Super User
Qağa, kaan, kağan – milli kimliyimizin GİZLİ kodu
Rauf Zeyni,
“Ədəbiyyat və incəsənət”
Son dövrlərdə bəzi araşdırmalar apardım. Maraqlı nəticələri media sahəsində çalışan dostlarım çap etdilər, insanlar oxudular və çox dəyərli, qiymətli fikirlər bildirdilər. Belə ziyalıların, oxucuların və dostların diqqətinə, qayğısına və verdikləri dəyərə görə hər birinə təşəkkür edirəm. Beləliklə, araşdırmalar davam edir.
Dünyanın düz vaxtlarından, yəni mənim kiçik yaşlarımdan, ağlımız kəsən dövrlərdən etibarən, əsasən qohum-əqrəba arasında insanların bir-birinə müraciət formaları, xüsusilə də mənasını bilmədiyim sözlər, adlar və deyimlər yaddaşıma həkk olunurdu. Zaman-zaman onların mənasını axtarırdım.
Belə sözlərdən biri də konkret bizim eldə – Zəngəzurda və Azərbaycanın başqa regionlarında babaya, ataya, əmiyə, böyük qardaşa edilən “Ay Qağa!” müraciəti idi. İnsanlar nəyə görə bir-birinə belə müraciət edirdi? Xüsusilə də bu müraciətin müəyyən coğrafiyada geniş yayılması son illərdə məni bu məchulu araşdırmağa daha çox sövq edirdi.
Maraqlıdır, çox maraqlıdır: bu sözün mənbəyi haradan qaynaqlanırdı?
Müasir dövrdə bəzi həmvətənlərimiz bu sözlə bir-birini aşağılayır, hətta təhqir edirdilər: “Bəzi rayonlardan ‘Qağa’lar yığılıb gəliblər şəhərə, bizim auramızı, mədəniyyətimizi korlayıblar”. Biz də onlara izah edirdik ki, həmin regionlar Azərbaycana və bəşəriyyətə böyük dahilər bəxş ediblər. Siz heç olmasa onların adlarını bilirsinizmi?
Beləliklə, mən konkret “QAĞA” sözünü araşdırmağa başladım. Təvazökarlıqdan uzaq olsa da, araşdırmaların nəticəsi olaraq yüz illər boyu gözümüzün önündə olan böyük bir məchulu aşkar edə bildim.
Sən demə, “QAĞA” milli kimliyimizin GİZLİ tarixi kodlarından biri imiş. Təəssüf ki, uzun illər boyu ziyalılarımız və alimlərimiz buna kifayət qədər diqqət yetirməyiblər.
Gəlin sadə məntiqlə sözün ehtimal olunan tarixçəsinə birlikdə baxaq.
QAĞA – KAAN – KAĞAN – XAQAN
Bu adların hamısı qədim türk dilindəki “Xaqan” (böyük hökmdar, xanlar xanı) titulundan yaranmışdır.
Qədim Hun, Göytürk və Monqol imperiyalarında dövlətin başçısına, imperatora “Kağan” və ya “Xaqan” deyilirdi. Bu titul sıravi bir xandan daha üstün, mütləq hakimiyyətə malik hökmdarı ifadə edirdi.
Bu ad coğrafiyadan və tələffüz xüsusiyyətlərindən asılı olaraq müxtəlif formalarda işlənmişdir.
Kağan – adın ən qədim və orijinal türk formalarından biridir. Ortadakı “ğ” hərfi adın tarixi köklərini və əzəmətini qoruyub saxlayır. Daha çox Türkiyədə və tarixi adlara üstünlük verənlər tərəfindən seçilir.
Kaan – “Kağan” adının zamanla yumşalaraq və qısalaraq müasirləşmiş formasıdır. Tələffüzü və yazılışı daha asan olduğuna görə hazırda həm Türkiyədə, həm də Azərbaycanda son illərin populyar oğlan adlarından biridir.
Xaqan (Khagan) – Azərbaycan, İran və Mərkəzi Asiya türkləri arasında daha çox yayılan tarixi formadır. Sərt “X” səsi ilə başlayır və birbaşa imperator titulunu xatırladır.
Qaan (Qağan) – xüsusilə Monqol imperiyası dövründə (məsələn, monqol xaqanları üçün) işlədilən və sərt tələffüz olunan variantdır.
Bu adları daşıyan şəxslərə adətən aşağıdakı xüsusiyyətlər aid edilir:
– Liderlik, güclü iradə və idarəetmə qabiliyyəti;
– Müstəqilliyə meyillilik və cəsarət;
– Ədalətli olmaq və ətrafındakıları qorumaq instinkti.
Kaan, Kağan və bunlarla eyni kökdən gələn adlar qədim türk və monqol dövlətçilik tarixinə əsaslanan, güclü energetikaya və dərin mənaya malik adlardır.
Azərbaycanda Kaan və Xaqan adları fərqli populyarlıq səviyyələrinə malikdir və son illərin statistikasında özünəməxsus yer tutur.
Kaan – son illərdə (xüsusilə Türkiyə seriallarının və mədəniyyətinin təsiri ilə) Azərbaycanda müasir və populyar oğlan adları sırasına daxil olmuşdur. Hər il yüzlərlə ailə yeni doğulan oğlan övladına bu adı verir. Baxmayaraq ki, ölkədə ilk onluqda hələ də Uğur, Raul, Hüseyn və Əli kimi adlar liderlik edir, Kaan “modern və qısa türk adları” kateqoriyasında ən çox seçilən adlardan biridir.
Xaqan – bu forma ölkəmizdə daha ənənəvi və köklü hesab olunur. Sərt tələffüzünə görə Azərbaycanda yaşlı nəsil arasında da bu ada rast gəlinir.
Kağan – “ğ” hərfi ilə yazılan bu orijinal variant isə Azərbaycanda rəsmi sənədlərdə çox nadir hallarda seçilir. Valideynlər daha çox “Kaan” formasına üstünlük verirlər.
Tarixə ekskursiya:
Bu adı daşımış tarixi şəxsiyyətlər (Göytürk hökmdarları):
Bumin Xaqan (Kağan) – Böyük Göytürk İmperiyasının (Xaqanlığının) qurucusudur. 552-ci ildə Juan-Juan əsarətinə son qoyaraq müstəqil türk dövlətini elan etmiş və ilk “İl xaqan” titulunu almışdır.
İstəmi Xaqan – Bumin Xaqanın qardaşıdır. İmperiyanın qərb qanadını yabqu kimi idarə etsə də, faktiki olaraq xaqan səlahiyyətlərinə malik idi. İpək Yoluna nəzarət uğrunda Sasani və Bizans imperiyaları ilə apardığı diplomatik siyasəti ilə tanınır.
Mukan Xaqan – Bumin Xaqanın oğludur. Onun dövründə Göytürk dövləti ən qüdrətli mərhələsini yaşamış, sərhədləri Sakit okeandan Qara dənizə qədər genişlənmişdir.
İltəriş (Qutluq) Xaqan – İkinci Göytürk Xaqanlığının qurucusudur. Çin əsarətində olan dağınıq türk tayfalarını bir araya topladığı üçün ona “İltəriş” adı verilmişdir.
Bilgə Xaqan (Kağan) – İltəriş Xaqanın oğludur. Qardaşı Kültigin və məşhur vəzir Tonyukuk ilə birlikdə dövləti idarə etmişdir. Onun adına ucaldılan Orxon-Yenisey abidələri (Göytürk yazıları) türk dili və dövlətçilik tarixinin ən qədim yazılı sənədləridir.
Yekun olaraq, mənim araşdırmalarıma görə aydın olurki, QAĞA sözü KAĞAN sözünün yüzillər boyu müəyyən qədər təhrif olunmuş formasıdır. Böyük Azərbaycan xalqı, xüsusilə Oğuz türkləri, Böyük Xaqan Bilgə Kağanın şərəfinə bu sözü böyük sevgi ilə əsrlər boyu yaşadaraq müasir dövrümüzə qədər gətirib çıxarmışlar.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Təhminənin Zauru
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır. Axı, o anadan aktyor olmaq üçün doğulub. Son nəfəsinədək də aktyor qalacaq. Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu küncündə onu hamı tanıyır...
