Super User

Super User

Cümə axşamı, 13 Avqust 2026 10:27

Aleksandr Dümanın uşaqlıq dostu Ejen Delakrua

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünya rəngkarlıq tarixinin görkəmli nümayəndələrindən biri Ejen Delakruadır. Fransız xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi çox dahi bir rəssamdır o. Hər ilin bu günü kilsələrdə onun Ruhuna dualar oxunur, şamlar yandırılır. Çünki 13 avqust günü dahi rəssamın vəfatı günüdür. 

 

Ejen Delakrua Sen-Morisdə, 26 aprel 1798-ci ildə anadan olub.  Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır:  "üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəsini boynuna dolayaraq az qalsın ki,özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir".

Böyük Lüdoviq liseyində oxuyarkən Ejen rəssamlığa böyük maraq göstərib, klassik ədəbiyyat mövzusunda bilik və çəkmiş olduğu rəsmlərə görə mükafatlandırılıb. Ona bu istedadın anası Viktoriyadan keçmiş olması güman edilir. Rəssamlığa həvəsi onda dayısı oyadıb. O, hər dəfə dayısını Normandiyaya təbiət şəkilləri çəkmək üçün gedərkən müşayiət edib.

Delakrua hələ gənc ikən valideynlərini itirdikdən sonra bacısının yanına gedib. Lakin bacısının pisləşən maddi durumu Ejeni oz taleyini özü düşünməsinə vader edib. O, Pyer Narsis Gerenin emalatxanasında işləməyə başlayıb. 1816-cı ildə Delakrua Gerenin dərs dediyi incəsənət məktəbində şagird olub və burada rəssamlığın sirlərinə, çəkmə texnikasına yiyələnib. Lakin onun üçün əsl ali məktəb Luvr və rəssam Teador Jeriko ilə tanışlıq olub.

Delakruanın ilk əsəri "Dante qayığı" (1822) olub. Həmin dövrdə əsər bir o qədər də əhəmiyyət kəsb etməyib. Ona ilk uğuru 1824-cü ildə Yunanıstanın müstəqilliyi uğrunda gedən müharibəyə çəkmiş olduğu "Xios qətliamı" gətirmiş olub. Bodler bu əsəri tale və əzabın tükürpədici himni adlandırıb. Ejenin sonrakı əsəri "Sardanapalın ölümü" dövrünün tənqidçilərinə görə haray salıb, hədələyib və Allahın adından danışıb.

 

Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş verən Böyük Fransa inqilabı motivləri əsasında "Azadlığa aparan xalq" əsərini yaradıb. Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirib. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazıb: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm".

İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunub, dərhal dövlət tərəfindən satın alınıb. Rəssam öz sənətinə böyük ruh yüksəkliyi ilə yanaşıb. "Mənim ürəyim, – o, yazırdı – hər dəfə mən nəhəng divarla üz-üzə qalarkən, mənim fırçamın ona toxunacağını gözləyərkən ürəyim sürətlə döyünməyə başlayır". 13 avqust 1863-cü ildə rəssam boğaz xəstəliyindən əziyyət çəkərək vəfat edib

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

"Əmək və qızılgül" – Azərbaycan kino tarixində müstəsna yerə sahib olan, dahi rəqqas Mahmud Esambayevin həyat və yaradıcılıq yoluna işıq tutan tarixi-bioqrafik bədii filmdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bu ekran əsəri, xalqın mədəni irsini, rəqs sənətinin sehrini və vətənə olan sonsuz sevgini dramatik bir dillə tamaşaçıya çatdırır.

 

Filmin yaradıcı və aktyor heyəti

Ekran əsəri öz dövrünün ən usta kinematoqrafçılarını və sənətkarlarını bir araya gətirmişdir. Filmdə həm Azərbaycan, həm də Çeçenistanın tanınmış simaları rol almışdır.

Quruluşçu Rejissor: Tofiq Tağızadə

Ssenari Müəllifi: İdris Bazorkin

Quruluşçu Operator: Rasim Ocaqov

Bəstəkar: Tofiq Quliyev

Rəssam: Kamil Nəcəfzadə

Baş Rollarda:

Mahmud Esambayev – Mahmud (Gənc rəqqas)

Vladimir Txapsayev – Əlisultan (Mahmudun atası)

Leyla Abaşidze – Doqmara

Münəvvər Kələntərli – Sona

Hökümə Qurbanova – Rəqqasə

 

Süjet xətti və daxili çırpınışlar

Filmin süjet xətti bəşəriyyətin ən istedadlı rəqqaslarından biri olan Mahmudun keşməkeşli həyat hekayəsi üzərində qurulmuşdur. Hekayə həm sənətə olan bağlılığı, həm də ailə daxili ziddiyyətləri dramatik boyalarla təqdim edir.

Sənət və ata iradəsi: Mahmud erkən yaşlarından rəqs sənətinə aşiqdir. Lakin onun mənsub olduğu ailənin adət-ənənələri və sərt atası Əlisultan bu sənəti bir kişi üçün yaraşmayan məşğuliyyət hesab edir. Ata oğlunun rəqqas olmasını özünə təhqir sayır və onun qarşısına sərt şərtlər qoyur.

Qürbət və yaradıcılıq axtarışları: Atasının etirazlarına rəğmən Mahmud öz xəyallarının ardınca gedir. O, doğma yurdu tərk edərək böyük səhnələrə doğru can atır. Qürbətdə keçən illər, çətinliklər və gərgin əmək onu dünya səviyyəli bir sənətkara çevirir. Mahmud müxtəlif xalqların rəqslərini öyrənir və onları özünəməxsus tərzdə ifa edir.

Vətənə qayıdış və barışıq: İllər sonra böyük şöhrət qazanan Mahmud öz doğma yurduna qayıdır. Filmin kulminasiya nöqtəsi atasının oğlunun sənətinə olan münasibətinin dəyişməsi və onun əməyinə, fədakarlığına hörmət etməyə başlamasıdır.

