Super User

Super User

Çərşənbə axşamı, 22 İyul 2025 11:43

Vaqif Sultanlının romanı Serbiyada nəşr olundu

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunmuşdur. Belqraddakı nüfuzlu “Alma” nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirmişlər.

 

“Ədəbiyyat və incəsənət” portalı Vaqif Sultanlıya istinadən xəbər verir ki, nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası ilə yayınladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasında yayınlanmışdır.

 

Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır. Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan vermişdir.

“Səhra savaşı” romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədr. Süjet xətti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan, bədii konflikti İnsanla Zaman arasında cərəyan edən romanın baş qəhrəmanı kimi canlandırılmış Qoca obrazının timsalında hadisələrə işıq tutulması mətnin estetik özəlliyini şərtləndirir. Əsərdə yer üzündə gündən-günə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın real mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

İlk dəfə 2013-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə çevrilmiş, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

Çərşənbə axşamı, 22 İyul 2025 11:29

“İstəsən, küləyə çevrilərəm” - El ROMAN

“Ədəbiyyat və incəsənət” portal Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edir.

 

  

III YER

 

El ROMAN

 

 

YARASALAR

 

 Bir qoca dedi ki, hələ diriydi

 Dünən gömüləndə o qız torpağa.

 Gəldiyi yerlərə qayıtdı hər şey-

Adamlar torpağa, kağız torpağa...

 

Göyərsə göylərdə bir ağ göyərçin,

Bu işə göylər də gülərdi, gərçi...

Sonra da darıxıb bu boz şəhərçün

Gəlib bulaşardı o toz-torpağa.

 

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,

Gəl.

Sən kimin olmusan min illər əvvəl?

Adını oxudum cam kasalardan...

 

Deyən olmadımı vaxtı dayandır?

Tanrıyam, bilmirəm, yerin hayandır...

Mağara ağzında cığara yandır,

Məni də bir dəfə yada sal orda...

 

Mağara?!

Görəsən, nəyin nəsidir?

Mağara – dağların əsnəməsidir,

Tərsinə asılmış quş qəfəsidir,

Belə eşitmişəm yarasalardan...

 

Bir qoca dedi ki, hələ diriydi

Dünən gömüləndə o qız torpağa.

Sonra...

Gəldiyi yerlərə qayıtdı hər şey-

Adamlar torpağa, kağız torpağa...

 

 

YUXU

 

Bir gün dərdiyin çiçək səni içinə çəksə,

Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...

Həmin gecə yuxuda özünü görəcəksən-

Dodaqların qırmızı, saçın uzun, laap uzun...

 

Çöldə eşidəcəksən çirkinliyin səsini,

Evdə atan yeyəcək tikənin yekəsini.

İçində hiss edəndə təklik təhlükəsini

Səndən soruşacaqlar, kimin qızısan, qızım?

 

Getmək istəyəcəksən, yolun tən yarısında,

Ətirini, donunu, onu unutmasan da,

O gün unudacaqsan bir kitabı masanda,

Bir də açılmayacaq otağının qapısı...

 

Bir az qocalacaqsan, bir az əsəcək dizin,

Bir az huşun itəcək, bir az əlinin duzu.

Yollara baxacaqsan, belə laap uzun-uzun...

Öləndə belə ölür qadınların yarısı...

 

Bir də açılmayacaq otağının qapısı...

Öləndə belə ölür qadınların yarısı...

Saçın uzun, laap uzun, dodaqların qırmızı...

Üzüntün tanış gəlir, kimin qızısan, qızım?

 

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

 

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

21 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində xidmətləri olan media işçiləri və Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər.

 

Giriş sözü ilə tədbiri açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan söhbət açıb. Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərən media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar.

Mükafatlandırılanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.

 

Təltif olunanlar

 

“İttifaqın dostu” diplomu ilə:

Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə

 

Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri

Vüqar İmanov

 

Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri

Kamran Qasımov

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar)

 

«Xalq» qəzeti Humanitar siyasət şöbəsinin müdiri

Əli Nəcəfxanlı

 

İki sahil.az  xəbər portalı üzrə şöbə müdiri

Qvami Rəsulov

 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin

105 FM radiosunun rejissoru, jurnalist Vəfa Sərdar (Qədirova)

 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

Ağalar İdrisoğlu (Mehdiyev)

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri

Fidan Əlizadə

 

“Vətən səsi” saytının müxbiri Mina Rəşid (Şıxova)

 

Jurnalist Şəlalə Camal

 

Mədəni tədbirlərin təşkilatçısı Sevda Əliyeva

 

