Super User
“Maraqlı söhbətlər”də bir gözü gülüb biri ağlayan Hüseyn Arif
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Xalq şairi Hüseyn Arif barədə danışacağam. Deyilənə görə, çox baməzə adam olub. Amma həm də çox dərdli adam imiş.
Məcid Rəşadətoğlu yazır ki, şair cavanlıq illərində ov etməyi çox sevərmiş. Ovçuluq onun gənclik dövrünün ən sevimli məşğuliyyəti, şairin ruhuna yaxın peşə imiş. Hüseyn Arif bu "sənətin" incəliklərinə dərindən bələd olar, atdığı güllələr isə çox nadir hallarda hədəfdən yayınarmış. Bəzən elə olurmuş ki, şairin gülləsinə boğaz olan, yanında südəmər balası olan heyvanlar da tuş gəlirmiş. Belə hallarda şairin anası Qəndab xanım onu ciddi şəkildə tənbeh edər, balalı heyvanlara toxunmamasını bərk-bərk tapşırarmış. Deyərmiş ki, Hüseyn, balası olan heyvana dəyməzlər, toxunmazlar: "Dilim-ağzım qurusun, heyvanın ahı səni tutar, Allah da səni balasız qoyar"
Gənclik illərindən ovçuluqla bərabər, sözə, şeirə, ədəbiyyata da dərin maraq göstərən şair ailə həyatı qurur və onun bir oğlu olur, adını Arif qoyurlar. İllər keçir, Hüseyn Arif yaşa dolur və artıq Azərbaycanın tanınmış şairləri sırasında yer alır. Xasiyyətcə deyib-gülən, zarafatcıl insan olan şairin həyatında, 50 yaşında ikən, elə bir hadisə baş verir ki, taleyinin çərxi-fələyi tərsinə dönür. Gözünün ağı-qarası olan oğlu Arif avtomobil qəzasında dünyasını dəyişir. Oğlunun ölümündən sonra şair "Arif" adını özünə təxəllüs götürür. Övlad itkisi Hüseyn Arifin ürəyinə elə bir qor basır ki, illər keçsə də bu dərdi unuda bilmir. Dostları ilə söhbətlərində tez-tez ov etdiyi illəri yada salır, anasının ona dediyi sözləri xatırlayır, oğlunun ölümündə dilsiz-ağızsız heyvanların ahını təqsirli bilir...
Bu hisslər şairin "Bir dağ kəli yaraladım zirvədə" adlı şeirində də öz əksini tapıb.
Bir dağ kəli yaraladım zirvədə,
Baş titrədi, ayaq əsdi, daş axdı,
Bir canlını candan saldı bir zədə,
İki gözdən iki damla yaş axdı.
Düşünmədim, anadır, ya baladır,
Ovçu atar ov bərədən keçəndə.
Ala tula qanlı daşı yaladı,
O sönürdü tikanlığın içində.
Ağır-ağır dartıb bükdü dizini,
Muncuqladı kirpiklərdə donan tər.
İndən belə toz basacaq izini,
İndən belə nə yürüş var, nə səfər.
Birdən-birə elə çırpdı özünü,
Sağ buynuzu qopub qaldı qayada.
Ey Hüseyn, qısa elə sözünü,
Bu qan səni tutasıydı, tutdu da...
"Bu qan səni tutasıydı, tutdu da..." Bəli, bu qan Hüseyn Hüseynzadəni "tutdu". Oğlu Arif 21 yaşında avtomobil qəzasında həlak oldu. Bundan iki il sonra Azərbaycan ədəbiyyatında qələmi qan ağlayan Hüseyn Arif "doğuldu":
Arif gedən gündən Hüseyn adlı,
Bir kədər şairi gəldi dünyaya.
Dərdini içində yaşayıb, ürəyini kağıza tökən şair "Oğluma" adlı şeirində özünə belə etiraf edirdi:
Əzəl ovçuluğa saldım meylimi,
Tikanı tapdayıb, budağı əydim.
Aşırıb boynumdan qoşalüləni,
Meşələr qoynunda özümə bəydim.
Dolu da başlayıb, külək də əsib,
Dovşan da atılıb, qurd da tələsib,
Ağacda turacın üstünü kəsib,
Qayada kəkliyin xətrinə dəydim.
Azmı peşimanam öz əməlimdən,
Əbəs ələnməyib saçlarıma dən?!
Xəlvəti açılan bir gülləylə mən,
Məğrur dağ kəlinin qəddini əydim.
Sevinci yarıda verməzdim bada,
Ağrını, acını salmazdım yada,
Alagöz ceyranın bir dar məqamda,
Ömrünü yarıda bitirməsəydim.
Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim,
Səksənə, doxsana, yüzə dözərdim,
Əllidə Arifi itirməsəydim...
Allah rəhmət eləsin şairə də, onun oğluna da! Həqiqətən də bəzən bir əməli törədib bir ömür onun peşmançılığını yaşayırıq. Ondansa da daim düşünülmüş addım ataq, necə deyərlər, quşun-böcəyin də, otun-çiçəyin də xətrinə dəyməyək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
O, tarix elminə dəyərli töhfələr verdi
BU GÜN MƏRHUM ŞAHİN FAZİLİN ANIM GÜNÜDÜR
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şahin Fazil.
Bu ad elm aləmində çoxuna tanışdır. Onun tədqiqatları tək Azərbaycanla kifayətlənmir, Yaponiyaya, Əfqanıstana qədər gedib çıxır. Qubalılar isə bir məşhur həmyerliləri kimi onu sevir, böyük ehtiram bəsləyirdilər.
Bu gün görkəmli alimin anım günüdür.
27 mart 1940-cı ildə Quba şəhərində anadan olan Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirib. 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərib.
1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləyib, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olub.
1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirib, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirib. 1996-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi verilib.
2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülüb. Tarix İnstitutunda "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Həm də görkəmli şair olan Şahin Fazil XX əsrin birinci mətbu "Divan"ını yazıb və çap etdirib.
İndiyədək onun daha dörd "Divan"ı işıq üzü görüb. 142 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazıb və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirib. 1998-ci ildən "Məcməüş-şüəra"nın sədridir. Şeirləri Əfqanıstan, İran, Türkiyə, İraq və Yaponiyada çap olunub. 2009-cu ildə Yaponiyanın iki şəhərində (Sinday və Tokio) "XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı məruzə ilə çıxış edib.
"Azərbaycan haykuları" adlı kitabındakı bir neçə şeiri Tokioda dərc olunub. Ş. F. Fərzəliyev onlarla yaxın və uzaq xarici ölkədə keçirilən Beynəlxalq elmi konfranslarda iştirak edib, Azərbaycanın orta əsrlər tarixinə dair yüzlərlə elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi olub.
