Super User

Super User

Çərşənbə axşamı, 11 Avqust 2026 12:05

“Biri ikisində” Mətanət Ulu Şirvanlının hekayəsi ilə

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Mətanət Ulu Şirvanlının hekayəsi təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Mətanət Ulu ŞİRVANLI

 

NƏNƏMİN QƏBRİ

                                                         

Həzin meh dövrə vuraraq qəbirstanlıq qapısından ötərək kiçik dəstənin üzünə çiləndi. Ölümün ağırlığını gözlərində daşıyan adamlar qəbirlərin arasından ötüb, təzə salınmış qəbrin yanında dayandılar. Qəbristanlığın səssiz sakinləri gələn qonaqları sükunətlə qarşıladı. Mərhum qadının Tanrı dərgahına yola salmasından, torpağa tapşırılmasından sonra  ilk dəfə idi ki, doğmaları onun ziyarətinə gəlmişdilər.

Əllərində yasəmən dəstələri tutan ziyarətçilər çiçəkləri qəbrin üstünə qoydular. Məzarın baş hissəsində dayanan cavan qadın əlindəki yasəmən dəstəsini bərk-bərk sinəsinə sıxdı. Görünürdü ki, çiçəkləri bibisinin qəbri üstünə qoymaq fikri yoxdur. Sol əlində isə şüşə cürdəkdə su tutmuşdu.

Sakit ağlaşmadan sonra qəbri ziyarət edənlər köhnə ölənlərini yad etmək üçün astaca təzə qəbrin yanından uzaqlaşdılar. Əlində yasəmən dəstəsi tutmuş cavan qadın üzünü köhnə qəbirlərə tərəf çevirib asta-asta sıx gəndalaş kollarının  arasıyla addımladı.

          Kənd qəbristanlığında iri gövdəli cır meyvə ağacları köhnə qəbirlərin üzərinə çətir kimi kölgə salırdı. Qadın hündür otları özündən kənarlaşdırır, təzə çığır açır, mən də onun açdığı cığırla addımlayırdım. Qadın keçmiş xatirələrini çözələyib, nənəli günlərini xatırladı:

– Məni Fatma nənəm böyüdüb, – deyə sözə başladı. İkimiz yaşayırdıq bu kənddə. Anam-atam yanımızda yox idi. Çox gözəl günlər idi. Can, ay nənə! – deyib köks ötürdü. Bir neçə dəqiqədən sonra təzə açılan cığırda arxamızca gələn Fatma nənənin digər nəvələri göründülər.

Bir neçə addımdan sonra qarşımıza qocaman alma ağacı çıxdı. Alma ağacının budaqları əyilib kölgəsində olan bir məzarı qucaqlamışdı. Başdaşını əvəz edən mamırlaşmış, çopur, kiçik daş illərin xatirələrini yaşadırdı özündə. Qadın böyük alma ağacının altındakı köhnə qəbrin qarşısında dayandı.

– Can nənə! – deyən Rəhimə, başdaşını öpdü. Duruxdu. Başdaşından otları kənarlaşdırıb baxdı. Sonra ətrafda olan qəbirlərə nəzər yetirdi.

– Nə oldu? – soruşdum.

– Deyəsən, bu nənənin qəbri deyil.

– Başdaşındakı adına bax.

– Baxdım, yazılar silinib. Ətradakı qəbirlərin başdaşlarına baxaraq Fatma nənənin qəbrini axtarmağa başladıq. Cığırdakı nəvələr bizə çatıb soruşdular.

– Nə axtarırsız?

– Nənənizin qəbrini axtarırıq.

Rəhimə qarşısındakı qəbrə baxıb soruşdu: – Görəsən, bu deyil ki?

Nəvələr Rəhiməyə baxıb: – Sən qəbrin yerini bilmirsən ki? – soruşdular. Rəhimənin yerinə mən dilləndim.

– Deyir, çoxdan gəlmirəm, yadımdan çıxıb. Deyəsən, siz də bilmirsiz. Nəvələrdən səs çıxmadı. Rəhimə pərt olaraq dilləndi:

– Alma ağacının altında olmalı idi.

– Rəhimə, burada da alma ağacı var. Bəlkə, bu qəbirdi? Sağdakı alma ağacının altındakı köhnə məzarı göstərdim. Rəhimə qəbrə yaxınlaşıb başdaşına baxdı. Bunun da daşında yazı silinib.

– Yazılar niyə silinir axı?

– Otuz ildən çox ötüb ölümündən. Yağış, qar silib yazını – dedi.

Bir-neçə qəbrin arasında sağa-sola qaçmağa başladıq.

– Bu deyil, yox, bu da deyil, bu da! Məncə, bu olmalıdır, – deyib əyri alma ağacın altındakı qəbrə baxdı. Yox, bu da deyil. Rəhimə yazıq-yazıq əlindəki çiçəklərə baxdı. – Bu gülləri neynim bəs mən? Məni gülmək tutdu.

Rəhimənin bibisi qızı olan Mənzər: – Ay Rəhimə, nənəmizin qəbri bu səmtdə deyil? – deyərək əlini qəbristanlığın başqa səmtinə uzatdı. Sən niyə buradan axtarırsan axı?! Nəvələr höcətləşməyə başladılar.

– Burada olmalıdır, bu qəbrlərin biridir, məncə. 

– Burada deyil!

– Bu tərəfdə olmalıdır, – deyirəm.

– Yox, yox bura deyil!

Elə bu anda ağacın başında qarğa qarıldadı. Gülə-gülə əlimi quşa sarı uzatdım. Quş bizə gülür, bəlkə də – deyib – güldüm.

Gülməyimi görən Rəhimə yazıq görkəm aldı:

– Bu da bayaqdan gülür. İndi gedib hər yerdə danışacaq, ya da yazacaq. Yazıb verəcək qəzetə-zada. Bizi biabır edəcək.

– Ola bilər, bəlkə, də yazdım.

Qohum deyil e. Başa bəladı! Yenə əlindəki çiçəklərə baxdı.

– İndi çiçəklərlə, suyu neyniyim, geri qaytarım?!

– Yox, niyə geri qaytarırsan ki?! Hansı qəbirləri nənənin qəbrinə oxşadırsansa, çiçəklərdən böl, yarı-yarı qoy məzarların üstünə. Suyu da çilə üstlərinə, – deyib yenidən gülməyə başladım. 

