Super User
Adətlər və təzadlar: yas mərasimlərində səmimiyyətin və mənəviyyatın itən izləri
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Cəmiyyətin həyata və ölümə münasibəti onun mənəvi dəyərlərinin, sosial psixologiyasının ən bariz göstəricisidir. Əsrlər boyu kədəri bölüşmək, dünyasını dəyişən insanı ehtiramla son mənzilə yola salmaq və yaxınlarına dəstək olmaq insani həmrəyliyin ən ali nümunələrindən biri hesab olunub. Lakin müasir dövrdə adət-ənənələrin mahiyyətindən uzaqlaşması, mənəviyyatın forma və nümayişkaranə davranışlarla əvəzlənməsi yas mərasimlərimizin də simasını kəskin şəkildə dəyişib.
Mərasimçilik və görünüş xatirinə yaşanan "kədər"
Bugün toy və yas mərasimləri arasında sərhədlərin tədricən silinməsi, hüzn məkanlarının dəm-dəstgahlı süfrə yarışına çevrilməsi sosial mühitimizin ən ağrılı təzadlarındandır. Yas yerinə təsəlli vermək, dərdə şərik olmaq üçün deyil, sadəcə süfrənin "bərk-boşluğuna" qiymət vermək, formal borcu yerinə yetirmək üçün gedənlərin sayı azalmir. Kədər və hüznün yerini süfrə təmtərağı, mənəvi rahatlığın yerini isə sosial qınaq qorxusu alıb.
Yaşarkən unutduqlarımız, öləndə xatırladıqlarımız
Cəmiyyətimizdə görünən digər böyük mənəvi problem isə insana sağlığında verilməyən qiymətin o dünyasını dəyişəndən sonra şişirdilmiş təriflərlə, təmtəraqlı ehtiramla əvəz olunmasıdır.
Sağlığında diqqətdən kənar qalanlar: İnsan həyatda olarkən bir xoş sözə, sadə bir diqqətə ehtiyac duyduğu halda, ətrafındakılardan soyuqqanlıq və laqeydlik görür.
Ölümündən sonra yaranan "ehsan" yarışması: İnsan həyatını dəyişdikdən sonra isə adna verilən təmtəraqlı ehsanlar, bahalı başdaşları və ucadan edilən fəryadlar sağlığında göstərilməyən qayğının gecikmiş və lazımsız nümayişinə çevrilir.
Din, inam və formalist yanaşma
İnanc və din anlayışının formal rituallara endirilməsi, daxili təmizlənmə və vicdan rahatlığı əvəzinə, müəyyən "şərtlər" və ya paylamalarla cənnət qazanmaq illüziyası yaratması mənəvi aşınmanın başqa bir təzahürüdür. İnsanın öz əməlləri, xeyirxahlığı və sədaqəti qaldığı halda, ölümündən sonra paylanan ehsanların onun günahlarını yuyacağı düşüncəsi dini mahiyyətin təhrif olunmasından başqa bir şey deyildir.
İctimaiyyətdə kök salmış bu cür formalist və təzadbucaqlı yanaşmanı, insan münasibətlərindəki səmimiyyətsizliyi və yas mərasimlərinin mahiyyətindən kənarlaşmasını öz misralarımda biraz kədərli, birazda dürüst şəkildə qələmə almağa çalışmışam:
Bizim toylarımız çox qəribədir,
Gələnlər yeməkçün, xaş üçün gəlir.
Yasımız o toydan geriyə qalmır,
Gələnlər bir bulud aş üçün gəlir.
Elə ki ölünü məzara qoyduq,
Anırıq ruhunu salavat ilə.
Allahın adına nəzir veririk,
Cənnət istəyirik şokolad ilə.
Ölənin yaşarkən özünə deyil,
Öləndə ruhuna hörmət edirik.
Allaha rüşvəti kəşf etmişik biz,
Ölənin adından rüşvət veririk.
Ölünün ardınca edirik fəryad,
Ölənlər səbəbsiz rəhmətə getmir.
Yaxşı-pis gedirik ömür yolunu,
Bu gediş, çox heyif, cənnətə getmir.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Onun adının mənası- bağışlayan, əhv edən və ya mərhəmətli deməkdir...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Fərasətlidir və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməyi, insanları doğru yola yönəltməyi, kütləni idarə etməyi yaxşı bacarır. Reaksiyalarından niyyət və məqsədlərini təxmin etmək mümkündür. Həyatı dərindən anladığı üçün risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Cəsarətli olduğundan qadağa və qaydalardan qorxmur və həyatını inamla yaşayır. Desəm sərt adamdır, yanılaram. Çünki nəcib, səxavətli və qoruyucu bir xarakterə malikdir. Haqsızlığa dözümü yoxdur və tanımadığı birisinin belə hüquqlarının tapdalanmasına dözmür. Ümumiyyətlə, o, humanist və niyyəti xoş insandır. Risk etməkdən çəkinmədiyi üçün böyük uğurlara imza ata bilir...
Deyir ki:- “Mən böyük ailənin üzvü olmuşam. Beş bacı və beş qardaş. Ailənin böyük övladı olaraq yükün ağırlığı həmişə mənim çiyinlərimdə olub. Atam fəhlə baba, təsərrüfatımız isə ağır olub. Lap kiçik yaşlarımdan atamla birgə çiyin-çiyinə çalışmışam. Kənddə müəllim işləyə-işləyə aspiranturaya qəbul oldum. Qısa vaxt ərzində dissertasiyam hazır oldu. Amma o dönəmdə Azərbaycanda arxeologiya ixtisası üzrə dissertasiya şuraları yox idi. Dissertasiyaları hazır olan gənclər SSRİ-nin başqa şəhərlərində müdafiə etməyə məcbur idilər. Bizim bəzi əməkdaşlar Tbilisidə, İrəvanda, Moskvada, Leninqradda müdafiə edirdilər. Mənim dissertasiyam hazır olanda Azərbaycana yaxın ərazilərindəki müdafiə şuraları da bağlandı. Moskva və Leninqradda isə həddən artıq böyük növbə var idi. Yəni işimi aparıb ora verib illərlə gözləməli idim. Mən bu səbəbdən Kiyevə getdim. Mənə qədər bizimkilərdən arxeologiya üzrə Kiyevdə heç kim müdafiə etməmişdi. Xoşbəxtlikdən Kiyevdə çox yaxşı qarşılandım. Bu, hər dəfə yadıma düşəndə qürurlanıram. Müdafiə zamanı Moskvadan olan opponentim professor Fyodrov-Davıdov mənə birbaşa doktorluq elmi dərəcəsinin verilməsini təklif etdi...”
Şanslı insandır. Sücaət göstərməkdən çəkinmir və son dərəcə cəsürdur. Bəzən impulsiv davranışlar sərgiləsə də, yeri gələndə insanların könlünü almağı bacarır. Onun əsas xüsusiyyətlərindən biri də güclü istək və arzularına qapılmasıdır. Bu səbəbdən də hadisələrə səbəb olan real şeylərə neytral yanaşır. Ən müsbət cəhəti isə ürəyinin təmiz olmasıdır. Başqalarına tolerant yanaşa bilir...
