Super User
Öz sahəsində inanılmaz uğurlara imza atıb
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanxalqrəqslərindən "Nazeləmə", "Qavallarəqs", "Vağzalı", "Mirzəyi", habeləispan, qaraçı və digərxalqlarınrəqslərionunrepertuarındageniş yertutur. Ə. Bədəlbəylinin "Qızqalası" baletində gürcü qızınınpartiyasını möhtəşəm oynamışdır. "Səyyah" uşaqrəqsansamblınınbədiirəhbəridir. Birsıraxarici ölkələrdə çıxış etmişdir. Xalqrəqslərininmahirustası kimiartıqbirneçə ildirki, Avstriyadatəcrübə sinfiaparır...
Söhbət AzərbaycanRespublikasınınxalqartistiTəranə Muradovadangedir.
6 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini, Azərbaycan Dövlət İncəsənət Universitetini, Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb. 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri, 2000–2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, "Səyyah" uşaq rəqs ansamblının və "Odlar Yurdu" rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Bütün Dövlət tədbirlərində, seçkiqabağı kompaniyalarda, seçkilərlə əlaqədar Bərdə, Quba, Azərbaycan günləri ilə bağlı Rusiya, Ukrayna, Avstriya, Sankt-Peterburq, Yekatrinburq, Ufa, qastrol səfərləri ilə əlaqədar Belarusiya, Minsk, Muqilyov, Zərifə xanım Əliyevanın 80 illik yubileyində, YAP-ın yubileyində, ATA Bankın 10 illik yubileyində, Dünya Rus Mətbuat Konfransında dəfələrlə onu sevərlər qarşısında çıxışları olub.
Dünya Çempionatının mərhələ yarışlarında, Beynəlxalq turnirlərdə, Prezidentin andiçmə mərasimində, Türkiyədə yaşayan azərbaycanlıların ümumi konfransında, 2004-cü ildə keçirilən Taykvando üzrə yarışlarda, Qadınlar gününə həsr edilmiş tədbirdə, Güləş üzrə Dünya Kubok yarışlarında, Xəlil Rzanın anma mərasimində, Hüseyn Cavidin 120 illik yubileyində, ABU Arenanın açılışında, Gimnastika üzrə Dünya Kuboku yarışlarının açılışlarında, Dubaya qastrol səfərində dəfələrlə onu sevərlər qarşısında çıxışları olub.
2019-cu illədək Azərbaycan Respublikasının Prezidenti ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan ali təhsil müəssisələri arasında keçirilən rəqs müsabiqələrində münsiflər heyətinin üzvü olub. Təranə Muradova rəqs fəaliyyəti ilə yanaşı 12 il xeyriyyəçilik missiyası olan Avstriya-Azərbaycan Cəmiyyətinin sədri olub.
2016-cı il 2017-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının "Xoreoqrafiya sənəti" üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura/dissertantura səviyyəsinə daxil olub və 2020-ci ildə "Azərbaycan xoreoqrafiya sənətinin milli üslub xüsusiyyətləri" adlı dissertasiya mövzüsu ilə müdafiə profesinə hazırlaşıb. Qurluşçu-baletmeyster kimi Azərbaycan Respublikasında keçirilən beynəlxalq yarışlarda fəaliyyət göstərib.
- Bakı 2015 Avropa Oyunları
- Bakı 2016 42-ci Ümumdünya Şahmat Olimpiadası
- Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları
- Bakı 2017–2018 Formula Grnad-Prix
- Taekvondo və Boks üzrə çempionatları
Filmoqrafiya
- Topal Teymur
Mükafatları
Təranə Muradova əmək fəaliyyəti dövründə bir çox ad və mükafatlara təltif olunub:
- 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
- 1998-ci ildən 2015-ci ilədək Prezident mükafatına layiq görülüb.
- 2004 — il Yunanıstan Respublikasında keçirilən "Beynəlxalq Rəqs Festivalı"-dan 1-ci yerə layiq görülüb.
- 2015-c-i ildə Gürcüstan Mədəniyyət Palatası tərəfindən "Xalqın seçimi" adı ilə təltif olunub.
- 2015-ci il Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən "Milli irsimizə dəstək olaq" adlı tədbirdə çıxışına görə diplom ilə təltif olunub
- 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
- 2017-ci ildə Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycan milli-mənəvi dəyərlərinin təbliğində yorulmaz fəaliyyətinə görə "Fəxri fərman" ilə təltif olunub
- 07–12 iyul 2017-ci ildə Bursa şəhərində təşkil olunan "56-cı Beynəlxalq Bursa Festivalının 31-ci Uluslararası Altın Karagöz Halk Dansları Yarışması"-da münsiflər heyətinə üzv olduğu üçün "Təşəkkürnamə" ilə təltif olunub.
- 2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Спасскаябашня" adlı 12-ci Beynəlxalq hərbi musiqi festivalında Azərbaycan Milli Ordusunun orkestr və rəqs kollektivinin çıxışının baş qurluşçu-baletmeysteri kimi çıxış edib və Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən "Fəxri Fərman" ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(06.08.2026)
Sumqayıtdan çıxan bir uşaq
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sumqayıt, 8-ci mikrorayon. Atasız bir uşaq böyüyür. Anası min bir zülümlə onun ərzaqla, geyimlə təminatını təşkil edir, onun təhsiliylə, tərbiyəsiylə məşğul olur. Onun istedadını duyub musiqi təhsili almasına şərait yaradır. Uşaq da böyük həvəslə gələcəyinin ardınca gedir...
Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb.
Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub. 1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib. 2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.
2006-cı ildə azərbaycanlı prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var. 2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib. 2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının müşaiəti ilə solo konserti keçirilib.
Layihənin bədii rəhbəri Teymur Əmrah olub. 22 may 2011-ci ildə Heydər Əliyev Sarayında "İstək" adlı ilk solo konserti keçirilib. 2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. 2015-ci ildə YAP Gənclər Birliyinin IV Konfransında Rəyasət Heyətinin üzvü seçilib.
