdan sonra leytenant rütbəsi alaraq peşəkar hərbçi ailəsinin adına layiq şəkildə birbaşa düşmənlə təmas xəttində, ən qaynar ön cəbhə hərbi hissələrindən birində taqım komandiri kimi çətin şəraitdə xidmətə başlamışdır.
Vətən müharibəsi və komandirlik şücaəti
İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl uzun illər səngərdə düşmənlə üz-üzə mövqelərdə xidmət edən gənc zabit, nizam-intizamı və yüksək döyüş hazırlığı ilə seçilərək kapitan rütbəsinə ucalmış və bölük komandiri təyin edilmişdir. Müharibə ərəfəsində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi istiqamətində xidmət edirdi.
İlk hücum əmri: Sentyabrın 27-də Ali Baş Komandanın əks-hücum əmri ilə kapitan Elvin Əsgərovun rəhbərlik etdiyi bölük saniyələr içində müdafiə mövqeyindən hücuma keçərək düşmənin ön müdafiə xəttini darmadağın etdi.
Yaralanması və səngərə qayıdışı: Cəbrayıl və Füzuli istiqamətində gedən qanlı çarpışmalar zamanı kapitan Əsgərov döyüş meydanında ağır yaralansa da, ağlındakı tək fikir silahdaşlarını və tabeliyindəki əsgərləri tək qoymamaq olmuşdur. Hospitalda ilkin müalicəsini tamamlayan qorxmaz kapitan, həkimlərin israrına baxmayaraq, qısa müddət sonra yenidən ön cəbhəyə – birbaşa səngərə, öz əsgərlərinin yanına qayıtmışdır.
Tarixi döyüş yolu: Onun rəhbərlik etdiyi bölük Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsində, düşmən qüvvələrinin mühasirəyə alınaraq zərərsizləşdirilməsində xüsusi rəşadət göstərmişdir.
Yüksək dövlət təltifləri
Müzəffər Azərbaycan Ordusunun tərkibində torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlara savadlı rəhbərlik etdiyinə, döyüş tapşırıqlarını yerinə yetirərkən igidlik, mərdlik və şəxsi rəşadət nümayiş etdirdiyinə görə kapitan Elvin Məhərrəm oğlu Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı yüksək dövlət mükafatlarına layiq görülmüşdür:
"İgidliyə görə" medalı
"Cəsur döyüşçü" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
"Qubadlının azad olunmasına görə" medalı
Xatirəsinin uca tutulması
Atası Məhərrəm Əsgərovun və anası Zərifə Əsgərovanın xalqımıza bəxş etdiyi, 44 günlük savaşda özünəməxsus qəhrəmanlıq dastanı yazan kapitan Elvin Əsgərovun şərəfli ömrü bu gün həm doğulduğu Naxçıvan torpağında, həm də bütün Azərbaycanda dərin ehtiramla anılır. Onun hərbi nəsildən aldığı vətənpərvərlik fəlsəfəsi, döyüş meydanındakı dönməz iradəsi gənc əsgərlər və gələcək zabit nəsilləri üçün hərbi andın sarsılmaz simvolu olaraq öyrənilir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Afaq Bəşirqızını ən tez təbrik edən biz olaq
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Min doqquz yüz çoxdanıncı illər idi. Azərbaycan Sovet Sosialist Respublikasının Sumqayıt şəhərinin 8-ci mikrorayonunda qayğısız uşaqlıq illərimi yaşayırdım. "Bolluq" idi. Hər şey- yağ, ət, qənd, hətta siqaret, kibrit də talonla satılırdı. Evin böyük uşağı olduğum üçün talonla verilən ərzaqları almaq mənim boynuma düşmüşdü. Zarafat deyil, ailəmizə ayrılan kərə yağını, əti və digər ərzaqları almaqdan ötrü ayda bir neçə dəfə gecədən səhərə qədər növbədə dayanırdım...
...O, bizim mikrorayonun əsas ərzaq mağazasının üstündə, yəni binanın ikinci blokunda yaşayırdı. Rəhmətlik aktyor Kamil Məhərrəmovdan bir mərtəbə yuxarıda. O vaxtlar yeni il qabağı mağazalarda növbələr daha da uzanırdı. İnsanlar “Paytaxt salatı” hazırlamaqdan otrü, konserviləşdirilmiş yaşıl noxud, xama, mayonez və ya kolbasa almaq üçün bu növbələrdə saatlarla vaxt itirirdilər. Onu ilk dəfə həmin növbələrdən birində görüb yadda saxlamışdım. Çox gülərüz, açıqsözlü və necə deyərlər, döyüşkən bir qadın kimi tanıyırdım. Nə isə, sonradan bildim ki, Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır...