Mükəmməl insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcək ki, kövrək vaxtına düşsə sizi bağrına basıb, öpə də bilər. Allahdan aşağı, ucalığın zirvəsində onu görsəniz heç də təəccüblənməyin, o, öz yerindədir...
Doğrudur, tez hirslənir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir...
Gözəl təşkilatçılıq qabliyyəti var. Ürəkləri fəth edəcək xüsusiyyətlərə yiyələnib. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar...
Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. “Şöhrət” ordeninə, “Xalq artisti” fəxri adına layiq bilib. 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, on beş adamdan irəlidədir. Amma, nədənsə özündə güc tapıb bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır...
Bəzən adamda tənbəl birisi təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır. Məğrur yerişi var, amma lovğa adam deyil. Sakit təbiətli, mənən çox zəngindir. Geniş dünyagörüşə, iti zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlasa da, özü icra edəndə daha məmnun olur...
Açıq danışmağı bacarır, nəsə xoşuna gəldisə, bəyəndisə və ya nəyisə istəmirsə, o cümlədən bəyənmirsə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərif edəndə, onu utandıra biləcək səviyyədə şişirdə bilir. Bu isə onun müdrikliyindən xəbər verir. Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla əxz edə bilir...
Deyir ki: - “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim... Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! "Bunlar nədir, anormaldırlar, səhəri gözləməyə bilməzdilər bəyəm?”, - deyə düşündüm və yatmağa getdim. Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi... Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola salırdılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsinə qəbul edən bir insana çevrilmişdim. Bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccübləndiyim yaxşı yadımdadır. Bu, bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki, çox asan bir iş imiş!”
Dostluq, yoldaşlıq etməmişəm, amma yaxşı bilirəm ki, dostluqda sədaqətli, yoldaşlıqda səxavətlidir. Bəli, hər bir insan Allahın əsəridir və onun həyat ssenarisini də Allah yazır. Bilmirəm, kim necə düşünür, mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan bir aktyor kimi tanıyıram. Biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun müxtəlif obrazlar yaratdığı filmlər Azərbaycan qədər əbədi olacaq...
Dünən 71 yaşı tamam oldu. Ahıllığın astanasındadır, üzü CƏNNƏTƏ isə hələ yolu çox uzundur. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Ən sevdiyi hekayəsi “Parisdə avtomobil qəzası” idi
Varis,
“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru
Ədəbiyyatımız dalbadal ağır itkilər verməkdədir. Ən son Nəriman Həsənzadə, ondan əvvəl Vidadi Babanlı, ötən il bu gün Elçin Əfəndiyev...
Mən detektiv ədəbiyyatı sevmirəm, uşaqlıqda Artur Konan Doylu, Jorj Simenonu, Aqata Kristini sevə-sevə oxusam da, yaşa dolduqca bu ədəbiyyat janrı mənə cansıxıcı gəlib. Son dönəmlərdə ən yaxşı halda mistika və triller abu-havalı detektivin müasir şəkildəyişməsindən Den Braunu oxumağa səbrim çatıb, bir də polis orqanlarında külüng döyərək real polis əməliyyatlarına istinad edib maraqlı əsərlər ortaya qoyan Fəxrəddin Qurbanoğlunu oxumuşam.
Amma həqiqətən etiraf edirəm, həyatımda oxuduğum ən gözəl detektiv Elçinin “Ox kimi bıçaq” povesti olub, məktəbli ikən onu atamın abunəçisi olduğu “Azərbaycan” jurnalından oxumuşdum. Onu oxumayanlara bir ipucu verim, bu povestin əsasında çəkilmiş filmə yəqin ki, hamınız baxmısınız – “Arxadan vurulan zərbə” – rejissor Arif Babayevin çəkdiyi, Şahmar Ələkbərovun, Adil İsgəndərovun, Yusif Vəliyevin rol aldıqları film milyonların sevimlisinə çevrilib. Bəli, bəli. Həmin Qurd Cəbrayıldan bəhs edən film.
Elçin Əfəndiyev yazıçı kimi romançı idi, dramaturq idi, həyatında bir dəfə detektiv yazmışdı. Onda da əsl şedevr yaratmışdı.
Bax Elçin ədəbiyyatda olduğu kimi, həyatda da belə idi, ağır, təmkinli, hər şeyin yerini və qədərini bilən.
Elçinlə şəxsi tanışlığımızın tarixçəsi də maraqlı olub. 2016-cı il idi, bir gün telefonuma zəng gəldi, zəng vuran söylədi ki, baş nazirin müavini Elçin Əfəndiyev sizinlə danışmaq istəyir.
Həyəcanlandım. Və danışdıq. Sən demə, məzuniyyətə çıxan vədələrdə Elçin müəllim kitab mağazasından 3-4 kitab sifariş veribmiş, kitabları götürəndə satıcı xanım şiddətlə mənim “Metamorfoz” romanımı tövsiyyə edib. O da könülsüz də olsa kitabı götürüb. Və oxuyub, çox bəyənib. Düz 45 dəqiqə danışdıq, mənə sual etdi ki, “sən indiyə qədər hansı papağın altında yatmısan ki, səni tanımamışam?”.
Beləcə yaxınlaşdıq, dostlaşdıq.
Son dəfə ötən il mayın 13-də zəng vurmuşdum, doğum gününü təbrik etmək istədim. Telefonunu qızı Günay açdı, dedi, Ankaradayıq, atam əməliyyat olunur.
Ondan əvvəl isə Mədəniyyət Nazirliyi ilə Ədəbiyyat Fondunun birgə layihəsi kimi mənim redaktorluğumla nəşr edilən Azərbaycan Ədəbiyyatı Antologiyasına hekayə verməsi üçün görüşmüşdük. Nəşrin şərtini dedim, yazıçılar ən çox sevdikləri hekayələrini, şairlərsə şeirlərini təqdim etməliydilər. Düşünmədən “Parisdə avtomobil qəzası” hekayəsini təqdim etdi.
Böyük ədibimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir və oxuculara da onun ən çox sevdiyi hekayəsini təqdim edirəm.
***
“Parisdə avtomobil qəzası”
Ş ə h r ə b a n u x a n ı m.
Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..
M ü s y ö J o r d a n.
Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.
(M.F.Axundov, «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur»)
I
Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.
Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və hər şey eynilə təkrar olunurdu.
Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, oğru idilər?
Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının furqonuna atdı.
Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuzyuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri yuxuladıb götürüb aparırlar. Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu və ikisi də maşına oturub sürüb getdilər.
Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı, qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var idi.
Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan güllələrin səsinə heç kim yuxudan oyanmayıb?
Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on iki günlüyə Şuşa sanatoriyasına getmişdi.
Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə tərəf getdi.
Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə dinməz-söyləməz və beləcə də ciddi görürdü.
Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın. Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?
Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta qədim çağlardan Kərim müəllimə baxırdı. Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri ilə Kərim müəllimi bayıra yola saldı.
Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçə, bağı süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü birinci adam olurdu.
Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.
Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, yəni Kərim müəllim Zənbil, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər. Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki, müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).
Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi, çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də qağayılar gəlib burda özlərinə yem axtarırdı.
Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.
Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə biriki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.
Salman indi Bakıda deyildi. Parisdə idi.
Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.
Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.
Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən gec gəldi.
Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir hadisə baş verib.
Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada yaşayırdı.
Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim gözlərini bacısının həmişəki kimi pudralanmış boyalanmış səliqəli sifətindən çəkmədən soruşdu:
– Nə olub?
Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:
– Heç nə, – dedi. – Qorxma, keç içəri.
Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.
– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə daha da için-için ağlamağa başladı.
– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.
Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:
– Bəyəm Parisdə maşın-zad yoxdu?
Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.
– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir şeydi.
Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:
– Dalını oxu.
Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:
– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər.
Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri kimi qaragün idi.
Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:
– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.
Züleyxa tələsik dedi:
– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!
Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz rəfiqələrindən utanır.
Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.
Nuridə xanım dedi:
– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.
Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir.
Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla:
– Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.
Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.
Nuridə xanım:
– Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.
II
Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu.
Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi.
Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.
Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi. Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyəmürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı. Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən sonra Züleyxaya çox pis təsir edirdi.
Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.
Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi, nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə də yağış yağır?
Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.
Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.
Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə başlayırdı.
Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri aləminə dala bilmirdi, narahat idi.
Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:
– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...
Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.
Nuridə xanım sözünə davam elədi:
– Şərqiyyə Parisə gedə bilməz...
– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.
Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, Nuridə xanımın xeyrinə olacaq.
Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın eyniliyindən xəbər verirdi.
Kərim müəllim üzünü arvadına tutdu:
– Sən nə deyirsən?
Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun, xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:
– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?
Kərim müəllimin heyrətdən gözləri bərəldi:
– Nə?
– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...
Züleyxa özünü saxlaya bilmədi:
– Sənin bəyəm təzə modalardan başın çıxır?
– Niyə çıxmır?
Kərim müəllim bayaqkı heyrətlə:
– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.
– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...
Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və acıqla dedi:
– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?
Kərim müəllim gözünü arvadından çəkdi.
Doğrudan, görəsən, Parisdə yağış yağır?
Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini bərkdən çıxardı:
– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!
Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə Nuridə xanım danışardı.
Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək, qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi doldurdu, çünki özü öz gözlərində ucalmışdı.
Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma təmkinini pozmadı və sakitcə soruşdu:
– Nə demək istəyirsən?
– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı olardı Fəridə getsin!..
– Kim?
– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana turist səfərinə getmişdi!..
Kərim müəllim heç nə başa düşmədi:
– Fəridə kimdi?
Hamlet daha da bərk qızardı. Züleyxa dedi:
– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da dəyişdirmək istəyir Fəridənin dərdindən...
Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:
– Adını niyə?
– Fəridənin xoşu gəlmir bunun adından!..
Kərim müəllim oğluna baxdı və təkcə:
– Malades! – dedi.
Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?
Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu təzəlikdə bir şirinlik var idi.
Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.
Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri bir dəfə də olsun ağlamayıb.
Görəsən, Parisdə yağış yağır?
Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:
– Görəsən, Salman yazıq...
Kərim müəllim acıqla qızının sözünü kəsdi:
– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?
Sonra da Kərim müəllim qəti sözünü dedi:
– Parisə mən özüm gedəcəyəm!
Hamlet yerindən sıçradı:
– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!
Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə kifayətləndi və:
– Ay-hay!.. – dedi.
Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın gözləri doldu və dodaqları səyriyə-səyriyə:
– Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.
Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:
– Bir var bilmək, bir də var gözünlə görmək.
Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə xanımın ardınca mənzildən çıxdı.
Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla soruşdu:
– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?
Züleyxa:
– Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.
III
Həmin avqust günü axşamçağı idi. Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağızkuğaz işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, Kərim müəllimin xoşuna gəlirdi.
Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, eşşək əti də yeyirlər.
Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi.
Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini ütüləyirdi.
Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı. Kərim müəllim gəlib qapını açdı.
Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.
Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:
– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim Parisə!
Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı:
– Hə, başladı yenə çığırmağa... – dedi.
Züleyxa:
– Etiraz edir də! – dedi.
Kərim müəllim qalın qaşlarını çatdı:
– Nə etiraz? Kimə etiraz edir?
Züleyxa:
– Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin.
Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələmkağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı.
Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.
SON
(Avqust, 1983. Şüvəlan)
***
Ədəbiyyat tariximizə həkk olan imza
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
Elçin Əfəndiyevin vəfatından kədərləndiyimizi bildirir, onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq” – deyirik.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Kinonu kim icad edib?
Məmməd Məmmədli,
“Ədəbiyyat və incəsənət”
İspan diılindəki El Cine (Kino) kitabından tərcümə
1894-1926-cı illər fotoqrafiya aləmində baş verən inqilabi ixtiraların sayəsində, XIX sərin sonlarında çoxları üçün yuxu kimi görünən – hərəkətdə olan şəkillərin çəkilməsi və nümayişi – reallığa çevrildi. Kino əvvəlcə yarmarkalarda və səyyar teatrlarda olduğu kimi insanları cəzb etmə məqsədilə yarandı. Hətta bu ixtiranın Biləcəridən o yana getməyəcəyini düşünənlər də oldu, amma yanıldılar. Ajiotaj bitəndən sonra filmlər kütlə üçün yeni bir əyləncə növünə çevrildi. Maraq bu sahədə böyük pullar qazanmağın mümkünlüyünü düşünməyə imkan verdi. Buna görə də sərmayəçilər həvəslə kino biznesinə qoşuldular.
Bir tərəfdən sözügedən sahənin yaradıcıları kinematoqrafiya dili üzərində çalışır, digər tərəfdən istehsal kompaniyaları göbələk kimi çoxalırdı, ekranlarda ilk kino ulduzları parlamağa başlayırdı. Amerika Birləşmiş Ştatları səssiz kinonun bütün dövrlərində dominantlıq statusunu qorumağa çalışırdı. Düşünürdülər ki, kino onlara məxsusdur, çünki Amerikada yaranıb. Bu səbəbdən də müxtəlif üstünlüklərdən yararlanırdılar. Necə ki, öz ulduzlarını, öz janrlarını, hətta prodakşn metodlarını özlərinə uyğun şəkildə yeritməyə çalışırdılar. Ancaq Avropa təslim olmadı: Şimali ölkələrdə güclü kino sənayesi yarandı və qədim qitənin digər ərazilərində cücərən avanqard cərəyanlar yeni ixtiranın üstünlüklərindən bəhrələnməyə başladılar, hətta onun gələcək inkişafına da təsir etdilər.
Kinonu kim icad edib?
Təsviri hərəkətdə göstərməyin mümkünlüyü hər zaman insanı valeh edib. Hələ XVI və XVII əsrlərdə, fotoqrafiyanın kəşfindən çox-çox əvvəl linzalı kameralarla təsvirin proyeksiyasına nail olunmuşdu. Amma kinonun yaranmasına təkan verən səbəblərdən biri yeni texnologiyaların tətbiqi olub ki, bu tarix də məhz XVIII əsrdən başlayır. 1839-cu ildə fransalı Lui J.M.Dageğ elə bir qurğu düzəltməyə nail olmuşdu ki, sayəsində gümüş lövhə üzərinə şəkillər həkk olunurdu. O, bu kəşfini “dagerrotip” adlandırmışdı. Paralel olaraq Con Vilyam Herşel sabit təsvirləri xüsusi materialın üzərinə köçürməyə nail olmuşdu. O, buna “fotoqrafiya” deyirdi. Bununla yanaşı, tamamilə fərqli bir mühitdə həvəskarlardan ibarət bir qrup optik illüziya yaradan qurğular istehsal edirdi. Maykl Faraday, Cozef Antuan Platu, Simo Stampfer və Vilyam Corc Horner içərisində şəkil olan təkərli silindrlər, disklər kəşf etmişdilər ki, onları fırlatmaqla həmin şəkillər canlanırdı.
