Super User

Super User

Cümə axşamı, 06 Avqust 2026 15:19

Marşlar ustası

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Musiqi sahəsində ən çətin janrlardandır marşlar. İndi sizə bu janrın ustadı barədə söz açacağam. 6 avqust onun anım günüdür. Qəribədir ki doğum günü də 12 avqustdur.

 

Həsənağa Abasquliyev 12 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olub. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənib. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyub

1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Kərim Babayevin truba ifası sinfində təhsil alıb. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirib. 1963-cü ildə o, xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayıb.

1960-cı illərdə Həsənağa Abasquliyev Rusiya Federasiyası Tomsk vilayətinin filarmoniyasından dəvət alıb və oraya işləməyə gedib. 1967-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan "Biz Bakıdanıq" estrada-caz ansamblından dəvət alaraq ölkəyə qayıdıb.

Bakı Musiqi Akademiyasının dosenti olmuş bəstəkar Azərbaycan və Rusiya artistlərinin sirk nömrələrini müşayiət edən musiqilər yazıb. Onun rus sirk ustasının "Canlı şlyapa" nömrəsi üçün yazdığı musiqi 1990-cı illərdə Yaroslavlda keçirilən beynəlxalq müsabiqədə 4 mükafata layiq görülüb. 1992-ci ildə bəstəkar "Qarşılanma marşı"nı yazıb.

Bu musiqi 1993-cü ildən Bakının hava limanında yüksək ranqlı çinli qonaqların qarşılanma mərasimində ifa olunur. Daha sonra yazdığı "Səni gözləyirəm", "Ayrılıq", "Qarşılama marşı", "Topçular marşı", "Dünya azərbaycanlılarının həmrəylik mahnısı" mahnıları bəstəkarın məşhur əsərlərindəndir.

H.Abasquliyev 2000-ci ildə təşkil etdiyi caz orkestri ilə 2005, 2006, 2010-cu illərdə dəfələrlə beynəlxalq caz festivallarında iştirak edib və laureat olub. Həsənağa Abasquliyev 6 avqust 2018-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Cümə axşamı, 06 Avqust 2026 14:37

Haydı Törə yoluna, Ulu Türklük yoluna...

Eltən Törəçi,

dəyər yaradıcısı.

“Ədəbiyyat və incəsənət” üçün

 

 

“Rusiyanın içində bizə açıq qapılar var – sadəcə döyülməyi gözləyirlər...”

Əgər Rusiya bizi sıxışdırırsa – bazarda yerimizi daraldır, miqrantımıza zülm edirsə – demək ki, yanlış darvazanın önündəyik.

 

Çünki Rusiyanın içində elə bölgələr var ki, orada dilimiz danışılır, dua bizim kimi edilir, çörək bizim kimi bölünür.

Biz oraları çoxdan unutmuşuq...

Onlar isə hələ də bizi unutmamışlar...

 

Kazan bizi gözləyir – Tatarıstanın ürəyidir.

 

Orda Naberejnıye Çelnı, Almetyevsk, Buqulma, Çistopol kimi şəhərlər təkcə sənaye bölgələri deyil – qardaş yurdudur.

 

Ufa bizi tanıyır – Başqırdıstanın nəfəsidir.

 

Sterlitamak, Salavat, Belebei, Baymak, Neftekamsk – bunlar topoqrafiya deyil, bizim unutduğumuz kəndlərimiz kimidir.

 

Mahaçqala bizdən incikdir – Dağıstanda Qumuq eli bizi xatırlayır.

 

Khasavyurt, Buinaksk, Karabudakhkent – Azərbaycan məhsulu orda qürurla satılar, əgər aparan olsa.

 

Çerkessk – Qaraçay-Çərkəz elinin paytaxtı.

 

Karacayevsk – türk nəfəsi hələ də ordadır. Uzaq saydığımız bu şəhər, əslində çox yaxın ruhdadır bizə.

 

Nalçik – Kabardin-Balkarın qəlbi.

 

Baksan, Tırnauz, Proxladnı – bu adlar xəritədə solğun görünür, amma könüldə canlıdır.

 

Kızıl – Tuvanın başı.

 

Tere-Xol, Piy-Khem, Erzin – sənin bir dəfə belə getmədiyin yerlərdə sənin haqqında danışanlar var.

 

Gorno-Altaysk – Altayların ocağı.

 

Onguday, Kosh-Agach – çöl ruhunu axtarırsansa, baxışlarını oraya döndər.

 

 

***

Biz illərlə Moskvaya baş əyib iş gördük,

Amma Kazana baş çəkməyi unutduq.

 

Biz Moskva gömrüyündə əzilərkən,

Ufa’dakı qardaş əli uzanıqlı qaldı.

 

Biz Qərbə doğru sürüklənəndə,

Türkün doğu qapıları bağlı qaldı.

 

Bəlkə də zaman yetişdi...

Ətimizi, çörəyimizi, xalçamızı, oxumuzu, sözümüzü götürüb bu yurdların yolunu tutaq.

Ticarət elə burdan başlasın.

Sözümüz elə bu ellərdə eşidilsin.

Brendimiz Turanın adı ilə tanınsın.

Çünki biz tək deyilik.

Çünki bizi gözləyənlər var.

Və bəlkə də, bizi sıxışdıranların vəzifəsi – bizi yola salmaqdır.

Törə yoluna, Ulu Türklük yoluna...

 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

 

 

 

 

Cümə axşamı, 06 Avqust 2026 14:04

Övlada tövsiyyə... Bir gün mən də qocalacağam

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan həyatı qəribə bir çevrədir. Dünyaya gözlərini açan körpə necə başqasının əllərinə möhtacdırsa, ömrünün son dayanacağı olan qocalıqda da yenidən həmin ehtiyacı yaşayır. Aradakı illər insanı böyüdür, gücləndirir, öyrədir, sevindirir, incidər, amma zaman heç kəsə güzəşt etmir. Bir vaxtlar uşağını qucağında daşıyan əllər gün gəlir əsir, minlərlə addımı yorulmadan atan ayaqlar yavaşlayır, hər şeyi dəqiq xatırlayan yaddaş isə zaman-zaman susmağa başlayır. Həyatın ən böyük həqiqətlərindən biri də budur: insan bir gün mütləq qocalır.

 

Valideyn olmaq yalnız bir uşağı dünyaya gətirmək deyil. Valideyn olmaq yuxusuz gecələr keçirmək, öz rahatlığından imtina etmək, övladının bir təbəssümü üçün bütün yorğunluğunu unutmaq deməkdir. Uşaq ilk dəfə ayağa qalxanda sevincdən gözləri dolan da valideyndir, ilk dəfə yıxılanda onun yerinə canı yanan da. O, övladının hər "bacarmıram" sözünü "bacaracaqsan" ümidinə çevirən insandır. Bu sevginin qarşılığında isə çox vaxt heç nə istəmir. Tək arzusu budur ki, ömrünün sonunda unutulmasın.

