Super User

Super User

Çərşənbə, 05 Avqust 2026 14:37

Teatrımızın Dəmir Ledisi

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Deyir ki:- “Teatr ali sənət növü olduğu üçün bir növ, elitar sənətdir. Bu sənətin kütlə üçün olması fikri isə, kommunist ideologiyasının yanlış lozunqu idi. Yadınızdadırsa, bir zamanlar deyilirdi ki, səhnə həyatdan bir pillə yuxarıdır. Amma, mən deyirəm ki, sənət xalq üçün, kütlə üçün deyil. Doğrudur, bu gün tamaşalara müxtəlif tamaşaçılar gəlir, zallar boş deyil, amma məqsədli tamaşaçı yox dərəcəsindədir. Yəni tamaşaçıların əksəriyyəti nəyəsə baxmağa gəlsə də, konkret zövqü və sənət mühakiməsi olanı azdır. Tamaşaçı sənətə əyləncə növü kimi baxırsa, o, tamaşadan heç bir ideya, mesaj ala bilməz...”

 

İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabiliyyəti, hadisələrə mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində, səhnə əsərlərində bu keyfiyyətlər açıq-aşkar görünür…

 

“Hər bir millətin mədəniyyət göstəricisi onun teatra münasibətilə ölçülür. Musiqidə isə bu əsasən simfonik musiqinin dərki kimi qəbul edilir. Burada bir həssas məsələ də var, “haradan filan qədər pul qazana bilərəm”i düşünən adam üçün “Tik-Tok” daha çox maraqlıdır. “Harda daha çox əylənə bilərəm?” deyən insan üçün gecə barları, restoranlar və s. daha cəlbedicidir. Onun üçün teatr və sənət rakursu cəlbedici deyil. Yəni əylənmək, dincəlmək düşüncəsində olan adama teatr təfəkkürü, zövqü yaddır. Digər tərəfdən isə, dövrün zaman anlayışı, vaxta münasibət baxımından bu gün tamaşaçını teatrda saxlaya bilmirik. Məcburiyyətdən tamaşaları qısa zaman çərçivəsinə görə hesablayırıq. Əvvəllər 3 saat, 4 saat nümayiş etdirilən tamaşalarımız vardı. İndi məcburiyyətdən 1 saat, 1 saat 30 dəqiqə, uzağı 2 saatla kifayətlənirik. Tamaşaçını iştirakçıya çevirmək cəhdi mənim əsas istəyimdir. Ötən vaxtlarda bir təcrübə etdim: tamaşanın ən gərgin yerində tamaşaçıdan reaksiyanı almağı yoxladıq. Yəni görüm, bu tamaşaçı səhnəni necə və nə dərəcədə qavrayır? Reaksiyalar heç də teatrı anlayan, sənəti dərk edən tamaşaçıdan xəbər vermirdi. Bizdə emosiyaya təsir var, amma mən şüura təsirdən bəhs edirəm. Ən dəhşətlisi bax budur. Bu sənətdə çalışanların, böyük mənada, dramaturji bazası yox dərəcəsindədirsə, müasir teatr üslubları və formaları haqqında təsəvvürü yoxdursa, özünü bu sənət vasitəsilə köçürə bilmək ifadəsi yoxdursa, demək ki, heç nə yoxdur. Yol da yanlışdır, mövcudluq da. Mənim fikrimcə, bu gün Azərbaycan teatrlarını söküb yenidən yığmaq lazımdır. 26 teatr yox, 10 teatrla qənaətlənmək, ciddi islahatlar aparmaq gərəkdir, bütünlükdə teatra münasibət dəyişməlidir. İdarəetmədən, inikasa qədər. Çünki indiki teatrlarımız 40-cı, 60-cı illərin teatrı deyil. Sürət başqa sürətdir, dövr başqa dövrdür...”- söyləyir.

 

Zərifliyi və güclü iradəsi ilə fərqlənir. Təbii cazibədarlığı və dərin intellekti ona ətrafdakıları özünə cəlb etməyə kömək edir. İncə diplomatiya bacarığı və anlayışı ilə qarşısına qoyduğu hədəfləri ustalıqla dəf edir. Həm şəxsi, həm də peşəkar həyatında güclü iradə nümayiş etdirərək çətinliklərin öhdəsindən gəlir. O, instinktiv olaraq gözəl sənət əsərini tanıyır və ondan necə istifadə edəcəyini yaxşı bilir. Təxəyyülü çox güclüdür, dostluğa böyük əhəmiyyət verir... 