2013-cü ildə Heydər Əliyev Sarayında prodüseri Tarix Əliyevin təşkilatçılğı ilə xeyriyyə konserti keçirilib. 20 ildən çoxdur ki, Azərbaycanın dövlət tədbirlərində və Prezident seçkilərinə həsr olunmuş Bakıda ve digər bölgələrdə iştirak edir. Kamera orkestrı ilə keçirilən konsertdə Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oktay Kazımi, Aygün Səmədzadənin əsərlərini ifa edib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti seçilib. Hal-hazırda Azərbaycan Dövlət Televizya ve Radio Verilişləri QSC-nin solistidir. 22 may 1994-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Vətənimdir — Odlar Yurdu" uşaq özfəaliyyət yaradıcılığı və müsabiqənin qalibi — Sumqayıt şəhəri Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı "Səda" instrumental ansamblının solisti kimi diplomla təltif edilib.
2 fevral 2000-ciildə AzərbaycanRespublikası Gənclərvə İdmanNazirliyi, şəxsənnazir ƏbülfəsQarayevtərəfindən "Gənclik-99" gəncmüğənnilərinRespublikaestrada-mahnı müsabiqəsininfinalmərhələsində uğurlu çıxışınagörə, Azərbaycangənclərgünü münasibətilə diplomlatəltifedilib. 17 may 2018-ci ildə Azərbaycan Kikboksinq Federasiyası və şəxsən prezident Adil Əliyev tərəfindən kikboksinqin inkişafında göstərdiyi xidmətə görə fəxri diplomla təltif olunub.
3 iyul 2018-ci ildə Daxili işlər orqanları əməkdaşları arasında mədəniyyət və incəsənətin təbliğində xüsusi xidmətlərinə, Daxili İşlər Nazirliyinin təşkil etdiyi mədəni, bədii proqramlarda fəal iştirakına görə, habelə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən fəxri fərmanla təltif edilib. 16 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
Sumqayıt çox istedadlar yetişdirib. Elton da onlardan biridir.
“Ədəbiyyat və incəsənət”
(06.08.2026)
Bu günün adı – XURŞİDBANU NATƏVAN
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gülşəndə açıb səba ilə gül tək,
Könlüm düşdü bir aşiqə könül tək.
Ey Natəvan, bu sevda bir atəşdir,
Yandırar canı, qoymaz səni tək-tək.
Azərbaycanın 19 əsr şairəsi Xurşidbanu Natəvan – bu ad kimə tanış deyil ki. Xüsusən, Şuşa azad olunanda hamı onun Ruhuna gözaydınlığı verdi. Axı o, şuşalıdır…
Bu gün şairənin ad günüdür.
Xurşidbanu Natəvan 1832-ci ilin 6 avqustunda Şuşa şəhərində anadan olmuşdur. O, Qarabağ xanlığının sonuncu hakimi olan Mehdiqulu xan Cavanşirin qızı idi. Belə nəcabətli ailədən gəlməsi və xan nəslinə mənsub olması səbəbindən "Xan qızı" ləqəbi ilə tanınınıb. Onun ailəsi Azərbaycan tarixində görkəmli iz qoyan nəsillərdən biri sayılır.
Təhsil və dünyagörüşü:
Natəvan yaxşı təhsil alıb, ərəb və fars dillərini öyrənib, Şərq poeziyasını dərindən mənimsəməyib. Onun ədəbi və fəlsəfi bilikləri dövrün bir çox kişi müasirlərindən belə üstün olub. O, həm də klassik Şərq ədəbiyyatının – xüsusən də Sədi, Hafiz, Füzuli kimi sənətkarların əsərlərini dərindən bilirdi.
Ədəbi fəaliyyəti:
Xurşidbanu Natəvan poeziyada əsasən qəzəl və rübai janrlarında yazıb. Əsərlərində sevgi, tənhalıq, ayrılıq, insani dəyərlər, könül çırpıntıları və qadın hissləri əsas mövzular olub. Natəvan ilk dövrlərdə "Xurşid" təxəllüsündən istifadə etsə də, sonradan "Natəvan" (aciz, gücsüz) adını seçib. Bu təxəllüs onun həyatda üzləşdiyi faciələrə – xüsusilə oğlunun ölümünə – bir işarə olub.
Natəvanın şeirləri həm klassik, həm də milli ruhla yoğrulub. Onun dili bədii, zəngin və hissiyyatla doludur. Natəvanın qəzəlləri sonralar Azərbaycan xalq musiqisində və muğamlarında da ifa olunub.
Ədəbiyyat məclisi – "Məclisi-üns":
1864-cü ildə Natəvan Şuşada "Məclisi-üns" adlı ədəbi bir cəmiyyət yaradıb. Bu məclis Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi həyatın canlanmasında mühüm rol oynayıb. Məclisdə dövrün görkəmli şair və ədibləri toplaşır, ədəbi müzakirələr aparılır, yeni əsərlər təqdim edilib. Bu məclis qadın rəhbərliyi altında fəaliyyət göstərən ilk ədəbi qurumlardan biri olub.
Xeyriyyəçilik və ictimai fəaliyyət:
Xurşidbanu Natəvan təkcə şair deyil, həm də böyük xeyriyyəçi və ictimai xadim olub.
O, Şuşada bir çox sosial layihələr həyata keçirib. Ən məşhuru 1872-ci ildə Şuşa şəhərini içməli su ilə təmin etmək üçün çəkdirdiyi su xətti – "Xan qızı bulağı" olub. Bu bulaq Natəvanın öz şəxsi vəsaiti hesabına tikilib, şəhər əhalisinin böyük ehtiyacını qarşılayıb.
Bundan başqa, o, yoxsul ailələrə kömək edib, məktəblərin, məscidlərin və digər ictimai binaların tikilməsinə maddi dəstək göstərib. Onun bu fəaliyyəti dövrün ziyalıları və xalq tərəfindən yüksək qiymətləndirilib.
Ölümü və xatirəsi:
1897-ci ildə vəfat edib. Onun cənazəsi Şuşadan Ağdama qədər piyada daşınıb və İmarət qəbiristanlığında dəfn olunub. Onun vətənə, ədəbiyyata, insanlara olan sevgisi bu gün də xatırlanır və dərin hörmətlə anılır.
Mirası və əhəmiyyəti:
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatının ilk qadın nümayəndələrindən biri olaraq milli poeziyamıza yeni nəfəs gətirib, qadın şairlərin yolunu açıb. Onun həm ədəbiyyatda, həm də xeyriyyəçilikdə qoyduğu iz bu gün də yaşayır.