Pressklub.az saytının redaktoru Ramilə Qurbanlı

 

 

 

Fəxri fərmanla:

 

Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri

Həmid Əsədzadə

 

Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli

 

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı

Sələmə Məhərrəmova

 

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Elvin Nüsrətoğlu (Abdulxalıqov)

 

Jurnalist-Dramaturq Ülviyyə Heydərova

 

Jurnalist-Dramaturq Cavid Zeynallı

 

 

“Teatr fədaisi” medalı ilə:

 

Gülcahan Mirməmməd

Həmidə Rüstəmova

Samirə Behbudqızı.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

   

 

21 iyul 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Milli mətbuatımız – 150” adlı oxucu konfransı keçirilib.

 

Tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Nazim Hüseynli, AYB-nin üzvü, oğuzlu yazar, şair-tədqiqatçı Yusif Rzayev, şairə Şükufə Ruhlu, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin və Mərkəzi kitabxananın əməkdaşları, eləcə də oxucular iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MKS-nin direktoru tədbir iştirakçılarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi olmaqla yanaşı, həmin dövrün ictimai-siyasi həyatında da mühüm hadisə kimi tarixə düşüb.

Tədbir çərçivəsində məruzə və çıxışlarda Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin həm naşiri, həm redaktoru, həm də korrektoru təbiətşünas-alim və maarifçilik hərəkatının banilərindən biri olan Həsən bəy Zərdabi idi. Onunla yanaşı, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi ziyalıların da qəzetin yaranmasında və ideya baxımından zənginləşməsində mühüm rolu olub.

Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində media nümayəndələri cəbhə xəttində həm operativ və doğru xəbərlərin çatdırılmasında, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunmaqla xüsusi fəallıq göstəriblər. Qarabağ uğrunda gedən döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilən jurnalistlər bu sahəyə olan yüksək etimadın və diqqətin bariz nümunəsidir.

Tədbirdə Həsən bəy Zərdabinin irsini və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

 

 

 

Çərşənbə axşamı, 22 İyul 2025 10:32

YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan aktyoru Yusif Muxtarov! Amma tək aktyormu? Geniş ictimai fəaliyyət, üstəlik, rəhbər fəaliyyət bu şəxsiyyətin sanki alın yazısı olub.

Bu gün onun doğum günüdür. Bu gün onu anır, Ruhuna dualar oxuyuruq.

 

Yusif Muxtarov 22 iyul 194-ci il tarixində Sabirabadda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.

1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib.

1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub. Yusif Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Sabit Rəhmanın «Xoşbəxtlər», Nazim Hikmətin «Bayramın ilk günü», Mar Bayciyevin «Duel», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx» televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar yaratmışdır.

Azərbaycan Radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur.

Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olub.

 

Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün Yusif  Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görülüb. Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova «Xalq artisti» fəxri adı verilib.

Yusif  Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən Müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Müstəqillik Bəyannaməsi” kimi keçidlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycanda demokratik inkişafın tarixi təntənəsi”, professor  Ziyafət Əsgərovun “Azərbaycan konstitusion və suveren dövlətdir”,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin “Milli kimlik vicdan azadlığı kontekstində” kimi məqalələrin tam mətni də yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Ulu Öndər Heydər Əliyevin 1995-1996-cı illərdə konstitusiya layihəsinin müzakirəsi zamanı səsləndirdiyi tarixi çıxışların tam mətni,  “Konstitusiya və suverenlik anlayışları və hüquqi əsasları” və “Vətən Müharibəsi və ərazi bütövlüyümüzün təmin olunması” başlığı altında dəyərli məlumatlar,  2025-ci ildə Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirlərin xronologiyası və məzmunu da təqdim edilir.

Elektron bazada Konstitusiya və Suverenlik İlinə dair Azərbaycan və rus dillərdə nəşr edilən kitabların, dövri mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahıları yer alır. Bazada “Virtual sərgi” və “Videoqalereya” bölmələri də mövcuddur.

“Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası kitabxananın  rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Mənbələr göstərir ki, Azərbaycanda milli mətbuat və milli mətbəə yaratmaq təşəbbüsləri XIX əsrin birinci yarısından başlamışdır. Hələ 1832-ci ildə “Tiflis əxbarı” və 1845-ci ildə “Qafqazski vestnik” qəzetlərinə əlavə çəklində “Qafqazın bu tərəfinin xəbərləri” adlı azərbaycanca vərəqələr buraxılmışdır. Əlbəttə, rəsmi bülleten xarakteri daşıyan bu vərəqələrimüstəqil milli mətbuat nümunələri hesab etmək mümkün deyil. Lakin bunları milli mətbuatın yaranmasına hazırlıq saymaq mümkündür.