 

Deyir ki:- “Ailədə atama ən çox bənzəyən mən idim. Və atam ən həlledici məqamlarda mənim “qətiyyətli davranışım”da babama heyrətamiz bənzərlik görürdü. Hərçənd ki, mən xüsusi bir şey hiss etmirdim. Amma atam “eynən atama bənzəyirsən” deyirdi, səndən əla hakim olar. Bu peşəni çox sevirdi deyə məni həkim görmək istəyirdi. Lakin ürəyimin səsi atamın səsindən daha güclü oldu. Çox sonralar peşəmlə bağlı müəyyən məyusluqlar olanda, ürəyimin səsinə qulaq verməyimə görə özümü qınadığım vaxtlar da olub. Amma seçdiyim peşə məni özümü ifadə etməyim üçün əsas vasitə oldu. Anladıqlarımı duymaq, duyduqlarımı anlamaq kimi. Elə seçimlər etməliyik ki, qazandığımız şeylər itirdiklərimizə dəysin. Həmişə seçimi elə etmişəm ki, qazandığım itirdiklərimdən çox olub. Atam isə bu peşəmlə, mənim seçimimlə “Mir Cəfər Bağırov və ya qırmızı terror” filmimdən sonra barışdı. Birdəfəlik qəbul etdi...”

 

Haqqında söhbət açdığım Mehriban Ələkbərzadə 1982-ci ildə Sumqayıtdakı 17 saylı orta məktəbi başa vurduqdan sonra bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini ərsəyə gətirib. 1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib. Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyirə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Bir müddət burada işlədikdən sonra bir il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. Sonra Azərbaycan Dövlət Akademik Milli Teatrının bədii rəhbəri olub. İndi yenidən Azərbaycan Televiziyasına qayıdıb, oranın bədii rəhbəridir.

 

“Deyirlər ki, teatrda rejissor və ya bədii rəhbər kişi peşəsidir. Amma əsla belə deyil. Və mən, ümumiyyətlə, qadın-kişi peşə fərqinin tam əleyhinəyəm! Ortada qol-əzələ gücü yox, intellekt və duyum fərqliliyi söz konusudur. Mədəniyyətin teatr adlı təsisatında səlahiyyətləri öz əlinə alıb, öz iradəsini diktator üsulu ilə hamıya diktə edən bu peşə kişilərin daha çox xoşuna gedir. Əlbəttə ki, onu qadınla paylaşmaq istəmirlər. Bəzən də bu qadın dəsti xəttidir deyən həmkarlarım öz xıncını qadının zəif cins olduğunu vurğulamaqla, onun yaratdığının da zəif olmasını qabartmaq istəyirlər. Qadın rejissorlar məhz bu kişi rejissorlardan həmişə güclü olub. Kişilərdən fərqli olaraq, qadının daha həssas araşdırmaçı gücü xüsusi qısqanclığa səbəb olur. Tələbə vaxtı çox sevdiyim bir rejissor pedaqoqun “Əgər intellektin olmasaydı, sənə deyərdim ki, qadın hara, rejissorluq hara? Amma sənə deyə bilmirəm”- deməsi onda olmasa da, sonralar məndə bu fərqin tam əleyhinə olması mövqeyini formalaşdırdı. İntellekt fərqini cins fərqiylə qarışdıracaq deyilik ki... Fəaliyyətim boyu əmin oldum ki, əksər kişi rejissorlardan intellekt və peşəkarlıqda həm güclüyəm, həm də cəsarətliyəm. Nə qədər təkəbbürlü səslənsə də deyirəm.”- söyləyir.

 

 Xidmətlərinə görə 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. 2024-cü ildə isə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Bir neçə ildir ki, ardıcıl olaraq Prezident mükafatı alır...

 

Deyir ki:- “Mən mövcud, bəlli, işlənmiş formanı sındırmağa, özümü ifadəyə meylli biriyəm. Bunu bəzən yeni forma, avanqard, yaxud yeni dəb adlandırırlar. Hər zaman anladıqlarımı duymağa, duyduqlarımı işimə qüsursuz köçürməyə çalışıram. Nə necə görünür, necə qəbul olunur mənə maraqlı deyil. Yetər ki, sonuca qane olum.”

 

Hər kəsin bir daxili dünyası var, - deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, onu düzə düz, əyriyə əyri söyləməyə vadar edir. Həm rejissor və həm də bədii rəhbər kimi mükəmməldir. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib. Deyir ki, hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq. 2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanım hər gün "sehirli qutuda" səbirsizliklə gözlədiyimiz, yeri görünən adamdır. Bayağı verilişlərin baş alıb çoxaldığı zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi? Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…

 

Bu gün - avqustun 5-də Mehriban Ələkbərzadənin növbəti ad günüdür. Xanımların yaşını deməzlər. Onu bu münasibətlə təbrik edir, sevgi və ehtiramımı bildirirəm. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

 

Çərşənbə, 05 Avqust 2026 14:16

Şeir saatı – Alik Ədiloğlunun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlər Alik Ədiloğlunun şeirləri ilə tanış olacaqsınız.

 

 

ŞEİR SAATI

 

Alik ƏLİOĞLU

 

 

SOTEROYA

 

"Bu yol günəşə gedir?"

ohoooo,

Sotero...

