Super User
Düzəltdiyi heykəllər Ərdəbili, Təbrizi, Tehranı bəzəyir
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Məşhurmüzəzzinlərnəslindənolduğunagörə həmdə gözəlsəsə malikdir. 14 il İrandafarsmuğamlarını öyrənib…
Söhbət kimdən gedir? Azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi Vədud Müəzzindən.
Vədud Müəzzin1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olub. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanıb. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib. Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb.
1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilib. Los-Anceles şəhərində, Fransada, Kanadada, Tehranda,Dubayda, Bakıda, Təbrizdə, Ərdəbildə fərdi sərgiləri keçirilib. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb. Həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir.
Heykəltəraşlığa olan həvəsinə görə Bakıya gəlib 10 ay burda qalıb, müxtəlif heykəltaraşlarla görüşüb. Xüsusən də heykəltaraş Azad Əsgərovdan sənətin sirlərini öyrənib. Bundan sonra Ərdəbilə qayıdaraq, orada böyük bir emalatxana götürüb işləməyə başlayıb. Ölkənin bir sıra dövlət muzeyləri üçün dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəllərini düzəldib. Düzəltdiyi heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.
Məşhur müzəzzinlər nəslindən olduğuna görə həm də gözəl səsə malikdir. 14 il İranda fars muğamlarını öyrənib. Sonradan Bakıda Ağaxan Abdullayevlə tanış olaraq ondan Azərbaycan muğamlarını öyrənib. Habil Əliyev ilk dəfə İrana gələndə onun İran musiqiçiləri üçün ayrıca konserti keçirilib. İlk dəfə onda “Rast” muğamını başdan-ayağa oxuyaraq muğam oxumağa başlayır. Dostları ilə birgə “Səhənd” ansamblı yaradaraq, Azərbaycan musiqilərindən ibarət konsertlər veriblər.
10 il həmin ansamblda çıxış edib. Daha sonra 5 il müddətində Ərdəbil və Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrədib. 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konserti olub. Son illər Aşıq Çingiz Mehdipurun yaratdığı Dalğa qrupu ilə birgə çıxışlar edir. 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür
Rəsm əsərləri
- Köhnə Bakı
- Meyvə bazarı
- Ərdəbil bazarı
- Ənzəli bazarı
- Balıqçılar
- Bağ küçəsi
- O olmasın, bu olsun
- Xocalı
- Xalxal dərəsi
- Natürmort
“Ədəbiyyat və incəsənət”
(11.08.2026)`
“Fikir boxçası” Monteskyönün qızıldan qiymətli kəlamları ilə
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Fikir boxçası”nda bu dəfə mənəm və mən oxucularım üçün fransız maarifçisi və siyasi filosofu Monteskyönün (Şarl Lui de Monteskyö) (1689–1755) ən məşhur fikirlərindən bir neçəsini tərcümə etdim:
1. “Azadlıq qanunların icazə verdiyi hər şeyi etmək hüququdur.”
2. “Hakimiyyətin sui-istifadə etməməsi üçün işlərin elə qurulması lazımdır ki, hakimiyyət hakimiyyəti cilovlasın.”
3. “Hər bir insan hakimiyyətə sahib olduqda ondan sui-istifadə etməyə meyllidir.”
4. “Əgər üç hakimiyyət bir şəxsdə və ya eyni qurumda birləşsə, azadlıq mövcud ola bilməz.”
5. “Qanunlar şeylərin təbiətindən yaranan zəruri münasibətlərdir.”
6. “Bir xalqın azadlığı onun özbaşınalığı deyil; qanunların icazə verdiyi şeyi etmək imkanından ibarətdir.”
7. “Dövlətlərdə azadlıq yalnız hakimiyyətin sui-istifadə edə bilməyəcəyi halda mümkündür.”
8. “Yaxşı qanunlar yaxşı hökumətin əsasını təşkil edir.”
9. “Tarix bizə göstərir ki, insanlar və xalqlar öz azadlıqlarını itirdikdə bunun səbəbi çox vaxt hakimiyyətin həddini aşması olur.”
10.Ən kəsərli və bu gün də ən çox işlədilən Monteskyö fikri isə budur:
“Hakimiyyətin sui-istifadə etməməsi üçün işlər elə qurulmalıdır ki, hakimiyyət hakimiyyəti cilovlasın.”
Bu fikir onun hakimiyyətlərin bölünməsi prinsipinin mahiyyətidir: qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bir-birini məhdudlaşdırmalıdır.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
TOP-10. Yayın bu günlərində dünyanın əsas mədəniyyət hadisələri
TOP-10. Yayın bu günlərində dünyanın əsas mədəniyyət hadisələri
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün — avqustun 10-u nəzərə alınmaqla, müharibələr, siyasi qalmaqallar, şiddətli istilər, leysan və digər təbii fəlakətlər fonundas dünyada mədəniyyət həyatı davam etməkdədir. BBC-news mənə bələdçilik edəcək və mən dünya mədəniyyət gündəminin ən mühüm hadisələri barədə sizləri məlumatlandıracağam. Bunlar, əsasən Edinburq, Lokarno, Salzburq və London ətrafında cəmlənir.
Beləliklə, hazırda ən diqqətçəkən 10 mədəniyyət hadisəsi bunlardır:
1. Edinburq Festival Fringe — Şotlandiya
7–31 avqust 2026
Hazırda dünyanın ən böyük və ən rəngarəng səhnə sənəti hadisələrindən biridir. Teatr, komediya, musiqi, rəqs, sirk, kabare və eksperimental tamaşalar daxil olmaqla 3 500-dən çox tamaşa nümayiş olunur. 2026 proqramında 71 ölkədən yaradıcılar iştirak edir.