Bir gün mən də qocalacağam. Ola bilsin ki, çörəyi əlimdən salacağam, paltarımın düyməsini bağlaya bilməyəcəyəm, eyni sözü bir neçə dəfə təkrar edəcəyəm. Bəlkə də danışarkən fikrimi yarımçıq qoyacağam, adları unudacağam, dünən baş verənləri xatırlamayacağam. O gün mənə hirslənmə. Çünki sən də bir vaxtlar eyni sualı on dəfə verirdin, eyni nağılı hər axşam dinləmək istəyirdin, gecələr qorxub məni yuxudan oyadırdın. Mən isə bir dəfə də olsun "bezdim" demirdim. Çünki sevən insan səbri yük hesab etmir.

Qocalıq insanın zəifliyi deyil, keçdiyi yolun izidir. Üzdəki hər qırış yaşanmış bir ilin, ağaran hər saç çəkilmiş bir zəhmətin nişanəsidir. O qırışlarda övladını böyütmək üçün çəkilən əziyyət, gizlədilən göz yaşları, bölüşülməyən ağrılar yaşayır. İnsan qocalanda yalnız bədəni deyil, xatirələri də ağırlaşır. O, bəzən danışmır, sadəcə susur. Çünki bəzi xatirələrin dili olmur.

Zaman dəyişdikcə dünya da dəyişir. Yeni texnologiyalar, yeni qaydalar, yeni həyat tərzi yaranır. Bir gün mən bunları başa düşməyə bilərəm. Telefonun düymələrini səhv basa, yeni proqramlardan istifadə edə bilməyə bilərəm. O zaman mənə istehza ilə baxma. Axı sən ilk dəfə qələmi necə tutacağını bilməyəndə, ayaqqabının bağını bağlaya bilməyəndə, həyatın nə olduğunu anlamayanda mən səni səbirlə öyrətmişdim. Mən sənin səhvlərinə gülümsəyərək düz yol göstərmişdim. İndi isə mənim növbəmdir – sənin səbrinə ehtiyac duyduğum növbə.

Bəzən qocalar eyni hadisəni dəfələrlə danışırlar. Əslində onlar danışdıqları hadisəni yox, yaşadıqları ömrü yenidən yaşayırlar. Çünki insanın yaddaşından ilk silinən xatirələr yaxın olanlar, ən gec silinənlər isə ürəyinə ən dərin yazılanlardır. Ona görə də yaşlı insanın sözünü yarıda kəsmək, onun keçmişini əlindən almaq kimidir. Halbuki o, sadəcə dinlənilmək istəyir.

Elə gün gələcək ki, ayaqlarım məni əvvəlki kimi aparmayacaq. Pilləkənlər gözümə uca görünəcək, yollar uzanacaq. Onda mənə əlini uzat. Necə ki, bir zaman mən ilk addımlarını atan balaca əllərini tutmuşdum. Həyatın ən gözəl ədaləti də elə budur: vaxtilə valideyn övladına dayaq olur, illər sonra isə övlad valideyninə.

İnsan yaşlandıqca ölüm haqqında daha çox düşünür. Bu, yaşamaqdan bezdiyi üçün deyil, ömrünün yorğunluğunu hiss etdiyi üçündür. Bəzən "artıq yaşamaq istəmirəm" deyəndə əslində "artıq çox yorulmuşam" demək istəyir. Belə anlarda ona qəzəblənmək yox, yanında oturmaq, əlini tutmaq, "mən buradayam" demək kifayətdir. Çünki bəzi dərdlərin dərmanı söz deyil, varlıqdır.

Valideyn üçün dünyanın ən böyük sərvəti övladının sevgisidir. Bahalı hədiyyələr, böyük evlər, yüksək vəzifələr onun üçün ikinci plandadır. O, sadəcə övladının səsini eşitmək, bir fincan çayı birlikdə içmək, halını soruşan bir zəng almaq istəyir. Çünki qocalıqda insanı həyata bağlayan ən güclü səbəb sevdiklərinin yaxınlığıdır.

Bu gün valideynimizin titrəyən əllərinə baxarkən unutmayaq ki, həmin əllər vaxtilə bizi qucağında daşıyıb. Onun zəifləyən gözləri bir zaman gecələri yuxusuz qalaraq üstümüzdə keşik çəkib. Onun yorulan ürəyi illərlə bizim üçün döyünüb. İndi isə həmin ürəyin ehtiyacı yalnız bir şeydir – sevildiyini hiss etmək.

Həyat bizə çox şey öyrədir. Amma bəlkə də ən böyük dərs budur: valideynə göstərilən mərhəmət insanlığın ən ali ölçüsüdür. Çünki sevgi yalnız güclü olduğumuz günlərdə deyil, qarşımızdakının gücdən düşdüyü zaman göstəriləndə həqiqi məna qazanır.

Bir gün biz də qocalacağıq. Bu gün valideynimizə necə davranırıqsa, sabah həyat eyni davranışı fərqli bir ünvandan bizə qaytaracaq. Ona görə də onları qocaldıqları üçün deyil, bizi böyütdükləri üçün sevək. Onların yavaşlayan addımlarına öz addımlarımızı qoşaq, zəifləyən əllərini möhkəm tutaq və ömürlərinin son səhifələrini sevgi, hörmət və mərhəmətlə tamamlamağa kömək edək.

Çünki insan övladı valideyninə verə biləcəyi ən qiymətli hədiyyəni nə pulla ala bilər, nə də zamanla geri qaytara bilər. O hədiyyənin adı sadəcə sevgi, hörmət və vəfadır.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Ədəbi tənqid mövzusunda Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi” məqaləsini təqdim edəcək. Ramil Əhməd gənc olsa da artıq ədəbiyyat adamı kimi nüfuz qazanmağı bacarıbdır. Düşünürük ki, bu məqalədən bəhrələnə biləcəksiniz.

 

 

Ramil ƏHMƏD

 

XATIRLAMANIN VƏ UNUTMAĞIN SƏSİ

 

Öncədən anlaşaq: musiqişünas deyiləm. Olsaydım, heç şübhəsiz, son iki ildir mütəmadi olaraq əsərlərini dinlədiyim dörd azərbaycanlı bəstəkardan Qasımzadə Türkərdən, İbişov Tahirdən, Qəmbərli Ayazdan, Səid Qənidən və əlbəttə, həm onları, həm də onlarla eyni dalğada olan başqa yaradıcıları birləşdirən “Cadenza” orkestrından yazardım. Əslində, bu yazını heç mən yazmalı deyildim. Sadəcə, bu bəstəkarların işlərini daha yaxşı anlamaq üçün hazırda oxuya biləcəyim təhlili yazılarla qarşılaşmıram. Elə o anda özüm nəsə yazmaq istədim: anlayaraq yazmaq və yazaraq anlamaq üçün. Ey ucsuz-bucaqsız azlıq, ardımca, növbəti abzasa:

 

PROTOKOL

         