Qaşqabağını sallama,

Bilirəm, içkilisən...

ağzında sevgi tamı,

azadlıq ləzzəti var...

Ora bax, kişi nə qışqırır:

"Qoyun əti var!"

ohoooo,

Soterooo...

bir dulusçudan

vətəninə xəyanət gözləmə...

O da hamı kimidir...

Məktub yazmışdın,

Juliyen kimdir?

Bədbəxt fransız...

pəncərədən özünü atıb

ölə bilmədiyinə görə

həbs elədilər.

Tv-lərdə dayandı filmlər,

cizgi, bədii, sənədli, ero

və Sotero,

sənin ölümündən danışdılar...

Son sözlərini dedilər bir-bir:

"Hə, bu yol günəşə gedir..."

 

 

***

 

Atamın əziz xatirəsinə

 

Yuxuda atamı gördüm...

Hələ də həminki kimi arıq

və ciddidir...

"Ata, adamlar məni yaman incidir..." – dedim.

Gözü yaşardı...

Sonra hardasa

top oynadıq...

Mən uddum.

Atam məni qucağına

alıb başımdan öpdü...

Sonra yerimə uzandım,

üstümü örtdü

və getdi...

 

 

YAD ŞƏHƏRDƏ

 

Səhərlər durub tanımadığımız

Bir şəhərin dar

Küçələrini süpürürük, zibilini daşıyırıq…

 

Gecələr

Oyanıb dərisini gün yandırmış

Qıvrım, cod saçlı yetim uşaqlara

Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

 

Kimsə gəlməlidir.

Günlər uzanır və heç kəs gəlmir.

 

Geriyə baxmaq dəhşətlidir.

Görürsən ki,

İllər öncə qulağını qatar relsinə dirəyib

Qatarın səsini dinləməklə

Uzaqlar arzusunda yaşadığınçün

Səni gətirib uzaqlara atıblar...

 

Görürsən ki, yiyəsizsən...

 

Görürsən ki, bu amansız məhəllədə

Günbəgün itlər də yoxa çıxır,

Pişiklər də...

Bilmirsən öldürürlər, ya azdırırlar...

Və sən

Bilmirsən hönkürüb ağlayasan,

Ya sadəcə, kədərlənəsən...

 

Elə bir doğma adam gəlməlidir ki,

Onu öpmək yox, qoxulamaq istəyəsən.

Yanında olduğuna əmin olmaq üçün

əlini üzünə toxuyub yoxlamaq istəyəsən...

 

Günlər uzanır, heç kəs gəlmir...

Və sən bir-bir ölürsən...

 

 

***

Atamın və oğlumun xatirəsinə

 

Martın son günləridir.

Ayaq üstə dayanıb

Hamının susduğu kimi susuram.

 

Sinəmə çəkdiyim hava,

Ayağımı basdığım torpaq

 

Məni sərxoş edir...

 

Dağın başında kimsə gedir.

Uzaqlaşmaqda...

Dönüb boylanır,

Havada yellənir bir əl...

 

Çağırır:

Gəl, gəəl!

 

Bilirəm ki, indi getməsəm,

Bu köhnə evdə

Toz-torpaq,

Köhnə şəkillər,

Çirkli pəncərələr

Və bozarmış paltarlarım

Var...

 

Bilirəm, təklikdə öləcəm burda...

 

Martın son günləridir.

Həyətdə oturub

Hamının susduğu kimi susuram.

 

Küçələr boşdur,

Uşaqlar oynamır.

Adamlar köçüb gedib.

Bütün qəsəbə

Sükut içində...

Mən öz evimi sevirəm!

 

Mart bitir.

Pəncərə önündə

Hamının susduğu kimi susuram:

 

Həyətimdəki boş yelləncək

Mənimlə birgə gözləyir:

atam – qucağında oğlum – gələcək!

 

 

QADININ TƏKLİYİ

 

Ah, bu nə ümidsizlikdir

Gecədə,

Yerimin içində

Anamın ağrıdan iniltisini və

Bethovenin musiqisini dinləyirəm...

 

“Təklik” deyə vahiməli

qadın pıçıltısı gəlir qulağıma...

Tək yaşayan qadınların kişisidir ağrı,

Xəstəlik...

Hələ üstəlik,

Bir az da gərginlik və əsəb...

Ah, qadın və əzab...

Sevgi görməyən gözlərini

Torpaqdan ayır,

Göyə bax,

Günəş saçını darayır...

 

Ondan bir az sevgi istə

Allaha qucaq-qucaq,

Bu dəfə sonundan başla,

Axşama günəş çıxacaq...