Bu günlərdə Fringe xüsusilə aktualdır: beynəlxalq mətbuat festivalın yeni komediya və teatr istedadlarını geniş şəkildə işıqlandırır.
2. Lokarno Film Festivalı — İsveçrə
5–15 avqust 2026
Hazırda dünyanın ən mühüm arthouse kino festivallarından biri keçirilir. 79-cu Lokarno Film Festivalında 234 film, 103 dünya premyerası və 11 film bölməsi var.
Bu il festivalın fəxri qonaqlarından biri İzabella Rossellinidir; o, “Honorary Leopard” mükafatına layiq görülüb.
3. Salzburger Festspiele — Avstriya
17 iyul–30 avqust 2026
Opera, klassik musiqi və teatrın dünyanın ən nüfuzlu yay festivallarından biri olan Zalsburq Festivalı hazırda davam edir. Proqramda Mozartın “Così fan tutte” operası və çoxsaylı opera, konsert və teatr tamaşaları var.
2026 festivalı artıq iyulun 26-da rəsmi açılıb və açılış nitqini belaruslu hüquq müdafiəçisi və musiqiçi Mariya Kalesnikava edib.
4. Edinburq Beynəlxalq İncəsənət Festivalı
14–30 avqust 2026
Bu festival hələ yeni başlayacaq, amma avqustun əsas mədəni hadisələrindən biridir. Müasir incəsənət, instalyasiyalar, sərgilər və canlı performansları bir araya gətirir. 2026-cı ildə festivalın 22-ci buraxılışı keçirilir.
5. Edinburq Beynəlxalq Festivalı
7–30 avqust 2026
Fringe ilə paralel keçirilən bu festival daha çox seçilmiş yüksək səviyyəli opera, teatr, klassik musiqi və rəqs proqramı ilə tanınır.
Əslində, avqustun bu günlərini “Edinburq dünyanın mədəniyyət paytaxtına çevrilib” demək üçün ən münasib vaxtlardan biri hesab etmək olar.
6. Edinburq Beynəlxalq Kitab Festivalı
15–30 avqust 2026
Ayın ortalarından başlayacaq. Dünyanın müxtəlif ölkələrindən yazıçılar, şairlər və publisistlər iştirak edir; kitab təqdimatları, müəllif görüşləri və müzakirələr keçirilir.
7. Edinburq Beynəlxalq Film Festivalı
13–19 avqust 2026
Avqustun 13-də başlayacaq. Tammetrajlı və qısametrajlı filmlərlə yanaşı, rejissor və kino sənayesi nümayəndələrinin iştirakı ilə tədbirlər keçiriləcək.
8. BBC Proms — London
iyul–sentyabr 2026
Dünyanın ən məşhur klassik musiqi festivallarından biri olan BBC Proms hazırda davam edir. Royal Albert Hall-da keçirilən konsertlərdə dünyanın aparıcı orkestrləri, dirijorları və solistləri çıxış edir.
2026 proqramında Mahler, Strauss, Rossini, müasir bəstəkarlar və müxtəlif janrları birləşdirən layihələr xüsusi diqqət çəkir.
9. Glyndebourne Opera Festivalı — İngiltərə
21 may–30 avqust 2026
İngiltərənin ən məşhur opera festivallarından biridir. Hazırda Puççinin “Tosca”sı, Mozartın “Die Entführung aus dem Serail”i və Richard Straussun “Ariadne auf Naxos” əsərləri proqramdadır.
10. Venesiya Film Festivalına hazırlıq — İtaliya
2–12 sentyabr 2026
Venesiya Film Festivalının özü hələ başlamayıb, amma bu günlərdə onun gündəmi artıq dünya kino mediasının əsas mövzularındandır. Festivalın 83-cü buraxılışı sentyabrın 2–12-də keçiriləcək və proqram artıq elan olunub.
Mədəni insan anlayışına həm mədəni davranmaq, həm də səviyyəli mədəniyyət nümunələri ilə tanış olmaq daxildir. Bu səbəbdən, siz də çalışın, dünyanın və ölkəmizin əsas mədəniyyət hadisələrini qaçırmayasınız.
Şəkildə: Lokarno -Avropanın bu günlərdə mədəniyyət mərkəzi
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
Həm Kərbəla, həm Məşhəd, həm Həcc ziyarəti
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən əsrin 30-cu illərində Qərbi Azərbaycanda hakimi-mütləq olmuş ermənilər azərbaycanlılara qarşı xüsusi dözümsüzlük göstərirdi. Berlə şəraidə yaşayıb fəaliyyət göstərmək çox çətin idi. Amma mərd insanlar duruş gətirə bilirdilər. Onlardan biri də Zəki İslam idi.
Zəki İslam 10 avqust 1939-cu ildə Göyçə mahalının Krasnoselsk rayonunun Cil kəndində anadan olub. 1946–1954-cü illərdə Cil kənd natamam orta məktəbində oxumuş, 1957-ci ildə Basarkeçər rayonu Şişqaya kənd orta məktəbini bitirmişdir. 1960–1963-cü illərdə İrəvan kənd təsərrüfatı texnikumunun mühasiblik fakültəsində oxuyub.