 

Ə.Ə.Səidzadənin “Ədəbiyyat” qəzetinin 1940-cı il tarixli 31 saylı nomrəsindəki məqaləsindən o da məlum olur ki,1841-ci ildə M.F.Axundzadə və M.Ş.Vazeh tərəfindən Tiflisdə mətbəə yaratmağa cəhd göstərilmişdir. Lakin bu təşəbbüs baş tutmamışdır.

1870-ci ildə H.Zərdabinin dostu X.Cenk rus dilində “Bakinski listok” adlı qəzet nəşr etmək üçün müraciət etmişdir. Az sonra Qafqaz canişinliyinə yazdığı əlavə məlumatda X.Cenk qəzetdə həmçinin Azərbaycan dilində məqalələr şöbəsinin açılmasına da icazə istəmişdir. (Təəssüf ki, həmin qəzetin  ancaq bir nömrəsində azərbaycanca yazı dərc olunmuşdur.) Filologiya elmləri namizədi V.Məmmədov belə ehtimal edir ki, Cenki bu işə təşviq edən elə onun yaxın dostu H.Zərdabi olmuşdur.

Xalqı maarifləndirmək, onun tərəqqisinə nail olmaq H.Zərdabinin həyatının qayəsi idi. O, bu yolda mətbuatın roluna xüsusi önəm verir və deyirdi ki, xalqa “qəzet verə bilsəm, onların dünyagörüşünü tamamilə dəyişə” bilərəm.O, 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində  yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".

Həsənbəy Zərdabi qəzet çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə -1868-ci ildəndüşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik onun qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymamışdı. Hənifə xanım Məlikovanın yazdığı kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin qəzet nəşr etmək üçün rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu.

Sonralar Həsən bəy "Həyat" qəzetində həmin hadisəni belə xatırlayırdı: "O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti "Əkinçi" adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o, özü senzor olmağa razılıq verdi və nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım".(Deməli, qəzetin “Əkinçi" adlandırılması çar rejiminin fikrini onun daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.) 

H.Zərdabinin 1873-cü ilin aprel ayının 12-dəBakı qubernatoru D.S.Staroselskiyə ünvanladığı ərizədə yazılmışdı: “Quba mülkədarı general-mayor Abdulla Ağa Bakıxanov (Abbasqulu ağa Bakıxanovun qardaşı-İ.V.) mənə Bakı şəhərində tatar (azərbaycan-İ.V.) dilində pulsuz olaraq qəzet nəşr etmək məqsədi ilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər asasında qəzet nəşr etməyi qərara almışam: birincisi, qəzetin redaktorlu və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikincisi, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşəcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncüsü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncüsü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla ildə iki manat olacaqdır; beşincisi, qəzetin nəşri, kağızı üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla, qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncısı, qəzet “Əkinçi” (“Paxar”) adlanacaqdır; yeddincisi, qəzetin nəşrinə 1873-cü ilin sentyabrından başlanacaqdır”.

H.Zərdabi qəzetin nəşrinə həmin ilin sentyabrından başlamağı nəzərdə tutsa da, ucqarlarda milli mətbuat yaratmaq fikri hakim dairələri ciddi narahat etdiyi üçün müxtəlif bəhanələrlə iş uzadılırdı.  Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi.

Xüsusən qəzetin proqramındakı “Qəzet yerli ehtiyac və təlabata həsr olunan baş məqalələr də verəcəkdir” maddəsi ciddi müzakirələrə səbəb olmuşdu. Süründürməçiliklər və uzun-uzadı yazışmalar başlanmışdı. O, zaman Qafqazın mərkəzi Tiflis sayılırdı və bütün yekun qərarlar oradan verilirdi. H.Zərdabi düz ilyarım Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.

Onun qətiyyəti və əzmkarlığı, çoxsaylı izah və əsaslandırmalarından sonra Qafqaz canişinliyi 5 oktyabr 1874-cü il tarixli 5440 nömrəli sənədlə “Əkinçi”nin nəşrinə icazə verdi və senzura işləri Bakı Qubernatorluğuna tapşırıldı.

Filologiya elmləri namizədi V.Məmmədov H.Zərdabinin 1873-cü il 7 iyun tarixli məktubuna istinadən bildirir ki, Tiflisdən qəzetin nəşrinə icazə verilməsində və qəzetin oxucular arasında yayılmasında tanınmış Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin böyük köməkliyi olmuşdur.