Rəhimə əlacsız qalıb əlindəki çiçəkləri bölərək bir neçə qəbrin üstünə qoydu.

Nəvələrin xısın gülüşləri altında təzə salınmış cığırla geri döndük. Çığırı yarı etməmişdik ki, nənənin böyük nəvəsi Mərcan cığırda göründü. Fatma nənənin digər nəvələri ümidlə Mərcana baxdılar.

– Hardan gəlirsiz? – Mərcan soruşdu.

– Fatma nənənin qəbrini axtarırıq.

– Orada niyə?

– Burada olmalı idi, – dedi Rəhimə. Amma tapmadıq, yoxdur.

– Necə yəni tapmadıq. Qəbir qəbirstanlıqdan ayaq alıb getməyib ki?! – deyə kinayə ilə dilləndi.

– Gülməyimi boğub, astaca soruşdum:

– Sən də tanımırsan nənənin qəbrini? Mərcan yerli dialeklə cavab verdi:

– Vıy..y...az, ne..e..şə tanımerəm. Gör gəlib harya çıxmuz. Gəlin dalımca, gəlin! – deyib dayandığı istiqamətdən sol tərəfə buruldu. Sən Allah, bunlara bax bir, nənənin qəbrini axtarırlar. Vaxsey! Az, ayıb döyül bəyəm! Gəlin, gəlin... deyinə-deyinə ot basmış köhnə bir qəbrin yanında dayandı. Əlini torpağı tamamən çökmüş qəbrə uzatdı:

– Budey, Fatma nənəmin qəbri! Sən Allah, utanmersüz e, qəbir axtarursuz? Nənənin qəbrini görən nəvələr sevincək qəbrə tərəf addmladılar.

Ürəyimdə danışdım: “tapıldı...tapıldı...Vaqifin kartiçkası tapıldı...” Sevinclə qəbrə sarı irəlilədim. Necə sevinməyim axı… Fatma nənə mənim də qohumumdur axı. Rəhiməyə baxaraq soruşdum:

– Rəhimə, neynəyək, bəlkə, qayıdıb gülləri o qəbrlərin üstündən götürək, gətib nənənin qəbri üstə qoyaq?

Rəhimə kinayə ilə:

– Yox, ay qız, sonra da deyib gülərsən ki, gülləri geri qaytardı.

Beş-altı nəvəsi Fatma nənənin qəbrinin başdaşını öpərək qəbri dövrəyə aldılar.  Rəhimə isə qəbrin yanında çömbəlib torpağın üstünə oturdu.

– Can, ay nənə! – deyib hündür səslə ağlamağa başladı. Ardınca da bayatılayıb nənənin  keçmiş gözəl günlərini dilə gətirdi. Rəhimənin gözlərindən gildir-gildir yaşlar qəbrin üstünə tökülürdü.

– Başına dönüm ay nənə, qadoy alım ay nənə. O qədər zəhmət çəkmisən ki, məni böyüdənə qədər. Can, ay nənə!

Ağlaşmanın bu məqamında nəvələrdən biri hündür gəndalaş kollarını başdaşından kənara çəkdi. Əyilib nənənin ad-soyadını oxudu. Nənənin adını oxuyan nəvənin üzü qəribə şəkil aldı. Başını qaldırıb çaşqınlıqla ətrafdakılara baxdı.

– Noldu? – başımı silkələyərək astaca soruşdum.

– Başdaşında başqa ad yazılıb.

– Nə yazılıb?

Nəvə əyilib yenidən nənəsinin başdaşındakı ad-soyadı oxudu.

– Filənkəsov Afət Filənkəs qızı!

– Ə, düz oxu. – başdaşına sarı əyilib deyindim. Eynəyim də yanımda yoxdur ki, oxuyum.

– Budey, vallah, bura belə yazılıb. Nəvə əlini başdaşına qoyub hərflədi: A...F...Ə... bu da T. AFƏT!  Özümü saxlaya bilmədim. Bir dəli gülməklə kükrədim:

– Az, Rəhimə, qalx ayağa! Bu Afətdi e, Fatma nənən deyil! 

Rəhimə gözündəki donmuş yaşlarla altdan-yuxarı mat-mat baxdı. Sonra soruşdu:

– Afət kimdi?

– Qəşş edərək: – Mən nə bilim kimdi, bu qəbrin sakini! – dedi.

          Fatma nənənin nəvələri pərt olmuşdu. Məndən başqa gülən yox idi. Bizi nənənin qəbrinə aparan Mərcan isə mənə tərs-tərs baxdı. Onun tənəli baxışını görüb gülməyimi uddum.

– Neyniyək? Yenidən axtaraq nənənin qəbrini, – soruşdum.

Nəvələr cavab vermədilər. Susaraq asta addımlarla qəbristanlığın çıxışına sarı addımladılar. Ağacın üstündəki qarıldayan qarğaya baxaraq  gülə-gülə özümü Fatma nənənin geri dönən nəvələrinə çatdırdım.                                                         

                                                               

                                                          ***

 

Dəstədən ayrılıb tələsik addımlarla yas evinə sarı getdim. Darvaza qapısından içəri gülərək girdim. Qarşıma ilk Fatma nənənin nəvəsi Seyidağa çıxdı.

Qəbristanlıqdan yas evinə gülə-gülə qayıtmağım Seyidağanı təəccübləndirdi. Onun qəribə baxışlar altında sual verdim.

– Necəsən, Seyidağa. Nə var, nə yox?

– Sağ ol, xalaqızı. Xeyir ola, kefin yuxarıdı, deyəsən?

– Üzürlü bil, ananın yasında gülürəm. Amma xeyirlə-şər yoldaşdı, – deyib kefimi qaldıran mövzuya keçdim.

– Ay Seyidağa, sən atanın goru düzünü de, Fatma nənənin qəbrinin yerini bilirsən?

– Bilirəm, niyə bilmirəm ki?!

– Getsən, tapa bilərsən qəbri?

– Niyə tapmıram ki?! Qəbrini özüm qazmışam, özüm də qəbrə qoymuşam. Niyə soruşursan ki?

– Nə bacıların, nə də dayının qızları nənənin qəbrini tapmadılar.

– Necə yəni tapmadılar?! Mərcan da tapmadı?