 

 Filmin maraqlı nüansları və əhəmiyyəti

Bioqrafik dəqiqlik: Filmdə baş rolu canlandıran Mahmud Esambayev əslində elə öz həyatını oynamışdır. Bu səbəbdən filmdəki rəqs səhnələri və emosional anlar son dərəcə real və təsirlidir.

Musiqi və rəqsin vəhdəti: Görkəmli bəstəkar Tofiq Quliyevin film üçün bəstələdiyi musiqilər müxtəlif xalqların rəqs ritmləri ilə mükəmməl şəkildə sintez olunmuşdur.

Xalqlararası mədəni körpü: Ekran əsəri Azərbaycan, çeçen və inquş xalqlarının mədəni əlaqələrini, ortaq dəyərlərini tərənnüm edən unikal bir sənət nümunəsidir.

Ustad operator işi: Rasim Ocaqovun kameralarla işıq və kölgə oyunları, xüsusilə rəqs səhnələrindəki dinamik kadrlar filmin bədii dəyərini qat-qat artırmışdır.

 

 

"Əmək və qızılgül" filmi insana öz xəyallarının ardınca getməyi, çətinliklərə boyun əyməməyi və hər bir uğurun arxasında böyük bir əməyin dayandığını öyrədir. Filmin adından da göründüyü kimi, qızılgül gözəlliyinin və şöhrətin təməli yalnız və yalnız fədakar əmək sayəsində mümkündür. Tofiq Tağızadə bu əsərlə kino tariximizə unudulmaz bir incini bəxş etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Cümə axşamı, 13 Avqust 2026 09:29

Aygün Bayramovanın Leylisi bir ayrı Leylidir

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün təqvimdə 13 avqust günüdür və bu tarixində daha bir tnınmış mədəniyyət xadimi dünyaya gəlib - Azərbaycan Respublikasının xalq artisti Aygün Bayramova. Aygün xanım tanınmış opera ifaçısıdır, mükəmməl səs tembrinə malikdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına xüsusən onu dinləməyə gələn çoxsaylı tamaşaçılar mövcuddur.

 

Aygün Bayramova 13 avqust 1967-ci ildə Ağdam rayonunda anadan olub. Təbii ki, belə gözəl səsə malik olmaq üçün qarabağlı olmaq da bir şərtdir.

1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb.

1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.

2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib.

Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil edib, tamaşaçı məhəbbəti qazanıb. 4 dəfə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

- Güllələnmiş heykəllər

- Yeni həyat.

 

Aygün xanımı səmimi təbrik edir, daha bol rollarla bizlər sevindirməyi arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

 

Bu gün görkəmli sənətkarın anım günüdür

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan teatrının tarixində elə aktyorlar var ki, onların yaradıcılıq yolu yalnız oynadıqları rolların sayı ilə ölçülmür. Onlar teatrın gündəlik həyatını, səhnənin zəhmətini, aktyor peşəsinin məsuliyyətini illər boyu öz üzərlərində daşıyırlar. Xalq artisti Vaqif Məzahir oğlu Əliyev də belə sənətkarlardan biri idi. Onun 63 ildən artıq davam edən səhnə fəaliyyəti Azərbaycan teatrının müxtəlif mərhələləri ilə sıx bağlı olub.

 

Vaqif Əliyev 31 iyul 1940-cı ildə Bakıda anadan olub. Uşaqlıqdan teatra maraq göstərib, dram dərnəklərinə gedib. Sənət yoluna 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında başlayıb. İlk illərdə kütləvi səhnələrdə, daha sonra epizodik rollarda çıxış edib. 1962-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq aktyorluq təhsili alıb.

Onun yaradıcılıq taleyində Sumqayıt Dövlət Dram Teatrının xüsusi yeri var. 1968-ci ildə təyinatla yeni yaranmış bu teatrın aktyor truppasına göndərilən Vaqif Əliyev burada 33 ilə yaxın fasiləsiz çalışdı. Bu müddətdə 100-dən artıq tamaşada müxtəlif xarakterli obrazlar yaratdı. Belə uzunmüddətli və məhsuldar teatr fəaliyyəti onu Sumqayıt səhnəsinin aparıcı simalarından birinə çevirdi.

Onun repertuarı janr və xarakter baxımından olduqca geniş idi. “Nadir şah”, “Dönüş”, “Ölülər”, “Tənha qadınlar”, “Oğul”, “Dəli Domrul”, “Damokl qılıncı”, “Vətənə igidlər gərəkdir”, “Mənim Ərdəbilim”, “Cırtdan, Məlikməmməd və üç gözəl”, “İblis” kimi tamaşalarda yaratdığı obrazlar aktyorun səhnə imkanlarının genişliyini göstərirdi. Onun əsas xüsusiyyətlərindən biri kiçik və ya ikinci planda görünən obrazı belə yadda qalan xarakterə çevirmək bacarığı idi.

Vaqif Əliyevin sənət yoldaşları onun aktyorluq istedadı ilə yanaşı, insan kimi səmimiliyini də xüsusi qeyd ediblər. Teatr Xadimləri İttifaqının sədr müavini, professor, Xalq artisti Azad Şükürov onu “çox maraqlı adam, gözəl də aktyor” kimi xatırlayırdı. Şükürovun xatirəsində Vaqif Əliyevin yumor hissi və gənc həmkarları ilə isti münasibəti də öz əksini tapır. Onların arasında yaş fərqi böyük olduğundan Vaqif Əliyev zarafatla deyirmiş: “Mən səhnəyə çıxanda sən hələ dünyaya gəlməmişdin.” Şükürov bu sözün həqiqət olduğunu vurğulayırdı: Vaqif Əliyev səhnə fəaliyyətinə 1958-ci ildə başlamışdı, Şükürov isə 1959-cu ildə doğulmuşdu.