Onun namizədlik və doktorluq dissertasiyaları tariximizin ən mürəkkəb dövrlərindən biri olan XV–XVI əsrlərdə ölkəmizin siyasi, ictimai-iqtisadi, diplomatik və ideoloji problemlərinin tədqiqinə (fars və osmanlı ilkin mənbələri əsasında) həsr edilmiş olduğundan mühüm elmi işlər kimi diqqəti cəlb edib.
Ş. F. Fərzəliyev namizədlik və doktorluq dissertasiyalarının müdafiəsindən sonra çoxsaylı elmi məqalə çap etdirib. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarında, o cümlədən "Üzeyir Hacıbəyov" Ensiklopediyasında 100-ə qədər məqalənin müəllifidir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən biri olan Ş. F. Fərzəliyev Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdırıb, öz sözünü deməyi bacarıb.
Bir neçə monoqrafiyanın, o cümlədən ("Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə", "Quba tarixi", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu", həmçinin bir neçə fənn proqramı və dərs vəsaitinin müəllifidir. Prof. Ş. F. Fərzəliyev eyni zamanda müxtəlif dövlət universitetlərində pedaqoji fəaliyyətdə də olub.
Prof. Ş. F. Fərzəliyev son illərdə tərcüməçilik fəaliyyətini daha da genişləndirib, fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirib, bununla kifayətlənməyərək, onlara sanballı "Ön söz" başlıqlı məqalələr, həmçinin geniş şərhlər yazıb. O həm də Jozef Tiflisinin "Mir Veys və Şah Hüseyn", Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" kimi dəyərli mənbələrin tərcüməçisidir.
Ş. F. Fərzəliyev müxtəlif problemlərə həsr olunan çoxsaylı məqalələr müəllifi kimi həm Respublikamızda, həm də xaricdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Tehran, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) fəal iştirak edib.
2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə olub, Azərbaycan tarixşünaslığına dair mühazirə oxuyub. Azərbaycan xalqının vətənpərvər övladı və tanınan alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmış Şahin Fərzəliyev çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə edib.
Ş. F. Fərzəliyev gənc elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərib. Onun rəhbərliyi ilə 13 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, 3 nəfər İran vətəndaşının elmi rəhbəri olub. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasında sədr müavinidir. Prof. Ş. F. Fərzəliyev 10-dan çox kitabın elmi redaktoru olub, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik edib.
İndiyədək Ş. F. Fərzəliyevin 37 kitabı (bədii, elmi və tərcümə) çapdan çıxıb. Ş. F. Fərzəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (1992-ci ildən). O, üç Dövlət Medalı (Əfqanıstan) və bir neçə Fəxri Fərmanla (SSRİ və Azərbaycan) təltif olunub.
Mükafatları
1. Əfqanıstanın dövlət medalları — "Qədirbilən Əfqan xalqı adından" medalı, "Sədaqət" ordeni, "Səvr [Aprel] inqilabının 10 illiyi" ordeni.
2. Əfqanıstan Mülki Aviasiya nazirinin Fəxri Fərmanı.
3. Əfqanıstan Əfqanıstan Nazirlər Şurasının sədri və Ticarət nazirinin Şahin Fazilin fəaliyyəti ilə bağlı Fəxri Fərmanları.
4. Azərbaycan AMEA-nın Fəxri fərmanları.
Şahin Fazil 18 avqust 2024-cü ildə Bakı şəhərində vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
Ədəbiyyat elminin böyük cəfakeşi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ədəbiyyat tariximizdə adını yazdıran alimlər elə də çox deyil. Bu sırada Əkrəm Cəfərovun öz yeri vardır.
Əkrəm Səftər oğlu Cəfərov 5 may 1905-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. Etnik tatdır. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyub. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darülmüəllimin"ə daxil olub. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyib.
O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış edib. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilib. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1932-ci ildə oranı bitirib. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanılıb və aspiranturaya qəbul edilib.
Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olub. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris edib.1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışıb.
1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olub. Ə. Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələri" adlı namizədlik dissertasiyasını müdafiə edib
1969-cu ildə isə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı alıb. Ə. Cəfər "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarını və bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir.
"Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında onun da böyük əməyi vardır. O bir şərqşünas alim kimi bir sıra beynəlxalq simpoziumların və konfransların iştirakçısı olub. 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
Görkəmli alim 1991-ciilavqustun 18-də Bakıdavəfatedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
Dünya ədəbiyyatında qızıl imza - Onore de Balzak
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Balzakınəsərlərində pulxüsusiəhəmiyyətdaşıyıb. Onunqəhrəmanlarının çoxuvarlanmaq, mövqeqazanmaqvə yayoxsulluqdanxilasolmaq üçünmübarizə aparıb. O, həmçinin insan psixologiyasını çox diqqətlə təsvir edib.
Və bu qəhrəmanlar uçurum kənarına sürükləniblər, maddiyyat uğrunda çabanın mənəviyyatı taptalamaq üzərindən keçməsini Balzak onlara bağışlamayıb.
Onore de Balzak (Honoré de Balzac, 1799–1850) — fransız ədəbiyyatının ən böyük realist yazıçılarından biri, XIX əsr Avropa romanının inkişafında mühüm rol oynamış sənətkardır. O, xüsusilə “İnsanlıq Komediyası” (La Comédie humaine) adlı nəhəng roman və povest silsiləsi ilə tanınır.
Balzak 20 may 1799-cu ildə Fransanın Tur şəhərində anadan olub. Əsl adı Honoré Balssa idi. Sonralar soyadını de Balzac formasında işlətməyə başlayıb.
Gənclik illərində hüquq təhsili alsa da, vəkilliklə məşğul olmaq istəməyib. Ədəbiyyata böyük marağı vardı və yazıçı olmaq qərarına gəlib.
İlk illərdə müxtəlif əsərlər yazaraq pul qazanmağa çalışsa da, ciddi maliyyə çətinlikləri ilə üzləşib. Balzak çox məhsuldar işləyib. Gecələr uzun saatlar yazır, əsərlərini dəfələrlə yenidən işləyib. Onun həyatında borclar və maliyyə problemləri mühüm yer tutub.
Balzakın yaradıcılığının zirvəsi “İnsanlıq Komediyası”dır. Bu, əslində tək bir roman deyil, bir-biri ilə müxtəlif şəkildə əlaqələnən çoxsaylı roman, povest və hekayələrdən ibarət böyük bir ədəbi sistemdir. Balzak burada XIX əsr Fransasının demək olar ki, bütün sosial təbəqələrini göstərməyə çalışır:
aristokratlar
burjuaziya
tacirlər
bankirlər
jurnalistlər
siyasətçilər
hüquqşünaslar
sənətçilər
tələbələr
kəndlilər
fəhlələr
yoxsullar
cinayətkarlar.