Bakı Slavyan Universitetinin professoru, tarix elmləri doktoru, Habil Məmmədov onu belə xarakterizə edir: “Professor Qafar Cəbiyev Azərbaycanın bir çox orta əsr şəhərləri, qalaları, xanəgahları, türbə və ziyarətgahlarının tədqiqində xüsusi xidmətləri olan arxeoloq alimlərimizdəndir. Mübaliğəyə yol vermədən deyə bilərm ki, o özünün fundamental elmi tədqiqatları ilə yanaşı, jurnalistika, təhsil və maarifçilik işi sahəsindəki fəaliyyəti ilə də elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının hörmətini qazanan mükəmməl alim obrazı ilə tanınır. “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Girdiman. Tarixi və tarixi coğrafiyası”, üç ciliddən ibarət “Orta əsr Ağsu şəhəri”, “Ağsuçay-Girdimançay hövzəsinin arxeoloji abidələri” adlı əsərləri, ali məktəblər üçün yazmış olduğu “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərslik və dərs vəsaitlərinin hər biri elm fədaisinin gərgin əməyinin və səmərəli elmi-pedaqoji fəaliyyətinin məhsuludur...”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı professor, əməkdar jurnalist Qafar Cəbiyevdir. Adı çox gözəldir. Qafar adı Allahın epitetlərindən olan bağışlayan, əhv edən və ya mərhəmətli mənasını daşıyır. O, 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlib. 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra isə Milli Akademiyanın Tarix İnstitutunun aspiranturasına qəbul olunub. 1985-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. 25 monoqrafiyanın, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir...
Professor Habil Məmmədov daha sönra söyləyir: “Qafqaz Albaniyası tarixinin arxeoloji aspektdə dərindən və hərtərəfli araşdırılması Qafar müəllimin elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri olduğu dönəmdə məhz onun təşəbbüsü ilə albanşünaslığın bir sıra aktual problemləri gündəmə gətirilməklə öz müsbət həllini tapıb. Onun Azərbaycan albanşünaslığına verdiyi ən böyük töhfə isə Girdiman tarixinə dair fundamental tədqiqatlardır. Sovet dönəmində təhrif edilən, ermənilər tərəfindən saxtalaşdırılan Girdiman problemi professor Qafar Cəbiyevin araşdırmaları və çox möhtəbər elmi dəlilləri əsasında yenidən işləndi. Sələflərindən fərqli olaraq məhz o ilk dəfə Girdiman vilayətinin Albaniyanın qərbində və ya şimal-qərbində deyil, məhz Şirvan ərazisində olduğunu elmi cəhətdən sübuta yetirib. Qafar müəllimin ömür yolunun əhəmiyyətli bir hissəsi də pedaqoji fəaliyyətə həsr olunub. O, 1990–2003-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialının dosenti, 2008–2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun ictimai fənnlər kafedrasının müdiri, 2018–2020-ci illərdə isə Bakı Qızlar Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan tarixi və Azərbaycan arxeologiyası fənlərini tədris edib...”
Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömrü boyu həyatdan zövq alan insandır. Ehtiraslı bir enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Qorxmaz, qətiyyətli olduğundan heç bir təhlükədən çəkinmir. Həmişə aktiv və dinamikdir. Mərddir, qürurludur və ağayanə adamdır. Bir sözlə, o, əsl kişidir və kişiliyə xas olan bütün xüsusiyyətlərə sahibdir...
“Arzu edib, amma yarımçıq qalan heç bir işim yoxdur. Allaha şükür, ürəyimdən keçən hər şeyə nail olmuşam. Mənim üçün tələbəlik illərimdə əlçatmaz hədəf aspiranturaya qəbul olmaq idi, bunu bacardım, real görünməyən hədəf alimlik dərəcəsini almaq idi, onu da almışam. Bakıda bir gecə qalmağa yerim, qohum evi olmayıb, indi Bakıda evim də, şəraitim də var. Rayon qəzetində ilk məqaləm çıxanda qanad açıb uçurdum. Heç güman etməzdim ki, nə vaxtsa hər biri 500-600 səhifədən ibarət 20-yə qədər kitabın müəllifi olacam. Bir sözlə, elə bir nisgilli arzum qalmayıb. Ürəyimdən keçən hər bir şeyi Allah mənə nəsib edib. Qarabağ problemi hər kəs üçün çox böyük nigarançılıq idi. Amma 30 ilin tamamında torpaqlarımız Ordumuzun şücaəti ilə, qəhrəmanlıqla düşmən tapdağından azad edildi. Qarabağ problemi bizim alnımızda damğa idi. Artıq bu damğa götürülüb. 44 gün ərzində erməni əsgərləri tülkü kimi yuvalarına qaçıb gizləndi. Bu qüruru yaşamaqdan böyük xoşbəxtlik varmı?”- söyləyir.
Çox məğrurdur, insanların ona yazığı gəlməsinə nifrət edir. Kiməsə aid olmağı sevmir, azad və müstəqildir. Sərbəst və rahat hərəkətləri ilə ətrafındakı insanların diqqətini çəkir. İnsanlarla söhbət etməyi və onlarla yaxın münasibət qurmağı sevir. O, heç vaxt fikirlərini bölüşməkdən qorxmur və son dərəcə cəsarətlidir. O, mürəkkəb və demək olar ki, qeyri-mümkün problemləri necə həll edəcəyini yaxşı bilir...
Deyir ki:- “Bu gün gənclər ölkəmizin bütün sahələrində xüsusi çəkiyə malikdir. Çox məmnunluqla deyə bilərəm ki, gənclərimizin əksəriyyəti onlara həvalə olunmuş missiyanı ləyaqətlə icra edir. Özlərindən əvvəlkilərin etmədiyi, edə bilmədiyi, etmək istəmədiyi, etmək iqtidarında olmadıqları vəzifəni icra edirlər. Mən gənclərin olduqları mövqedən asılı olmayaraq, öz peşəsinin sirlərinə dərindən bələd olmasını istəyrəm. Onlara tövsiyəm odur ki, peşələrinin nəzəriyyəsi ilə yanaşı praktikasını da yaxşı bilsinlər. Gənclərimizə hər hansı post etibar ediləndə bərbəzəkli kabinetlərdə, əzəmətli kreslolarda oturub ancaq göstəriş verməsinlər. Göstəriş və əmr verdikdə də elə etsinlər ki, kimsə onlara gülməsin, qarşıdakı hiss etsin ki, onlar bu işi daha yaxşı bilir. Hər hansı sahəyə gedəndə də düşünməlidilər ki, mən bu sahəni digərlərindən yaxşı bilirəmmi?! Yarıtmaz iş tutana irad bildirə biləcəmmi?! Bəzi vəzifədə olan özündən razı, müştəbeh gənclər yaşlı nəsli sadəcə keçmişin qalığı, sovet dövründən qalan köhnə düşüncəli kimi görürlər. Onlar bilməlidr ki, cəmiyyət və dövlət ağsaqqalın hikməti, cavanların qüdrəti ilə daha qüdrətli olar. Gənc nəsil yaşlı nəslin bilik və təcrübəsindən yararlanmalıdır ki, onların etdiyi səhvləri təkrar etməsinlər...”
Professor Qafar Cəbiyev media sahəsində də səmərəli fəaliyyət göstərib. O, 1990–2004-cü illərdə “Azərbaycan” qəzetinin Balakən–Şəki bölgəsində xüsusi müxbiri, 2004–2019-cu illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013–2019-cu illərdə Şura sədrinin müavini olub. “Can Azərbaycan”, “Yazılan qalacaq”, “Düşüncələr” və “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kimi iri həcmli publisistik əsərləri jurnalist kimi də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir. Jurnalistikada xidmətlərinə görə “Qızıl qələm” və “Humay” mükafatlarına, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb...
