Super User
Afaq Bəşirqızını ən tez təbrik edən biz olaq
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Min doqquz yüz çoxdanıncı illər idi. Azərbaycan Sovet Sosialist Respublikasının Sumqayıt şəhərinin 8-ci mikrorayonunda qayğısız uşaqlıq illərimi yaşayırdım. "Bolluq" idi. Hər şey- yağ, ət, qənd, hətta siqaret, kibrit də talonla satılırdı. Evin böyük uşağı olduğum üçün talonla verilən ərzaqları almaq mənim boynuma düşmüşdü. Zarafat deyil, ailəmizə ayrılan kərə yağını, əti və digər ərzaqları almaqdan ötrü ayda bir neçə dəfə gecədən səhərə qədər növbədə dayanırdım...
...O, bizim mikrorayonun əsas ərzaq mağazasının üstündə, yəni binanın ikinci blokunda yaşayırdı. Rəhmətlik aktyor Kamil Məhərrəmovdan bir mərtəbə yuxarıda. O vaxtlar yeni il qabağı mağazalarda növbələr daha da uzanırdı. İnsanlar “Paytaxt salatı” hazırlamaqdan otrü, konserviləşdirilmiş yaşıl noxud, xama, mayonez və ya kolbasa almaq üçün bu növbələrdə saatlarla vaxt itirirdilər. Onu ilk dəfə həmin növbələrdən birində görüb yadda saxlamışdım. Çox gülərüz, açıqsözlü və necə deyərlər, döyüşkən bir qadın kimi tanıyırdım. Nə isə, sonradan bildim ki, Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır...
Haqqında söhbət açdığım Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda, 20 saylı məktəbdə bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə versə də, lakin müsabiqədən keçə bilməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldıqdan sonra, aktrisa kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975- ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Sonra uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərib və həmin universitetin professoru elmi adına layiq görülüb. 1989-cu ildə Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...
Deyir ki:- “Mən sevilən və kifayət qədər tanınan kişinin ailəsində anadan olsam da, amma varlı bir ailədə doğulmamışam. Ona görə də heç zaman harın hərəkətlərə yol verməmişəm. Başımı aşağı salıb öz işimi vicdanla icra etmişəm. Atam 1925-ci ilin mart ayının 11-də anadan olmuşdu, 1969-cu ilin mart ayının 23-də vəfat etdi. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən Qubalı idi, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. İkinci dünya müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 53 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, bir əsr də keçsə, silinməyəcək. Mənə elə gəlir ki, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz zəmanələrinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə indi hətta uşaqlar da tanıyır...”
Afaq xanım ilk rollarından özünü istedadlı, işgüzar, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək sevilməyə başlayıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Bir vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar"ında Darçınbəyim, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Zəhra, Əli Əmirlinin "Bala başa bəla"sında Suğra, Məcnun Vahidovun "Yarımştat"ında Ayna, Aqşin Babayevin "Nekroloq"unda Gülya rollarını ifa edib və "Afaq gülür güldürür" şousunda müxtəlif, rəngarəng obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib...
“Ömrümün hər anı məni sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Heç vaxt kimin qızı olduğumu unutmadım və Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum”- söyləyir…
...Sabah - avqustun 15-i Afaq xanımın 71 yaşı tamam olur. Onu bu münasibətlə ilk təbrik edən biz olaq. Ona cansağlığı, ağrı-acısız günlər arzulayaq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Epik teatr nəzəriyyəsinin yaradıcısı Bertold Brext
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Almanlar haqlı olaraq BertoltBrextadı ilə öyünürlər. Kimdir Brext? Çoxunuz üçün əlbəttə ki təqdimata ehtiyac yoxdur. Bertolt Brext (alm. Bertolt Brecht, 1898–1956) — XX əsrin ən mühüm alman dramaturqlarından, teatr nəzəriyyəçilərindən, şairlərindən və rejissorlarından biridir.
O, xüsusilə “epik teatr” nəzəriyyəsinin yaradıcısı kimi tanınır. Brextin teatr haqqında düşüncələri yalnız Almaniyada deyil, bütün dünya səhnə sənətinə böyük təsir göstərib.