     Getdiyimiz hər yerdə tez bitməsini istədiyimiz protokol çıxışlar olur. Mütləq kimsə deyir ki, birinci və ikinci sıranı boş buraxın. Bu da bizim yazının protokol hissəsidir. Tədbirlərdə hansısa rəsminin çıxışını “2x” sürətində dinləmək şansı verilməsə də, ədəbiyyatın demokratik quruluşunda sizin digər başlığa keçmək hüququnuz var. 2024-cü il dekabrın 30-da Muğam Mərkəzində keçirilən “Cadenza” orkestrinin “Kiçik Dəniz küçəsi #2” adlı konserti keçirildi. Ən yeni peşəkar musiqimizi dinləmək fürsəti yaradan orkestrin ilin sonuncu konsertinin repertuarı dörd bəstəkarın əsərlərindən ibarət idi. Bu dörd bəstəkarın yollarının ilk dəfə kəsişdiyi, tələbəlik həyatlarının, ilk gənclik illərinin keçdiyi önəmli məkanlardan olan Kiçik dəniz küçəsi birləşdirici, başlanğıc funksiyasını yerinə yetirir. Konsertin adında məkana vurğu varsa, proqrama daxil olan əsərlərin əsas motivi zaman, zaman içində geri dönüşlər, dəyişimlər ön plandadır. İfa olunan əsərlərin bəzisi bir neçə müddət öncə yazılsa da, əksəriyyəti yeni bəstələr idi. Bir çoxu ilk dəfə ifa olunurdu. İndi oxuduğunuz bu yazını il ərzində bir-birindən fərqli və yeni musiqi əsərlərini dinləməyimizə vəsilə olan “Cadenza”ya – bu əsərləri yaradanlara və bizə çatdıran ifaçılara təşəkkür məktubu kimi də qəbul etmək olar. 

 

ZAMANDA RƏNGLİ SƏYAHƏT

 

...Ötüb keçən zaman, keçmiş dediyimiz yaşanmışlıq necə də rəngarəngdir, deyilmi?! Səid Qəninin “Adagio”sunu dinləyərkən gözümün önündə bir səhnə canlandı: bir adam yavaş-yavaş, ağır addımlarla keçmişə səyahət edir. Keçmişə nəzər salmaq həmişə kaleydoskop effekti yaradır. Ömür tale adlı toxucunun tez-tez dəyişən müxtəlif rəngli naxışlardan hördüyü bir xalçadır sanki. Kaleydoskopda bu çoxrəngli fiqur kombinasiyasını yaradan içində bir-birinə baxan aynalardır. Həyatda da elədir, günlərimiz, rutinlərimiz, vərdişlərimiz, davranış qəliblərimiz bir-birinə güzgülənir hərdən. Amma bu güzgüdəki yansıma da orijinaldır, təqlid deyil. Bəstəkarın əsərin bəzi məqamlarında notların bir-birinə baxan ayna effekti ilə istifadəsi çox zərif bir məqam kimi yaddaşımda qaldı.

“Adagio” keçmişə səyahətin bir xülasəsi idisə, onun ardınca səslənən “Epizod” ötən gündə baş vermiş bir anı dondurub onu ən mikro hissələrinə qədər bölüb xatırlama cəhdidir. Əsərin qoboy üçün yazılmış hissələri bir anlıq insana bu keçmişə səyahətin təkcə şüur qatında yox, həm də alt-şüurda baş verdiyini hiss elətdirir. Sona doğru qoboyun pianonun qulaqlarına sərt bir şəkildə nələrisə deməsi isə sonuncu çağırış kimi, hansısa amansız, tükürpədici bir həqiqətin son dəfə dilə gətirilməsi kimi səsləndi...

 

İTMİŞ ZAMANIN SORAĞINDA

 

Unutduğunu sandığın bir anda qəfil yolunun kəsişdiyi kiçik bir küçə, bəlkə, tanış qoxu, bəlkə, bir əşya heç nəyin hafizəndən silinmədiyini xatırladır. Bəzən sən özün də ömrünün xronologiyasını hansısa nəsnələrlə, əşyalarla ard-arda düzürsən. Evin çox da gözə batmayan bir hissəsində altşüur kimi bir qutuya qoyulduğu, zaman-zaman açıb baxdığın bu fotoşəkillər, başqaları üçün heç bir məna ifadə etməyən, artıq praktik istifadəyə yararsız hala düşmüş kiçicik əşyaya baxıb uzun bir ili, bir ömrün həyati yolayırıclarını xatırlaya bilirsən. Bunu, bəlkə də, bir şeirdə misra edə bilərdim, amma bura yazıram: əşyalar zehnimizin içindəki xatirələr seyfinin açarıdır... Əllə tutulması mümkün olmayan keçmiş uzun müddət xəyali bir şəkildə insan zehnində yaşaya bilməz, onun maddələşməsi qaçılmazdır. Uşaqlarımıza qoyduğumuz nənə-baba adları, ağ-qara rəngli fotoşəkillər, saralmış məktəb gündəlikləri, qol saatları, uşaqlıq köynəkləri və sair keçmişi maddələşdirməyin nişanələri onları yaşatmaq cəhdləridir.

Bəstəkar Ayaz Qəmbərli əvvəlcə, itmiş zamanının ruhunu cisimləşdirməyin çoxlu yollarından birini seçir: əşya. Ancaq tək bir əşya fonunda məhdudlaşdırmaq istəmir: əntiq əşyalar. Sonra bir nəfərin şəxsi tarixçəsi fonuna sığışdırmamaq üçün dərəcəni bir qədər də artırır: əntiq əşyalar dükanı. “Akvarel” silsiləsindən yazılan bu əsər solo piano üçün nəzərdə tutulub. Bu cümləni elə-belə informasiya olsun deyə, yazmadım. Belə bir əsərin məhz solo olaraq nəzərdə tutulması strukturu tamamlayır. Heç cür təsəvvür etmirəm ki, belə bir əsər ansamblla ifa olunsun. İtmiş zamanın sorağı kollektivləşə bilməz. Eyni anın şahidi olan adamların həmin keçmiş məqama dönməsi solodur, təkdir, bircədir. Ortaq yaşadığımız məqama eyni rakursdan baxmaq, ümumən eyni anın içində olub onu eyni şəkildə tükətmək psixoloji, emosional, bioloji olaraq mümkün görünmür.

“Əntiq əşyalar dükanında” əsəri plastik, tunc və ya daş yaddaşına keçmişi həkk etmiş şeylər vasitəsi ilə itmiş zamanı soraqlayır. Dəfələrlə fərqli registrlarda, fərqli notlarla, fərqli dinamika ilə təkrarlanan “mi, re#, do#, re#” motivi unutduğunu sandığın bir anın zehində anidən parıldaması effektinə ekvivalent kimi səslənir. Fərqli not təkrarlarına rəğmən, motiv eyni tempə, ritmə və interval ardıcıllığına sabitlənib. Bir növ xatırlama anı necə baş verirsə-versin, əşyanı harada unutduğuna dair ehtimal kombinasiyaları olsa da, o elə həmin unutduğun məkana sabitlənib. Unudulanlar, yaşananlar, zamanın içindəki məqamlar yerini dəyişmir. Biz hafizənin oyunları ilə onların yerini ya dəyişirik, ya dəyişik salırıq. Təkrarlanan “mi, re#, do#, re#” motivi hər yeri ələk-vələk edib tapmadığın əşyanın yerini bir an – aha!!! – yadına salmaq məqamını xatırladır. Son bir ümidlə bu dəfə digər çəkməcəni açmağa gedirsən; bütün diqqətini toplayıb qarşında özünü sənə xatırladan naməlum tanışın həmin gün dediyi sözü dəqiqləşdirməyə cəhd edirsən və birdən hər şey yada düşür, özü də bütün təfsilatı ilə, hekayəsi ilə birlikdə!