Bu xatirə əslində Vaqif Əliyevin sənət yolunun nə qədər erkən başladığını göstərən maraqlı bir detal olmaqla yanaşı, onun xarakterini də açır. O, özünün uzun səhnə təcrübəsinə rəğmən, həmkarları ilə ünsiyyətdə səmimi və zarafatcıl insan kimi yadda qalıb.

Vaqif Əliyevin yaradıcılığı yalnız teatrla məhdudlaşmırdı. O, “Ağ atlı oğlan”, “Yük”, “Biz qayıdacağıq” kimi filmlərdə də çəkilib. Lakin onun sənət taleyinin əsas ünvanı yenə də teatr səhnəsi idi. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyətini davam etdirib və burada da müxtəlif tamaşalarda obrazlar yaradıb. Azərbaycan teatr tarixini araşdıran materiallarda onun bu teatrın səhnəsində də müxtəlif rollarda çıxış etdiyi görünür.

Sənətkarın əməyinə dövlət tərəfindən də yüksək qiymət verilib. O, 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. Bu təltiflər onun uzun illər ərzində Azərbaycan teatrına verdiyi töhfənin rəsmi ifadəsi idi.

Vaqif Əliyevin yaradıcılıq portretini yalnız “100-dən artıq tamaşada rol oynayan aktyor” ifadəsi ilə məhdudlaşdırmaq doğru olmaz. Onun sənətinin əsas dəyəri səhnəyə sədaqətində idi. O, aktyorluğun yalnız baş qəhrəmanı oynamaqdan ibarət olmadığını nümayiş etdirirdi. Bəzən bir neçə səhnəlik obraz, bir xarakter detalı, bir cümlə və ya səhnədəki davranış tamaşaçının yaddaşında qala bilər. Vaqif Əliyev məhz belə aktyorlardan idi.

Onun yaradıcılıq yolunda daha bir mühüm xüsusiyyət teatrın müxtəlif nəsilləri arasında körpü olması idi. O, səhnəyə 1950-ci illərin sonunda çıxmış, sonrakı onilliklərdə Azərbaycan teatrının dəyişən estetik mühitində fəaliyyət göstərmiş və ömrünün son illərinə qədər səhnədən ayrılmamışdı. Bu baxımdan onun yaradıcılıq bioqrafiyası Azərbaycan teatrının özünün uzun bir tarixinin canlı parçasıdır.

Vaqif Əliyev 13 avqust 2021-ci ildə 81 yaşında vəfat etdi. Onun ölümü Azərbaycan teatrı üçün itki kimi qiymətləndirildi. Mədəniyyət Nazirliyinin yaydığı məlumatlarda sənətkarın xatirəsinin doğmalarının, sənət dostlarının və tamaşaçıların qəlbində yaşayacağı vurğulanırdı.

Vaqif Əliyevin sənət irsi bir həqiqəti xatırladır: aktyorun böyüklüyü yalnız onun neçə baş rol oynaması ilə müəyyənləşmir. Bəzən sənətə uzun illər sədaqətlə xidmət etmək, yüzlərlə obrazın içində öz aktyor imzasını qorumaq və səhnə yoldaşlarının yaddaşında yaxşı insan kimi qalmaq özü böyük sənətkarlıqdır.

Vaqif Əliyev Azərbaycan teatrına məhz belə bir miras qoyub — səhnəyə sədaqət, peşəyə hörmət və obrazı yaşatmaq bacarığı.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 08:36

Doğum gününüz mübarək, ölümsüzlər!

Murovdağın azad edilməsi və zirvədəki əbədiyyət: Şəhid Kapitan Həmidağa Hüseynzadə

 

Murad Vəlixanov,

 "Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Həmidağa Bağı oğlu Hüseynzadə – Vətən müharibəsinin ilk günlərində strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində misilsiz rəşadət göstərən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanıdır. O, xüsusi hərbi taktikası, qorxmazlığı və döyüş meydanındakı fədakarlığı ilə Şanlı Zəfərimizin ilk qəhrəmanlıq dastanlarından birini yazmış ölümsüz zabitlərimizdəndir.

 

Erkən illəri və ali hərbi təhsili

Həmidağa Hüseynzadə 13 avqust 1990-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Hələ erkən yaşlarından hərb sənətinə böyük maraq göstərən Həmidağa, Vətənə və millətə xidmət etməyi qarşısına ən ali məqsəd qoymuşdu.

Məktəb illəri: Bakı şəhərində tam orta təhsilini uğurla başa vurmuş, nizam-intizamı və vətənpərvərliyi ilə seçilmişdir.

Ali hərbi təhsili: Arzularının ardınca gedərək 2008–2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Hərbi İnstitut) ali hərbi təhsil almışdır. Hərbi təhsilini bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müvafiq kursları tamamlamış və zabit kimi xidmətə başlamışdır.

 

Xüsusi təyinatlılarda şərəfli xidmət yolu

Gənc zabit kimi fəaliyyətə başladıqdan sonra fiziki dözümlülüyü, yüksək intellekti və analitik düşüncəsi sayəsində Azərbaycan Ordusunun ən elit bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrin sıralarına seçilmişdir.

Aprel döyüşləri fədaisi: O, 2016-cı ilin aprelində baş verən tarihi dördgünlük döyüşlərdə fəal iştirak etmiş, düşmənin ön xəttinin yarılmasında xüsusi şücaət göstərmişdir.

Peşəkarlıq statusu: Xidmət illəri ərzində pillə-pillə ucalaraq kapitan rütbəsinə qədər yüksəlmiş və xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Döyüş yoldaşları arasında yüksək nüfuzu və cəsurluğu ilə tanınırdı.

 

Vətən müharibəsi və Murovdağda yazılan dastan

27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində kapitan Həmidağa Hüseynzadə ilk saatlardan etibarən ən çətin və strateji tapşırıqların icrasına cəlb olundu. Onun rəhbərlik etdiyi hücum qrupu Kəlbəcər rayonu və Murovdağ silsiləsi istiqamətindəki əməliyyatlara qatıldı.