Onun adı məktəblərə, küçələrə verilib, onun irsi əsasında sənədli filmlər çəkilib. Natəvan həm poetik istedadı, həm də yüksək mənəviyyatı ilə Azərbaycan tarixinə unudulmaz bir qadın kimi daxil olub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
“Olumla ölümün arası yaxın”
Hafiz Ataxanlı,
yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, tanınmış şair Əşrəf Veysəllinin xatirəsinə gəzişmələr.
Epiqraf:
“Kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam ki oxucuya catdırılası mövzunun həqiqi dəyərinə güclü inamın yoxdursa, gərək yazmayasan”.
Hafiz Paşayev.
“Bir diplomatın manifesti kitabından”.
Və mən bu məcburiyyəti hiss etdim: ürəyimdə düşüncəmdə, zehniyyətimdə içimdən gəlirdi.
Onun adını ilk dəfə Feyzi əmimgildə eşitmişəm. Atamın əmisi oğlu, yazıçı-publisist, “Kimyaçı” qəzetinin redaktoru, ötən əsrin 70-ci illərində populyarlıq qazanmış “Dinmə ey kədər” kitabının müəllifi Feyzi Mustafayevin uşaqlarının dilindən düşmürdü Əşrəf əminin adı.
Dostumuz Əyyub Qiyasın “Dünyaya pəncərə” qəzetində yubileyləri üst-üstə düşən Əşrəf Veysəlli ilə İbrahim İlyaslıya ünvanlanmış “İki şairə bir təbrik” yazım çıxmışdı. Feyzi əmim bu yazıdan möhkəm əsəbiləşdi, iki şairə bir təbrik nə deməkdir?, - dedi- İbrahim İlyaslı istedadlı gəncdir, sözüm yox, amma Əşrəf Əşrəfdir də, onun təbriki ayrı olmalıydı!
Feyzi əmi bir müddət mənimlə soyuq davrandı. Bizim İmamnəzərli tayfasının genetik vərdişlərinə yaxşı bələd olduğumdan – ulu babamız böyürtkən kolundan küsmüş və ömrünün sonuna kimi böyürtkən yeməmişdi – çox dərinə getmədim.
Əşrəf Veysəlli müsahibələrin birində söyləmişdi ki, məndən ötrü dünyanın ən böyük yazıçısı Feyzi Mustafayevdir. Bir il sonra Yadigar Məmmədlinin təşəbbüsü ilə Feyzi əmimdən “Cümhuriyyət”ə müsahibə alanda o söhbəti, o dəyəri xatırladım. Rəhmətlik gözlərinin içindən güldü, adəti üzrə əlini gur saçına apardı, əmioğlu, - dedi – “aldanma, şair sözü, əlbəttə, yalandır”.
2000-ci ilin nəfəskəsən qızmar yayında Əşrəf əmi dostunun sözünə baxmayan ürəyinə işarə ilə nigarançılığını bildirmişdi:
-Feyzi , qardaş, ürəyindən muğayat ol, orda mən varam.
Feyzi müəllim əfsanəvi dostunun sözünə “qulaq asmadı”, 63 yaşında ölümü fani dünyadan əziz tutdu. Yardımlının Ostayır kəndindəki qəbiristanlıqda dost itirmiş Əşrəf Veysəllinin ahı göylərə bülənd oldu, ordan ağrı-acıya bələnib “İki dostun bir ürəyi” misralarında damcıladı məzar daşının üzərinə.
...Və şairlər günündə ustad şair Əşrəf Veysəlli dostunun görüşünə tələsdi.
2026-cı il, 6-cı ayın 6-da, həftənin 6-cı günündə torpağa tapşırıldı. 6 gündə xəlq olmuş kainatın hansısa mistikasıydımı?!
Seyran Səxavətin Əşrəfi
Mən birinci kursda oxuyanda Əşrəf sonuncudaydı. Universitetdə bir divar qəzetimiz çıxırdı. Yaradıcı gənclərin poeziya nümunələri də o qəzetdə yer alırdı. Bir gün gördüm ki, Əşrəfin də şeiri verilib. Adətən şeiri oxuyursan, xoşuna gəlsə, əzbərləyirsən. Amma Əşrəfin şeirlərinin təsiri alayı cürdür. Onun yazdıqları sanki gözdən ürəyə, ordan da süzgəcdən keçməklə yaddaşa hopur. İnanın, o divar qəzetindəki şeiri bircə dəfə oxudum. Bu günə kimi yaddaşıma həkk olunub:
Boşlamalı dünya deyil,
Xoşlamalı dünya deyil.
Yaşamalı dünya deyil,
Üzümə salıb yaşadım.
Doğrudan da, dünyanın minnəti olsun ki, Əşrəf boyda oğul onda yaşadı.
Məndən ötrü Əşrəf dünyanın ən böyük şairidir. Əşrəf veysəlli böyük mənada Azərbaycan deməkdir. Onun poeziyası özündə Azərbaycan dilinin şəhdi-şirəsini ehtiva edir.
Bir də Əşrəfi çoxundan fərqləndirən bir cəhət var: Allah-təala ona nə boyda istedad veribsə, bir o qədər də abır-həyalı yaratmışdı.
Sitat: “Əşrəf adamın gözünə yox, qəlbinə girən şairdir”.
Feyzi Mustafayev.
Bahəddin Həzidən Sözə qüvvət.
“Bu cavan şəhər bu qocaman – azman şairi qucaqlamışdı. Ancaq Əşrəf Veysəlli bir şəhərə sığışacaq kişi deyildi axı. Onu ölkə tanımalıydı, onu ölkədən qıraqda tanıtmalıydıq”.
İstiqlal təşnəli şeirlər.
Ötən əsrin 60-cı illərində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Əşrəf Şəfiyev tribunaya çıxıb şeir oxuyur:
-Hanı qoç Koroğlu, hanı qoç Nəbi?!
Yadigar başıma qılınc endirib.
Bölüb Vətənimi siqaret kimi
Hərə bir tərəfdə tüstüləndirir.
Sovet dönəmi Sosializm realizminin dominantlıq dövrü. İlhaqın ideal, xoşbəxt quruluşa könüllü, cani-dildən qovuşma kimi bəzədildiyi ədəbiyyat cameəsi və gənc bir şairin qan-qan deyən şeiri. Ani sükut. Bəlkə də çaşqınlıq. Birdən Xəlil Rza yerindən qalxır. Onun gur, inqilabi səsi salona yayılır.