Yenidən gülmək tutdu məni.

– Yox, vallah!, – dedim.

– Niyə?

Üzümü arxada gələn kiçik dəstəyə tututaraq:

– Budey, gəldilər. Özlərindən soruş – deyib ucadan güldüm.

– Kül təpələrinə! – deyən Seyidağa üzünü bacılarına çevirib acıqla. – Utanmırsız da!

Nəvələr astaca sivişib Seyidağanın yanından evə keçdilər.

                                                  

                                                                   ***

  

Artıq şəhərə dönmək zamanı idi. Maşın kəndin əsrarəngiz təbiətini arxada qoyub şose yoluna çıxdı. Rəhimə maşının arxa otracağında sakitcə oturub yollara baxırdı. Maşının orta aynasından diqqətimi ona yönəldib güldüm.

– Rəhimə, necəsən, nə fikirləşirsən? Rəhimə mənə qoşularaq güldü.

– Ay qız, sən Allah, bu hadisəni heç harda danışıb eləmə, – dedi.

Mən isə özümü saxlaya bilməyib hadisəni bir neçə qohuma danışmışdım.

Bu hadisədən bir neçə ay sonra Fatma nənənin qəbrinin üstünü təmtəraqla götürdülər. Allah sənə rəhmət eləsin, nənə!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

 

Çərşənbə axşamı, 11 Avqust 2026 11:33

Dünya ədəbiyyatından – Albaniyalı Mujo Buçpapaj

Təranə Turan Rəhimli,

“Ədəbiyyat və incəsənət”

 

Dünya ədəbiyyatından portalımızın oxucuları üçün alban poeziyasından tərcümə etdim.

Mujo Buçpapaj — şair, tədqiqatçı, ədəbiyyatşünas-tənqidçi, esseist, tərcüməçi, filologiya elmləri doktoru, 2009-cu ildə təsis edilmiş ədəbi-mədəni “Nacional” qəzetinin, “Nacional” Nəşriyyatının və Milli Araşdırmalar İnstitutunun (Instituti i Studimeve Nacionale) təsisçisi, baş redaktor və mədəniyyət meneceri, mədəniyyət siyasəti üzrə mütəxəssis və siyasi publisistdir.

 

Şair Mujo Buçpapaj 9 yanvar 1962-ci ildə Albaniyanın Tropoya şəhərində anadan olmuşdur. 1986-cı ildə Tirana Universitetinin Alban dili və ədəbiyyatı ixtisasını bitirmişdir.

1991–1992-ci illərdə Tirana şəhərindəki “Yeni Albaniya” Kinostudiyasında (indiki “Albafilmi”) bədii film ssenarisi üzrə iki il təhsil almışdır. Bu təhsil postmagistratura səviyyəsində ixtisaslaşma kimi qiymətləndirilir. Bununla yanaşı, Albaniyada və xaricdə, o cümlədən ABŞ-da mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çoxsaylı ixtisasartırma və peşəkar hazırlıq proqramlarında iştirak etmişdir.

Mujo Buçpapaj kommunist senzurası dövründə alban poeziyasının yaşaması və davamlılığı mövzusunda yazdığı dissertasiya əsasında filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Dissertasiyasını Albaniya Respublikası Elmlər Akademiyasının Dilçilik və Ədəbiyyat İnstitutunda müdafiə etmişdir.

Hazırda Tirana şəhərində yerləşən “Luarasi” Universitetində pedaqoji fəaliyyət göstərir və Akademik yazı fənnini tədris edir.

O, 1990-cı ildə Albaniyada siyasi plüralizmin və azad mətbuatın əsasını qoyan şəxslərdən biri olmuş, uzun illər Tirananın ən nüfuzlu qəzetlərində jurnalist kimi fəaliyyət göstərmişdir. Hazırda “Nacional” qəzetinin, “Nacional” Nəşriyyatının və Milli Araşdırmalar və Layihələr İnstitutunun rəhbəridir.

1991–2005-ci illərdə, kommunist diktaturasının 50 illik hakimiyyətindən sonra ölkədə fəaliyyət göstərən ilk müxalifət qəzeti olan “Rilindja Demokratike”nin həmtəsisçisi və jurnalisti olmuş, 1992-ci ildə isə “Tribuna Demokratike” qəzetini təsis etmişdir.

2005–2012-ci illərdə Tiranada Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru, 2012–2014-cü illərdə isə Albaniya Müəllif Hüquqları İdarəsinin direktoru vəzifəsində çalışmışdır.

2014-cü ildən etibarən əsas fəaliyyətini “Nacional” Nəşriyyatının rəhbərliyinə həsr etmişdir.

Buçpapaj müasir alban poeziyasının ən görkəmli nümayəndələrindən biri hesab olunur. O, həm Albaniyada, həm də beynəlxalq miqyasda böyük uğurlar qazanmış, əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş və Yunanıstandan ABŞ-a qədər müxtəlif ölkələrdə nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür. O, eyni zamanda, Albaniyanın ən tanınmış mədəniyyət menecerlərindən biri və mədəniyyət siyasətinin hazırlanması sahəsində mütəxəssisdir.

Onun “Görünməz qələbə” (Fitorja e padukshme) adlı şeir kitabı bir sıra xarici dillərə tərcümə edilmiş və beynəlxalq səviyyədə böyük uğur qazanmışdır.

Mujo Buçpapaj Tiranada incəsənət, ədəbiyyat və müəllif hüquqlarının qorunması məsələlərinə həsr olunmuş çoxsaylı beynəlxalq konfransların təşkilatçısı və rəhbəri olmuşdur.

O, ədəbiyyatla bağlı çoxsaylı elmi-tədqiqat və poetik kitabların, eləcə də yüzlərlə publisistik məqalə, ədəbi tənqid, esse və elmi araşdırmanın müəllifidir. Onun yaradıcılığında regional problemlər, milli təhlükəsizlik, bazar iqtisadiyyatı şəraitində incəsənətin idarə olunması, mədəniyyət siyasəti və milli mədəniyyət strategiyası kimi mühüm məsələlər də geniş yer tutur.

Dr. Mujo Buçpapaj evlidir və iki qızı var.

