Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Adətən aktyor və aktrisaları Bakı səhnəsi məşhur edir. İstisnalar az-az olur. Bir istisna da Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisası Sədayə Mustafayevadır, ulduzu əyalətlərdə parlayan aktrisanın bu gün anım günüdür.

 

Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib.

Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb.

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti Sədayə Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.

Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir.

 

Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar.

 

Mükafatları

- Azərbaycan SSR Əməkdar artisti

- Azərbaycan SSR Xalq artisti

- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü.

 

Aktrisa 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

      SON GECƏDİR BU GÜN YENƏ...

 

      Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

 

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

 

İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar...

 

Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 15:16

Onun bənzərsiz xarizması…

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Onu digər insanlardan fərqləndirən şəxsi cazibəsi, fiziki gözəlliyini tamamlayan isə bənzərsiz xarizmasıdır. Olduqca diqqətlidir, onu sonradan utandıra biləcək heç bir rəftara yol vermir. Buna görə də, ətrafdakılar tərəfindən yalnız hörmət və ehtiram görür. O, elə parlaq fikirləri olan insandır ki, hətta qərəzli adamlar tərəfindən də təqdir edilir. Cəmiyyət içində soyuq görünə bilər, amma olduqca səmimi və insanpərvər xanımdır...

 

Müsahibələrindən birində deyir ki:- “Bu il 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ilk olaraq xalqını maarifləndirmək, onu dünyada baş verən ictimai, siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və inkişaf yoluna çıxarmaq məqsədini qarşısına qoymuş və uzun illərdir ki, bu vəzifəni layiqincə yerinə yetirir. Təbii ki, bugünkü inkişaf səviyyəsinə çatana kimi mətbuatımız çox çətin, ziddiyyətli yol keçib. Uzun illər çar senzurasının amansız şərtləri altında, sonra da 70 il Sovet senzurasının "qayda-qanun"ları ilə öz fəaliyyətini davam etdirib. Çox qısa bir zaman kəsiyində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzura ləğv edildi, 1919-cu ildə "Mətbuat haqqında Nizamnamə" qəbul edildi, mətbuatımız azad fəaliyyətdə oldu. Sonrası hamıya bəllidir. Bu azadlığa Azərbaycan mətbuatı bir də 1998-ci ildə nail oldu. Senzuranın ləğvi mətbuatımızın inkişafına böyük təkan verdi. Hal-hazırda da ölkəmizdə KİV və dövlət münasibətləri yüksək səviyyədə tənzimlənib. Dövlətin mətbuata qayğısı hər an hiss olunur. Bir sıra jurnalistlərə ev verilib. KİV-lərə maliyyə yardımı hələ də göstərilir...”

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Qərənfil Dünyaminqızı kimi tanınan Qərənfil Quliyevadır. O, 1964-cü ilin sentyabr ayının 13-də Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib. 1989-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsilə yiyələnib. Dövrü mətbuatda ilk çıxışı 1974-cü ilə təsadüf edir, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə Ədalət qəzetinin müxbiri işləyib. 1998-ci ildə BDU-da əvvəlcə dissertant olub, sonradan müəllim kimi fəaliyyətə başlayıb. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda elmi iş müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2022-ci ildə isə “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Hazırda BDU-nun Jurnalistika fakültəsinin, Milli mətbuat tarixi kafedrasının professorudur. 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Xidmətlərinə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı və “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub...

 

“İlk yazımın 1974-cü ildə çap olunmasına baxmayaraq 1984-cü ildən müntəzəm olaraq dövrü mətbuatda çıxış edirəm. Bu il 41 il tamam oldu ki, yazı-pozu ilə məşğulam. Adətən çap olunduğum "Kaspi", "Ədalət" qəzetlərinin, "İşıq", "Füyuzat" jurnallarının kollektivinə, rəhbərliyinə, orta məktəb müəllimlərimlə yanaşı ali məktəb müəllimlərimə - bir sözlə, mənə bu yolda dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.”- söyləyir.

 

Sosial həyatında onu əhatə edən insanlarla və ya dostları ilə isti münasibət qurmağı və şirin söhbət etməyi xoşlayır. Onun sosial həyatı çox aktivdir və rəfiqələri tərəfindən ən çox axtarılan xanımdır. Amma dost seçimində diqqətlidir və yumor bacarıqları yüksək səviyyədədir. Cəmiyyətdə fəal xanım olsa da, ev həyatı onun üçün ayrı bir yerdir. Evdə ailəsi ilə vaxt keçirməyi sevir. Ümumiyyətlə, onun üçün ilk növbədə ailə gəlir. Özündən əvvəl anasının, atasının və bütün sevdiklərinin rifahını düşünür. Lazım olsa, onların yaxşı olması üçün hər bir əzaba qatlaşmağa hazırdır...

