Vətənim - Kəbə evim - HEKAYƏ Featured

 

“Ədəbiyyat və incəsənət” portalı “Hekayə saatı” rubrikasında sizlərə Qaratel Azərinin “Vətənim - Kəbə evim” hekayəsini təqdim edir.

 

İstədim şəhidlərimizin qanı, qazilərimizin canı bahasına alınmış kəndimizə gedəm. Həsrətdən ürəyi neçə yerə parçalanan bir övlad kimi… Müəyyən səbəblərə görə maşınla getməyə elə də çox icazə verilmirdi. Fikirləşdim ki, insanlarımız uzaq keçmişdə Kəbə yolunu necə atla, ulaqla, piyada gedib arzularına çatıblarsa, bəlkə mən də elə gedim. Amma o gedənlərin bəziləri Kəbə evinə çatmadan yollarda dünyalarını dəyişiblərmiş. Deyilirmiş ki, arzulanan yolda ölüm də Kəbəyə çatmaq, onu görmək kimidir. Mən də belə fikirləşib yola düzəldim öz Kəbə evimə. Doğulub-böyüdüyüm vətənimə getdim, amma xəyalda.

Çatdım kəndimizə. Yol boyu hara baxdımsa, cavan heç nə görmədim. Dağlar, daşlar kiçilmiş, yaşa dolmuşdu. Torpaq iyrənc düşmən təpiyinin altında elə əzilib heydən düşmüşdü ki, nəfəs aldığı bilinmirdi. Vahimə məni bürüdü. Axır, uzun həsrətdən sonra torpaqla qucaqlaşıb hönkürtü ilə “dəli bir ağlamaq keçdi könlümdən” ki, içim boşalsın, azca da olsa gəncliyimə qayıdım.

Üzümü qocalıb kiçilmiş, gözləri görməyən, qulaqları eşitməyən ulu dağlarımıza tutub var gücümlə qışqırmağa başladım:

— Eheyyy, dağlar, siz mənə cavab verin heç olmasa!

İstəyirəm torpağı qucaqlayım, öpüm ki, gəlmişəm! Ayağımın altında torpaq zəif bir təkanla titrədi. Gözlərini güclə aça bildi. O gözlərin quyuya dönmüş dərinliyində yaş gördüm.

Bundan artıq gücü qalmamışdı. Əyildim öpüm, qucaqlayım və soruşum. Baxdım ki, onun nə qolları, nə də ayaqları var. Xışıltı ilə eşidilən quru nəfəsi qalmışdı. Üzümü yenə dağlara tutub dəli bir səslə qışqırdım, soruşdum və ora-bura qaçdım…

Dağlar, yaylağım hanı?

Humay bulağım hanı?

Bircə gün çoban odum,

Söylə, çomağım hanı?

 

Bağım hanı, bar hanı?

Dizə çıxan qar hanı?

Adımı xan çinara

Bəs yazan o yar hanı?

 

Yol hanı, iriz hanı?

Gəyən adlı düz hanı?

Ocaq çatdım, isitmir,

Tüstüsü var, köz hanı?

 

Daş hanı, kəsək hanı?

Qapı yox, döysək hanı?

Bir vaxt burda evimiz

Vardı, de, gəlsək, hanı?

Hayqırtım torpağın qulağına güclə də olsa çatmışdı. Tərpəşdi, ağlamaq istədi, səsi çıxmadı. Səsimdən tanımışdı deyəsən. İşarə ilə məni başa saldı: Kəbənə çatmısan. Bu dəfə bir az bərk silkələndi. Dərindən köks ötürdü. Hiss etdim ki, ağlayır, amma səsi çıxmır. Otuz ildir hönkürtü ilə ağlayıb, səsinə bir səs verən, onu sakitləşdirən bircə doğması qalmayıb onunla.

Asta-asta ürək döyüntüsünü eşidirdim. Mən də o səssiz hönkürtüyə qoşuldum və bir bayatı deyib onu qucaqladım:

Əzizim, elə sarı,

Yaramı elə sarı.

Ölsəm, yönüm qibləyə,

Çevirin elə sarı.

Və sinəsinin üstündə əbədi Vətənimə getdim…

Kəbə evimdən!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.