Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Musiqi insan həyatında təkcə səs və ahəngdən ibarət deyil. O, bəzən insanın deməyə cəsarət etmədiyi hisslərin dilinə çevrilir, bəzən də cəmiyyətin aynası olur. Musiqi insanı düşündürür, sakitləşdirir, dəyişdirir və istiqamət verir. Elə buna görə də musiqi yalnız əyləncə vasitəsi kimi deyil, dərin mənası və təsir gücü olan bir sənət növü kimi qəbul edilməlidir.
Bu sənətə elmi yanaşan, onu tədqiq edən və gələcək nəsillərə ötürən insanlar isə musiqinin cəmiyyətdəki rolunun formalaşmasında mühüm yer tutur. Musiqinin mahiyyətini, insan həyatına təsirini və bu sahədə görülən işləri daha dərindən anlamaq üçün peşəkar musiqişünasların fikirləri xüsusi əhəmiyyət daşıyır.
Bu günkü müsahibimiz musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru və elmi işlər üzrə prorektoru Lalə Hüseynovadır. O, “Ədəbiyyat və İncəsənət” portalına musiqinin elmi əsasları, cəmiyyətlə əlaqəsi, həmçinin görkəmli bəstəkar "Aqşin Əlizadən Publisistik irs" kitabı, yaradıcılığı barədə fikirlərini bölüşüb.
– Musiqinin sizin həyatınızdakı rolu nədən ibarətdir?
– Musiqi, təbii ki, hamının həyatında böyük rol oynayır. Zənnimcə, onu sevməyən, onunla təmasda olmayan insan yoxdur. Amma musiqini özünə sənət seçənlər üçün bu, həm də bir həyat yoludur, bir məsləkdir, bir işdir, gündəlik və daim məşğul olduğum bir fəaliyyətdir. Ona görə də təbii ki, mənim həyatımda onun rolu və çəkisi çox böyükdür. Mən uşaq vaxtından bu sahəyə gəlmişəm. Təxminən 4–5 yaşımdan musiqi ilə məşğul olmağa başlamışam və həyatım boyu peşəkar musiqi təhsili alaraq yetişmişəm. Mən daha çox musiqi elmi ilə məşğul oluram, musiqi maarifçisi kimi, musiqinin təbliğatçısı kimi də fəaliyyət göstərmişəm. Ona görə də bu, doğrudan da həyatımın çox vacib hissəsini təşkil edir. İndi də çalışıram ki, bu sənətin bütün ağırlığını dərk edərək əlimdən gələni əsirgəməyim. Çünki musiqi incəsənətin vacib növlərindən biridir və onun tədrisi də böyük əhəmiyyət kəsb edir.
– Siz həm də müəllim və tədqiqatçısınız. Bu fəaliyyətlər musiqiyə baxışınızı necə formalaşdırır?
– Mən həm də bir müəlliməm, elmi araşdırmalarımı davam etdirməyə çalışıram və hər dəfə özüm üçün bir sıra maraqlı məqamları kəşf edirəm. Musiqişünas kimi fəaliyyət göstərmək üçün bütün sənət növlərində olduğu kimi, ilk növbədə dürüstlük lazımdır. Geniş dünyagörüşü mütləq vacibdir. “Sadəcə sən musiqini öyrən və digər məsələlərdən xəbərin olmasın” – belə demək qətiyyən olmaz. Bu gün bütün sənət növləri bir-biri ilə inteqrasiya olunur.
– Musiqi ilə həyat arasındakı əlaqəni necə izah edərdiniz?
– Ümumiyyətlə, istənilən incəsənət növünün əsasında həyatın qanunları dayanır. Həyatın qanunlarını bilməsən, musiqi sənətinin də qanunauyğunluqlarını dərk edə bilməzsən. Ona görə də musiqi antropologiyası, musiqi sosiologiyası mövcuddur. Yəni musiqinin həyatımızda rolu, onun ictimai və ümumi əsasları çox geniş və dərindən öyrənilir. Çünki musiqi insanlara təsir edən ən böyük vasitələrdən biridir və bundan hər mənada istifadə olunur. Bunu bilmək lazımdır, bu qanunları dərk etmək lazımdır və musiqinin insan həyatındakı rolunu aydın anlayaraq bu istiqamətdə addımlar atmaq vacibdir. Musiqi sadəcə bir sənət növü deyil. Çoxları üçün bu, əyləncə kimi qəbul olunur, lakin bu qətiyyən belə deyil. Bunu dərk etmək və musiqiyə ciddi münasibət bəsləmək lazımdır.
– Aqşin Əlizadə və ona həsr etdiyiniz kitab barədə nə deyə bilərsiniz?
– Aqşin Əlizadə bir çox musiqişünaslar və bəstəkarlar üçün müəllim olub. Həqiqətən də böyük şəxsiyyət idi. Son dərəcə maraqlı bəstəkar idi, Azərbaycan musiqisində öz üslubunu, öz izini qoymuş qüdrətli bir sənətkar olub. Mən Aqşin müəllimin tələbəsi olmuşam, onun rəhbərliyi altında işləmişəm. Bu insanın istedadı, qabiliyyəti və dünyanı görmək bacarığı çox böyük idi. Biz hər birimiz onun yaradıcılığından təsirlənmişik. Ona görə də bu kitabı hazırlayarkən onun böyük irsinə sanki bir daha baş vurdum. Onun haqqında deyilənlər, öz yazdıqları, müsahibələri – bu barədə nə varsa, hamısını bir kitabda cəmləşdirməyə çalışdım.
Çox xoşbəxtəm ki, bu iş Aqşin müəllimin sağlığında həyata keçdi. O, bu kitabın ərsəyə gəlməsinə çox böyük maraq göstərirdi. Çünki onun haqqında yazılanlar və deyilənlər bir kitab halında toplanmış oldu. Aqşin müəllimin yaradıcılığını öyrənmək istəyənlər üçün bu, çox gözəl bir vəsait və mənbədir. Biz bir-iki il öncə də onun haqqında xatirələr toplusu hazırlamışdıq, çünki onun tələbələri çox idi və hamısı yaradıcılığına böyük dəyər verirdi.
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