“Elementlərin müqaviməti” də zamanın içində bir başqa itmişliyi xatırladır. Bu dəfə gərgin, daha isterik şəkildə. Diqqətlə dinləyəndə əsərin ifa olunma çətinliyini sezirsən. Bəstəkar avanqardın bütün imkanlarını, imkansızlığını yoxlamağa cəhd edir elə bil. Bununla da, xatırlama deyilən mexanizmin müşküllüyünü düşündürür. Bəzən violinin, bəzən violonçelin, bəzən pianonun dağınıq, gərgin səsi ilə belə bir atmosfer yaranır: kimsə stəkanı yerə çırpdı; pəncərəyə daş atdı; kimsə bütün ürəyini boşaltdı, ardınca qapını möhkəmcə çırpdı... Və qapının bu əsəbi çırpılışı cümlənin sonuna nida kimi düşdü!

 

DİALOQ: ÖTƏN GÜNLƏRLƏ SÖHBƏT

 

Bir az uzaqdan başlayıram: incəsənətimizin bütün növlərinə modernlik musiqi və rəssamlığımızdan daxil olub. Bu iki sənətin zamana çevik adaptasiyası, dünya ilə səsləşməsi, ondakı dəyişiklikləri tez bir zamanda duymaq və sənətə yönəldə bilmək digər sahələrə görə daha sürətlidir. Burada səsin və rəngin ümumbəşəri kodlarının, tərcüməyə ehtiyacının olmamasının da əhəmiyyətli rolu vardır. Nə üçün mən son iki ildir müasir bəstəkarların əsərlərini dinləməyə gedirəm deyə, özümdən soruşsam, cavabım bəllidir: dialoq. Eyni havanı udduğumuz, eyni səmanı paylaşdığımız, eyni siyasi, sosial, iqtisadi reallığı paylaşdığımız, mənimlə yaşıd olan yaradıcı adamların dünyanı notlarla, səslə necə anlamlandırdığını, ətraf aləmlə olan dialoqunu eşitmək istəyirəm. Uzun söhbətdir, ancaq bu gün yaşadığımız durğun yaradıcı mühitin ən önəmli problemi dialoqun olmamasıdır. Bu səbəblədir ki, böyük əksəriyyətində iştirak etdiyim konsertlərdə bir-iki ədəbi simadan, iki-üç rəssamdan başqa heç kimi görmürəm. Eyni şey digər tərəfdə də baş verir, kitab təqdimatlarında, poeziya günlərində, rəsm sərgilərində də bir-iki digər sahələrlə məşğul olan yaradıcı simadan başqa heç kəsi görmək olmur. Yaradıcı şəxs üçün vacib elementlərdən olan içə qapanma dörd yanımızı əhatələyib – hamı öz içinə həm də şəxsi olaraq qapanıb. Rəssam rəssamla, şair şairlə, bəstəkar bəstəkarla çəkib öz sərhədlərini. Bütün bunları xatırlamağıma səbəb Türkər Qasımzadənin soprano və gitara üçün yazdığı “Adil Mirseyidin sözlərinə iki nəğmə” əsəri ilə səs və söz arasında dialoq qurmasıyla bağlıdır. Üç misradan ibarət olan birinci şeir və onun davamı hissiyyatını ötürən bir qısa şeir Mirseyidin nəğmə kimi yazdığı misralardır. Şairə görə, bu şeirlərin öx daxili intonasiyası, nəğməsi, heç şübhəsiz, varıydı. Bu şeirləri oxuyarkən o səsi eşitmək, bəlkə də, yalnız bir bəstəkar mütaliəsində mümkün ola bilərdi. Türkər Qasımzadənin bu əsərinin yaranmasında intiutiv olaraq duyuram ki, əsas  misralar, məncə, budur:

 

“Sən harada olacaqsan,

Ötən gün geri gəlsə?”

 

İstər dil, istərsə də mövzu baxımından modern şeirimizin imkanlarını genişləndirən, şeirində səs və rəng elementlərindən geniş şəkildə istifadə edən A. Mirseyidin ən imkansız olanı – zamanı geri qaytarsa belə, qeyri-müəyyən bir boşluğa düşdüyü məqamın təsviridir bu. Ötüb keçən zamanın içindəki “onun” yenidən yerini təyin etmək istəyi və ya sadəcə, düşüncəsi. Kimə ünvanlanıb bu sual? Kimdədir ən doğru cavabı? Cavab nədir? Dialoq kimi görünən bir monoloq var qarşımızda. Bu iki misra bir qeyri-mümkün dialoq qurma cəhdindən başqa bir şey deyil sanki. Türkər Qasımzadənin əsərində də duyduğum bu idi: cavabsızlıq. Əsərin strukturunda sanki “ötən günlər” Mirseyidin şeiridir, “sən” Qasımzadənin musiqisi, ya da tərsinə. Cavabını kimsənin bilmədiyi, bəlkə, bilsə belə, ifadə olunmazlığın qeyri-mümkünlüyünün sintezi. Gitaranın gövdəsinə toxunaraq alınan səs şeirdəki qaranlıqda vurnuxan quşların qanad çırpması, hansısa boşluqdan maddi bir şeyə toxunuşuna harmonik olsa da, ümumən bu iki əsər arasındakı dialoq ənənəvilikdən çox kənardır. Bəstəkar bir şeir və gitara üçün yazılmış musiqi dedikdə klassik bir yanaşma ilə ağlımıza gələn fikri alt-üst edir. Müşkül olan gerçəkləşib – ötən gün gəlib çıxıb indiyə, amma oradakı o sevilənin, o əzizi-mənin yerini müəyyən edə bilməmək alt-üst olmaq demək deyilmi? Mahiyyətcə mümkünsüz bir dialoq üzərində qurulmuş, öz içinə dərviş kimi qapanmış bir Mirseyid şeiri ilə ən yeni musiqinin bütün imkanları yoxlamaq ehtirası, o dərvişi çiləxanasından çıxarıb meqapolislə dialoqa çağıran Qasımzadənin yaratdığı əsər...

   

ZAMANI UNUTMAQ

 

Keçən zaman ərzində, bəlkə, yanlış, bəlkə, doğru olaraq Tahir İbişovun əsərlərini belə qavradım: əsərlərinin görünən tərəfindən çox görünməyənləri var, dünyəvi olanla metafizik olanın ahəngini tapmaq, yaratmaq istəyi var. Heç şübhəsiz, bu sadəcə, bəstəkarın istəyi kimi də qalmır, reallaşmış nümunə kimi dinləyiciyə təqdim olunur. Əlbəttə, dinləyici bu əsərlərin musiqi tarixi üçün əhəmiyyətli ustalığı, yeniliyi, fərqliliyini, bəlkə, bir o qədər duymur. Məncə, bu sonacan bilinəcək bir şey də deyil, ya da olmamalıdır. Bir yazar olaraq mənim üçün də çox kədərli olardı ki, yazdığım bir mətni bir şərhlə, bir rəylə tükətmək, tam qavramaq mümkün olsun. Tahir İbişovun da çox sevdiyi klassik şairimizin sözlərinə müraciətlə deyim ki, ciddi sənət gərək şərhi-bəyana sığmasın.