Onun yaradıcılığının əsas xüsusiyyətləri cəmiyyətə tənqidi münasibət, sosial ədalətsizlik, müharibə, yoxsulluq, hakimiyyət, kapitalizm, insanın mənəvi seçimi və fərdin cəmiyyət qarşısındakı məsuliyyəti kimi mövzulardır.
Bertolt Brext 10 fevral 1898-ci ildə Almaniyanın Auqsburq şəhərində anadan olub. Tam adı Eugen Berthold Friedrich Brecht'dir. Atası kağız fabrikində rəhbər vəzifədə çalışıb. Ailənin nisbətən təminatlı həyat şəraitinə baxmayaraq, Brext uşaqlıqdan cəmiyyətin müxtəlif təbəqələri arasındakı fərqləri müşahidə edib.
Gənc yaşlarından ədəbiyyata maraq göstərən Brext şeirlər və kiçik səhnə əsərləri yazmağa başlayıb. Birinci Dünya müharibəsi onun dünyagörüşünə ciddi təsir göstərib. Müharibənin insan həyatını məhv etməsi və cəmiyyətə gətirdiyi dağıntılar sonralar onun yaradıcılığında mühüm mövzulardan birinə çevrilir.
1917-ci ildə Münhen Universitetində tibb təhsili almağa başlayıb. Lakin ədəbiyyat və teatrla daha çox maraqlandığı üçün universitet təhsilini yarımçıq qoyub. Brextin ilk yaradıcılıq mərhələsində ekspressionizm cərəyanının təsiri hiss olunur. Onun erkən pyesləri ənənəvi dramaturgiyanın qaydalarından uzaqlaşması ilə seçilib
İlk diqqət çəkən əsərlərindən biri “Baal” pyesidir. Ardınca “Gecənin nağaraları” və “Şəhərlərin cəngəlliyində” kimi əsərləri meydana gəlir. Brext ənənəvi teatrın tamaşaçıya sadəcə emosional təsir göstərməsini kifayət hesab etmirdi. Onun fikrincə, tamaşaçı səhnədə gördükləri haqqında düşünməli, hadisələri təhlil etməli və cəmiyyətə suallar verməli idi.
Brextin dünya teatrına ən böyük töhfəsi epik teatr anlayışıdır. Ənənəvi dramatik teatrda tamaşaçı hadisələrin emosional təsirinə qapılır, qəhrəmanlarla özünü eyniləşdirir və hadisələri sanki real həyat kimi yaşayır. Brext isə tamaşaçının səhnədə baş verənlərdən müəyyən məsafə saxlamasını istəyirdi.
Bunun üçün o, “yadlaşdırma effekti” (Verfremdungseffekt) adlandırılan üsuldan istifadə edib. Bu üsulun məqsədi tamaşaçıya:
“Sən sadəcə hadisəni izləmə, onun səbəbini və nəticəsini düşün.” mesajını vermək idi.
Məsələn, aktyor obrazı tamamilə “yaşamaq” əvəzinə bəzən obraz haqqında tamaşaçıya məlumat verə bilərdi.
Səhnə dəyişiklikləri gizlədilməyə bilər, musiqi hadisənin emosional təsirini gücləndirməkdən çox onu şərh edə bilərdi. Beləliklə, Brextin teatrında tamaşaçı passiv müşahidəçi deyil, düşünən və mühakimə edən şəxs olmalı idi. Brextin ən məşhur əsərlərindən biri “Üçqəpiklik opera”dır.
Əsərin musiqisini Kurt Vayl bəstələyib. Əsər 1928-ci ildə Berlində tamaşaya qoyulub və böyük uğur qazanıb. Pyesdə cinayət aləmi, yoxsulluq, pul, hakimiyyət və cəmiyyətin ikili standartları satirik şəkildə təsvir edilib. Əsərin əsas qəhrəmanı Maki Messerdir. O, cinayətkar və quldur obrazı olsa da, Brext onu yalnız “pis insan” kimi təqdim etmir.
