Super User
Bu gün Azərbaycanın ilk generalı və nasiri İsmayıl bəy Qutqaşınlının anım günüdür
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İsmayıl bəy Qutqaşınlı — XIX əsrin birinci yarısında yaşayan görkəmli Azərbaycan maarifçisi, yazıçı, diplomat və hərbçi olub. O, Azərbaycan realist nəsrinin ilk nümayəndələrindən biri, maarifçilik ideyalarının daşıyıcısı və ilk azərbaycanlı general‑mayor kimi tanınıb. Onun həyatı və fəaliyyəti çoxcəhətli olub, həm ədəbi, həm də siyasi-ictimai sahədə mühüm izlər buraxıb.
"Uşaqlıq və təhsil"
İsmayıl bəy 14 iyul 1806-cı ildə Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Soylu və zadəgan bir ailədə doğulub. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənib, Şərq ədəbiyyatı və İslam elmləri ilə tanış olub. Sonralar rus məktəblərində təhsilini davam etdirib və hərbi təhsil alaraq rus dilini də mükəmməl mənimsəyib.
"Hərbi fəaliyyəti"
1822-ci ildə İsmayıl bəy rus ordusuna yazılıb və Peterburqda hərbi kadet məktəbini bitirib. O, Rusiya imperiyasının müxtəlif hərbi kampaniyalarında, o cümlədən:
1826–1828-ci illərdəki Rus–İran müharibəsində, 1828–1829-cu illərdəki Rus–Osmanlı müharibəsində,
Dağıstan və Qafqazda baş verən üsyanların yatırılmasında iştirak edib.
Bu xidmətlərinə görə İsmayıl bəy müxtəlif orden və medallarla təltif olunub, 1847-ci ildə general-mayor rütbəsi alıb və Azərbaycanın bu rütbəyə yüksələn ilk övladı olub. Xüsusilə Müqəddəs Georgi ordeninə layiq görülməsi onun hərb sahəsindəki şücaətini göstərir.
"Ədəbi və maarifçilik fəaliyyəti"
İsmayıl bəy Qutqaşınlı Azərbaycan nəsrinin inkişafında mühüm rol oynayıb. O, romantizm və realizm üslubunu birləşdirən ilk yazıçılardan biridir.
Əsas əsərləri:
1. "Rəşid bəy və Səadət xanım" — Bu, Azərbaycan ədəbiyyatında ilk realist povest hesab olunur. Əsər fransız dilində yazılıb və 1835-ci ildə Varşavada çap olunub. Əsərdə sevgi, ailə dəyərləri və cəmiyyətin gerilikləri əks olunur.
2. "Tutu xanım" — Bu əsərin adı məlum olsa da, əlyazması günümüzə gəlib çatmayıb.
3. "Səfərnamə" — O, 1852-ci ildə Həcc ziyarətinə gedib və bu səfəri ilə bağlı xatirələrini ərəb dilində yazıb. Bu səfərnamədə həm dini duyğular, həm də sosioloji müşahidələr yer alıb.
Onun maarifçilik fəaliyyəti məktəb və maarif ocaqları açmaqla, xalqı savadlandırmaq çağırışları ilə yadda qalıb. Şamaxı və Qutqaşında uşaqlara dərs deyib, həmçinin bir neçə tərcümə işi ilə də məşğul olub. O, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir kimi dövrünün ziyalıları ilə yaxın münasibətdə olub.
1850-ci illərdə təqaüdə çıxaraq doğma torpaqlarına — Qutqaşına və Şamaxıya qayıtmış, burada ictimai fəaliyyət və müəllimliklə məşğul olub. 14 avqust 1861-ci ildə Ağdaş karvansarasında nahar zamanı həyat yoldaşı Tutu xanımla birlikdə zəhərlənib və vəfat edib. Onun nəşi doğulduğu Qutqaşında dəfn olunub.
"İrs və xatirə"
Azərbaycan tarixində həm hərbçi, həm də maarifçi və ədib kimi dərin iz qoyan şəxsiyyətlərdən biridir. Onun adı bu gün:
- Küçələrə verilib (Bakı və Qəbələdə)
- Yubileyləri qeyd olunur
- Əsərləri yenidən nəşr edilir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
İlk rəngli inci və incəsənət hesabatı: "Doğma xalqıma" filmi
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
"Doğma xalqıma" (digər adı ilə "Doğma xalqımıza") – Bakı Kinostudiyasında istehsal olunmuş, Azərbaycan kino tarixinin ilk tammetrajlı rəngli bədii-sənədli film-konsertidir. Ekran əsəri milli mədəniyyətimizin zənginliyini, dahi sənətkarlarımızın yaradıcılıq potensialını gələcək nəsillərə ötürən vizual bir hesabat, Azərbaycan kinosunun inkişafında yeni mərhələnin təməlini qoyan tarixi əhəmiyyətli bir incidir.
Yaradıcı və texniki heyət
Filmin ərsəyə gəlməsində həm yerli, həm də sovet kinosunun ən parlaq simaları çiyin-çiyinə çalışmışlar. Kinematoqrafik heyətin ustad işi ekran əsərinin rəng və işıq estetikasını yüksək səviyyəyə qaldırmışdır.
Quruluşçu Rejissorlar: Yan Frid və Hüseyn Seyidzadə
Ssenari Müəllifi: Həsən Seyidbəyli
Quruluşçu Operator: Əlisəttar Atakişiyev
Musiqi Rəhbəri və Bəstəkar: Niyazi
Quruluşçu Rəssamlar: Cəbrayıl Əzimov və Elbəy Rzaquliyev
Süjet struktur və yaradıcılıq hesabatı
Film-konsert janrında çəkilən bu əsər Azərbaycanın dahi incəsənət xadimlərinin zəhmətkeş xalqa yaradıcılıq hesabatı xarakterini daşıyır. Ekran əsərində milli operalarımızdan, baletlərimizdən və simfonik əsərlərimizdən seçilmiş unikal musiqi və rəqs nömrələri vahid süjet xəttində birləşdirilmişdir.
Klassik əsərlərin vəhdəti: Filmdə Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Tofiq Quliyevin, Soltan Hacıbəyovun və Əfrasiyab Bədəlbəylinin ölməz bəstələrinə yer verilmişdir.
Səhnə performansları: "Koroğlu" və "Nərgiz" operalarından yaddaqalan parçalar, həmçinin "Yeddi gözəl", "Qız qalası" və "Gülşən" baletlərindən rəqs nömrələri rəngli kadrlarla lentə alınmışdır.
Nəhəng ifaçılar silsiləsi: Filmdə dahi müğənnilər Rəşid Behbudov və Bülbülün bənzərsiz vokalları, eləcə də əfsanəvi rəqqasələr Qəmər Almazsadə, Leyla Vəkilova və Rəfiqə Axundovanın bədii xoreoqrafik çıxışları nümayiş etdirilir.
Filmin çəkiliş tarixi və rejissor qarşıdurması
Ekran əsərinin arxasında çox maraqlı və gərgin bir istehsalat prosesi dayanır. Layihənin çəkilişlərinə başlanarkən quruluş tamamilə rusiyalı rejissor Yan Fridə həvalə edilmişdi.
Lakin milli koloritin, musiqinin və rəqslərin ruhunu yerli bir mütəxəssisin daha yaxşı hiss edəcəyini dərk edən dahi kinorejissor Mixail Rommun birbaşa təşəbbüsü və təklifi ilə Hüseyn Seyidzadə layihəyə həmmüəllif kimi cəlb olundu. Seyidzadənin gəlişi filmə milli ruh və emosional dərinlik bəxş etdi, nəticədə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə tamamlandı.