Qəzetin nəşrinə icazə alınsa da, qarşıda çox ciddi çətinliklər dururdu. Naşir yuxarıda adı çəkilən “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində bu çətinliklər barədə belə yazırdı:  "Bəs qəzeti necə çıxardım? Qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq…”. Həsən bəy özünün gərgin əməyi, həmyerlilərinin, dost və tanışlarının köməyi ilə bu çətinliklərin öhdəsindən gələ bildi. Lakin ayrıca mətbəə açmağa imkanı olmadığı üçün D.S,Staroselski yenə də Zərdabinin köməyinə gəlir, qəzetin quberniya mətbəəsində çap olunmasına ona icazə verir.

Həhayət, 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. Beləliklə, Azərbaycanda ilk milli qəzet nəşrə başladı, milli mətbuatın əsası qoyuldu. H.Zərdabinin ömür-gün yoldaşı H.Məlikova həmin günü xatırlayaraq yazırdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O çox həyəcanlı halda evə gəldi. Bu gün onun həyatının ən xoşbəxt günü idi”.

Qəzetin ilk nömrəsiiki sütuna ayrılmış 8 səhifədən ibarət idi. İlk nömrə "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi şöbələrdən ibarət idi.

Qəzetin baş məqaləsi “Daxiliyyə” başlığı altında naşirin imzası ilə getmişdir. Bu yazını “Əkinçi”nin məramnaməsi də adlandırmaq olardı. Burda qəzetin fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti müəyyən olunur, şöbələrin adları, səciyyələri müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi.

Baş məqalənin ardınca gələn “İkinci daxiliyyə” adlı məqalədə isə 1876-cı ildən Qafqazda tətbiq olunacaq ticarət qayda-qanunları haqqında məlumat verilirdi.

“Əkin və ziraət xəbərləri” və “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə aid materiallar dərc olunmuşdu. (1876-cı ilin 7-ci nömrəsindən etibarən “Əkin və ziraət xəbərləri” şöbəsi “Əf-ali-əhli-dəhat” adlanmışdı.)

Sonuncu şöbə olan “Təzə xəbərlər” şöbəsində siyasət və məhkəmə işlərinə, ticarətə, tibbi məsələlərə dair kiçik həcmli və oxunaqlı xəbərlər verilmişdi. Bu şöbənin digər şöbələrdən bir fərqi də yazıların sayca çox, həcmcə yığcam olması idi. (Sonralar qəzetin 6-cı nömrəsindən etibarən “Məktubat” şöbəsi də meydana gəlmişdi.)

Əkinçi” beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərqdə Avropa üslubunda nəşr olunan birinci mətbuat orqanı idi. Hənifə xanım Məlikova “Revolyusiya və kultura” jurnalının 1939-cu il tarixli 6 saylı nömrəsində çap olunmuş xatirəsində "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi… Qəzetin ilk abunəciləri, onu birinci sırada salamlayanlar Omskdan, Tümendən, Çistopaldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”.

Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi.O, "Əkinçi" qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə, biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq" deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəslər, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: "Tələf olmaqmı istəyirsiniz?"

Qəzet öz ətrafında dövrünün M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.A.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və digər  qabaqcıl fikirli, demokratik əqidəli, aydın ideyalı görkəmli maarifçiləri toplamışdı. "Əkinçi"nin əməkdaşlarının da başlıca məqsədi xalqın həyatında hökm sürən fanatizmə, cəhalətə qarşı çevrilib, xalqı elmə, maarifə, tərəqqiyə çağırıb, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.

Qəzet  cəmiyyətdəki xəstə halları sağaltmağın çarəsini hər şeydən əvvıəl xalqın maariflənməsində, mədəni təqəqqi yoluna çıxmasında görür, təhsil işlərinə, təlim və tərbiyə məsələlərinə ciddi əhəmiyyət verirdi. Qəzetin səhifələrində  elm və təhsilin faydasından bəhs olunur, gənclər məktəbə çağrılır, köhnə təlim-tərbiyə üsulları pislənilir, mollaxana və mədrəsələrdəki nöqsanlar tənqid olunur, dünyəvi elmlər və onların öyrədilməsi təbliğ edilirdi. Yeni tipli məktəblərin açılması, ana dilli tədrisin təşkili, ana dilli dərsliklərin yazılması təşviq edilirdi.Həsən bəy belə hesab edirdi kiöz düşmənlərimizlə mübarizədə məğlub olmamaq üçün mütləq  elm təhsil etmək lazımdır. O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil  edək ki, onlara zindəganlış cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraqyoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağıq”. Bir sözlə, qəzet maarifçilik ideyalarını özünə bayraq etmişdi.