Əsas sual cəmiyyətin özüdür: İnsanı cinayətə aparan yalnız onun şəxsi xarakteridir, yoxsa onu formalaşdıran sosial mühit də məsuliyyət daşıyır? Bu yanaşma Brext dramaturgiyasının əsas xüsusiyyətlərindəndir.
Brextin ən mühüm əsərlərindən biri “Ana Kuraç və onun uşaqları”dır. Əsərdə müharibə şəraitində yaşayan səyyar satıcı qadın Anna Firlinq — Ana Kuraç təsvir olunub. O, müharibədən qazanc əldə etməyə çalışıb. Lakin müharibə tədricən onun bütün övladlarını əlindən alıb. Əsərin əsas ideyalarından biri budur:
Müharibə heç kimin xeyrinə deyil; hətta ondan qazanc götürdüyünü düşünən insan belə sonda onun qurbanına çevrilə bilər.
Brext burada müharibəni qəhrəmanlıq romantikası ilə deyil, onun arxasında dayanan sosial və iqtisadi maraqlarla göstərib.
“Qalileyin həyatı”
Bu əsərdə məşhur italyan alimi Qalileo Qalileyin həyatı təsvir olunub. Brext Qaliley obrazı vasitəsilə elm, hakimiyyət və vicdan arasındakı münasibətləri araşdırıb. Əsərdə çox mühüm bir sual ortaya çıxır: Alim həqiqəti bildiyi halda hakimiyyət qarşısında geri çəkilə bilərmi? Brext üçün Qaliley yalnız tarixi şəxsiyyət deyil, həm də intellektual məsuliyyətin simvoludur.
“Sezuanın yaxşı adamı”
Əsərin əsas qəhrəmanı Şen Te adlı qadındır. O, yaxşılıq etmək istəyir, lakin yaşadığı cəmiyyət onun xeyirxahlığını daim istismar edir. Brext burada çox maraqlı fəlsəfi problem qoyur:
Ədalətsiz cəmiyyətdə həqiqətən yaxşı insan olaraq qalmaq mümkündürmü? Şen Tenin yaxşılıq etmək arzusu ilə həyatda qalmaq məcburiyyəti arasında qalması əsərin əsas konfliktini təşkil edib.
“Kavkaz təbaşir dairəsi”
Bu əsər də Brextin mühüm dramaturji nümunələrindəndir. Əsərin mərkəzində Qruşa adlı qadının uşağa göstərdiyi fədakarlıq dayanıb. Əsərin məşhur ideyası ondan ibarətdir ki, uşağın həqiqi anası yalnız onu dünyaya gətirən qadın deyil, ona qayğı göstərən və onun üçün fədakarlıq edən qadındır.
Müharibə Brext yaradıcılığının ən mühüm mövzularından biridir. Birinci və İkinci dünya müharibələri onun dünyagörüşünə ciddi təsir edib. O, müharibənin romantikləşdirilməsinə qarşı çıxıb. Brext üçün müharibə qəhrəmanlıq səhnəsi deyil, ilk növbədə: insan itkisi, aclıq, yoxsulluq, ailələrin dağılması, mənəvi böhran, iqtisadi maraqlar demək idi. Onun əsərlərində müharibənin arxasında dayanan sosial və iqtisadi mexanizmlər xüsusilə diqqət çəkir.
1933-cü ildə Adolf Hitler hakimiyyətə gəldikdən sonra Brext Almaniyanı tərk etmək məcburiyyətində qalıb. Onun əsərləri nasistlər tərəfindən arzuolunmaz hesab edilib. Brext əvvəlcə Avropanın müxtəlif ölkələrində yaşayıb. Sonralar Danimarka, İsveç, Finlandiya kimi ölkələrdə olub. İkinci Dünya müharibəsi dövründə ABŞ-a gedib.
Lakin ABŞ-da da uzun müddət qala bilmir. 1947-ci ildə ABŞ Konqresinin Amerikaya qarşı fəaliyyətləri araşdıran komitəsi qarşısında sorğu-suala çəkilib. Bundan sonra ABŞ-dan ayrılıb və Avropaya qayıdıb. Berliner Ensemble Brextin teatr fəaliyyətinin ən mühüm mərhələlərindən biri Berliner Ensemble teatrının yaradılmasıdır.