-Əla şairdir! Əla yazır! Halal olsun!
1963-cü ildə Xəlil Rza Əşrəf müəllimə uğurlu yol yazır.
Qanlı Yanvar hadisələrində Xəlil Rza Lefortova zindanına atılanda Əşrəf Veysəlli etirazını şeirlə bildirmişdi.
-Vətən başdan-başa qanlı yuxudur,
Yuxudurmu bu yurdun yuxu yozanı?
Vəhşi generallar kimi qorxudur.
Zindana atmaqla Xəlil Rzanı?
İstiqlal şairi isə zindandan ona cavab verirdi:
-Sağ ol, qardaşım Əşrəf,
Çıraq oldun gözümə,
Hərlənən planetin gücü
Gəldi gözümə.
İbrahim İlyaslıdan sözə qüvvət.
“Səni tez oyatdı şair ilhamın,
Duydun – bu əzablar haqqa çəmiymiş
Dedin: “Şair olmaq ayağı yalın
Süngülər ucunda gəzmək kimiymiş”
“Güldük ağlaya-ağlaya”
Ağayanə kişiydi, xeyir-şər adamıydı Əşrəf əmi. Sadəcə təvəllüd tarixinə görə deyil, əməllərinin trayektoriyasına, fəzilətlərinə, ədəbi-ictimai fəaliyyətinə, hadisələrə obyektiv yanaşmasına görə ağsaqqal statusu qazanmışdı. Sözü kəsərli, ifadə tərzi əvəzsiz idi. Fakta neqativ münasibətini bildirərkən zərif yumor, incə eyham, bəzən kəskin sarkazm təbəssümünü gözəlləşdirirdi.
Gülnarə Cəmaləddindən portretə cizgilər.
“O, əsil ağsaqqaldı, müdrik məsləhətçiydi. Hər zaman üzündə xoş bir təbəssüm olardı. Kimsənin qəlbinə dəyməzdi Əşrəf müəllim. Axı könül Kəbədir, Allah evidir. Əşrəf müəllim könüllərə məhz Kəbə kimi dəyər verdi. Özü kimi şeirləri də o qədər kövrək, o qədər duruydu ki...
Sözün özündən başqa umacağı olmadı. Ağsaqqal şair bir uşağın göz yaşlarına belə, tab gətirməz, hönkür-hönkür ağlardı. Bir nadanın xam sözündən içi çilik-çilik olardı. Çünki mayası sözdən yoğrulmuşdu. Ən böyük sərvəti söz idi. Əşrəf müəllim ŞAİR idi.
Dahilərdən kimsə deyib ki, ehtiyac saatlarını unut, amma onun sənə öyrətdiklərini yaddan çıxartma.
Əşrəf Veysəlli həyatın boz üzündən üşürgələndi də, mənzil kirayə haqqını qapını döymə vaxtının nigarançılığını yaşadı da. Amma heç vaxt sözə xəyanət etmədi. Tədricən, savadı, idarəçilik qabiliyyəti, zəhmətkeşliyi sayəsində məsul vəzifələrə irəli çəkildi. Texniki peşə məktəbində fars dilini tədris etdi, şahmat məktəbinin direktoru, şəhər mədəniyyət şöbəsinin müdiri, Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi. Son illərdə Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi Sumqayıt təşkilatının sədri kimi fəaliyyət göstərdi. Heç vaxt insani prinsiplərin ziddinə getmədi. Kirayədə qaldığı vaxtlarda, dar günündə necəydisə, vəzifə başında da olduğu kimi qaldı, dəyişmədi. Özünü öymədi, kimsəyə yuxarıdan aşağı baxmadı, dərdliləri dinləməyi bacardı, qapısı hər kəsə açıq oldu. Təbii ki, sadəlikdən müdriklik doğur.
Rəşad Məciddən sözə qüvvət
“Əşrəf Veysəlli həlim xasiyyətli, eyni zamanda müdrik bir insan, əvəzsiz sərvət idi. Onun poeziyası ana torpaqdan, doğma Vətəndən, Milli dəyərlərdən güc alırdı. Əşrəf müəllimin şeirlərində Azərbaycan dilinin zənginliyi üzə çıxır. Əşrəf Veysəlli gənc şairlərə örnək olası ədəbi və insan taleyi yaşadı.
İnanıram ki, gələcək nəsillər hər dəfə təkrar-təkrar onu oxuyacaqlar. Oxuduqca da Əşrəf Veysəlli yenidən doğulacaq”.
Tale
Əşrəf müəllim taleyini Sumqayıta bağladı. Onlarla gəncin ədəbi taleyinin uğuruna vəsilə oldu. Sadəliyi və canyanğısı onlarla problemin çözülməsində əsas amilə çevirdi.
Yeri gəlmişkən: Valeh Kərimovdan bir xatirə
Baş rolda oynadığım “Bəxt üzüyü “ komediyası Əşrəf müəllimin teatrda direktorluğu dövründə hazırlanırdı. Çox adam bilmir ki, mən Moşu Göyəzənlinin cizgilərinə Əşrəf müəllimdən də nə isə əlavə etmişəm.
Əşrəf müəllim siqaret çəkəndə kül stolun üstünə tökülərdi. O da külü əli ilə deyil, ağzından tüstü ilə nümayişkaranə şəkildə “puff” edib təmizlərdi. Yayda basanoşka geyinərdi. Məşq bitdikdən sonra getdim Əşrəf müəllimin kabinetinə, dedim, müdir, Moşu Göyəzənli mütləq basanoşka geyinməlidir, amma teatrda yoxdur. Basanoşka olmasa, Moşu obrazını istədiyim səviyyədə oynaya bilməyəcəyəm.
-Yaxşı, bizim evdə bir cüt nimdaşı olmalıdır, sabah mütləq gətirərəm.
Həmin basanoşka son illərə qədər teatrın anbarındaydı”.
Əşrəf müəllim Sumqayıtı və sumqayıtlıları çox sevdi. Şəhərin sosial-mədəni, ictimai həyatına öz töhvəsini verdi. Sumqayıtın inkişafına, sumqayıtlıların uğuruna çox sevindi, bu inkişafı misralarında öydü.
Əşrəf Veysəllini sevdirən onun sadəliyi və səmimiyyəti idi.