Haqqında söhbət açdığım Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda, 20 saylı məktəbdə bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə versə də, lakin müsabiqədən keçə bilməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldıqdan sonra, aktrisa kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975- ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Sonra uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərib və həmin universitetin professoru elmi adına layiq görülüb. 1989-cu ildə Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...
Deyir ki:- “Mən sevilən və kifayət qədər tanınan kişinin ailəsində anadan olsam da, amma varlı bir ailədə doğulmamışam. Ona görə də heç zaman harın hərəkətlərə yol verməmişəm. Başımı aşağı salıb öz işimi vicdanla icra etmişəm. Atam 1925-ci ilin mart ayının 11-də anadan olmuşdu, 1969-cu ilin mart ayının 23-də vəfat etdi. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən Qubalı idi, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. İkinci dünya müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 53 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, bir əsr də keçsə, silinməyəcək. Mənə elə gəlir ki, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz zəmanələrinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə indi hətta uşaqlar da tanıyır...”
Afaq xanım ilk rollarından özünü istedadlı, işgüzar, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək sevilməyə başlayıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Bir vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar"ında Darçınbəyim, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Zəhra, Əli Əmirlinin "Bala başa bəla"sında Suğra, Məcnun Vahidovun "Yarımştat"ında Ayna, Aqşin Babayevin "Nekroloq"unda Gülya rollarını ifa edib və "Afaq gülür güldürür" şousunda müxtəlif, rəngarəng obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib...
“Ömrümün hər anı məni sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Heç vaxt kimin qızı olduğumu unutmadım və Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum”- söyləyir…
...Sabah - avqustun 15-i Afaq xanımın 71 yaşı tamam olur. Onu bu münasibətlə ilk təbrik edən biz olaq. Ona cansağlığı, ağrı-acısız günlər arzulayaq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Epik teatr nəzəriyyəsinin yaradıcısı Bertold Brext
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Almanlar haqlı olaraq BertoltBrextadı ilə öyünürlər. Kimdir Brext? Çoxunuz üçün əlbəttə ki təqdimata ehtiyac yoxdur. Bertolt Brext (alm. Bertolt Brecht, 1898–1956) — XX əsrin ən mühüm alman dramaturqlarından, teatr nəzəriyyəçilərindən, şairlərindən və rejissorlarından biridir.
O, xüsusilə “epik teatr” nəzəriyyəsinin yaradıcısı kimi tanınır. Brextin teatr haqqında düşüncələri yalnız Almaniyada deyil, bütün dünya səhnə sənətinə böyük təsir göstərib.
Onun yaradıcılığının əsas xüsusiyyətləri cəmiyyətə tənqidi münasibət, sosial ədalətsizlik, müharibə, yoxsulluq, hakimiyyət, kapitalizm, insanın mənəvi seçimi və fərdin cəmiyyət qarşısındakı məsuliyyəti kimi mövzulardır.
Bertolt Brext 10 fevral 1898-ci ildə Almaniyanın Auqsburq şəhərində anadan olub. Tam adı Eugen Berthold Friedrich Brecht'dir. Atası kağız fabrikində rəhbər vəzifədə çalışıb. Ailənin nisbətən təminatlı həyat şəraitinə baxmayaraq, Brext uşaqlıqdan cəmiyyətin müxtəlif təbəqələri arasındakı fərqləri müşahidə edib.
Gənc yaşlarından ədəbiyyata maraq göstərən Brext şeirlər və kiçik səhnə əsərləri yazmağa başlayıb. Birinci Dünya müharibəsi onun dünyagörüşünə ciddi təsir göstərib. Müharibənin insan həyatını məhv etməsi və cəmiyyətə gətirdiyi dağıntılar sonralar onun yaradıcılığında mühüm mövzulardan birinə çevrilir.