"Xallı" ləqəbli qorxulu yuxu: Üzündə xal olduğu üçün erməni kəşfiyyatı və hərbçiləri onu "Xallı" adı ilə tanıyır və qorxurdular. Həmidağa isə düşmən tərəfindən tanınmamaq üçün döyüşlər zamanı müxtəlif vasitələrlə həmin xalı gizlədərək əməliyyatları icra edirdi.

Postların azad edilməsi: Ağır relyef və dumanlı-çənli hava şəraitinə baxmayaraq, kapitan Hüseynzadə qrupun ən önündə gedərək Murovdağ yüksəkliyində düşmənin illərlə möhkəmləndiyi bir neçə mühüm postu tək-tək təmizləmiş və Azərbaycan bayrağını ucaltmışdır.

 

Şəhadəti və əbədi ehtiram

Murovdağ silsiləsinin strateji zirvələrinin nəzarətə götürülməsi uğrunda gedən xüsusi əməliyyat zamanı, 28 Sentyabr 2020-ci il tarixində kapitan Həmidağa Hüseynzadə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Onun şəhadəti silahdaşlarını daha da qəzəbləndirdi və Murovdağın düşməndən tam təmizlənməsini təmin etdi.

Qəhrəman zabitimizin nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda (2 saylı Şəhidlər Xiyabanı) böyük izdiham və hərbi ehtiramla torpağa tapşırılmışdır. Geridə bir qız övladı yadigar qalmışdır.

 

Yüksək dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə, düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdiyi qəhrəmanlıq və mərdlik nümunəsinə görə kapitan Həmidağa Hüseynzadə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə aşağıdakı yüksək dövlət mükafatlarına layiq görülmüşdür:

"Qarabağ" ordeni

"Vətən uğrunda" medalı

"Kəlbəcərin azad olunmasına görə" medalı

"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Cümə axşamı, 13 Avqust 2026 08:03

Yaşasaydı, 79 yaşını qeyd edərdi

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Görkəmli teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti Azər Paşa Nemətov təbii ki, yaddaşlardadır, teatr üçün çalışmaları aktualdır, quruluş verdiyi tamaşalar repertuardadır.

Onu elə belə də tanımışıq: daim işdə-gücdə, hər şeyə diqqət çəkən, fəaliyyətdən qrxmayan, hey qurub-yaradan.

Bu gün onun doğum günüdür. Yaşasaydı, 78 yaşını qeyd edərdi.

 

Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində, Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən, yüzdən artıq tamaşaya quruluş verən, ad-san qazanan rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Yəni, teatr sevgisi onlarda irsəndir.

Azərpaşa 31 saylı orta məktəbdə təhsil alıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib.

1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A. Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor işləyib.

1990-cı il aprel ayının 20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.

Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatı olub. Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

 

 

18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilib. 31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə, 6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilib.

 

"Quruluş verdiyi tamaşalar"

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:

1. "İki qayın ağacı" (Yevgeni Şvarts)

2. "Pin və Qvin" (Kim Meşkov)

3. "Bumbaraş" (Yevgeni Mitko və Yura Mixaylov)

4. "Buraxılışın son gecəsi" (Vladimir Tendryakov)

5. "Necəsən, cavan oğlan?" (Şandor Samodi Toot)

 

- Leninqrad Gənc Tamaşaçılar Teatrında:

1. "Bütün yaxşılıqlar üçün ölüm" (Maqsud İbrahimbəyov)

2. "Üçüncü imperiyanın iflası" (Bertold Brext)

 

- Arxangelsk Dövlət Dram Teatrında:

1. "Qum üzərində ev" (Rüstəm İbrahimbəyov)

 

- Tallin Gənc Tamaşaçılar Teatrında:

1. "Şəhərin yay günləri" (Anar)

2. "Yuxulama" (Kamal Aslanov)

 

- Lənkəran Dövlət Dram Teatrında:

1. "Üçüncü nəsil" (Nikolay Miroşniçenko)

 

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

1. "Biganələr hoteli" (Rüstəm İbrahimbəyov)

2. "Tufandan əvvəl" (Arif Süleymanov)

3. "Ah, Paris… Paris", "Mənim sevimli dəlim", "Diaqnoz "D"","Cəhənnəm sakinləri" (Elçin)

4. "Hamlet", "On ikinci gecə" (Uilyam Şekspir)

5. "Boy çiçəyi", ""Xurşidbanu Natəvan""(İlyas Əfəndiyev)

 

"Səhnə tərtibatı verdiyi tamaşalar"

- "Təmas", "Kabinet əhvalatı" (Rüstəm İbrahimbəyov)

- "Şəhərin yay günləri" (Anar)

- "Şapkinin sərsəm günü" (Mixail Zoşşenko)

- "Bobok" (Elçin Məmmədovla birgə) (Fyodor Dostoyevski)

- "Bekarçılıq kontoru" (Seyfəddin Dağlı)

 

"Musiqi tərtibatı verdiyi tamaşalar"

1. "Necəsən, cavan oğlan?" (Şandor Şamodi Toot)

2. "Keçən ilin son gecəsi" (Anar)

3. "Öz adamlarımızdır, düzəlişərik" (Aleksandr Ostrovski)

4. "Allah olmaq mümkün deyil" (Kamal Aslanov)

5. "Fudziyama dağında qonaqlıq" (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)

 

"Elmi məqalələri"

- "Səhnəmizin sevimli aktyoru" ("Mədəni-Maarif" jurnalı)

- "Hamlet" ("Elmi axtarışlar" jurnalı)

 

Metodik vəsaitləri

- "Pyesin rejissor təhlili"

- "Cəlil Məmmədquluzadə dramaturgiyasına rejissor baxışı"

- "Şekspir dramaturgiyasına rejissor baxışı"

 

"Tanınmış tələbələri"

1. Rusiya Federasiyasının Xalq artisti Kirill Filinov

2. Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Koşalev

3. Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nuri

4. Azərbaycan Respublikasının Xalq artisti Zərnigar Ağakişiyeva

5. Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov

6. Azərbaycan Respublikasının Xalq artisti Cəfər Namiq Kamal

 

Azərpaşa Nemətov 9 aprel 2023-cü ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Çərşənbə, 12 Avqust 2026 18:11

Hekayə saatı Zəka Vilayətoğlunun hekayəsi ilə

“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlər Zəka Vilahyətoğlunun “Eeey, səs salımaq olmaz” hekayəsi ilə tanış olacaqsınız.