 

Deyir ki:- “Zəngin və böyük tarixi inkişaf yolu keçən milli mətbuatımızdan bu gün öyrəniləsi bir çox müsbət xüsusiyyətlər var. Heç şübhəsiz, keçilmiş yolun öyrənilməsi, dəyərləndirilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərin tam bərqərar olunması, cəmiyyətdə sabit, sağlam mühitin yaradılmasına və müstəqil ideyaların təbliğinə xidmət etməli, gənc müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli və ona hər an dəstək olmalıyıq. Bizim klassiklərimiz də belə ediblər. Keçmişə nəzər salaq: Azərbaycan Xalq Cümhuriyyətinin yaradanlar kimlər idi? - Onlar həm də dövrün tanınmış jurnalistləri, publisistləri idilər. M. B.Məhəmmədzadə, Ü.Hacıbəyli, Ə.M.Topçubaşov, X.İbrahim, F.Ağazadə, N.Yusifbəyli, M.Ə.Rəsulzadə və b.. Onlar yalnız bir amal, bir məqsəd uğrunda mübarizə apardılar: Müstəqil Azərbaycan uğrunda. Biz də bu gün onların bu müqəddəs amallarını davam etdirməliyik. Jurnalistika böyük ammallara xidmət etməlidir. Buna görə yenə də deyirəm ki, hamılıqla gənc dövlətimizə hər an dəstək olmalıyıq, onun irəli sürdüyü ideyaları təbliğ etməliyik. Çünki bu gün dövlətimiz tərəfindən mətbuatımıza çox güclü qayğı var. Biz də bu qayğıya layiq cavab verməliyik. Belə olarsa daha möhkəm, daha əzmkar, daha qüdrətli müstəqil Azərbaycan dövlətinə nail olmuş olarıq.”

 

Adətən, mükəmməllik axtarışı və detallara olan diqqəti ilə seçilir. Təbii analitik qabiliyyətə malikdir və hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyi bacarır. Çalışqan və məsuliyyətlidir. Üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər zaman səy göstərir və məqsədinə çatmayınca sakitləşmir. O, həmçinin təşkilatçılıq bacarığı ilə də tanınır. Şəxsi həyatında, eləcə də işində nizam-intizamı xoşlayır və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərir. Onun hər sahədə uğur qazanmasının da sirri məhz nizam-intizamlı olmasındadır...

 

Ötən il 70 yaşını qeyd etdiyimiz BDU-nun professoru, filologiya elmləri doktoru, hörmətli Allahverdi Məmmədli onu belə xarakterizə edir: “Qərənfil xanım kübar, işıqlı, elmli, zəhmətkeş xanımdır. Böyük ürəyində böyük səmimiyyət gəzdirir. Onun xarakteri bütün davranışlarında hiss olunur. Fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetində müsbət imicə, nüfuza malikdir. Müəllim yoldaşları arasında hörməti var, tələbələri onu çox sevir.   Jurnalistikada xidmətləri səmərəlidir. Əməkdar jurnalist kimi indi də mətbuatda elmi-publisistik yazılarla çıxış edir. Elmi məqalələri xaricdə nüfuzlu jurnallarda çap olunur. Elmi ictimaiyyət onun tədqiqatlarını yüksək qiymətləndirir. Amma çox təvazökardır. Bəlkə də belə olmalıdır. Axı, onun iki qoşa qanadı var: insanlığı və elmi...”

...Bəli, insanlıq və elmin vəhdətindən irəli gələn bu gözəlliyi onun bənzərsiz xarizması tamamlayır...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 14:33

İnsan öz həyatında nə vaxt yad adama çevrilir?

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Özündən uzaqlaşmağın səssiz başlanğıcı

Bəzən insan öz həyatından uzaqlaşdığını hiss edir, amma bunun nə vaxt başladığını xatırlaya bilmir. Hər şey yerindədir: ev, iş, insanlar, gündəlik qayğılar, danışılan sözlər, görülən işlər... Lakin bütün bunların içində qəribə bir boşluq yaranır. İnsan sanki öz həyatını yaşamır, kənardan izləyir. Ən qəribəsi də budur ki, insan özünə yadlaşanda bunu başqalarından gizlədə bilir, amma özündən gizlədə bilmir.

Səhərlər oyanırsan və günün necə keçəcəyini əvvəlcədən bilirsən. Eyni yollar, eyni üzlər, eyni söhbətlər, eyni cavablar. İnsan bir müddət sonra həyatını yaşamaqdan çox, onu təkrarlamağa başlayır. Təkrar isə səssiz şəkildə insanın içindəki həvəsi öldürür. Bəlkə də insanın özünə yadlaşması böyük bir hadisə ilə başlamır. Heç kim bir səhər oyanıb birdən-birə “Mən artıq özüm deyiləm” demir. Bu, xırda güzəştlərlə başlayır. İstəmədiyin halda “olar” deyirsən. Getmək istəmədiyin yerə gedirsən. Səni incidən sözə susursan. Arzuladığın şeydən “onsuz da mümkün deyil” deyərək vaz keçirsən.