“Əkinçi” qəzeti gerilik və ətalətə, köhnəlmiş adət-ənənələrə, dini xurafata, orta əsr zehniyyətinə qarşı açıq mübarizə aparırdı.“Jurnalist” təxəllüslü bir publisist “Ədəbiyyat” qəzetinin 1936-cı il tarixli 11-ci sayında obrazlı şəkildə yazırdı:  “Əkinçi”… sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsənbəy avamlıq və cəhalətin qara pərdələrini yirtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.

Qəzet insanlarımızı zamanla, dövrlə ayaqlaşmağa çağırdı. H.Vəzirov qəzetin səhifələrində yazırdı: ”Hərdən tənha oturub fikir edirəm: xudavəndə, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu… Ata-babamız xoruz və qoç döyüçdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirib. Biz də ki, bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib”.

H.Zərdabi göstərirdi ki, yaşadığımız dünya daim dəyişməkdədir  və bu  prosesi heç kim saxlya bilməz. Bizdən tələb olunan budur ki, işlərimizi zamanın və dünyanın dəyişməsinə uyğun quraq, dünyanın axarı ilə gedən qanunlara qarşı çıxmayaq, tərəqqi yolunda irəliləyişimizə mane ola biləcək zərərli vərdişlərdən əl çəkək.

“Əkinçi” bir çox yazılarında feodal istismarına qarşı etiraz edir, xalqı var-yoxdan çıxaran, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mühafizəkar qüvvələri tənqid edirdi. Qəzet insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi, fikir və söz azadlığının olmamasından bəhs edirdi. “Əkinçi”lər içtimai quruluşun maarif gücü ilə dəyişəcəyinə ümid bəsləyirdilər, elmi tərəqqini azadlığın əsas şərtlərindən hesab edirdilər. Elmi və texniki tərəqqini xalqın həyat tərzini yaxşılaşdıran əsas amillərdən sayırdılar.

“Əkinçi” qadın azadlığı və təhsili ideyasını tərənnüm edir, qadını qul sayan dini-mistik zehniyyətin acınacaqlı mənzərəsini göz önündə canlandırır, köhnə dünyanının hər cür mənfur adət-ənənlərini ifşa edirdi. Qəzet qızların vaxtsız ərə verilməsinin böyük zərərlərini elmi dəlillərlə sübut edir ki, 20 yaşdan aşağı olan kəbinlər qüsürludür. “Əkinçi” qəzeti qadını güçsüz, naqis məxluq sayan şəriət ehkamlarını ifşa edir, onu mübariz, ağıllı və cəsur xilqət kimi təqdim edirdi. Qəzet Azərbaycan qadınını savadlı görmək istəyirdi, çünki qadın eyni zamanda anadır, gənc nəslin tərbiyəçisidir. Ancaq elmli, savadlı ana öz övladının tərbiyəsi ilə layiqincə məşğul olar.

Qəzet xalqların dinçlik və dostluq şəraitində yaşamalarının böyük tərənnümçüsü idi. Ədalətsiz müharibələr dəlilik, yoluxucu “beyin naxoşluğu” adlandırılırdı.

“Əkinçi” qəzeti kənd əhalisinin gündəlik işlərini də ardıcıl işıqlandırırdı. H.Zərdabi qəzet vasitəsi ilə kənd təsərrüfatı məsələlərini şərh edir, məhsuldarlığı yüksəltməyin elmi-təcrübi yollarının anlaşıqlı bir dillə oxucularına çatdırırdı.

Azərbaycan dilinin saflığı uğrunda və mətbuat dilinin formalaşmasında da “Əkinçi”nin müstəsna xidmətləri olmuşdur. Moskvada qəzetin ilk nömrələri ilə tanış olan N.Vəzirov Həsənbəyə yazdığı məktubda qeyd edirdi ki, “Əkinçi” mənim ana dili müəllimimdir”.  S.Ə.Şirvani “öz qədimi lisanımızda haman, qəzetə çapını edib unvan” söyləyərək Zərdabinin ana dilində qəzet çap etdirməsini təqdir edirdi.