"Doğma xalqıma" sənədli-bədii film-konserti təkcə texniki yeniliyi ilə deyil, həm də sovet repressiyalarından və çətin illərdən sonra Azərbaycan xalqının milli mənliyini, mədəni zənginliyini qoruyub saxladığını nümayiş etdirən mənəvi bir manifest idi.
Uzun illər arxivlərdə qalan və müəyyən səbəblərdən geniş kütləyə nümayiş olunmayan bu dəyərli lent yazısı, Rusiya Dövlət Film Fondu tərəfindən mükəmməl şəkildə bərpa edilmiş və Azərbaycan Dövlət Film Fondunun arxivinə təhvil verilmişdir. Nizami kinoteatrında keçirilən ictimai baxışlar dahi sənətkar Rəşid Behbudovun və Hüseyn Seyidzadənin xatirəsini bir daha uca tutmuş, bu ekran əsərinin tariximizdəki silinməz izini sübut etmişdir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Cağdaş teleserial bazarının əsas satıcısı RÖVŞƏN İSAX
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanın bərbad gündə olan teleserial industriyasına yeni nəfəs, yeni dad gətirdi bu şəxs. Ona görə də onu çağdaş teleserial bazarının əsas satıcısı adlandırmaq mümkündür. Çünki məhz o çəkənlər sevilir, rəğbətlə qarşılanır. Bəli, yanılmadınız, söhbət rejissor, aktyor Rövşən İsaxdan gedir.
Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb. Dövlət Gənclər Teatrında, Dövlət Pantomim Teatrında aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb.
Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub. Hazırda "Pozitiv Media"nın direktorudur.
Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.
1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Filmoqrafiya
"Rejissor kimi"
1. Azərbaycan Xalq Cümhuriyyəti
2. 40-cı qapının qıfılı
3. Aktrisa
4. Kiçik Leytenant
5. Sonuncu fəsil
6. Vicdan haqqı
7. Yuxu kimi
8. Pərvanələrin rəqsi
9. İmtina
"Aktyor kimi"
- Yarasa
- Etimad telefonu
- Aktrisa
- Kiçik Leytenant
- Sonuncu fəsil
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Köhnə Bakı bağları: isti qumun, ağ şanının, külafirənginin həsrəti
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Bakı bağları haqqında danışanda ilk yada düşən dəbdəbəli villalar, hovuzlar və ya landşaft dizaynı deyil. İlk yada düşən uşaqlıqdır. Günəşdən yanmış ayaqlar, qum qoxusu, samovarın tüstüsü, nənənin səsi, dənizdən gələn meh və külafirəngidə günorta mürgüsü...
Bir vaxtlar Bakı bağları elə-belə istirahət məkanı deyildi. Onlar bütöv bir həyat idi. Yay tətili başlayan kimi şəhər boşalardı. Bilgəh, Mərdəkan, Buzovna, Şüvəlan, Pirşağı, Novxanıda bağı olan ailələr bir neçə aylıq ora köçərdi. Hətta bağı olmayanlar da qohumların, tanışların bağ evlərinə üz tutardılar. Çünki Bakı yayı bağsız təsəvvür olunmurdu. Və həm də bağ qonaqlı-qaralı olanda maraqlı olurdu.
Bağ həyətlərinin ilk xüsusiyyəti isti qum idi. Elə qum ki, günorta saatlarında ayaqyalın onun üstü ilə yerimək mümkün olmurdu. Uşaqlar kölgədən kölgəyə qaçır, ayaqlarını yandırmamaq üçün hoppana-hoppana gəzirdilər. Amma nənələrimiz buna imkan verməzdilər. “Yeriyin, qorxmayın. İsti qum dərmandır”, – deyərdilər.
O vaxtlar belə bir inam vardı ki, xüsusilə Abşeronun məşhur qızılqumu revmatizmə, oynaq ağrılarına və bədənin müxtəlif ağrılarına yaxşı təsir edir. Yaşlılar qumun üstündə gəzir, hətta ayaqlarını quma basdırırdılar. Biz uşaqlar isə bunun müalicə olduğunu yox, sadəcə ayaqlarımızın necə yandığını hiss edirdik.
Ayaqyalın gəzməyin başqa bir "bəlası" da vardı – tikan.
Bağ həyətində qaçarkən ayağa tikan batması adi hadisə idi. Sonra evdə kiçik bir “əməliyyat” başlanardı. Nənə tikiş iynəsini alovda qızdırar, lupaya oxşayan eynəyini taxıb diqqətlə ayaqdakı tikanı çıxarmağa çalışardı. Biz ağrıdan gözümüzü yumardıq, o isə sakit səslə “bir az döz” deyərdi. Tikan çıxandan sonra da iş bitməzdi. Bir neçə saat, bəzən bir gün axsaya-axsaya gəzərdik. Amma ertəsi gün yenə ayaqyalın həyətə qaçardıq.
Köhnə Bakı bağlarının ən gözəl guşəsi isə külafirəngi idi.
İndi onu çox az yerdə görmək mümkündür. Halbuki bir vaxtlar demək olar ki, hər bağın bəzəyi məhz külafirəngi idi. Dörd tərəfi açıq olduğundan Bakı küləyi hər tərəfdən əsər, yayın ən isti günündə belə orada sərinlik hökm sürərdi.
Günorta yeməyindən sonra hamı orada salınan döşəklərdə uzanar, başının altında mütəkkə qoyardı. Böyüklər mürgüləyər, uşaqlara isə “səs salmayın” tapşırılardı.
Samovar isə Bakı bağlarının ayrılmaz hissəsi idi.
Bağda samovar qaynamayan gün olmurdu. Axı hər bir azərbaycanlı üçün çay söhbətin, qonaqpərvərliyin, ailə birliyinin rəmzi idi. Axşamlar samovar qaynar, armudu stəkanlarda çay süzülər, mürəbbələr açılar, söhbətlər gecənin qaranlığına qədər davam edərdi. Samovarın yanında isə mütləq nəsə bişərdi.
Ən çox da qutab...
Sacın üstündə bişən qutabların qoxusu bütün həyətə yayılardı. Nənə bişirdikcə nəvələr bir-bir sıraya düzülər, isti-isti qutabları növbə ilə götürüb yeyərdilər. O qutabın dadını bu gün ən bahalı restoranlarda belə tapmaq çətindir.
Bağ həyətinin başqa bir gözəlliyi üzüm meynələri idi.
İndiki kimi hündür talvarlar yox idi. Meynələr çox vaxt torpağın, isti qumun üstü ilə uzanardı. Günəş bütün gün salxımları qızdırar, üzüm daha şirin, daha ətirli yetişərdi.
Yazda yarpaqları yığılardı. Təzə yarpaqdan ləziz dolma bişər, qalan yarpaqlar isə qış üçün duza qoyular və ya xüsusi qaydada saxlanardı. Salxımlar hələ tam yetişməmişkən nənələr qora yığar, ondan təbii abqora hazırlayardılar. O abqoranın turşməzə dadı həm yeməklərə xüsusi ləzzət verər, həm də qış tədarükünün vacib hissəsi sayılardı. Onun da müalicəvi əhəmiyyəti az deyildi. Nənələr deyirdi ki, təzyiqi aşağı salır.