 

 

MUJO BUÇPAPAJ

NƏNƏ-BABALARIMIN XATİRƏSİNƏ

 

Təkcə qəbiristanlıq günəşsiz qaldı,

torpağın incə telləri kimi uzanan tarlada,

yaddaşın göz yaşları tək,

nənə-babalarımın kölgələri

xatirənin kimsəsiz çölündə dolaşırdı.

Onlar həyata bircə ot yarpağı qədər yaxın idilər,

bu səhər

yenidən tarlaya qayıdırdılar —

ayaq basdıqları təpələrin xatirəsi kimi,

həyatın özünə həsrət qalan

həyatın çöhrəsi kimi.

Meşədə tək buraxılmış mal-qara

nə səhərlər,

nə də axşamlar geri qayıtmışdı;

mələşmələri dar çölün üzərində

sanki havadan asılı qalmışdı —

dünyaya gəlin köçmək üçün

kənddən ayrılan qızların

yaddaşı və sevgini təzələyən

ağlaşmaları kimi.

Tarlanın üzərində

günün şəfəqi otların üstünə doğurdu,

Yarpaqlara düşən işıq həyat düzənliyinədək yayılırdı.

hətta yaddaşın bağlı pəncərələrinə belə

çatırdı.

Kənddə

nənə-babalarımın xatirəsi yol boyunca uzanırdı,

o taydakı dağa qədər —

qışın gəldiyi, yayın gəldiyi,

dünyada fəsillərin dəyişdiyi

o dağa qədər.

Yolda geridə qalmış bir həyat kimi,

qurumuş bir çay yatağı tək

yağış üçün edilən dualar fəslini

gözləyirdi.

Təkcə qəbiristanlıq günəşsiz qaldı,

dünyanın hər yerində.

     (Tirana, 2026)

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

 

Çərşənbə axşamı, 11 Avqust 2026 11:01

Biz niyə yorğunuq? - ESSE

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Gənclik ən gözəl çağdır, — deyirlər. Bəs niyə bu yaşda biz bu qədər yorğunuq? Həyat bizim üçün hələ indi başlayarkən, niyə ruhumuz bu qədər ağırlaşıb?

Sanki hər şeyə, hər yerə tələsirik — bir yarışın içindəymişik kimi. Amma hara qaçdığımızı bilmirik. Hər şeyə çatmağa çalışırıq, eyni zamanda hər şeydən yoruluruq.

 

Bu vaxtda bu qədər yorğun hiss ediriksə, bu sadəcə bir yorğunluq deyil — bir çağın sindromudur: Tükənmiş gənclik sindromu. Gözləntilər çoxdur. Hər kəs bizdən nəyəsə çevrilməyimizi gözləyir. Hər şeyin tez olmasını istəyirik. Sanki otuz yaşa qədər hər şeyi qurub yaratmalısan: yaxşı iş, karyera, ailə, təhsil, tanınmaq…Elə bil otuz yaşdan sonra həyat dayanır. Sanki geciksən, artıq heç nə əldə edə bilməyəcəksən, hər şey bitəcək. Bu təzyiq içimizi yeyir, bizi qorxudur. Bütün bu “tez”lər içində özümüzü itiririk. Kimsə bizə “Dur, yavaşla” demir. Həyatın sadəcə otuz yaşdan ibarət olmadığını, bir yaşamın bir təqvimə sığışdırmaq məcburiyyətində olmadığını xatırlatmır. Və biz yaşamağa yox, çatmağa çalışırıq. Dayanmaq bizi qorxudur. Sanki dayanmaq — bitmək deməkdir. Amma unuduruq ki, bəzən dayanmaq da irəliləməyin bir formasıdır. Bəlkə də etməli olduğumuz tək şey — özümüzə dönüb: “Bu da mənim halımdır, keçəcək” — deməkdir.

Əgər bu, bir çağın sindromudursa — biz onu anlamaqla, danışmaqla və bir-birimizin səsini eşitməklə sağalda bilərik. Gənclik tükənmək üçün deyil, yaşamaq üçündür. Bəlkə də elə indi bir az yavaşlasaq, həyat bizi öz axarında daşıyar.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

 

 

Çərşənbə axşamı, 11 Avqust 2026 10:28

Azərbaycan Televiziyasının hazırkı siması

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Zaman-zamanAzərbaycanTeleviziyasınınmüxtəlifsimaları olubdur– Rafiq Hüseynov, Roza Cəlilova, Ofeliya Sənani... İndisə bu qəbildən insan adı çəkmək istədikdə, ilk olaraq Rafiq Həşimovun adı yada düşür.

Bu gün onun 60 illik yubileyidir.

 

Rafiq Həşimov 1966-cı ildə anadan olub. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirib. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət edib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlayıb. Sonradan videooperator, montajçı işləyib. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1990-cı ildən uzun müddət diktor kimi fəaliyyət göstərib. Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olub, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib.

Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunub. Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilib.

2011-ci ildə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunan "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkib.

Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunan filmlər və verilişlər hazırlayıb.

2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 21 iyul 2025-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

 

Filmoqrafiya

- Valın üçüncü üzü — s\f — ssenarist, Vəli Səyyadi ilə həmmüəllif

- Qum dənəsi — s\f — ssenarist, Elçin Musaoğlu ilə həmmüəllif

- Səyyahın gündəliyi — s\f — ssenarist

- Magister dixit — s\f — ssenarist

- Günəş və bulud — s\f — ssenarist

- Gözümün işığı — s\f — ssenarist

- Heydər Əliyev. İki əsrin fenomeni — s\f — ssenarist və rejissor

- Я тобой называю звезды  — s\f — ssenarist və rejissor

- Qamış şəhərinin yuxuları — s\f — ssenarist, Səlim Babullaoğlu ilə həmmüəllif

 

Hekayələr

- Yuva (1999)

- Bir saat (2010)

- Allahdan qorxurdu (2005)

- Körpü (1999)

- Qaraböcək (1999)

 

Esselər

- Kitab (1995)

- Söz (1999)

- Tarix (2004)

- Uşaqlar (1995)

- Zəhraya (2011)

 

Tərcümələr

- Herman Hesse. Dünya tarixi (rus dilindən tərcümə).

- Herman Hesse. Sığınacaq (rus dilindən tərcümə).

- Xorxe Luis Borxes. Kitab (rus dilindən tərcümə).

- Çeslav Miloş. Yol kənarındakı itciyəz (rus dilindən tərcümə).