1917-ci ildə Münhen Universitetində tibb təhsili almağa başlayıb. Lakin ədəbiyyat və teatrla daha çox maraqlandığı üçün universitet təhsilini yarımçıq qoyub. Brextin ilk yaradıcılıq mərhələsində ekspressionizm cərəyanının təsiri hiss olunur. Onun erkən pyesləri ənənəvi dramaturgiyanın qaydalarından uzaqlaşması ilə seçilib
İlk diqqət çəkən əsərlərindən biri “Baal” pyesidir. Ardınca “Gecənin nağaraları” və “Şəhərlərin cəngəlliyində” kimi əsərləri meydana gəlir. Brext ənənəvi teatrın tamaşaçıya sadəcə emosional təsir göstərməsini kifayət hesab etmirdi. Onun fikrincə, tamaşaçı səhnədə gördükləri haqqında düşünməli, hadisələri təhlil etməli və cəmiyyətə suallar verməli idi.
Brextin dünya teatrına ən böyük töhfəsi epik teatr anlayışıdır. Ənənəvi dramatik teatrda tamaşaçı hadisələrin emosional təsirinə qapılır, qəhrəmanlarla özünü eyniləşdirir və hadisələri sanki real həyat kimi yaşayır. Brext isə tamaşaçının səhnədə baş verənlərdən müəyyən məsafə saxlamasını istəyirdi.
Bunun üçün o, “yadlaşdırma effekti” (Verfremdungseffekt) adlandırılan üsuldan istifadə edib. Bu üsulun məqsədi tamaşaçıya:
“Sən sadəcə hadisəni izləmə, onun səbəbini və nəticəsini düşün.” mesajını vermək idi.
Məsələn, aktyor obrazı tamamilə “yaşamaq” əvəzinə bəzən obraz haqqında tamaşaçıya məlumat verə bilərdi.
Səhnə dəyişiklikləri gizlədilməyə bilər, musiqi hadisənin emosional təsirini gücləndirməkdən çox onu şərh edə bilərdi. Beləliklə, Brextin teatrında tamaşaçı passiv müşahidəçi deyil, düşünən və mühakimə edən şəxs olmalı idi. Brextin ən məşhur əsərlərindən biri “Üçqəpiklik opera”dır.
Əsərin musiqisini Kurt Vayl bəstələyib. Əsər 1928-ci ildə Berlində tamaşaya qoyulub və böyük uğur qazanıb. Pyesdə cinayət aləmi, yoxsulluq, pul, hakimiyyət və cəmiyyətin ikili standartları satirik şəkildə təsvir edilib. Əsərin əsas qəhrəmanı Maki Messerdir. O, cinayətkar və quldur obrazı olsa da, Brext onu yalnız “pis insan” kimi təqdim etmir.
Əsas sual cəmiyyətin özüdür: İnsanı cinayətə aparan yalnız onun şəxsi xarakteridir, yoxsa onu formalaşdıran sosial mühit də məsuliyyət daşıyır? Bu yanaşma Brext dramaturgiyasının əsas xüsusiyyətlərindəndir.
Brextin ən mühüm əsərlərindən biri “Ana Kuraç və onun uşaqları”dır. Əsərdə müharibə şəraitində yaşayan səyyar satıcı qadın Anna Firlinq — Ana Kuraç təsvir olunub. O, müharibədən qazanc əldə etməyə çalışıb. Lakin müharibə tədricən onun bütün övladlarını əlindən alıb. Əsərin əsas ideyalarından biri budur:
Müharibə heç kimin xeyrinə deyil; hətta ondan qazanc götürdüyünü düşünən insan belə sonda onun qurbanına çevrilə bilər.
Brext burada müharibəni qəhrəmanlıq romantikası ilə deyil, onun arxasında dayanan sosial və iqtisadi maraqlarla göstərib.
“Qalileyin həyatı”
Bu əsərdə məşhur italyan alimi Qalileo Qalileyin həyatı təsvir olunub. Brext Qaliley obrazı vasitəsilə elm, hakimiyyət və vicdan arasındakı münasibətləri araşdırıb. Əsərdə çox mühüm bir sual ortaya çıxır: Alim həqiqəti bildiyi halda hakimiyyət qarşısında geri çəkilə bilərmi? Brext üçün Qaliley yalnız tarixi şəxsiyyət deyil, həm də intellektual məsuliyyətin simvoludur.