Onun əsas məqsədi yalnız ayrı-ayrı insanların həyatını danışmaq olmayıb. Balzak cəmiyyətin necə işlədiyini, pulun insan münasibətlərini necə dəyişdirdiyini, hakimiyyət və şöhrət istəyinin insan xarakterinə necə təsir etdiyini göstərib.
Balzakın ən tanınmış əsərləri:
“Qorio ata” (Le Père Goriot) — Paris cəmiyyətində pul, sosial mövqe və ailə münasibətlərini göstərən məşhur romandır.
“Yevgeni Qrande” (Eugénie Grandet) — xəsislik və var-dövlət hərisliyi üzərində qurulmuş əsərdir. Qrande obrazı Balzakın ən yaddaqalan xarakterlərindəndir.
“İtirilmiş illüziyalar” (Illusions perdues) — gənc yazıçının böyük şəhər və mətbuat dünyasına daxil olması fonunda şöhrət, pul və mənəvi prinsiplər arasındakı qarşıdurmanı göstərir.
“Qohumluq əlaqələri” (Le Cousin Pons) — insan münasibətlərində tamah, paxıllıq və maddi maraqların rolunu araşdırır.
“Əmiuşağı Betta” (La Cousine Bette) — Paris cəmiyyətində ehtiras, qısqanclıq və intiqam mövzularını işləyib.
“Şaqren dərisi” (La Peau de chagrin) — daha fəlsəfi və romantik xarakterli əsərdir. İnsanın arzularının onun həyat gücünü necə tükəndirməsi ideyasını ön plana çıxarır.
Balzak üçün insanı yalnız “yaxşı” və “pis” olaraq bölmək mümkün deyildi. Onun personajları ziddiyyətli, mürəkkəb və real insanlardır. Başqa mühüm xüsusiyyət isə realizmdir. Balzak yaşadığı cəmiyyətin mənzərəsini mümkün qədər geniş şəkildə göstərməyə çalışıb.
Bu səbəbdən onun əsərlərində şəhər küçələrindən evlərin interyerinə, geyimlərdən insanların maddi vəziyyətinə qədər çoxlu detallara rast gəlinir. Balzak və Azərbaycan ədəbiyyatı Balzakın yaradıcılığı dünya realist ədəbiyyatına böyük təsir göstərib.
Onun əsərlərindəki sosial təhlil, xarakterlərin psixoloji dərinliyi və cəmiyyətin realist təsviri sonrakı yazıçılar üçün mühüm nümunəyə çevrilib. Balzakı xüsusilə Dostoyevski, Tolstoy, Zola kimi böyük yazıçıların yaradıcılığının inkişaf etdiyi realist ədəbi mühitin mühüm sələflərindən biri hesab etmək olar.
18 avqust 1850-ci ildə Parisdə, 51 yaşında vəfat edib. O, Parisdəki Père-Lachaise qəbiristanlığında dəfn olunub. Onun dəfn mərasimində Viktor Hüqo çıxış edərək Balzakın yaradıcılığının böyüklüyünü vurğulayıb. Balzakı sadəcə roman yazıçısı adlandırmaq azdır.
O, öz dövrünün sosial anatomiyasını aparan yazıçı olub. İnsan xarakterlərini, pulun gücünü, ailə münasibətlərini, sosial pillələri və hakimiyyət uğrunda mübarizəni bir-biri ilə əlaqələndirərək böyük bir ədəbi dünya yaradıb.
Onun yaradıcılığını bir cümlə ilə ifadə etsək:
Balzak insanı təsvir etməklə kifayətlənmirdi, insanı formalaşdıran cəmiyyəti də onunla birlikdə təsvir edirdi.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
XX əsrin ən böyük rejissorlarından biri - Roman Polanski
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Roman Polanski — polyak-fransız kinorejissor, ssenarist, prodüser və aktyordur. XX əsrin ən mübahisəli, eyni zamanda kino tarixində böyük iz qoymuş rejissorlarından biri hesab olunur.
Bu gün onun anadan olmasının 93 illiyidir.
Polanski 18 avqust 1933-cü ildə Parisdə polyak-yəhudi ailəsində anadan olub. Uşaqlığı Polşada keçib. İkinci Dünya müharibəsi zamanı nasist işğalı altında yaşaması onun həyatına və sonrakı yaradıcılığına ciddi təsir göstərib. Müharibə illərində ailəsi Holokostun dəhşətləri ilə üzləşib.
Polanski özü sağ qalsa da, anası Auschwitz düşərgəsinə göndərilib və orada həlak olub. Bu travmatik uşaqlıq təcrübələrinin onun filmlərindəki qorxu, tənhalıq, paranoya və insanın təhlükə qarşısında acizliyi mövzularına təsir etdiyi düşünülür.
Polanski rejissor kimi xüsusilə psixoloji gərginlik və qaranlıq atmosfer yaratmaq bacarığı ilə tanınır. Onun filmlərində insanın gündəlik həyatının tədricən kabusa çevrilməsi tez-tez əsas xətt olub.
Ən məşhur filmləri:
- Knife in the Water (1962) — Polşada çəkdiyi ilk uzunmetrajlı filmi. Film ona beynəlxalq şöhrət qazandırıb.
- Repulsion (1965) — psixoloji qorxu janrının klassiklərindən biridir.
- Rosemary's Baby (1968) — satanizm, qorxu və paranoya üzərində qurulan məşhur film.
- Chinatown (1974) — neo-noir janrının ən mühüm nümunələrindən biri. Baş rolda Jack Nicholson və Faye Dunaway çəkilib.
- The Tenant (1976) — şəxsiyyət, tənhalıq və paranoya mövzularını araşdıran psixoloji triller.
- Tess (1979) — Thomas Hardy-nin romanı əsasında çəkilib.
- The Pianist (2002) — İkinci Dünya müharibəsi və Holokost fonunda yəhudi pianoçu Władysław Szpilmanın həyatı haqqında dram.
Polanskinin ən mühüm əsərlərindən biri “The Pianist” filmidir. Film 2002-ci ildə ekranlara çıxıb və böyük beynəlxalq uğur, 3 Oskar qazandı. Polanski isə Ən yaxşı rejissor nominasiyasında Oskara layiq görüldü.
Polanskinin şəxsi həyatı son dərəcə faciəli və mübahisəli hadisələrlə yadda qalıb. 1969-cu ildə onun həyat yoldaşı, aktrisa Sharon Tate, Charles Manson qrupunun üzvləri tərəfindən öldürülüb. Tate həmin vaxt hamilə idi. Bu hadisə Polanskinin həyatında böyük travma yaradıb.
Onun yaradıcılığını fərqləndirən əsas xüsusiyyətlər:
paranoya → tənhalıq → qorxu → psixoloji dağılma → reallıqla illüziyanın qarışması.