Amma kino anlayışının formalaşmasına təkan verənlər XVIII əsrin son onilliyində Edvard Muybridc və Emil Reyno oldu. 1730-cu ildə İngiltərədə doğulan E.Muybridc qeyri-adi işlərlə məşğul olduğuna və əsasən də xarici görkəminə görə insanlar arasında xüsusi hörmət qazanmışdı. 20 yaşında ABŞ-da yaşadığı müddətdə o, kitab satır, hətta paltaryuyan maşın kəşf etsə də, sonradan fotoqrafiya sahəsində çalışmağa başlamışdı. Onun həyatı “Central Pacific” dəmiryol şirkətinin rəhbəri və böyük at yarışmaları həvəskarı Lelan Standforla tanışlıqdan sonra dəyişir. Standford üçün çox maraqlı idi ki, at var gücü ilə çapanda ayaqlarının dördü də yerdən üzülür ya yox? Bunu dəqiqləşdirməkdən ötrü Edvard atın çapan yerdə bir neçə şəklini çəkir. Təcrübə o qədər uğurlu alınır ki, ixtiraçı bu metodla digər heyvanları, hətta bir qrup atletləri belə çəkməyə nail olur. 1879-cu ildə onun ağlına metal lövhə üzərində çəkdiyi şəkillərin rənglənməsi ideyası gəlir. Sonra o təsvirləri “zoopraksiskopio” adını verdiyi qurğunun içərisinə yerləşdirərək onları fırlatmağa başlayır. Bu ixtiranın sayəsində ilk dəfə olaraq sabit təsvirlərin canlanması mümkün olur.
1844-cü ildə Fransada doğulan Emil Reyno da qaçan təsvirləri olan oyuncaqlarla maraqlanırdı, amma Muybridcdən fərqli olaraq o, bu işə yaradıcı yanaşırdı. Reyno öz ixtirasını “praksinoskopio” adlandırmışdı. İllər sonra onu təkmilləşdirərək “praksinoskopio-teatro” adı ilə əvəzləmişdi. Dövrünə görə yenilikçi bir ixtira sayılan bu qurğu imkan verirdi ki, kiçik səhnədə üst-üstə qoyulmuş təsvirləri izləmək mümkün olsun. Bu metod sonradan kinoda ikiqat ekspozisiya kimi istifadə olunacaqdı. Alınan nəticə insanları o qədər təəccübləndirmişdi ki, müəllifini canlı teatr göstərməyə həvəsləndirmişdi. O, buna optik teatr deyirdi. Amma əvvəlcə qəhrəmanların təsvirlərini və səhnəni yaratmalı idin. Hər süjet 700 kadr tələb edirdi. Sonra o şəkilləri lentə yerləşdirib, bobinaları dəyişə-dəyişə ekranda proyeksiya edirdi. Bu müddətdə o biri texnik proyektorla səhnənin təsvirini verirdi. 1892-ci ildə o, böyük coşqu ilə “Pantomimes Lumineuses” əsərinin premeyrasını etdi. Əsər zaman keçdikcə müəllifinə animasiya filmin atası adını qazandıracaqdı.
Yeni, məftunedici texnologiyaların yaranması Tomas Alva Edisonu kinonu fəth etməyə ruhlandırdı. Baxmayaraq ki, şimali amerikalılar Edisonu kino ixtiraçısı kimi qəbul edirlər, həqiqətdə bu məsələ bir qədər bulanıq görünür. O zamanlar Edisonun laboratoriyalarında Uilyam Kennedi Lori Dikson adlı bir şotlandiyalı işləyirdi. Tarix bu gənci bizə unutdursa da məhz o, film istehsalı prosesində yeniliklər etmişdi. Dünyada ilk kino studiyasını yaradan, adını da “Qara Mariya” qoyan Dikson, Edisona “Kinetoqraf” kamerasını patentləməyə icazə vermişdi. Sözügedən cihaz tikiş maşınlarında olduğu kimi dartma prinsipi ilə işləyirdi və perforasiya olunmuş sellüloid lent hərəkət etdikcə üzərinə təsvirləri həkk etdirirdi. Kodak şirkətin təsisçisi Corc A.İstman həmin sellüloidləri xüsusi olaraq Edisona göndərirdi. Amma kino çəkmək olduqca vacib məsələ idi, çəkilən filmi isə tamaşaçıya göstərmək daha vacib. Diksonun sayəsində “kinetoskop” yarandı, gözlüklə təchiz olunmuş uzunsov taxta qutu bir qəpiyin müqabilində 14 metrlik lentlə saniyədə 40 kadr nümayiş etdirirdi. “Kinetoskop” individual bir aparat sayılırdı, onun proyeksiyaları təxminən 20 saniyə çəkirdi.
Tomas Alva Edison mülayim qoca təəssüratı yaratsa da biznes işində çox qəddar idi. O, öz təcrübəsindən bilirdi ki, ixtiraları patentləşdirmək lazımdır. O, bunu digər şəxslərin onun ixtirasından istifadə edəcəyinə görə deyil, həm də sənayedə monopoliya yaratmaq üçün edirdi. Burada Diksonun yolu Edisondan ayrılır və o, təkbaşına fəaliyyət göstərməyə başlayır. Bu müddət ərzində Edison yeni ixtiraları öz adına keçirməyin yollarını axtarırdı.
Beləliklə 1894-cü il aprelin 14-də Nyu-Yorkda “kinetoskop”un ilk salonu açılır. Orada hərəsi bir film göstərən on qurğu vardı. Filmlər boks döyüşü, rəqs edənlərin səhnəsi və bir pəhləvanın məşq edən zaman çəkildiyi görüntüləri əks etdirirdi. Uğur çox vacib idi. Bir neçə ayda bütün Şimali Amerika və Avropanın müəyyən hissəsinə minə yaxın kino aparatı satılmışdı. Ancaq daha maraqlısı tamaşaçılar önündə filmin ekrandakı proyeksiyası idi. Bu sahədə isə avropalılar üstünlüyü ələ keçirirdilər. Edison Amerikada heç kimin onun ixtirasının surətini çıxara bilməyəcəyinə əmin olsa da, xaricdə öz mallarını patentləşdirməyi unudur. Bu da fotoların satışı ilə məşğul olan iki fransız qardaşları Ogüst və Lui Lümierə imkan verir ki, “kinetoskop”u təkmilləşdirsinlər. Onlar 1895-ci il fevralın 13-də böyük ekranda film nümayiş etdirmək imkanına malik olan inqilabi kamerasını – “kinematoqraf”ı patentləşdirirlər. Həmin ilin martın 22-sində Milli Sənayenin Təşviqi Cəmiyyətində onlar öz qısametrajlı filmini – “Lümiyer fabrikasından çıxış”ı ekranlarda canlandırırlar. Bir neçə ay sonra Lümier qardaşları Fransanın Fotoqrafiya Cəmiyyətləri Konqresində kino tarixində böyük hərflərlə yadda qalan ilk filmini, “SULANAN BAĞBAN”ı təqdim edirlər.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Cəlilabad ədəbi mühitinin fidanları
(Cəlilabad ədəbi mühitinin 5 balaca xanım nümayəndəsi barədə təqdimat)
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
Odlar Yurdu Azərbaycanın Muğan bölgəsində yerləşmiş, eyni halda qədim Həməşəranın varisi sayılan Cəlilabad rayonu öz bərəkətli torpağı ilə Azərbaycanın bərəkətli və münbit torpağlı rayonu, 100-dən çox qədim və tarixi abidələri ilə "Tarixi abidələr diyarı", 267 şəhid ilə "Şəhidlər diyarı", 2302 qazisi ilə "Qazilər diyarı", təkcə idmanın Sərbəst və Yunan-Roma güləş növləri üzrə 100-dən çox Azərbaycan, Avropa və Dünya çempionu ilə "Pəhlivanlar diyarı", həmçinin, 200-ə yaxın yazıçı, şair və ədibləri ilə "Ədiblər diyarı" və ya "Azərbaycanın poeziya paytaxtı" adlanır.