Bağ həyətinin bir başqa sevinci isə dəniz idi
Səhər tezdən və günortadan sonra uşaqlar ayaqyalın Xəzərə tərəf qaçardılar. O vaxt dənizlə bağ arasında nə böyük hasarlar vardı, nə də avtomobillərin sıx hərəkəti. Dəniz həyatın təbii davamı idi. Günün ən gözəl saatları məhz Xəzərin sərin sularında keçərdi.
Axşam düşəndə isə ulduzlar sayılardı...
Hamı həyətdə “setka” çarpayılarda uzanıb göyə baxardı. O da arabir cırıldayardı. Ulduzlar isə indiki kimi şəhərin işıqları arasında itmir, bütün səmanı bəzəyirdi. Uşaqlar ulduz saymağa başlayardılar. El arasında belə bir inam vardı ki, kim nə qədər çox ulduz saysa, ömrü də bir o qədər uzun olar. Biz də böyük həvəslə sayar, bir yerdən sonra ulduzları qarışdırıb yenidən başlayardıq.
İllər keçdi... Bakı bağları da dəyişdi...
İndi həyətlərdə isti qumun yerini daş plitələr tutub. Ayaqları yandıran o məşhur qızılqum artıq çox yerdə görünmür. Uşaqlar ayaqyalın qumun üstündə yox, ayaqqabıda dekorativ örtüklərin üzərində gəzir.
Meynələr artıq torpağın üstü ilə uzanmır. Səliqəli talvarlarda böyüyür, landşaft dizaynının bir hissəsinə çevrilib. Bağlarda meyvə ağaclarından çox dekorativ bitkilərə rast gəlinir. Külafirənginin yerini qapalı besedkalar, kondisionerli yay mətbəxləri tutub. Samovarın tüstüsü əvvəlki kimi hər həyətdən qalxmır. Onun yerini elektrik çaydanları alıb.
Ən böyük dəyişiklik isə dənizlə bağlıdır
Bir vaxtlar insanlar isti yay günündə tərəddüd etmədən Xəzərə qaçırdılarsa, indi çoxları həyətdəki hovuzu seçir. Dəniz bir az uzaqlaşıb, hovuz isə həyətin mərkəzinə gəlib. Müasir bağlar daha rahat, daha dəbdəbəli, daha funksionaldır. Amma nədənsə həmin rahatlığın içində köhnə bağların səmimiyyəti, qonşuların hasarın o üzündən etdiyi söhbətlər, isti qumun ayaqları yandıran hərarəti və bəlkə də elə o zamanlar çox adi gələn əsən külək çatışmır.
Bəlkə də zaman hər şeyi dəyişir. Amma insanın yaddaşında uşaqlığın yayı heç vaxt köhnəlmir.
Köhnə Bakı bağları bu gün əvvəlki görkəmində deyil. Ancaq isti qumun qoxusu, ayağa batan tikanın ağrısı, sacdan yeni götürülən qutabın ətri, samovarın tüstüsü, Xəzərin sərin suyu və ulduzlu yay gecələri həmin dövrü yaşamış hər bir bakılının qəlbində hələ də yaşayır...
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
“Turana qılıcdan daha kəskin, ulu qüvvət”…
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Naxçıvana səfəri ilk anlardan böyük ictimai maraq doğurdu.
Bütün digər hadisələrin içində səfərin çox incə, mənəvi bir xətti də vardı. Bəli, söhbət, Möminə Xatun məqbərəsindən, Əcəmi Naxçıvaninin heykəlinin açılışından, ümumən Naxçıvan memarlıq məktəbindən gedir.
Əgər bir şəhərdə 900 yaşlı bir memarın abidəsi ucaldılırsa, yaxın-uzaq həndəvərdəki bəzi dövlətlərin yaşı heç 450 il etmirsə, bunlar bizi qürurlandırmaqla birgə gələcəkyönümlü düşüncələrə, hər kəsi idraka da sövq edir…
Prezidentin sosial-iqtisadi, hərbi və enerji layihələri ilə yanaşı tarixi-mədəni irsin qorunmasına ayrıca diqqət yetirməsi dövlət quruculuğunun yalnız beton, dəmir və texnologiyadan ibarət olmadığını açıq-aydın göstərir.
Prezidentin AzTV-yə Naxçıvanda verdiyi müsahibədə səslənən fikir bu baxımdan səfərin kulturoloji açıqlaması sayıla bilər: görülən bütün işlərin təməlində milli kimliyimiz, milli ruhumuz, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız və tariximiz dayanır.
Bax, bu, əslində, çox böyük dövlətçilik formuludur. Çünki
yol çəkib yaddaşı itirmək inkişaf sayılmaz;
elektrik istehsal edib milli ruhu söndürmək qabaqcıllıq deyil və şəhər qurub tarixini dağıtmaq çağdaşlaşma ola bilməz.
Azərbaycanın seçdiyi model başqa modeldir. Həmin modeli bir cümləyə sığdırsaq, bu, keçmişi qoruyaraq gələcəyi qurmaqdır!
Əcəminin Möminə Xatunu ilə çağdaş sənaye parkının eyni dövlət proqramında, eyni səfərin gündəliyində görüşməsi məhz bunun rəmzidir.
Naxçıvandan Türk dünyasına doğan ədəbiyyat günəşi Hüseyn Cavidin ismarıcı yenə də güncəldir:
Turana qılıcdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
“Biz də onun bəngü sularında bir kölgə kimi görünüb keçəcəyik…”
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün mövzumuz ədəbiyyatdır.
Saxa-Yakutiyanın Xalq şairi, imzası Azərbaycan oxucusuna yaxşı tanış olan Natalya xanım Xarlampyevanın yeni yazısını “Ədəbiyyat və İncəsənət” oxucusuna təqdim etməkdən şadam.
Xanıməfəndinin bu içsəsi səfər təəssüratından daha artıqdır – doğma torpaqla, suyla, dağla ruhsal görüşün yazısıdır... Lena Sütunlarına hər dönüş onun üçün sadəcə yolçuluq olmur, bir növ özünə dönüş, yaddaşın yenilənməsi, doğanın ilkin dilini yenidən eşitməkdir. Biz Natalya xanımla, ortaq dostlarla 7 il öncə Lenada təknə gəzintisində olmuş, Lena Sütunlarına birgə tamaşa etmiş, şaman alxışı almışıq…
Budur, Lena Xalq şairinin yazısında çay olmaqdan çıxır – zamanın axarına dönüşür; Sütunlar yalnız qayalıq təsiri bağışlamır – zamanın qarşısında dimdik dayanan yaddaşa çevrilir... Bəli, insan gəlir, baxır, heyrətlənir, anır və gedir… Çay isə, çay isə… axır, axır, ağgünlərə axır...
Natalya xanım yazının sonunda çox şairanə, çox insani bir həqiqətə varır: “Biz də onun əbədi sularında bir kölgə kimi görünüb keçəcəyik…”
Bəlkə bax elə buna görə böyük çayların qıyısənda insan özünü həm kiçik, həm də böyük hiss edir: ömrümüz kiçikdir, mənsub olduğumuz yaddaş böyük…
Lena axır.
Ömür keçir.
Yaddaşsa qıyıda qalmır – o da çaya qoşulub bəngülüyə axır…
LENA SÜTUNLARI – DOĞMA TƏBİƏTİN XEYİR-DUASI
NatalyaXarlampyeva
Saxa-YakutiyanınXalq şairi
“Dağlardan yaxşı yalnız o dağlar ola bilər ki, hələ oralarda olmamısan…” – Vladimir Vısotskinin altın sözləridir.