Konsertin sonunda bəstəkarın simli orkestr üçün yazdığı “Ur-fani” adlı əsər ifa olundu. Əslində, bununla da konsertin birinci əsərdən sonuncuya qədər bəlli bir daxili nizamı olduğu, əsərlərin sıralanmasında da kompozisiya qurma, konsertə yeni bir məna çaları əlavə edilmə istəyi olduğu duyulur. Əsərin ad seçimiylə bəstəkarın yaratdığı mənanı konkretləşdirmək çətin olsa da, sözün məna yaxınlığı ilə istiqaməti müəyyən etmək mümkündür. “Ur” sözünün lüğətdə (1)puç, batil; (2)eyib, ar; (3)lüt, çılpaq kimi mənaları var. “Fani” sözü isə əbədi olmayan, müvəqqəti, keçici məzmunu ilə sabitlənib.  Konsert boyunca, mənim şərhimcə, biz zaman içində yaddaşın, hisslərin, yaşanmışlığın dalğalanmasını dinlədik;

Said Qəninin “Adagio” və “Epizod”u bizə ötüb keçən zamana müxtəlif rəngli – kaleydoskopdan baxırmış kimi baxmağı təklif etdi;

– Ayaz Qəmbərli “Əntiq əşyalar dükanında” və “Elementlərin müqaviməti” ilə itmiş zamanı əşyalarla maddiləşdirib anlamağa səslədi və bu anlamağın iki halını göstərdi, birincidə bu itkini təmkinlə qəbullanmağı, ikincidə isə onunla üzləşməyin nevrotik halını;

– Türkər Qasımzadə “Adil Mirseyidin sözlərinə iki nəğmə”si ilə şairin “Sən harada olacaqsan/ Ötən gün geri gəlsə?” misrasını mərkəzə alaraq, əslində, məsələ zamanın itkisi yox, o zamanın içində itirdiklərimizlə dialoq yaratmanın atmosferini qurdu, sən demə, ən mümkünsüz olan ötən günlərin geri qayıtmaq fürsətinin olmaması deyilmiş, onlar geri də qayıda bilərmiş, amma, ancaq, lakin, fəqət bu qayıdışdan sonra oradakı adamların, əşyaların, xatirələrin yerini müəyyənləşdirmək necə mümkün olacaq, kim biləcək bu bilməcənin cavabını? Üstəlik, burada dəyişən, sadəcə, arzulanan deyil, həm də arzulayandır.

– Tahir İbişov “Noktürn” gecə musiqisi ilə əvvəlcə dinləyicisini psixoloji olaraq hazırladı, ya da hazır olub-olmadığını yoxlamaq istədi. “Ur-fani”si ilə bütün bu zaman içində gedib-gəlmələrin puçluğunu, zaman deyilən şeyin keçiciliyini vurğuladı. Hər şey dəyişikliyin bir parçasına çevrilməyə, dəyişikliyə məhkumdur. Unutmaq da, unudulmaq da qaçılmazdır. Bu əsər, bəlkə, bizi unutmağa köklədi; bəlkə, istəməsək də, unudacağımızı dedi; bəlkə də, öz metafizik axtarışlarıyla gəlib çıxdığı bir həqiqəti dilləndirdi. Bəlkə, elə, bəlkə də, yox. Amma bəlkəsiz sözün bütün mənalarında unutmadan yenilənə bilmək mümkünmü?

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış şair, tərcüməçi və ictimai xadim Salam Sarvana 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda yazılıb:

 

Komitə sədri yubilyarı ömür və yaradıcılıq yolunun əlamətdar mərhələsi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və ictimai fəaliyyətində uğurlar arzulayıb.

Təbrik məktubunda Salam Sarvanın uzun illər ali təhsil sistemində, keçmiş Dövlət Tərcümə Mərkəzində, müxtəlif ictimai qurumlarda, eləcə də ölkənin aparıcı media orqanlarında redaktor və baş redaktor kimi səmərəli fəaliyyət göstərərək Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına töhfələri vurğulanıb.

Fazil Mustafa vurğulayıb ki, Salam Sarvanın şeirlərinin müxtəlif xalqların dillərinə tərcümə olunması, habelə onun dünya poeziyasından örnəkləri Azərbaycan dilinə çevirməsi milli ədəbiyyatımızın beynəlxalq ədəbi əlaqələrinin inkişafına xidmət edən fəaliyyət istiqamətlərindəndir.

Məktubda qeyd edilir ki, “Heykəl tənhalığı” şeirlər kitabının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülməsi müəllifin yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir.

Komitə sədri bildirib ki, bədii sözə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və fəal ictimai mövqe Salam Sarvanın yaradıcılığını və fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir. Bu özəlliklər onun Azərbaycan ədəbi fikrində və ictimai həyatında özünəməxsus yerini müəyyənləşdirən amillərdəndir.

Fazil Mustafa əminliyini ifadə edib ki, Salam Sarvan bundan sonra da zəngin yaradıcılıq təcrübəsi və ictimai nüfuzu ilə Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə və cəmiyyətimizin mədəni həyatına yeni töhfələr verməyə davam edəcək.

Sonda komitə sədri tanınmış şairi 60 illik yubileyi münasibətilə bir daha təbrik edib, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və həyatının bütün sahələrində xoş günlər arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

qiş gecəsi boz dumana bürünür
qış gecəsi ay çox solğun görünür
bəyaz aya baxınca ürəyimiz üzülür
göz yaşları axmadan kipriklərə düzülür
mən də aytək saralıram soluram
mən də aytək  göyüzündə yalqız oluram
heç bilmirəm təqvimdə günlərdən hansı gündü
yenidən yaşamış kimiyəm indi
a luna kanula gülüm çiçəyim
parçalanır bu gecə parçalanır ürəyim
göydə ay solub gedir soyuq qış havasında
yuxuda səni gördüm bir bülbül yuvasında
mən yuxumun içində qarışdırdım yuxumu
sən bülbül yuvasından səsləyirdin ruhumu
mən qanımla ay rəsmi çəkirəm aynada
ilahi namaz üstə diz  çökürəm aynada
aynadakı bu adam nəyin nəsidi Allah
qeybdən bir səs gəlir kimin səsidi Allah
allahım bir zamanlar mən ay suvarisiydim
mən cənnətdən qovulan bir mələk varisiydim
ayrılıq acısı var bu gün şeirlərimdə
metropol həyatına alışmış bir şamanam
alnımda gözəl ayın öpücüyü görünür
mən artıq taleyimlə barışmış bir şamanam
iki gecədi ay çox solğun görünür
ömrümün aynasında sənin ruhun görünür

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

 

Cümə axşamı, 06 Avqust 2026 11:03

Yarım qaldığım yer

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəzən özümü bağışlaya bilmirəm. Bəzi şeylər var ki, özümü onlara qarşı əngəlləyirəm. Bir sədd çəkirəm, sevmədiyim şeylərə məruz qalmayım deyə. Və bəzən elə olur ki, özümə əngəllədiyim yollar qarşıma çıxanda o əngəlləri qırıb keçirəm, uydurma bir səbəb taparaq. O an bunu etmək üçün haqlı səbəblərim olur, etdikdən sonra isə geriyə yenə də peşmanlıq qalır. İnsan bəzi şeyləri ata bilmir, hər nə qədər mübarizə aparsa da.