Sonra bir gün güzgüyə baxırsan və üzündə tanış bir insan görsən də, gözlərində özünü tapa bilmirsən.

 

Başqalarını itirməmək üçün özünü itirmək

İnsan bəzən başqalarını itirməmək üçün özünü itirir. Kiminsə sevgisi davam etsin deyə öz arzularını susdurur. Kiminsə xətrinə dəyməsin deyə həqiqətlərini gizlədir. Kiminsə onu tərk etməsindən qorxduğu üçün öz içindəki insanı tərk edir.

Halbuki insanın həyatında ən ağır ayrılıq başqa birindən ayrılmaq deyil. Ən ağır ayrılıq özündən ayrılmaqdır. Çünki başqasını itirəndə onun yoxluğuna zamanla alışa bilərsən. Amma özünü itirəndə hara qayıdacağını bilmirsən.

Bəzən insan hamının ehtiyacını düşünə-düşünə öz ehtiyaclarını eşitməz hala gəlir. Hamını anlamağa çalışa-çalışa özünü izah etməyi dayandırır. Hamını bağışlamağa çalışa-çalışa öz yaralarını unutmuş kimi davranır. Və bir gün yorğunluğun sadəcə bədəndə olmadığını anlayır. İnsan bəzən ruhən yorulur. Heç bir yuxunun sağalda bilmədiyi bir yorğunluqdur bu.

 

“Bəs mən kiməm?”

İnsan böyüdükcə ona çoxlu rollar verilir. Övlad olursan, valideyn olursan, işçi olursan, rəhbər olursan, dost olursan, həyat yoldaşı olursan. Hər rolun öz məsuliyyəti, öz gözləntisi olur. Amma bütün bu rolların arasında bir sual unudulur: “Bəs mən kiməm?”

Bu sualın cavabı bəzən illərlə insanın içində gözləyir. Çünki insan başqalarının ondan gözlədiyi adam olmağa o qədər çalışır ki, özünün olmaq istədiyi insanı unudur. Cəmiyyətin, ailənin, dostların, işin və həyatın qoyduğu çərçivələr arasında insanın öz səsi getdikcə zəifləyir.

Belə vaxtlarda insanın çox şeyə ehtiyacı yoxdur. Bəzən sadəcə dayanmağa ehtiyacı var. Telefonu kənara qoymaq, sakit bir yerdə tək qalmaq, uşaqlıqda sevdiyin bir mahnını dinləmək, heç kimin anlamayacağı bir arzunu özün üçün etiraf etmək və özünə soruşmaq lazımdır: “Mən həqiqətən belə yaşamaq istəyirəmmi?”

Bu sual sadə görünür, amma cavabı insanın bütün həyatını dəyişə bilər.

 

Qorxuların yaratdığı görünməz qəfəs

Bəzən həyatımızın böyük hissəsini seçimlərimiz yox, qorxularımız idarə edir. “Birdən alınmaz”, “birdən məni anlamazlar”, “birdən tək qalaram”, “birdən gecdir” düşüncələri insanı görünməz bir qəfəsə salır. İnsan isə bir müddət sonra qəfəsin qapısının açıq olduğunu belə unudur.

Ən böyük məhdudiyyətlərdən bəziləri divarlardan yox, insanın öz düşüncələrindən yaranır. İnsan özünü inandırır ki, artıq gecdir, artıq dəyişmək mümkün deyil, artıq hər şey belə qalmalıdır. Halbuki həyatın ən gözəl tərəflərindən biri insanın yenidən başlaya bilməsidir.

Bəlkə də həyatın müəyyən yaşında yenidən özünə qayıtmaq lazımdır. Geriyə yox, özünə. Keçmişdə kim olduğumuzu axtarmaq üçün deyil, bu gün kim olmaq istədiyimizi anlamaq üçün.

 

İnsan dəyişəndə həyat da dəyişir

İnsanın yaşı artdıqca dəyişməsi təbiidir. Uşaqlıqda istədiyimiz insanla illər sonra olmaq istədiyimiz insanın eyni olması vacib deyil. Bəlkə dünən sevdiyimiz şey bu gün bizə heç nə hiss etdirmir. Bəlkə vaxtilə uğur hesab etdiyimiz şey indi bizim üçün sadəcə yorğunluqdur. Bəlkə bəzi insanları həyatımızda saxlamağımızın yeganə səbəbi onları sevməyimiz yox, onları itirməyə öyrəşməməyimizdir.