 

 

Zəka VİLAYƏTOĞLU

"EEEY, SƏS SALMAQ OLMAZ"

         

Axşam evimizin həyətində maşını saxlayıb kondisionerin sərinlətdiyi salondan bayıra çıxınca sanki qaynar bir qazanın içinə düşdüm. Elə bil havanın özü bu dəhşətli istidən can vermiş, ölmüşdü. Uşaqları kənddən şəhərə, ən azı on gün tez gətirdiyimi düşünüb peşmanladım. Necə dözəcəkdilər bu istilərə? Gecə səhərəcən kondisioner işləyən sərin otağın havasımı yaxşı idi, ya sərin və tərtəmiz dağ havası?.. Nə isə... axır ki, iki aylıq yay istirahətindən sonra yenidən od tutub yanan şəhərimizə gəlib çıxmışdıq.

Turalın yadından heç nə çıxmayıb-kiçik oğlumu deyirəm. Şəhərdə olduğumuz müddətdə daim evdə atılıb-düşür, haray-qışqırıq salırdı. Buna görə narahat olan, alt qatda yaşayan qonşumuz Dilavər kişinin arvadı dəfələrlə öz hirsinə-hikkəsinə bürünüb yelpələk kimi (hər nə qədər ağır çəkili olsa da) dördüncü mərtəbəyə qalxırdı. Zəngin basılmasından, səbri çatmayıb da üstəgəl dəmir qapımızı taqqıldatmasından onun qəzəbli olduğu həmən duyulurdu. Adama elə gəlirdi ki, dünyanın köçhaköç vaxtıdır.

Təbii, qadın, Turalın və böyük oğlum Turxanın atılıb-düşməsindən, onların rahatlığını pozmasından qəzəblənirdi və bu qəzəbini mütləq bizim başımızdan yağdırmalı idi, yağdırırdı da. Amma bizim cavabımız yalnız susmaq və ara-sıra üzr diləmək olurdu.

Axı neyləmək olar, körpə Turalı necə oyundan, atılıb-düşməkdən saxlamaq, öz uşaqlığını uşaq kimi yaşamasından məhrum etmək olar?

Turxan böyükdür, ikinci sinfi bitirib, o anlayır bunu və bəzi istisnalar olmaqla, özünü təmkinli, ağıllı aparır, deyilənlərdən nəticə çıxarır.

Arvadından fərqli olaraq, Dilavər kişi çox mehriban, qayğıkeş adamdır. Uzun illər orta məktəbdə müəllim işləyib. Turalla da möhkəm dostdurlar. Bircə dəfə də olsun Turaldan şikayətləndiyini eşitmədim, duymadım. Amma arvadı,.. of… arvadı deyir ki, sizin bu uşaqlar yaşamağı haram edir bizə. Deyir: kişi şəkər xəstəsidir, insult keçirdib, özümün də təzyiqim tez-tez kəllə-çarxa qalxır...

Mənim də nəvələrim var. Onlar da bizə gələndə atılıb-düşürlər. Alt qatda yaşayan qonşumuz altdan yuxarı nə iləsə tavanı elə hikkə ilə döyür, taqqıldadır, adamın həyəcandan, az qala, ürəyi qopub düşür ki, bəs görəsən, qonşuda nə xoşagəlməz hadisə baş verib?! Bu döyəcləmədən sonra da bizə elə hücuma keçir, elə bil qanlı düşmənik!.. Allah göstərməsin!.. Özləri də guya ziyalıdırlar. Hələ rusdillidilər. Deyirlər, guya aristokratdılar, nəmənədilər... Belə qonşulardan danışın eeee... Allahınıza şükür edin ki, uşaqlarınız rahatlığımızı pozanda biz altdan yuxarı döşəmənizi taqqıldadıb sizi təşvişə salmırıq...

Qadın haqlı idi; biz gecə-gündüz Tanrımıza şükür etməli idik və edirik də. Ən azı ona görə ki, bütün xoşbəxtliyimizi bizə məhz bu mənzildə verib, çox ağrı-acılardan, bəzi itkilərdən sonra Turxanı, Turalı bu evdə verib bizə və bizi həyata bağlayıb, yaşamımızı mənalandırıb, gözəlləşdirib. Və şükür etməliyik ki, başımız üstündə Tanrıdan başqa kimsə yoxdur. Kimsə yoxdur ki, yuxarıda taqqıltı salsın, rahatlığımızı pozsun. Kimsə olsa belə, kiminsə uşağı rahatlığımızı pozsa belə, biz altdan yuxarı hikkə ilə tavanı döyəcləyəcək kimi bir əxlaqın, düşüncənin sahibi deyilik.

Tural xeyli ağıllanıb, göz dəyməsin. Kənddə yaxşı mənada çıxarmadığı oyun qalmadı. Ən xoşum gələni də, şəhərdə tapşırdıqlarımdan, dediklərimdən nəticə çıxarması idi. Şəhərdəki evimizdə səs-küy salanda, atılıb-düşəndə deyirdim: səs salmaq olmaz! Dilavər baba yatır! O, səs-küydən narahat olur, xəstədir, qoca babadır, onu incitmək olmaz! Bunları yadında möhkəm saxlayıb və kənddə, böyük, kiçik, kim səs-küy salsa, atılıb-düşsə deyirdi: “Eyyy, səs salmayın, Dilavər baba yatır, xəstədir, onu incitmək olmaz!”