1949-cu ildə Şərqi Berlində bu teatrın fəaliyyətinin əsası qoyulub. Brext burada öz teatr nəzəriyyəsini praktik şəkildə həyata keçirib. Berliner Ensemble sonradan Brext teatrının əsas mərkəzlərindən birinə çevrilib və onun teatr üsulları dünyanın müxtəlif ölkələrində yayılıb. Brextin şairliyi Brext yalnız dramaturq və rejissor deyildi.
O, həm də güclü şair idi.
Onun poeziyasında mühüm yer tutan mövzular bunlardır:
müharibə
sevgi
ölüm
yoxsulluq
sosial ədalətsizlik
siyasi hakimiyyət
insanın məsuliyyəti
Brextin şeirlərinin dili çox vaxt sadə və danışıq üslubuna yaxın olub. Lakin bu sadəliyin arxasında ciddi fəlsəfi fikir dayanır. O, bəzən ən sadə cümlə ilə çox ağır bir sual qoyub. Brext dramaturgiyasını bir neçə əsas xüsusiyyətlə xarakterizə etmək olar:
1. Tamaşaçını düşündürmək
O, tamaşaçının yalnız ağlamasını və ya gülməsini yox, “Niyə belə oldu?” sualını verməsini istəyirdi.
2. Yadlaşdırma effekti
Tamaşaçı hadisəyə tam emosional şəkildə qapılmamalı, ona kənardan baxaraq düşünməlidir.
3. Sosial problemlər
Brext fərdi faciələrin arxasında cəmiyyətin quruluşunu axtarırdı.
4. Hakimiyyətin tənqidi
Hakimiyyətin, iqtisadi maraqların və sosial bərabərsizliyin insan həyatına təsirini araşdırırdı.
5. Müharibəyə qarşı mövqe
Müharibənin insan və cəmiyyət üçün dağıdıcı nəticələrini göstərirdi.
6. Açıq suallar
Brext əsərlərində hər şeyi hazır cavabla bitirməyə çalışmırdı. Tamaşaçının özü nəticə çıxarmasını istəyirdi.
Brextin yaradıcılığı dünya teatrının müxtəlif istiqamətlərinə təsir etdiyi kimi, Azərbaycan teatr və dramaturgiyasının inkişafında da maraq doğuran sənət hadisələrindən biri olub. Onun əsərləri müxtəlif dövrlərdə Azərbaycan səhnəsində tamaşaya qoyulub, dramaturgiyası və epik teatr prinsipləri teatrşünaslıq və ədəbi tədqiqatlarda öyrənilib.
Brextin teatr konsepsiyasının Azərbaycan üçün maraqlı tərəflərindən biri də tamaşaçının yalnız hadisəni seyr etməsi deyil, ictimai problemlər haqqında düşünməyə sövq edilməsidir.
Vəfatı
Bertolt Brext 14 avqust 1956-cı ildə Şərqi Berlində, 58 yaşında vəfat edib.
O, ölümündən sonra da dünya teatrının ən çox öyrənilən dramaturq və teatr nəzəriyyəçilərindən biri olaraq qalıb. Bu gün onun əsərləri dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və teatr məktəblərində onun nəzəriyyəsi öyrənilir.
Bəs Brexti bir cümlə ilə necə ifadə etmək olar?
Bertolt Brext tamaşaçını səhnədə gördüyü hadisəyə ağlamağa deyil, onun səbəbləri haqqında düşünməyə məcbur edən dramaturq idi.
Onun teatrının əsas sualı təxminən belə səslənir: “Dünyanı olduğu kimi qəbul etməliyik, yoxsa onu dəyişdirmək mümkündür?”
Məhz buna görə Brext sadəcə dramaturq deyil, teatrın tamaşaçıya münasibətini dəyişdirən sənət düşünürü hesab olunur.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
“Yol uzaq, həsrət yaxın…” - Şeir saatı Elnar Eyvazın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Elnar Eyvazın şeirləri təqdim edilir.