Bunları etiraf etmək çətindir. Çünki insanın öz həqiqəti ilə üzləşməsi çox vaxt başqalarının həqiqəti ilə üzləşməsindən daha ağır olur. Amma insan öz həqiqətindən qaçdıqca içində daha böyük bir səssizlik yaranır.

O səssizlik əvvəlcə narahat edir. Sonra insan ona alışır. Daha sonra isə onu həyatının bir hissəsi hesab edir. Əsl təhlükə də budur. İnsan bədbəxtliyə alışanda onu bədbəxt edən şeyləri normal qəbul etməyə başlayır.

 

Həyat yalnız dözməkdən ibarət deyil

Həyat yalnız dözməkdən ibarət deyil. İnsan hər zaman xoşbəxt ola bilməz. Həyatda itkilər, ayrılıqlar, uğursuzluqlar, xəyal qırıqlıqları olacaq. Ancaq bütün bunların içində insanın özünə qarşı dürüst qalması mümkündür.

Bəlkə də xoşbəxtlik hər şeyin yaxşı olması deyil. Bəlkə xoşbəxtlik, hər şey yaxşı olmasa belə, insanın öz içində özünə sığınacaq tapa bilməsidir. İnsan dünyadakı hər şeyi dəyişə bilməz, amma özünə münasibətini dəyişə bilər.

Və bəlkə insanın həyatında ən böyük qayıdış bir yerə deyil, özünə qayıdışdır. Bir gün yenidən ürəyindən gələn kimi gülməkdir. Heç kimə izah etmədən “yox” deyə bilməkdir. İstədiyin zaman susmaq, istədiyin zaman danışmaqdır. Başqalarının gözləntilərindən bir qədər uzaqlaşıb öz səsini eşitməkdir.

Çünki insanın həyatda itirə biləcəyi çox şey var. Amma özünü itirməməlidir. Çünki dünya səni qəbul etməsə belə, sən öz içində özünə bir yer saxlaya bilirsənsə, hələ qayıtmaq üçün yolun var.

Və bəzən insanın həyatında ən böyük başlanğıc sadəcə bir cümlə ilə başlayır: “Artıq özümü yarı yolda qoymayacağam.”

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində türk dünyasının ən məşhur və ən populyar eposu olan “Kitabı-Dədə Qorqud” barədə danışacağıq.

 

“Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya” anlamıyla kamilliyə çatan “Kitabi-Dədə Qorqud” türkün ensiklopediyasıdır. O, məişətimz, yurdumuz, inam və tapınaqlarımız,  mərasimlərimiz, əxlaqımız, dilimiz, düşüncə tərzimiz, döyüş bacarığımız və s. barədə aydın təsəvvür yaradan, hüquq və azadlığımıza, dövlətçiliyimizə, mənəvi bütövlüyümüzə doğru əsas məqamları əks etdirən monolit abidədir.

 

Hünərinə, el-oba qarşısında xidmətlərinə görə insanı qiymətləndirir “Kitabi-Dədə Qorqud”. Oğuz igidləri davada qaçanı qovmur, aman istəyəni öldürmür, suçlunu belə bağışlayır, ancaq xalqın adını batıranları, xainləri öz axarından kənara atır. “Axar su mundarlıq götürməz”  misalına rəğmən Dədə-Qorqud xalqı, dünyanın işlərini saf-çürük etmək əzmindədir və bu, ali səviyyəli xarakter dəqiqliyidir, insanın dünyəviliyidir.

Səlcuqlar dövründə güney Azərbaycanda yaradılan bir dekorativ nimçədə yazılıb ki, “Türklə ucuz başla danışmaq olmaz”, yəni onunla ali insan xarakteri keyfiyyətləri ilə ünsiyyət saxlamaq mümkündür.” Yüzilliklərlə Dədə Qorqudun türkə yetəri mirası da elə budur.

Dastanda ata və qardaşlarına, ər və nişanlılarına arxa duran, zərifliyi, mənəvi təmizliyi, intellekti ilə bu günün insanını heyrətə gətirən qadınlar göstərilən mənəvi mirasın əsil sahibləridir.

Ər meydanında kişilərdən “yey”, hökmlü, sevgisində misli - bərabəri olmayan Burla xatun, nişanlısı Qanturalıdan geri qalmayan Selcan xatun, on dörd ilin həsrətinə mərdliklə dözüb, sevgilisi Beyrəyi çətin imtahana çəkən Banuçiçək və başqa qadın obrazları sanki böyük və möhtəşəm bir sarayın dayanıqlığını və estetik gözəlliyini tamamlayan silsilə atributlardır.

