Super User

Super User

Cümə, 14 Avqust 2026 09:01

Tarixi mövzularda işləməyi sevir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mənə deyirlər, niyə elə hey yaşlı nəslin tanınmışlarına üz tutursan, gənclər qalır. Bu dəfə ənənəni pozuram və sizə bir gənc heykəltaraşı təqdim etmək istəyirəm.

2019-cu ilin ilin sentyabr ayında Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Albert Aqarunova Bakı şəhərində tankın üstündə möhtəşəm bir abidə qoyuldu, xatirinizdədirmi?

Bax həmin abidənin müəlliflərindəndir bugünkü qəhrəmanım.

Bu gün onun doğum günüdür, 37 yaşı tamam olur.

 

Zamik Suleyman oğlu Rzayev 1989-cu ilin avqust ayının 14-ü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1996-cı ildə Bakı şəhərinin Səbail rayonun 51 saylı orta məktəbində təhsilə başlayıb, 2005-ci ildə 9 illik təhsilini tamamlayıb. 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltaraşlıq fakültəsinə qəbul olub, 2010-cu ildə təhsilini başa vurub.

 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraslıq fakultəsinə daxil olub, 2015-ci ildə bakalavr təhsilini bitirib. Eyni ildə akademiyanın magistr bölməsinə daxil olub. 2011-ci ildə "Crescent Beach Hotel" də keçirilən rəsm müsabiqəsində iştirak edib. 2007-ci il fevral ayının 2- da Azərbaycan İstiqlal Muzeyində keçirilən "Xocalı — qan yaddaşımız" adlı sərgidə iştirak edib.

2010-cu il martın 30-da Azərbaycan Istiqlal Muzeyində keçirilən "Susa bilmirəm" adlı sərgidə, 2008-ci il, may ayının 12-də Azərbaycan Dövlət Flarmoniyasının binasında "İnsan alverinə yox dəyək" devizi altında keçirilən xeyriyyə marafonunda, Dövlət Rəssamlıq Akademiyasının muzeyində keşirilmiş "AZNAR" adlı sərgidə iştirak edib.

2014-cü il, avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İçərişəhər, Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində "Yaşayan tarix" adlı, heykəltaraşlıq üzrə portret musabiqəsinin, 2014-ci ildə "Küknar " musabiqəsinin iştirakçısı olub.

 

2015-ci ildə Moskvada keçirilən simpoziumda, 2016-cı ilde İtaliya səfirliyinin təşkil etdiyi "Futurizm" sərgisində iştirak edib. 2015-ci ildə Rəssamlar Ittifaqının gənclər bölməsinə üzv olub. 2017-ci ildə magistraturanı bitirib və həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyətə başlayıb. 2018-ci il, fevralın 2-də Gənclər günü münasibəti ilə mükafata layiq görülüb.

Elə həmin ildə Judo federasiyasının keçirdiyi qrup sərgisində iştirak edib. 2019-cu ildə Danimarkada keçirilən portret sərgisinin iştirakçisi olub. 2016-cı il, Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin xatirə lövhəsinin müəllifidir.

Bir də, artıq bunu qeyd etdim, Milli Qəhrəman Albert Aqarunova Bakı şəhərində qoyulmuş heykəlin müəlliflərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Muğam və Azərbaycan. Tarix boyu bunlar qoşa dayanıblar.

Kimdən soruşsan ki, hazırda muğam sənətinin ən tanınmış ifaçısı kimdir, bir ağızdan deyəcəklər ki, Alim Qasımovdur. O, muğamımızı yüksək səviyyədə oxuyur, inkişaf etdirir, beynəlxalq miqyasda da təbliğ edir. Bu gün onun doğum günüdür.

 

Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.

 İlk çıxışı 1979-cu ildə Azərbaycan Televiziyasında olub. 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.

2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib. 2010-cu il martın 17-də ABŞ-nin "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.

2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub. Alim Qasımovun diskoqrafiyasına 7 studiya albomu və bir yığma albomu daxildir.

 

Studiya albomları

1. Classical Mugham

2. Azerbaijan: Art of the Mugham

3. The Legendary Art of Mugham

4. Love's Deep Ocean

5. Oyanış feat. Coldünya

6. Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova

7. Intimate Dialogue feat. Fərqanə Qasımova

 

Yığma albomları

- Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova, Kronos Kvarteti & Humayun Saxi

 

İncəsənətdə

1997-ci ildə "Parni iz Baku" komandasının üzvü olan Bəhram Bağırzadə, 2010-cu ildə "Bu Şəhərdə" komediya duetinin aktyoru Rafael İsgəndərov Alim Qasımovun parodiyasını Bakıda keçən konsertlərində ediblər.