Bəli, Qafar müəllim ötən müddətdə rəngarəng və maraqlı şəxsiyyəti ilə hamının sevimlisi olmağı bacarıb. Onun üçün daxili gözəllik həmişə vacib olub.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
"Yol səni səslər" – Poeziya körpüsü
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” (edebiyyatveincesenet.az) portalının redaktoru, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının “Yol səni səslər” adlı kitabı rus dilində gün üzü görüb. Bu yeni kitab bir neçə xalqın ədəbi-mədəni köklərinin ruhi enerjisini bir araya gətirən, müxtəlif poeziya ənənələrini qovuşduran diqqətəlayiq ədəbi-mədəni layihə kimi xüsusi önəm daşıyır.
Kitab çağdaş türk və slavyan ədəbiyyat məkanında özünəxas ədəbi hadisə sayıla bilər. Bu, bir şeirlər toplusu olmaq etibarıyla müxtəlif duyğu-düşüncələri qovuşdurur, poeziyanın xalqları və bədii təfəkkürləri bir-birinə bağlayan mədəni körpü kimi çıxış edir.
Kitaba xüsusi dəyər qatan amillərdən biri də onun yaradıcı mühitidir.
Kitabın ön söz müəllifi Saxa-Yakutiya Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyevadır. Ədəbi ictimaiyyət tərəfindən sevilən və sayılan Xalq şairinin önsözü oxucunu Əkbər Qoşalı poeziya dünyasının dərinliklərinə aparır, onun poetik duyğularını, düşüncələrini və ayrı-ayrı şeirlərinin arxasında dayanan geniş mənəvi-mədəni dünyanı duymağa imkan verir. Beləliklə, Azərbaycan və Saxa poeziya ənənələrinin bir kitabda görüşməsi ədəbi bağların, qarşılıqlı anlaşmanın gözəl örnəyinə çevrilir.
Kitabın məsləhətçisi Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Şurasının deputatı Rkail Zəydulladır. Onun bu layihədə iştirakı Türk dünyasının ədəbi-mədəni irsinə bağlılığını daha da möhkəmləndirir və milli ədəbiyyatın hüdudlarını aşan, müxtəlif mədəniyyətləri bir araya gətirən bu layihəyə özəl anlam qatır.
Şeirlərə rus dilində ikinci həyat verən tərcüməçilər – Afaq Şıxlı və Nilufər Şıxlıdır.
Afaq xanım şair-tərcüməçi, həkim olmaqla yanaşı, Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvüdür və uzun illərdir ədəbi-tərcümə sahəsində peşəkar fəaliyyət göstərir. Nilufər Şıxlı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi, publisist, linqvist və psixoloqdur. Şıxlıların birgə əməyinin nəticəsində Əkbər Qoşalının poeziyasının məzmunu, ruhu və bədii özünəməxsusluğu rusdilli oxucuya düzgün çatdırılıb. Tərcümə prosesində əsərlərin milli çalarlarının və emosional dərinliyinin qorunmasına xüsusi diqqət yetirilib.
Beləliklə, müəlliflə rusdilli oxucu arasında yeni bir ədəbi ünsiyyət məkanı yaranır.
Əkbər Qoşalının poetikası həm dərin milli köklərə, həm də ümumbəşəri dəyərlərə söykənir. Onun poeziyasında yaddaş, Vətən, sevgi, zaman, insan taleyi və mənəvi dəyərlər kimi hər bir insanın qəlbinə yaxın mövzular öz poetik əksini tapır.
Kitabın ərsəyə gəlməsində mühüm rol oynayan qurumlardan biri də “ALTA” (Altı) özəl nəşriyyatıdır. Nəşriyyatın rəhbəri Saxa Yazıçılar Birliyinin məsul katibi, tanınmış şair Zinaida Arxipovadır.
Ədəbi mühitdə çalışan, yeni kitabların nəşrinə və müxtəlif xalqların nümayəndələri arasında yaradıcılıq bağlarının inkişafına dəstək verən insanların fəaliyyəti belə mədəni layihələrin həyata keçirilməsi baxımından böyük önəm kəsb edir.
Kitabın gün üzü görməsində Saxa (Yakutiya) Respublikası Dövlət Məclisinin deputatı Əliş Zabitoğlunun xüsusi dəstəyi olmuşdur. Əliş Zabitoğlu ədəbi və mədəni təşəbbüslərə daim dəstək göstərən həssas bir aydın kimi tanınır. Onun bu nəşrin ərsəyə gəlməsinə göstərdiyi dəstək xüsusi minnətdarlıq doğurur.
Beləliklə, “Yol səni səslər” kitabının səhifələrində bir neçə ədəbi məkandan dəyərli simalar görüşmüşldür. Kitabın müəllifi, tərcüməçiləri, önsöz müəllifi, məsləhətçisi, nəşriyyat rəhbəri və onun ərsəyə gəlməsinə dəstək göstərən insanlar Əkbər Qoşalının poeziyasının yeni oxucu auditoriyasına çatdırılması naminə vahid məqsəd ətrafında səmimiyyətlə birləşiblər.
Kitabın adı da bu baxımdan xüsusi məna kəsb edir. Burada “yol” şairin mənəvi və poetik səyahətinin obrazı olmaqdan daha çox, mədəniyyətlərin bir-birinə doğru hərəkətinin, insanların bir-birini anlamaq və duymaq istəyinin rəmzidir. Bir dildən digərinə, bir xalqdan digərinə, bir ürəkdən başqa bir ürəyə – müəllifdən oxucuya uzanan bir yol… Bu, ilk növbədə, bir dialoqa çağırışdır. Poeziyaya, yaddaşa, mədəniyyətə və ədəbiyyatı yaşadan o incə bağlar haqqında söhbətə dəvətdir. Bəlkə də bu kitabın ən böyük dəyəri məhz belə bir yola çevrilə bilməsindədir: şairi oxucu ilə, Azərbaycan dilini rus dili ilə, müxtəlif xalqları və mədəniyyətləri isə sənətin fövqəlbəşər, universal üslubu ilə bir-birinə qovuşduran ulu yol…
Sərhədləri aşmaq, uzaqları yaxın etmək, fərqli dillərdə danışan insanların könlündə eyni duyğunu oyatmaq. – Ədəbiyyatın ən böyük gücü də elə bunda deyilmi?..
Əkbər Qoşalının “Yol səni səslər” kitabı bu mənada yeni bir nəşr olaraq, Azərbaycan poeziyasının dünyaya uzanan daha bir körpüsüdür.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Orada, Tiflisdə, Şeytanbazarda...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
19-cu əsrdə Tiflis Azərbaycan mədəniyyəti və elmində mərkəzi rol alan şəhərlərdən biri, bəlkə də birincilər sırasında dayananı idi. 20-ci əsrin əvvəllərində bu şəhər müsəlman mədəniyyətinə böyük töhfələr verməkdəydi. Xüsusən, ədəbiyyat, ictimai fikir, maarifçilik təşəbbüsləri buradan qaynaqlanırdı. Orada on minlərlə həmyerlimiz yaşayırdı, Tiflisin sırf azərbaycanlılar yaşayan Şeytanbazar adlı məhəlləsi isə daha məşhur idi.
Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olub. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb.
Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxıb. O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib.
1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq edib. 17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat edib.