Hələ qəzetin nəşrə başlaması ərəfəsində M.F.Axundov Tiflisdən Həsənbəyəməktubda ona yazırdı: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını (dilini) düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”. Həsənbəy özü də bunun tərəfdarı idi. O, jurnalistlərdən tələb edirdi ki, “qəzeti… camaatın ana dilində yazsınlar”. Çünki “qəzet camaat üçündür, camaat qəzet üçün deyil”.Zərdabi doğma dilinə arxa çevirən dönükləri tənqid edir, xalqın arzu və istəklərinin onun doğma dilində əks etdirməyi mətbuatın müqəddəs vəzifəsi sayırdı. Qəzetdə müsəlman mahallarından ərəb və fars dillərində göndərilən müxbir məqalələri Azərbaycan dilinə tərcümə edilərək müəlliflərinə göndərilirdi kionlar ana dilində yazmağı öyrənsinlər. Təsadüfi deyil ki, Ə. Topçubaşov “Əkinçi”nin 50 illiyinə həsr olunmuş “Azərbaycanın mayakı” adlı xatirə məqaləsində “Əkinçi”nin nəşri zamanı Həsənbəy Zərdabinin Azərbaycan-türk dilinin saflığı uğrunda mübarizə apardığını, onu ərəb-fars tərkiblərindən təmizləməyə çalışdığını xüsusi olaraq nəzərə çatdırırdı. 

“Əkinçi”nin milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində  böyük rolu həm də bunda idi ki, qəzet demokratik əhval-ruhiyyəli gənclərin, yazıçı və şairlərin toplandığı dəyərli mərkəzə çevrilmişdi.Xalq yazıcısı M.İbrahimov “Əkinçi”nin maarifçi-realist ədəbiyyatın inkişafına təsirindən bəhs edərək yazırdı: “Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda mətbuatın yaranması ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərir, onun mündəricə və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılmasına və demokratikləşməsinə kömək edir”.  Onu da qeyd edək ki, Azərbaycanda ədəbi-bədii əsərlərin milli mətbuat səhifələrində ilk dəfə nəşri də “Əkinçi” ilə başlanmışdır.

“Əkinçi” ədəbiyyat və incəsənətin saflığı uğrunda mübarizəni, əsasən, üç istiqamətdə aparırdı: birincisi, ədəbiyyat və sənətdə realizm uğrunda mübarizə; ikincisi, dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə; üçüncüsü, ictimai satira uğrunda mübarizə. Qəzet bütün nəşri müddətində 150-dək ədəbi-tənqidi məqalə, şeir, felyoton, hekayə, oçerk və s. dərc etmişdi. Bu materialların əsas müəllifləri H.Zərdabi ilə yanaşı, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov (Gorani), M.H.Əlqədari, H.S.R.Əmirzadə, M.Vəliyev, Ə.Qəvaid, Ə.Heydəri, M.K.Əsgərzadə və digərləri olmuşlar.

Ümumiyyətlə, 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı (cəmi 56) işıq üzü görmüş “Əkinçi”ninbütün nəşri müddətindəonun səhifələrində 1100-dən çox məqalə, məktub, xəbər, şeir və s. materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən şox yazısı dərc olunmuşdur. (Göründüyü kimi, materialların əksər qismi imzasız yazılmışdır) . Tədqiqatçılar qəzetin müxbirləri müntəzəm çıxış edənlər (Ə.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və b.), hərdənbir yazanlar (M.Ə.Şirvani, X.Qorxmazov və b.), mürtəce müxbirlər (H,Qarabaği, kapitan Sultanov, “Badkubəli Molla və b.),təsadüfi yazanlar (Şeyxül-islam Axund Əhməd Hüseynzadə, Ə.Elçinzadə, Məmmədrəhim bəy, M.Ə.Səlyani və b.) və  imzasız yazanlar (A.Haqverdiyev Qarabaği və b.) kimi qruplaşdırırlar.

Təəssüf ki, əsas qayəsi xalq arasında mütərəqqi ideyaları yaymaq,  xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq olan  “Əkinçi”nin demokratik ideyaları mürtəce qüvvələri – bəylər, ruhanilər və çar məmurlarını hiddətləndirirdi. Qəzet məhz bu qaragüruhçu qüvvələrin fitnə-fəsadı ilə bağlandı. Qəzetin 1877-ci il sentyabrın 29-da çıxmış 20-ci nömrəsində belə bir elan verilmişdi: “Biz naxoş olduğunuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil”. Bu, “Əkinçi”nin öz oxucularına son sözü oldu.

Qəzet bağlansa da, onun demokratik ideyaları yaşayırdı. Qəzet nəinki Azərbaycan, o cümlədən Rusiyada yaşayan müsəlmanların zehnində və qəlbində özünə möhkəm yer eləmişdi. Əlimərdan bəy Topçubaşov haqlı olaraq yazırdı: “Əkinçi”! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı... üçün nə qədər müqəddəslik var... “Əkinçi”... müstəqil Azərbaycan üçün, onun dili,xalq mahnıları, poeziyası, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif  verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!”