İmkanlarım daxilində dünyanı yetərincə gəzmişəm. Çox dağlar görmüşəm; ancaq mənim üçün ən gözəl dağlar, əlbəttə, Lena Sütunlarıdır. İmkan düşdükcə hər yay oraya gedirəm.
Bu yerin insana güc verən, öz fiziki durumunu, bundan da artıq – mənəvi durumunu sınamağa imkan yaradan özəl bir sehri var! Hər dəfə Lena Sütunlarının gözəlliyi başqa cür, yeni biçimdə açılır; hər dəfə zirvədə göyüzü səni ötən dəfəkindən fərqli qucaqlayır, böyük Lenanın ucsuz-bucaqsız genişlikləri göz önündə tamam başqa cür açılır…
İlk dəfə bura gəncliyimdə – 1972-ci ildə gəlmişdim. O zaman Lena Sütunlarına köhnə “Mexanik Kulibin” teploxodu gedirdi. 1955-ci ildə tikilmiş bu gəmi indiyədək Lena ilə Tiksiyə qədər üzür. Mən də 2010-cu ildə onunla Kyusyura – demək olar, Laptevlər dənizinədək səyahət etmişəm.
Gəmi Almaniyada tikilib və görünür, öz dönəmində çox dəbdəbəli olub. Keçmiş cah-calalın izləri hələ də qalır… Kayutlarda qiymətli ağac növlərindən işlənmiş üzlüklər, latun və gümüşdən məhəccərlər, qapı tutacaqları, ağır taxta pilləkənlər… Bir də kayutların üzərində burma, vintaj şriftlə yazılmış lövhəciklər…
Haqqını vermək lazımdır “Mexanik Kulibin”in – bu gün də quzeylilərə sədaqətlə xidmət edir. Yəqin, ömrünü də burada – tikildiyi Varnemünde şəhərindən çox-çox uzaqlarda başa vuracaq…
1990-cı illərdən etibarən Lenaya Avstriyada tikilmiş iki çağdaş, gözəl teploxod – “Demyan Bednı” və “Mixail Svetlov” gəldi. Lena Sütunlarına kruizlər də beləcə adi hala çevrildi.
Bu dəfə də gəmi tam dolu idi – Rusiyanın mərkəzi şəhərlərindən gəlmiş təqaüdçü və məktəbli qrupları, hətta çexlərdən və polyaklardan ibarət kiçik turist qrupları vardı. “Lenaturflot” müflisləşmə həddindədir, səfər yollayışlarının qiyməti xeyli bahalaşıb; görünür, turistlər bu səyahət üçün az pul ödəməyib.
Ana Lena bu kruiz marşrutu boyunca əzəmətli, gözəl və sakitdir…
Ancaq Sanqar və Jiqanskdan aşağıda tamam başqadır. Axın xeyli sürətlənir, çayın yatağı genişlənir, ətraf mənzərələr Quzeyə xas təvazökar görkəm alır, Lena özü isə xasiyyətini dəyişir.
O, sərtləşir, qaralır, gözlənilməz və yenə qüdrətli olur. Hətta, bəzən insanı öz gücü və əzəməti ilə əzir sanki; eyni zamanda, qəribədir, həmin gücdən insana da pay verir…
Bu yerlərdə insan tamam başqa duyğular yaşayır!
Bəlkə elə buna görə klassiklərimiz Kulakovskini və Alampanı da bu genişliklər – Lenanın aşağı axarı, Quzey Buzlu okeanının nəfəsi özünə çəkirdi… Onların hər biri bu yerlərdə dəfələrlə olub və əsərlərində Lena məhz sərt, qüdrətli, öz bildiyini edən bir çay kimi öyülüb.
Lenanı yalnız yuxarı axarında görən onun sərtliyini və qüdrətini görməyib. Sanki bunlar iki ayrı çaydır!
Mən, demək olar, həmişə qonaqlarla səfər edirəm və istər-istəməz onları məşğul etmək, əyləndirmək lazım gəlir. Bu dəfə isə bacımla idim. O, mənim təbiətlə ünsiyyətimə mane olmur, qutsal bir ocağı ziyarət edən zəvvarın ovqatına bənzəyən halımı sakitcə anlayırdı…
Məni tanıyan çox adam vardı; ancaq cəmi bir qız yaxınlaşıb mənimlə selfi çəkmək istədi. Heç kim də gəlib “mən şeir yazıram” və yaxud “bacım şeir yazır” demədi… Bu da ayrıca bir rahatlıq yaradırdı…
Əslində, hər şey həmişəki kimi idi: qıyıda alqısçıtın (alqışçının) – xeyir-dua söyləyən şəxsin alqışı, zirvəyə aparan yeni pillələrlə aram-aram yüksəliş, özlərini bu yerlərin əsl yiyəsi kimi aparan və insanlardan qorxmayan burunduklar və çalağanlar…
Gəmiyə minərkən verilən bir qədəh şampan isə gözlənilməz oldu…
Gəmi qıyıdan ayrılarkən gələnəksəl “Slavyankanın vidası” marşı səsləndi…
Yadıma ötən gözəl zamanlar düşdü. 1990-cı illərin sonlarında bu teploxodlarda böyük alimlərin iştirakı ilə simpoziumlar, konfranslar keçirilərdi.
Yeri gəlmişkən, 1995-ci ildə Valeri Qaniçev Rusiya Yazıçılar Birliyinin səyyar plenumunu Saxaya gətirəndə biz qonaqlara Lena Sütunlarını da göstərdik.
O, unudulmaz bir plenum idi – ölkəmizin hər yerindən gələn yazıçılar yeni dönəmdə ilk dəfə bir araya toplaşmışdı…
Valeri Nikolayeviç sonralar deyərdi:
– Yazıçıları bir yerə topladığı üçün yakutlara təşəkkür edirəm!
Onları o vaxt bizim ilk prezidentimiz Mixail Nikolayev dəvət etmişdi, qonaqları isə ALROSA-nın prezidenti Vyaçeslav Ştırov qəbul edirdi.
Alyaskadan, Koreyadan, Yaponiyadan gələn qonaqları qarşıladığımız vaxtlar da olub. Dəbdəbəli kapitan kokteylləri, qıyıda bişirilən ünlü kapitan balıq şorbası da olurdu…
Bu yay mənim çox səfərim oldu – Peterburqda və Moskvada kitab festivallarında iştirak etdim, Qırmızı meydanda kitabımı təqdim etdim.
Ancaq bütün bu səfərlər içində könlümü ən çox şənləndirən, ruhumu istilik, sevinc və xoşbəxtliklə dolduran məhz bu səfər oldu…
Doğma təbiətlə birlik.
Onun xeyir-duası!
Mənzərəyə baxın – dağlar və buludlar Lenanın sularında əks olunur.
Biz də onun bəngü sularında bir kölgə kimi görünüb keçəcəyik…
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Sözləri yox, söz yaratmaq cəsarətini geri çağıraq
Eltən Törəçi,
dəyər yaradıcısı.
“Ədəbiyyat və incəsənət”
Azərbaycan türkcəsi duyumlarımızın, duyğularımızın, düşüncələrimizin axdığı yataqdır. Mən dilə yalnız danışmaq, anlaşmaq aracı kimi baxmıram. Dil bir ulusun yaddaşı ilə düşüncəsi arasındakı bağı qoruyan, o bağa düzən verən canlı quruluşdur.
