İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Doğum günü 12 oktyabra təsadüf edən məşhur dünya mədəniyyət xadimlərindən məhz HyuMayklCekman (HughMichaelJackman) ilə başlamağım heç də təsadüfi deyil. Bu avstraliyalı aktyor, müğənni və film prodüseri hazırda trenddədir. O, xüsusilə “İks-adamlar” (X-Men) film seriyasında canlandırdığı Volverin (Wolverine) obrazı ilə dünya şöhrəti qazanıb.
Cekman həm döyüş filmlərində, həm dramatik ekran əsərlərində, həm də musiqili filmlərdə uğurlu çıxışları ilə tanınır. 12 oktyabr 1968-ci ildə Hugh Jackman Avstraliyanın Sidney şəhərində anadan olub.
O, uşaqlıq illərindən incəsənətə maraq göstərsə də, aktyorluğu əvvəlcə əsas peşəsi kimi düşünmürdü. Sidney Texnologiya Universitetində kommunikasiya üzrə təhsil alıb və 1991-ci ildə bakalavr dərəcəsi əldə edib. Daha sonra aktyorluq sahəsində ixtisaslaşaraq Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında təhsilini davam etdirib.
1990-cı illərdə teatr və televiziya layihələrində fəaliyyətə başlayan Cekman qısa müddətdə Avstraliyada tanınmağa başlayıb. Sonralar beynəlxalq kino sənayesinə daxil olaraq Hollivudun məşhur aktyorlarından birinə çevrilib. Hugh Jackmanın karyerasında dönüş nöqtəsi 2000-ci ildə çəkilmiş X-Men filmi olub. O, burada qeyri-adi sağalma qabiliyyətinə və metal caynaqlara malik mutant Volverin obrazını canlandırıb.
Bu rol aktyoru beynəlxalq miqyasda məşhurlaşdırıb. Cekmanın aktyorluq qabiliyyəti yalnız fantastik və döyüş filmləri ilə məhdudlaşmır. O, psixoloji trillerlərdə, tarixi dram əsərlərində, romantik komediyalarda və musiqili filmlərdə də iştirak edib. Xüsusilə emosional səhnələri, fiziki hazırlığı və canlı ifa bacarığı ilə seçilir.
Ən məşhur filmləri
1. X-Men (2000) (İks-adamlar)
Cekmanın Volverin obrazını ilk dəfə canlandırdığı və dünya şöhrətinə qovuşduğu film.
2. Van Helsing (2004) (Van Helsinq)
O, vampirlər və digər fövqəltəbii varlıqlarla mübarizə aparan məşhur ovçu Qabriel Van Helsinqi canlandırır.
3.The Prestige (2006) (Prestij)
İki illüzionistin rəqabətindən bəhs edən psixoloji dram və sirr filmidir. Cekman Robert Anqyer rolunda çıxış edir.
4. Australia (2008) (Avstraliya)
İkinci Dünya müharibəsi ərəfəsində Avstraliyada baş verən hadisələri və çətinliklərlə üzləşən insanların həyatını təsvir edir.
5.Les Misérables (2012) (Səfillər)
Viktor Hüqonun eyniadlı romanı əsasında çəkilib. Cekman Jan Valjanı canlandırıb və bu roluna görə “Qızıl qlobus” mükafatını qazanıb.
6.Prisoners (2013) (Əsirlər)
İki uşağın itkin düşməsi ətrafında inkişaf edən gərgin kriminal triller. Aktyor çıxılmaz vəziyyətdə qalan ata obrazını canlandırır.
Mükafatları
- “Toni” mükafatı (Tony Award): 2004-cü ildə The Boy from Oz musiqili tamaşasındakı ifasına görə musiqili tamaşada ən yaxşı aktyor mükafatını əldə edib.
- “Emmi” mükafatı (Primetime Emmy): 2005-ci ildə “Toni” mükafatlandırma mərasiminin aparıcısı kimi fəaliyyətinə görə mükafat qazanıb.
- “Qremmi” mükafatı (Grammy): The Greatest Showman filminin musiqi albomuna görə mükafat qazanan kollektivin tərkibində olub.
- Oskar mükafatı (Oscar): 2013-cü ildə Les Misérables filmindəki Jan Valjan roluna görə ən yaxşı aktyor nominasiyasına layiq görülüb, lakin mükafatı qazanmayıb.
- Hollivud Şöhrət Xiyabanı: 2012-ci ildə burada öz ulduzuna layiq görülüb.
Bu nailiyyətlər onun həm kino, həm də teatr və musiqi sahələrində fəaliyyətinin uğurunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(12.10.2026)