Bəli, “Əkinçi” milli mətbuatımızın mayakına çevrildi. Xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı, içtimai fikrin canlanmasına təkan verdi.Şair S.Rüstəmxanlının dediyi kimi “Biz mətbuat tariximizdən danışanda “Əkinçi”yə istinad edirik. Bu, demokratik qəzetdir və bu günkü tələblər səviyyəsindən baxanda yüksək bir mətbuat səhifəsidir”.

Onun yandırdığı məşəl sonralar yenidən parlayaraq şölələndi. Sonrakı illərdə “Əkinçi”nin başladığı işi davam və inkişaf etdirən, onun ənənələrini yaşadan mətbuat orqanları meydana çıxdı. Bu mənada M.Ə.Rəsulzadə 1952-ci ildə “Azərbaycan” jurnalında haqlı olaraq yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi.

 

Haqlı olaraq “Əkinçi”nin nəşrə başladığı gün milli mətbuatımızın “doğum günü” sayılır.  Bu gün 22 iyulda onun növbəti doğum günü- Milli Mətbuat və Jurnalistika Günü qeyd ediləcəkdir. Özü də yubiley ili – 150!

Gününüz mübarək, hörmətli mətbuat işçiləri. Sizlərə “Əkinçi” dəyanəti, Zərdabi əzmi və qətiyyəti arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

                                                                              

 

 

 

Çərşənbə axşamı, 22 İyul 2025 09:29

“Bizimçün son duracaq” - Hafiz Hacıxalılın şeirləri

“Ədəbiyyat və incəsənət” portalının LİRİKA SAATInda bu gün sizlərə Hafiz Hacıxalılın şeirlərini təqdim edir.                                                            

 

***

 

Bu qış da gedəcək, yaz ağacların

Qönçə dodağında dönəcək geri.

Yağışın altında qalacaq hər gün

Bizim sön görüşün xatirə yeri.

 

Bizim sın görüşün xatirə yeri

Ağlayar, kiriməz yetim uşaqtək.

Deyinər söyüdün salxım telləri,

Bir də o sevənlər haçan gələcək?

 

Bir də o sevənlər haçan gələcək?

Dünyanı başına götürər bu səs.

O cavan gedənlər qoca gələcək,

Birdən yox olanlar dönəcəkmi bəs?

 

Birdən yox olanlar nağıla döndü,

Düşdülər dodaqdan-dodağa belə.

Sapanddan atılan daşlar misalı,

İnsan da düşürmüş uzağa belə.

 

İnsan da düşürmüş uzağa belə,

Yad ola bilirmiş ürək də, can da.

Qovuşdur, İlahi, vaxt varsa hələ

Köhnə sevgiləri təzə ünvanda.

 

 

***

 

Mənim bir dostum var qələm adında,

Sevincim, nisgilim, naləm adında.

Əlimi çörəyə yetirən odur,

Uzağı yaxına gətirən odur.

Mənim ürəyimin əkizi qələm,

Mənim kişi üzüm, ərk üzüm qələm.

Qürurun, mənliyin tək üzü qələm,

Düşməni tanıdıb, dostu sevdirib,

Əlimdə qabardı, alnımda tərdi.

Bilib, ürəyimin dilini bilib,

Susdusa, qayadan, daşdan betərdi.

Çevrəmiz boyunca bu Yer üzünü

Gəzib dolanmadıq sərgərdan, səfil.

Onun mürəkkəbi, mənimsə ömrüm

Bitəcək nə vaxtsa, hardasa qəfil.

Bir şeir, bir nəğmə, lap ikicə söz

Yadigar qalacaq, bəsimdir, bəsim.

Qoşulub güllərə şeir deyəcək,

Özümdən sonra da qələm nəfəsim.

 

 

***

 

Köklənər dəlisov yaz havasına,

Bu qəmli mahnının notu payızdır.

Payızdır ruhumun vətən tərəfi,

Ağacı, yarpağı, otu payızdır.

 

Yoruldum düşməkdən bərkə-boşa mən,

Bir də çətin çıxam bu yoxuşa mən.

Getmək istəyirəm üzü qışa mən,

Ürəyim deyir ki, otur, payızdır.

 

Başımı xoş sözlə qatan ömrümün,

Ölümlə göz-gözə yatan ömrümün.

İlləri dördnala çapan ömrümün,

Qamçısı payızdır, atı payızdır.

 

 

***

 

Bizimçün son duracaq,

Uyuduğun məzarlıq.