Öz qarşılığı ola-ola işlədilən hər yad söz özlüyündə təhlükə deyil. Təhlükə başqa yerdə başlayır: dil bir gün yeni anlayış qarşısında öz sözünü yaratmaq gücünü itirəndə.
Dillər tarix boyu bir-birindən söz alıb, bundan sonra da alacaq. Elm, texnika, ticarət, mədəniyyət xalqları bir-birinə bağladıqca sözlər də sərhəd tanımır. Mən bütün alınma sözləri dildən çıxarmaq kimi bir düşüncəni doğru saymıram.
Məni düşündürən alınma sözün özü deyil.
Məni düşündürən öz dilimizdə anlayış yaratmaq vərdişimizin zəifləməsidir.
Biz Azərbaycan türkcəsində yalnız danışmamalıyıq. Bu dildə düşünməli, öyrənməli, öyrətməli, araşdırmalı, dartışmalı və yeni bilik doğurmağı da bacarmalıyıq.
Yüz il əvvələ baxanda bunun maraqlı örnəklərini görürük.
1920-ci illərdə Azərbaycan alimləri və maarifçiləri elmi anlayışlara öz dillərinin içindən qarşılıq tapmağa çalışırdılar. O çağın söz axtarışlarında “həndəsə” üçün biçimbil, “aksioma” üçün özübəlli, “düstur” üçün çeşni, “nöqtə” üçün bənək, “sənaye” üçün törədiş, “əhali” üçün yaşaq kimi sözlər ortaya çıxmışdı.
Bu sözlərin bəzisi bu gün qulağımıza yad gəlir.
“Biçimbil” yenidən “həndəsə”nin yerinə keçməlidirmi? “Çeşni”ni “düstur” əvəzinə işlətməliyikmi?
Məncə, məsələ bu deyil.
Hansı söz yaşadı, hansı söz unuduldu — bunu zaman və dilin işləkliyi müəyyənləşdirdi. Mənim üçün daha önəmli olan həmin sözlərin arxasındakı düşüncədir:
Azərbaycan türkcəsində elm necə danışmalıdır?
1922-ci ildə İstilah Komissiyasının yaradılması da belə bir axtarışın içindən doğmuşdu. Nəriman Nərimanov, Səmədağa Ağamalıoğlu, Tağı Şahbazi və başqa aydınlar riyaziyyatdan coğrafiyaya, kimyadan iqtisadiyyata qədər ayrı-ayrı elm sahələri üçün sözlər axtarırdılar.
1923-cü ildə “Kommunist” qəzetində həftəlik “Dilimizin istilahı” bölməsinin yayımlanması isə başqa bir maraqlı gerçəyi göstərir: söz yaratmaq yalnız alimlərin qapalı otaqlarda gördüyü iş deyildi. Toplum da bu arayışın içində idi.
Yəni yüz il əvvəl elmin dili toplumun danışdığı bir məsələ idi.
1948-ci ildə Elmlər Akademiyası yanında Terminologiya Komitəsinin yaradılması ilə bu iş daha düzənli şəkil aldı. Ali məktəblərə və elmi ocaqlara ayrı-ayrı sahələr üzrə sözlüklər hazırlamaq tapşırıldı, zamanla çoxsaylı elm və peşə sahələrini əhatə edən sözlüklər ortaya çıxdı.
Sovet çağını burada gözəlləşdirməyə ehtiyac yoxdur. Rus dilinin üstün mövqeyi, siyasi basqılar, əlifba dəyişiklikləri, dilə yuxarıdan edilən qarışmalar da həmin tarixin içindədir. Bəzən zorla düzəldilmiş, dilə yatmayan sözlər də yaradılıb.
Amma bütün bunların arasında diqqətə dəyər bir gerçək var:
Dövlət müstəqilliyi olmadığı çağlarda belə Azərbaycan alimi öz dilində elmi düşüncə qurmağa çalışırdı.
Bəs indi?
“Universitetlər heç nə etmir” demək doğru olmaz. Dilçilik İnstitutu, Terminologiya Komissiyası, ayrı-ayrı alimlər bu işi bu gün də davam etdirirlər.
Ancaq məncə, artıq başqa bir sualı daha açıq verməliyik:
Niyə öz sahəsinin Azərbaycan türkcəsində düşüncə dilini qurmaq universitetlərin gündəlik elmi işlərindən biri olmasın?
Tibb universitetinin işi yalnız yaxşı həkim yetişdirmək deyil. Tibb düşüncəsinin Azərbaycan türkcəsində işlək və anlaşılan dilini qurmaq da onun elmi yükünün bir parçası ola bilər.
Texniki universitetlər robototexnika, enerji, mexanika, yeni materiallar kimi sürətlə dəyişən sahələrdə ortaya çıxan anlayışları izləyə bilər.
İqtisadçılar rəqəmsal iqtisadiyyatın, maliyyənin, idarəetmənin, insan davranışına söykənən iqtisadi yanaşmaların söz dünyasını işləyə bilərlər.
Süni ağıl, genetika, biotexnologiya, kibergüvənlik, beyin elmləri kimi sahələrdə isə yeni anlayışlar elə sürətlə yaranır ki, dilin onların arxasınca kor-koranə gəlməsi yetərli deyil.
Burada məsələ yalnız dil sevgisi də deyil.
İnsan bir anlayışı ən yaxşı bildiyi dildə daha rahat qavrayır, onu əvvəlki biliyi ilə bağlayır və üzərində daha sərbəst düşünə bilir. Ana dilində güclü oxu, yazı və anlayış qurma bacarığının sonrakı öyrənməni də gücləndirdiyini göstərən geniş elmi ədəbiyyat var. UNESCO-nun ana dilində təhsil üzərində illərdir dayanmasının səbəblərindən biri də budur. Jim Cummins kimi araşdırmaçılar da bir dildə qurulan düşüncə bacarıqlarının başqa dillərin öyrənilməsinə dayaq ola bildiyini göstəriblər.
Buradan çıxan nəticə sadədir: öz dilində elm dili qurmaq başqa dillərdən üz çevirmək deyil.
Tam tərsinə.
Öz dilində anlayışı sağlam quran insan başqa dillərdəki biliyi də daha yaxşı qarşılayır.
Termin yaratmaq da yalnız bir əcnəbi sözün yerinə başqa söz qoymaq deyil. Yeni söz yaratmaq çox vaxt anlayışın sərhədini müəyyənləşdirmək, onu başqa anlayışlardan ayırmaq, həmin sahədə düşüncə düzəni qurmaq deməkdir.
Elə buna görə universitetə yalnız bilik ötürən yer kimi baxmaq mənə yetərli görünmür.
Universitet öz elm sahəsinin Azərbaycan türkcəsində düşüncə xəritəsini də qurmalıdır. Bunun üçün yüz nəfərlik idarələr yaratmağa ehtiyac yoxdur. Bir sahə alimi, bir dilçi, bir türkoloq, gərəkəndə bir redaktor. Kiçik bir çalışma birliyi belə çox iş görə bilər. Yeni anlayış ortaya çıxanda bir neçə sadə sual verilməlidir: Dilimizdə bunun qarşılığı varmı?
Varsa, niyə işlətmirik?
Türk dillərində buna hansı sözlər verilib?
Beynəlxalq söz olduğu kimi qalmalıdırmı?
Yoxsa Azərbaycan türkcəsinin öz köklərindən daha aydın və daha işlək söz yaratmaq mümkündür?
Burada başqa bir yanlışlığa da düşmək olmaz. Yeni söz yaradıldı deyə onun ertəsi gün hamıya buyuruqla qəbul etdirilməsi doğru yol deyil.