Əllərim üşüyürdü:
çiçək aldım özümə
aldatdım əllərimi...
***
Mənsiz necə dözürsən,
aldığım nəfəs Adam?!
Sənsiz hər şey heç nədir,
hər tərəf qəfəs, Adam...
***
Öldürdün ümidləri,
yasına da gəlmədin.
Qırılan ürəyimin
səsinə də gəlmədin.
Tutmadığın sözlərin
arasından yıxıldım.
Bilmədin, arzuların
harasından yıxıldım.
Daha niyə küsürəm?!
Ummadığım yerimsən.
Sən də nəsə itirdin,
Sən də mənim birimsən...
***
Arzularım boy-boy düzüldü
ayaq səslərini eşitcək.
Xəyallarım ətəklərini əllərinə alıb
yoluna çıxdılar: yolun da uzaq…
Biz gözlədik səni:
əl-ələ verib
ümidimizi üzümüzə tutduq:
ya udaq, ya uduzaq.
Günləri, ayları caladıq bir-birinə,
hörük hördük…vaxtı öldürək deyə.
Vaxt da salıb tərsliyə…
Bir də gördük
gəlmisən:
gözlərində işıq,
işığa qarışıq yaraşıq,
əllərində tumar,
dodaqlarında nəm çəkmiş sözlər…
Ürəyinin döyüntüsü qulaqlarımdadır:
köksündə bir dünya xoşbəxtlik vardı…
Hamısını birnəfəsə gətirdin,
göstərdin,
apardın…
***
Gəldin,
görə bilmədim
bir doyunca üzünü.
Yol uzaq, həsrət yaxın…
Getdin,
deyə bilmədim:
“Səni sevirəm axı…”
***
Yenə sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!
***
Bir az fərqli ola bilərdi
tale, qədər, yazı.
Çox demirəm ki,
azı
iki kəlməlik fərq.
Elə gözəl olardı
həyat onda.
Məsələn,
üstünü mən örtərdim
gecələr oyananda…
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Salam Qədirzadənin qızı
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ssenari müəllifi, tərcüməçi, televizyonçu Leyla Qədirzadə də bu 14 avqust günündə dünyaya gələnlərdəndir. Ondan başlayaq ki, sovet dönəmində Azərbaycanın ən populyar yazarlarından olan Salam Qədirzadənin qızıdır. Hal-hazırda “Mədəniyyət” telekanalında çalışır və zövqlü proqramların ərsəyə gəlməsində müstəsna əməyi vardır.
Leyla Qədirzadə 14 avqust 1958-ci ildə Bakı şəhərində doğulub. 1980-ci ildə Bakı Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsini bitirdikdən sonra "Yazıçı" nəşriyyatında əmək fəaliyyətinə başlayıb. 1992-ci ilədək "Yazıçı", "Gənclik", "Azərnəşr" nəşriyyatlarında, Azərbaycan Dövlət Mətbuat Komitəsində böyük redaktor vəzifəsində çalışıb. Fars dili təmayüllü gimnaziyada müəllim vəzifəsində, "Günay" qəzetində tərcüməçi vəzifəsində çalışıb. İran tikinti-təmir şirkətində tərcüməçi işləyib.
1996–2016-cı illərdə kino və reklam istehsalı sahəsində fəaliyyətinə başlayıb. "İnter-Ad", "Cinealliance", "Cinex" şirkətlərində kreativ direktor vəzifəsində çalışışıb.250-dən çox yaxın reklam və korporativ filmin, 12 sənədli filmin müəllifidir. Azərbaycan mətbəxinin təbliği reklamı üçün, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi tenderdə qalib gəlib və həmin ssenari ürə, aktyor Jerar Depardye baş rolda olmaqla reklam çarxı çəkilib.
2015 Avropa Oyunları ərəfəsində yazdığı, Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş 10 filmin ssenari müəllifidir. ingilis dilinə tərcümə olunaraq dünyanın 120 kanalında nümayiş etdirilib. 2017-ci ildən televiziya sahəsində fəaliyyət göstərir. Azərbaycan Televiziyasının Mədəniyyət kanalında "Müəllif proqramları və xüsusi layihələr" departamentinin baş redaktor müavinidir.