İfa etdiyi əsas rollar
1. "Arşın mal alan", Üzeyir Hacıbəyov — Gülçöhrə və Asya
2. "Məşədi İbad", Üzeyir Hacıbəyov — Gülnaz
3. "Ər və arvad", Üzeyir Hacıbəyov — Minnət xanım
4. "Evliykən subay", Zülfüqar Hacıbəyov — Pərzad
5. "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov — Gülcahan
6. "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mələk xanım
7. "Ölülər", Cəlil Məmmədquluzadə — Nazlı və Zeynəb
8. "Topal Teymur", Hüseyn Cavid — Olqa
9. "Səyavuş", Hüseyn Cavid — Firəngiz
10. "Dubrovski", Aleksandr Puşkin — Anna Sovişina və Anna Qlobova
11. "Tufan", Aleksandr Ostrovski — Kabanixa
12. "Cehizsiz qız", Aleksandr Ostrovski — Oqudalova
13. "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Korinkina
14. "Göy quş", Moris Meterlink — Gecə məlaikəsi
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
İki Vətənin Arasında – xatirələrim, yolum və mən
Güllü EldarTomarlı,
MirvaridDilbaziPoeziyaMəclisi İctimaiBirliyininsədri,
"Kəlağayı Ev Muzeyi"nin direktoru.
“Ədəbiyyat və incəsənət”
Mən bu torpaqda doğuldum, onun havasını uddum, suyunu içdim. Anamın dilində danışdım, atamın milli ruhundan güc aldım. Doğulduğum yurda həmişə sədaqətlə, sevgi ilə bağlandım. Bu torpağı sevdim. Şəhriyarın dediyi kimi, könlümün quşu qanad çaldı, qanadlandı, səmt aldı Azərbaycana – Təbrizə, Dərbəndə, Göyçəyə... Ruhum o torpaqlarda dolaşdı, xəyalım sərhəd tanımadı.
Gürcüstanda yaşayan Azərbaycanlı yazarlarla bir arada olmaqdan həmişə qürur duydum. İstedadımın olub-olmadığını zaman daha yaxşı qiymətləndirər. Amma bir həqiqəti dəqiq bilirəm: qələmi yenicə tutan, şeirə vurğun balaca bir qızı, şairlər və jurnalistlər böyük məhəbbətlə qarşıladılar.
O illərdə "Sovet Gürcüstanı" qəzeti – indiki "Gürcüstan" qəzetinin redaksiyası mənim üçün söz dünyasının ilk ünvanına çevrildi. Redaktorlar Teymuraz Cəfərli, sonralar Süleyman Süleymanov, eləcə də Həmid Vəliyev, Tamara Vəliyeva, İslam Əliyev, Arif Mustafazadə, Qasım Əhmədov, Elman Kələyev, Nəsib Nəsibov, Mahmud Hacıxəlilov kimi dəyərli qələm sahiblərini ömrüm boyu minnətdarlıqla xatırlayacağam.
Rustavi şəhərindəki 7 saylı məktəbdə oxuyarkən yazılarımın bu qəzetdə dərc olunması, üstəlik xəbərim olmadan "Ştatdankənar müxbirimiz Güllü Tomarova yazır" cümləsinin çap edilməsi uşaqlıq ömrümün ən qiymətli mükafatlarından biri idi.
Bilmirəm məni bu sevdanın ardınca aparan nə idi. Bir də gördüm ki, qələm artıq mənim taleyimə çevrilib. Jurnalist olmaq, diktor kimi danışmaq, şeir və hekayələr yazmaq arzusu ilə yaşayırdım. Mən söz dünyasına gəlmədim, elə bil söz özü məni seçdi.
Uşaqlıq illərində gözüm də, könlüm də Azərbaycanda idi. Oranın həsrətini çəkir, orada yaşamaq, Azərbaycan şair və yazıçılarını yaxından tanımaq istəyirdim. Kökümüz Qazaxın İncə Dərəsinin Kəmərli kəndindən olduğuna görə atam bizi tez-tez kəndə, doğmalarımızın yanına aparardı.
Səməd Vurğunun Poeziya Evini keçib sağa – İncə Dərəsinə dönən yolda mən pəncərədən baxaraq Qazaxa uzanan yolları seyr edərdim. İçimdən bir arzu keçərdi: "Kaş Azərbaycanın hər qarışını gəzə biləydim..." Bu arzumu isə utanıb atama deyə bilmirdim.
Tale elə gətirdi ki, ailəlikcə Bakıya köçdük. Azərbaycana gəldim, amma bir müddət sonra anladım ki, Rustavi üçün darıxıram. Axı mən orada doğulmuşdum. İnsan doğulduğu torpağın həsrətini harada olsa yaşayır.
Azərbaycanda da qələm adamlarının böyük sevgisini gördüm. Xalq şairləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Musa Yaqub, Vahid Əzizlə görüşdüm, Seyid Həmzə Nigari Simpoziumunda iştirak etdim. Onların diqqəti və qayğısı mənə daha böyük ruh verdi.
Sonralar Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin adını daşıyan İctimai Birliyi yaratdıq və dövlət qeydiyyatından keçirdik. Bu yolda Mirvarid xanımın qızı Xatirə Dilbazi və Əməkdar mədəniyyət işçisi, Milli Azərbaycan Tarixi Muzeyində ümumi işlər üzrə direktor müavini Əliməmməd Məhərrəmovun dəstəyi mənim üçün unudulmazdır. Onlara ömür boyu minnətdaram.
Birliyin nəzdində "Kəlağayı Ev Muzeyi"ni yaratdıq. Çətinliklər çox oldu, amma inamımız daha güclü idi. Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələrinin qalibi olduq. Mirvarid Dilbaziyə və milli kimliyimizin rəmzi olan kəlağayıya həsr etdiyimiz layihələrimizi uğurla həyata keçirdik.
QHT Dovlət Dəstəyi Agentliyinə minnətdarıq.
Uşaqlıq illərimin ən gözəl xatirələrindən biri də Gürcüstan radiosunda Azərbaycan dilində olan verilişlə bağlıdır. Hər gün saat 19:30-da gedən verilişi səbirsizliklə gözləyirdim, dinləyirdim. Bazar günləri yayımlanan "Arzular konserti"nə məktub göndərərdim. Adımı çəkər, sifariş etdiyim mahnını səsləndirərdilər.
Aparıcılar Aləmzər Rzayeva və Ələddin Həsənovun səsinə vurğun idim. Tale mənə Aləmzər xanımı görməyi qismət etmədi, amma Ələddin Həsənovla görüşmək nəsib oldu. Sonradan bildim ki, o, həm də gözəl saz ifaçısıdır.
Redaksiyaya tez-tez gedərdim. Hər dəfə sinif qızlarımızı, rəfiqələrimi da aparardım ki, onlar da yazarlarımızı tanısınlar. Mühafizə telefonla yuxarı zəng edib: "Güllü Tomarova gəlib, icazə varmı?" – deyərdi. "Bəli", cavabını alanda qürurla pillələri qalxardım.
1984-cü ildə redaksiyada Məmmədhüseyn Bəxtiyarlı ilə görüş zamanı ona məktəbimizdə şairlərlə görüş keçirmək təklifini etdim. O, böyük məmnuniyyətlə razılaşdı.
Məktəb rəhbərliyi də mənə inandı. Tərbiyə işləri üzrə direktor müavini Bəhram İsayev, dərs hissə müdiri Hamlet Sadıqov və məktəb direktoru Şota Rexviaşvili bu təşəbbüsə dəstək verdilər.
18 fevral 1984-cü il, saat 14:00. Məktəbdə 365 şagird və müəllim qonaqları gözləyirdi. Mən tədbirin aparıcısı idim. Hər şey hazırlanmışdı. Amma şairlər gecikirdi...