Mühitimizdə dilini, görkəmini, davranış qaydalarını saxlamağa çətinlik çəkən, yad ənənələrə tapınan, hər şeydən əvvəl türk başlanğıcını itirən müasir qadınlar, qızlar Dədə Qorqud qadınları qarşısında nə qədər miskin görünürlər ! Bir müəllim kimi Dədə Qorqud öyrətmələrinin və bu öyrənclər zamansız yarandığına görə onların müasir dünyamızdan da qırmızı işıq kimi keçməsi həmişə mənim arzum olmuş, öz fəaliyyətimdə pedaqoji sistemin bu yolla addımına çalışmışam. Başqa sözlə, belə çıxır ki, biz zəngin bir təlim-tərbiyə xəzinəsinin yanından gözübağlı keçməkdəyik.

Dastanda oğuz igidləri ədəb-ərkanı, zərif etik normaları bütün dəqiqliyi ilə gözləyirlər. Qadınlara “Xan qızı, qara gözlü yavuqlum, həlalım, qadınım, diləyim-döləyim”, - deyə müraciət edirlər. Oğuz xanımının “Başımın baxtı, evim taxtı...” ifadələrinin dilin estetikliyi cəhətdən qüdrətini isə heç bir zərifliklə izah etmək mümkün deyildir. Mən demirəm ki, müasirlərimiz bu ifadələri təkrar etsinlər. Ancaq fikrin nəciblik mahiyyəti, koloriti itirilməməlidir. O xanımlar “göz açıban gördüyü, könül verib sevdiyi” igidlərə ərə gedirlər, yeri gələndə nöqsanlarını açıqlayıb, ağıllı məsləhətlər verirlər, onları ruhlandırır, ürək dostlarına çevrilirlər. Türkün qadını yüzilliklərlə belə olub, ona görə ki, onlar ailə, cəmiyyət qarşısında öz məsuliyyətlərini yaxşı anlayıblar, fədakarlıqları ilə seçiliblər. Bütün bunlarda müasir sayılmayacaq nə var ki !? Hələ ilk məktəb illərindən balalarımızın bu “əlifba” kitabı ilə böyümələrində qəbahət nədir ki ?!

Qazan xan döyüşdən əvvəl “Anamı vergil mana! Savaşmadan, vuruşmadan qaydayım” ifadələri ilə müraciət edir düşməninə. Uruz anasına deyir ki, “qoy məni çəngələ vursunlar, ətimdən qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində, sən iki ye.” Onun dedikləri valideynə, ata hörmətinə, namusuna yüksək səviyyədən baxışın ifadəsidir.

“Kitabi-Dədə Qorqud”da ana haqqı tanrı haqqı hesab olunur, anaya bundan yüksək qiymət, bəlkə də, heç bir ədəbiyyatda verilməyib.

Gənc nəslin tərbiyəsində ananın üzərinə düşən böyük məsuliyyət Dədə Qorqud cəmiyyətinin bütün incəliklərinə qədər dərk edildiyindən, dastanda qadına xüsusi münasibət yaranmışdır. “Kitabi-Dədə Qorqud”a qədər formalaşmış türk tarixi də nəzərə alınarsa, dastanın ömrü xalqımızın yaranması, təşəkkül tapması dövləri ilə üzvi bağlıdır.

İndi Dədə Qorqud öyrətmələri müasirdir və xalqımızın da bütün dünyada öz orjinalında olduğu kimi tanınması vacib problemlərimizdəndir. Bu baxımdan “Kitabi-Dədə Qorqud” xalqımızın heç kimə bənzəməyən mənəvi xəzinəsidir. Bu xəzinəni səhifə-səhifə öyrənmək, təbliğ etmək, bundan öyünmək, qürurlanmaq lazımdır ki, bu tarixi, mənəviyyatı başqası deyil, mənim xalqım yaratmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

 

                                                                  

 

 

 

 

 

Xalq artisti Elmira Rəhimovanın 85 illik yubileyinə

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun həyatının ən yaddaqalan və gözəl, hətta deyərdim ki triumf dolu anları Hindistanla bağlıdır. Bu barədə az sonra. Hələliksə bu gün anadan olmasının 85 illik yubileyi qeyd ediləcək müğənni barədə biblioqrafik məlumatlara diqqət edək.

 

13 avqust 1941-ci ildə Bakıda doğulan Elmira Rəhimova gənc yaşlarından musiqiyə maraq göstərib və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən kollektivlərdə çıxış edib.

Elmira Rəhimova Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir.

1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olmuşdur.

Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir.

Anand adında bir oğlu və iki nəvəsi vardır.

 

Mükafatları

·       "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

·       "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 iyul 1967

·       Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24 fevral 1979[3]

·       "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 oktyabr 2000[4]

·       Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]

 

İndi də keçək vəd verdiyimiz Hindistan söhbətinə.

Hindistanın o zamankı baş naziri Cəvahirləl Nehrunun şəxsi dəvəti ilə o, 1957–1959 və 1961-ci illərdə Hindistanda olub. Hindistanda yaşayıb yaradan və hind mahnılarının incəliklərə qədər öyrənən müğənni yerli əhalinin böyük rəğbətini qazanıb.