“Sezuanın yaxşı adamı”
Əsərin əsas qəhrəmanı Şen Te adlı qadındır. O, yaxşılıq etmək istəyir, lakin yaşadığı cəmiyyət onun xeyirxahlığını daim istismar edir. Brext burada çox maraqlı fəlsəfi problem qoyur:
Ədalətsiz cəmiyyətdə həqiqətən yaxşı insan olaraq qalmaq mümkündürmü? Şen Tenin yaxşılıq etmək arzusu ilə həyatda qalmaq məcburiyyəti arasında qalması əsərin əsas konfliktini təşkil edib.
“Kavkaz təbaşir dairəsi”
Bu əsər də Brextin mühüm dramaturji nümunələrindəndir. Əsərin mərkəzində Qruşa adlı qadının uşağa göstərdiyi fədakarlıq dayanıb. Əsərin məşhur ideyası ondan ibarətdir ki, uşağın həqiqi anası yalnız onu dünyaya gətirən qadın deyil, ona qayğı göstərən və onun üçün fədakarlıq edən qadındır.
Müharibə Brext yaradıcılığının ən mühüm mövzularından biridir. Birinci və İkinci dünya müharibələri onun dünyagörüşünə ciddi təsir edib. O, müharibənin romantikləşdirilməsinə qarşı çıxıb. Brext üçün müharibə qəhrəmanlıq səhnəsi deyil, ilk növbədə: insan itkisi, aclıq, yoxsulluq, ailələrin dağılması, mənəvi böhran, iqtisadi maraqlar demək idi. Onun əsərlərində müharibənin arxasında dayanan sosial və iqtisadi mexanizmlər xüsusilə diqqət çəkir.
1933-cü ildə Adolf Hitler hakimiyyətə gəldikdən sonra Brext Almaniyanı tərk etmək məcburiyyətində qalıb. Onun əsərləri nasistlər tərəfindən arzuolunmaz hesab edilib. Brext əvvəlcə Avropanın müxtəlif ölkələrində yaşayıb. Sonralar Danimarka, İsveç, Finlandiya kimi ölkələrdə olub. İkinci Dünya müharibəsi dövründə ABŞ-a gedib.
Lakin ABŞ-da da uzun müddət qala bilmir. 1947-ci ildə ABŞ Konqresinin Amerikaya qarşı fəaliyyətləri araşdıran komitəsi qarşısında sorğu-suala çəkilib. Bundan sonra ABŞ-dan ayrılıb və Avropaya qayıdıb. Berliner Ensemble Brextin teatr fəaliyyətinin ən mühüm mərhələlərindən biri Berliner Ensemble teatrının yaradılmasıdır.
1949-cu ildə Şərqi Berlində bu teatrın fəaliyyətinin əsası qoyulub. Brext burada öz teatr nəzəriyyəsini praktik şəkildə həyata keçirib. Berliner Ensemble sonradan Brext teatrının əsas mərkəzlərindən birinə çevrilib və onun teatr üsulları dünyanın müxtəlif ölkələrində yayılıb. Brextin şairliyi Brext yalnız dramaturq və rejissor deyildi.
O, həm də güclü şair idi.
Onun poeziyasında mühüm yer tutan mövzular bunlardır:
müharibə
sevgi
ölüm
yoxsulluq
sosial ədalətsizlik
siyasi hakimiyyət
insanın məsuliyyəti
Brextin şeirlərinin dili çox vaxt sadə və danışıq üslubuna yaxın olub. Lakin bu sadəliyin arxasında ciddi fəlsəfi fikir dayanır. O, bəzən ən sadə cümlə ilə çox ağır bir sual qoyub. Brext dramaturgiyasını bir neçə əsas xüsusiyyətlə xarakterizə etmək olar:
1. Tamaşaçını düşündürmək
O, tamaşaçının yalnız ağlamasını və ya gülməsini yox, “Niyə belə oldu?” sualını verməsini istəyirdi.
2. Yadlaşdırma effekti
Tamaşaçı hadisəyə tam emosional şəkildə qapılmamalı, ona kənardan baxaraq düşünməlidir.
3. Sosial problemlər
Brext fərdi faciələrin arxasında cəmiyyətin quruluşunu axtarırdı.
4. Hakimiyyətin tənqidi
Hakimiyyətin, iqtisadi maraqların və sosial bərabərsizliyin insan həyatına təsirini araşdırırdı.
