REDAKSİYANIN POÇTUNDAN - Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

Redaksiyanın poçtundan nəzərinizə çatdıracağımız növbəti yazı Seymur Əliyevindir. O, mərhum professor Həsən Mirzəyevə həsr etdiyi şeirini sizlərə təqdim edir.

  

Böyük alim, görkəmli türkoloq, Qərbi Azərbaycan həqiqətlərinin 

yorulmaz carçısı mərhum professor Həsən Mirzəyevin ölümsüz 

xatirəsinə ithaf olunur!

 

Bir alim var, ziyası işıq saçır illərə,

Cəsarəti, zəkası düşüb dildən-dillərə,

Yurd sevgisi nəğmətək yayılıbdır ellərə,

Sözü vətənin sözü, səsi vətənin səsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

“Dərələyəz” deyibən məşəl kimi yanan o,

Hər kəndi, hər kəsəyi daim yada salan o,

Dərəçiçək, Qəmərli, Əştərəki anan o,

Onu səslər vətənin Zəngəzuru, Göyçəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

Bir ömür vətən üçün sipər etdi sinəsin,

Kitablara çevirdi gözlərinin giləsin

Faş etdi düşmənlərin qan qoxulu hiyləsin,

O, vətən fədaisi, o bir söz sərkərdəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

Nə qədər ki, bu xalq var, xalqla birgə yaşar o,

Dəli Kürlə kükrəyər, xan Arazla daşar o,

Ölümsüz bir nəğmətək sərhədləri aşar o,

“Vətən” deyib dolaşar yer üzünü nəfəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.