 

Ədəbiyyatda

 

Alim Qasımov İordaniyanın Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabının siyahısının 2009-cu ildən 2019-cu ilə qədər olan variantlarına daxil edilib.

2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb.

 

Filmoqrafiya

- Aktyor kimi

Aşıq Qərib

Qəzəlxan

 

İfaçı kimi

1. Doğma sahillər

2. Bəxtəvər

3. Gecə qatarında qətl

4. 40-cı qapı

 

- İştirak etdiyi film: Ver sözə ehya ki...

- Bəstəkar kimi: Neft

 

Təltif və mükafatları

 

1. SSRİ Beynəlxalq Musiqi Festivalı

2. Azərbaycan SSR əməkdar artisti

3. Musiqi medalı

4. Azərbaycan Respublikasının xalq artisti

5. Humay mükafatı

6. "Şöhrət" ordeni

7. Azərbayca Respublikasının Dövlət Mükafatı

8. Azərbaycan "Qızıl çinar" beynəlxalq mükafatı

9. Azərbaycan "Şərəf" ordeni

10. Azərbaycan "Heydər Əliyevin 100 illiyi" yubiley medalı.

 

Gələn il Alim Qasımovun 70 illiyində görüşənədək.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2026)

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan ədəbiyyatı tarixini araşdıran şəxsiyyətlər az olmayıbdır, onlar arasında ən görkəmliləri sırasında bir nəfər də yer alıbdır - Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadə. Bu gün doğum günü olan bu unudulmaz alimimizi xatırlamaq, düşünürəm ki, lap yerinə düşər.

 

Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olub. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olub, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

 

1949–1952-ci illərdə İnstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olub, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləyib.

BDU-da, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs deyib. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Kamal Talıbzadə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olub.

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olub, Kamal Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərib. 1972-ci ildə professor seçilib. İlk mətbuu əsəri - Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevə həsr etdiyi oçerki 1944-cü ildə "Azərbaycanın şanlı oğulları" kitabında çap olunub.

 

Əsərləri

1. Azərbaycan sovet ədəbiyyatı sülh və demokratika uğrunda

2. Abbas Səhhət

3. Qorki və Azərbaycan

4. XX əsr Azərbaycan tənqidi

5. Tənqidimiz haqqında qeydlər

6. M. Qorki haqqında məqalələr məcmuəsi

7. Ədəbi irs və varislər

8. Vətəndaş şair (Abbas Səhətin anadan olmasının 100 illiyi münasibətilə)

9. Sənətkarın şəxsiyyəti

10. Şaiqanə yad et (xatirələr, məqalələr, bədii əsərlər)

11. Azərbaycan ədəbi tənqidinin tarixi

 

1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilib. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilib. 1985-ci illərdə "Bilik Cəmiyyəti", mükafatına layiq görülüb, 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970-ci ildə "Fədakar əməyə görə", 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın "Əmək veteranı" medalları ilə təltif edilib, "Qabaqcıl maarif xadimi" fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya "Kamaliyyə" diplomunu təqdim edib.

Alim 19 yanvar 2006-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2026)

 

“Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir”


Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.

Mövzu ilə bağlı
“Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb:

“Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir.
Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır.
Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 11:12

Dünya kinosunun dahisi Alfred Hiçkok

Bu gün onun anadan olmasının 127-ci ildönümüdür

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Alfred Hiçkok XX əsr dünya kinosunun ən böyük rejissorlarından biri hesab olunur. O, xüsusilə detektiv, triller və psixoloji gərginlik janrlarında yaratdığı filmlərlə məşhurlaşıb. Tamaşaçını hadisələrin içərisinə çəkmək, gərginliyi tədricən artırmaq və gözlənilməz sonluqlar yaratmaq onun yaradıcılığının əsas xüsusiyyətlərindən olub.

 

Alfred Cozef Hiçkok 13 avqust 1899-cu ildə İngiltərənin London şəhərində anadan olub.

Kino fəaliyyətinə səssiz filmlər dövründə başlayıb və sonralar həm İngiltərədə, həm də ABŞ-da böyük uğurlar qazanıb. 1930-cu illərdən etibarən onun adı artıq dünya kinosunda tanınmağa başlayıb. 1939-cu ildə ABŞ-a köçdükdən sonra isə Hollivudda fəaliyyətini davam etdirib.

Hiçkokun filmlərində cinayət və sirr mühüm yer tutsa da, onun əsas diqqəti insan psixologiyasına yönəlib.