1958–1969-cu illərdə kimi Cil kəndinin kolxozunda mühasib, iqtisadçı, baș mühasib, 1969–1970-ci illərdə isə Cil kənd orta məktəbində müəllim işləyib. 1973-cü ildə Kirovabad (Gəncə -red.) Dövlət Pedaqoji İnstitutunu, 1979-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
1970–1975-ci illərdə Çəmbərək rayonunun Şorca kənd kolxozunda baş mühasib, 1975–1977-ci illərdə Əmrxeyr kolxozunda kolxoz sədri, 1977–1980-ci illərdə Şorca sofxozunda sofxoz direktoru olmusdur. 1980–1988-ci illərdə Şorca kərpic zavodunda baş mühasib işləyib. 1988-ci ilin noyabr ayında qaçqın düşdükdən sonra Bakı șəhərində məskunlaşıb.
1989–1996-cı illərdə Abşeron rayonunun Mehdiabad sofxozunda iqtisatçı, Novxanı sofxozunda isə baş mühasib vəzifələrində işləyib. 1996–1999-cu illərdə İslam Turizm şirkətinin təsisçisi və müdiri olub. 1999–2004-cü illərdə Binəqədi rayonunun M. Ə. Rəsulzadə Bələdiyəsinin üzvü seçilib və sədr müavini işləyib. 1999–2017-ci illərdə Humay şadlıq sarayının sahibi olub.
Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınan nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı olub. 1993-cü ildə Kərbəla, 1994-cü ildə Məşhəd, 1995-ci ildə isə Həcc ziyarətində olub. 1 noyabr 2017-ci ildə Bakıda vəfat edib.
Əsərləri
- Göyçənin tonqalı sinəmdə yanır
- Əlim tanrı ətəyində
- Ziyarətgahlarım mənim
- Ziyarətgahlarım mənim
- Dünya Nura bələndi
- Qətli, Mərhəb Fəthi Xeybər Əlidi
- Məktublar, cavablar, yeni şeirlər
- Hər bir sözün əvvəlində
- Seçilmiş əsərləri
- Dini əsərlər
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
Çiynində özündən ağır yük gəzdirən qarışqa
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün tamam ayrı, tam başqayam mən,
Bir kəsək dalında, qum kölgəsində
Gizlənə bilən bir qarışqayam mən!
Qurdların, quşların dişi dibində,
Neçə böyüklərin cibi dibində
Gizlənib dən payım, hər qıxmıq payım.
Bu gün tamam ayrı, tam başqayam mən,
Çiynində özündən nə qədər ağır -
Böyük yük gəzdirən qarışqayam mən.
Nə olsun ağırdır dünyanın yükü?
Özləri özümdən heç seçilməyən,
Hər an harayıma yüyürüb gələn
Qarışqa dostlarım, qardaşlarım var,
Başqa sirdaşlarım, yoldaşlarım var!
Çəkib apardığım yükün siqləti
Sanmayın haçansa məni əzəcək, -
Dünya arpa dəni, qarabaşaq tək,
yerimi tutmağa həmişə hazır
Dostların çiynində yenə gəzəcək...
Bu, görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun “Qarışqa” şeiridir. Ötən gün onun 82 yaşında vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məlumat yaydı..
Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961—1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
Bədii yaradıcılığa 1967-ci "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.
Şair "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçininAzərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.
Şairin "Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında könülləri oxşayır.
Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.
Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
VAQİF YUSİFLİ, “Yeni ədəbi nəsil”
Bəzi yazılar var ki heç vaxt köhnəlmir, daim aktual olur. Belə yazılardan biri də
görkəmli tənqidçi Vaqif Yusiflinin ötən il qələmə aldığı “Yeni ədəbi nəsil” məqaləsidir. Məqalə ustad təhlili nöqteyi-nəzərindən gənc nəslə bir örnəkdir.
“Ədəbiyyat və incəsənət” portalı məqaləni təqdim edilir.