Hamlet müəllim əsəbiləşmişdi. Məni danlayırdı. Mən isə sakitcə ağlayır, ürəyimdə yalnız bir cümləni təkrarlayırdım:
"Şairlər sözlərinə xəyanət etməzlər. Onlar gələcəklər..."
Və gəldilər.
Düz bir saat sonra məktəbin həyətinə ard-arda daxil olan on dörd avtomobilin siqnal səsləri mənim ömrümün ən gözəl musiqisinə çevrildi. Bu, etibarın, sədaqətin, sözə hörmətin səsi idi.
Həmin görüş həyatımın unudulmaz səhifəsinə çevrildi. Qəzetlər bu barədə yazdı. Bir neçə gün sonra Gürcüstan radiosunun Azərbaycan redaksiyasından Emin Mahmudov məni radioya dəvət etdi.
21 fevral 1984-cü ildə radioya gedəndə məni nurani insan Əlixan Düşgün qarşıladı. Orada Leyla Eradze ilə tanış oldum. Gürcücə salam verdim, o isə mənə Azərbaycan dilində cavab verdi. Dilarə Əliyeva ilə dostluqlarından danışdı. Sonralar düşündüm ki, məhz belə insanlar Azərbaycan-Gürcüstan dostluğunun əbədi körpüləridir.
Şairlərlə həmin görüşün davamı pioner baş dəstə rəhbəri Elmira Cəlilovanın atası evində - Kamil əminin evində oldu. Ələddin Həsənov saz çalır, oxuyur, şairlər şeirlər söyləyirdi. Mən Aşıq Ələsgərin "Düşdü" şeirini söylədim. Ələddin müəllim isə sazı sinəsinə basaraq "Güllü" qoşmasını elə bir ustalıqla ifa etdi ki, həmin an yaddaşıma əbədi həkk olundu.
Ömür yolumda mənə sözün, sənətin və mənəviyyatın dəyərini aşılayan daha neçə-neçə dəyərli insanlarla qarşılaşdım. Dünyamalı Kərəm, Dərviş Osman Əhmədoğlu, Səadət Buta, Səringül Sadə, Mədəd Coşqun və Bəhram Mehdi kimi şairlər də həyat yoluma işıq salan sənətkarlar oldular. Onların söhbətlərindən, yaradıcılığından, həyata və ədəbiyyata baxışlarından çox şey öyrəndim. Hər biri mənim qələm yolumda iz qoydu, sözə daha məsuliyyətlə yanaşmağı, milli-mənəvi dəyərlərə bağlılığı və ədəbiyyata sevgi ilə xidmət etməyi öyrətdi. Bu gün də onların mənə bəxş etdiyi mənəvi sərvəti minnətdarlıq hissi ilə xatırlayır, həyat və yaradıcılıq yolumun ayrılmaz bir hissəsi hesab edirəm.
Bu gün yenə Gürcüstandayam.
Kobuletidən Rustaviyə qayıdarkən yaddaşımın dərinliyində yatan bütün bu xatirələr oyandı. Yazdıqca həm kövrəldim, həm sevindim, həm də qürurlandım.
Qürurlandım ki, mənim taleyimə iki Vətən yazılıb – Gürcüstan və Azərbaycan.
Bu gün də Mirvarid Dilbazinin anadan olmasının 114-cü, vəfatının isə 25-ci ildönümü münasibətilə Gürcüstanda tədbir keçirəcəyik.
Azərbaycan Milli QHT Forumunda təqdim olunan "Kəlağayım millidir, butalıdır, güllüdür" layihəsinin davamı Tbilisi, Rustavi, Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarında həyata keçiriləcək.
Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin, Prezident Administrasiyasının, Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli QHT Forumunun və bizə dəstək verən bütün qurumların mənəvi qayğısı bizi daha böyük işlər görməyə ruhlandırır.
Harada yaşamağımdan asılı olmayaraq, milli-mənəvi dəyərlərimizin keşiyindəyəm.
Çünki milli irs yalnız keçmişimiz deyil, həm də gələcəyimizdir. O, kökümüzdür, kimliyimizdir, tariximizdir. Xalqımızın adət-ənənələrini qorumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur.
Milli olan əbədidir. Milli olan bəşəridir.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
“Dünya heç kimin” fəlsəfəsi – Məmməd Araz poeziyası
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Dünya haqqında ən böyük yanlışlıq onu “özümüzünkü” hesab etməyimizdir. Məmməd Araz bu məşhur şeirində məhz bu yanlışlığın üzərinə gedir – sakit, amma sarsıdıcı bir qətiyyətlə. Onun misralarında nə pafos var, nə də təsəlli; burada insanın özünə qurduğu illüziyanın tədricən dağıdılması var.
Şeir taleyin obrazı ilə açılır. “Bir taleyin oyununda cütlənmiş zərik” deyərkən şair insanları eyni oyunun içində olan varlıqlar kimi təqdim edir. Amma bu birlik zahiridir: “Yüz il qoşa atılsaq da qoşa düşmərik.” Eyni zaman, eyni məkan, eyni taleyi paylaşan insanlar belə, eyni nəticəyə çata bilmir. Burada həyatın ədalətsizliyi yox, onun anlaşılmaz mexanizmi önə çıxır. İnsan bu oyunda həm iştirakçıdır, həm də nəticədən xəbərsiz bir fiqur.
Sonra baxış genişlənir. “Bir zərrənin işığına milyonlar şərik” misrası insanın özünü böyük saydığı dünyanı birdən-birə kiçildir. Zərrə – ən kiçik varlıq birdən milyonların diqqət mərkəzinə çevrilir. Bu, həm kosmik miqyasın hissidir, həm də insanın öz əhəmiyyətini şişirtməsinin incə tənqididir. Və elə bu nöqtədə hökm gəlir: “Dünya sənin, dünya mənim, dünya heç kimin.” Bu təkrar sıradan, adi bir poetik vasitə deyil; bu, şeirin nəfəsidir, onun ritmik yaddaşıdır.
İkinci bənddə həyat hərəkətə gəlir. “Sevda fırfıran” obrazı dünyanı sabit yox, fırlanan, dəyişən bir sistem kimi təqdim edir. İnsan bu hərəkətin içində ya sürüklənir, ya da ona uyğunlaşmağa çalışır. “Bir ümidin ətəyindən tutub da fırlan” – bu, həm ümidsizlikdən çıxış yolu, həm də çıxılmazlığın etirafıdır. Çünki burada ümid də sabit deyil, o da hərəkətin bir hissəsidir. Yıxılan və duran səslər isə həyatın əbədi ritmini pıçıldayır.
Üçüncü bənddə dünya artıq bir bazardır. “Bu get-gəllər bazarına dəvədi dünya” misrasında iki fərqli məna üst-üstə düşür: bazar – keçiciliyin, alverin, dəyişkənliyin məkanıdır; dəvə isə yük daşıyan, bu hərəkəti davam etdirən varlıqdır. Dünya həm bu bazarın özüdür, həm də onun yükünü çəkən qüvvə. İnsan isə bu bazarda gah alıcı, gah satıcı, gah da sadəcə tamaşaçıdır. Amma heç vaxt sahib deyil.
“Əbədiyə qəh-qəh çəkər əbədi dünya” misrası xüsusi bir ironiya ilə səslənir. Dünya əbədidir, amma bu əbədilik insan üçün deyil. Sanki dünya insanın bütün iddialarına gülür. Bu gülüş təkəbbürə qarşı yönəlmiş səssiz bir etirazdır.
