Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub

Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kurslarında təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə diplom və sertifikatlar təqdim olunub.

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AzərTAC -a müsahibəsində rəhbərlik etdiyi qurumun nəzdində Xalqlar Dostluğu Akademiyasının yaradıldığını bildirib. O qeyd edib ki, Akademiya təhsil, elm və incəsənət məsələləri ilə məşğul olur.

S.Nəsirov diqqətə çatdırıb ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının və mədəniyyətinin təbliği ilə məşğuldur. “Fəaliyyətimizin əsas istiqaməti ölkəmizi burada yüksək səviyyədə təbliğ etməkdir. Xalqımızın tarixi və mədəniyyəti ilə bağlı araşdırmalar aparmışıq. Bu sahədə iki kitabımızı nəşr etdirmişik. Hazırda tədqiqatlarımızı davam etdiririk. Azərbaycanla ərəb dünyası arasında əlaqələrin inkişafına töhfə verməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə Seymur Nəsirov bildirib.

İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 2700-ə yaxın tələbə təhsil alıb və hazırda 60 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Misirin müxtəlif yerlərindən gəlib Azərbaycan dilini öyrənənlər var. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.

S.Nəsirov qeyd edib ki, Azərbaycan dili Misirin bir neçə universitetində tədris olunur. O və diaspora fəalı İnarə Osmanova misirli tələbələrə dilimizi və ədəbiyyatımızı həvəslə öyrədirlər.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.