 

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

 

Çərşənbə, 05 Avqust 2026 13:33

3-cü minilliyin intibah rəssamı SAKİT MƏMMƏDOV

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"

                                                 Görkəmli rus tənqidçisi Andrey Bajenov

 

Əməkdaşımız ötən il Sakit Məmmədov barədə yazıya bu sözlərlə başlamışdı: “Son dəfə onun çəkdiyi Atilla rəsminə baxdım və həqiqətən də valeh oldum.” Söhbət Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovdan gedir, bu gün onun  doğum günüdür, 68 yaşı tamam olur.

Mən də o rəsmi tapıb baxdım və mən də valeh oldum.

 

Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirib. Hərbi xidmətdən sonra S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olub, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirib. Rus və Türk dillərini bilir. Ailəlidir, 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.

Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub. O, 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. "Xatirə şəkli", "Oyun", "Məşq", "Falabaxanlar", "Ad günü", "Leninqrad xatirələri", "Yaşasın İstanbul", "Bayram", "Toy", "Metro", "13 nömrəli avtobus', "Həvəskar" və s. kimi əsərlərinin adlarını çəkmək olar. Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür.

Sakit Məmmədov müsahibələrin birində deyib:

“İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…”

1983-cü ildən müxtəlif sərgilərdə iştirak edən Sakit Məmmədovun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarını qeyd etmək olar.

Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, "Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"- deyib.

Sənət haqqında Sakit Məmmədovun dediklərindən:

 "Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır. Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur.”

Sakit Məmmədovun "Günaydın" əsəri Tumbler sosial şəbəkəsində günün fotosu seçilib.

 

"Opalizm və Sakit Məmmədov"

 

Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulan bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur.

1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan Respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilmişdir.

 

Sərgilərin xronoloji ardıcıllığı

1. Belarus - 1989-cu ildə Minsk şəhərində Gənclər sərgisi.

2. Türkiyə - 1991-ci ildə Ərzurum şəhərində azərbaycanlı rəssamların sərgisi.

3. Polşa - 1993-cü ildə Krakov şəhərində sərgi.

4. Türkiyə - 1994-cü ildə İstanbul şəhərində Art Fayr beynəlxalq sərgisi.

5. Türkiyə - 1994-cü ildə İstanbul şəhərində fərdi sərgi.

6. Türkiyə - 1995-ci ildə İstanbul şəhərində Taksimdə sərgi.

7. Rusiya - 1996-cı ildə Moskva şəhərində sərgi.

8. Türkiyə - 1996-cı ildə İstanbul şəhərində "Kış Müzayedesi" sərgisi.İsveç 1997-ci ildə Stokholm şəhərində fərdi sərgi.

9. Ukrayna - 1998-ci ildə Kiyev şəhərində azərbaycanlı rəssamların sərgisi.

10. Almaniya - 1999-cu ildə Berlin şəhərində azərbaycanlı rəssamların sərgisi.

11. Avstraliya - 2000-ci ildə Sidney şəhərində Olimpiadaya həsr olunmuş sərgi.

12. Fransa - 2001-ci ildə Strasburq şəhərində Avropa Şurasının Binasında azərbaycanlı rəssamların sərgisi.

13. Belçika - 2001-ci ildə Brüssel şəhərində Kunstbeurs sərgisi.

14. Azərbaycan -  2002-ci ildə Bakı şəhərində fərdi sərgi.

15. Rusiya - 2002-ci ildə Moskva şəhərində "Na Salyanke" sərgi salonunda fərdi sərgi.

 

Dünyada məşhur əsərləri

-  Klounlar

- Səhnə arxası

- Mən də ordayam

 

Mükafatları

-  Azərbaycan Respublikasının əməkdar rəssamı

-  Azərbaycan Respublikasının xalq rəssamı

- YUNESKO (UNESCO) və Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü

-  Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü

-  Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru

- Rusiya İncəsənət Akademiyasının fəxri üzvü

-  Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü

-  Dünya İncəsənət Akademiyasının həqiqi üzvü

-  Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü

-  Dünya İncəsənət Akademiyasının qızıl ordeni

-  "Türk Dünyası" Akademiyasının həqiqi üzvü

-  Beynəlxalq "Atatürk" medalı laureatı

-  "Qızıl Ulduz" Türk medalının qalibi

-  Serbiya Kral Akademiyasının mükafatı "Gran pri" və "Qızıl Mələk" medalı laureatı

-  Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçının sahibi

-  "Vətən övladı" qızıl ordeni

-  Beynəlxalq "Dədə Qorqud" mükafatı

-  Leonardo da Vinçi medalı

-  "Şpitsveq" medalı

-  "Müqəddəs Qiorqi" medalı

-  "Qızıl Tac" ordeni

-  "Avropanın şərəfi" ordeni

-  "Böyük Cəngavər Qızıl Ulduzu" ordeni

-  Xidmətlərinə görə "İmperator I Aleksandr" ordeni.

 

Biz görkəmli rəssamı doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Fəridə Abdullayevanın bir şeiri təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

                                                        

Fəridə ABDULLAYEVA

DANIŞMADAN DUYULMAQ

 

Bu dünyada hamı danışır,

Bu dünyada hər şey danışır.