Azərbaycanda "Ələddin" adlı ilk uşaq müziklının və dahi Azərbaycan şairi Məhsəti Gəncəviyə həsr olunmuş "Məhsəti" adlı operanın libretto müəllifidir. Ailəlidir. 2 övladı var.
"Tanıtım filmləri"
Anama
"Azərbaycan" turizm çarxı
Azərbaycan mətbəxi
"Sənədli filmlər"
1. Qarabağdır Azərbaycan
2. Uzunömürlülər
3. Uçmaq istəyirəm
4. Azərbaycanla tanışlıq
5. Sənətkarlıq və incəsənət
6. "Memarlıq" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları
7. "Qədim Azərbaycan" (ingiliscə) Road to Baku — 2015 Avropa Oyunları
8. Azərbaycan ədliyyəsinin 100 illiyi
9. Hökm
"Müzıkl"
Ələddin (libretto müəllifi)
"Opera"
Məshəti (libretto müəllifi)
"Povest"
Vahhabitka (rusca)
Leyla xanımı ürəkdən təbrik edir, cansağlığı, uzun ömür, yorulmaz fəaliyyət arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”
Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib:
“Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir.
Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”.
Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib:
“Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Abşerondakı tarixi-memarlıq abidələrimizdən ən başlıcaları – Qız qalası
Murad Vəlixanov,
“Ədəbiyyat və İncəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər bir dövlətin keçmişini və bu günlərə gələrkən nələr yaşadığını əks etdirən müəyyən tarixi sübutlar mövcuddur. Bu gün paytaxtımızda və civar bölgələrdə yerləşən tarixi abidələrimiz barədə danışmaq istəyirəm.
O abidələr barədə ki, onları təkrar-təkrar görür, amma haqqında məlumatlanmağı nədənsə lazım bilmirik.
Halbuki hər bir vətəndaş öz yurdunun torpağının, daçının tarixini bilməlidir.
Bu gün Qız qalası barədə danışacağıq.
QIZ QALASI
Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.
Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.
Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.
Növbəti söhbətimiz Bakının simvollarından olan məşhur Şirvanşahlar sarayı barədə olacaq.
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Teatrımızın ilk milli peşəkar aktrisalarından biri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
19-cu əsrin sonları. Azərbaycan teatrının təşəkkül tapmağa başladığı zamanlar. O dövrdə dünyaya gələn əksər uşaq üçün teatr sirli-sehirli bir aləm idi və hamısının ən gizli arzusu burada təmsil olunmaq idi. Elə balaca Əzizənin də...
Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım Məmmədova 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdülbağı Zülalov dövrünün tanınmış xanəndəsi olub. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib.
1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər.
Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər.
1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb.
Bakı Türk İşçi Teatrında Anatoli Qlebovun "İncə" (Zeynəb Əkrəmzadə), Hacıbaba Nəzərli və Süleyman Rüstəmin "Yanğın" (İncə qarı), Süleyman Rüstəmin "Qana qan" (Səkinə), Vladimir Kirşonun "Küləklər şəhəri" (Qadın) tamaşalarında oynayıb.
Akademik Milli Dram Teatrında oynadığı əsas rollar bunlardır: Tükəzban ("Vaqif", Səməd Vurğun), Sonanın anası, Pəri xanım ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Cəfər Cabbarlının dramlarında Gülsüm ("1905-ci ildə"), Fatmanisə və Xanımnaz ("Almaz"), Şərəbanı ("Yaşar"), Gülgəz ("Oqtay Eloğlu"); Güllü ("Qardaşlar", Rəsul Rza), Sədaqət xala ("Yadigar", İslam Səfərli) filmlərində müxtəlif epizod rollara çəkilib.
Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.