 

Müəllif proqramları

- XX əsr

 

Rafiq bəyi səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

Çərşənbə axşamı, 11 Avqust 2026 10:06

“Maraqlı söhbətlər”də Darvin və meymunlar

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu dəfə Darvindən danışacağıq.

 

1860-ci il iyulun 30-da Darvin nəzəriyyəsi, xüsusilə insanın meymundan əmələ gəlməsi haqqında təlim üzrə Oksford universitetində Britaniya elmlər assosiasiyasının qurultayı təşkil edilir. Qurultayda Amerika alimi Dreper və yepiskop Vilbefors Darvin təliminə qarşı çıxış edirlər.

Zalda çoxlu tələbə də var idi.

Yepiskop və Dreper kinayə ilə Darvin təlimini lağa qoyurdular. İclsda Darvin iştirak etmirdi, xəbər verirlər ki, o xəstədir. Əvəzində isə Darvin təliminin müdafiəçisi Heksli iştirak edirdi. Darvin əleyhdarları bundan istifadə edərək söyləyirlər ki,”əlbəttə, ancaq xəstə adam belə boş şey yaza bilər.”

Axırda səhnəyə çıxan Heksli məyus halda söyləyir:

-Mənim meymundan əmələ gəlməyim eyib deyil, ancaq belə qanmaz adamlardan əmələ gəlməyim eyibdir.

Və əlavə edir:

-Bəlkə də sizin bu mövqeyinizi görüb də indi meymun Darvinə deyir: “Kəs səsini, bu vəhşilər əsla bizdən törəyə bilməz...”

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

Çərşənbə axşamı, 11 Avqust 2026 09:34

Muradxanlılar şəcərəsinin layiqli davamçısı...

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Müsahibələrinin birində deyir ki:- “Xalam Mailə Muradxanlı ölkənin tanınmış jurnalistlərindən biri idi. O, təkcə xalam yox, həm də idealım olub. Bəzən soruşurlar, niyə xalanla eyni soyadı daşıyırsan? Həyat elə gətirdi ki, məni də onun anası Zabitə xanım yetişdirdi, pasport alanda ana babamın soyadını götürdüm. Muradxanlılar 150 ilə yaxındır Azərbaycanın ictimai-siyasi həyatındadırlar. Babamın əmisi İbrahim bəy Muradxanov çar Rusiyası dönəmində Dumanın 4 azərbaycanlı deputatından biri olub. Cümhuriyyət dönəmi, sovet işğalı, 30-cu illərin repressiyası bizim ailədən yan keçməyib. Göz açandan evimizdə polemikalar görmüşəm, siyasi quruluşların ailəmizə qazandırdığı uğurlar və məhrumiyyətlər haqqında xatirələri eşidərək böyümüşəm. Mənim jurnalistikanı seçməyim bu təbii prosesin sonucu da sayıla bilər...”

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Muradxanlılar soyadının davamçısı Aygün xanım Muradxanlıdır. O, 1973-cü ilin avqust ayının 9-da Bakıda dünyaya gəlib. BDU-nun jurnalistika fakültəsini bitirib. 1991-ci ildən mediada çalışır. “Azadııq”, “Yeni Müsavat”, “Yeni Sabah” qəzetlərində, Turan İA-da , Azadlıq Radiosunda reportyor, parlament müxbiri, köşə yazarı, siyasi şərhçi, baş redaktor müavini işləyib. 2020-ci il sentyabrın 15-də Prime TV Azerbaycan internet televiziyasını yaradıb. Bu gün ictimai-siyasi xarakterli bu kanalın 140 mindən çox abunəçisi var...

O, fədakarlıq, zəhmət və əzmlə əldə edilən zənginliyin simvoludur. Çox çalışmadan, öz öhdəliklərini yerinə yetirməkdən zövq alır. Məqsədinə çatmaq üçün son dərəcə inadkardır, yolunda qarşılaşdığı maneələrdən çəkinmir. Anadangəlmə liderdir, ötkəm və tələbkardır. İçindəki daş-qaşı görmək üçün bir az diqqətli olmaq yetərlidir. Sağlam mənada, planlı və proqramlaşdırılmış şəkildə hərəkət edir. Lazımsız yerə danışmır, son dərəcə ağıllı və praktikdir. Mübahisələrdən və lazımsız dialoqlardan uzaq durmağa üstünlük verir. Fərdi düşünür, çünki təkbaşına nəyəsə nail olmağa daha çox meyllidir. Olduqca təmkinli və səbirlidir. Həm də nizam-intizamı xoşlayır. Bir sözlə, sevdiyi işdə daha məhsuldar olan bu insan işlərini başa çatdırmaq üçün gecə-gündüz çalışır və bu vəziyyətdən böyük həzz alır...

“Beş yaşımda yazıb-oxuyurdum. “Kommunist”, “Bakı” qəzetlərini köçürmək sevimli məşğuliyyətim idi. Anam dil-ədəbiyyat müəllimidir. Hər dəfə o, evdə şagird dəftərlərinin üstünü yazanda, istəyirdim mənə də versin. Anam deyirdi, nə zaman xəttin gözəl olar, səhvsiz yazmağı öyrənərsən, onda verərəm. Çıxış yolunu hər gün poçtalyonun evimizə gətirdiyi qəzetləri köçürməkdə tapmışdım. İndi də hadisələr, məkanlar yadımda daha çox qoxu ilə asossasiya olunur. Görünür, mən həm də o təzə qəzet qoxusunun təsirindən çıxa bilmədim. İndiyə qədər ailə üzvlərimiz bir yerə yığışanda uşaqlığımda mənə siyasi liderlər haqqında verdikləri sulları, mənim cavablarımı yada salıb gülürlər. Qəzetləri o qədər köçürmüşdüm ki, bütün siyasi liderlərin vəzifələrini əzbərləmişdim. Beş yaşlı uşağın Leonid İliç Brejnevin Sov.İKP Mərkəzi Komitəsinin baş katibi, Siyasi Büronun üzvü olmasını deməsi böyükləri əyləndirirdi. Beləcə, qəzet köçürməkdən “qəzet yazmağa” doğru gedirdim. Orta məktəbin son siniflərində oxuyanda artıq Sovetlər Birliyi dağılmaq ərəfəsindəydi. Ermənistanın Azərbaycana təcavüzü başlamışdı, milli düşüncə yenidən dirçəlirdi, müstəqillik ideyası sürətlə yayılırdı və media bu prosesin aparıcı gücü idi. Biz məktəbi 20 Yanvar faciəsindən bir neçə ay sonra bitirdik. O zamankı informasiya blokadası xəbərin, xəbərçiliyin önəmini artırmışdı. Bu dalğada mən də qəzetçiliyi seçdim.”- söyləyir.