Sözü müəllim işlətməlidir.
Tələbə sınamalıdır.
Alim yazısında yer verməlidir.
Media onu topluma çatdırmalıdır.
İnsanlar onu danışığında yoxlamalıdır.
Dilinə yatan söz yaşayacaq. Yatmayan isə zamanla çəkilib gedəcək.
Çünki dili yalnız qərarlar böyütmür. Dili işlədən insan böyüdür.
Bu məsələ indi yüz il əvvəlkindən də önəmlidir. Azərbaycan türkcəsi artıq yalnız mədəniyyət və ədəbiyyat dili deyil. O, eyni zamanda bilik, elm və texnologiya dili olmaq sınağı qarşısındadır.
Sabah Azərbaycan türkcəsində işləyəcək ağıllı sistemlər də bu gün yaratdığımız mətnlərdən, sözlüklərdən, anlayışlardan və onların arasındakı bağlardan öyrənəcək. Bir anlayış üçün bir-birindən qopuq beş sözün işlənməsi və ya bütöv bir elm sahəsində Azərbaycan türkcəsində yetərli söz qatının yaranmaması artıq yalnız dil məsələsi deyil.
Bu, gələcəyin bilik quruluşu məsələsidir.
Ona görə mən keçmişdə yaradılmış bütün sözlərin geri qaytarılmasını istəmirəm.
“Biçimbil” yaşaya bilər, yaşamaya da bilər.
“Özübəlli” yenidən işlənə bilər, işlənməyə də bilər.
“Çeşni” elə tarixdə qala bilər.
Bunlar mənim üçün başlıca məsələ deyil.
Mənim geri çağırmaq istədiyim başqa şeydir.
Yüz il əvvəl bir alim qarşısına yeni anlayış çıxanda öz-özünə soruşurdu:
“Bunu öz dilimizdə necə deyək?”
Bu sualı yenidən gündəlik elmi düşüncəmizin içinə gətirməliyik.
Bir universitet ildə cəmi beş uğurlu yeni söz qazandırsa belə, bunu kiçik iş saymaq olmaz. On universitet bunu etsə, bir neçə ildən sonra yüzlərlə yeni söz deyil, yüzlərlə yeni düşüncə aracı yaranar.
Ən böyük qazanc da elə budur.
Alim hər yeni anlayış qarşısında bir anlıq dayanıb özündən soruşacaq:
“Mən bu biliyi Azərbaycan türkcəsində necə düşünürəm?”
Dünyada yaranan biliyi dilimizə çevirmək gərəklidir. Amma bir gün həmin biliyin bir bölümü Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada da doğulacaqsa, onun adını qoymaq gücümüz də olmalıdır.
Mən yüz il əvvəlki sözləri geri çağırmıram. Mən yüz il əvvəlki söz yaratmaq cəsarətini geri çağırıram.
Qısa qeyd
Mətndəki 1922-ci il İstilah Komissiyası, 1923-cü ildə “Dilimizin istilahı” bölməsi, 1948-ci il Terminologiya Komitəsi, eləcə də biçimbil, özübəlli, çeşni, bənək, törədiş, yaşaq örnəklərinin ilk qaynaqlardakı yazılışı ayrıca tutuşdurulsa, yazının tarixi dayağı daha güclü olar.
Elmi bölmədə ana dilində öyrənmənin üstünlükləri barədə hökmü qəsdən bir qədər yumşaltdım. Çünki “ana dilində hər anlayış daha dərin kodlanır” və ya Sapir–Whorf yanaşmasından “yeni termin yeni düşüncə imkanı yaradır” kimi birbaşa nəticə çıxarmaq elmi baxımdan həddindən artıq qəti səslənə bilər. İndiki biçim həm fikrinizi qoruyur, həm də elmi etiraz üçün daha az boşluq buraxır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Nobel mükafatçısı Elias Kanetti
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
EliasKanettininyaradıcılığındandanışarkənFransKafkailə müəyyənparalelləraparılır. Hər iki yazıçı insanın yadlaşmasını, qorxunu bürokratik və sosial təzyiqi, fərdin cəmiyyət qarşısındakı acizliyini, absurd vəziyyətləri araşdırır. Lakinonlarınyanaşmaları fərqlidir. Kafkadaha çoxabsurdvə ekzistensialatmosferyaradıbsa, Kanettiinsandavranışınınarxasındadayanankütlə və hakimiyyətmexanizmləriniizahetməyə çalışıb.
EliasKanetti (EliasCanetti; 1905–1994) — yəhudiəsillibolqar-almandilliyazıçı, dramaturq, esseistvə düşündürücü. XX əsr Avropa ədəbiyyatının ən özünəməxsus simalarından biri hesab olunur. O, xüsusilə kütlə psixologiyası, hakimiyyət, qorxu, ölüm, insan davranışı və fərd-kütlə münasibətləri haqqında düşüncələri ilə tanınır. Kanetti 1981-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Nobel Komitəsi onun əsərlərində geniş dünyagörüşü, zəngin ideyalar və bədii gücün birləşməsini yüksək qiymətləndirib.
Elias Kanetti 25 iyul 1905-ci ildə Bolqarıstanın Ruse şəhərində anadan olub. O, sefard yəhudisi ailəsindən olub. Ailəsi İspaniyadan Osmanlı imperiyasına köç etmiş sefard yəhudilərinin nəslindən gəlib. Buna görə Kanettinin uşaqlıq mühiti çoxdilli və çoxmədəniyyətli olub. Bu xüsusiyyət onun gələcək yaradıcılığına ciddi təsir göstərib. Kanetti uşaqlıq və gənclik illərində müxtəlif dillərlə qarşılaşıb. Sonralar alman dilini özünün əsas ədəbi dili seçib.
Onun həyatının mühüm məqamlarından biri də müxtəlif Avropa mədəniyyətlərinin arasında böyüməsi olub. Bolqarıstan, İngiltərə, Avstriya, İsveçrə və sonralar Böyük Britaniya onun həyatında mühüm yer tutub. Kanettinin ailəsi sonradan İngiltərəyə, daha sonra isə Vyanaya köçüb. Vyana onun intellektual inkişafında xüsusi rol oynayıb.
XX əsrin əvvəllərində Vyana Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biri idi. Burada psixologiya, fəlsəfə, incəsənət və ədəbiyyat sahələrində böyük dəyişikliklər baş verib. Kanetti həmin mühitdən təsirlənərək insan psixologiyasına, kütlələrin davranışına və cəmiyyətin mexanizmlərinə böyük maraq göstərməyə başlayıb.
Kanetti Vyana Universitetində kimya üzrə təhsil alıb və doktorluq dərəcəsi əldə edib. Lakin onun əsas marağı kimya deyil, ədəbiyyat və insan davranışı olub. O, elmi təhsili olsa da, özünü daha çox yazıçı və düşünür kimi formalaşdırıb. Bu marağın nəticəsində onun yaradıcılığında ədəbiyyatla sosial psixologiya, fəlsəfə və antropoloji müşahidələr bir-birinə qarışır.
Kanettinin yaradıcılığında ən mühüm əsər “Korlaşma” (Die Blendung, 1935) romanıdır. Əsərin baş qəhrəmanı Peter Kien adlı alimdir. Kien kitablarla əhatə olunan, real həyatdan getdikcə uzaqlaşan bir ziyalıdır. Onun həyatında kitablar və bilik demək olar ki, bütün dünyanı əvəz edir. Lakin Kien real insanlarla və cəmiyyətlə qarşılaşdıqda öz intellektual dünyasının nə qədər kövrək olduğunu anlayır. Roman yalnız bir alimin faciəsini təsvir etmir.