Elmira Rəhimovanın ifasında səslənən hind mahnıları Azərbaycan dinləyicisinə qeyri-adi və cazibədar təsir bağışlayıb. Onun Hindistanda açıq səma altında Qənbər Hüseynlinin məşhur "Cücələrim" mahnısını səsləndirməsi böyük coşğu və alqışlarla qarşılanıb. Sənətkar hind musiqisinin milli ornamentlərini Azərbaycan vokal məktəbi ilə uzlaşdırıb. Onun illər boyu davam edən zəhməti qiymətləndirilib və ona Azərbaycanın xalq artisti fəxri adı verilib.

Xalq artisti Elmira Rəhimovanın yaradıcılığındakı hind musiqisi fəsli, onun yerli mədəniyyətdə qazandığı "Mirandi" (Sənət İlahəsi) adı və dünyanın 60-dan çox ölkəsinə etdiyi uğurlu səfərlərlə daha da zəngindir. Hindistanda yaşadığı illərdə yerli xalq və dövlət rəsmiləri onun heyranedici səsinə və hind dilindəki qüsursuz tələffüzünə görə ona "Mirandi" (Sənət İlahəsi) adını veriblər.

 

Səfərləri zamanı o, təkcə baş nazir Cəvahirləl Nehru ilə deyil, həm də onun qızı İndira Qandi, əfsanəvi kino ulduzları Rac Kapur və Nərgizlə yaxın dostluq münasibətləri qurub. Elmira Rəhimova hind musiqi mədəniyyətini dərindən mənimsədiyinə görə 1982-ci ildə Hindistanda keçirilən nüfuzlu beynəlxalq festivalın laureatı adını qazanıb.

Azərbaycan musiqisini və hind nəğmələrini sintez edən sənətkar təkcə SSRİ məkanında deyil, dünyanın 60-dan çox ölkəsində geniş konsert proqramları ilə çıxış edib. O, getdiyi hər bir xarici ölkədə Azərbaycanın milli muğam, təsnif və bəstəkar mahnılarını yüksək səviyyədə nümayiş etdirərək ölkəmizin mədəniyyət elçisinə çevrilib.

Onun repertuarında hind kinofilmlərindən və klassik xalq musiqisindən seçilən melodiyalar xüsusi yer tutub. Hind mahnıları ilə yanaşı, onun ifasında səslənən "İntizar", "Sən Yadıma Düşəndə", "Yenə Sənsiz Bu Axşam" və "Səadət" kimi Azərbaycan bəstəkar mahnıları musiqi tariximizin qızıl fonduna daxil olub.

Xalq artisti Elmira Rəhimovanın Hindistan səfərləri zamanı yaşadığı maraqlı hadisələr və ona edilən evlilik təklifi musiqi tariximizin ən rəngarəng səhifələrindəndir.  Elmira Rəhimova gözəlliyi və heyranedici səsi ilə Hindistanda böyük rəğbət qazanıb. Onun ifasına heyran olan zəngin bir hindli milyonçu sənətkara evlilik təklif edib.

Həmin şəxs sənətkarın arxasınca Bakıya qədər gəlib, lakin Elmira xanım vətəninə, ailəsinə və sənətinə sadiq qalaraq bu təklifi nəzakətlə rədd edib. Hətta həmin zəngin pərəstişkarın Elmira xanımın qızıldan heykəlini ucaltmaq istədiyi də onun xatirələrində yer alıb. Hindistan səfərində Elmira xanıma fil hədiyyə etmək istəyiblər.

Lakin Bakıda fil saxlamağın qeyri-mümkün olduğunu düşünən sənətkar bu hədiyyəni qəbul edə bilməyib. İndira Qandi Elmira Rəhimovanı çox sevir, onunla hər görüşündə şəxsən maraqlanıb və ona xüsusi hind sariləri hədiyyə edib. Əfsanəvi aktyor Rac Kapur gənc azərbaycanlı qızın hind mahnılarını yerli müğənnilərdən daha emosional və təmiz tələffüzlə oxumasına heyranlığını gizlətməyib.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Nargilə Yusifqızının şeirləri təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Nargilə YUSİFQIZI

              

​QADIN

 

​Bir əli beşikdə, bir əli haqda,

Dünyanı eşq ilə yoğuran insan.

Zərif bir çiçəkdir qarlı budaqda,

Fırtına qopanda dağtək dayanan.

 

​Gözünün yaşıyla sönər yanğınlar,

Baxışı bir ömrün bəxti, çırağı.

Onun ürəyinə dənizlər sığar,

Nəfəsi – baharın yaşıl növrağı.

 

​Dizinin üstündə kainat yatır,

Səbri – keçilməyən polad bir hasar.

O, bəşər ruhuna mənəviyyatdır,

Hər zərif addımı bir tarix yazar.