Filmoqrafiya
- Abbas Mirzə Şərifzadə
- Ağasadıq Gəraybəyli
- Almaz - rol: Telli
- Bakının işıqları
- Bir məhəllədən iki nəfər
- Dəcəl dəstə - Yusufin anası
- Əsl dost
- Görüş
- Hacı Qara
- İsmət
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Şərəf nişanı" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Vəzifə insanı deyil, insan vəzifəni şərəfləndirir – Müğənnilərimizin menyüsünə
Ayyət Əhməd,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad Fakültəsinin dekan müavini, baş müəllim, ADU-nun doktorantı
“Ədəbiyyat və incəsənət”
Qazaxdayam. Ərənlər, alim-üləmalar ocağında, böyük binaları olmayıb, böyük şəxsiyyətlər yetişdirən məmləkətdə... Dünən bir yaşantı ərz etdilər bəndənizə... Nələr vaqe olur?
Bir köynək uzaq dayım övladına toy edirdi. Xoşbəxt olsun gənclər. Anamı toya apardım, başqa bir görüş üzündən qatıla bilmədim büsata...
Anam danışır:
-Toyun ən qaynar məqamında sənətkar, əməkdar artist Sahib İbrahimov məclisə təşrif buyurub. Meydangirliyi ilə məclisi ələ alıb, muğamdan tutmuş, klassik nümunələr, aşıq nəğmələrinə qədər ifa edib. Saatlarla ödənişsiz, canı-könüldən sənət nümayiş etdirib. Toyu yaddaqalan xatirələrlə, ifalarla zənginləşdirib. Sonda elan verib ki, filan müddətə qədər Qazaxda, Daş Salahlıdayam, kimin xeyir işi olsa, evdəyəm, məlumat verin, mütləq gəlib, iştirak edəcəyəm.
Qeyd:
Ötən yay da əmim oğlu balasına kiçik büsat düzənləmişdi, orada saatlarla məclisi idarə etmişdi. Adam məzuniyyətə gəlib, dincəlmir, köy-köy gəzib, ifalar edir, ailələrə sevinc bəxş edir. Bunu ona görə qələmə alıram ki, şəxsiyyəti ilə peşəsini şərəfləndirən adamları tarix və zaman unutmur. Onlar öz əməlləri ilə tarixə düşürlər, qətiyyən tarixdən düşmürlər...
P.S. Belə bir ənənə, nümunə, örnək yaratdığınız üçün var olun, Sahib müəllim, dəyərli sənətkar! İnsanın şəxsiyyəti madiyyatın, vəzifənin fövqündə dayananda bu cür gözəl mənzərələr, sevdalar yaranır!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
Delakrua: “Soyuq və sxematik dəqiqlik əsla sənət deyil”
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dünənn dahi fransız rəssamı Ejen Delakruanın anım hgünü barədə həmkarım İnci Məmmədzadənin yazısı gözümə sataşdı, onu maraqla oxudum və rəssamla daha dərindən maraqlandım. Və onu da öyrəndim ki, mahir fırça ustası həm də mükəmməl aforizmlər yiyəsidir.
Fransız romantizminin böyük nümayəndəsi Ejen Delakruanın (Eugène Delacroix, 1798–1863) qiymətli fikirləri əsasən onun “Gündəliy”ində əksini tapıb. Xüsusilə sənət, təbiət, rəng, yaradıcılıq və zəhmət haqqında çox yaddaqalan fikirləri var.
Delakruanın əntəsirliaforizmlərini seçib sizlərə təqdim edirəm:
1. “ Soyuq və sxematik dəqiqlik əsla sənət deyil; zövq verən və ya ifadə edən incə sənətkarlığın özü sənətdir.”
2. “Təbiət bütövün hissələri arasında belə birlik yaradır.”
3. “Təbiətə baxarkən belə, təsviri bizim təsəvvürümüz qurur.”
4. “Kontur ən sonda gəlməlidir; onu düzgün yerləşdirə bilən yalnız çox təcrübəli göz ola bilər.”
5. “Narahatlıqlara yol verməməyin sirri — heç olmasa mənim üçün — ideyalara sahib olmaqdır.”
6. “Bacardığınız qədər bütün işi görün; yaxşı həyat tərzinin bütün fəlsəfəsi bundan ibarətdir.”