Əsərdə ziyalının cəmiyyətdən, təcrid olunması, insanın öz dünyasına qapanması, cahillik, fanatizm, hakimiyyət arzusu, zorakılıq, insanın reallıqla əlaqəsinin itməsi kimi problemlər araşdırılır. Romanın adı da simvolikdir. “Korlaşma” həm fiziki, həm də mənəvi-intellektual korluğu ifadə edir.
Kanettinin ən mühüm əsərlərindən biri “Kütlə və hakimiyyət” (Masse und Macht) kitabıdır. Bu əsər onun yaradıcılığının mərkəzində dayanır. Kanetti uzun illər ərzində bir sual üzərində düşünürdü: Nə üçün insanlar kütləyə çevrildikdə fərdi davranışlarını dəyişirlər? O, kütlənin psixologiyasını, qorxularını, liderə münasibətini və hakimiyyətin insan üzərində təsirini araşdırıb. Kanettiyə görə kütlə sadəcə çox sayda insanın bir yerdə toplanması deyil. Kütlə müəyyən psixoloji mexanizmlər yaradıb. İnsan kütlənin içində öz fərdiliyini müəyyən qədər itirə və kollektiv davranışın təsiri altına düşə bilər.
Kanetti kütlənin müxtəlif formalarını araşdırıb. Məsələn: siyasi kütlələr, dini kütlələr, bayram və mərasim kütlələri, müharibə kütlələri, izdihamlar, dağıdıcı kütlələr. Onun üçün əsas məsələ kütlənin necə yarandığı və hansı şəraitdə insan davranışını dəyişdirməsidir. Bu baxımdan Kanettinin əsəri yalnız ədəbiyyat deyil, həm də sosiologiya, psixologiya, siyasi düşüncə və fəlsəfə baxımından əhəmiyyətlidir.
Kanettinin düşüncəsində ölüm də çox mühüm yer tutub. O, insanın ölüm qorxusunun davranışlara, dinə, cəmiyyətə və hakimiyyət münasibətlərinə təsir etdiyini düşünüb. Kanetti üçün ölüm sadəcə bioloji hadisə deyil. O, ölümün insan şüurunda yaratdığı qorxunun sosial davranışlara necə çevrildiyini araşdırıb. Bu baxımdan onun yaradıcılığında ölüm, hakimiyyət və kütlə anlayışları bir-biri ilə əlaqəlidir.
Kanettinin avtobioqrafik əsərləri də xüsusi əhəmiyyət daşıyır. Onlardan ən məşhuru “Dil xilas edilmişdir” (Die gerettete Zunge) kitabıdır. Bu əsərdə yazıçı uşaqlıq və gənclik illərini xatırlayır. Kanetti özünün formalaşmasına təsir edən: ailə münasibətlərini, dilləri, şəhərləri, Avropa mədəniyyətini, uşaqlıq xatirələrini təsvir edir. Əsərin mühüm xüsusiyyəti odur ki, Kanetti şəxsi xatirələri sadəcə həyat hekayəsi kimi təqdim etmir. O, həmin xatirələr vasitəsilə insanın necə formalaşdığını göstərib.
Onunavtobioqrafiktrilogiyasınınikincihissəsi “Qulaqlardaməşəl” (DieFackelimOhr) adlanıb. Burada Kanettinin gənclik illəri, Vyana mühiti və intellektual inkişafı daha geniş təsvir edilib. Əsərdə ədəbi və fəlsəfi dünyagörüşünün necə formalaşdığı görünür. Trilogiyanın üçüncü hissəsi “Gözlərdə oyun” (Das Augenspiel) əsəridir. Bu kitab Kanettinin yetkinlik dövrünü, müxtəlif ziyalılarla münasibətlərini və onun düşüncə dünyasının inkişafını əhatə edib.
Beləliklə, üç avtobioqrafik əsər birlikdə Kanettinin həyatının və intellektual inkişafının geniş mənzərəsini yaradır. Kanetti roman və fəlsəfi-esseistik əsərlərlə yanaşı, pyeslər də yazıb. Onun dramaturgiyasında insanın daxili dünyası, hakimiyyət münasibətləri və absurdluq mühüm yer tutur.
Əsas pyeslərindən biri: “Toy” (Die Hochzeit), digəri isə “Komediyaçılar” (Die Komödie der Eitelkeit) əsəridir. Bu əsərlərdə insan münasibətlərinin qaranlıq və paradoksal tərəfləri üzə çıxarılıb.
Kanettinin insan psixologiyasına marağı onu dövrünün psixoloji düşüncəsi ilə yaxınlaşdırıb. Xüsusilə Vyana mühiti onun dünyagörüşünə təsir edib. Lakin Kanetti sırf psixoanalitik yazıçı deyildi. Onun maraq dairəsi fərddən daha geniş idi: fərd → kütlə → hakimiyyət → cəmiyyət.
Bu ardıcıllıq Kanettinin düşüncəsini anlamaq üçün çox əhəmiyyətlidir. 1981-ci ildə Elias Kanetti Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Beləliklə, o, Nobel mükafatına layiq görülmüş ən mühüm alman dilli yazıçılardan birinə çevrilib.
Kanettinin Nobel mükafatına layiq görülməsinin əsas səbəblərindən biri onun insan davranışını, kütlə psixologiyasını və hakimiyyət münasibətlərini qeyri-adi şəkildə araşdırması olub. Onun yaradıcılığı adi roman sərhədlərini aşaraq fəlsəfə, psixologiya, tarix və sosiologiya ilə birləşirdi.
Kanetti həyatının sonrakı dövrlərində əsasən Böyük Britaniyada yaşayıb. O, uzun ömrü ərzində Avropanın bir neçə mühüm tarixi mərhələsinin şahidi olub: Birinci Dünya müharibəsi, Avropada siyasi böhranlar, nasizmin yüksəlişi, İkinci Dünya müharibəsi, Holokost dövrü, müharibədən sonrakı Avropa, Soyuq müharibə.
Bu tarixi hadisələr onun insan, kütlə, ölüm və hakimiyyət haqqında düşüncələrinin formalaşmasında böyük rol oynayıb. Elias Kanetti 14 avqust 1994-cü ildə Sürixdə, İsveçrədə vəfat edib.
Elias Kanettini yalnız “Nobel mükafatlı yazıçı” kimi qiymətləndirmək kifayət deyil. Onun əsas fərqləndirici xüsusiyyəti ədəbiyyatı insan və cəmiyyət haqqında dərin düşüncə vasitəsinə çevirməsidir. Onun əsərlərində insanı yalnız “yaxşı” və “pis” olaraq bölmək mümkün deyil.
Kanetti insan davranışının arxasında duran qorxuları, ehtirasları, hakimiyyət istəyini və kütlənin təsirini araşdırır. Əgər Bertolt Brext tamaşaçıya “Cəmiyyəti dəyişmək mümkündürmü?” sualını verirdisə, Elias Kanetti daha çox “İnsan cəmiyyətin və kütlənin təsiri altında niyə dəyişir?” sualını araşdırıb. Bu baxımdan Kanettinin yaradıcılığı XX əsrin insanını anlamaq üçün mühüm ədəbi-fəlsəfi mənbələrdən biridir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
“Maraqlı söhbətlər”də tarixin unudulmuş qəhrəmanları
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Tarixin hansı unudulmuş qəhrəmanlarımdan söhbət gedir? Birinci Dünya müharibəsində şaftalı çərdəyi toplayan qız skautlardan. “Bu nə qəhrəmanlıq olsun ki belə” deyə sual etməyə tələsməyin. Səbrinizi basıb oxuyun.