Sözə qüvvət
Natəvan Məmmədli:
“Təbii ki, Sumqayıtda, habelə Azərbaycan ədəbiyyat cameəsində tanınan istedadlı şair Əşrəf Veysəllini çoxdan tanıyırdım. Daha yaxından tanışlığım isə 2004-cü ildən – mənim Həmkarlar təşkilatının Mərkəzi Kitabxana üzrə sədr seçildiyim dövrdən başladı. O vaxt Əşrəf müəllim Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin Sumqayıt şöbəsinə rəhbərlik edirdi. İclaslarda, layihələrdə birgə iştirak edirdik. Açığını deyim, o vaxta qədər Əşrəg Veysəllidən çəkinirdim. Amma bu insan səmimiyyəti ilə özünə qarşı doğmalıq hissi formalaşdırdı.
Şəhərimizin sosial-mədəni həyatına hər zaman təhfə vermiş Əşrəf müəllimin maraqlı tərəfləri çox idi. Ən unikal cəhəti isə bəzilərinin uzun-uzadı, saatlarla anlatmağa çalışdığı fikrə lakonik ifadə, hətta bir bənd şeirlə aydınlıq gətirməsiydi. Hər hansı tədbirə Əşrəf Veysəllinin qatılması o tədbirin çox maraqlı keçəcəyindən xəbər verirdi.
Ruhu şad olsun” .
Əşrəf müəllim Ustad şairə davranışın, qayğıkeşliyin, yol aydınlatmanın örnəyini yaratdı.
Onun müsbət rəyi gənc yazarlardan ötrü qürur idi, baş tacı idi.
Elə Hikmət Fərzəli demişkən, “Əşrəf Veysəlli sözün, şeirin məhək daşı, şəhərimizin vizit kartı idi. Ruhu şad olsun”.
“Cəsədim balıqçı torundan çıxır”
Sitat :“Martda doğulmuşam, fevralda ölmüşəm” .
Əşrəf Veysəlli.
Əşrəf müəllim hərbi xidməti Ermənistanda keçərkən erməni xislətinə yaxşı bələd olmuşdu. Bir gün əsgərləri gəzinti adı ilə kilsəyə aparırlar. Əsgər Əşrəf Şəfiyevə kilsənin qapısı ağzındakı daşı öpüb içəri keçməyi buyururlar. Şəfiyev imtina edir. Komandirə məlumat verilir. Hərbi hissənin komandiri Əşrəf müəllimi haupvaxta göndərir.
1988-ci ildən başlayan erməni təxribatları nəticəsində yüzlərlə soydaşımız əzəli yurdundan didərgin düşdü.
1992-ci il, fevralın 22-də Əşrəf müəllimin doğulduğu, böyüdüyü, havasını alıb, suyunu içdiyi Yuxarı Veysəlli də işğala məruz qaldı. Ürəyi qopub düşdü yerə, umud işığı öləzidi. Misraları qan ağladı:
-Əlin quzeylərə çatmasa əgər,
Səndən uzaqlarda olsa güneylər,
Qalsam, kürəyimi səngərə döndər,
Ölsəm, cəsədimi pilləkən eylə.
Yazdıqca yandı, bağrının başı qarsıdı. Oğluna üz tutdu:
-Yağılar kor qoyub gözümü, oğlum,
Ahım babaların gorundan çıxır.
Araza atmışam özümü,oğlum,
Cəsədim balıqçı torundan çıxır.
Balıqçı torunda çırpınan cəsədinə baxdıqca ruhu Füzulidə dolaşırdı, birdən sanki Araz Şəhid qanlarına bələnib dəlisov axırdı, alırdı onu dalğalar harasa aparırdı, bir yandan da Şahnisə ananın qərib sualları qulaqlarını döyəcləyirdi:
“Oğlum, bəs nə vaxt kəndə qayıdacağıq?”
Göyüm-göyüm göynəyirdi, cavab verə bilmədiyi sualın ağırlığından beli bükülürdü, qəddi əyilirdi, kədərini, göz yaşlarını misra-misra vərəqlərə ötürüdü:
-Ürəyimin köksündən uçmaq həvəsi gələ,
Xoş nəğmələr dindirə qayaları, daşları,
Kövrək, zərif anamın titrəyən səsi gələ;
Şəhərdən Əşrəf gəlib, başında yoldaşları.
30 il yuxularında Füzuli gördü, Şuşaya baş çəkdi, Yuxarı Veysəllinin suyundan içdi.
... Nəhayət, o möhtəşəm günü gördü. Tağıyev qəsəbəsindəki məzarlığa gedib anasının ruhunu muştuluqladı.
Sonra da ağrılara-filana baxmayaraq oğlu Şahinlə Şuşaya getdi. Ağrıları səngidi. Şuşanın əzəmətindən, qalib görkəmindən ürəyi atlandı:
-Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol, bu yolu gedən ömrü yaşayar.
Bədahətən deyilənlər
Əşrəf Veysəlli həm də baməzə söhbətləri, şux zarafatları, dostluq şarjları və bədahətən söylədiyi təbəssümlü şeirləri ilə məşhurdur. Yaxın dostu Feyzi Mustafayevlə görüş yerləri Sumqayıtda məşhur olan “Əyri dom”un qarşısıymış. Növbəti görüşlərin birində Əşrəf müəllim görüş yerinə çatar-çatmaz bədahətən söyləyir:
-Qılınca bənzəyir söz adamları,
Paslı qılıncları qınında gördüm.
Təmiz adamları, düz adamları,
“Əyri bina”ların yanında gördüm.
Əli Nəcəfxanlıdan xatirə
“Ustad şairimizlə qonşuluq şərəfi də nəsib olmuşdu mənə. Tez-tez görüşürdük. Məzəli söhbətlərindən doymaq olmurdu. Mənim doğum günümdə bədahətən söylədiyi şeiri unuda bilmirəm. Bir bəndini misal gətirirəm.
-Sadiqdir dostluğa, hakimdir sözə,
Hər nə söyləyirsə, təzədir, təzə.
Yaman oxşayırıq bir-birimizə,
Mən şeir yazıram, o, şəkil çəkir.
Günlərin bir günündə Ədəbi tədbirdən sonra Əşrəf əmi tanış xanıma onun maşınına əyləşməyi təklif edir. Xanım nəzakətlə cavab verir:
-Sağ olun, Əşrəf müəllim, rəfiqələrimlə piyada gəzəcəyəm.