Bakıya qayıdarkən yolumuzu Qəbələdən saldıq. İstədim ki, Azərbaycanımızın bir neçə qədim şəhərilə uşaqları tanış edim. Bu, Turxana xüsusilə çox gərəkli idi; bu il üçüncü sinfə gedəcəkdi. Yəqin ki, müəllimi kimin yayı harda və necə keçirdiyini soruşacaqdı. Bu məqsədlə də onu Qəbələ, İsmayıllı, Şamaxı şəhərlərilə, qismən də olsa, tanış edir, qısa məlumatlar verirəm…

Bakıya doğru yol gedirik. Tural tez-tez hara və niyə getdiyimizi soruşur. Yenidən kəndə-çox sevdiyi babasının, nənəsinin yanına qayıtmaq istəyir. Arabir telefonla danışdırıram onları. Turaldan, Turxandan ayrı qalmış nənənin, babanın səsi titrəyir, kövrəldikləri, darıxdıqları hiss olunur. Və babasının hansısa sorğusunu cavablandırmaq əvəzinə Tural məndən soruşur: “Ata, biz Dilavər babanın yanına gedirik?!”

“Hə” – deyirəm. O dəqiqə deyir: “Ata, səs salmaq olmaz, aaa, Dilavər baba yatır!..”

İllərdən sonra Tanrı rəhm edib, sevindirib bizi; Turxan və Turalı göndərib ömrümüzə, həyatımıza. Ona görə də bütün fərəhimiz, yerişimiz, duruşumuz onlarla bağlıdır. Onlar kimi sevinir, onlar kimi kədərlənir, onlar kimi gülürük. Hətta elə bilirik, onlarla birgə doğulmuşuq dünyaya və biz də onlarla eyni yaşdayıq...

Şamaxıya yaxınlaşırıq. Şəhərin girişindən solda – yolun qırağında bir kişi dayanıb. Eşitdiyimə görə, düz iyirmi beş il yol müfəttişi vəzifəsində çalışıb. Bu müddət ərzində kimsənin ürəyini qırmayıb və kimsədən bircə manat da olsun, rüşvət almayıb. İndi təqaüddədir. Yola, peşəsinə sadiq olaraq, yenə də yollardadır. Sanki bura onun iş yeridir. Hər gün öz köhnə avtomobili ilə buraya gəlir, axşam saatlarınacan burdakı nəhəng ağacın altında kölgələnir, yanından ötən avtomobillər dayanır, sürücülər onu ehtiramla salamlayır, hal-əhval tutur, sonunda ona zamanında etdiyi xeyirxahlığına görə üç-beş manat pul verir, gedirdilər.

Maşını sabiq yol müfəttişinin yanında saxlayıram. O, bunu görüncə yaxınlaşıb pəncərədən bizi salamlayır, Tural və Turxana xeyir-dua dolu sözlər söyləyir. Turalın gələcəkdə həkim, Turxanın isə hüquqşünas olmasını Tanrıdan diləyir. Bu, məni çox fərəhləndirir və həm də təəccübləndirir; elə bil bu kişi mənim ürəyimdən keçənlərdən xəbərdar idi. Sanki bilirdi ki, həmişə arzu edirəm ki, Tural gözəl bir həkim, Turxan da insanların hüquq müdafiəçisi olsun. Bununla da bu keçmiş yol qoruyucusuna rəğbətim ikiqat artır... Sonda yenə də o, ağız dolusu dua edir, bizi Bakıya aparan yola doğru uğurlayır...

Axşamçağı Bakıya daxil oluruq. Turxan və Tural fərəhlə, həyəcanla Bakını salamlayır, əllərini yellədirlər. Tural, babasının öyrətdiyi şeiri söyləyir:

 

“El bilir ki, sən mənimsən,

yurdum, yuvam, məskənimsən…”

 

...Pilləkənləri qalxırıq. Evimizi salamlayırıq. Qapıları açırıq, otaqların sanki bağrı yarılıb dəhşətli istidən. Bir anlıq bayıra çıxırıq. Tural da yanımdadır. Soruşur: “Ata, niyə qaranlıx oldu?.. Ata, biz kəndə niyə qayıtmadıq?.. Ata, Dilavər baba hanı?..”

Qapıbir qonşumuz olan professor xanım kənddən qayıtdığımızı duyub bayıra çıxır...

O, bizə ilk gündən özünü professor kimi təqdim edib və öz aramızda ondan söz açanda həmişə “professor elə dedi”, “professor belə dedi” deyirik.

Professor xanım çox ədalı və özündən də çox razıdır. Kimsəni də bəyənməz. Həmişə də eyvanda məni görən kimi yaxınlaşır və deyir: “Siz də ziyalısız, biz də. Bura bizim yerimiz deyil. Bu cahillərin, nadanların, pintilərin qonşuluğunda yaşamaq bizə yaraşmır. Bircə bu binalar da plana düşsəydi, canımızı götürüb qaçardıq burdan. Deyirlər, hər kvadrat metrinə yaxşı pul verəcəklər... Gərək evi təmir etdirməyəydiniz, havayı pul tökdünüz. Tezliklə alıb uçurdacaqlar bu binanı... Bu qonşularımız var eee... Tfu!.. Allahın lənətinə gəlsinlər!.. Siz ziyalısız eee, ona görə dərdimi açıram sizə. Bu biri qonşular nə zibildirlər ki, özümü endirib də özüm haqqında onlara nəsə deyim?!”

Professor bizə “xoşgəldin” etdikdən sonra yenə dedi-qoduya başladı: “Bu ətyeməz qonşumuz var aaa, offf, bilirsiz nələr var onda?!”