Polanski xüsusilə personajlarını təhlükəli və qapalı məkanlara yerləşdirməyi sevir. Mənzil, otel, gəmi və ya başqa məhdud məkan onun filmlərində insanın psixoloji vəziyyətini daha da ağırlaşdırıb.
Roman Polanski kino tarixində həm böyük rejissor kimi tanınan, həm də şəxsi həyatı və hüquqi problemləri səbəbindən ciddi mübahisələr doğuran mürəkkəb fiqurlardan biridir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
Bir fotonun izi ilə - erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Dostlar, “Siyasi gəlişmələr” rubrikasında bu gün maraqlı bir mövzumuz var. Bildiyiniz kimi, erməni yalanları dünyanın əksər yerlərində elə yayılıb ki, onların iç üzünü və əsl simasını tanımayanlar bunlara inanırlar. Bunlar yalan tirajlamaqla hətta dünyanın müxtəlif müsabiqələrinin, yarışlarının təşkilatçılarını da aldadırlar.
Gördüyünüz foto 2017-ci ildə Magnum Photography Awards mükafatı alıbdır, bir qoca qadının fotosudur. Ermənilər iddia edirlər ki, guya bu qoca erməni qadın 106 yaşında əlinə avtomat silah alaraq "öz kəndini" qoruyub.
Gəlin Prof.Dr. Zaur Əliyevin köməkliyi ilə bu məsələyə aydınlıq gətirək.
Uzun zamandır sosial medianı aldadan bu fotonun tarixini və qadının kimliyini gəlin aşkara çıxaraq və erməni yalanlarından birini də ifşa edək.
Bu fotonun orjinalı belə adla qeyd edilib:
"A 106-year-old Armenian woman protecting her home with an AKM" (Tərcüməsi: evini AKM ilə qoruyan 106 yaşlı erməni qadın)
Fotonun müəllifi Armine Yohannesindir. İranda anadan olan erməni əsilli fotoqraf birinci Qarabağ müharibəsi dövründə qanunsuz olaraq işğal altında olan Azərbaycan torpaqlarına gəlib və hadisələri yalnız erməni tərəfinin "fədakar, məzlum və özünü müdafiə edən" nöqteyi-nəzərindən lentə alıb.
Foto 1990-cı ilə aiddir. Fotoda duran qadının adı Sima Dədəyandır. (bəzi mənbələrdə Sima Arakelyan). Fotoda qeyd edildiyi kimi 106 yaşı yox, 81 yaşı olub. Fotoqraf evinin qarşısında duran yaşlı qadını görərək ona yaxınlaşıb və yaxında olan terrorçu ermənidən silahı alaraq onun əlinə verib və belə pozada fotosunu çəkib.
Daha sonra fotonun beynəlxalq mediada təqdimatı elə qurulub ki, sanki bu qadın real döyüşçüdür və evinin qabağında postda durub.
Maraqlı faktlardan biri budur ki, fotoqraf onunla erməni dilində danışmağa cəhd etsə də Sima ona Azərbaycan dilində cavab verib. Yerli ermənilərin öz ana dillərində danışmaqda çətinliklər çəkdiyini fotoqraf sonradan etiraf etməli olub.
Diqqət ediləsi məsələlərdən biri də budur ki, əslində bu foto elə bir kənddə çəkilib ki, nə birinci nə də ikinci Qarabağ müharibəsi dövründə orada bir güllə belə atılmayıb. Döyüş bölgəsinə yaxın olsa da heç bir formada Azərbaycan tərəfdən ora atəş belə açılmayıb.
Daha bir maraqlı fakt budur ki, yaşlı qadının əlindəki AKM avtomatının çəkisi təxminən 3.8 — 4 kiloqramdır. 80-dən yuxarı yaşı olan, osteoporoz və oynaq ağrılarından əziyyət çəkən bir qadına bunu verən fotoqrafın getməsindən bir müddət sonra qadın silahın verdiyi ağırlıq nəticəsində zədə almış və bu isə onun ölümünü sürətləndirmişdir.
Erməni yalanları onun "qəhrəmancasına həlak olmuş döyüşçü" kimi təqdim etməyə çalışsa da, reallıqda o, sadəcə öz kəndində sümük və belində olan ağır xəstəlikdən ölüb.
Bu 1990-cı illərdə erməni mediasında gedən yazılardan bəlli olur. Bunun üçün 90-cı illərin xəbərlərini diqqətlə oxumaqla məlumat əldə etmək olar.
Qeyd edək ki, foto çəkilən zaman onun ailəsi, övlad və nəvələri ilə birgə yaşayırdı və "tənha erməni qadını" mifini elə özləri bu barədə mediada verdiyi müsahibələrdə dağıtmışdılar.
Nəvəsinin sözlərinə görə, fotoqraf kəndə gələndə nənə qapının ağzında oturubmuş və fotoqraf daha təsirli kadr almaq üçün həmin vaxt yaxınlıqdakı kənd müdafiəçilərindən birinin avtomatını gətirib onun qucağına qoyub. (mənbə: "Hayastani Hanrapetutyun" qəzeti və mediamax.am portalı )
Ermənilər elə bilir ki, onların yalan təbliğat maşını sona qədər sürətlə gedə biləcək. Daha zaman o deyil. İndi onların yalan və sürət maşınının qazını alan Azərbaycan və azərbaycanlılar var.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
Bakı çayxanası – Təkcə çay yox, sosial mədəniyyət məkanı
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Azərbaycan çay mədəniyyəti qədim ənənəyə malikdir. Ancaq Bakıda çay təkcə içki deyil, bir mədəniyyət hadisəsi, şəhər yaddaşı və ictimai ünsiyyət məkanıdır. Bakı çayxanası — bu sadəcə çay içilən yer deyil, bir kişi mədəniyyətinin və şəhər fəlsəfəsinin mərkəzidir.
Çayxananın məkan kimi forması: Açıqlıq və sosial nəzarət
Bakı çayxanaları adətən şəhərin kənarında, həyət evlərinin arasında və ya küçənin səsli küncündə yerləşirdi. Onların forması – taxta masalar, samovar, domino masası və televizor – şəxsi və ictimai məkanın sintezi idi. Çayxana qapalı deyil, yarıaçıq məkandır – orada olan hər kəs hər kəsi görür, hər şey müzakirə olunur.
Bu məkanlar qeyri-rəsmi informasiya yayım nöqtələri, xalq xəbərlərinin dövriyyə sistemi kimi də işləyirdi: kim haradan gəlib, nə baş verib, qonşu rayonlarda nələr var – hamısı orada danışılırdı.