Çox aktiv xanımdır, ilk baxışdan zəkasını fərq etdirəcək qədər ağıllıdır. Onun hər zaman hansısa məqsədi var və bu məqsədə doğru əmin addımlarla irəliləyir. Emosiyalarını asanlıqla qızışdırmaq və ya onun düşünmədən, tələsik nəsə söyləməsini gözləmək ağılsızlıqdır. Onun bütün dedikləri məntiqə və həqiqətə söykənir. Övladlarının və eləcə də ailə bağlarının qayğısına qalmaqda son dərəcə fədakardır. olan insanlardır. Çox ağıllı olduğu üçün, onun irəli sürdüyü təkliflər və söylədiyi tövsiyyələr asanlıqla qəbul edilir. Bu da ona ətrafındakıların etibarını və hörmətini artırır...

Deyir ki:- “Mediada karyerasını quran hər bir yazar millətin sözçüsüdür. Uzun illər həm siyasəti, həm də sosial təbəqələri daha yaxından izləməyə borcludur. Qəzetçiliklə ciddi məşğul olanlar isə, ölkədə və dünyada gedən proseslərə daha yaxından bələd olmalıdır. Bu gün heç bir məsuliyyət hissi dərk etmədən ziyanlı “xəbər” yayanların və onları sosial şəbəkələr üzərindən paylaşanların kimliyini araşdırsanız, onların çox aşağı biliyə sahib, elementar etikadan xəbərsiz, dar düşüncəli insanların olduğunu görəcəksiniz. Ancaq bu o demək deyil ki, bu sahəyə məsul insanlar prosesi nəzarətsiz qoymalıdırlar. Azərbaycan efirində ədəbsizlik yayan, bayağı söhbətlərə, mahnılara meydan verən verilişlər, kimlərisə işfa edilən tok-şoular qalırsa bu nəzarət daha da güclənməlidir. Kompleks yanaşma olmasa, bu sürəc çox uzun çəkə bilər...”

Praktik zəkası və bacarığı ilə seçilir. Etibarlı sirdaş və ən yaxşı dostdur. Güclü iradəsi və yaxşı müşahidə qabiliyyəti var. Daha çox susmağa, dinləməyə, fikir qazanmağa üstünlük verir. Keçmişinə və ailə adət-ənənələrinə çox bağlıdır. Onun bir vaxtlar dostluq etdiyi birini tərk etməsi mümkün deyil. Xeyli mülayim, həssas və qətiyyətli qadındır. Təşkilatçılıq qabiliyyəti yüksək səviyyədədir. O, heç vaxt kökləndiyi hədəfdən əl çəkmir və sonunda ona çatır. Onun psixi quruluşu güclü yaddaşa malikdir və kifayət qədər bacarıqlıdır. Konkretliyə üstünlük versə də, mücərrəd anlayışlardan uzaq qala bilmir. Onun xəyalları və fantaziyaları həyatının əsas hissəsini təşkil etmir. Real həyata, həqiqətə üstünlük verir. Həyatı öz axarında yaşamağı xoşlayır, rəqabətçi xasiyyəti yoxdur. Sədaqəti, dürüstlüyü və mədəni davranışı yüksək qiymətləndirir. Sərt görünüşə malik olsa da, duyğularında şəfqət, nəciblik var...

Bir sözlə, haqqında söhbət açdığım Aygün xanım Muradxanlı hər cür hörmət və ehtirama layiq xanımdır. Onu sevmək, xidmətlərini dəyərləndirmək lazımdır. Avqustun 9-da növbəti ad günü idi. Aygün xanımı bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, xoşbəxt və firavan həyat arzulayıram.

Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hər xalqın tarixində unudulmaz səhifələr, qəlbə dağ çəkən günlər olub. Azərbaycanın müasir tarixində bu cür acı dolu, eyni zamanda qürurverici günlərdən biri də 20 Yanvar faciəsidir. Həmin gecə təkcə torpaqlar deyil, könüllər də qan ağlayıb. Amma bu gecənin ən simvolik və ürəkləri titrədən hekayələrindən biri — İlham və Fərizənin eşq və vəfa dastanı olub.

 

Bu gün 20 Yanvar şəhidi İlham Allahverdiyevin xanımı Fərizə Nəbiyevanın doğum günüdür. O, 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi olub.

İlham Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndəriblər. O, Ağdamda həm zavodda işləyib, həm də nənəsinin qayğısına qalıb.

1980–82-ci illərdə Latviyada hərbi xidmət keçib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyib. İşləyə-işləyə həm də Texnikum bitirib.

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlib. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxuyan Fərizənin adını çəkib. 1989-cu ilin martın 19-da nişanı olub. Sonra isə toyları.

 

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəliblər.  Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxıb. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşüblər. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşıblar.

 İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxıb. Sovet ordusunun əsgərləri İlhamı güllələyiblər.

 İlhamla Fuad Babayevi bir yerdə telefon köşkünün yanında vurublar. Güllə ona sinəsindən dəyib. O, xəstəxanaya 00:10-da qəbul edilib. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım olub. Həkimlər onun öz qanını yenidən özünə vurublar. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönüb. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilməyiblər. Əməliyyat vaxtı onun qaraciyəri parçalanıb.  Qarın boşluğu qanla dolu olub. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya veriblər. Amma 5–6 saatdan sonra o, keçinib. 

20 yanvar 1990-cı ildə vəfat edib.

Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxıblar. O, daha sonra xatırlayır:

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…"

Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapırlar.

İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olub, güllələr atılanda İlhamı vurduqlarını deyib.  Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyib. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını alıblar. Fərizə toy şəkillərini stolun üstünə töküb, onlara baxıb, yarımçıq məktub yazıb.

"Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…"

Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içərək, intihar edib.  İntihar zamanı o hamilə olub. Onun bətnində 2 aylıq körpəsi olub. Fərizə həkimə çatmamış, təcili yardım maşınında vəfat edib.