YENİ ƏDƏBİ NƏSİL
1.Ədəbi nəsillərə bir gəlişmə
Ədəbiyyatda nəsil anlayışı şərti və nisbidir. Belə ki, sözün yaşarılığını müəllif yaşı təyin eləmir. O söz çox istedadlı cavan bir müəllifin bədii təxəyyülündən də doğa bilər, yaşlı bir sənətkarın qələmindən də. İndi otuz səkkiz yaşlıları çox vaxt cavan şair adlandırırlar, halbuki, bu yaşda Əli Kərim öz ömrünü başa vurmuşdu. Yaxud 30-35, həttra 40 yaşlı elə “cavanlar” var ki, onların yazdığı şeirlər, hekayələr, müəllifləri kimi həyatdan əlini üzmüş qocalara bənzəyir. Lakin “ədəbi gənclik” anlayışına bir qədər başqa – “rəsmi” şəkildə də yanaşmaq olar. Bütün zamanlarda insan ömrünün ən təzə, ən təravətli, ən qaynar dövrü gənclikdir və bunu ədəbiyyata şamil edəndə “təzə səs”, “təzə nəfəs”, “təravətli söz” ifadələri yada düşür. XX əsr Azərbaycan ədəbiyyatı bir neçə “ədəbi gənclik” dövrü keçirmişdir və məlum oldu ki, bu dövrlərin hər biri ədəbiyyatda yeni bir nəslin özünüifadəsinin başlanğıcı olub. Və o da maraqlıdır ki, yeni ədəbi nəslin gəlişi qalmaqalsız və mübarizəsiz keçməmişdir. Xatırlayaq 60-cı illəri. Bu elə bir dövr idi ki, artıq ədəbiyyatda bir çox şablonlar, stereotiplər dağılmalıydı – həyatın, cəmiyyətin inkişaf tempi qarşısında köhnə bədii təfəkkürə duruş gətirmək mümkün deyildi. Formalar, qəliblər sınmalı, dağılmalıydı. 60-cı illərdə bu missiyanı ustad Rəsul Rzanın başçılığı ilə “altmışıncılar” ədəbi nəsli həyata keçirdi. “Altmışıncılar” Azərbaycan poeziyasında sənətin inkişafına sədd çəkən köhnə, yıpranmış ənənələrdən imtina etdilər, “qum dənəsində kainat” axtardılar, Azərbaycan poeziyası vasitəsilə dünyaya pəncərə açdılar. “Altmışıncılar” özlərindən sonra gələn ədəbi nəsillərin taleyində də müəyyən rol oynadı. “Yetmişincilər” hesab etdiyimiz ədəbi nəsil – Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bəhmənli keçilmiş yolu təkrar etmədilər. Ancaq mahiyyət etibarıilə bu nəsil də eyni ədəbi missiyanı yerinə yetirdi. Ədəbiyyata 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində gələn nəsil bu sanki hamar, heç bir maneə törətməyən yolla irəliləməyə başladı. Onlar da bir nəsil kimi formalaşdılar – Rüstəm Behrudi, Tofiq Qaraqaya, Ağacəfər Həsənli, Əjdər Ol, Adil Cəmil, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Akif Əhmədgil, Barat Vüsal, Ağamir Cavad, Məhəmməd Astanbəyli adları ilə təmsil olunan bu ədəbi nəsil (onların sırasında Adil Mirseyidin, Əhməd Oğuzun, Nisəbəyimin, Sabir Adilin ölümünə təəssüflənirik) müxtəlif fərdi üslubları ilə diqqəti cəlb etdilər.
Sonra gəlir “doxsanıncılar”. Hərəsi bir yol seçən “doxsanıncılar” nəsli də eyni həqiqətə ayrı-ayrı prizmalardan baxdılar. Məqsəd nə idi? Məqsəd o idi ki, bədii sözün potensialı artsın, ədəbiyyat – söz sənəti dünya, gerçəklik sözün dünyasına çevrilsin. Bu ədəbi nəsil içərisində kimlərisə fərqləndirmək olar. Başda Salam Sarvan, Qulu Ağsəs, Balayar Sadiq, Əlizadə Nuri, Məlahət Yusifqızı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Bilal Alarlı, Fərqanə Mehdiyeva, Əlirza Həsrət “doxsanıncılar” içində istedadlı şairlər kimi diqqəti cəlb etdilər və əlbəttə, Salamın sözə münasibətindəki təzəliklər indi də unudulmayıb: “Söz ilə oyun oynadım”.
Təbii ki, “doxsanıncılar” içində Avropa şeir modellərinin milli şeir ölçüləri ilə əvəzlənməsi hallarını biz heç də tənqid etmirik. Rasim Qaracanın, Azad Yaşarın, Həmid Herisçinin, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Xanəmirin, İbrahim İbrahimlinin modernist şeirə meyilləri bir təzə hava idi.
2.İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında.
“Ulduz” jurnalı yeni ədəbi nəslin yaradıcılığını əks etdirən seçmə nümunələri oxuculara təqdim edir (iyun – 2023, Proza, oktyabr – 2023, poeziya yanvar – 2024 – tənqid). Nəsr nümunələri yalnız hekayələrdən ibarətdir və onları gənc nasir Furqan seçib, şeirlərdən ibarət nümunələri Ramil Əhməd, tənqid yazılarını isə Elnarə Qaragözova hazırlayıb. Əlbəttə, onların hər birinin seçimində natamamlıq ola bilər, hansı gənc şair və nasir bu seşimlərdən kənarda qala bilər, yaxud Furqan, Ramil Əhməd, Elnarə xanım öz ədəbi zövqlərinə uyğun seçim ediblər. Lakin bütün bunlar o qədər də əhəmiyyətli deyil.
3.Poeziya
Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı: “Kim istəsə ki yazdığı şeirlərdə şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün”. Bu fikri müəyyən mənada ikimininci illərdə ədəbiyyata gələn gənc şairlər haqqında söyləmək olar. Hər bir gənc şairin ədəbiyyata gəlişi müxtəlif yollardan keçə bilər: kimisi ədəbiyyata hansı ustadınsa kitabından, o kitabdakı şeirlərin təsirindən, kimisi poeziya iqliminin zahiri, cəlbedici havasından (belələri nə qədər desən var), kimisi də daxili tələbatdan, ürəyinin səsiylə. Fikrimizcə, ikimininci illərin gənc şairləri ədəbiyyata, poeziya aləminə ürəyinin səsi ilə gəliblər, burada, təbii ki, istedad amili mühüm rol oynayır. Aqşin Evrən, Allahşükür Ağa, Fərid Hüseyn, Günel Şamil qızı, İntiqam Yaşar, Ramil Əhməd, Ruslan Dost Əli, Şəhriyar del Gerani, Ulucay Akif, Habil Rzanur – indi bu adlar müasir poeziyamızın gənclik bölmələrindən tez-tez səslənir. “Poeziya” sayına ön söz yazan gənc şair Ramil Əhməd yazır: “Əminliklə demək olar ki, “Ulduz” jurnalının bu nömrəsi ədəbi mühitin poetik dünyagörüşünü geniş bir şəkildə əks etdirməkdədir. Bu poetik nümunələr şeirimizdəki istiqamətlər, üslublar, işlənən ana mövzular haqqında fikir yaratması baxımından önəmlidir”. Ramil Əhməd öz yaşıdlarının şeirləri barədə çox yüksək fikirdədir. Təbii ki, burada təshih edilməli ifadələr var: “Ədəbi mühitin poetik dünyagörüşü” əvəzinə “şeirimizin gənc nəslinin poetik aləmi” ifadəsini işlətmək daha məqbul görünərdi.
