Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, dəyərli izləyicilərimiz. "Ədəbiyyat və İncəsənət" portalının "Ruhun pıçıltısı" rubrikasında Sizi xoş gördük.
Bu dəfə də poeziya odu ilə ruhumuzu isidəcəyik.
Qonağımız öz üslubu ilə seçilən xanım Arzu Əyyarqızıdır.
ARZU ƏYYARQIZI,
SAVAŞDIR
Bu nədir, dünyada savaşmı çıxıb?
Ağaclar dalaşır yarpaq əliylə.
Səmaya baxıram buludlar qaçır,
Onlar da döyüşür şimal yeliylə.
Hələ quşlara bax, quş da quş ilə,
Qılınc dimdiyiylə qana qan deyir.
Qarışqa filləri, atlar itləri,
Hərdənbir insan da insanı yeyir.
Savaşdır, İlahi, savaşdır yerdə,
Göylərdən nə xəbər, de biz də bilək.
Yerdə qan tökülür, davalar gedir,
Yer elə, İlahi, yanına gələk.
GÖZLƏDİYİM
Aha... Gözlədiyim gəldi deyəsən,
Döyülür pəncərəm, yaman döyülür.
Çırpılır şüşəyə bir az acıqlı,
Adına küləkli yağış deyilir.
Açdım pəncərəni salamlamaqçün,
Payızı gətirib, muştuluq alır.
Torpağın qoxusun duyduqca ruhum,
İslanır yağışda can sərxoş olur.
Kəsib yarpaq- yarpaq qayçı küləklə,
Saralmış donunu soyunur ağac.
Payızın limiti keçir ömürdən,
Nəfəsə ölümlə qurulub sayğac.
...fəsillər dəyişir yerini bir -bir,
Nəsillər dəyişir fəsillər kimi.
Spiral şəkilli dövr edir həyat,
Tanrı - aləmlərin ölməz hakimi.
İŞĞAL
Yolları asmışam yenə gözümdən,
Yenə ümidimə işıq gəzirəm.
Nə gələ bilirsən, nə gəl deyirəm,
Mənəm bu zülümə yenə dözürəm.
Gətirir gözlərim, gətirir səni,
Gəlib xəyalıma qonaq olursan.
Beynim işğalında qaldığı gündən,
Heykəl ürəyimi hədəf alırsan.
Ağ bayraq qaldırdım vüsalın üçün,
Ölmüş arzuları basdırammıram.
Atəşkəs əmrinə tabe deyilsən,
Silah həsrətini susdurammıram.
Demirəm azad et özündən məni,
Bir ömür işğalda saxla ha saxla.
Məndən vətən olmaz, vətənim sən ol,
Torpağa sevgimi özünlə yoxla.
DÜŞÜB
"Dünyanın düz vaxtı "- ifadəsi var,
Son vaxtlar çoxunun dilinə düşüb.
Düz vaxtı kim əydi bu qədər əyri,
Əyrisi dəvənin belinə düşüb.
O hansı vaxt idi görəsən elə?
Axtardım bircə düz gəlmədi ələ,
Olacaq betərdən betəri hələ,
"İp qara" insanın əlinə düşüb.
Bu oval dünyanın" düz vaxtı" varmış,
O vaxtı görənlər çox bəxtiyarmış!
Həvva da Adəm də biixtiyarmış,
Nəfslər cənnətin çölünə düşüb.
Bu yumru dünyanın əyri çağında,
Qurulub divanlar vicdan bağında,
Şeytan yuva qurub gözün ağında,
İnsanlar nəfsinin felinə düşüb.
Ümid toxumunu əkmək də, Allah
Dünyanı ovcunda bükmək də, Allah
Kainat fikrini çəkmək də , Allah,
Bu Arzu adında dəlinə düşüb.
“Ədəbiyyat və incəsənət”
(08.10.2026)


