Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqı əməkdaşlıq imkanlarını müzakirə ediblər Featured

17 Mart, 2026-cı il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib və Fondun prezidenti, professor xanım Aktotı Raimkulova ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Türk dünyasının dahi memarı Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası istiqamətində birgə tədbirlərin davam etdirilməsi müzakirə olunub.

 

Bu xüsusda,  sözügedən əlamətdar tarixin qeyd olunması çərçivəsində hələ 2025-ci ilin 15 dekabr tarixində Fond və Azərbaycan Memarlar İttifaqı tərəfindən “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın (Azərbaycan, rus, ingilis dillərində) çap olunması, onun  təqdimatının Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında baş tutması, o cümlədən görkəmli memarın zəngin yaradıcılıq irsini əks etdirən sərginin təşkil olunması böyük uğur kimi qiymətləndirilib. 

Sözügedən kitabın yaxın zamanda Azərbaycanda geniş ictimaiyyətə təqdim olunması barədə razılığa gəlinib.

Görüş zamanı zəngin Türk mədəni irsinin təbliğ edilməsi, qardaş Türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində birgə əməkdaşlıq imkanları, o cümlədən bu prosesdə mədəni diplomatiyanın xüsusi rolu ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.