XXI əsr təkcə dünyada, konkret olaraq bir məmləkətdə, ictimai həyatda, baş verən hadisələrdə deyil, ədəbiyyatda, xüsusilə poeziyada öz əksini tapır. Bu gənc şairlər elə bir dövrdə yaşayırlar ki, dünya onların gözləri qarşısında dəhşətli mənzərələrlə canlanır – müharibələr, insan ölümləri, aclıq, səfalət, mənəviyyatsızlıq dalğaları bir-birini əvəz edir. Dünyanın əzəli, əbədi rəngi, ahəngi dəyişir. Biz Azərbaycan adlı bir məmləkətdə yaşayırıq və yaxın keçmişdə bütün bu mənzərələr bizə tanışdır. Amma müstəqillik sevinci, məlum düşmən üzərində qələbələrimiz, heç şübhəsiz, poeziyaya, o sıradan gənc şairlərin düşüncə tərzinə də təsirsiz qalmayıb. Gənc şair Gülay Tahirlinin şeirlərində Vətənin keçmişi və müasir dövrü tarixi həqiqət kimi dərk olunur: insan və Vətən vəhdəti şeirin qayəsinə çevrilir:
Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!
Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam,
Ürəyim qoruyarmı, görən?
Darıxma, Vətən, darıxma.
O quşlar ki var:
Təbrizindən dən gətirib
Bakında əkən quşlar,
Onlara baxıb deyərəm,
ümid var.
Əlbəttə, gənc şairlərin yaradıcılığında Vətənə, torpağa, mənəvi dəyərlərimizə, yaxın və uzaq tarixi keçmişimizə, Qarabağ müharibəsinə həsr olunan, sadəcə dəb xatirinə deyil, milli duyğu kimi yazılan şeirlər heç də az deyil. İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kürün əksər şeirlərində onun cəbhə xatirələri, döyüşçü həyatı əks olunur. “Cəbhədən məktub” şeiri döyüşçü atanın qızına yazdığı təsirli sözlərlə diqqəti cəlb edir:
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir:
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
İki mininci illərin gənc şairlərini müxtəlif mövzular üzrə qruplaşdırmaq olar, amma bunun heç bir səmərəsi yoxdur, çünki şairin şairliyini mövzu deyil, onun şeirində özünü necə ifadə etməsi müəyyən edir. Özünüifadə hər hansı şairin fərdi poetik üslubuyla bağlıdır. Ədəbiyyatı müxtəlif adamlar yaradır, lakin onların hamısını müəyyən ideya birləşdirir, ancaq ayrılıqda hər birinin öz dünyası, fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası var. Poeziyada üslub ilk növbədə, şairin həyat hadisələrinə özünəməxsus və subyektiv münasibəti ilə bağlıdır. Əgər iki şair payızı eyni cür, eyni poetik vasitələrlə qələmə alırsa, burada fərdilikdən söhbət gedə bilməz.
Fərdi üslubu ilə seçilən bir neçə gənc şairin şeirləri barədə söz açaq. Ramil Əhməd bu gənc şairlər arasında xüsusilə seçilir, desək, səhv etmərik. On il öncə onun “Zaman tuneli” adlı ilk şeirlər kitabı çapdan çıxmışdı (o zaman 21 yaşı vardı). O kitabda Ramil metaforik düşüncə tərzini şeirlərində başlıca ifadə vasitəsinə çevirmişdi. Ancaq bizi daha çox maraqlandıran onun “Müharibə” silsiləsindən olan şeirləri idi. Ramil də bir çox yaşıdları kimi, müharibəni görməyib, o, dünyaya gələndə müharibə bitmişdi. Ancaq onun şeirlərində müharibədən sonrakı ovqat ön plana keçir, deməli, müharibə hələ bitməyib – şikəst qollar, qoparılmış ayaqlar, evin divarlarındakı şəhid ataların şəkili, sevgililərin göz yaşları... hələ varsa, müharibə bitməyib.
Ramil Əhməd müasir şeir mədəniyyətinə yiyələnmiş cavan şairdir. Təbii ki, XXI əsrin poeziyası (dünya və milli aspektdə) yeni poetik qanunauyğunluqlarla təsbit olunur. Baxın:
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular;
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi
Titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir
günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin
qadınsızlığı
Ruhumu saran dibsiz bir çan sıxıntısı
hamısı, hamısı, hamısı...
Raminin “Can sıxıntısı” adlı şeiri başdan-ayağa beləcə metaforalarla, sözlərin və ifadələrin assosiasiyalarla ifadəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müasir şeirdə məna və məzmunun bədii təsvir vasitələrindəki orijinal metaforalar, təşbehlərlə ifadəsi daha çox gənc şairlərin şeirlərində nəzərə çarpır. Bəzi misallara müraciət edək:
“Ayrılıq” ölüm deyil,
ölmək deyil,
“Ayrılıq”
heç vaxt şuxluğunu, itirməyən,
aranızda yaşayan diridir.