Axı Zəlimxan Yaqub deyir:

"Duymağı bacarsan, daş da gözəldir".

 

Susqunluq deyilən bir şey yoxdur,

Qulaq verməmək var.

Biz sadəcə, qulaq vermirik.

 

Kimi sözləriylə danışır,

Kimi gözləriylə.

Kimi əlləriylə danışır,

Kimi gəlişi, kimi gedişi ilə.

Kimi varlığı ilə,

Kimi yoxluğu ilə...

 

Mən də qulaq verdim –

Eşitdiyim isə yoxluğunun səsi idi.

 

Yazmağı seçdim,

Yəni, əlimlə danışmağı.

Varlığı yazdım –

Varağa yazdım.

 

Kimi dinlədi, duymadı,

Kimi baxdı, görmədi.

Kimi gülümsəyib keçdi,

Kimi, sadəcə, yandan keçdi.

 

Bəlkə də,

Problem məndə idi –

Əlim danışırdı,

Amma qələm...

Qulaq vermirdi,

Bəlkə də...

 

“Ədəbiyyat və incəsənət”                                                         

(05.08.2026)

 

Çərşənbə, 05 Avqust 2026 12:27

Zəlimxan Yaqubdan sonra O

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Aşıqlar Birliyi...

Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra çoxları bu qurumun fatehəsini oxudular. Amma belə lmadı. Məhərrəm Qasımlı birliyi şövqlə idarə edib nüfuzunu qoruyub saxlaya bildi.

Bu gün Məhərrəm müəllimin doğum günüdür, 68 yaşı tamam olur.

 

Məhərrəm Paşa oğlu Qasımlı 5 avqust 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib. AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olub.

Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur.

Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Elmi fəaliyyətlə yanaşı təhsil sistemində də fəaliyyət göstərən prof. M. Qasımlı Azərbaycanın bir çox nüfuzlu universitetlərində də çalışıb

1998–2015-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində elmi şuranın üzvü, 2004–2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında tədris proqramlarının üzvü olub. Bundan başqa Lənkəran Dövlət Universitetində (1998–2007), 1994–2022-ci illərdə isə Azərbaycan Universitetində müqavilə ilə işləyib. 2016-cı ildən Azərbaycan Respublikasının Dövlət Mükafatları Komissiyasının üzvüdür.

1996-cı ildən AYB-nin üzvü olub. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi olub, 2016-cı ildə Birliyinin sədri seçilib. 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-da qeyd olunmasında yaxından iştirak edib. 2017-ci ildə UNESCO-da qeydə alınan "Yallı" layihəsinin və "Azərbaycan rəqsləri" layihəsinin həmmüəllifi olub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün kiçik qrant müsabiqəsində "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı" adlı layihəsi ilə qalib olub. Bədii əsərlərində Orxan Paşa imzası işlədir. Bədii əsərləri Azərbaycanda, Gürcüstanda, İranda, Türkiyədə nəşr olunub

 Azərbaycanda 500-dən çox elmi məqalələri, 21 kitabı, 5 monoqrafiyası çapdan çıxıb. Xaricdə isə 70-dən çox məqaləsi çıxıb. Rəhbərliyi altında 50-ə yaxın dissertant və doktorant fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyası müdafiə edib.

 

Kitabları

- "Aşıq sənəti"

- Aşıq sənəti

- "Sənə sözüm var"

- "Ozan-aşık sanatı"

- Qasımlı M. Ozan-aşıq sənəti.

- Şah İsmayıl Xətayinin poeziyası

- "Yağmur qoxusu"

- Taleyimdən və ürəyimdən keçənlər

- Saz başına döndüyüm

 

Məqalələr

- Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti

- Dədə Qorqud məzarının ünvanı Dəmirqapı Dərbənd

- Gedək Təbrizə-Təbrizə; Xudafərin körpüsü; Azərbaycanım;Yol verin; Gəldin. Parçalanmış millətin harayı

- Ruhumuzun və dilimizin sərrafı

 

Filmoqrafiya

- Haqq aşığı

- Mən Orxan Paşayam

- Saz-söz axşamı (AzTv-də yayımlanan silsilə film verilişlər

- O-Məhərrəm Qasımlı (Mədəniyyət Televiziyasında yayımlanan veriliş)

 

Mükafatları

- Azərbaycan Respublikasının Dövlət Mükafatı

- "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

- "Şöhrət" ordeni

- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam "Ədəbiyyat və İncəsənət" portalının əziz izləyiciləri.

"Bir şair və bir şeir" rubrikamızı bu dəfə sevimli xanım Aysel Xanlarqızının poeziyası bəzədi.

 

Bihuşedici eşq qoxun,

Boynumda ətir əvəzi.

Qollarına sığınmışam,

Yağışdan çətir əvəzi...

