“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Tərcümə saatı rubrikasında alman yazıçısı Volfqanq Borxertin bir hekayəsi təqdim edilir. Hekayəni dilimizə Cəlil Cavanşir tərcümə edib.
Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Müəllif haqqında:
Volfqanq Borxert – II Dünya Müharibəsindən sonra Almaniyada yaranan “Trümmerliteratur”un (dağıntı ədəbiyyatı) görkəmli nümayəndəsi, şair, dramaturq və qısa hekayələr ustası. 1921-ci ildə Hamburqda doğulub və 1947-ci ildə dünyasını dəyişib.
1942-ci ildə müharibədə yaralanır və difteriyaya tutulur. Sağ əlindən yaralandığı üçün özünəqəsddə şübhəli bilinərək ona ölüm cəzası verilir. Haqqında çıxarılan ölüm cəzası sonradan ləğv edilsə də, 1947-ci ildə aldığı yaralar nəticəsində dünyasını dəyişir.
Qısa ömür yaşamasına baxmayaraq, Alman ədəbiyyatında önəmli yeri var. Xüsusilə, alman ədəbiyyatında “Qrup-47” adı ilə tanınan ədəbi cərəyana ciddi təsiri olub.
Yaralı olduğu üçün, ölümün yaxında olduğunu hiss edən Borxert yazırdı: “Uzun hekayələr yazmağa, forma axtarışlarına, araşdırmalara, problemlərlə məşğul olmağa qətiyyən vaxtım yoxdur. Çox yazmalıyam, sürətli yazmalıyam”.
VOLFQANQ BORXERT
ANCAQ SİÇANLAR GECƏLƏR YATIRLAR
Tək divardakı boş pəncərə batmağa başlayan axşam günəşinin bənövşəyi rənginə bürünmüşdü. Dağılmış bacadan qalan dik daşların arasında toz zərrəcikləri rəqs edirdi. Hər tərəf daş yığınıydı.
Gözləri yumuluydu. Anidən ətraf daha da qaranlıqlaşdı. Kiminsə gəlib bu qaranlıqda qarşısında dayandığını hiss etdi. “Deyəsən, məni yaxaladılar”, – deyə düşündü. Gözlərini azacıq aralayanda gördüyü yeganə şey yamaqlı şalvarın içindəki iki ayaq oldu.
Ayaqlar o qədər əyri idi ki, aralarından arxa tərəfi görə bilirdi. Ayaqlardan gözünü çəkib yuxarı baxmağa cəsarət edəndə əlində bıçaq və səbət tutmuş yaşlı bir adam gördü. Adamın barmaqları toz-torpaqlı idi.
–Burda yatırsan? – deyə adam sual verdi və yuxarıdan-aşağı uşağın dağınıq saçlarına nəzər saldı.
Yurgen adamın ayaqlarının arasından günəşə baxdı:
– Yox, yatmıram. Göz-qulaq olmalıyam.
Adam başını buladı:
– Ona görə yanında dəyənəyin var?
– Bəli, – deyə cavab verdi və cəsarətlə dəyənəkdən yapışdı.
– Yaxşı, de görüm, nəyə göz-qulaq olursan?
– Bunu deyə bilmərəm. – Əlləri dəyənəyi daha bərk sıxdı.
– Pul üçün, hə? –Adam səbəti yerə qoyub, bıçağı şalvarına sildi.
Yurgen qorxa-qorxa dedi:
– Yox, pul üçün göz-qulaq olmuram. Tamam başqa şeyə görə burdayam.
– Bəs nəyə görə?
– Deyə bilmərəm. Orada nə olduğunu deyə bilmərəm.
– Yaxşı. Elə isə demə. Mən də sənə bu səbətin içində nə olduğunu deməyəcəyəm. –Adam ayağını səbətin üstünə qoyub, bıçağın üstünü örtdü.
Yurgen istehzayla gülümsədi:
– Mən səbətin içində nə olduğunu bilirəm. Dovşan yemidir.
Adam təəccübləndi:
– Əhsən, düz tapdın. Ağıllısan, balaca. Bəs neçə yaşın var?
– Doqquz.
– Oo, doqquz. Onda sən üç dəfə doqquzun neçə etdiyini bilirsən, elə deyilmi?
– Əlbəttə! – Yurgen vaxt qazanmaq üçün dilləndi: – Çox asandır, – deyə əlavə etdi və adamın ayaqlarının arasından baxdı: – Üç dəfə doqquz, eləmi? – deyə soruşdu yenidən: – İyirmi yeddi. Bunu bilirdim.
– Düzdür. Mənim də bu qədər dovşanım var.
Yurgen heyrətlə soruşdu:
– İyirmi yeddi dənə?
– İstəsən, onları görə bilərsən. Çoxu hələ balacadır. Görmək istəyirsən?
Yurgen sıxıla-sıxıla dilləndi:
– Yox, gedə bilmərəm. Bura göz-qulaq olmalıyam.
