“Biri ikisində” Leyla Səmədovanın essesi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəLeyla Səmədovanın essesi təqdim edilir.

Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

 

 

Leyla SƏMƏDOVA

ÇALIQUŞU, ATATÜRK VƏ BAĞLANAN QAPILAR

 

 

“Kapılar kapanıyor” – gülümsədim. Bizim “qapılar bağlanır” metro anonsuna gülürlər axı bu türk qardaşlarımız. Bağlanmaq onlar üçün ancaq bağ qurmaq, kiməsə, nəyəsə, harasa (inşallah, bağlanmaram sənə, İstanbul!) bağlanmaqla təcəssüm olunur. Ona görə də, bağlanan qapılar onlarda sarkastik-romantik təəssürat yaradır. Beynimdə hansı türkcənin daha doğru, ya da yerində olduğunun müzakirəsi getdiyi anlıq ərəfədə, arxadan möhkəm itələndim, az qala yıxılmaqdan səndələyərək qurtuldum. Gənc bir xanım, hətta 20 yaşlarında qızcığaz nəinki üzr istədi, hətta bir az da hikkəylə baxaraq yanımdan ötüb keçdi.

 

“BAĞ QURMAQ və bəli, ay “İstanbul kızı (1)”, siz elə qapayırsınız!” – bu isə həmin ərəfədə ağlımdan keçən davakar, küsəyən fikirlərim idi. Mən də “yıkılmadım, ayaktayım” iddiası ilə “Kadıköy” metrosundan çıxıb, “iskele”dən bərəyə mindim. Və indi, siz deyin “Büyükada”, mən deyim, Rəşad Nuri Güntəkin. Ki, tarix başqa şeylər də deyir – bura Bizans dövründə “Şahzadə adaları” adlandırılıb və imperator ailəsindən olan şahzadələrin və siyasi-dini şəxslərin sürgün edildiyi məkan olub.

Böyükada deyəndə çoxumuzun ağlına dəniz, köhnə köşklər və sakit küçələr gəlir. Amma bu adanın bir də ədəbiyyata toxunan gizli tərəfi var... Mənim kimi minlərlə çalıquşunu azadlığa buraxan Rəşad Nuri Güntəkinin Böyükadadakı evi Maden məhəlləsində yerləşir və adanın ədəbi yaddaşının ən maraqlı izlərini daşıyır. Ev bu gün muzey kimi ziyarətə açıq deyil, lakin çöldən görmək mümkündür. Əgər içəriyə girə bilsəydim, boylanardım uşaqlıq dostum Fəridə üçün, Bosforu, Anadolunu, azad türk qadınını bir də özündən soruşardım. Başqalarından soruşub öyrəndiyimə görə isə, həyatım(ız)a toxunan bu əsər əvvəlcə roman kimi düşünülməyib. Rəşad Nuri əsəri əvvəlcə, “İstanbul Kızı (2)” adı ilə teatr üçün yazıb. Səhnələşdirmək mümkün olmayandan sonra əsəri romana çevirərək “Çalıquşu” adlandırıb. Bir də onu soruşdum ki, Atatürk və Çalıquşu – bu ikisinin arasında həqiqətən bir bağ (BAĞlanan qapılar) varmı? Belə ki, bütün zamanların məşhur romanı olan “Çalıquşu”1922-ci ildə nəşr olunub. Romanın qəhrəmanı Fəridə İstanbuldan Anadoluya gedir. O, müəllim olur, çətinliklərlə mübarizə aparır və Anadolu insanının həyatına toxunur. Məhz buna görə, “Çalıquşu” çox vaxt Cümhuriyyətin yaratmaq istədiyi yeni qadın obrazı ilə əlaqələndirilir: savaşa inanan, işləyən, müstəqil və cəmiyyətə fayda verən qadın... Atatürkün “Çalıquşu”nu oxuduğu və Fəridə obrazını bəyəndiyi barədə çoxlu rəvayətlər var. Ancaq bunu təsdiqləyən mötəbər, birbaşa tarixi sənəd yoxdur. Bəlkə də, bu hekayəni maraqlı edən elə budur... Çünki Fəridə obrazı ilə Atatürkün qurmaq istədiyi yeni Türkiyənin idealları arasında qəribə bir uyğunluq var. Bir tərəfdə  Anadoluya gedən Çalıquşu... Digər tərəfdə  Anadolu üzərində yüksələn Cümhuriyyət. Və ikisinin ortaq fikri: Bir ölkəni dəyişdirmək, ucaltmaq istəyirsinizsə, əvvəlcə onun insanına toxunmalısınız. Yəni Böyükada, bəlkə də, bir az da Rəşad Nurinin səssiz yazı masasıdır.

          Səssiz demişkən, burada yazar ağ yalan danışır. Küçələr turist əlindən, daha çox da səsindən keçilməz hala gəlib. Səs-küy demişkən isə, məni itələyib keçən gənclik var idi ha, onunla adada iki dəfə rastlaşdıq - ikisində də kitab mağazasında. Birində əlində Orxan Vəli Kanık gördüm, amma bu barədə, bəlkə, başqa bir gün danışaram...

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.