Dördüncü bənddə şair zamanın dərin qatlarına enir. Araz çayı və Həkəri çayı burada minilliklərin şahidi, canlı tarixdir. İnsan həyatı ötəridir, amma bu axar dəyişmir. Gündüzlər və gecələr eyni ritmlə təkrarlanır. Səhər günəş doğur, axşam qürub edir və bu hər gün eyni alqoritmlər təkrarlanır. Bu təkrar insanın faniliyini daha da kəskin göstərir: dəyişən bizik, dəyişməz sandığımız dünya deyil.
Şeirin son bəndi isə bütün bu düşüncələrin zirvəsidir. “Mən özümlə oynadığım şahmata güldüm” deyən şair artıq həqiqəti dərk etmiş insandır. O anlayır ki, həyat bir oyundur və bu oyunda insan həm oyunçu, həm də fiqurdur. Bu, faciə deyil – bu, dərk anıdır. Və bu dərk gülüşlə tamamlanır. Çünki insan yalnız həqiqəti gördükdə öz illüziyalarına gülə bilir.
Beləcə, şeir insanı sakitcə bir həqiqətlə üz-üzə qoyur: dünya nə sənin, nə mənimdir. O, sadəcə var və biz onun içindən keçirik. Ötəri varlıq, kirayənişin, qonaq kimi... Qısa bir müddət üçün ona toxunur, onu “özümüzünkü” sayır, sonra isə gedirik. Dünya isə qalır – eyni sakitliklə, eyni laqeydliklə.
Və bəlkə də bu şeirin ən böyük gücü ondadır ki, o, bu həqiqəti nə qışqırır, nə də gizlədir. Sadəcə deyir. Təkrar-təkrar, yorulmadan:
“Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...”
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Orada yarımçıq qalan arzularımız, deyə bilmədiyimiz sözlər yaşayır...
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Bəzən insanın ən böyük ağrısı ağladığı yerdə deyil, susduğu yerdə başlayır. Elə anlar var ki, insan heç kimə heç nə danışmaq istəmir. Çünki danışsa, sözlərin arxasınca göz yaşlarının gələcəyini bilir. Bəzən bir cümlə qurmaq belə ağır olur. İnsan sadəcə susur və içində illərlə topladığı hər şeyi özü ilə danışır.
Həyat bizə çox şeyi öyrədir. Ən ağrılısı isə budur ki, bəzi dərsləri kitabdan oxumaq olmur. Onları yaşamaq lazımdır. İtirmək lazımdır. Darıxmaq lazımdır. Gecələr hamı yatarkən tavana baxıb düşünmək lazımdır. Bir vaxtlar yanımızda olan insanların artıq olmadığını qəbul etmək lazımdır.
İnsan qəribə varlıqdır. Ən çox sevdiklərinə qarşı güclü görünməyə çalışır. “Yaxşıyam”, deyir, halbuki içində nələrinsə dağıldığını özü bilir. Gülümsəyir, amma o təbəssümün arxasında neçə gecənin səssizliyi gizlənir, heç kim bilmir.
Bəzən bir insan üçün darıxmaq onun yanında olmaq istəməkdən daha artıqdır. Onun səsini bir dəfə də eşitmək, qapının açılıb içəri girməsini görmək, “Necəsən?” sualını ondan eşitmək istəyirsən. Sonra anlayırsan ki, bəzi səslər yaddaşda qalır, amma həyatda geri qayıtmır.
İnsanın ürəyində qəribə bir otaq var. Ora heç kimi buraxmırıq. Orada uşaqlığımız, itirdiklərimiz, yarımçıq qalan arzularımız, deyə bilmədiyimiz sözlər yaşayır. Bəzən təsadüfən bir mahnı, bir qoxu, köhnə bir şəkil həmin otağın qapısını açır və insan illər əvvəlki bir günün içində yenidən yaşayır.
Bəlkə də böyümək elə budur — əvvəl ağladığın şeylərə sonralar səssizcə baxmağı öyrənmək.
Amma insan nə qədər yorulsa da, ürəyində kiçik bir ümid saxlayır. Çünki həyatın ən gözəl tərəfi budur: heç bir gecə əbədi deyil. Ən uzun qışın belə bir səhəri var. Ən ağır kədərin içində belə insanın ürəyi bir gün yenidən işığa tərəf dönür.
Bəzən xoşbəxtlik böyük hadisələrdə gizlənmir. Bir fincan çayın istisində, doğma bir səsdə, evin sakitliyində, kiminsə “Gəldin?” deyə soruşmasında, pəncərədən içəri düşən günəş işığında gizlənir. Biz isə çox vaxt böyük möcüzələr gözləyərkən əlimizdəki kiçik xoşbəxtlikləri görmürük.
Həyat insana hər şeyi vermir. Bəzi arzuları yarımçıq saxlayır, bəzi insanları vaxtından əvvəl aparır, bəzi yolları bağlayır. Amma bütün bunlara baxmayaraq, insan yenə yaşayır. Səhər oyanır, pəncərəni açır, saçlarını darayır, çayını içir, işinə gedir, insanlarla danışır və heç kim onun daxilində hansı savaşların getdiyini bilmir.
Bəlkə də insanın ən böyük gücü elə budur — ürəyi neçə dəfə qırılsa da, yenə sevməyə davam etmək. Yenə inanmaq. Yenə gözləmək. Yenə bir səhərin yaxşı bir xəbər gətirəcəyinə ümid etmək. Və ən əsası, bütün itkilərə baxmayaraq, içindəki insanı öldürməmək.
Çünki insanı yaşadan yalnız nəfəs almaq deyil. İnsanı yaşadan xatirələr, ümidlər, sevgi və hələ deyilməmiş sözlərdir.
Bəlkə də buna görə bəzi insanlar həyatdan gedəndə belə tamamilə getmirlər. Onların səsi bir mahnıda, baxışı bir fotoda, gülüşü yaddaşımızda, sevgisi isə ürəyimizin ən dərin yerində qalır.
Və biz bir gün yenə gülümsəyirik. Amma o gülüş əvvəlki gülüş olmur. Çünki insan itirdiklərindən sonra əvvəlki insan kimi qalmır. Bir az susur, bir az dəyişir, bir az böyüyür. Və anlayır ki, həyatda ən qiymətli şey əslində heç nəyi itirməmək deyil.
Ən qiymətli şey — itirdiklərimizə baxmayaraq, ürəyimizdə sevginin hələ də ölmədiyini görə bilməkdir.
Bəlkə də həyatın ən böyük möcüzəsi budur: ürəyimiz qırıla-qırıla yenə də sevə bilməyimiz.
Və bir gün, heç gözləmədiyimiz anda, özümüzə sakitcə deyirik: “Keçəcək.”
Bəlkə hər şey keçmir. Bəzi ağrılar bizimlə qalır. Amma biz həmin ağrılarla yaşamağı öyrənirik.
Və sonra anlayırıq ki, insanın gücü heç vaxt yıxılmamağında deyil. İnsan yıxıldıqdan sonra da ayağa qalxıb həyata davam edə bilməsindədir.
“Ədəbiyyat və incəsənət”
(16.08.2026)
Naxçıvanın inkişaf strategiyasında yeni mərhələ: məktəbəqədər təhsilə dövlət qayğısı
Ayşən Əsgərova,
Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Məktəbəqədər təhsil sektorunun müdiri.
“Ədəbiyyat və incəsənət!”
