“Üzeyir ruhlu sənətkar” - Süleyman Ələsgərov Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyli özündən sonra gələn bir çox nəslə böyük musiqi sənəti aşılayıb. Üzeyir bəyin istedadlı davamçılarından olan unudulmaz bəstəkarlarımızdan biri də “Şərəf nişanı” və “Şöhrət” ordenli, Xalq artisti, Əməkdar incəsənət xadimi Süleyman Əyyub oğlu Ələsgərovdur.

 

 Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşa şəhərində anadan olub. İlk musiqi təhsilini Asəf Zeynallı adına musiqi texnikumunun tar sinifində alıb, daha sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib.

1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. Onun ilk yaradıcılıq uğurlarından biri 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı olub. Ələsgərov 1943-cü ildən etibarən Azərbaycan musiqi həyatında müxtəlif sahələrdə çalışıb.

O, Respublika Radio Verilişləri Komitəsinin Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru və musiqi hissə müdiri, Kinematoqrafiya Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

1952–1954-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru, 1954–1956-cı illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi, 1960–1971-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru vəzifələrində çalışıb.

 “Üzeyir ruhlu sənətkar” ömrünün yarıdan çoxunu pedaqoji fəaliyyətə həsr edib. Özünəməxsus dəst-xətti ilə tanınan bəstəkar hər zaman Üzeyir Hacıbəyli irsinə sadiq qalıb. Həmçinin bir sıra musiqi dərsliklərinin müəllifi olub.

1971–1998-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi və xalq çalğı alətləri kafedrasına rəhbərlik edib. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialına rəhbərlik edib. Süleyman Ələsgərovun yaradıcılığında operetta janrı mühüm yer tutub.

 Onun “Məhəbbət gülü”, “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Hardasan, ay subaylıq”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Subaylardan görəsiz” və “Gurultulu məhəbbət” operettaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrının repertuarında uzun müddət yer alıb.

Bəstəkarın “Bahadır və Sona” və “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı, “Gənclik” və “Vətən” simfoniyaları, “Çingiz İldırım” (1974) və “Həzi Aslanovun xatirəsinə” simfonik poemaları, “Bahar təranələri”, “Bir bayraq altında” kimi kantataları, üç tar konserti, eləcə də çoxsaylı süitaları və instrumental əsərləri vardır

Ələsgərov həmçinin iki yüzdən artıq mahnı və romansın müəllifidir. Onun “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi mahnıları və romansları Azərbaycan musiqisində geniş yayılıb. Qarabağ mövzusu bəstəkarın yaradıcılığında mühüm yer tutub.

 O, “Yürüş mahnısı”, “Gənclik marşı”, “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura vətəndir”, “Əsgər marşı”, “Güllələnən abidələr”, “Azərbaycan polisi”, “Bakı–Ankara” kimi əsərlərində vətənpərvərlik mövzusunu musiqi vasitəsilə ifadə edib.

 

Filmoqrafiya

- Aktrisanın təbəssümü (film, 1974)

- Azərbaycan atları (film, 1953)

- Azərbaycan elləri (film, 1976)

- Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)

- Daşkəsən (film, 1946)

- Qabaqcıl sovxozda (film, 1955)

- Qəmbər Hüseynli (film, 2007)

- Musiqişünas (film, 2001)

- Ulduz (film, 1964)

 

Mükafatları

- "Şərəf nişanı" ordeni — 9 iyun 1959

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960

- Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 iyun 1974

- "Şöhrət" ordeni — 21 fevral 1999

 

Bəstəkarın ilk musiqi addımlarını sənət dostlarından Səid Rüstəmov belə xatırlayırdı: “Hələ böyük müəllimimiz Üzeyir Hacıbəylinin sağlığında onun xalq çalğı alətləri üçün yazdığı bir sıra əsərləri ustadımızın diqqətini cəlb etmişdi. Onun mahnıları indi də öz təravətini itirməyib”.

Süleyman Ələsgərov haqqında bir çox görkəmli şəxsiyyətlər tərifəlayiq sözlər söyləyiblər. Ulu Öndər Heydər Əliyev onun haqqında hər zaman yüksək fikirdə olub: “Siz milli musiqi sənətimizin inkişafında böyük xidmətlər göstərərək, xalqımızın dərin ehtiram və məhəbbətini qazanmış sənətkarlardansınız. Tükənməz xalq musiqilərindən bəhrələnən yaradıcılığınız rəngarəngliyi, forma aydınlığı, musiqi dilinin səlisliyi ilə səciyyələnir. Müxtəlif janrlarda bəstələdiyiniz əsərlər son əlli il ərzində respublikanın mədəni həyatında mühüm rol oynayaraq, milli musiqi sənəti tarixinə parlaq səhifələr yazmışdır”.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə 74 yaşında vəfat edib. Bəstəkar haqqında "Xəyala dalarkən" sənədli televiziya filmi çəkilib. Filmin rejissoru Tahirə Hüseynovadır.

Bu gün Süleyman Ələsgərov irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 187 N-li fond adı altında saxlanılaraq qorunur. Onun fondu öz zənginliyi ilə seçilir. Bu fond arxivə sənətkarın özü tərəfindən təhvil verilib. Sənədləri arasında onun not yazıları, fotoşəkilləri, məqalələri, xidməti və ictimai fəaliyyətinə aid sənədlər üstünlük təşkil edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.