O, qorxunun, şübhənin, günahkarlıq hissinin və naməlum təhlükənin insan davranışına necə təsir etdiyini göstərib. Buna görə də onun filmləri adi detektiv əsərlərindən fərqlənib. Hiçkokun ən məşhur filmlərindən biri “Psycho”dur. 1960-cı ildə çəkilən bu film psixoloji triller və qorxu janrının ən mühüm nümunələrindən biri sayılır.

Filmdə Norman Beyts obrazı və onun idarə etdiyi motel ətrafında baş verən hadisələr təsvir olunub. Digər məşhur əsəri “Vertigo” filmidir. 1958-ci ildə çəkilən ekran əsərində keçmiş polis əməkdaşının sirli bir qadınla bağlı araşdırması və zaman keçdikcə onun bu qadına qarşı yaranan vəsvəsəsi göstərilib.

“Rear Window” filmində isə ayağından zədə aldığı üçün evdən çıxa bilməyən fotoqraf qonşularını müşahidə etməyə başlayıb və qonşu mənzillərdən birində cinayət törədildiyindən şübhələnir. Film müşahidə, şübhə və insan marağının sərhədləri haqqında maraqlı psixoloji hekayədir.

Hiçkokun “North by Northwest”, “The Birds”, “Strangers on a Train”, “Dial M for Murder” və “The 39 Steps” kimi filmləri də dünya kinosunun məşhur əsərləri sırasındadır. Onun filmlərində tez-tez günahsız insanın cinayətdə ittiham olunması, kimliyin qarışdırılması, izlənilmə qorxusu, gizli sirr, cinayət və şübhə kimi mövzulara rast gəlinib.

Hiçkok tamaşaçıya hadisənin təhlükəli tərəfini bəzən əvvəlcədən göstərib və bununla gərginliyi daha da artırırdı.

O, filmlərində qısa müddətə özü də görünməsi ilə də məşhur idi. Bu çıxışlar sonralar onun yaradıcılığının tanınmış xüsusiyyətlərindən birinə çevrilib.

Alfred Hiçkok 29 aprel 1980-ci ildə ABŞ-ın Los-Anceles şəhərində vəfat edib. Buna baxmayaraq, onun filmləri bu gün də izlənilir və rejissorun kino dilindən istifadə etdiyi üsullar müasir triller və detektiv filmlərinə təsir göstərməkdə davam edir.

Alfred Hiçkok sadəcə cinayət və qorxu filmləri çəkən rejissor deyildi. Onun əsas sənəti tamaşaçıda gözlənti yaratmaq, şübhə oyatmaq və insan psixologiyasının ən həssas nöqtələrinə toxunmaq olub. Məhz buna görə o, kino tarixində gərginlik ustası kimi xüsusi yer tutub.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Murad Vəlixanov, 

“Ədəbiyyat və İncəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Hər bir dövlətin keçmişini və bu günlərə gələrkən nələr yaşadığını əks etdirən müəyyən tarixi sübutlar mövcuddur. Bu gün paytaxtımızda və civar bölgələrdə yerləşən tarixi abidələrimiz barədə danışmaq istəyirəm. 

O abidələr barədə ki, onları təkrar-təkrar görür, amma haqqında məlumatlanmağı nədənsə lazım bilmirik.

Halbuki hər bir vətəndaş öz yurdunun torpağının, daçının tarixini bilməlidir.

İlk olaraq Bayıl qalası barədə danışacağıq.

 

Bayıl Qalası

Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 - ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır. 

 

Növbəti söhbətimiz Bakının simvolu olan məşhir Qız Qalası barədə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 17:44

“Az tanınmışlar”dan Mansur Mansurov

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Az tanınmışlar” adlı rubrikamda bu gün sizlərə həyatını teatra həsr etmiş Mansur Mansurov barədə danışacağam. Bəzən bir ömrü sənətə həsr edirsən, ortada nəticələr də olur. Amma parlaya bilmirsən. Və sonra da zaman-zaman unudulursan. Xüsusən, Kukla Teatrı kimi spesifik teatrlarda aktyorun pərdə arxasında qalması onun tanınmasına mane olur.

Halbuki, sənətə töhfə verən hər bir kəs yaddaşlarda qalmalı, xatırlanmalıdır.

 

Mansur Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub. Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb. İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.

Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal rollarını ifa edib

N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehrli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziya "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ rolları ilə çıxış edib.

"Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Xanımana Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin "Sehrli nar" tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Vaymil Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov rollarını qeyd etmək olar.

Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Şahmar Hüseynovun "Sehrli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının "Canım Qırat, Gözüm Dürat" tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin "Cırtan" tamaşasında Div rollarını xüsusi qeyd etmək olar.

Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 2020-ci il 22 aprel uzun sürən xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Rəbiqə Nazimqızının şeirləri təqdim ediləcək.

 

 

Rəbiqə NAZİMQIZI

 

***

 

Mənəm o pişiyin gözləri ilə

Səni qarşılayan hər səhər yolda.

Mənəm küləyindən titrəyib əsən,

Üşüyən yarpağam saralmış kolda.

 

Başını qaldırsan, məni görərsən,

Mənəm pəncərədən boylanan o qız.

Mənəm naqil üstə oturmuş sərçə,

Dua oxuyuram sənə bir ağız.

 

Bax o işıq mənəm yol kənarında,

Yanıram sağının-solunun üstə.

Mənəm, kəpənəyin qanadlarında

Qonub dayanıram qolunun üstə.

 

Başının üstündə ağ bulud mənəm,

Görməsən üzümü, qaralır qanım.

O dan yeri mənəm, o qürub mənəm,

Ağarır, qızarır, saralır canım.

 

Mənim nəfəsimdi alışqanında,

Əlində sönəcək son kibrit mənəm.

Sübhədək qalıram sənin yanında,

Səhərlə açılan ilk ümid mənəm.

 

Mənəm gözündəki həyəcan, təlaş,

Könlündə uçunan sarı siməm mən.

Sənin şairinəm – şairlərə baş,

Sən yaxşı bilirsən, axı kiməm mən.

 

 

İBRAHİM PEYĞƏMBƏRƏ

 

Nə qolları övlad həsrətiylə göynəyən Sara,

nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.

Yalnız sən, İbrahim,

təkcə sən bilərsən...

Mən torpağa bənzəyirəm,

yetirə də bilərəm,

gəzdirə də,

içimdə basdıra da bilərəm hər şeyi.

 

Dənizdən çox,

qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,

balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.

Hərdən təlxək kimi güldürürəm,

hərdən timsah kimi ağlayıram.

Saman çöpünü

çöplüyündə boğulanlara saxlayıram.

 

Mən göylərdən yox,

göylərin özünü istəyirəm,

uçmaq yox,

qucaqlamaq istəyirəm göy üzünü –

qollarım boş qalmasın deyə.

Heç nə istəmirəm,

nə borc, nə hədiyyə...

 

Mən o kişini sevirəm –

həyatı arxasınca sürüyən adamı.

Hərdən ürəyimi kükrədən,

Hərdən qollarımda kiriyən adamı...

Günahımdan qalxan düzəldirəm,

dəbilqə kimi başımda gəzdirirəm onu,

silah kimi tuşlayıram yad ünvanlara.

Mən hara, məsumluq hara...

 

Mən iki dəfə qadın oluram –

sevəndə –

dünyanı soyunub

əllərini geyinəndə sevgilimin

gizli-gizli.

Qulağımdan silinəndə başqa səslər,

təmizlənəndə...

Bir də hər ay sonu,

intizarla gözləyəndə qadınlığın haray çəkib

məni dağa-daşa salan ağrısını.

Ayıbımdan qızaranda üstüm-başım,

kirlənəndə... sevinirəm...

Bax o anda, İbrahim,

içimdən bir hiss keçir –

mən qatiləm –

bətnimdəcə doğulmamış

arzuları

parça-parça öldürürəm...

 

 

KAHİN ÜÇÜN

 

Məni nə gətirib bu dağ başına,

Kimlərdən, nələrdən keçib gəlmişəm.

Bəlkə, məhəbbətin girib yuxuma,

Sənin eşq camını içib gəlmişəm.

 

Soruşma, soruşma, kədərli kahin,

Mən də bir qurbanam, öz qurbanımam.

Qapına gəlmişəm, bir qab su gətir,

Əziyyətimi çək, döz qurbanına.

 

Bəlkə də, yanına göndərib Allah

Məni bu görkəmdə, belə biçimdə.

Qaldır gözlərini, ürəyimə bax,

Bəlkə, şeytan da var işin içində.

 

Nə məscid çağırır, nə kilsə çəkir,

Açığı, könlümdə məbəd də yoxdu.

Daha inanmağa başqa Tanrıya,

Başqa din seçməyə taqət də yoxdu.

 

Sən məni də öyrət, ay dəli kahin,

Bir parça çörəyə, bir ovuc suya.

Sən öz Tanrını sev, Tanrından çəkin,

Mən də səni sevim, dağılsın dünya.

 

Yox, yox, kirlətmərəm səni özümlə,

İtinin başını oxşasam, bəsdi.