Maşın tərpənəndə Əşrəf müəllim görür ki, həmin xanım rəfiqələri ilə yox, başqa yoldaşlarla gedir.
Avtomobilinin sürətini artırıb xanımın qarşısında saxlayır və bədahətən deyir:
-Tükəndi dövranım, bitdi dövranım,
Ömrüm bir köçəri quş oldu, getdi,
Məni qoca gördü (filankəs) xanım,
Getdi, cavanlara qoşuldu, getdi.
Özünü təmiz adam kimi qələmə verməyə çalışan birisi ilə qısa söhbətdən sonra Əşrəf əmi qəfil qayıdasan ki, :
-Əlin neçə-neçə qana bulaşıb,
Dilin təmizlikdən danışır hələ.
Əşrəf Veysəlli şəxsiyyəti
Veysəlli həyatın min bir rəngini də, bozluğunu da poetik təxəyyülündən keçirib, misralarda təqdim edib: eynən xalçanın çeşniləri və çeşidləri, duyğuların palitrası kimi.
Dünyanın daş ağırlığı da, can yaxan acısı da, istiqlal təşnəsi də, gözəlliyin vəsfi, şükranlıq, yaradılışın sosial-fəlsəfi mahiyyəti də Əşrəf Veysəlli qələmində naturaldır, təsiredicidir.
Şairin təsvir qüdrəti göz önündə vizual sıralamanı apaydın verir. Dan yerinin işartısından qürub çağının kədərli gözəlliyinə qədər xronometrajın assosasiyası Əşrəf əminin şeirlərində əks olunub.
Sadə ifadələrin çatdırdığı dərin fəlsəfi düşüncə, bədii-estetik zövq, obrazların tamlığı və ədəbi mətndən zərif şəkildə boy verən incə yumor, hətta bəzən sarkazm Əşrəf Veysəlli poeziyasını gözəlləşdirir.
Əşrəf Veysəlli bir kəlməsi ilə qan bağlaya bilən qədimi kişilərdəndi. Əşrəf Veysəlli dar günün dostuydu. Əşrəf Veysəlli haqqın-ədalətin yanında yer almağı ilə həyatını mənalandırırdı.
Əşrəf Veysəlli doğrunun üzünə gülümsədi, yalanın bağrını çatlatdı. Əşrəf Veysəllinin şeirin, koloritli, sadə, fəqət müdrik nitqi ədəbi tədbirləri, dost məclislərini rövnəqləndirdi.
Əşrəf Veysəlli təkcə doğmalarının, qan qohumlarının yox, ona bələd olan hər kəsin əziz-giramisinə çevrildi.
Əşrəf Veysəllini təkcə Füzuli rayonunun sakinləri, qarabağlılar deyil, digər bölgə adamları da özlərinə simsar bildilər.
Əşrəf Veysəlli zəkası təkcə yazı masasından ağ vərəqə süzülən ədəbi qənimət olmadı, həm də gənclərin başı üzərində işıq haləsinə dönüb yol aydınlatdı.
Əşrəf Veysəllinin ömür yolu fiziki-bioloji anlamda deyil də, milli-mənəvi dəyərlərin, fəzilətlərin insanlıq fəlsəfəsinin qorunub-saxlanılması, sabaha ötürülməsi üçün saxlanc zənginliyində yaddaşlara həkk olundu.
Epiloq
... Allahım! Bu nəydi?!
Sirinsimiş dərdlərin köynəyini əynimdən çıxardığıma görəydi, ya nədəndi, qayaları birnəfəsə çıxırdım. Çatdım Cıdır düzünə. Şəhidlərimizin ruhuna fatihə oxudum. Arınmış, tər-təmiz Qarabağ səmasının, onun ağ pəmbə buludlarının ahənrübasında gülümsədim. Mir Mövsüm Nəvvabın məzarını ziyarət etməyə dönərkən çiynimdə bir əl təmasını duydum. Qəribədir, heç kimi görmədim. Amma həm də hansısa mistik duyğu ilə anlayıram ki, bu – Əşrəf Veysəllidir. Əşrəf əmi həmişəki qaydada gülümsəyən, əlini irəli uzadasan, danışmayasan, amma fikirlərini apaydın çatdırasan:
-Şuşa təkcə qan yaddaşı, genetik kod, uluların ruhunun mühafiz olduğu müqəddəs məkan, genetik kod mədəniyyət mərkəzi deyil. Şuşa həm də yeni dünya nizamına, çağdaş siyasi-diplomatik münasibətlərə, beynəlxalq iqtisadi proseslərə qoşulmaq yolunda kreativ ideyaların qanadlandırdığı böyük meydandır.
-Nurlu kəhkəşanlı yarı-yaraşığı canlara dərmandı İsa bulağı.
Bu da Cıdır düzü, uçuş zolağı,
Möhtəşəm laynerdir Şuşa qalası.
...Və hövlnak ayılıb saata baxdım. Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Poeziya evində keçiriləcək Əşrəf Veysəllinin vida mərasiminə qatılmaq üçün evdən çıxdım.
“Ədəbiyyat və incəsənət”
(06.08.2026)
“Biri ikisində” İlkin Əhmədoğlunun şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə İlkin Əhmədoğlunun bir şeiri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
İlkin ƏHMƏDOĞLU
BÜKSÜNLƏR GĞZÜNÜN AĞINA
Gözünün yaşıyla yusunlar məni,
Büksünlər gözünün ağına, gülüm.
Torpağa gərək yox, qoysunlar məni
Kimsəsiz, yetimlər bağına, gülüm.
Bir gecə tərk edib qara zindanı,
Öpdükcə öpərdim qara telindən.
Qovaraq içimdən məsum vicdanı,
Mən günah edərdim bilib-bilmədən.
Qollarım yerinə kəmər dolanan,
O incə belinin qadasın alım.
Görəndə könlümü məlala salan,
O siyah telinin qadasın alım.
“Ədəbiyyat və incəsənət”
(06.08.2026)
Dağlar qocasının gizli səltənəti: Həsən Səbbah və "Ələmut" əfsanəsi
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
”Tarixə rakurs” rubrikasındayıq.Mövzumuz Həsən Səbbah və "Ələmut" əfsanəsidir.