Gözəl lirikadır, deyilmi?

 

Xoş mütaliələr.

 

 

AYSEL XANLARQIZI,

ADSIZ ŞEİR

 

Tanrının gözündən düşüb

Duzu çox olub dənizin.

Kirpiyim altda gözlərim,

Göydə boğulub dan üzü...

 

Bihuşedici eşq qoxun,

Boynumda ətir əvəzi.

Qollarına sığınmışam,

Yağışdan çətir əvəzi...

 

Göy üzü yanağın silir,

Günəşə astar tikilib.

Həsrətin gəzən şəhərdə,

Payızın saçı tökülüb.

 

Təqvimdən qopub göz yaşım,

Sərgərdan gəzir küçələr.

Əllərim atasız uşaq,

Qoynumda ölür gecələr...

 

Yollardan ayaq izini,

Götürüb sıxdım bağrıma.

Köksün səccadə əvəzi,

Dua tək yağdım bağrına...

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hər insanın öyrənmə və işləmə tərzi fərqlidir. Kimisi tam sakitlikdə daha məhsuldar olur, kimisi isə ətrafdakı səs-küyə baxmayaraq rahatlıqla fikrini cəmləyə bilir. Bəziləri qulaqcıqla musiqi dinləyərək dərs oxuyur, digərləri isə ən kiçik səsdən belə narahat olur. Yazı yazmaq da eyni qaydada hər kəs üçün fərqli bir prosesdir.

 

Elə insanlar var ki, ilhamı yalnız səhər tezdən tapır, elələri də var gecənin sükutu olmadan bir cümlə belə yaza bilmir. Bu fərqliliklər təkcə  bizə aid  deyil, dünya ədəbiyyatının ən böyük simalarına da xas olub. Bəziləri ayaqüstə yazıb, bəziləri uzanaraq düşünməyi üstün tutub, digərləri isə qəribə hesab edilən şəxsi rituallar olmadan yaradıcılıq prosesinə başlaya bilməyib. Lakin  qəribə görünən bu vərdişlər onların yaradıcılığının ayrılmaz hissəsinə çevrilib.

Mövzu diqqətimi çəkdiyi üçün müxtəlif bioqrafik mənbələri və araşdırmaları nəzərdən keçirdim. Topladığım məlumatlara görə, dünya ədəbiyyatının məşhur nümayəndələrinin bəzilərinin yazı vərdişləri həqiqətən də olduqca maraqlı olub.

 

Ayaq üstə yazan Ernest Hemenquey

Yazıçı Ernest Heminqvey yazı masasının arxasında oturmaq əvəzinə, çox vaxt ayaqüstə yazırdı. Yazı makinasını sinə hündürlüyündə yerləşdirilmiş kitab rəfinin üzərinə qoyur, səhər tezdən işə başlayırdı. O, hər gün neçə söz yazdığını da xüsusi cədvəldə qeyd edirdi. 

 

Yalnız uzanaraq düşünən Trumen Kapote

O özünü "tamamilə üfüqi yazıçı" adlandırırdı. O deyirdi ki, uzanmadan düşünə bilmir. Əsərlərinin ilk qaralamalarını yataqda və ya divanda uzanaraq əl ilə yazır, yalnız sonrakı mərhələdə onları makina ilə köçürürdü. Maraqlıdır ki, Kapotenin müxtəlif xurafatları da vardı: o, cümə günü yeni əsərə başlamağı və ya onu bitirməyi uğursuz hesab edirdi.

 

Qəhvəsiz yaza bilməyən Onore de Balzak

O gecəyarısından sonra oyanır, səhərə qədər saatlarla işləyirdi. Bioqrafiyalara görə, uzun yazı marafonlarında çox böyük miqdarda qara qəhvə içirdi. Bəzi mənbələr bu rəqəmi gündə 50 fincana qədər göstərir. O, bəzən 15 saata yaxın fasiləsiz yazır, əlyazmalarını dəfələrlə yenidən redaktə edirdi.

 

Çürümüş alma qoxusundan ilham alan Şiller

Fridrix Şiller haqqında ən maraqlı faktlardan biri onun iş masasının siyirməsində çürümüş almalar saxlamasıdır.  Şiller həmin qoxunun yaradıcılıq düşüncəsini oyatdığına inanırdı. Hətta həyat yoldaşı da onun bu qəribə vərdişini təsdiqləmişdi.

 

Özünü evə "həbs edən" Viktor Hüqo

Viktor Hüqo məşhur romanlarını vaxtında bitirmək üçün qeyri-adi üsula əl atırdı. Evdən çıxmamaq məqsədilə paltarlarını xidmətçisinə verirdi ki, küçəyə çıxmaq imkanı olmasın. Beləcə, günlərlə otağında qalaraq yalnız yazı ilə məşğul olurdu. Bu üsul ona diqqətini tamamilə yaradıcılığa yönəltməyə kömək edirdi.