(Cahan Seyidzadə)
İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Hə də çiyinlər.
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir
deyir içimdəki qoca.
(Habil Rzanur)
Qollarını itirsə də, geri dönməyən əsgər,
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına.
İndi
Fərqi yox idi, amma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi
Qələbə nəğmələri bəstələyirdi.
(Malik Atilay)
Müharibə şəkilləri asılıb
Gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin “ana” hayqırtısı
bəzəyir qulaqlarımı –
sırğa əvəzi.
(Şahanə Müşfiq)
Misalların sayını yenə artırmaq olar. Bu yazıda Aqşin Evrənin “İnikas” şeirindəki insan-təbiət vəhdəti ilə bağlı orijinal deyimləri, Aygün Bayramlının “Qayağı” şeirindəki uçmaq metamarfozası, Arzu Hüseynin bitib-tükənməyən sevgi duyğuları, Allahşükür Ağanın “pəncərədən gözəl görünən payız”, Cavid Qasımovun “Görürsənmi, əzizim, Bizdən çox-çox uzaqda afrikalı uşaqlar günəş şəkli çəkirlər” misraları ilə başlayan gözəl bir şeiri, Eminqueyin hər bir şeirindəki az qala poetik aforizmlərə çevrilən deyim-duyumları, Nadir Yalçının özünəməxsus şeir dili, Günel Şamilqızının sadə və səlis dillə ifadə etdiyi həqiqətlər, Səddam Laçının “Yuxuyozma”, “Tremor rəssam”, “Unudulan qadın” şeirlərindəki poetik obrazlar, Sərdar Aminin “Göbələkli kötüyü”, Şəfa Vəlinin “Mən səninüçün darıxıram, İlahi” misrası ilə onun bütün şeirlərinin zəncirvari birliyi haqqında daha geniş söz açmaq olardı.
Biz İntiqam Yaşarın, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin və Şəhriyar del Geraninin şeirlərindən də qısaca söz açmaq istəyirik. Fikrimizcə, bu şairlərin hər biri fərdi poetik üslublarını artıq müəyyənləşdiriblər. Maraqlıdır ki, onların şeirlərində bəzən eyni mövzulara müraciət olunsa da, bu şeirlərdə tamam başqa notlar nəzərə çarpır. İntiqam Yaşar darıxmağa bir ayrı məna verir, Ruzbeh Məmməd bir ayrı, Şəhriyar da tamam ayrı. Ruslan Dost Əli bu şairlərin heç birinə bənzəmir (“Sənin saçların tökülər, mənim əllərim, neyləyim?”).
Nəticə etibarilə deyək ki, “Ulduz”un gənc şairlərə həsr etdiyi say uğurludur, (bir çox cavan şairlər bu sayda görüşməsələr də...)
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
Türk ədəbiyyatı inciləri - Məsud Şenolun iki şeiri
Həyat Şəmi, Türkiyədən.
“Ədəbiyyat və incəsənət” üçün
Türk Mədəniyyəti və İrsi Fondu ilə "Ədəbiyyat və incəsənət" portalının birgə layihəsində Çağdaş türk ədəbiyyatı nümunələrinin dilimizə çevrilmiş nümunələrini təqdim etməkdəyik.
Mesut hocamın şiirleri çok güzel. Çevirdim. Əgər saytımızda verə bilsəniz çox məmnun olaram. O da sevinər, çok mutlu olar.
Mesut Şenol Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesinden mezun oldu. Yönetim ve Halkla İlişkiler alanında yüksek lisans eğitimin tamamladı. Türkiye’nin çeşitli bölgelerinde kaymakam, vali yardımcısı ve belediye başkanı olarak hizmet verdi. Basın Yayın ve Enformasyon Genel Müdürlüğü Haber ve Yayın Hizmetleri Dairesi Başkanlığında “Redaktör” olarak görev yaptı. TRT ve özel televizyonlarda programlar hazırlayıp sundu. Başbakanlık Halkla İlişkiler Dairesi Başkanlığı, Uluslararası Kurum ve Kuruluşlar Müşaviri olarak hizmet verdi. İstanbul’da pek çok önemli kurum ve kuruluşa ADV adlı PR ve Reklamcılık Şirketi Genel Müdürü kapasitesinde katkıda bulundu. Yirmi şiir kitabı yayınlandı ve pek çok şiir ve edebi çevirisi yurt içinde ve dışındaki yayınlarda yer aldı.
Serbest çevirmen olan Mesut Şenol yurt içinde ve dışında pek çok şiir ve edebiyat festivaline katıldı; bir kısmının düzenlenmesinde rol üstlendi. Naji Naaman 2011 Edebiyat Onur Ödülüne layık görüldü. Mesut Şenol, Türkiye PEN Merkezi, Türkiye Yazarlar Sendikası, ÇEV-BİR (Kitap Çevirmenleri Birliği), Film-San Vakfı, BESAM (Bilimsel ve Edebi Eser Sahipleri Meslek Birliği), Türkiye Gazeteciler Cemiyeti ve FIJET (Dünya Turizm Yazarları ve Gazetecileri Federasyonu) üyesidir. Merkezi Rodos’ta bulunan Üç Deniz (Baltık, Karadeniz ve Akdeniz) Yazarlar ve Çevirmenler Konseyi Yönetim Kurulu üyesidir. Eylül 2017 tarihinde, İtalya’daki Uluslararası Galeteo Kenti Edebiyat Yarışmasında Birincilik Ödülünü kazanmıştır. 18 Ekim 2019 tarihinde, İtalya’da Roma Senatosunda verilen TULLIOLA-RENATO FILIPELLI 2019 ödülüne layık görülmüştür. Mesut Şenol, Bahçeşehir Üniversitesi İletişim Fakültesinde ve Yeditepe Üniversitesi Çeviribilim Bölümünde dersler vermiştir.