– Hər an burda olmalısan? Gecələr də?
– Gecələr də. Hər zaman, hər an burda olmalıyam. –Yurgen əyri ayaqların arasından yuxarı baxdı: – Cümə günündən bəri, burdayam.
– Heç evə getmirsən? Axı yemək yeməlisən.
Yurgen daşlardan birini qaldırdı. Daşın altında yarım çörək və siqaret qutusu vardı.
Adam sual verdi:
– Siqaret çəkirsən? Tənbəkin varmı?
– Eşmə bükürəm. Tənbəkini sevmirəm.
Adam səbətinə doğru əyildi:
–Heyf, dovşanları görə bilərdin. Əsas da balacaları. Bəlkə, bir dənəsini də özünə götürərdin. Amma heyf ki, burdan uzaqlaşa bilmirsən.
– Yox, – Yurgen təəssüfləndi: – Yox, yox!
Adam səbəti yerdən qaldırdı, özü də dikəldi:
–Heyf, – dedi və geriyə döndü.
– Məni satmasan, səbəbini deyərəm. – Yurgen tələsik dilləndi: –Siçanlara görə.
Əyri ayaqlar bir addım geriyə atdı:
– Siçanlara görə?
– Bəli. Ölüləri yeyirlər. İnsanları. Onlarla qidalanırlar.
– Bunu kim deyir?
– Müəllimimiz.
– Sən də siçanlara göz-qulaq olursan, eləmi?
– Yox, onlara yox! – dedi əvvəlcə, sonra astadan əlavə etdi: – Düz burada, yerin altında yatan qardaşıma. – Yurgen dəyənəyi ilə darmadağın olmuş divarları göstərdi: – Evimizə bomba düşdü. Bir anda işıq yox oldu. Qardaşım da. Biz onu çağırdıq. Məndən çox balacaydı. Cəmi, dörd yaşı vardı. Burdadır. Məndən çox balacaydı.
Adam yuxarıdan-aşağı uşağın başına baxdı və anidən dedi:
– Sizin müəlliminiz siçanların gecələr yatdığını deməyibmi?
Yurgen yorğun gözlərlə ona baxıb pıçıldadı:
– Xeyr, deməyib. Bunu deməyib.
Adam başını buladı:
– Yoox, bilirsən, o, müəllimdir. Bunu bilməməsi mümkündür. Gecələr siçanlar yatırlar. Gecələr rahatca evinə gedə bilərsən. Onlar gecələr yatır. Qaranlıq düşər-düşməz.
Yurgen çınqıl topasının içində dəyənəyi ilə balaca çuxurlar açdı. “Bunlar, sadəcə, balaca yataqlardır” – deyə düşündü: “Balaca yataqlar”.
O an adam dilləndi (əyri ayaqları hərəkətdə idi):
– Bilirsən, indi dovşanlarımı yemləyəcəyəm. Qaranlıq düşəndə sənə göstərməyə gətirəcəyəm. Bəlkə, birini də sənin üçün gətirim? Balaca birini? Ya da sən necə istəyirsən.
Yurgen balaca çuxurlar açdı çınqılın içində. Balaca dovşanları təsəvvür etdi… Ağ, boz, bozumtul…
– Bilmirəm, – dedi və adamın əyri ayaqlarına baxdı:– Həqiqətən, siçanlar gecələr yatırlar?
Adam dağıntının üstünə çıxdı:
– Təbii ki, – dedi dağıntının üstündən: – Əgər sənin müəllimin bunu bilmirsə, işini atmalıdır.
Elə bu an Yurgen ayağa qalxdı:
– Dovşanlardan birini götürə bilərəm? Mümkünsə, ağ dovşanlardan birini...
Adam uzaqlaşa-uzaqlaşa dedi:
– Baxarıq. Amma burada bir müddət gözləməlisən. Səninlə evinizə gedəcəyəm, başa düşürsən? Atana dovşan yuvasını necə düzəltməyi başa salmalıyam. Bunu bilməyiniz vacibdir.
– Bəli, – Yurgendilləndi: – Gözləyəcəyəm. Qaranlıqdüşənə qədərburagöz-qulaqolmalıyam. Mütləqgözləyərəm. Evdə bizimtaxtalarımızvar. Sandıqtaxtaları. – Yurgenbağırdı.
Adamdeyilənlərieşitmirdi. Əyriayaqları ilə günəşinbatdığı tərəfə doğrugedirdi. Günəş axşamıngəlişiilə qızılı rəngalmışdı. Və Yurgenadamın əyriayaqları arasındangünəşigörə bilirdi, həddindənartıq əyriayaqlarınınarasından. Səbətadamın əlində yellənirdi. Səbətiniçində dovşanyemivardı. Tozdanrəngibozarmış, yaşıldovşanyemi.
“Ədəbiyyat və incəsənət”
(07.10.2026)