 

Artıq deyə bilərik ki, yaradıcılığın vahid resepti yoxdur. Hər yazıçı özünəməxsus ritm, mühit və vərdiş formalaşdırır. Kimi ayaqüstə yazır, kimi gecələr işləyir, kimi isə qəribə görünən kiçik rituallarla ilhamını qorumağa çalışır. Əsas olan isə vərdişin özü deyil, həmin vərdişin müəllifə düşüncələrini sözə çevirməyə kömək etməsidir. Bəlkə də bu qəribə vərdişlərə gülümsəyirik.  Amma əslində bu nümunələr bizə bir həqiqəti xatırladır: yaradıcılığın standartı yoxdur.

Qeyd edək ki, böyük yazıçılar şöhrət qazanmaq üçün deyil, deyə bilmədiklərini demək üçün yazırdılar. Onların qəribə vərdişləri diqqət çəkmək məqsədi daşımırdı. O vərdişlər sadəcə onların yaradıcılıq dünyasının qapısını açan kiçik açarlar idi. Əsərləri isə həmin qapıdan çıxıb əsrləri keçdi. Amma bu gün bizə yeni yazı üsullarından daha çox, yazının özünə hörmət lazımdır. Çünki istedadın yerini nə bahalı qələm tutur, nə də müasir texnologiya. Ədəbiyyat səs-küydə deyil, insanın içində doğulur. Və yaxşı mətni yadda saxlayan onun hansı saatda yazılması yox, hansı hisslə yazılmasıdır.

Bəlkə də gələcəyin klassikləri bu gün elə sakit bir otaqda, köhnə dəftərin kənarında və ya gecənin dərin sükutunda ilk cümlələrini yazırlar. Onların da qəribə vərdişləri olacaq. Amma onları ölümsüz edəcək həmin vərdişlər deyil, qələmlərinin həqiqətə nə qədər sadiq qalacağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Çərşənbə, 05 Avqust 2026 11:01

Soyuq divarların içində yaşayıb ölmək - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzi divarlar soyuqdur. Onu isidəcək nə bir alov, nə də bir insan nəfəsi qalıb. Onu heç nə isidə bilməz. Çünki təməlində heç bir daş günəş görmədi. Nə bir işıq, nə də bir isti əl ona toxunmadı. Hər yer soyuq, hər tərəf qaranlıq idi. Divarın üstü rənglənsə belə, içində nə bir istilik, nə də bir işıq göründü. O divarlara heç vaxt sevgi dolu bir xatirə, bir həyat izi yazılmadı.

 

Hər hekayə soyuq, hər oyanış bir zülmət idi. Sanki hər gün bir qaranlığa açılıb, bir qaranlıqda yox olurdu. Hər şey tünd idi. Sarıya həsrət idi o divarlar. Çünki o divarlar sevginin nə olduğunu bilmirdi. Heç zaman nə onu görmüş, nə də hiss etmişdilər. Soyuq divarlara heç vaxt xoşbəxtlik qoxusu hopmamışdı. Orada sadəcə əzab vardı.

Sevgi bütün duyğuları özündə birləşdirə bilər, amma sevginin olmadığı yerdə təkcə bir duyğu qalır — əzab. İndi o divarlar sadəcə əzab çəkir. Onun kölgəsindəki hər şey susur, çünki sevgi çoxdan tərk edib onları. Sevgini görməyənlər heç vaxt sevgi verə bilmir. O duyğu heç vaxt onların içində yaşaya bilmir, çünki kökü belə olmur.

Sevgi bir toxumdur. Əkilmədiyi torpaqda heç vaxt yaşaya bilməz. Soyuq divarlarda var olub da yaşaya bilməyənlər kimi, sevgi də doğulmadığı yerdə ölməyə məhkumdur.

Bəziləri üçün həyat heç vaxt sarı olmur. Bəziləri həmişə soyuq divarların içində yaşayıb ölür. Və bu da bir gerçəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

 

Çərşənbə, 05 Avqust 2026 10:09

“Maraqlı söhbətlər”də ən dözümlü canlı

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Alimlər qeyd edirlər ki, əgər Yer üzündə ən dəhşətli apokalipsis baş verərsə, yeganə sağ qalan bu canlı olacaq.

 

Təsəvvür edin: Selsi ilə 150 dərəcə isti, 273 dərəcə soyuq temperatur onun üçün adi şeydir. 6 000 atmosfer təzyiqinə, 500 000 rentgen radiasiyasına (müqayisə üçün deyək ki, insan üçün ölümcül doza cəmi 500 rentgendir) dözümü var. O, on illərlə ac qala bilir. Lakin ən maraqlısı isə onun 100 il susuz olaraq yaşaya bilməsidir. Bu onurğasız heyvanın mikroskop altında ölçüsü cəmi 1,5 mm-dən böyük deyil. Çox yavaş hərəkət edir : dəqiqədə 2-3 millimetr gedir. 8 ayağı var. Ayı pəncəsinə oxşadığına görə ona Balaca Su Ayısı da deyirlər. Əsl adı isə tardiqraddır.