 

​Nə sükutu aciz, nə sözü hədər,

Nələrə qatlanar, nələri aşar…

Dünya ondan keçir ta sona qədər,

Dünya bir Qadının qəlbində yaşar!

             

 

EY ŞƏHİD

 

​Göy üzü buludlu, ürəklər qubar,

Sən elə ucaldın, çatmaz sənə qar.

Torpağa düşəndə canın, ey şəhid,

Vətən torpağından boy atdı bahar.

 

​Nə ana fəryadı, nə göz yaşıdır,

Bu, bir qəhrəmanın qanlı yasıdır.

Məzarın daş deyil, uca bir zirvə,

Başdaşın millətin şərəf daşıdır.

 

​Sən ölmədin, dostum, bizə can verdin, 

Yatmış vicdanlara həyəcan verdin.

 Al qanın qarışdı bayraq rənginə,

Sən öz adın ilə bizə şan verdin. 

 

​Ruhun şad olsun ki, azaddır vətən,

Gül açır can qurban verdiyin çəmən.

Tarixlər yazacaq sənin adını,

Ey Vətən eşqiylə kəfən geyinən!

 

 

SƏNİN SEVGİN

 

​Sənin sevgin –

Heç bir xəritədə olmayan bir şəhər kimidir,

Küçələrinə hələ ayaq izi düşməmiş

Pəncərələrində ay işığı mürgüləyən...

Mən o şəhərin ilk sakiniydim

Ruhumun künc-bucağında gizlətdiyim

Cırılmış ümidləri sənin gülüşünlə yamadım.

​Baxışların...

Bir payız axşamı dənizə düşən son şüatək,

Həm isidir, həm də dərindəki soyuğu oyadır.

Sən danışanda sözlərin havada asılı qalmır,

Gəlib qəlbimdəki boşluqlara çiçək toxumu kimi səpilir.

İndi içimdə bütöv bir bağça boy atır –

Hər yarpağı sənin adını pıçıldayır.

​Biz iki fərqli zamanın kəsişən nöqtəsiyik,

Sən gələcəksən, mən isə bir az keçmiş...

Amma əllərimi tutanda zamanın nəbzi dayanır,

Sanki dünya bir anlıq nəfəsini içəri çəkir,

Və kainat, sadəcə, ikimizdən ibarət olur.

​Sevgi –

Bəzən dəniz qədər səs-küylü,

Bəzən isə bir damla şeh qədər sükutludur.

Mən səni o sükutda sevdim,

Sözlərin bitdiyi,

Ruhun başladığı yerdə...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

Cümə axşamı, 13 Avqust 2026 10:04

“Maraqlı söhbətlər”də 3 nəfər və gilyotin

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Üç nəfəri gilyotinlə (başkəsən aparat) edama məhkum edirlər. Bunlardan biri keşiş,biri hakim,digəri isə fizik olur. Edamı İlk olaraq keşişdən başlayırlar. Başını gilyotinin altına yerləşdirdikdən sonra soruşurlar:

-Son sözün nədir?

Keşiş:

-Mən Allaha inanıram. O məni xilas edəcəkdir. Allah... Allah... Allah...

Gilyotini endirirlər. Amma boynuna bir neçə santimetr qalmış dayanır. Yerdən bu möcüzən seyr eyləyənlər çaşıb qalır və hamısı bir ağızdan qışqırışır:

-Onu azad edin. Allahı çağırdığına görə Allah da onu xilas etmişdir.

Beləliklə keşiş edam olunmaqdan xilas olur.

Növbə hakimə çatır.

-Demək istədiyin son söz nədir?, -deyə ondan soruşurlar.

-Mən keşiş kimi Allaha inanmıram,amma ədalətə inanıram. Ədalət... Ədalət... Ədalət...

Gilyotini endirirlər. Amma həmin şey yenə təkrarlanır:gilyotin hakimin boynuna bir neçə santimetr qalmış dayanır...

Bunu görərəkçaşıb qalmış insanlar deyirlər:

-Onu azad edin. Ədaləti istədiyinə görə ədalət də onu xilas etmişdir.

Beləliklə,hakimi də azad edlrlər.

Növbə fizikə çatır. Ondan da “Son sözün nədir?” deyə soruşurlar.

Fizik deyir:

-Mən nə Allaha inanan keşişəm,nə də ədalətə güvənən hakim. Bildiyim tək bir şey budur: gilyotinin ipində bir düyün var,o da gilyotinin tam enməsinə mane olur.

Yoxlayıb görürlər kidoğurdan da gilyotinin ipində düyün olduğu üçün onun tam enməsinə mane olur.

Düyünü açırlar və edamı təkrar həyata keçirirlər. Və beləcə də fizikin başını bədənindən ayırırlar.