 

"Sevgi ilə başlanan ömür"

İlham Allahverdiyev — gənc, saf qəlbli bir vətən sevdalısı, milli ruhla döyünən bir qəlbin sahibi olub. Hər dəfə "Azərbaycan" deyiləndə gözləri parlayar, ürəyi fəxrlə döyünər.

Fərizə Allahverdiyeva isə onun həyatının günəşi olub. Onların sevgisi sanki bir filmdən çıxıb— saf, təmiz, səmimi. Qısa zamanda bir-birinə bağlanan bu iki gənc 1990-cı ilin qışında ailə həyatı qurub. Həyat yeni başlayır, arzular kövrək bir yaz səhəri kimi gözəl.

 

"Qanlı Yanvar və İlhamın şəhadəti"

1990-cı il, yanvarın 20-si — Azərbaycanın qan yaddaşına çevrilən o gecə. Sovet qoşunlarının Bakıya daxil olması ilə şəhər odlara qərq olub. Silahsız insanlara atəş açılıb, qocalı-cavanlı insanlar tankların altına düşüb. Qaranlığın içində bir millətin qüruru qanla yazılıb.

İlham da həmin gecə vətənin fəryadını eşidənlərdən olub. O, özünü küçələrə atıb— bir əsgər kimi deyil, bir vətəndaş, bir oğul kimi. Amma bu cəhd onun son nəfəsi olub. Güllə onun gənc sinəsini parçalayıb. İlham Allahverdiyev həmin gecə şəhid olub — öz torpağının azadlığı üçün canını qurban verən minlərlə igiddən biri kimi...

Fərizə İlhamın ölüm xəbərini eşidəndə sanki dünya onun üçün dayanıb. Gözlərinin nuru, həyatının mənası, o yeni qurduğu ailə bir anda əlindən alınıb. Göz yaşları gözlərinə sığmayıb, qəlbinin fəryadı səssizcə içini yandırıb.

 

"Bir məzarda iki ömür"

Onlar Şəhidlər Xiyabanında yan-yana dəfn ediliblər. Bir tabutda, bir məzarda — bir ömürü paylaşdıqları kimi bir ölümü də paylaşıblar. Qırılmış bir eşqin deyil, əbədiləşmiş bir dastanın qəhrəmanlarına çevriliblər. Onların məzarı bu gün minlərlə insanın ziyarət yeridir. Hər çiçək, hər dua bir sevginin, bir xalqın vəfa andıdır.

 

"Əbədi sevda, əbədi yaddaş"

İlham və Fərizənin hekayəsi təkcə bir eşq hekayəsi deyil — bu, bir xalqın yaddaşına yazılmış əbədi izdir. Azərbaycan xalqı bu cütlüyü unutmayıb. Çünki onların adı sadəcə bir sevda dastanı yox, 20 Yanvarın simvolu, şəhidliyin, vəfanın və milli ruhun canlı təcəssümüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

Çərşənbə axşamı, 11 Avqust 2026 08:49

Doğum gününüz mübarək, ölümsüzlər!

Vətən səmalarında bir ulduz: Şəhid Gizir Cəmil Həşimli

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Cəmil Əflatun oğlu Həşimli – 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət və qəhrəmanlıqla Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Azərbaycan Ordusunun giziridir. Cəmil, Vətən torpaqlarının müqəddəsliyini hər şeydən uca tutaraq gənc yaşında şəhadət şərbətini içmiş ölümsüz qəhrəmanlarımızdan biridir.

 

Erkən illəri və hərbi xidmət dövrü

Cəmil Həşimli 11 avqust 1995-ci ildə Kürdəmir rayonunda sadə və vətənpərvər bir ailədə dünyaya göz açmışdır. Üç qardaşın ikincisi olan Cəmil, hələ kiçik yaşlarından mərdliyi, ailəsinə bağlılığı və dürüst xarakteri ilə seçilirdi.

Təhsili: 2002–2013-cü illərdə Kürdəmir şəhərindəki Famil Həşimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb.

İlk xidmət yeri:  Orta təhsilini bitirdikdən sonra, 2013-cü ilin oktyabr ayında həqi hərbi xidmətə çağırılmış və Astara rayonunda Dövlət Sərhəd Xidmətinin sıralarında sərhədçi kimi xidmət etmişdir.

Hərbçi peşəsinə qayıdışı: Əsgərliyini başa vurduqdan sonra bir müddət mülki sahədə (avtomobil ustası kimi) çalışsa da, daxilindəki Vətən sevgisi onu yenidən orduya bağladı. Bakıda müvafiq kursları müvəffəqiyyətlə keçərək gizir rütbəsi aldı və təxminən 3 il müddətində hərbi hissədə gizir kimi şərəflə xidmət etdi.

 

Vətən müharibəsi və şərəfli döyüş yolu

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsinin ilk günlərindən etibarən gizir Cəmil Həşimli ön cəbhədə döyüşlərə qatıldı. O, düşmənin illərlə qurduğu keçilməz istehkamların yarılmasında və torpaqlarımızın azad edilməsində böyük şücaət göstərdi.

 

İştirak etdiyi döyüş istiqamətləri:  Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən ən ağır döyüş əməliyyatlarında fəal iştirak edib, şəxsi heyətlə çiyin-çiyinə vuruşmuşdur.

Döyüş meydanındakı ruhu:  Səngərdə dostları ilə zarafatlaşan, yüksək döyüş ruhu ilə seçilən Cəmil, hər an Vətən üçün canını fəda etməyə hazır olduğunu büruzə verirdi.

 

Əbədiyyətə qovuşması

Cəmil Həşimlinin son döyüşü Füzuli rayonunun azadlığı uğrunda oldu. 5 oktyabr 2020-ci ildə Füzulinin Əbdürrəhmanlı kəndi istiqamətində gedən şiddətli çarpışmalar zamanı qəhrəman gizirimiz anası ilə telefonla danışdıqdan cəmi 3 saat sonra düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı.

Oktyabrın 6-da onun nəşi doğulduğu Kürdəmir rayonuna gətirilərək Kürdəmir Şəhidlər Xiyabanında böyük izdiham və hərbi ehtiramla torpağa tapşırıldı.