Çayxana və kişi mədəniyyəti: Domino və fəlsəfə
Bakı çayxanası, xüsusilə Sovet dövründə, kişilərin sosiallaşdığı əsas məkan idi. Burada qadınlar iştirak etməzdi, bu da çayxananı qapalı kişi məkanı kimi formalaşdırırdı. Domino və nərd yalnız oyun deyil, ictimai status, intellekt və strateji düşüncə nümayişi idi. Burada aparılan söhbətlər isə çox zaman poetik, aforistik, hətta fəlsəfi xarakter daşıyırdı. Sadə bir “çay içək” çağırışı əslində dərin bir müzakirənin başlanğıcı olurdu.
Çayxana siyasətin və müxalif fikrin yumşaq məkanı kimi
1990-cı illərdə, Sovet İttifaqı dağılandan sonra çayxanalar siyasi diskursun yayılma məkanı rolunu oynamağa başladı. O dövrdə qəzetlər oxunur, partiya xəbərləri müzakirə olunur, yerli və milli məsələlər “çay arası”nda çözülürdü.
Çayxana bəzən də intellektual və sənət adamlarının qeyri-rəsmi yığıncaq yeri olurdu. Sənətçilər, şairlər, yazıçılar burada qeyri-formal, azad mühitdə fikir bölüşürdü.
Çayxananın dəyişən imici: Köhnə məkan, yeni funksiya
Müasir dövrdə klassik çayxanaların sayı azalıb, onların yerini ya kafelər, ya da çay evi adı ilə fərqli tərzdə fəaliyyət göstərən məkanlar alıb. Çayxana ruhu isə hələ də yaşamaqdadır – sadəcə formasını dəyişib.
İndi bəzən “nostalji çayxanalar” yenidən populyar olur: divarda köhnə şəkillər, domino, nərdtaxta, milli musiqi...
Yeni nəsil üçün isə bu məkan folklor elementi, “köhnə Bakı” romantizmi və ya hipster retro-mədəniyyətinin bir hissəsi kimi görünür.
Bakı çayxanalarının silinməz izi
Bakı çayxanası – təkcə çay içilən yer deyil. O, ictimai münasibətlərin formalaşdığı, şəxsiyyətlərin tanındığı, mədəniyyətin ötürüldüyü məkandır. Çayxana Bakı şəhərinin gündəlik fəlsəfəsinin səhnəsi, kollektiv yaddaşının daşıyıcısıdır. Bu məkanlar indi azalsa da, onların sosial funksiyası, kulturoloji yeri və simvolik yükü mədəniyyət tariximizdə silinməz iz qoyub.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)
Yaddaqalan ADAM...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzən illərlə bir yerdə çalışdığın və hər gün ünsiyyətdə ollduğun bir adam haqqında nəsə yazmaq zəruriyyəti yaranır. Ha vurnuxsan, ha düşünsən də yazmağa söz tapa bilmirsən. Amma elə adam da var ki, onunla bir neçə saat birlikdə olmaq kifayət edir ki, oturub barəsində böyük bir yazı işləyəsən. Bizim- jurnalist, yazıçı, filoloq Seyfəddin Hüseynli kimi...
Deyir ki:- “Son illər bizdə ədəbiyyat, kitab, kitabçılıq işində ciddi hərəkətlənmə var. Yaxşı haldır ki, bu hərəkətlənmə daha çox praktikdir. Yəni daha nələrinsə vacibliyindən, zəruriliyindən danışılmaqdan çox, o yöndə konkret iş görülür. Nəşr sahəsindəki aktivlik kitabı cəmiyyətin bəlli bir çevrəsində önə çıxardır. Ancaq istənilən sahədə olduğu kimi ədəbiyyat sahəsindəki aktivlik də bir qədər işin ziyanına ola bilər. Yəni elə bir məqam gəlib çatar ki, bu dinamizm, fəallıq bir yandan da cəmiyyəti bezdirə bilər. Əks-effekt gözlənilən haldır, xüsusən də, işlər keyfiyyət yox, kəmiyyət hegemonluğu altında görülürsə, “sayı çox, sanbalı yox” düsturu özünü doğruldursa, çoxlu neqativ nəticələr qaçılmaz olur. Yəni indiki gedişlə günün birində ayılıb görərik ki, bütün uğur hesab etdiklərimiz hay-küydən başqa bir şey deyilmiş. Görünür, bu məsəldə yeri gələndə geri çəkilmək, özünü bir guşəyə vermək, səbirlə işləmək lazımdır. Elə bilirəm, biz özümüzə kənardan baxmağı da öyrənməliyik, ancaq ortada laqeyd, mövqesiz, hərəkətsiz dayanmaq da olmaz.”
Seyfəddin Hüseynli uzun illərdir ki, “525-ci qəzetin” redaktoru vəzifəsində çalışır. Mətbuatda peşəkar tərcümələr, esselər və tənqidi yazılarla çıxış edir...
“Bir dəfə tanınmış yazıçılardan biri demişdi ki, “525-ci qəzet” qapısını ədəbiyyatın üzünə aralamaqla düz elədi, ancaq taybatay açanda vəziyyət qəlizləşdi. Bu baxımdan uzun illərdir ki, çalışdığım “525-ci qəzet”də cəmiyyətimiz, ədəbi mühitimiz mətn seçimində bizi yaman sıxışdırır. Bu qəzeti uzun müddət ədəbiyyatla bağlı yeganə ünvan kimi tanıyıblar. Bir xeyli yazar, müəllif çap edilib. Bəzilərinin üzündən keçilməyib, bəzilərinin rəhbərliklə yaxşı münasibətləri olub, haqlı olaraq ərk edənlər tapılıb. Ancaq təsəllimiz bundan ibarət olub ki, hər nömrədə ən azı bir neçə yaxşı mətn çap edə bilmişik. Çox sayda yaxşı müəlliflər və mətnlərlə işləmişik ki, bunun da nəticəsində bu gün ədəbiyyatın hörmətli ünvanlarından biri “525-ci qəzet”dir. İmzasını təsdiq eləmiş onlarla yazar saya bilərəm ki, ilk dəfə “525-ci qəzet”də çap olunublar. Bizim üçün bədii mətnin əlahiddə seçim meyarları yoxdur, yaxşı bədii mətn, əsl ədəbiyyat nümunəsi deyilən nədirsə, biz onlara üstünlük verməyə çalışırıq.”- söyləyir.
Bizi Səlim Babullaoğlu tanış edib. İllər öncə Şabrana birlikdə səfər etmişdik. Elə o vaxtdan da aramızda salam əleykum yaranıb. Sadə, təvazökar, məntiqli və təmkinli adamdır. Heç vaxt lazımsız söz deməz, artıq-əskik danışmaz. Ədəbiyyata, ümumiyyətlə həyata yanaşma tərzi də çox fərqlidir...