Gerçəyi söyləməyi cəsarəti olanlar, bədəli ödəməyi gözə almalıdır...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yay gələndə hamımız bir az dəniz havası almaq, sərinləmək, ailəmizlə və dostlarımızla vaxt keçirmək üçün çimərliklərə üz tuturuq. Amma bəzi çimərliklərdə bir neçə saatlıq istirahətdən sonra ortaya çıxan mənzərə heç də xoş deyil. İnsanlar gəlir, oturur, yeməyini yeyir, içkisini içir, dənizə girir, şəkil çəkdirir və gedəndə arxasında nə qoyub getdiyinə çox vaxt heç baxmır. Qumun üstündə boş butulkalar, plastik qablar, paketlər, salfetlər, yemək qalıqları qalır...

 

Bir az kənara baxırsan, başqa yerdə də eyni vəziyyətdir. Sanki insanlar çimərliyə istirahət etməyə yox, öz zibillərini qoyub getməyə gəlirlər. Hətta çox vaxt zibil qutusu da elə uzaqda olmur. Amma insan oturduğu yerdən qalxıb bir neçə addım ataraq tullantısını ora atmağa ərinir. Boş butulkanı qumun üstünə qoymaq, paketi yanına atmaq daha asan gəlir. Sonra da heç nə olmamış kimi durub gedir. Bəs həmin yerdə bir az sonra başqa bir insan oturmayacaq? Uşaqlar o qumun üstündə oynamayacaq? Niyə sizdən sonra gələn insan sizin tullantılarınızın arasında oturmalı, ayağının altında plastik butulka hiss etməlidir?

Bəzən belə bir fikir eşidirik: “Onsuz da təmizlik işçiləri yığacaq”. Yığacaq, bəs niyə yığmalıdır? İnsan özündən sonra qoyduğu zibili özü götürə bilməz? Təmizlik işçisinin də işi, zəhməti var. Bir insanın bir neçə saniyəyə yerə atdığı zibilə görə başqa biri saatlarla işləməli olur. Əgər hər kəs öz tullantısını özü toplasa, çimərliyi təmiz saxlamaq da bu qədər problem olmaz.

Bir də “bir dənə butulkadan nə olacaq?” deyənlər var. Əslində bütün problem də elə bu düşüncədən başlayır. Bir nəfər bir butulka atır, başqası bir paket, digəri yemək qabını qoyub gedir. Onlarla, yüzlərlə insan eyni şeyi edəndə həmin “bir dənələr” birləşib böyük bir zibilliyə çevrilir. Sonra da insanlar çimərliyin niyə çirkli olduğundan narazılıq edirlər. Məsələnin başqa tərəfi də var. Çimərlikdə uşaqlar oynayır. Ayaqyalın qumun üstündə qaçırlar, əlləri ilə quma toxunurlar. Qumun arasında şüşə qırığı, iti əşya və ya başqa tullantının olub-olmadığını uşaq haradan bilsin? Böyüklər isə bir tərəfdən uşaqlarını qorumağa çalışır, digər tərəfdən həmin çirkliliyin yaranmasına özləri səbəb olurlar. Bu, bir az düşünməli olduğumuz məsələdir.

Əslində çox şey tələb olunmur. Çimərliyə gedəndə yanımıza bir zibil torbası götürmək, istifadə etdiyimiz qabları və butulkaları ora yığmaq kifayətdir. Gedəndə də həmin tullantıları zibil qutusuna atmaq olar. Cəmi bir neçə dəqiqə vaxt aparır. Amma bunun əvəzində həm özümüzə, həm də bizdən sonra həmin yerə gələcək insanlara hörmət etmiş oluruq. Təəssüf ki, “mən atım, onsuz da kimsə yığacaq” düşüncəsi hələ də var. Halbuki hər kəs bir dəfə özündən sonra qoyduğu zibilə baxıb düşünməlidir: “Bunu mənim uşağım, ailəm, dostum gəlib burada görsəydi, xoşuma gələrdimi? Dəniz hamımızındır, sahil hamımızındır. Heç olmasa, hamının istifadə etdiyi bir yerə hamımız bir az hörmət edək...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanın xalq artisti Elçin Əzizovun əlavə təqdimata ehtiyacı yoxdur. Ən azı ona görə ki, dünyanın opera Məkkələrindən sayılan Moskva Böyük Tetarında misilsiz çıxışlarla rüzgarlar əsdirir.

 

Elçin Əzizov 1975-ci ilin 13 avqustunda Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK (KVN) yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olub və onlara qoşulub. Həmin il "Bakılı oğlanlar" KVN çempionu olub və 1993-cü ildə finala yüksəlib. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub. 2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazanıb.

2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və o, konsert proqramı ilə çıxış ediB. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib.

2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).

2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

 

Filmoqrafiya

- Bir dəfə Qafqazda

- Qafqaz

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

 

 

80 -dən səhifə 3115

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.