XI əsrin ikinci yarısında Yaxın Şərq Səlcuqlu imperiyasının hərbi qüdrəti altında birləşdiyi bir vaxtda, Qəzvin dağlarının ətəklərində tamamilə fərqli bir güclərin toqquşması yetişirdi. Böyük ordulara, minlərlə süvariyə qarşı ideologiya, sarsılmaz inanc və gizli təşkilatlanma ilə mübarizə aparan bir adam — Həsən Səbbah səhnəyə çıxırdı. "Dağın qocası" kimi tanınan bu tarixi şəxsiyyət, qurduğu sistemlə əsrlər boyu həm Şərq, həm də Qərb dünyasını dəhşətə və heyrətə gətirən bir imperiya daxilində "dövlət içində dövlət" yaratmağı bacardı.
İsmaili ideologiyası və "Ələmut" qalasının fəthi
Qum şəhərində anadan olan və Reydə mükəmməl təhsil alan Həsən Səbbah, gənc yaşlarından etibarən dini və fəlsəfi cərəyanları dərindən araşdırmağa başladı. Misirdə Fatimilər xilafətinin mərkəzi olan Qahirəyə səfər edərək İsmailiyyə məzhəbini qəbul etdi və bu ideologiyanın ən başda gələn daisi (təbliğatçısı) kimi İran torpaqlarına qayıtdı.
Onun əsas hədəfi Səlcuqlu hakimiyyətinə qarşı duracaq alınmaz bir mərkəz tapmaq idi. 1090-cı ildə dəniz səviyyəsindən yüksəklikdə, sərt qayalar üzərində ucalan "Ələmut" (Qartal yuvası) qalasını heç bir qan tökmədən, içəridən aparılan ideoloji təbliğat və zəka gedişləri ilə ələ keçirdi. "Ələmut" qısa müddətdə sadəcə bir qala deyil, həm də zəngin kitabxanası, elmi laboratoriyaları olan sarsılmaz bir qərargaha çevrildi.
"Fədailər" və siyasi sui-qəsdlər taktikası
Səlcuqluların böyük orduları qarşısında açıq döyüşdə qalib gələ bilməyəcəyini anlayan Həsən Səbbah, hərbi tarixə tamamilə yeni bir konsept gətirdi: Nöqtə zərbələri.
O, özünə tam sadiq olan, ölümə belə gözünü qırpmadan gedən "Fədailər" (canını fəda edənlər) dəstəsini formalaşdırdı. Bu fədailər illərlə hədəf seçilən saraylara, ordulara sızır, lazımi məqamı gözləyir və cəmiyyətin gözü qarşısında Səlcuqlu vəzirini, sərkərdəsini və ya xaçlı rəhbərini məhv edirdilər.
Bu taktikaya qurban gedən ən məşhur simalardan biri Böyük Səlcuqlu Dövlətinin dahi vəziri Nizamülmülk oldu. Bu sui-qəsd Səlcuqlu sarayında böyük bir xaosun və taxt mübarizələrinin başlanmasına qığılcım vurdu.
Əfsanə və reallıq: Həşşaşilər adının mənşəyi
Qərb mənbələrində və Marko Polonun səyahətnamələrində Həsən Səbbahın öz fədailərini tiryək (həşiş) ilə zəhərləyib xəyali cənnət bağçaları göstərərək aldatdığı iddia edilir. Lakin müasir tarixçilərin böyük əksəriyyəti bu iddiaların şayiə və uydurma olduğunu bildirir.
"Həşşaşin" sözünün əslində "Əsasiyyun" (yəni dinin əsaslarına, kökünə bağlı olanlar) sözündən yarandığı və ya onları kiçiltmək üçün düşmənləri tərəfindən "ot yeyənlər, avara qrup" mənasında işlədildiyi ehtimal olunur. Reallıq isə budur ki, Səbbah son dərəcə sərt intizamlı, spirtli içkiləri qadağan edən, dini və elmi qaydalara ciddi əməl edən bir icma idarə edirdi.
Otuz dörd il qaladan çıxmayan lider
Həsən Səbbah "Ələmut" qalasını ələ keçirdikdən sonra ömrünün sonuna qədər — 34 il boyunca qalanın divarlarını tərk etmədi. O, vaxtının böyük hissəsini mütaliə etməyə, dövləti idarə edən məktublar yazmağa və təşkilatın strateji gedişlərini planlaşdırmağa sərf edirdi. O, intizam məsələsində o qədər amansız idi ki, qanunları pozduqlarına görə öz iki oğlunu belə edam etdirmişdi.
1124-cü ildə "Ələmut"da vəfat edən Səbbah, arxasında yüz ildən çox mövcudluğunu saxlayan, yalnız XIII əsrin ortalarında Monqol xanı Hülakü xanın yürüşləri nəticəsində darmadağın edilən unikal bir siyasi-dini sistem qoyub getdi.
“Ədəbiyyat və incəsənət”
(06.08.2026)
"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Bu günlərdə Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı "Milli Qəhrəman Vüqar" adlı bioqrafik poema kitabı işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları:
Kitabın adı: "Milli Qəhrəman Vüqar" (Bioqrafik poema)
Müəllif: Niftalı Göyçəli
Redaktor: Valeh Novruzov (Turan Yazarlar Birliyinin üzvü, ünlü-sədalı etnoqrafik "Dərəçiçək xatirələri" kitabının müəllifi)
Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı, 2026
Tiraj: 100
Kitab barədə:
Bu poemada Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun obrazında I Qarabağ savaşında rəşadət göstərmiş igid əsgərlərimizin döyüş salnaməsindən bəhs olunur.
Əziz şəhidimizə həsr olunmuş kitabın girişində Turan Yazarlar Birliyinin üzvü, TYB-nin xüsusi ödülü, "Hüseyn Cavid" ödülü və "Ustad Niftalı Göyçəli" ödülü laureatı, yazıçı-şair Ramil Bəylər tərəfindən kainat və varlıq aləmi barədə qələmə alınmış "Münacat" adlı gözəl şeiri təqdim edilir.
Ardınca kitabın əsas hissəsində Ustad Niftalı Göyçəlinin uyğun mövzuda xüsusi məharətlə qələmə aldığı gözəl və mənalı poeması yer almışdır.