Bu gün həm də Cəlilabad ədəbi mühitində yazıb yaradan şair, yazıçı, ədəbi təhlilçi və tənqidçilərdən 40-dan çoxu xanımlardan ibarətdir. Qeyd etmək lazımdır ki, 2025-ci ildə mövzusu və yazılış üslubuna görə rayon, bölgə və eləcə də ölkə səviyyəsində ilk imza sayılan, eyni halda Cəlilabad ədəbi mühitinin xanım yazar və şairlərinin tanıtımına aid olan "Qələm tutan incə əllər" adlı təqdimat əsərimdə bölgəmizin xanım yazarlarından yalnız 20-sinin həyat yolu və poeziya nümunələrindən söz açılmış və bir-bir tanıtdırılmışdır...
Son araşdırmalara görə, ədəbi mühitimizin yaş kateqoriyası baxımından ən yaşlı nümayəndəsi təqaüdçü mədəniyyət işçisi, şair Novruz İbrahim oğlu Məcidli, ən azyaşlı nümayəndəsi isə Aydan Elvin qızı Mənsimlidir.
Bu gün Cəlilabad ədəbi mühitində bəylərlə yanaşı 40-dan çox xanım yazarlar da yazıb-yaradırlar. Onların arasında azyaşlı əzizlərimizin mövcudluğu həm sevindirici, həm də qürurvericidir.
Bu yazıda Cəlilabad ədəbi mühitinin 5 azyaşlı xanım nümayəndəsi barədə qısa təqdimatla tanış oluruq:
I. Aydan Elvin qızı Mənsimli;
Cəlilabad ədəbi mühitinin 8 yaşlı ən kiçik nümayəndəsi olan Aydan Elvin qızı Mənsimli 2018-ci ilin aprel ayının 26-da Cəlilabad şəhərində dünyaya göz açıb. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin II sinif şagirdidir. Həvəskarcasına müxtəlif mövzularda şeirlər yazır.
II. Zəhra Elvin qızı Mənsimli;
Cəlilabad ədəbi mühitinin şeir sahəsində azyaşlı və həvəskar xanım nümayəndələrindən biri də Zəhra Elvin qızı Mənsimlidir. 12 yaşlı Zəhra 2013-cü ilin dekabr ayının 05-də Cəlilabad şəhərində dünyaya gəlib. Hal-hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdidir.
III. Zeynəb Elvin qızı Mənsimli;
Cəlilabad ədəbi mühitinin şeir sahəsində azyaşlı və həvəskar xanım nümayəndələrindən olan Zeynəb Mənsimlinim 14 yaşı var.
Zeynəb 2012-ci ilin sentyabr ayının 22-də Cəlilabad şəhərində dünyaya gəlmiş, hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdidir.
Məlumat üçün qeyd emtək lazımdır ki, yuxarıda adları çəkilmiş Aydan, Zəhra və Zeynəb bir ata-anadan olan doğma bacılardır. Onlar həm də Cəlilabad ədəbi mühitinin dəyərli və istedadlı nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi Ödülü", "Tomris" Ödülü və "Turan Ödülü" laureatı, şair Sevinc xanım Şirvanlının qızlarıdır. Heç şübhəsiz bu əziz balaların şeir və poeziya sahəsinə üz gətirməsində genetik olaraq əziz analarından təsirləndiyini söyləmək olar...
Hər üç bacının qısa təqdimatı və şeir nümunələri cari ildə ilk dəfə olaraq "Həməşəra" mətbu orqanı tərəfindən yayımlanmışdır.
IV. Mir Fatimə Mir Faiqqızı;
Cəlilabad ədəbi mühitinin ədəbiyyat sahəsində azyaşlı, eyni halda həvəskar xanım nümayəndələrindən biri də Mir Fatimə Mir Faiqqızıdır. 12 yaşlı Mir Fatimə 2014-cü ilin yanvar ayının 04-də Cəlilabad şəhərində dünyaya göz açıb. Hal-hazırda Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbinin VIII sinif şagirdidir.
Ədəbiyyat sahəsində həvəskar addımlarını atan Mir Fatimə Mir Faiqqızı 10 yaşında ikən qısa hekayə və şeirlər yazmağa başlamışdır. Bu sahədə babası (anasının atası) mərhum şair Sultanağa Vəliyevdən, həmçinin, dayısı həmyerlimiz, eyni halda çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" Mükafatı laureatı, tərcüməçi, yazıçı-şair Salam Sarvandan ilham almışdır.
V. Nərgiz Pərviz qızı Əlili;
Cəlilabad ədəbi mühitinin fidanları və azyaşlı nümayəndələrindən biri isə həvəskarcasına maraqlı şeirlər yazan Nərgiz Pərviz qızı Əlilidir. O, 2013-cü ilin fevral ayının 02-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açıb. Hazırda şəhid Araz Qardaşxanov adına Şatırlı kənd tam orta məktəbinin VII sinif şagirdidir.
Nərgizin yaşı az olsa da ədəbiyyata böyük maraq göstərir. Bu yolda ona ruh verən, sözə olan sevgisini daha da artıran insanlardan biri də "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi portalının İdarə Heyətinin üzvü, AYB, AJB və TYB-nin üzvü, "Ziyadar" Mükafatı, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, TYB-nin xüsusi ödülü və "Turan Ödülü" laureatı, şair-publisist Arzu xanım Əyyarqızıdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, Nərgiz Əlilinin təqdimatı "Qələm tutan incə əllər" adlı ədəbi məcmuənin ikinci çapında yer almış, "Həməşəra" mətbu orqanı və “Ədəbiyyat və incəsənət” portalında barəsində təqdimat yazıları dərc edilmiş, həmçinin, 2025-ci ildə təşviq və həvəsləndirmə məqsədi ilə "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.
Heç şübhəsiz doğma yurdumuz və xüsusilə də Cəlilabad ədəbi mühiti bu əziz fidanları ilə fəxarət hissi duyur, onların gələcəkdə ədəbiyyat sahəsində daha böyük uğurlara imza atacaqlarına inanır. Çünki hər bir insanın bu günü onun sabahının güzgüsüdür. Atalar demişkən, ağac barından, insan isə işindən bilindiyi kimi, əzizlərimiz Aydan, Zəhra, Zeynəb, Mir Fatimə və Nərgizin də ədəbiyyatla bağlı indiki kiçik və həvəskar addımları onların bu sahədə parlaq gələcəyini göstərir. Əlbəttə, heç şübhəsiz bunun üçün düzgün istiqamətləndirməyə və əzmkarlığa da ehtiyac var...
Sonda doğma elimizin, eyni halda ədəbi mühitimizin bu əziz fidanlarına aydın sabahlar, uzun, sağlam və mənalı-məsud ömür, həyatda xoşbəxtlik və yaradıcılıqda uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
“Biri ikisində” Elşad Baratın Şəhid yazısı ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsindəsizlərə Elşad Baratın 2 Şəhidimiz barəsindəki şeirləri təqdim ediləcək. Bu günkü təqdimat Emil Əmirov barədədir.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
ŞƏHİDLƏR
Elşad BARAT
Əmirov Emil Zaman oğlu
Şəhid Əmirov Emil 09.12.2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Emil ailənin yeganə uşağı olmuşdur, ailədə anası İmanova Xanımaz və nənəsi İmanova Məleykə ilə birgə yaşamışdır.
Əmirov Emil 2 nömrəli baxçaya getmiş, uşaq vaxtlarından sakitliyi və nizam-intizamlı olmağı ilə fərqlənmişdir. 2007-ci ildə 7 nömrəli məktəbdə birinci sinfə başlamış, məktəbdə həmişə müəllimlərinin hörmətini və sevgisini qazanmışdır. 2-ci sinifdən anası ilə birgə Moskva şəhərində təhsilini davam etdirmişdir, uşaq vaxtlarından idmanla məşğul olan Emil, yad ölkədə yaşasa belə, vətənə, bayrağa olan sevgisi və düşməna olan nifrəti azalmamışdır. Emilin dayısı İmanov Müzəffər 1992-ci ildə 1-ci Qarabağ döyüşündə iştirak etmiş və şəhid olmuşdur.