Deyir ki:- “Bu gün təkcə ədəbiyyatımız yox, ümumən həyatımız, təfəkkürümüz də dünyadan geri qalır. Həyata ədəbiyyatçı, romançı gözüylə baxmayana qədər, təfəkkürümüz tam yenilənməyincə, nə haqqında yazmağınızdan aslı olmayaraq, arzulanan səviyyədə əsərlər meydana gəlməyəcək. Şeir daha çox intuitivdir, spontandır bəlkə, ancaq roman rasional məsələdir. Əslində, çoxdandır ki, dünya poeziyasında fərqli proses gedir, yəni qəlblə, duyğuyla yanaşı ağlın, məntiqin də iştirakı ilə yaranır poetik nümunələr. Biz bəzən şeirin konstruksiya tərəfini dünyadan götürüb mənimsəyirik, belə olanda da şeirin emosional tərəfi yaddan çıxır. Halbuki şeirimizin həm konstruktiv, həm də intuitiv qollarının uzlaşdığı vaxtlar olub. Eləcə də bizdə postmodernist mətnlər az-çox yaranıb artıq, ancaq bütövlükdə biz o düşüncədən doğan həyatı yaşamamışıq deyə, vəziyyət birtərəflidir. Deyəsən, heç yaşamağa meylimiz də yoxdur o düşüncəni və elə həyatı. Fərd olaraq, ayrı-ayrı imzalar olaraq irəliyə gedənlər, indi hardasa ədəbiyyatda mistikanın əhəmiyyətinə vurğu salanlarımız ola bilər, amma ümumən postmodern düşüncəni köhnəltmədən, tükətmədən yeni bir mərhələyə keçmək inkişafı axsadar, yarımçıqlıq duyğusu yaradar.”
Avqustun 15-i Seyfəddin Hüseynlinin 50 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Əvvəl-axır köçəsiyik, bilə-bilə yaşayırıq
Fariz Süleymanoğlu,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
SƏN BİLƏRƏM
Bu dərd, kədər sürüsünü
Dağ başına çən bilərəm.
Ara versə bircə günü,
Yorğun könlü şən bilərəm.
Yoxsulu kim alır vecə?
Hamı tapır pula, gücə.
Özümüzü toyuq-cücə,
Maaşı da dən bilərəm.
Gör nələrlə öyünmüşük,
Haqdan küsüb deyinmişik.
Ruhumuza geyinmişik
Bir libasdı tən bilərəm.
Xatirələr yarar keçər,
Nəmli gözlər arar keçər,
Külək saçım darar keçər,
Gözüm yumub, sən bilərəm!
BİLƏR
Kor olurmuş aşiq gözü,
Sevdiyini pəri bilər.
Varlı pulu gücün özü,
Kasıb əlin kiri bilər
Desən sözün düz, safını,
Boş görərsən ətrafını.
Arif odu, hər lafını
Danışdığı yeri bilər.
Əsli-nəsli düz balalar,
O sayğılı duz balalar,
Mələk üzlü qız balalar
İsmətini zəri bilər.
Yön ver, ağac yaş əyilər,
Sanma qaya, daş əyilər.
O xanıma baş əyilər,
Öz ərini piri bilər.
Qəm eyləmə, ülfətini,
Saf hissini, niyyətini,
Etdiyinin qiymətini
Yüzü bilməz, biri bilər.
Bir ümidi köz yaşadar,
Ruhu ülvi iz yaşadar,
Bir yazarı söz yaşadar,
Duyan onu diri bilər.
QƏRİBİM
Düyünlənib qaşları,
Donuxub baxışları,
Qaynayır göz yaşları,
Xəyaldadı Qəribim.
Alışır, sönən deyil,
Çəkinən, sinən deyil,
Dindirmə, dinən deyil,
Məlaldadı Qəribim.
Gah sözünü danlayır,
Səhv-düzünü danlayır,
Tək özünü danlayır,
Bir qaldadı Qəribim.
Dərdin bölən varmı heç?
Gözün silən varmı heç?
Bircə bilən varmı heç,
Nə haldadı Qəribim?!
Çəkib, görüb, anlayıb,
Üzün tutub, yanlayıb,
Tanrıya ünvanlayıb,
Sualdadı Qəribim.
Arınıb, durulubdu,
Usanıb, yorulubdu,
Tanrıya qırılıbdı,
Finaldadı Qəribim!
ULU TANRI
Neçə dildə tərif deyir,
Hərə bir cür dində Sənə.
Kömək, çörək, dilək üçün
Əl açılır gündə Sənə.
Sənsən ümid azar olsa.
İnsan dərddən bezar olsa.
Diz çökəcək azar olsa,
Ateist də çəndə Sənə.
Qürbət bilir yeri insan,
Baxır göyə - geri insan.
Doğulandan bəri insan
Ruh daşıyır təndə Sənə.
Kimi cavab dindən umar,
Kimi faldan, cindən umar,
Kimi mürşidindən umar,
Yol tapa bir yöndə Sənə.
Məmurların hara baxar,
Orda yanlış bilgimi var?!
Mümkün deyil, yoxsa çatar
Bunca fəryad, ün də Sənə.
Ey Yaradan, sinəm dolub,
Bu nə qəzəb, axı nolub?
"Alma yeyən" Adəm olub,
Neyləyib bu bəndə Sənə?!
ARASINDA
Doğma elim, bu işlərin,
Necə gəlim, arasında?
"Dinmə" deyən bu dişlərin
Dözmür dilim arasında.
Zalım üçün biz ufağıq,
Məzlum üçün qaya-dağıq,
Əhsən, vallah, hələ sağıq,
Bunca zülüm arasında.
Dərdə dözür, axtarıram,
Xeyrə yozur, axtarıram,
Neynim? Hüzur axtarıram
Qəm-nisgilim arasında.
Qəm göyərtdi susuz kərdin,
Nə ummuşdun, gör nə dərdin,
Yorğun könül, bunca dərdin
Necə gülüm arasında?!
Kədər, qüssə cəm yığılıb,
Gözlərinə qəm yığılıb.
Kirpiyinin nəm yığılıb,
Öpüb silim, arasında.
Arif insan ruhu bəzər,
Sorğulayar, anlar, çözər,
Haqqa doğru yolu gəzər
Dinlə bilim arasında.
Xatırlanan söz olacaq,
Saf ürəkdə iz olacaq
Bir tonqala köz olacaq
Bəlkə, külüm arasında?!
Qərib neçə dağ aşıbdı,
Taleylə çox savaşıbdı.
Bir ümiddən yapışıbdı,
Həyat, ölüm arasında.
YAŞAYIRIQ
Əkiləni biçəsiyik,
Yazılanı çəkəsiyik,
Əvvəl-axır köçəsiyik,
Bilə-bilə yaşayırıq.