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan, strateji və geosiyasi əhəmiyyət daşıyan qədim diyardır. Bu səbəbdən Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, müasir infrastrukturun formalaşdırılması və burada yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana son səfərini də bölgənin inkişafında yeni mərhələnin konturlarını müəyyən edən mühüm hadisə kimi qiymətləndirmək olar.
Dövlətin Naxçıvana münasibətində əsas xətt regionun hərtərəfli inkişafının təmin olunması, burada müasir həyat və fəaliyyət şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu yanaşma yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, infrastruktur və digər sahələr üzrə həyata keçirilən tədbirlər vahid inkişaf konsepsiyasının tərkib hissəsidir. Xüsusilə sosial sahəyə yönəlmiş qərarlar dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir. Çünki hər hansı regionun inkişafını yalnız yolların, binaların və istehsal müəssisələrinin sayı ilə ölçmək mümkün deyil. Əsl inkişaf insanın həyat keyfiyyətində, onun təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarında özünü göstərir. Bu baxımdan məktəbəqədər təhsilə göstərilən diqqət də xüsusi məna daşıyır. Azərbaycan qanunvericiliyində məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, müəssisələrin yaradılması və inkişafının təşviqi, onların maddi-texniki bazasının və kadr təminatının yaxşılaşdırılması dövlətin vəzifələri sırasında müəyyən edilib. Xüsusilə Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsi - Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı qərar bu baxımdan diqqətçəkəndir. Yeni məktəbəqədər təhsil müəssisəsinin yaradılması Naxçıvanda məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsinə, uşaqların müasir və təhlükəsiz təhsil mühiti ilə təmin olunmasına, valideynlərin sosial ehtiyaclarının qarşılanmasına və məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına xidmət edən mühüm addımdır. Burada əsas məsələ həmin müəssisələrdə neçə-neçə uşağın ilk təhsil təcrübəsini qazanacağı, neçə ailənin övladının daha əlverişli şəraitdə məktəbəqədər təhsil alacağı və neçə uşağın müasir inkişaf imkanlarından yararlanmasıdır. Bu mənada hər bir yeni məktəbəqədər təhsil müəssisəsi həm də gələcəyə açılan yeni bir qapıdır.
Bu qərar niyə məhz məktəbəqədər təhsil baxımından əhəmiyyətlidir? Çünki, məktəbəqədər yaş dövrü uşağın şəxsiyyətinin formalaşmasının ən mühüm mərhələlərindən biridir. Uşağın sosial, emosional, fiziki və intellektual inkişafının təməli məhz bu dövrdə qoyulur. Ona görə də məktəbəqədər təhsilə ayrılan diqqəti sadəcə təhsil infrastrukturu məsələsi kimi qiymətləndirmək doğru deyil. Bu, əslində insan kapitalına qoyulan sərmayədir. Müasir məktəbəqədər təhsil müəssisəsində uşaq yalnız müəyyən bilik və bacarıqlar qazanmır, eyni zamanda ünsiyyət qurmağı, paylaşmağı, müstəqil qərar verməyi, kollektivdə davranmağı, ətraf aləmi dərk etməyi və özünü ifadə etməyi öyrənir. Deməli, bu gün yaradılan məktəbəqədər təhsil mühiti gələcəkdə formalaşacaq şəxsiyyətin keyfiyyətlərinə birbaşa təsir göstərir. Yeni məktəbəqədər təhsil müəssisələri bu prosesin ilk mərhələlərindən biridir. Bu müəssisələrdə böyüyəcək uşaqlar gələcəkdə Naxçıvanın və Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərəcək, ölkənin inkişafına öz töhfələrini verəcəklər. Bu baxımdan Prezidentin Naxçıvana səfərini yalnız bu günün problemlərinə cavab verən tədbirlər kimi deyil, gələcəyin Naxçıvanının formalaşdırılmasına yönəlmiş ardıcıl dövlət siyasətinin növbəti mərhələsi kimi təqdim etmək daha doğru olar.Bu inkişaf yolunda məktəbəqədər təhsilin xüsusi yer tutması təsadüfi deyil. Çünki hər bir böyük inkişafın başlanğıc nöqtəsində insan, insanın inkişafının başlanğıcında isə erkən uşaqlıq dövrü dayanır. Bu baxımdan erkən yaş dövründə təhsil və tərbiyənin düzgün təşkil olunması yalnız uşağın bugünkü inkişafı deyil, onun gələcək həyatının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Burada təhsil və tərbiyə bir-birindən ayrı proseslər kimi deyil, vahid inkişaf prosesinin iki mühüm istiqaməti kimi çıxış edir. Uşaq öyrənməklə yanaşı, davranış qaydalarını mənimsəyir, kollektivdə münasibət qurmağı, paylaşmağı, əməkdaşlıq etməyi və başqalarının hüquq və hisslərinə hörmətlə yanaşmağı öyrənir. Buna görə də məktəbəqədər təhsil müəssisəsi uşağın həyatında ilk mühüm sosiallaşma məkanlarından biridir.Məktəbəqədər təhsilin əhəmiyyəti onun dövlət siyasətindəki yerində də öz əksini tapır. Azərbaycanda bu sahənin inkişafı istiqamətində son illər ərzində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması, mövcud infrastrukturun yenilənməsi, təhsil mühitinin müasirləşdirilməsi və keyfiyyətin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətin bu sahəyə yanaşmasının əsas məqsədlərindən biri uşaqların yaşadıqları ərazidən və ailələrinin sosial imkanlarından asılı olmayaraq məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsidir. Bu baxımdan yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması, daha çox ailənin bu xidmətdən yararlanması və daha çox uşağın müasir təhsil mühitində inkişaf etməsi deməkdir. Naxçıvanda beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı qərarı da məhz bu kontekstdə qiymətləndirmək mümkündür. Bu addım bölgədə məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsi ilə yanaşı, uşaqlar üçün daha müasir və əlçatan təhsil imkanlarının yaradılmasına yönəlmiş mühüm sosial investisiyadır. Müasir dövrdə məktəbəqədər təhsilin inkişafı yalnız yeni binaların tikintisi ilə məhdudlaşmır. Burada maddi-texniki bazanın gücləndirilməsi, müasir təlim vasitələrinin tətbiqi, pedaqoji kadrların peşəkarlığının artırılması, innovativ metodların tətbiqi və uşaqların fərdi inkişafına yönəlmiş yanaşmaların genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının müvafiq Sərəncamı ilə Naxçıvanda yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinin nəzərdə tutulması bölgənin təhsil infrastrukturu üçün mühüm perspektivlər yaradır. Bu baxımdan qarşıdakı mərhələdə əsas vəzifə yeni məktəbəqədər təhsil müəssisələrinin müasir tələblərə cavab verən, uşaqların hərtərəfli inkişafını təmin edən və uzunmüddətli istifadəyə hesablanan təhsil məkanları kimi formalaşdırılmasıdır. Bütün bu tədbirlərin son məqsədi isə uşaqlar üçün keyfiyyətli təhsil və tərbiyə mühitinin yaradılmasıdır. Deməli, bu gün məktəbəqədər təhsilə ayrılan diqqət sabah daha savadlı, daha yaradıcı, daha məsuliyyətli və cəmiyyətə daha fəal töhfə verən nəslin formalaşmasına xidmət edir. Bu baxımdan Prezidentin Naxçıvana göstərdiyi diqqət və məktəbəqədər təhsillə bağlı qəbul edilən qərar təkcə sosial layihə deyil, insan kapitalına yönəlmiş uzunmüddətli investisiya kimi dəyərləndirilə bilər.Nəticə etibarilə, Naxçıvanda yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı qərarı yalnız yeni təhsil ocağının yaradılması kimi qiymətləndirmək bu addımın mahiyyətini tam ifadə etməz. Bu qərar uşaqların inkişafına, ailələrin rifahına, təhsilin əlçatanlığına və gələcək insan kapitalının formalaşmasına yönəlmiş strateji addımdır.Çünki gələcəyə ən böyük sərmayə uşağa verilən təhsildir. Uşağa verilən ən böyük imkan isə onun potensialına inanmaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Xarici ədəbiyyat - Sofia Skleidanın şeirləri
Həyat Şəmi, İstanbuldan.