Emil Əmirov 16 yaşında vətənə döndü və hər bir Azərbaycan gənci kimi vətənə, bayrağa xidmət etmək üçün 2018-ci ildə hərbi xidmətə yollanmış, hərbi hissədə bütün heyyətin hörmətini qazanmış və bütün tapşırıqları yerinə yetirmişdir. Hərbi xidməti 2020-ci ildə, aprel ayında bitirmiş və vətənə olan sevgisinə görə yenidən vətənə qulluq etmək üçün 2020-ci il avqust ayında MAXE kimi N saylı hərbi hissədə baş kəşfiyyatçı olaraq işləməyə başlamışdır. 27 sentyabr 2020 ci ildə ikinci Qarabağ müharibəsinin başlanması ilə döyüşə yollanmış, igidliyi və cəsurluğu ilə fərqlənmişdir. Döyüş zamanı yaralanmışdır. Emil xəstəxanada ilkin tibbi yardım almış, komandiri ona döyüşə girməyə qoymamış, amma Emil xəlvət evinə gedib evdəkilərə yaralı olmasını bildirməmiş, sağollaşıb yenidən döyüşə yollanmışdır. Döyüşə girməyə icazə verməsələr belə, komandirlərini məcbur edərək döyüşə girmişdir, qəhrəmancasına döyüşən Emil 15.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 17.10.2020-ci ildə Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir, ölümündən sonra Emil “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olmasına görə” medalı ilə təltif olunmuşdur.
***
Atan səni atıb getdi
Hələ uşaq yaşlarında.
Böyüdün nənə gözündə,
Ananın baxışlarında.
Adın Emil Əmirovdu,
Özünsə vətən, şəhidim.
Şəhid olan dayısının,
Yolunu gedən şəhidim.
Çox igidlər şəhidliyi,
Arzu, xəyal edibdilər.
İndi sənə neçə orden,
Neçə medal veribdilər.
Bunlar sənin igidliyin,
Qəhrəmanlığındı, şəhid.
Tanrının da kitabında,
Sevdiyi insandı şəhid.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Gəncənin kəşf olunmamış etnoturizm potensialı
Nərgiz M.Mustafayeva,
Gəncə Dövlət Universitetinin magistrantı.
“Ədəbiyyat və incəsənət”
Çox vaxt etnoturizm dedikdə ağlımıza sivilizasiyadan uzaq, dağların qoynunda yerləşən kiçik kəndlər gəlir. Lakin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə bu stereotipi tamamilə qırır. Gəncə bizə şəhər mühitində etnik köklərin, sənətkarlıq ənənələri və unikal məhəllə adətlərinin əsrlər boyu necə qorunub saxlanıldığını göstərən canlı bir etno-muzeydir.
Nizami yurdunun dar, kərpic döşənmiş küçələrində addımladıqca müasir tarixin pərdəsi arxasında gizlənən əsl Azərbaycanı kəşf edirsiniz.
Gəncəni Gəncə edən onun tarixi məhəllələridir. Ozan, Şahsevənlər, Bağbanlar, Əttarlar kimi məhəllələr sadəcə inzibati bölgü deyil, hər birinin özünəməxsus xarakteri və adətləri olan sosial icmalardır. Bu məhəllələrin evləri yerli çay daşı və xüsusi bişmiş qırmızı kərpicdən tikilib. Evlərin fasadlarında, pəncərə tağlarında Gəncə ustalarının özünəməxsus dəst-xətti dərhal seçilir.
Etnoturistlər üçün ən böyük tapıntı bu məhəllələrin daxili həyatıdır. Burada hələ də qonşuların bir-birinin həyətinə icazəsiz, doğma kimi daxil olduğu, axşamlar tut ağacının kölgəsində samovar çayı ətrafında söhbətlər edildiyi unikal bir mühit yaşayır. Turistlər üçün belə bir həyət evinə qonaq olmaq, ailənin gündəlik məişətinə qoşulmaq əvəzolunmaz etnik təcrübədir.
Gəncə əsrlər boyu Şərqin mühüm ticarət və sənətkarlıq qovşağı olub. Bu gün də şəhərin köhnə məhəllələrində qədim sənət növlərini yaşadan sülalələrə rast gəlmək mümkündür.
Şəhərdə köhnə bazara yaxın küçələrdə çəkic səsləri hələ də susmayıb. Ustalar mis qazanlara, sərniclərə Gəncəyə xas olan həndəsi və nəbati naxışlar döyürlər. Turistlər bu naxışların hansı mənaları daşıdığını birbaşa sənətkardan öyrənirlər.
Mətbəx etnoturizmin ən güclü alətidir və Gəncə bu mövzuda əsl qurmanlar üçün cənnətdir. Şəhərin süfrə mədəniyyəti təkcə yeməkdən ibarət deyil, o, bütöv bir rituallar silsiləsidir. Xüsusilə Gəncə paxlavasının hazırlanması özlüyündə böyük bir ritualdır. O, xüsusi mis sinilərdə, ocaq közünün üzərində bişirilir. Xəmirinə gül suyu (gülab) qatılan və üzərinə zəfəran çəkilən bu şirniyyatın kəsilməsi və bişirilməsi nəsildən-nəslə ötürülən bir sənətdir.
Regionun digər məşhur təamı olan Gəncə dovğası isə etnoturistlər üçün unudulmaz bir dad təcrübəsidir.
Gəncədə çay dəsgahı da sadəcə bir içki mərasimi deyil. Kəklikotu və mixək ilə dəmlənmiş armudu stəkandakı çay, yanında Gəncə paxlavası, Zilviyə, qoz və ağ qırım mürəbbələri ilə təqdim olunaraq yerli qonaqpərvərliyin ən gözəl rəmzinə çevrilir.
Gəncədə etnoturizm yerli icmaların öz köklərinə sahib çıxmasına kömək edir. Turistlər köhnə evlərdə qaldıqca, yerli sənətkarlardan məhsul aldıqca və bu qədim şəhərin adətlərini öyrəndikcə, unikal mədəni irsin gələcək nəsillərə ötürülməsinə birbaşa töhfə vermiş olurlar.
Qeyd: Məqalə müəllifin etnoturizm sahəsindəki tədqiqatları, regional turizm potensialının təhlili və yerli etnoqrafik mənbələr əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
“Özümdən də küsmüşəm” – Rəsmiyyə Sabir
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
"Ruhun pıçıltısı" adlı yeni rubrikamızda bu dəfə də sözlərin sehri Sizi ovsunlayacaq. Poeziya ruhun dürst dilidir. QonağımızAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, bir çox sevilən musiqilərin söz müəllifi Rəsmiyyə Sabirin ruhunu gəlin birgə dinləyək.
KÜSMÜŞƏM
Ölərdim, amma daha
Ölümdən də küsmüşəm...
Ramiz Rövşən
Yordu bu yollar məni,
İzimdən də küsmüşəm.
Hər dərdə sinə gərən,
Dözümdən də küsmüşəm.
Ömür yolum duman, çən,
Həsrət saçımda dən-dən,
Mənə sirdaş şeirdən,
Sözümdən də küsmüşəm.
Ömrümün gülşən çağı,
Çəkdi sinəmə dağı,
Korun yanan ocağın,
Közündən də küsmüşəm.
Yaşadığım hər bir an,
Canımdan ayrıldı can,
Dünyayla barışmayan,
Özümdən də küsmüşəm.
SƏN YOXSAN
Sən yoxsan.
Bayırda
bahar fəslidir.
Amma bənövşələrin
boynu bükükdür
hələ də...
Sən yoxsan.
Bayırda
yay fəslidir.
Günəş həsrətindən
alışıb yanır.
Sən yoxsan.
Bayırda
Payız fəslidir.
Sarı yarpaqlar
təbiətin
qırmızı xəyanəti üzündən
intihar edir.
Sən yoxsan.
Bayırda
qış fəslidr.
Küçələrin buzunu
ayrılığın alovu
yandırıb yaxır...