Bundan sonra kitabın redaktoru Valeh Novruzovun II Qarabağ Savaşı ilə bağlı fikirləri, ardınca şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvanın həmin poema barədə qələmə aldığı nəzəri münasibəti yer almışdır. Kitabın sonunda isə "Şəkil albomu" başlığı altında şəhid Vüqar Mürsəlov və eləcə də onun yaxınları və cəbhə yoldaşlarına aid fotoşəkillər təqdim edilmişdir...
Məlumat üçün qeyd etmək lazımdır ki, Ustad Niftalı Göyçəlinin "Milli Qəhrəman Vüqar" adlı bioqrafik poemasının ilk təqdimatı 26.07.2026 tarixində Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində "Həməşəra" mətbu orqanının təşkilatçılığı ilə onun özü və eləcə də tanınmış ziyalılar, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, AYB, AJB-nin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilmişdir...
Minnətdarlıq:
Fürsətdən istifadə edib, Azərbaycan ədəbi mühitinin qocaman nümayəndəsi,Ustad Niftalı Göyçəlini işıq üzü görmüş yeni kitabına görə səmimi qəlbdən təbrik edir, doğma elimizin fəxarətli sülaləsinə mənsub olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovla bağlı yazıb ərsəyə gətirdiyi belə bir gözəl və mənalı poemaya görə təşəkkürümü bildirir, eyni halda əziz və dəyərli Ustadımıza uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)
Ziddiyyətli şəxsiyyət – Rafiq Tağı
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Rafiq Tağı deyəndə ilk əvvəl ağla qətl hadisəsi gəlir.
Bəs niyə ziddiyyətli?
Orasına gələcəyik.
Hələlik isə onu deyək ki, bu gün Azərbaycan yazıçısı Rafiq Tağının doğum günüdür. Anadan olmasının 76-cı ildönümüdür.
Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbini, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
Bəli, buradək Rafiq həkimdən danışdım.
Amma bizlər onu məhz yazıçı kimi tanıyır.
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.
2004-cü ildə "Qafqazın qartalı Şaumyan belə…" (Səməd Vurğun) adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin noyabrında daha bir qalmaqallı yazı ilə gündəmə gəlib - "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub. 2011-ci ilin noyabrında bıçaqlanmasının da əsasən onun yaradıcılığı ilə bağlı olduğu ehtimal edilib. Yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyib. "EQO" Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.
Kitabları
1. Yanaşı ulduzlar
2. Düşmənimin xatirinə
3. Pozitiv. Neqativ
4. Şahzadə Dipendranın məhəbbəti
5. Ucaboy liliput
6. Gənc qraf Kenterberiyski
Qeyd etdik ki, 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi qalmaqallı "Avropa və biz" məqaləsinə görə o, həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılıb.
Həbsdən sonra, sən demə, onu ölüm gözləyirmiş.
2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.
Yazıçının 2006-cı ildə "Sənət" qəzetində çıxan və öncə adını çəkdiyimiz "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası verdiyi məlum idi.
Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)
Liderlik qanunları, nömrə 21
“Ədəbiyyat və incəsənət” portalı Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallara cavab axtarışındadır.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan sonuncusu:
21.Varislik qanunu
«Liderin əsl qiyməti onun qoyduğu irslə, varisləri ilə ölçülür»
1997-ci ildə dünyanın biznes sferasının ən yaxşı liderlərindən biri, «Koka-kola» kompaniyasının rəhbəri Roberto Qoysueta vəfat etdi. 16 illik rəhbərlik dönəmində o, «Koka-kola»-nın dəyərini 4 milyard dollardan 150 milyard dollara (3500 faiz !!!) qaldırdı, bütün avtomobil və neft kompaniyalarından bahalı etdi, bir çox aksionerini multimilyonçuya çevirdi, amma onun qoyduğu bu nəhəng irs hələ işin bir tərəfi idi. O, özündən sonra kompaniyanın işini yüksək şəkildə davam etdirəcək varislər yetişdirərək hazırlamışdı, estafeti qəbul edən bu liderlər «Koka-kola»nın uğur yolunu davam etdirirlər.
Və son olaraq kitabının yekun hissəsində Con Maksvell insanlara həyat yollarında öz arzularına çatmağı diləyərək onlara lider olmağı tövsiyə edir. Tövsiyə edir ki, insanlar öz ardlarınca başqalarını aparmağı öyrənsinlər, liderlik zirvəsinə yüksəlib yüksək nəticəyə nail olduqca sabahkı günün liderlərini yetişdirsinlər.
Məncə, əziz oxucum, liderliyin bu qızıl 21 qanununu mənimsəmək sənin dünyagörüşündə çox ciddi dəyişikliklərə səbəb olacaq.
Onlarla praktik vasitə olaraq silahlan və haydı, liderliyə doğru!
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)
Sonra gənclik gedər, şöhrət gedər, yalnız xatirələr qalar...
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Firəngiz Rəhimbəyova. Bu ad hər birimizə dönə-dönə tamaşa etdiyimiz “Bəxt üzüyü” filmindən tanışdır. Seda rolunu canlandıran Firəngiz həm də öz gözəlliyi ilə kişi tamaşaçıları əfsunlamağı da bacarmışdı...
Müğənni, aktrisa Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olub, toyunu edib. Hazırda bu qadın uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır.
Firəngiz xanım 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülüb. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə dediyimiz kimi, "Bəxt üzüyü" filmindəki Sevda - Seda rolu gətirib.
Firəngiz xanım ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Amerikaya köçdükdən sonra qızı adını dəyişərək Reyçel adını götürüb.
1999-cu ildə orada amerikalı memar Reymond Antoni ilə ailə həyatı quran Firəngiz xanım əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edib və kiçik bizneslə məşğul olub.
2017-ci ildə tale onu yenidən Bakıya gətirib. Planeta parni iz Baku KVN Tetarının rəhbəri Tahir İmanovun dəvəti ilə o, "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.
Gələcəyə yönəli planlar qururmuş, kino və teatr səhnəsinə qayıtmaq, yeni mahnı repertuarı yaratmaq yönündə işlər görürmüş. Amma...
2022-ci il avqustun 16-sı Firəngiz xanım ürək tutmasından vəfat edib. Sənətçi 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Westlake Village şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.
Beləcə, qəbri də qürbətdə qalıb.
Allah rəhmət eləsin.
Filmoqrafiya
1. Gümüşgöl əfsanəsi
2. Bəyin oğurlanması
3. Bəxt üzüyü
4. Bəxt üzüyü 2
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)