ÇILĞIN QADIN
Ən uzun anda dəlilənmişdin...
İnci dişlərinlə dişləyirdin məni,
Yumşaq və hamar bir ehtirasa hakim olsaq da,
Xoş halla alovlanmış bir atəş idi bizimki.
Çılğınlığına baxmırdım,
Çox sədləri keçmişdi xəyal gücün.
Vücudundakı qızarıqlıqlar eşq yaralarının dəliliydi,
Sağalmağa ehtiyacı olmayan.
Ürəyim gedirdi mənə olan ehtirasına,
Halbuki ayağını sürümüşdün gələndə.
Ən gözəl olan hərarətli anlarımızda
Çılğın qadın, sən mənə xəcalət çəkdirmədin.
ÇÖL ÇİÇƏYİ
Sakit bir düzənliyin mehində,
Səhərin və axşamın
fırlanan boz rəngində
bəmbəyaz açaram.
Çınqıl daşları tozlu torpaqlar
toxunmadan belə titrəyər üstümdə.
Günəş suyunda yuyunub
sapsarı geyinərəm.
Quşlar qonar üzərimə,
Kəpənəklər toxunar,
Sevincim kimi yamyaşıl
yarpaqlanaram.
Bir can, bir ruh
Sevgi ilə bəslənər,
Məni saplağımla tutana
bağlanaram...
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
Aşıq Məhərrəmin qətli – QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.
13. Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı, qəzada onlarla kəndi olan naib Hüseynəli Sultanın oğlu Həsənalı Sultan Vəkilov olmuşdur.
14. Kazım Qarabəkir paşa ilə görüşmüş, Göyçə mahalının Mollalı kəndindən olan Alçalı Aşıq Məhərrəm 1918-ci ildə Dərələyəz mahalından keçərkən 4 azyaşlı oğlu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
15. Şərur-Dərələyəz qəzasının Ermənistanın inzibati ərazisinə çevrilməsinə etiraz əlaməti olaraq Dərələyəzin Qovuşuq kəndindən olan el ağsaqqalı İbrahim Mirzəli oğlu Nəriman Nərimanovla görüşərək bu məsələyə öz etirazını bildirmişdir.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
XORXE BORXES, “Dörd dövrə” essesi
“Ədəbiyyat və incəsənət” portalı dünyaşöhrətli argentinalı yazar Xorxe Borxesin “Dörd dövrə” essesini təqdim edir.
Xorxe BORXES
DÖRD DÖVRƏ
Cəmi dörd əhvalat var.
Biri, ən qədimi, hücuma məruz qalan və qəhrəmanların müdafiə elədikləri qalalı şəhər haqqındadır.
Müdafiəçilər şəhərin qılınc zərbələrinə və atəşə tutulmağa məhkum olduğunu, əbəs yerə müqavimət göstərdiklərini bilirlər. Fatehlərin ən məşhuru Axilles qələbəni görməmiş ölməyə məhkum olduğundan xəbərdardır. Aradan keçən əsrlər süjetə sehr elementləri gətirdi. Yəni inandılar ki, uğrunda ordular bada gedən Helen gözəl bir bulud, gözə görünən bir xəyal imiş; Axeyləri gizlədən nəhəng at isə içərisi boş ruh imiş. Bu əfsanəni ilk söyləyən Homer olmayacaqdı; XIV əsr şairinin bir misrası ağlıma gəlir: “The borgh brittened and brent to brondes and askes”*; Dante Qabriel Rossetti, yəqin ki, Troyanın taleyinin Parisin Helenə olan ehtiraslı eşqinin alovlandığı anda həll olunduğunu təsəvvür edəcəkdi; Yets, Ledanın qu quşu şəklini almış Tanrıya qovuşduğu ana üstünlük verəcəkdi.
İkinci əhvalat da birinci ilə əlaqəlidir, qayıdış haqqındadır.
Qorxunc dənizlərin üzündə on il dolaşandan və sehrli adalarda məskən salandan sonra üzüb vətəni İtakaya gələn Odisseydən, eləcə də şimal tanrılarından bəhs edir, həmin tanrılar yer məhv olandan sonra onun yenidən yaşıllaşdığını və parlayaraq dənizdən necə yüksəldiyini görmüş, o ərəfədə döyüşdükləri yerdəki otlar arasından şahmat fiqurlarını tapmışdılar.
Üçüncü əhavalat axtarış haqqındadır.