“Ədəbiyyat və incəsənət”
Sofia Skleida Azərbaycan oxucusu üçün yeni imzadır. Onu aprelin 23-də İstanbulda keçirilən Qalata İşığı Şeir Festivalında tanıdım. Sofia çox dərin, səmimi, mehriban və həssas qəlbli bir qadındır.
Afinada anadan olan Sofia Afina Universitetinin Fəlsəfə fakültəsini bitirib. Pedaqogika və böyüklərin təhsili ixtisası üzrə magistr təhsilini başa vurduqdan sonra Müqayisəli Pedaqogika sahəsində doktorluq dərəcəsi alıb. Daha sonra elmi axtarışlarını Teologiya sahəsində davam etdirərək bu istiqamətdə tədqiqatlarını tamamlayıb.
Onun qələmindən çıxan 22 nəşr olunmuş kitaba şeir məcmuələri, mənzum hekayələr, pəri nağılları və elmi vəsaitlər daxildir. Sofianın əsərləri ingilis, italyan, ispan, rumın, alban və benqal dilləri də daxil olmaqla, dünyanın müxtəlif dillərinə tərcümə olunub.
Sofia hazırda Afina Zakinf Mədəniyyət Mərkəzində mədəniyyət işləri üzrə sədr müavini vəzifəsində çalışır. O, həmçinin Yunanıstan Ədəbiyyat Yazarları Cəmiyyətinin və Ümumyunan Ədəbiyyat Yazarları Birliyinin fəal üzvüdür.
Şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün tərcümə etdim.
TALE
Ürək qalalar qurmaz
görünməz qalalar...
fatehləri, adil insanları,
ədalətsizləri, asiləri
intriqaçıları,
qəsdçiləri bilməz, tanımaz...
Tək bildiyi soylu cəngavərlərdir...
Ürək onları ağ atlı oğlan kimi görər.
Günahsız və saf...
Gəlib sevdalarının hədiyələriylə,
şəfqət və yaxşılıqlarıyla,
müqəddəs qatran qoxusunu
və ətirləri saçmaq üçün
sevgini taclandıracaqlar.
Və elə saflaşacaqlar ki,
onun zəifliklərindən,
ehtiraslarından və
səhvlərindən ancaq sevgi və
əfv mesajları şıxacaq.
ANA VƏTƏN
Torpaq işıqdır,
bir əfsanə kimi…
Xəfif bəzəklər havada uçuşur,
Günəş işığı ətirli dadları işləmədə
və Delfi antik şəhərinin mənzərəsi
əbədiyyətə bürünmədə.
Xatirələrim yer alır –
məndəki uşaqlıq müşahidəm…
Bazar günlərinin qayğısız qışları,
gəncliyimin hörüklü saçları,
yeniyetmə gülüşləri,
həyatımın musiqili döngələri,
fikrimin xəyal dənizləri,
saf və gözəl anlar,
yay gözləntiləri…
Sən varsan, sən dirənirsən,
sən buraxırsan
və təslim olursan.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Qərbin Etnik Tacı: Gəncə, Göygöl və Daşkəsən yaylaqlarında etnoturizm
Nərgiz M.Mustafayeva,
Gəncə Dövlət Universitetinin magistrantı.
“Ədəbiyyat və incəsənət”
Qərb bölgəsində etnoturizm sadəcə tarixi binalara baxmaq deyil, o, şəhər məhəllələrindən başlayıb dağ yaylaqlarına qədər uzanan canlı elat həyatına qoşulmaqdır. Gəncənin sənətkar məhəllələrindən başlayan bu etnik marşrut Göygölün alman-dağ kənd irsindən keçərək Daşkəsənin sıldırım qayaları və geniş otlaqları arasında yerləşən Qabaqtəpə, Tapan və Xoşbulaq kimi əfsanəvi elat məskənlərində öz zirvəsinə çatır.
Şəhərdən dağlara doğru irəlilədikcə Göygöl (Helenendorf) mühiti qarşılayır. Göygöl - Azərbaycanın etnoturizm xəritəsində iki fərqli sivilizasiyanın qovuşduğu nadir bir vahədir. Şəhər mərkəzindəki 150 illik alman evləri, kərpic döşəməli küçələr və köhnə şərab zirzəmiləri Avropa irsini yaşatdığı halda, Toğana və Topalhəsənli kimi dağ kəndləri Qafqazın saf elat qonaqpərvərliyini, dağ-kənd həyatını və zəngin mətbəx ənənələrini bu günə daşıyır. Bu sintetik mühit Göygölü həm tarix, həm də canlı etnik təcrübə həvəskarları üçün əvəzsiz bir məkana çevirir.
Daşkəsənin Qabaqtəpə ərazisi və Tapan kəndi etnoturistlər üçün arxaik kənd həyatının və dağ etnoqrafiyasının toxunulmamış xəzinəsidir.
Tapan kəndi özünün silsilə təpələri, geniştərəkəmə otlaqları və kənd boyunca düzülmüş ot tayaları ilə məşhurdur. Buraya gələn turist kənd camaatının gündəlik qayğılarına - təsərrüfat işlərinə, odun yarılmasına, bulaqdan su gətirilməsinə və axşamlar kənd sobalarının qalanmasına şahid olur.
Daşkəsənin etnoturizm baxımından ən gözəl nöqtəsi Xoşbulaq yaylağıdır. Əsrlər boyu Qərb bölgəsinin əsas elat (tərəkəmə) köç yolu olan Xoşbulaq, bu gün də canlı yaylaq həyatının mərkəzidir.Yay aylarında Xoşbulağa köçən elat ailələrinin qurduğu keçə alaçıqlar etnoturistlər üçün əsl “yaşayan etno-otellər”dir. Alaçıqda keçə üzərində oturub kösöv çayı içmək, aşıq havalarını dinləmək etnik turizmin ən səmimi hissəsidir.
Xoşbulaqda etnoturistlər birbaşa təsərrüfatın içinə daxil olurlar. Səhər tezdən inək və qoyunların sağılması, ağac nehrələrdə kərə yağının çalxalanması və motal pendirinin quyulanması prosesində turistlər şəxsən iştirak edirlər. Sac üzərində bişən təzə yuxalar, dağ otlarından (əvəlik, kəngər) hazırlanan təamlar və təbii dağ balı ilə bəzədilən Xoşbulaq süfrəsi əvəzolunmaz qastronomik təcrübədir.
Qərb bölgəsinin etnoturizm xəritəsi saf elat köklərindən ibarət təkrarolunmaz bir zəncirdir. Bu marşrut müasir turistə təkcə istirahət və təbiət vəd etmir, onları Azərbaycan xalqının əsrlərlə formalaşmış ruhu və məişət kökləri ilə qovuşdurur.
Qeyd: Məqalə müəllifin etnoturizm sahəsindəki tədqiqatları, regional turizm potensialının təhlili və yerli etnoqrafik mənbələr əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