Ətyeməz qonşumuz mehriban bir qadın idi. Əslən Şəki şəhərindən olan bu qadın və əri, demək olar, bizim ən yaxşı qonşularımız idilər. Övladları da çox tərbiyəli, ağıllı təsir bağışlayırdılar. Amma onlar öz dinlərini dəyişmiş; müsəlmanlıqdan çıxmışdılar. Xristian da deyildilər. Bilmirəm, deyəsən, buddizmi qəbul etmişdilər, ya nə idisə, qurban kəsilərkən onlara verdiyimiz qurban payını həmin qadın geri qaytarmışdı ki, biz belə şeyləri qəbul etmirik, bu, bizim dinimizə ziddir-filan. Elə bu üzdən də professor onun adını “Ətyeməz” qoymuşdu.

         Tural əlimdən tutaraq maraq dolu baxışlarını professorun üzünə tuşlamışdı. Professorun dedi-qodusu bitənə oxşamırdı. Bakının dözülməz istisi də o biri yandan üzmüşdü məni.

Professorun danışığından, deyəsən, Tural da xoşlanmadı və qəfil dedi: “Eeeey, səs salmaq olmaz! Aşağıda Dilavər baba yatır!..”

          Elə həmin il şəhərin mərkəzində yerləşən evimizi satıb çoxdan arzusunda olduğum, şəhərətrafı, sakit, havası təmiz, təbiəti gözəl olan bir məkanda torpaq sahəsi alaraq könlümüzcə olan bir ev tikdirdik. Artıq kimlərisə rahatsız edəcək kimi bir qorxumuz yox idi. Evimizin alt-üst qatında da kimlərsə yaşamırdı və hər şey bütünlüklə yalnız bizim özümüzə məxsus idi – bütün rahatlığı və bütün çatışmazlıqları ilə. Ancaq Tural hələ də ehtiyatla davranırdı; evimizə gələn qonaqlara, onların azyaşlı uşaqlarına öncədən xəbərdarlıq edirdi: “Eeey, səs salmaq olmaz! Aşağıda Dilavər baba yatır!”

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

 

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İslam dünyasının peyğəmbəri buyurub ki, insanı sevindirən təkcə onu şad etmir, Allahı da özündən razı salır. Əgər bunu anlamaq mənə nəsib olubsa, niyə də onu sevindirib, Allahı özümdən razı salmayım? Bəlkə elə, o dünyada dadıma yetən bu əməlim olacaq...

 

...Nadir hallarda əsəbləşir. Bəzən hisslərinə qapılıb emosional olur. Dilini saxlaya bilmir və düşünmədən həqiqəti danışır. Həqiqət acı olur, axı. Amma onun rəyi ilə hesablaşmaq lazımdır, çünki yaxşı məsləhətlər verir. Hər hansı bir işi başladısa, ona həvəslə girişir. Çoxşaxəli qabiliyyət sahibidir, ziyalı, iradəli, dözümlü, alicənabdır. Qürurlu və məğrurdur...

Lənkaranda onu tanımayan adam yoxdur. El arasında böyük nüfuz qazanıb. Onu belə fərqləndirən şəxsi cazibəsidir. Onun fiziki gözəlliyini tamamlayan fərdi xarizması var. Heç vaxt sərt bir rəftar nümayiş etdirmir. Özünü sevdirməyi bacarır və bu sevgiyə layiqdir...

1976-cı ilin avqust ayının 8-də Lənkəran rayonunun Səpnəkəran kəndində dünyaya gəlib. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirib. Lənkəran Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib, eyni zamanda Ümumi dilçilik və xarici dillər kafedrasında laborant vəzifəsində çalışıb. 2002-ci ildə LDU-nun magistratura pilləsində Yeni və ən yeni tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən LDU-nun Tarix kafedrasında çalışır. Tarix elmləri namizədidir. Hazırda Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturasında “Cənub bölgəsinin arxeoloji abidələrinin Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Leyla xanım LDU-nun dosenti kimi “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasından dərs deməklə yanaşı, həm də Lənkəran Tarix Diyarşünaslıq muzeyinin direktorudur...

Özünə son dərəcə güvənən xanımdır. Daxil olduğu mühitdə diqqəti özünə çəkməyi bacarır. Gözəl inzibatçıdır, idarəetmə bacarıqlarını daim inkişaf etdirir. Mükəmməllik tərəfdarı olduğundan işdə qüsur və səhvləri tez görür...

Beşinci sinifdə oxuyarkən iki il Lənkərandakı zabitlər evində dərzilik və toxuma kursunda oxuyub. İşinin çox olmasına baxmayaraq, bu gün də bəzək əşyaları və toxuma gəlinciklər hazırlayır. Hətta hazırladığı əl işlərindən öz geyimlərində də istifadə edir...

Xülasə, haqqında söhbət açdığım Leyla Məcidovanın avqustun 8-də 50 yaşı tamam oldu. Onu yubileyi münasibətilə ürəkdən təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

Çərşənbə, 12 Avqust 2026 16:09

Qazaxın məşhur rejissoru

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanımızı tarix boyu elm, ədəbiyyat və hərb sənətləri üzrə layiqli şəxsiyyətlərlə təmin edən Qazaxda zaman-zaman kino və teatr sahələrində də ustad sənətkarlar – rejissor və aktyorlar yetişiblər. Onlardan biri barədə sizə danışmaq istəyirəm. Bu gün anadan olmasının 83-cü ildönümü tamam olan mərhum Vaqif Şərifov barədə.

 

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. Əslən Qazax rayonunun Yuxarı Əskipara kəndindəndir.1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

1967–1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974–1977-ci illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977–1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981–1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984–1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb

Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İctimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləyib.

Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olub. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. 2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycan SSR əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıcılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilib.