 

Şəhid anasının dözümü və fədakarlığı

Cəmilin ailəsi əsl vətənpərvərlik nümunəsidir. Belə ki, ailənin 3 oğlu da İkinci Qarabağ müharibəsində çiyin-çiyinə düşmənə qarşı vuruşub. Böyük və kiçik qardaşlar müharibədən veteran olaraq qayıtsalar da, ortancıl qardaş Cəmil şəhid oldu.

Onun anası Simuzər xanım, oğlunun şəhadətindən sonra sarsılmadı və Cəmilin xatirəsini uca tutmaq üçün böyük əzmkarlıq göstərdi. Orta məktəbi bitirməsindən uzun illər keçməsinə baxmayaraq, Lənkəran Dövlət Universitetinə qəbul olaraq tələbə adını qazandı və magistr təhsilini Qarabağ Universitetində almağı hədəfləyərək şəhid analarının məğrurluğunu bütün Azərbaycana sübut etdi.

 

Yüksək Dövlət Təltifləri

Göstərdiyi misilsiz igidlik və hərbi vəzifəsini şərəflə yerinə yetirdiyinə görə gizir Cəmil Həşimli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı yüksək dövlət mükafatlarına layiq görülmüşdür:

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətən uğrunda" medalı

"Cəsur döyüşçü" medalı

"Füzulinin azad olunmasına görə" medalı

"Cəbrayılın azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

"Şuşanın azad olunmasına görə" medalı

 

Xatirəsinin əbədiləşdirilməsi

Cəmil Həşimlinin əziz xatirəsi həm Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirlərdə, həm də doğulduğu rayonda hər zaman yüksək səviyyədə anılır. Onun təhsil aldığı Kürdəmir şəhər 3 saylı tam orta məktəbinin həyətində şəhidin adını daşıyan müasir Abidə-bulaq kompleksi inşa edilmişdir. Bu bulaq bura gələn hər bir gənc üçün vətənpərvərlik andı, Cəmilin ölməz ruhuna olan hörmətin rəmzidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)

 

Çərşənbə axşamı, 11 Avqust 2026 08:17

Düzəltdiyi heykəllər Ərdəbili, Təbrizi, Tehranı bəzəyir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Məşhurmüzəzzinlərnəslindənolduğunagörə həmdə gözəlsəsə malikdir. 14 il İrandafarsmuğamlarını öyrənib…

Söhbət kimdən gedir? Azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi Vədud Müəzzindən.

 

Vədud Müəzzin1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olub. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanıb. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib. Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb.

1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilib. Los-Anceles şəhərində, Fransada, Kanadada, Tehranda,Dubayda, Bakıda, Təbrizdə, Ərdəbildə fərdi sərgiləri keçirilib. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir.

Heykəltəraşlığa olan həvəsinə görə Bakıya gəlib 10 ay burda qalıb, müxtəlif heykəltaraşlarla görüşüb. Xüsusən də heykəltaraş Azad Əsgərovdan sənətin sirlərini öyrənib. Bundan sonra Ərdəbilə qayıdaraq, orada böyük bir emalatxana götürüb işləməyə başlayıb. Ölkənin bir sıra dövlət muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini düzəldib. Düzəltdiyi heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.

Məşhur müzəzzinlər nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. 14 il İranda fars muğamlarını öyrənib. Sonradan Bakıda Ağaxan Abdullayevlə tanış olaraq ondan Azərbaycan muğamlarını öyrənib. Habil Əliyev ilk dəfə İrana gələndə onun İran musiqiçiləri üçün ayrıca konserti keçirilib. İlk dəfə onda “Rast” muğamını başdan-ayağa oxuyaraq muğam oxumağa başlayır. Dostları ilə birgə “Səhənd” ansamblı yaradaraq, Azərbaycan musiqilərindən ibarət konsertlər veriblər.

10 il həmin ansamblda çıxış edib. Daha sonra 5 il müddətində Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrədib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olub. Son illər Aşıq Çingiz Mehdipurun yaratdığı Dalğa qrupu ilə birgə çıxışlar edir. 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür

 

Rəsm əsərləri

- Köhnə Bakı

- Meyvə bazarı

- Ərdəbil bazarı

- Ənzəli bazarı

- Balıqçılar

- Bağ küçəsi

- O olmasın, bu olsun

- Xocalı

- Xalxal dərəsi

- Natürmort

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2026)`

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Fikir boxçası”nda bu dəfə mənəm və mən oxucularım üçün fransız maarifçisi və siyasi filosofu Monteskyönün (Şarl Lui de Monteskyö) (1689–1755) ən məşhur fikirlərindən bir neçəsini tərcümə etdim:

1.    “Azadlıq qanunların icazə verdiyi hər şeyi etmək hüququdur.”

2.    “Hakimiyyətin sui-istifadə etməməsi üçün işlərin elə qurulması lazımdır ki, hakimiyyət hakimiyyəti cilovlasın.”

3.    “Hər bir insan hakimiyyətə sahib olduqda ondan sui-istifadə etməyə meyllidir.”

4.    “Əgər üç hakimiyyət bir şəxsdə və ya eyni qurumda birləşsə, azadlıq mövcud ola bilməz.”

5.    “Qanunlar şeylərin təbiətindən yaranan zəruri münasibətlərdir.”

6.    “Bir xalqın azadlığı onun özbaşınalığı deyil; qanunların icazə verdiyi şeyi etmək imkanından ibarətdir.”

7.    “Dövlətlərdə azadlıq yalnız hakimiyyətin sui-istifadə edə bilməyəcəyi halda mümkündür.”

8.    “Yaxşı qanunlar yaxşı hökumətin əsasını təşkil edir.”

9.    “Tarix bizə göstərir ki, insanlar və xalqlar öz azadlıqlarını itirdikdə bunun səbəbi çox vaxt hakimiyyətin həddini aşması olur.”

10.Ən kəsərli və bu gün də ən çox işlədilən Monteskyö fikri isə budur:

“Hakimiyyətin sui-istifadə etməməsi üçün işlər elə qurulmalıdır ki, hakimiyyət hakimiyyəti cilovlasın.”

Bu fikir onun hakimiyyətlərin bölünməsi prinsipinin mahiyyətidir: qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bir-birini məhdudlaşdırmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2026)

 

85 -dən səhifə 3115

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.