Bu tənha komanın həndəvərində

Bircə gün, bir saat yaşasam, bəsdi.

 

Düşmək istəyərdim ayaqlarına,

Sən qoymazsan axı, bir az da... qürur.

Əlbəttə, əlbəttə, mən də adamam,

Nəyi itirsəm də, qürurum durur.

 

Bəlkə, bir az qalım, cəzamı alım,

Bu evin, həyətin işinə baxım.

Sənə su gətirim bulaq başından,

İtə yal düzəldim, pişiyə baxım.

 

Tələsmə, vaxtı var ayrılıqların,

Məni adamların yanına atma.

O qan içənlərin, söz yeyənlərin,

Ürək udanların yanına atma.

 

Saçımı, üzümü bəyənən olub,

Mənə adam kimi baxan olmayıb.

Ömrümdə şah olub, dilənçi olub,

Könlümdə nədənsə kahin olmayıb.

 

Ovcumu açmışam, Tanrı yolunda

Uzanan əlimi geri qaytarma.

İndi ki qovursan, qurbanın olum,

Mənim ölümü ver, diri qaytarma.

 

 

VUDİ ALLEN FİLMİ

 

Süd rəngli bir gecəydi,

Ya da gecəyarı.

Sönmüşdü şəhərin lampaları.

Öpüşün öldürmüşdü

Ermitajda bütün xatirələri.

Bütün xəritələr

Ayağımıza sərilmişdi.

İsti nəfəsindən gərilmişdi

Yerin oxu.

"Şeir oxu", – pıçıldamışdın mənə,

Şeir oxu...

 

Ya Venesiya idi, ya Paris,

Ya da Nyu-Yorkun mərkəzi parkında

Uzaqdan bir polis

Gülümsəyirdi bizə

bığının altında.

Medalyon düzəldirdin

Balıqqulağından.

 

İçərişəhərin bütün tinlərində

Şəkil çəkdirirdik.

Üçuq-sökük sərdabədə

Adsız bir məzar tapıb

And içirdik sözsüz-filansız,

Tanrını şahid,

Mələkləri vəkil gətirirdik.

 

Nə milad ərəfəsiydi,

Nə də Novruza yaxın.

Yuxunun yeddinci mərtəbəsiydi,

Tanrının buta paylayan çağı…

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 16:40

Yenilikçi Emin Mirabdullayev

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rejissor Emin Mirabdullayevi səciyyələndirən əsas cəhət onun həmişə yenilik tərəfdarı olmasıdır.

Hamının görmədiyi rakurslar, pərdəarxası effektlər, epizodlar üzrə bol intriqanın qızışdırılması, zavyazka və razvyazkada müdhiş ustalıq, ən nəhayət, kulminasiyanın ən yüksək həddi – bunlar Emin Mirabdullayev yaradıcılığının əsas ştrixləridir.

 

Sadəcə, ölkənin kino bazarı yekcins olduğundan Eminin çəkməsi üçün film qəhətə çıxıb. Belədə, o, bütün gücünü teatra verib.

Rejissor, aktyor Emin Mirabdullayev 13 avqust 1969-cu ildə anadan olub.

2017-ci ildə Natiq Rəsulzadənin əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında Emin Mirabdullayevin rejissoru olduğu "Meme" tamaşası səhnəyə qoyulub. Eyni zamanda, Rusiyada bir neçə uğurlu işi vardır.

Emin daim axtarışda, təkmilləşdirmədədir.

İnanırıq ki, tezliklə o, arzuladığı filmi də çəkə biləcək.

 

Filmoqrafiya

1. Araqarışdıran

2. Şeytan göz qabağında

3. Kənar adamlar

4. Məşədi İbad-94

5. Bir dəfə Qafqazda

6. Halal pullar

7. Postskriptum

8. Əqrəb mövsümü "İki dünya bir olsa da".

 

“Ədəbiyyat və incəsənət” portal olaraq Emin Mirbdullayevi doğum günü münasibətilə təbrik edir, ona daim anşlaqlı tamaşalar və kassalı filmlər arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Adətən aktyor və aktrisaları Bakı səhnəsi məşhur edir. İstisnalar az-az olur. Bir istisna da Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisası Sədayə Mustafayevadır, ulduzu əyalətlərdə parlayan aktrisanın bu gün anım günüdür.

 

Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib.

Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb.

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti Sədayə Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.

Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir.

 

Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar.

 

Mükafatları

- Azərbaycan SSR Əməkdar artisti

- Azərbaycan SSR Xalq artisti

- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü.

 

Aktrisa 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

79 -dən səhifə 3114

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.