Kimi qaçır top dalınca,
Kimisi caz, pop dalınca,
Kimi yalan, gop dalınca,
Belə-belə yaşayırıq.
İnanırıq saf, xam kimi,
Qırılırıq biz cam kimi.
Əriyirik bir şam kimi
Gilə-gilə, yaşayırıq.
Zülmə susan kor qazıya,
Haqqa hürən it, tazıya,
Çarəsizcə bu yazıya,
Gülə-gülə yaşayırıq.
Şəri xeyir yoza-yoza,
Ümid edib yaza-yaza,
Dırnaqlarla qaza-qaza,
Dələ-dələ yaşayırıq.
Dərdə sinə gərə-gərə,
Əkə-əkə, dərə-dərə,
Əzəl gündən görə-görə,
Gələ-gələ yaşayırıq.
Fırtınalar beynimizdə,
Nur qoymayıb eynimizdə,
Duz yükü var çiynimizdə,
Şələ-şələ, yaşayırıq.
Dağla qəzəb, hikkəmizi,
Vergi ilə “sikkəmizi”,
Dostlar ilə tikəmizi
Bölə-bölə yaşayırıq.
Açmır yolu-izi Tanrı,
Gözümüzdən sisi Tanrı,
Qul yaradıb bizi Tanrı,
Kölə-kölə yaşayırıq.
Baxma ki, şən görünürük,
Ellə palaz bürünürük,
Əksərimiz sürünürük,
Ölə-ölə yaşayırıq.
Duzsuzluqlar qəlbə dəyər,
Ümidsizlik qəddi əyər,
Yaşamaqsa bu da əgər,
Hələ.., hələ yaşayırıq!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)
Yaddaşlarda Cəlal kimi qaldı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Vəziyyətim, halımheç deyiləsideyil. Ömürboyuayaq üstə, fəaliyyətdə olan, işləyənadamindigəlibevdə oturub. Xəstəliklərbirtərəfdən, havalarıntez-tezdəyişməsi, maqnitqasırğasınınolması digərtərəfdənmənitamamhaldansalıb. Ağrımayanyerimyoxdur. Beləliklə, oturmuşamevdə, televizorabaxıram, qarşımdakrossvordlar, vəssalam...”
Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçib. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb.
Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına, 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
2025-ci ilin yanvarında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və fevralın 3-ü evə buraxılıb. Ənvər Həsənov 16 mart 2025-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşının məzarı yanında dəfn edilib. 2023-cü ildə mədəniyyət yazarı Vasif Ayanın Ənvər Həsənova həsr olunan "Ənvər Həsənovun xatirələri" və "Ənvər Həsənova vida" adlı kitabları nəşr edilib.
Filmoqrafiya
1. Ağ atlı oğlan
2. Arxadan vurulan zərbə
3. Babək
4. Atları yəhərləyin
5. Bəyaz həyat
6. Bəyin oğurlanması
7. Birisigün, gecəyarısı...
8. Bizim küçənin oğlanları
9. Cavad xan
10. Çalış, nəfəs alma
11. Ölüm növbəsi
12. Məhkumlar
13. Qatır Məmməd
14. Dədə Qorqud
15. Dəli Kür
16. Səhərə inan...
Mükafatları:
Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan Ənvər Həsənov eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib. Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətçi 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Son müsahibələrindən birinə nəzər salaq.
-Ənvər bəy, isti yay mövsümünü necə keçirirsiniz? Əhvalınız, sağlamlığınız necədir?
- Vəziyyətim, halım heç deyiləsi deyil. Ömür boyu ayaq üstə, fəaliyyətdə olan, işləyən adam indi gəlib evdə oturub. Xəstəliklər bir tərəfdən, havaların tez-tez dəyişməsi, maqnit qasırğasının olması digər tərəfdən məni tamam haldan salıb. Ağrımayan yerim yoxdur. Beləliklə, oturmuşam evdə, televizora baxıram, qarşımda krossvordlar, vəssalam...
-Bəs bu yay mövsümü istirahətə gedə bilmədiniz?
-Xəstəxanadan sonra mən insult keçirdim, ona görə də maşın sürə bilmirəm. Həmçinin bəzən “sudorqa”lar tutur, yəni mənə çətindir. Bir dəfə dostlarım gəlib məni bir həftəlik Nabrana apardılar. Amma uşaqları tək qoya bilmədiyim üçün tez qayıtdım. İndi oturub fikirləşirəm ki, bəlkə tək özüm Gəncəyə gedim, bir həftəlik istirahət edim.
-Bir neçə gün öncə 73 yaşınız oldu. Necə keçirtdiniz, dostlarınız gəldimi?
-Doğrusu, dostlarıma doğum günüm olacağı barədə heç nə deməmişdim. Çünki son günlərim çox ağır keçmişdi. Bir neçə dostum, həmçinin Elxan Qasımov rəhmətə getdi. Bütün bunlar deyiləsi deyil. Yəni heç kəsə demədim ki, ad günüm olacaq. Buna baxmayaraq, 6-7 maşın adam evimə gəldi, məni təbrik etdi. Hətta gecə saat 11-də gələn də var idi.
-Yəqin ki, televizorda çəkildiyiniz filmləri görəndə o günlər, həmin çəkilişlər üçün darıxırsınız.
-Əlbəttə, darıxıram. Baxa-baxa da “Allah rəhmət eləsin” sözü dilimdən düşmür, çünki o cür gözəl sənətkarları itirdik. Doğrudur, bu, həyatın qanunudur, insanlar doğulurlar, sonra dünyasını dəyişirlər... Amma bir tərəfdən sevinirəm ki, yaxşı ki, zamanında bu filmlər çəkilib, o filmlər ki, ədəb-ərkan, adət-ənənə, hörmət-izzət məktəbidir. Gənc nəsil o filmlərə baxa-baxa hörmət-izzət qabiliyyəti götürüb, öyrəniblər. Amma, çox təəssüf ki, indiki nəsil daha çox kompüterə qurşanıb, bütün işlərini onun arxasında görür. Mənim də övladlarım da o cümlədən, hərəsi öz otaqlarında oturub kompüterlə işlərini görürlər
Mən 59 il Azərbaycan filmində çalışmışam, 70 filmdə iştirak etmişəm. Hansı filmə baxırsan mənim adım var. Nə yaxşı da ki, varam. İndi isə heç nə yoxdur, hara baxırsan saqqallılardır. Məni bir neçə dəfə filmə, seriala dəvət edəndə dedim ki, məni bağışlayın, mən o saqqallılarla işləyə bilmərəm. Onlar “taliban”, vəhhabidirlər, ya necə, başa düşə bilmirəm. Həmin saqqallılara baxanda düşünürəm ki, onların əqidələri başqa cürdür, bizim kimi deyillər. Ona görə də evdə oturmuşam, çölə-bayıra da çıxmıram.