Tarixin ən qanlı toqquşmalarından biri olan Birinci Dünya müharibəsi (1914–1918) yalnız cəbhədəki əsgərlərin deyil, həm də arxa cəbhədəki mülki insanların, xüsusilə də uşaqların böyük fədakarlıqlarına şahidlik edib. Bu fədakarlıqlardan ən qeyri-adi və maraqlısı isə "Şaftalı çərdəyi kampaniyası"dır.
Ölümcül qaz hücumları və yeni təhlükə
1915-ci ildən etibarən müharibə meydanlarında xlor və xardal kimi kimyəvi zəhərli qazlardan istifadə edilməyə başlandı. Bu ölümcül qazlar minlərlə əsgərin həyatına son qoyurdu. Əsgərləri qorumaq üçün təcili olaraq effektiv qaz maskalarının istehsalına ehtiyac yarandı.
Niyə məhz şaftalı çərdəyi?
Amerikalı və britaniyalı alimlər apardıqları araşdırmalar nəticəsində aşkar etdilər ki, adi odun kömürünə nisbətən şaftalı, ərik, gilas çərdəkləri və qoz qabıqlarının yandırılması ilə əldə edilən aktivləşdirilmiş kömür zəhərli qazları daha yüksək səviyyədə süzür və özünə hopdurur. Bu çərdəklərin sıx quruluşu mikroskopik ölçüdə əla bir "karbon süngəri" yaradaraq toksinlərin keçməsinin qarşısını alırdı.
"Çərdəyi qoru, əsgəri xilas et!" (Do Your Bit – Save the Pit)
1917–1918-ci illərdə ABŞ hökuməti, Qırmızı Xaç və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkə daxilində nəhəng bir toplama kampaniyası başlatdı. Bu kampaniyanın ön cəbhəsində isə qız və oğlan skautlar (izcilər) dayanırdı. Böyük fədakarlıq: Həmin dövrdə cəmi bircə əsgər qaz maskası filtrinin hazırlanması üçün təxminən 200 ədəd şaftalı çərdəyi və ya 1 kq-a yaxın qoz qabığı tələb olunurdu.
Şəkildə gördüyünüz gənc qız skautlar kimi minlərlə uşaq küçə-küçə, ev-ev gəzərək, bazarlarda stendlər quraraq tonlarla çərdək topladılar. Hətta Vaşinqtondan olan 13 yaşından kiçik üç qız skaut ölkədə hamıdan çox çərdək topladığı üçün rəsmi olaraq "Çərdək çempionu" elan edilmişdi.
Toplanan bu çərdəklərin hamısı xüsusi dövlət zavodlarına göndərilir, orada yüksək temperaturda oksigensiz mühitdə yandırılaraq qaz maskalarının filtrlərinə yerləşdirilirdi. Həmin dövrün uşaqları üçün bu, sadəcə bir oyun deyil, cəbhədəki atalarının və qardaşlarının həyatını xilas etmək üçün real bir mübarizə idi.
Tarixin bu kiçik, lakin təsirli detalı bizə sübut edir ki, bəzən ən böyük qələbələr və xilasetmə missiyaları ən adi görünən materialların və ən kiçik qəhrəmanların arxasında gizlənir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Füzuli səmalarında parlayan ulduz: Şəhid Leytenant Əli Yusifov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Əli Suləddin oğlu Yusifov – 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən, Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli leytenantıdır. O, hərbi andına son nəfəsinə qədər sadiq qalaraq xidməti vəzifəsini şərəflə yerinə yetirmiş və Şanlı Zəfərimizin ölümsüz simalarından birinə çevrilmişdir.
Erkən illəri və hərbi təhsil dövrü
Əli Yusifov 14 avqust 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndində ziyalı və vətənpərvər bir ailədə dünyaya göz açmışdır. Ailənin tək oğlu olan Əli, hələ uşaq yaşlarından mərdliyi, dürüst xarakteri və hərb sənətinə olan sonsuz sevgisi ilə seçilirdi.
İlk təhsili: İbtidai və orta təhsilini Şərur rayonunun Aşağı Daşarx kənd tam orta məktəb-liseyində almışdır.
Hərbi lisey illəri: Arzularının ardınca gedərək Heydər Əliyev adına Hərbi Liseydə nizam-intizamlı bir kursant kimi təhsil almışdır.
Ali Hərbi Akademiyası: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Hərbi İnstitut) ali hərbi təhsilə yiyələnmişdir. Buranı müvəffəqiyyətlə bitirərək leytenant rütbəsi almış və peşəkar zabit kimi Azərbaycan Ordusunun sıralarında xidmətə başlamışdır.
Vətən müharibəsi və şərəfli döyüş yolu
Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan və torpaqlarımızın azad edilməsini hədəfləyən Vətən müharibəsində leytenant Əli Yusifov ilk günlərdən ön cəbhəyə atıldı. Gənc zabit tabeliyindəki şəxsi heyətlə birlikdə cəbhənin ən çətin və strateji istiqamətlərində düşmən istehkamlarının yarılmasında fəal iştirak etdi.
İştirak etdiyi əməliyyatlar: Əsasən Füzuli rayonunun, eləcə də Cəbrayıl və Xocavənd istiqamətlərindəki strateji yüksəkliklərin işğaldan azad olunması uğrunda gedən şiddətli və qanlı döyüşlərdə yüksek komandirlik bacarığı nümayiş etdirmişdir.
Döyüş ruhu: Nişanlı olmasına və qarşıda toy planlarının dayanmasına baxmayaraq, Vətən qarşısındakı borcunu hər şeydən üstün tutmuş, düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirmişdir.
Şəhadəti və son mənzilə yola salınması
Leytenant Əli Yusifov Füzuli rayonunun azadlığı uğrunda gedən ağır və gərgin döyüşlər zamanı tabeliyindəki əsgərlərlə birgə döyüş tapşırığını qəhrəmancasına yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid olduqdan sonra onun nəşi uzun müddət neytral zonada qaldığı üçün tapıla bilməmiş və Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşmüş hərbi qulluqçu statusunda axtarışa verilmişdir. Aylar davam edən axtarışlardan sonra qəhrəmanımızın nəşi tapılmış, Şərur rayonunun Şəhidlər Xiyabanında böyük izdiham, dövlət səviyyəli hörmət və hərbi ehtiramla torpağa tapşırılmışdır.
Yüksək dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları və vəzifə borcunu canı bahasına, şərəflə yerinə yetirdiyinə görə leytenant Əli Suləddin oğlu Yusifov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdür:
"Vətən uğrunda" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
Xatirəsinin əbədiləşdirilməsi
Evin tək və nişanlı oğlu olaraq gənc yaşında canını Vətənə fəda edən Əli Yusifovun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onun təhsil aldığı liseydə və hərbi məktəblərdə, həmçinin doğulduğu Şərur rayonunda hər il anım tədbirləri keçirilir, gənc nəslə onun qəhrəmanlıq irsi nümunə kimi göstərilir. Azərbaycanın müstəqilliyi və suverenliyi leytenant Əli Yusifov kimi igid zabitlərimizin sarsılmaz iradəsi üzərində ucalmışdır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)