Bu heyvan 1777-ci ildən elmə məlum olsa da, alimlər hələ də onun fenomenal yaşayış tərzini öyrənə bilməyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan poeziyasının canlı əfsanəsi, Xalq şairi Nəriman Həsənzadənin əziz xatirəsini yad etmək və onun zəngin yaradıcılıq salnaməsini yenidən yaşatmaq məqsədilə ərsəyə gətirilən "Nərdivan" musiqili dram tamaşası televiziya ekranları vasitəsilə tamaşaçılara təqdim olundu. Şairin eyniadlı məşhur fəlsəfi şeirindən ilhamlanan bu böyük səhnə əsəri, təkcə bir sənətkarın bioqrafiyası deyil, həm də sözün, sevginin və mənəvi ucalığın tərənnümünə çevrildi.

 

Poetik fəlsəfədən teatr səhnəsinə: Tamaşanın ideya qaynağı

"Nərdivan" şeiri Nəriman Həsənzadə poeziyasının vizit kartı, insanın həyat yolu, mənəvi yüksəlişi və ömür pillələri haqqında ən dərin lirik-fəlsəfi nümunələrindən biridir. Tamaşanın dramaturji oxu məhz bu fəlsəfə üzərində qurulub: həyat bir nərdivandır və vacib olan bu pillələri ucalaraq mənəvi duruşu, sadiqliyi və vicdanı qoruyub saxlamaqdır.

Musiqili dramda şairin uşaqlıq illərindən başlayaraq gəncliyi, Moskva illəri, ədəbi mühitdəki addımları və ömrünün son çağlarına qədər olan keşməkeşli həyat yolu bədii boyalarla ekrana köçürülüb. Süjetin ən kövrək və mərkəzi xəttini isə şairin həyat yoldaşı Sara xanımla olan əbədi sevgi dastanları və ona həsr etdiyi unudulmaz misralar təşkil edir.

 

Korifeylər və gənc nəslin harmoniyası: Səhnədəki ulduzlar ansamblı

"Nərdivan" tamaşasının ən uğurlu tərəflərindən biri onun geniş və rəngarəng aktyor heyətidir. Səhnə əsərində 30-dan çox tanınmış sima — teatr və kino aktyorları, Xalq və Əməkdar artistləri, məşhur qiraətçilər və televiziya aparıcıları yer alaraq unikal bir sintez yaradıblar:

Poeziya və aktyorluq ustalığı: Bədii qiraət ustası Xəzər Süleymanlı, tanınmış aktyorlar Taleh Yüzbəyov, Ülviyyə Əliyeva, Əməkdar artist İlqar Cahangir və başqaları şairin müxtəlif dövrlərini və daxili aləmini dərin psixologiya ilə canlandırıblar.

Musiqili tərtibat və canlı ifalar: Xalq artistləri Niyamməddin Musayev, Gülyanaq Məmmədova, Əməkdar artist Lalə Məmmədova və digər ifaçıların canlı təqdimatında səslənən nəğmələr tamaşanın emosional yükünü daha da artırıb.

Aparıcıların aktyorluq debütü: Lalə Azərtaş, Mətanət Əliverdiyeva və Mehman Rəsulov kimi tanınmış televiziya simalarının tamaşadakı canlı və təsirli ifaları süjetə xüsusi bir dinamika qatıb.

 

Musiqi, məkan və televiziya estetikası

Tamaşanın musiqi tərtibatı Nəriman Həsənzadənin şeirlərinə bəstələnmiş klassik mahnılarla yanaşı, xüsusi olaraq bəstələnmiş simfonik və muğam parçaları ilə zənginləşdirilib. İşıq effektləri, keçid kadrları və səhnə bəzəyi şairin xatirələr dünyasını simvolizə edən minimalist, lakin rəmzi mənalarla dolu bir nərdivan dekorasiyası ətrafında cəmlənib.

Televiziya premyerası zamanı rejissor-operator işi və yaxın rakurslar vasitəsilə aktyorların emosiyalarını və gözlərindəki kədəri tamaşaçıya birbaşa ötürə bilmişdir.

 

Unudulmaz sənətkara ümumxalq ehtiramı

Nəriman Həsənzadənin vəfatından sonra onun əziz xatirəsinə həsr edilən bu teatr-ekran işi, sadəcə bir tamaşa deyil, böyük ustadın ruhuna göstərilən ali ehtiramın təcəssümünə çevrildi. Tamaşa izləyicilərə bir daha sübut etdi ki, həqiqi şairlər cismən itsələr də, onların misraları və qoyub getdikləri mənəvi nərdivan gələcək nəsilləri ucaltmada davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

96 -dən səhifə 3118

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.