Dağ-mədən sənayesi, toponimika, poeziya – ELDAR ƏHƏDOVUN 65 İLLİYİNƏ Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Onunla ötən aylarda AYB Natəvan klubunda kitabının təqdimatında tanış oldum. Yaşadığı Rusiyadan doğulduğu Bakıya həm dincəlməyə, həm də kitab təqdimatına, ədəbi cameədəki dostlarıyla görüşə gəlmişdi. Xəbər tutanda ki, bu 19 iyul günündə yubileyidir, 65 yaşı tamam olur, haqqında yazmağı qərarlaşdırdım.

Necə də bunu etməmək olar, axı Eldar Əhədov olduqca maraqlı, unikal bir adamdır.

 

Əsərləri dünyanın 45 ölkəsində dərc olunmuş və rus, Azərbaycan, ingilis, ispan, italyan, çin və serb dillərində Rusiyada, Azərbaycanda, ABŞ-da, Kanadada, Serbiyada, Meksikada, Hindistanda, Misirdə və Çində nəşr olunmuş yüz kitabın müəllifidir.

Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Krasnoyarsk şöbəsinin idarə heyətinin üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin Krasnoyarsk diyar bölməsinin toponimika komissiyasının sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Azərbaycanlı Alimlər Assosiasiyasının üzvü, “Rusiyanın Gümüş Qələmi” mükafatının sahibi, “Dünyanın xeyrinə” mükafatının ikiqat laureatı, Rusiya-İsveç “Şimal — sərhədsiz ölkə” mükafatının ikiqat diplomantı, IV Ümumrusiya ədəbiyyat festivalları festivalının və IV Avrasiya ədəbiyyat festivalları festivalının gümüş medalı laureatı, Almaniyanın Düsseldorf şəhərindəki “ZA-ZA verlag” nəşriyyatının mükafatçısı, İtaliyanın “Vincenzo Padula” mükafatçısı və Livanın Naci Naaman mükafatı sahibi, Yunanıstanın “Homer” mükafatının diplomantı, Dünya Yazıçılar Təşkilatının “Dünya ədəbiyyatının inkişafına töhfəyə görə” gümüş medalının laureatıdır Eldar Əhədov.

Rusiya Yazıçılar İttifaqı, Yamalo-Nenets Muxtar Dairəsinin Qanunverici Məclisi, Krasnoyarsk diyarı qubernatoru və Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürnamələr və fəxri fərmanla təltif olunmuşdur. YANAO qubernatorunun ədəbi mükafatının laureatıdır. Dünya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının həmsədri, Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəridir.

Sankt-Peterburq Dağ-Mədən Universitetinin məzunudur. 36 il ixtisası üzrə çalışmış, bunun 15 ildən çoxunu “Rosneft” ASC-nin tərkibində Sibir və Uzaq Şimal şəraitində işləmişdir. Qızıl, gümüş, polimetallar, qiymətli və bəzək daşları, kalium duzu, kömür, neft və qaz yataqlarının açılması, kəşfiyyatı və işlənməsi işlərində iştirak etmişdir. Bu fəaliyyətlər Krasnoyarsk diyarı, Yamalo-Nenets Muxtar Dairəsi, Tıva Respublikası, Belarus və Azərbaycan ərazilərini əhatə etmişdir.

Rusiya Dağ-Mədən mühəndisləri (markşeyderlər) İttifaqının üzvü, həmin İttifaqın fəxri Gümüş nişanının sahibi, markşeyderlik sənəti üzrə elmi jurnallarda bir neçə məqalənin və üç dildə toponimika üzrə kitabların müəllifidir.

Eldar Əhədov haqqında məlumat Böyük Rusiya Ensiklopediyasında, həmçinin rus, Azərbaycan və digər dünya dillərindəki Vikipediyalarda mövcuddur.

Gördünüzmü, həqiqətən də maraqlı və unikal insandır.

O ki qaldı Eldar Əhədovun poeziyasına, bu, düşündürücü, didaktik, vətənpərvərlik notları ilə dolu olan bir poeziyadır və ən əsası, bu poeziyada əsas leytmotiv 1986-cı ildən bugünədək – tam 36 il yaşadığı Krasnoyarrskın şaxtası deyil, 1960-cı ildə doğulduğu və cəmi 28 il yaşadığı Abşeronun  istisidir.

Böyük məmnuniyyətlə oxucularımıza Eldar Əhədovun şəxsən məni çox təsirləndirən “Kağızdan ata” şeirini təqdim edirəm. Tərcüməsi Elviz Əliyevindir.

 

ELDAR ƏHƏDOV

KAĞIZDAN ATA 

Rəfdə nə papaq var, nə də ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam nə vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

 

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

Nə desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

 

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

 

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək də çünki asandır.

Nə olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

Sonda dəyərli Eldar müəlimi “Ədəbiyyat və incəsənət” portal redaksiyası adından təbrik edir, eyni zamanda ona Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun, Dünya Gənc Türk Yazarlar Birliyinin də səmimi təbrikini çatdırırıq.

Yüz yaşayın, Eldar Əhədov!

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.