Sən yoxsan.
Bütün fəsillərdə,
bütün aylarda,
bütün günlərdə
içimdə
sənsizlik havası var...
MƏNİ UNUDA BİLMƏZSƏN
Taleyində iz qoymuşam,
Məni unuda bilməzsən.
Fələklə mərcə durmuşam,
Məni unuda bilməzsən.
Yağış tək gözünə dollam,
Külək tək saçını yollam,
Küsdürsəm, könlünü allam,
Məni unuda bilməzsən.
Hərdən yuxuna gələrəm,
Göz yaşlarını silərəm,
Ölsəm, eşqimdən ölərəm,
Məni unuda bilməzsən.
Onsuz da ki, dərbədərəm,
Səni də Məcnun edərəm,
Sonra da səssiz gedərəm,
Məni unuda bilməzsən.
Məni unuda bilməzsən.
SÜKUTUN ŞƏHİDLƏRİ
İntihar edən qazilərə ithaf olunur.
Dünən bir qazi də
intihar etdi.
Bıçağı ürəyinin düz ortasına
sancmışdı ki,
xilası olmasın.
Müharibədə snaypermiş.
Düşmənin alnına ölüm yazan əlləri
heç titrəməmişdi.
Rəva bilməmişdi özünə
bu köhnə dünyada
yeni dərdlərlə qocalmağı...
Dünən bir qazi də
intihar etdi.
Köhnə evində
yeni kəndirlə
asmışdı özünü.
Yerdən çoxdan üzülmüşdü
səngərdə yorulub qalan ayaqları...
(Əlindən tutaydıq barı...)
Bu gün bir qazi də
intihar etdi.
Günün günorta çağı,
yayın qızmarında,
küçənin düz ortasında,
adamların içində
tənhalıqdan üşüyürdü.
Özünü yandırıb
od qoydu insanlara.
Dünən, bu gün, sabah...
Sükutun şəhidləri,
Siz intihar edən zaman
mən hürriyyətə şeir yazırdım.
Fələk adsız bir məzar qazırdı...
Siz intihar edən zaman
Azadlıq utanırdı.
Qışın oğlan çağında
Göylərin ürəyi yanırdı...
Siz intihar edən zaman
dünya qan gölündə boğulurdu.
Siz intihar edən zaman
gələcəyin qaziləri -
məsum körpələr doğulurdu.
Siz intihar edən zaman
bir quş yuva qururdu.
Balasını
göyün fəlakətindən
qoruyurdu.
Biz sizi
yerin fəlakətindən
qoruya bilmədik.
Sükutun şəhidləri,
bizi
qaragünlü anaların
ağ saçlarına bağışlayın.
Bizi
qanınızla suladığınız
torpağa bağışlayın.
Bizi
tabutunuza sarıdığımız
Üçrəngli bayrağa bağışlayın.
Bizi
üstündə yer tapmadığınız
Vətənə bağışlayın...
“Ədəbiyyat və incəsənət”
(03.09.2026)
Fəxr edirəm ki, qələmimlə dövlətimə xidmət edirəm – Turqut Ansari danışdı
Fatimə Məmmədova,
"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Vətənə, dövlətə xidmət sadəcə cəbhədə olmur. Elmdə, təhsildə, mədəniyyətdə, incəsəntdə, yaradıcılıqda və bu kimi bütün digər sahələrdə Azərbaycan naminə edilən hər icraat, atılan hər addım elə vətənə xidmət etməkdir. Bu gün isə mövzu gənc yazıçı, jurnalist, publisist və şair Turqut Ansarinin müəllifi olduğu "Qalibiyyət Dastanı" kitabıdır.
“Qalibiyyət Dastan”ının əsas məğzi isə məhz ölkəmizin şanlı zəfəri və ardınca əldə edilən siyasi və hərbi müəllifi uğurlardır. Bu kitab müəllifin 44 günlük Vətən Müharibəsinə, Azərbaycan dövlətinin qələbəsinə həsr etdiyi pulisistik üslubda olan əsərdir. Kitabda Qarabağın qədim tarixi köklərindən, onun etnoqrafiyasından, Qarabağa olan torpaq iddialarının necbi uğurlardır. Kitabın mahiyyəti ilə əlaqədar olaraq müəllif Turqut Ansari suallarımızı cavablandırıb
-Qarabağ haqqında yazmaq böyük məsuliyyətdir. Gənc yaşda bu məsuliyyəti üzərinizə götürməyə sizi nə vadar etdi?
-Təəsüflər olsun ki, Qarabağ mövzusu uzun illər xalqımızın, dövlətimizin qanayan yarası olmuşdur. Bunun paralelində təbii olaraq ədəbiyyatımızda da Qarabağa olan nisgil, bu mövzu ilə bağlı dərd-qüssə öz əksini tapmışdır. Hətta mən qeyd edə bilərəm ki, nəinki yazıçı və şairlərimizin yaradıcılığında, eləcə də xalq ədəbiyyatında da işğal prosesinin ağrı-acısı təsvir edilmişdir. Bəli, belə bir mövzuda publisistik bir əsər yazmaq olduqca ciddi, məsuliyyətli, lakin bir o qədər də şərəflidir. Yazıçı, şair, publisist, jurnalist kimi nələrsə yazmaq, yaratmaq mənim üçün çətin deyil, amma bu qürurlu hissi təkcə sözlərlə ifadə etmək mümkünsüzdür, ya da hesab edirəm ki, bunun üçün də ayrıca bir kitab yazmaq lazımdır.
Mən “Qalibiyyət Dastanı”-nı yazarkən düşündüm ki, bu təkcə tarixi faktlara əsaslanan, zəfərimizdən bəhs edən bir kitab olmayacaq, bu publisistika nümunəsi həm də mənim qələmimlə dövlətimə xidmətimin təzahürü olacaq. Mən fəxr edirəm ki, qələmimlə dövlətimə xidmət edirəm. Xüsusilə də gənc yaşda belə bir kitab yazmaq, hesab edirəm ki, mənim gənclik illərimin ən cazibədar naxışlarının birincisi, genişmiqyaslı yaradıcılıq fəaliyyətimin başlanğıcıdır. Məni belə bir mövzuda kitab yazmağa sövq edən isə daxilimdəki sönməz vətən eşqi və üsyankarlığı oldu. Çünki, mən düşündüm ki, bu cür ilahi bir eşq, yaradıcılıq tanrı tərəfindən mənə bəxş edilibsə, mən bunu vətənimin, dövlətimin zəfərini vəsf etməyə sərf etməliyəm və çox şadam ki, bunu icra etmişəm.
-Tarixi hadisləri bədii dillə təqdim edərkən emosiyalarla faktlar arasında tarazlığı necə qorudunuz?
-Sual kifayət qədər lazımlı hissəyə toxundu. İlkin məqamda onu qeyd edim ki, bu kitab publisitik bir əsərdir və mütləq tarixi faktlara söykənməklə yanaşı, yaradıcılığımın poetik tərəfləri də burada aydın şəkildə müşahidə olunur. Emosiyalarla faktları tarazlı şəkildə ifadə etmək mənim üçün o qədər də çətin olmadı. Çünki, mən bu kitabı yazarkən, qalib bir ölkənin jurnalisti kimi bütün faktları araşdırdım, qalib bir ölkənin şairi kimi şeriləri yazdım və qalib bir ölkənin yazıçısı kimi bu əsəri ərsəyə gətirdim. Hesab edirəm ki, belə bir mövzuda emosiyanal olmaq mənim haqqımdır və bu mənim mənəviyyatımın tələbatı və vətən sevgisinin coşqusu kimi şərh edilməlidir. Mən hər zaman qeyd edirəm ki, müstəqillik, qalibiyyət hər xalqa nəsib olmur. Bu ali hisləri ifadə edərkən emosiyanal olmamaq mümkün deyil və olmamalıdır da. Lakin təbii ki, bu faktların göz ardı edilməsi demək deyil, əksinə kitab tam şəkildə faktlara əsaslanıb. Çünki, bu əsəsri yazarkən mənim məqsədlərimdən biri də məhz tarixi həqiqətləri göz önünə sərmək idi.