 

Bir şeyləri bitirmək, həyatından çıxarmaq asan deyil. Bir boşluq yaranan kimi gəlib sənə qarışır. İstənməyən qonaq kimi gəlib qapını döyür. Sən onu dəvət etməsən də, o özü qapıdan bir şəkildə girəcək. Adını qoya bilmirəm, çünki onu əngəlləyə bilmirəm. “Bir səhv idi, keçdi, bir yanlış idi, doğrunu tapdım, bir boşluq idi, yerini doldurdum” deyə bilmədiyim üçün həmişə bir yer yarımçıq qalır.

Və mən hər dəfəsində yarım qaldığım yerdən yaralanıram. Hər dəfə elə düşünürəm ki, bu dəfə hər şeyi keçmişdə buraxa biləcəyəm. Amma hər dəfə düşdüyüm yerdə ilişib qalan mən oluram. Bu gerçəklə yaşamaq üzləşmək qədər çətindir.

Amma mən mübarizə aparıram. Bəlkə bir gün hər şey düzələcək, keçmiş xoş xatirələrlə xatırlanacaq. Artıq sənə əvvəlki kimi əzab verməyəcək, çünki sən heç vaxt davam etməkdən, mübarizə aparmaqdan qorxmadın. Və bir gün üzləşməkdən də qorxmayacaqsan.

Unutma, bir gün hər şey bitəcək, sən hər çətinliyin öhdəsindən gələ biləcəksən. Bu hekayənin qəhrəmanı — heç vaxt yarımçıq qalmayan sənsən.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Cümə axşamı, 06 Avqust 2026 10:41

“Ruhun pıçıltısı” Təranə Turan Rəhimli ilə

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam dəyərli izləyicilərimiz.

"Ədəbiyyat və İncəsənət" portalı poeziya ilə ruhu qidalananları həmişə sevindirir.

Bu dəfə də " Ruhun pıçıltısı" adlı rubrikamızın dəyərli şair qonağı var.

 

Beləliklə, yazıçı, ədəbiyyatşünas, Filologiya elmləri doktoru Təranə Turan Rəhimli öz şeirləri ilə bizləri poeziya dünyasına qonaq aparır.

 

 

ALLAH, BÖYÜMƏDİM,

 UŞAQ QOCALDIM

 

Dərd öz ordusuyla doldu içəri,

Körpəydim, qapının çölündə qaldım.

Payız yarpağı tək töküldü illər,

Allah, böyümədim, uşaq qocaldım.

 

Neçə ulduz söndü, neçə ay doğdu,

Buludlar günəşə vermədi aman.

Ehmalca yeriyib barmağı üstdə

Ömürdən gizlicə dolandı zaman.

 

Tək-tək uzaqlaşdı yaxınım, yadım,

Hər yolun sonundan ayrılıq baxdı.

Sarılıb dünyanı qucaqladıqca

Dünya qollarımdan sıyrılıb çıxdı.

 

Boğdum ürəyimdə tanış xiffəti,

Dirildi bir qədim həsrət  dərində.

Bir ağrı qol-budaq atıb böyüdü,

İçimə gömdüyüm eşqin yerində.

 

Dünyası öləni gendən tanıdım,

Hamının qəlbini gözündən gördüm.

Ağrıyana məlhəm olmaq istədim,

Minillik ağrımı içimə gömdüm.

 

Dualarım qanadından vuruldu,

Utanıb üstümə geri dönmədi.

Qürurumdan boğulduğum yerdəyəm,

Allah, sığındığım yeri görmədin.

                                    15.06.2026.

 

İNANDIĞIM DAHA BİR GERÇƏK ÖLDÜ...

 

Zülmətdə yox oldu sonuncu mələk,

Bağladım gözümü işığa, səsə.

Ömrümə bir düyün vurdu ki fələk,

Açıla bilmədim bir də heç kəsə.

 

Gözümdə böyütdüm qazanclarımı,

İtirdiklərimin yerin vermədi.

Güvənib qoynuna sığındığım dağ

Qarda çiçək açdım, yenə görmədi.

 

Qanı qurumadan bitişdi yaram,

Dirildim min dəfə, öldüm min dəfə.

Ümidlə çıxdığım hər təzə yolda

Vuruldum çatmadan yenə hədəfə.

 

Daha qanadlarım qalxmır uçmağa,

Qarğalar, quzğunlar tutub zirvəni.

Dünən inandığım bir gerçək öldü,

Kim inandıracaq bu günə  məni?

 

Bir qadın quruyub o pəncərədə,

Qəlbinin gözüylə Allaha baxmış...

İlahi, anladım  tək deyilmişəm,

Gördüm ki, kimsənin kimsəsi yoxmuş.

 

 

GÜCÜNDƏN YORULAN QADIN

 

Yatağına ulduz səpib,

Gecənin gözündən öpüb,

Buludu üstünə örtüb,

Gücünə sarılan qadın.

 

Beynində min sorğu-sual,

Susdur o  səsi, olsun lal, 

Gözləsin hamı, nəfəs al,

Gücündə qıvrılan qadın.

 

Gözündən yuxu tökülür,

Yol bitmir, dizin bükülür,

Yağış yağır, dan sökülür,

Gücündə  durulan, qadın.

 

Qürurundan yaralandın,

Öz içində daldalandın,

Neçə yerə parçalandın,

Gücündən qırılan qadın.

 

Barına yetən daş atdı,

Kin qusdu, nifrət boşaltdı,

Gör sənə nələr yaşatdı

Gücünə darılan, qadın.

 

Ümidlərin baltalandı,

Kim bilsin necə talandın,

Səbrindən nişan alındın,

Gücündən vurulan qadın.

 

Tərəzilər düzgün ölçməz,

Fələk haqq, nahaqqı seçməz.

Keçər dedikləri  keçməz,

Gücündə barınar, qadın.

 

Çölündə yarpaq tökümü,

İçində bir dağ çökümü.

Soyun, at bütün yükünü,

Gücündən yorulan qadın.

 

 

BAĞIŞLA, QIZIM 

 

Mən sənə demədim xurma bağına

Gedən yolun üstdə ilanlar yatır.

Demədim bir qapı açılanacan

Neçə ümidlərin əcəli çatır.

 

Qıymadım biləsən bura nə yerdir,

Dünyaya inanan bu gənc yaşında.

Qoymadım yük olsun körpə çiyninə

Bilmədiyin dərdlər ömrün başından.

 

Sənə öyrətmədim qara divlərin

Təkcə nağıllarda qalmadığnı. 

Saçından asılan gözəl qızların

O zindandan azad olmadığını.

 

Necə deyəydim ki, böyüyəcəksən,

Peşman edəcəklər böyüməyinə.

Haqqın yeyiləcək, döyüləcəksən,

Lal-kar baxacaqlar döyülməyinə.

 

Sənə gerçəkləri söyləmədim ki,

Bu ömür-gün dağ olmasın gözünə.

Gözlədim ruhundan utansın dünya,

Dəyişib yaraşsın mələk üzünə.

 

Mən sənə demədim, deyə bilmədim

Kürəyini qoru güvəndiyindən.

Ondan ilk zərbəni vuranda həyat

Qırıldın bu qədər düz bildiyindən.

 

Qıymadım fələyi tanıdam sənə,

Qəfildən üzləşdin tufanlı qışla.