Bunu əvvəlkinin bir variantı da hesab eləmək olar. Bu, qızıl yun tapmaq üçün dənizlərdə üzən Yasonun əhvalatıdır, bir də otuz fars quşunun əhvalatıdır, onların hər biri və hamısı öz tanrısının – Simurqun üzünü görmək üçün bir anda dağlardan, dənizlərdən keçir. Keçmişdə hər cəhd xoşbəxt sonluqla bitərdi. Sonda qəhrəmanlardan biri qızıl almaları oğurlayar, o biri də müqəddəs kasanı əldə etməyi bacarardı. İndi axtarışlar uğursuzluğa məhkumdur. Kapitan Ahab balinanı vurur, lakin balina sonda onu məhv edir; Ceymsin və Kafkanın qəhrəmanları da ancaq məğlubiyyət gözləyə bilərlər. Biz cəsarət və inanc baxımından o qədər yoxsuluq ki, xoşbəxt sonluqda yalnız kütləvi zövqlərin kobud şəkildə uydurduğu rəğbəti görürük. Cənnətə inanmaq iqtidarında deyilik, cəhənnəmə isə ondan da az inanırıq.
Son əhvalat Tanrının intiharı haqqındadır.
Friqiyada Atis özünü çıxdaş edir və öldürür; Odin özünü özünə – Odinə qurban verir, nizə ilə sancıldığı ağacdan doqquz gün asılı qalır; İsa Məsih romalı legionerlər tərəfindən çarmıxa çəkilir.
Cəmi dörd əhvalat var. Nə qədər zamanımız olsa da, onları bu və ya digər şəkildə yenidən nağıl edəcəyik.
Qeyd
*Bu misra Orta əsrlərin ingilis dilində təxminən aşağıdakı mənanı verir: “Alınmış, ocaq yerinə və külə dönmüş qala”. Misra "Ser Qaveyn və yaşıl cəngavər" adlı möhtəşəm alliterasiyalı poemadandır, əsər Haramzadə Vilyamın rəhbərliyi altında İngiltərənin fəthindən bir neçə əsr sonra yaradılmış olsa da, Sakson dilinin ilkin musiqisini qoruyub saxlayır.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)
Şəhidlərimizin rəsmlərini dəmir lövhələrə həkk edən Anar Mirzəyev...
Mina Rəşid,
“Ədəbiyyat və incəsənət”
İllərlə doğma torpaqlarımızın həsrətindən sonra Azərbaycanın düşmən üzərində qazandığı şanlı Zəfər hər bir vətəndaşın qəlbində böyük bir qürur hissi yaradıb. Hər kəs öz bacardığı kimi, bir şəkildə torpaqlarımızın yenidən dirçəlməsinə öz töhfəsini verməyə çalışır.
Mirzəyev Anar Balayar oğlu isə həvəskar rəssam kimi bizə bu qüruru yaşadan şəhidlərimizin müqəddəs ruhuna ehtiram olaraq onların rəsmlərini çəkir. Onunla bu gün tanınmış yazıçı, jurnalist Etibar Muradxanlının FB səhifəsindəki paylaşımdan tanış olduq. Yazıçı Bakı Dərin Özüllər zavodunda quraşdırıcı işləyən rəssamın əl işləri ilə bizi tanış edirdi.
E.Muradxanlı yazır: “Əl işləri üzaqdan diqqətimi cəlb etdi. Yaxınlaşıb kimin çəkdiyini soruşdum. Öz iş sahəsində dəmir lövhələri ram edən bir oğlanı göstərdilər. Yaxınlaşıb tanış oldum. Anar Mirzəyev. Zəhmətkeş bir usta, vətənpərvər, istedadlı bir vətəndaş. Onu və onun qeyri-adi sənət əsərlərini sizə təqdim etməyi özümə borc bildim. Çəkilişin qeyri professional və telefonla çəkildiyini nəzərə almağınızı xahiş edirəm”.
Yazıçı dostumuza təşəkkür edib Anar Mirzəyevlə əlaqə saxladıq. O, bildirdi ki, 1979-cu ildə Bakıda anadan olub. Qaradağ rayonunun Sahil qəsəbəsində 253 saylı orta məktəbi bitirib. 1996 ci ildən Bakı Dərin Özüllər Zavodunda işləyir. O, bu şəkilləri 44 günlük şanlı Vətən Müharibəsindən sonra, 2021-ci ildən çəkməyə başlayıb. Qəhrəmanımız həmin rəsmləri dəmir lövhələr üzərinə sadəcə kömür və spreydən istifadə etməklə yaradır...
Anar Mirzəyevin fitri istedadı göz önündə olsa da orta təhsillidir, nədənsə bu sahənin ardınca gedə bilməyib: “Uşaqlıqdan rəssamlığa böyük həvəsim olub, həmişə rəsm çəkmişəm və sonra onları təkmilləşdirməyə çalışmışam. Düzdür, ali təhsilim yoxdur, o vaxtkı şəraitlə oxuya bilməmişəm. Amma bununla belə ruhdan düşmədim”.
Elə bütün bu gözəl əsərləri də ruhdan düşmədiyinə, öz sevdiyi sənətə vəfasına görə ərsəyə gətirib: “Bura çox adam gəlir, xarici vətəndaşlar da bu rəsmlərlə maraqlanır. Bu isə mənə ayrıca bir ilham verir”.
Anar Mirzəyevin əsərləri çoxdur, ancaq torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizə həsr etdiyi əl işləri onun üçün, elə bizim üçün də çox dəyərlidir. İnanırıq ki, bu fitri istedada malik, əsərləri ilə düşündürməyi bacaran bu rəssamla aidiyyəti yerlərdə, adlı-sanlı sənət adamlarımız da maraqlanacaq. Düşünürük ki, bunun özü də bir vətənpərvərlik nümunəsi olar...
Biz isə Anar Mirzəyevə belə müqəddəs işində böyük uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(10.08.2026)