-Müharibəni yaşamayan yeni nəsil üçün Qarabağ zəfərinin dəyərini anlatmaq sizcə niyə vacibdir? Sizcə kitablar bu yaddaşı qorumaqda sosial mediadan daha təsirli ola bilərmi?
-Öncəliklə bunu qeyd edim ki, dövlətimizə, xalqımıza, bundan sonrakı nəsillərə davamlı sülh və əmin-amanlıq içərisində yaşamağı arzu edirəm. Hərbdə qalib olan Müzəffər Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyev cənabları sülhdə də qalib olaraq Cənubi Qafqaz kimi strateji əhəmiyyətli bir regionda yeni reallıq yaratdı. Bütün bunalrı yazmaq isə, hesab edirəm ki, mənim üçün mənəvi vətəndaşlıq borcu olmaqla yanaşı, jurnalist, yazıçı, publisit və şair kimi isə vəzifə öhdəliyi idi. Əlavə olaraq onu da qeyd edim ki, kitablar nəinki indi, bütün dövrlərdə xalqın silinməz yaddaşı rolunu oynayıblar. Bu gün istənilən və yarana biləcək olan ən kiçik texniki problemdə qısa və ya uzun müddətli olmasından asılı olmayaraq bütün texno alətlər öz fəaliyyətini dayandıra bilər. Təkcə elektrik kəsintisi belə bunun üçün ən bariz nümunə ola bilər.
Tarixi bilməyin niyə vacib olmasına gəldikdə isə, mən tam əminliklə deyirəm ki, ölkəsinin, vətəninin tarixini bilməyən insan öz tarixini və özünü bilmir, belə biri isə heç kimə, heç özünə də lazım deyil. Bunu anlatmaq, yazmaq, ərsəyə gətirmək bir vəzifədirsə, onu öyrənmək, yaddaşlara həkk etmək də birinci dərəcəli vətəndaşlıq borcudur. O ki qaldı sosial şəbəkələr məsələsinə, bəli, bu gün bütün bu vasitələr bizim həyatımızın ayrılmaz parçasıdır. Zənn edirəm ki, heç bir insan öz gününü müasir texnovasitələr olmadan təsəvvür edə bilməz. Sosial şəbəkələrdə informasiyaların daha sürətlə yayılması və daha geniş auditoriyanı əhatə etməsi danılmaz fakt olduğu kimi, eyni zamanda çox ciddi dezinformasiya mənbəyi olduğu da inkaredilməzdir. Sosial şəbəkələrdə də bu kimi məsələləri işıqlandırmaq, paylaşmaq çox müsbət haldır və mütləq ki, olmalıdır da. Dövrün bütün tələblərinə uyğunlaşmaq, sahəyə innovasiyalar tətbiq etmək gərəkdir, vacibdir, mütləqdir. Lakin fikrimcə qələmin mürəkkəbini axıdaraq yazmaq, o kitabı sonsuz sevgi, zövq və qürurla bir müəllif kimi ələ almaq milyonlarla izləyici sayından daha üstündür və daha ciddi işdir.
- Turqut bəy, kitabınızın akademik çəkisini, publisistikadakı yerini necə izah edərdiniz?
-“Qalibiyyət Dastanı” kitabı bütün məsələlərdə tarixi faktlara, araşdırmalara əsaslanan, özündə poetik və publisistik çalarları əks etdirən ciddi bir əsərdir. Kitaba ilkin və əsaslı akademik dəyər isə, dəyərli ustadım, əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU jurnalistika fakultəsinin dekanı Professor Vüqar Zifəroğlu tərəfindən verilib. 106 illik tarixə sahib olan Bakı Dövlət Universitetinin məhz “Zəfər Tarixi” lektoriyasında “Qalibiyyət Dastanı” kitabımın professor-müəllim heyəti ilə birlikdə təqdimat mərasiminin keçirilməsi, Azərbaycan jurnalistikasında qələmi ilə seçilən pedoqoqların kitaba xüsusi diqqətlə yanaşaraq onun əhəmiyyətini vurğulaması böyük sevinc hissidir. Əlavə olaraq bu barədə çoxsaylı media subyektlərində ətraflı məlumatlar da dərc olunub, təqdimat mərasimi ilə bağlı paylaşımlar edilib.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Füzulidə zəfər bayrağını açan gənc komandir: Şəhid Leytenant Məmməd Zamanlı
Murad Vəlixanov,
«Ədəbiyyat və incəsənət» portalının İncəsənət şöbəsi
Leytenant Məmməd Rəhman oğlu Zamanlı, 44 günlük Vətən müharibəsinin başladığı ilk saatlarda cəbhənin ən çətin və mühüm istiqamətlərindən birində düşmən sədlərini yararkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli gənc zabitidir.
Erkən illəri və ali hərbi təhsili
Məmməd Zamanlı 3 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur.
Məktəb illəri:
İlk təhsilini doğulduğu Şəhriyar kənd tam orta məktəbində almış, nizam-intizamı vətənpərvərliyi ilə müəllimlərinin rəğbətini qazanmışdır.
Hərbi lisey: Hərb sənətinə olan böyük sevgisi onu erkən yaşda hərbi təhsil almağa sövq etdi. O, Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq buranı uğurla başa vurmuşdur.
Ali hərbi təhsili:
Liseydən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2020-ci ildə bu ali hərbi ocağı uğurla bitirərək "leytenant" rütbəsi almış və gənc zabit kimi motoatıcı taqım komandiri vəzifəsində xidmətə başlamışdır.
Vətən müharibəsi və ilk günün qəhrəmanlığı
2020-ci il sentyabrın 27-də tezdən başlayan Böyük Vətən müharibəsində leytenant Məmməd Zamanlı öz taqımı ilə birlikdə cəbhənin ön xəttində döyüş əmri aldı.
Onun rəhbərlik etdiyi bölməyə Füzuli rayonu istiqamətində illərdir erməni silahlı qüvvələri tərəfindən möhkəmləndirilmiş müdafiə sədlərinin yarılması tapşırığı verilmişdi. Gənc komandir döyüş meydanında tabeliyindəki əsgərlərə nümunə olacaq soyuqqanlılıq və böyük rəşadət nümayiş etdirdi. O, tabe olduğu taborla birlikdə düşmənin ilk müdafiə xəttində yerləşən strateji postların və yüksəkliklərin darmadağın edilməsində şəxsən iştirak etdi.
Hücumda keçən ömür və şəhadəti
Məmməd Zamanlı müharibənin ilk saatlarının ən gərgin və amansız artilleriya və atıcı silah duellərində taqımını itkisiz irəli aparmağa nail oldu.
27 sentyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən şiddətli hücum əməliyyatları zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Şəhid zabitimizin nəşi doğulduğu Şərur rayonunun Şəhriyar kənd qəbiristanlığında böyük bir el izdihamı, Muxtar Respublika rəsmiləri və hərbi ehtiram qaydaları ilə torpağa tapşırılmışdır.
Dövlət Təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, həmçinin Füzuli rayonunun işğaldan azad edilməsində göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Məmməd Zamanlı ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatlarına layiq görülmüşdür:
"Vətən uğrunda" medalı
"Füzulinin azad olunmasına görə" medalı
Əbədi xatirəsi
Şəhidimizin xatirəsi həm Şərur rayonunda, həm də oxuduğu hərbi müəssisələrdə dərin hörmətlə anılır. Hər il avqustun 3-də doğum günündə və sentyabrın 27-də Anım Günündə onun xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, məzarı ziyarət edilir.
Gənc yaşda tabeliyindəki əsgərlərə və xalqına qəhrəmanlıq dərsi keçən leytenant Məmməd Zamanlının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)