Yığılıb dağ oldu qıymadıqlarım,

Yıxıldı üstünə, qızım, bağışla.

 

 

DÖNÜB ÇİYNİMİN ÜSTÜNDƏN

BAXANDA HƏYAT GÖRÜRƏM

 

Nənəmin "ağıl dəryası",

Babamın "noğul" qızıydım.

Anamın "sirr dağarcığı",

Atamın "oğul" qızıydım.

 

Güvənirdi evimizdə

Hamı mənə özü kimi,

İnanırdılar sözümə

Əsil kişi sözü kimi.

 

Böyüdürdü öz içimdə

Bu etibar, inam məni.

Hər gün bir az "kəşf edirdi"

Atam məni, anam məni.

 

Belə bir güvən üstündə

Ömür qurmağı öyrəndim.

Sözümə inandılar ki,

Sözdə durmağı öyrəndim.

 

İlmə-ilmə körpə qəlbə

İnamı nəqş elədilər.

Vaxtında Haqqı tanıdıb

Əqidə bəxş elədilər.

 

Doğru dürüst yaşamağı

Öyrəndim düz adamlardan.

Ömrü məşəl kimi yanan,

Ürəyi köz adamlardan.

 

Yarımçıqdan uzaq gəzdim,

Bütövlərə bel bağladım.

Riyakarla gülməkdənsə

Doğruyla birgə ağladım.

 

Arxada keçdiyim yollar,

Çığırlar çat-çat görürəm.

Dönüb çiynimin üstündən

Baxanda  HƏYAT görürəm.

 

 

EGE SAHİLİNDƏYƏM

 

Ege sahilindəyəm, Balkandan ŕüzgar əsir,

Dalğa-dalğa ruhumu alıb aparır dəniz.

Lap uzaqdan bir gəmi gözüylə məni kəsir,

"Kirpik qırpır" fənəri, çağırır səssiz-səssiz.

 

Ege sahilindəyəm, ulduzlar ətəyimdə,

Ayağımın altından qaçır şıltaq ləpələr.

Ay işığı sərilib adaların üstünə,

Dənizin laylasıyla mürgüləyir təpələr.

 

Ege sahilindəyəm, türkü var Rumelindən,

Selanikdən bu taya üzüb keçib dənizi.

Yenə düşdü yadıma Atatürkün xiffəti,

Tufan qopdu yenə, "Bir fırtına tutdu bizi".*

 

Ege sahilindəyəm, dünya ovuclarımda,

Üfüqlər qıpqırmızı, yavaşca sökülür dan.

Boşalır barmaqlarım, zaman axıb tökülür,

Gecə sıyrılıb çıxır Rodosun qucağından.

 

Ege sahilindəyəm, fikrim kim bilir harda,

Lövbər salıb xəyalım yaxın-uzaq sularda.

Araba təkərləri xışıldadır qumları,

Oyanır şəlaləsaç söyüdlər də bulvarda.

 

Ege sahilindəyəm, ömür nağıl kimidi,

Səhərin nəfəsində ilk sevgi qoxusu var.

Sübhə kimi yatmayıb şəhərin hay-küyündən,

Korpikləri yumulur, dənizin yuxusu var.

Ege sahilindəyəm... Ege sahilindəyəm...

 

* "Bir fırtına tutdu bizi" Atatürkün ən sevdiyi qədim Selanik türküsü idi.

 

 

ÇANAQQALA SAVAŞI

 

Türkün bəşəriyyəti silkələdi gur səsi,

Düşmənin bu sularda kəsildi son nəfəsi,

Osmanlı tarixinin qızıldan səhifəsi —

Dastanlara yazıldı Çanaqqala savaşı.

 

Millətin Vətən adlı bir sevdaya düşdüyü,

Dərd içində boğulub ümidi bölüşdüyü,

Silah yetməyən yerdə imanın döyüşdüyü --

Yaddaşlara qazıldı Çanaqqala savaşı.

 

"Allah, Allah" nidası batırdı  top səsini,

Qorxunc mədəniyyətin yırtıcı həvəsini.

Heyrətə saldı bütün ərşi, yer kürəsini,

Hər həmləsi söz oldu Çanaqqala savaşı.

 

Küllərindən göyərdi bu torpağın fidanı.

Zəfər yazdı tarixə 14 Türk komutanı,

Tökülüb Vətən oldu 400 min şəhid qanı,

İtirdikcə qazandı Çanaqqala savaşı.

 

Qadınlar silah alıb yetişdi ər hayına,

Sultaniyyə qalası daha möhkəm dayana.

Qürur heykəli oldu mis dövründən bu yana

Tarixlərə uzandı  Çanaqqala savaşı.

 

Qaldırdı Qoca Seyid ilahi bir qüvvətlə,

İki yüz yetmiş altı kilo mərmini  əllə.

Türkün böyük hünəri dolaşdı dildən-dilə,

Möcüzəyə yozuldu Çanaqqala savaşı.

 

Yüzbaşı Hakkı bəyin xəstə ürəyi dözdü,

Gecəni səhərəcən dənizə mina düzdü,

"Nüsrət" gəmisi ilə zəfərə doğru üzdü, 

İgidiylə söz oldu Çanaqqala savaşı.

 

Əsgərinin hər biri dəmir bilək, qurd ürək,

Döyüşürdü Haqq üçün Allahın ordusu tək ,

Əmr etmişdi komandan: "geriyə yol yox, ölmək! "

Bax belə zəfər çaldı Çanaqqala savaşı.

 

Damarlarda axan qan yurd sevgisiylə dolu,

Ənvər Paşa ordunun əyilməz polad qolu,

Albaydan Atatürkə  --  Mustafa Kamal yolu,

Əsrlərə səs saldı Çanaqqala savaşı.

 

Boğazının  suları içilməz Çanaqqala,

Xocalımdan, Şuşamdan seçilməz Çanaqqala

Qarabağın qardaşı keçilməz Çanaqqala,

Azadlığıma yoldur Çanaqqala savaşı.

 

 

YORULDUM, İNANMADILAR

 

Nağıl sevgilərdə qaldım,

Məni gerçək sanmadılar.

Elə yerdən yaralandım,

Yara bilib sarmadılar.

 

Ağrılar içimdə dağdı,

Zirvəsinə alov yağdı.

Hər dərdə körpəm tək baxdım,

Gəlməkdən usanmadılar.

 

Söz olub Haqqa deyildim,

Söz üçün ölüb dirildim.

Həyatı yanmaqda bildim,

Ondan mənə yanmadılar.

 

Tutundum qələm-silaha,

Yenə də pənah Allaha...

Gücümdən yoruldum daha,

Yoruldum, inanmadılar.

 

 

HÜNƏR ODUR...

 

Haqqa getməyən yolun

Bilinməz düzü, tərsi.

İnsan dərs almadıqca

Bitməz Allahın dərsi.

 

Ömür boyu tükənməz

Bu taleyin sınağı.

Qaya kimi dayanar

Yol üstündə qınağı.

 

Bəzən təbiətin də

Üzü dönər, sərt durar.

Yağışı döyəcləyər,

Dolusu qırmanc vurar.

 

Kəsər fələk ipini

Gözləmədiyin yerdə.

Bir az böyütmək üçün

Tanıdar səni dərdə.

 

Həyat -- sonsuz imtahan,

Hamı keçər birtəhər.