 

Filmoqrafiya

- Acılar bitməz (film, 2009) — rol: İsmayıl

- Adam ol! (film, 2005) — quruluşçu rejissor; rol: erməni

- Adam ol! 3 (film, 2007)

- Aşiqlər (film, 2008)

- Cavad xan (film, 2009)

- Aktrisa (film, 2011) — rol: mühasib

- Bombaltı (film, 2019) — rol: Petya

 

Vaqif Şərifova 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 13 fevral 2014-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilib.  2003-cü ildə "Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Vaqif Şərifov 5 oktyabr 2021-ci ildə 78 yaşında vəfat edib. Sənətkar Gəncədəki Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

Çərşənbə, 12 Avqust 2026 17:37

Görkəmli tarzənin anım günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün tarzən, Azərbaycan SSR əməkdar artisti Baba Salahovun anım günüdür. Onun tarla solo ifaları əlbət ki yaşlı nəslin yaddaşından çıxmaz. Lent yazılarından görürük ki, onun əlində bu çalğı aləti sanki canlıydı, danışırdı...

 

Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olub. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənib. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olub. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik edib. 

Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət edib.

Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılıb. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.

 

Mükafatı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Lalə Azəri görkəmli tarzən barədə yazır:

Tar ifaçılığı sənətindən söhbət düşəndə böyük tarzən Sadıqcandan üzü bu yana sənət tariximizdə iz qoyan onlarla ustadın adını çəkə bilərik. Bu gün də Azərbaycanda tar ifaçılığında görkəmli sənətkarlar fəaliyyət göstərirlər və hər birinin musiqi mədəniyyətimizdə öz xidməti var.

 

Əməkdar artist, tarzən, musiqi təşkilatçısı Baba Salahov da belə unudulmaz sənətkarlardan biridir. Uzun illərdir ki, televiziya ekranlarından konsertlər zamanı aparıcıların təqdimatında “Çıxış edir Baba Salahov adına “Araz” Xalq çalğı alətləri ansamblı” ifadəsini eşidirik. Bəli, bu il qocaman ansamblı yaradan, uzun illər həm pedaqoji, həm də ifaçı kimi sənətə xidmət edən tarzənin 103 illik yubileyidir.

Akademik Rafael Hüseynov Azərbaycan Radiosunda tarzənlə bağlı verilişlərinin birində onu belə təsvir edir:

 “Elə görkəmindən ziyalılıq yağırdı. Gözlərində qalın sağanaqlı eynək, sifətində həmişə daxili təmkinini nişan verən ciddi ifadə, hərəkətləri, danışığı, rəftarı sahmanlı, ölçülü-biçili. Tanımayan olsa, ilk baxışdan onu bir alim, təcrübəli müəllim, oturuşmuş qələm sahibi zənn edərdi.

Amma istedadlı, qabiliyyətli və elə o qədər də təvazökar, özünü diqqət mərkəzinə çəkmək duyğusundan, şöhrət hisslərindən çox uzaq olan bu sadə insan musiqiçi idi, tarzən idi və onu bütün Azərbaycan tanıyırdı”.

Xalq artisti, tarzən Ağasəlim Abdullayev deyir ki, bu gün sənətdə tanınmağında, Xalq artisti tituluna qədər yüksəlməyimdə Baba müəllimin əməyi danılmazdır:

 “Çox gözəl sənətkar və insan idi. Baba müəllimi xatırlayanda ötən əsrin 60-70-ci illəri yadıma düşür. Onu qiyabi olaraq musiqi məktəbində təhsil aldığım illərdən televiziya vasitəsilə tanıyırdım. O zaman Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri idi.

Belə bir mötəbər ansamblın konsertmeysteri olmaq da hər ifaçıya nəsib olmur. Baba Salahov çox savadlı idi. Not yazılan kimi əzbərə ifa edirdi. Sonra tale elə gətirdi ki, o vaxtkı Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunanda onu tez-tez üzbəüz görməyə başladım.

Həmin texnikumda dərs deyirdi. 1969-cu ildə məni rəhbəri olduğu kollektivə dəvət etdi. Bu ansambla gələndən sonra bizim ata-oğul münasibətlərimiz başladı. O vaxt üçüncü kursda təhsil alırdım... Belə insanlar heç zaman unudulmazlar. Kim ki sənə yaxşılıq edir, gərək onu hər zaman ehtiramla yad edəsən.

 Baba müəllim mənə hədsiz yaxşılıqlar edib. Həftədə bir dəfə ansamblla konsertlərimiz olurdu və hər zaman da mənə solo hissələrdə yer verirdi. Bu solo və televiziyada ansamblla çıxışlarımla da, demək olar ki, məni xalqa tanıtdı”

Möhlət müəllim sonradan həmin ansambla rəhbər təyin edilməsindən də danışır:

“Baba Salahov 1981-ci ildə dünyasını dəyişəndən sonra ansambla mən rəhbərlik etməyə başladım. Hazırda fəaliyyətdə olsaq da, müəyyən səbəblərdən gec-gec konsertlərə çıxırıq. Çalışıram ki, ustadımın adı “Araz” Xalq çalğı alətləri ansamblı ilə hər zaman qoşa səslənsin. Azərbaycanda elə bir xanəndə yoxdur ki, Baba müəllimin ansamblı ilə ifa etməsin. Tələbələri də çox idi.

 

 Onlardan bəziləri musiqi kolleclərində direktor, bəziləri də tanınmış tarzən kimi fəaliyyətlərini davam etdirdilər. Şəxsiyyət kimi də nümunəvi insan idi. Çox sadə, təmkinli və mədəni insan idi. Heç unutmuram. Hətta məşq zamanı bir neçə dəfə səhv edən musiqiçiyə belə əsəbiləşəndə özünəməxsus şəkildə “ay, çox sağ ol” ifadəsi işlədərdi. Çox böyük hörmət sahibi idi...”.

 

Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat edib.

Baba Salahov sənəti mədəniyyət tariximizin unudulmayan səhifələrindən biridir. Bu gün sənətkarın adı həm də Buzovna qəsəbəsində bir küçədə yaşadılır

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

81 -dən səhifə 3115

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.