7. “Ucalıq, qəribə də olsa, çox vaxt nisbətin pozulması ilə əldə edilir.”
8. “Bu qədər gözəl olan dünya necə olur ki, bu qədər dəhşəti özündə daşıyır?”
9. “Təbiətdən seçim etmək — onu çox məharətlə bir qanuna çevirməkdir; çünki təbiət çox vaxt kontrastlardan imtina edir.” Bu fikir Delakruanın sənətdə təbiəti olduğu kimi köçürməkdən çox, onu seçmək və təşkil etmək barədə düşüncəsini göstərir.
10.“Dahi insan fotoqrafiyadan lazım olduğu kimi istifadə etsə, özünü bizim hələ bilmədiyimiz bir yüksəkliyə qaldıra bilər.”
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
“Biri ikisində” Sübhan Vüqaroğlunun şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Sübhan Vüqaroğlunun şeirləri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Sübhan VÜQAROĞLU
SALAM
Salam, sevdiyim mənim,
Hər gün özgə evindən xəyalıma gələnim.
Salam, nişan barmağı
Xəyalımda boş qalan...
Salam, ən doğru səhvim,
Salam, ən şirin yalan,
Salam, arzularımı viran edib gedənim.
Yenə adını tutdum,
“Unudacam,” – demişdim.
Bacarmadım,
Olmadı...
Günümə bax bir mənim –
Unutmağı unutdum.
Halımdan bixəbərsən,
İlk yazdığım şeirdən
Bir gün əvvəl gedənim...
Mən ki çox dəyişmişəm,
Amma yenə sevirəm...
Sən yenə bəxtəvərsən,
Mənsə xoşbəxt deyiləm.
Özüm öz məzarımı
Qələmimlə qazıram...
Sənsizliyin əlində
Bir az püxtələşmişəm
Bu dərdi böyütməyə
Sən gedəndən hazıram.
Xəbərin yoxdur axı,
Sən hardan biləsən ki –
Bir sevgi şeiridir
Hər şair darıxmağı...
Guya heç darıxmıram,
Yadıma da düşmürsən.
Hər gün şeir yazıram –
Bu dərdi böyütməyə
Sən gedəndən hazıram...
ŞAİR OTAĞI
Bir şair otağı görmüsənmi sən?!
Dindirib, daşıyla danışmaq olur.
Uzanıb, tavandan fikir götürmək,
Divardan qafiyə soruşmaq olur.
Bir şair otağı görmüsənmi sən?!
Sükut aşiq olur saat səsinə.
Bir ömür tarixi durur qapıda,
Payız keşikçidir pəncərəsinə.
Bir şair otağı belədir, gülüm,
Arzular masada söz halındadır.
Durub, işığını yandırsan belə,
Şüası bir qadın timsalındadır.
Bir şair otağı belədir, belə,
Məhəbbət şəklini yaradan otaq.
Şairin özünü yola salsa da,
Sözünü hər zaman yaşadan otaq.
MƏNİ SORUŞMA
Yəqin, puç oldusa muradlarımız,
Fələyin özgə bir təmənnası var.
Eyni olmadısa soyadlarımız,
Məni soruşmağın nə mənası var?
Getmisən, birə-beş çoxalıb yaram,
Səni sənsizliklə ucaldıram mən...
Hər gecə bir dəfə səndən yazıram,
Beş dəfə külqabı boşaldıram mən.
Qalmışam keçmişin mənzərəsində,
Vücudun ağlımda bütləşib qalıb.
Bəxtin mümkünsüzlər məntəqəsində
İki bəxtəvər gənc cütləşib qalıb.
Qismət belə oldu – sındım, əyildim,
Dünya dərdlərinə həndəvər oldum.
Sevincim az idi, bədbəxt deyildim,
Dərdim böyük oldu – bəxtəvər oldum.
Yəqin, puç oldusa muradlarımız,
Fələyin özgə bir təmənnası var.
Eyni olmadısa soyadlarımız,
Məni soruşmağın nə mənası var?
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)