Sən getdiyin yol isə

Uzun, dibsiz, qaranlıq.

 

Sən gedəndə anladıq:

Gedənlər geri dönmür.

Ora burdan yaxşıdır?

Gedənin biri dönmür.

 

Şəkillər buz parçası,

Donuruq bu istidə.

Sən orda darıxırsan,

Biz də yerin üstündə.

 

Kimi ovudar denən,

Bu qəbir daşı, kimi?

Ana sözü tökülür

Göydən göz yaşı kimi.

 

 

***

 

Salamat qal, Şuşa!

Suyunu, havanı halal elə.

İki gün qoynunda qaldığım yuvanı halal elə.

Daşı güllə yarası almış Şuşam,

30 il xəyala dalmış, xaraba qalmış Şuşam.

Həsrətinə ip keçirib boğazından asan,

Taleyini özü yazan.

Ümidi 30 ildən sonra göyərən

Bu gün də itirdiklərinə göynəyən.

Sevinci bol görməyən,

Kədəri dastan Şuşam.

Özünə yas çadırı qurulan oğullar

Çıxardılar səni yasdan, Şuşam!

 

 

***

 

Günəş şəkli şək, oğlum,

Çünki onun həsrətini çoxları çəkir.

 

 

***

 

Mən ölsəm, bir söz də düşər dilindən,

Mən ölsəm, kimaxı tutar əlindən.

Mən ölsəm, küsərsən aya, günəşə,

Mən ölsəm, düşərsən oda, atəşə.

Mən ölsəm, üç nöqtə, sonunu sən yaz,

Yaz ki, bu qış ölmə, qalsın gələn yaz.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

Çərşənbə axşamı, 22 İyul 2025 09:03

Onların əməyi gərək yaddan çıxmasın

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimin 22 iyul gününə doğum günü təsadüf edən şəxslərin siyahısı ilə tanış olanda bu ad diqqətimi çəkdi: Dilarə Əliyeva. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru.

 

Əlbəttə ki, mədəniyyət sahəsində aktyorlar, rejissorlar, bəstəkarlar, müğənnilər, rəssamlar, şair və yazıçılar... – diqqət mərkəzində olan əsas fiqurlardır. Amma bu sahəni çəkib irəli aparan təşkilatçılar, koordinatorlar, iri və xırda məmurlar həmişə kölgədə qalır, adları çəkilmir. Amma biz, gəlin onlardan birinin – Dilarə xanımın timsalında bu sferadakı kontingenti də gündəmə gətirək.

Dilarə Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirib.

1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb. 15 nömrəli musiqi məktəbində çalışıb. Lenin adına Azərbaycan Pedaqoji universitetində müəllim kimi fəaliyyət göstərib. 1994–2012-ci illərdə – Bülbül adına orta ixtisas musiqi məktəbində xor-dirijorluq şöbəsində müəllim işləyib 1997-ci ildə – "Qız qalası" xorunun yaradaraq bədii rəhbəri olub.

2000-ci ildən isə "Qız qalası" xoru Azərbaycan Dövlət Xor Kapellasının tərkibində fəaliyyətini davam etdirərək "Uşaq xoru" adlanır. O, Dövlət Uşaq Filarmoniyasına direktor vəzifəsinə təyin olunub (bu günə qədər direktor vəzifəsində çalışır).

 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun rəhbəri-müəllim kimi fəaliyyət göstərib.

O, Əməkdar İncəsənət Xadimi adına və 4 dəfə Prezident təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Sevər Şəhabidir.

 

Sevər Şəhabi

Təbriz

 

 

MƏNƏ XƏBƏR GƏTİR

 

Məndən öncə ölsən əgər,

Ölülərə salam yetir.

Qırx günəcən gəl yuxuma,

Ordan mənə xəbər gətir.

 

Soraqlaş gör oralarda -

Neçə saat çalışırlar?

O dünyanın insanları,

Hansı dildə danışırlar?

 

Asılaraq gələnlərin -

Boğazları yaradırmı?

İşkəncədən ölənlərin -

Dəriləri qaradırmı?

 

Afrikanın zənciləri -

Kimlərə "Bəli" deyirlər?

Onların ağ ərbabları,

Nə içirlər, nə yeyirlər?

 

O dünyanın terminalı,

Necə yerbəyer olunur?

Cənnətin ağ biletləri,

Neçəyə al-ver olunur?

 

Sanki mənim bu istəyim,

İstəmədən üzdü səni.

Səndən öncə ölsəm əgər,

Qırx günəcən gözlə məni.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

87 -dən səhifə 2407

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.