Qorxma, qatı zülmətin

İçindən doğar səhər.

 

Hünər odur gecəyə

Qəlbindən nur verəsən.

Dərdə baxıb Allahın

Böyüklüyün görəsən.

 

 

ANALAR

 

Gözləri çəkdiyi yolda

Düşüb qalmaqdı analıq.

Övladı gələn limana

Lövbər salmaqdı analıq.

 

Ürəyi daim təlaşda,

Simurq tək odda yanmaqda.

Balasının arxasında

Özünü bir dağ sanmaqda.

 

Çiyni hər yükün altında,

Həyat cəngində pəhləvan.

Övladını qorumaqçun

Fələyə də tutar divan.

 

Gözündə körpədir deyə

Üstündə əsib titrəyər.

Yoluna qurd-quş çıxanda

O, aslan olub kükrəyər.

 

Qoruyar soyuqdan, qardan,

Bir ömür yorulmaq bilməz.

Övladı gün görsün deyə

Analar gün üzü görməz.

 

 

DAŞ ÜSTÜNDƏ BİTƏN ÇİÇƏK

 

Daş üstündə bitən çiçək,

Qayada dəydin gözümə.

Mehdən xəfif, dağdan ağır,

Bənzətdim səni özümə.

 

Elə vaxt çıxdın qarşıma,

Ümidlərin solan vaxtı.

Ürəyimə qalaq-qalaq

Dərdin-qəmin dolan vaxtı.

 

Səni görüb xatırladım

Çoxdan unutduğum gücü,

Ömrün bitməz savaşında

Qiyamətə qalan öcü.

 

Daş üstündə bitən çiçək,

Necə göyərdin bilirəm.

Daş dili öyrətdi fələk,

Mən də o daşdan gəlirəm.

 

Bilsən nələr, nələr görüb

O çatladıb çıxdığın daş.

Nə gözlə baxıb dünyaya

O daş kimi baxdığın daş...

 

Səni göylər çəkir yaman,

Don vurub dolu döyəcək.

Arada bir yuxarı bax,

Baışın buluda dəyəcək.

 

Daş üstündə bitən çiçək,

Uzun yolu kəsə gəldin.

Hansı səs oyatdı səni,

Ömrü birnəfəsə gəldin?!

 

Daşdan çıxıb qışa düşdün,

Sevgi yağdır, basdır qarı.

Minillik daşın köksünü

Yarmağına dəysin barı,

Daş üstündə bitən çiçək.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Cümə axşamı, 06 Avqust 2026 10:09

Doğum gününüz mübarək, ölümsüzlər!

Suqovuşan sədlərini yaran gənc komandir: Şəhid Leytenant Məhəmməd Şəbiyev

 

Murad Vəlixanov,

«Ədəbiyyat və incəsənət» portalının İncəsənət şöbəsi

 

Leytenant Məhəmməd Əli oğlu Şəbiyev, 44 günlük Vətən müharibəsində tabeliyindəki taqımla birlikdə cəbhənin ən çətin və strateji nöqtələrində düşmən istehkamlarını darmadağın edərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli gənc zabitidir.

 

Erkən illəri və ali hərbi təhsili

Məhəmməd Şəbiyev 6 avqust 1998-ci ildə Quba rayonunun Alekseyevka kəndində anadan olmuşdur. O, uşaqlıq illərindən intizamı, cəsurluğu və hərb sənətinə olan xüsusi marağı ilə həmyaşıdlarından seçilmişdir.

Məktəb illəri:  İlk təhsilini doğulduğu kənddə almış, orta məktəb dövründə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etmişdir.

Ali hərbi təhsili:  Müqəddəs hərbçi peşəsini seçən Məhəmməd, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2020-ci ildə bu ali hərbi ocağı müvəffəqiyyətlə bitirərək "leytenant" rütbəsi almış və gənc zabit kimi motoatıcı taqım komandiri vəzifəsində xidmətə başlamışdır.

 

Vətən müharibəsi və döyüş yolu

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda Böyük Vətən müharibəsi başlayanda leytenant Məhəmməd Şəbiyev ilk saatlardan öz taqımı ilə birgə əks-hücum əməliyyatlarına qatıldı.

Onun tabeliyindəki bölmə cəbhənin şimal-şərq istiqamətində — düşmənin 30 ildir qurduğu keçilməz müdafiə istehkamlarının yerləşdiyi Talış kəndi və Suqovuşan qəsəbəsi koordinatlarında hücum əmri aldı. Gənc komandir döyüş meydanında göstərdiyi soyuqqanlılıq, hərbi taktiki biliklər və şəxsi rəşadət sayəsində tabeliyindəki əsgərləri fədakarlıqla irəli apardı. Məhəmmədin rəhbərlik etdiyi taqım düşmən postlarının sıradan çıxarılmasında və strateji yüksəkliklərin terrorçulardan təmizlənməsində böyük şücaət göstərdi.

 

 

Suqovuşanda yazılan qəhrəmanlıq salnaməsi

Suqovuşan istiqamətində döyüşlər son dərəcə gərgin və amansız artilleriya atəşləri altında keçirdi. Leytenant Məhəmməd Şəbiyev bir an belə geri çəkilmədən, qarşıya qoyulmuş strateji tapşırıqları uğurla yerinə yetirdi.

4 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsinin azad edilməsi əməliyyatının həlledici mərhələsində gənc zabitimiz tabeliyindəki əsgərlə birgə döyüş tapşırığını şərəflə icra edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Subay olan şəhidimizin nəşi doğulduğu Quba rayonunun Alekseyevka kənd qəbiristanlığında böyük el izdihamı, rayon rəhbərliyi, döyüş yoldaşları və hərbi ehtiram qaydaları ilə torpağa tapşırılmışdır.

 

Dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, həmçinin göstərdiyi misilsiz şücaətə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Məhəmməd Şəbiyev ölümündən sonra yüksək dövlət mükafatlarına layiq görülmüşdür:

3-cü dərəcəli "Rəşadət" ordeni

"Vətən uğrunda" medalı

"Suqovuşanın azad olunmasına görə" medalı

 

Əbədi xatirəsi

Şəhid leytenant Məhəmməd Şəbiyevin adı doğulduğu Quba rayonunda və təhsil aldığı məktəbdə dərin hörmətlə anılır. Hər il avqustun 6-da doğum günündə və oktyabrın 4-də şəhadət günündə rəsmi qurumlar, məktəblilər və kənd sakinləri tərəfindən onun məzarı ziyarət edilir, ruhuna dualar oxunur və xatirəsinə həsr olunmuş tədbirlər təşkil edilir.

Gənc ömrünü Vətənin şanlı zəfərinə fəda edən qəhrəman zabitimiz. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Cümə axşamı, 06 Avqust 2026 08:37

DİL MƏSƏLƏSİ – çox ciddi problemlərimiz var

(Növbəti dəfə qeyd etdiyimiz 1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlar)

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”

 

Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır.

 

Milli kimlik - fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq.

Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən "ədəbiyyat", "şeir", "şair", "beyt", "misra", "bənd", "heca", "nəsr", "nasir", "esse", "hekayə", "povest" və "roman" kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir.

Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq.

Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır?

Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq?

Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir... 

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

 

 

91 -dən səhifə 3115

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.