5. Müharibəyə qarşı mövqe
Müharibənin insan və cəmiyyət üçün dağıdıcı nəticələrini göstərirdi.
6. Açıq suallar
Brext əsərlərində hər şeyi hazır cavabla bitirməyə çalışmırdı. Tamaşaçının özü nəticə çıxarmasını istəyirdi.
Brextin yaradıcılığı dünya teatrının müxtəlif istiqamətlərinə təsir etdiyi kimi, Azərbaycan teatr və dramaturgiyasının inkişafında da maraq doğuran sənət hadisələrindən biri olub. Onun əsərləri müxtəlif dövrlərdə Azərbaycan səhnəsində tamaşaya qoyulub, dramaturgiyası və epik teatr prinsipləri teatrşünaslıq və ədəbi tədqiqatlarda öyrənilib.
Brextin teatr konsepsiyasının Azərbaycan üçün maraqlı tərəflərindən biri də tamaşaçının yalnız hadisəni seyr etməsi deyil, ictimai problemlər haqqında düşünməyə sövq edilməsidir.
Vəfatı
Bertolt Brext 14 avqust 1956-cı ildə Şərqi Berlində, 58 yaşında vəfat edib.
O, ölümündən sonra da dünya teatrının ən çox öyrənilən dramaturq və teatr nəzəriyyəçilərindən biri olaraq qalıb. Bu gün onun əsərləri dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və teatr məktəblərində onun nəzəriyyəsi öyrənilir.
Bəs Brexti bir cümlə ilə necə ifadə etmək olar?
Bertolt Brext tamaşaçını səhnədə gördüyü hadisəyə ağlamağa deyil, onun səbəbləri haqqında düşünməyə məcbur edən dramaturq idi.
Onun teatrının əsas sualı təxminən belə səslənir: “Dünyanı olduğu kimi qəbul etməliyik, yoxsa onu dəyişdirmək mümkündür?”
Məhz buna görə Brext sadəcə dramaturq deyil, teatrın tamaşaçıya münasibətini dəyişdirən sənət düşünürü hesab olunur.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
“Yol uzaq, həsrət yaxın…” - Şeir saatı Elnar Eyvazın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Elnar Eyvazın şeirləri təqdim edilir.
Əllərim üşüyürdü:
çiçək aldım özümə
aldatdım əllərimi...
***
Mənsiz necə dözürsən,
aldığım nəfəs Adam?!
Sənsiz hər şey heç nədir,
hər tərəf qəfəs, Adam...
***
Öldürdün ümidləri,
yasına da gəlmədin.
Qırılan ürəyimin
səsinə də gəlmədin.
Tutmadığın sözlərin
arasından yıxıldım.
Bilmədin, arzuların
harasından yıxıldım.
Daha niyə küsürəm?!
Ummadığım yerimsən.
Sən də nəsə itirdin,
Sən də mənim birimsən...
***
Arzularım boy-boy düzüldü
ayaq səslərini eşitcək.
Xəyallarım ətəklərini əllərinə alıb
yoluna çıxdılar: yolun da uzaq…
Biz gözlədik səni:
əl-ələ verib
ümidimizi üzümüzə tutduq:
ya udaq, ya uduzaq.
Günləri, ayları caladıq bir-birinə,
hörük hördük…vaxtı öldürək deyə.
Vaxt da salıb tərsliyə…
Bir də gördük
gəlmisən:
gözlərində işıq,
işığa qarışıq yaraşıq,
əllərində tumar,
dodaqlarında nəm çəkmiş sözlər…
Ürəyinin döyüntüsü qulaqlarımdadır:
köksündə bir dünya xoşbəxtlik vardı…
Hamısını birnəfəsə gətirdin,
göstərdin,
apardın…
***
Gəldin,
görə bilmədim
bir doyunca üzünü.
Yol uzaq, həsrət yaxın…
Getdin,
deyə bilmədim:
“Səni sevirəm axı…”
***
Yenə sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!
***
Bir az fərqli ola bilərdi
tale, qədər, yazı.
Çox demirəm ki,
azı
iki kəlməlik fərq.
Elə gözəl olardı
həyat onda.
Məsələn,
üstünü mən örtərdim
gecələr oyananda…
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)