-Sosial şəbəkələri də izləyə bilirsinizmi?
-2007-ci ildə çox ağır qəza keçirtmişdim, başım partlamışdı. Həmin vaxt damarımın birini düzgün tikməyiblər deyə, o vaxtdan mən yuxu nədir bilmirəm, daim başımda ağrılar, qulağımda səslər var. Bu ağrılar məni öldürür. Ona görə internetə yaxın gedə bilmirəm. İstifadə etdiyim telefon da köhnə model telefondur, sadəcə, zəng gəlib-gedir. Bununla belə onun özü belə mənə mənfi təsir edir. Təzə nəsə xəbər olanda mənə zəng edib deyirlər.
-Bu sualı niyə verdim, “Babək”, “Dədə Qorqud” filmlərində tərəf müqabiliniz olan Rasim Balayev bu günlərdə sosial şəbəkələrdə tənqid atəşinə tuş gəldi. Gah aldığı “İstiqlal” ordeninə, gah da müxtəlif mətbuat orqanlarına verdiyi açıqlamalara görə “yıxıb-sürüdülər”. Bu məsələdən xəbəriniz varmı?
-Bəli. Xəbərim var, zəng edib deyirlər. Əlbəttə ki, sənətkarlara qarşı bu cür mövqe adamı incidir. Mən də bu sənətin nümayəndəsiyəm. Rasim Balayevlə bağlı məsələyə nə deyim ki... O, kinoya 1973-cü ildə “Nəsimi” filmi ilə gəlib. Mən isə artıq 1965-ci ildən “Azərbaycanfilm”də işləyirdim. Rasim Balayev kinoya gələnə qədər mənim 7-8 filmim var idi, o cümlədən “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma”, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi, ”Dəli kür", “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”.
Ondan sonra isə əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra Rasim Balayevlə “Babək” filmində görüşdüm. Ona at sürməyi, rus bölümünü öyrədən mən olmuşam. Yəni bunu bir dost, sirdaş, sənət insanı kimi etmişdim. Amma, sözün düzü, biz çox az bir yerdə oturmuşuq. “Dədə Qorqud”, “Babək”, “Arxadan vurulan zərbə” filmindən sonra ünsiyyətimiz az olub, arada yalnız “salaməleyküm” olub. İndi bu olanlar haqda nə deyə bilərəm ki...
1981-ci ildə Türkan Şorayın əri Süleyman bəy məni Türkiyəyə işləməyə dəvət etmişdi. Dedim ki, yox e, mən Azərbaycandan kənarda qala bilmərəm. O zaman da kommunal evdə, 7 qonşu ilə birgə yaşayırdım. Allah İlham Əliyevə cansağlığı versin ki, 69 yaşımda mənə “Xalq artisti” adı, 70 yaşımda ev, bu il isə Prezident təqaüdü verdi. Bu özü çox böyük dəyərdir. Doğrudur, əslində mən bunları həddindən artıq gec aldım, bəlkə də 30 il əvvəl almalı idim. Sadəcə, özümə görə heç vaxt heç kəsə ağız açmamışam. Prezident sağ olsun ki, ömrümün sonlarına yaxın məni mükafatlandırdı.
-Ən çox hansı obrazınız üçün darıxırsınız, sizə daha çox əzizidir?
- Allah Adil İskəndərova rəhmət eləsin, mən onun tələbəsi olmuşam. Sevinirəm ki, öz müəllimlə 3 filmdə tərəf müqabili olmuşam. Əvvəlcə 4 il kinoaktyor studiyasında tələbəsi olmuşam, daha sonra isə İncəsənət Universitetinə daxil olub onun sinfinə düşmüşdüm. Məni görəndə dedi ki, “diplomunu dünən almısan, bu qədər filmin var, beynəlxalq kino festivalından Azərbaycana birinci kişi mükafatını sən gətirmisən”, hələ üstəlik, indi də universitetə təhsil almağa gəlmisən? Dedim ki, neyləyim, evdə dedilər ki, mütləq universitet diplomun olmalıdır. Güldü, dedi ki, “yaxşı, gəl otur”.
Adil İskəndərov biz tələbələrə deyirdi ki, olar bilər ki, sizin kinoda rolunuz epizodik, ya ikinci dərəcəli, ya da əsas rol ola bilər, siz heç vaxt onların arasında fərq qoymamalısınız, çünki siz onları qəlbinizdən, daxilinizdən keçirib oynayırsınız. Mən də Adil İskəndərovun bu tövsiyəsini əsas götürdüm. Məni indi Murad, Cəlal, Sirac, Şahbaz bəy kimi çağırırlar, amma mən bu obrazlarımın arasında heç bir fərq qoymamışam, hər biri mənim üçün çox əziz, doğmadır.
-Ənvər müəllim, bilirsiniz, artıq iki kino ittifaqı birləşir, bir kino qurumu yaranır...
-Mənim eşitdiyimə görə, sentyabr ayında yığıncaq olacaq, iki ittifaq dağılacaq, bir kino birliyi yaranacaq. Mənim fikrimi bilmək istəsəniz, həmin birliyə rəhbərlik edə biləcək yeganə istəkli, qabiliyyətli adam Cəmil Quliyevdir. Çünki Cəmil Quliyev həm ssenaristdir, həm Dövlət Film Fondunun direktoru, həm də aktyordur. Bu gün ondan başqa kinoya ürəyi yanan adam heç kimi görmürəm. Doğrudur, Rasim Balayev də yaxşıdır. Amma o da artıq yaşlıdır, gəzə, dura bilmir. Şəfiqə Məmmədova da ki, Allah göstərməsin, Azərbaycan kinosunu mələtdi, ağlatdı. On görə də quruma rəhbər kimi yeganə Cəmil Quliyevi görürəm. Özüm də çalışacam ki, həmin tədbirdə iştirak edim.
-Sizcə, bundan sonra milli kinomuz ayağa qalxa biləcəkmi?
-Sözün düzü, Mədəniyyət Nazirliyinə yeni rəhbər təyin olunan Adil Kərimliyə çox ümidliyəm. Mən şəxsən onunla iki dəfə danışmışam. Özü mənə zəng edib hal-əhvalımı tutub, daha sonra Kino Forumuna dəvət edib. Tədbirrdə də çıxışlarını dinlədim, sənətə, mədəniyyətə dəyər, qiymət verən, sevən, məhəbbət bəsləyən adamdır. Hələ ki, sağam, ona dəstək olmağa hazıram. Azərbaycan kinosunun gələcəyi ilə bağlı ümidlərim nazir Adil Kərimli və Cəmil Quliyevədir. Allah onların işlərini avand etsin.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


