“Ədəbiyyat və incəsənət” portalının Uşaq saatı rubrikasında bu gün uşaqlar üçün AYB üzvü Coşqun Xəliloğlunun “Balıq və lovğa qurbağa” hekayəsi təqdim edilir. Böyüklərdən xahiş edirik ki, rubrikanı uşaqlar üçün əlçatan etsinlər.
Biri var idi, biri yox idi, balaca bir göldə yaşayan bir balıq var idi. Balıq suda rahat üzür, dincəlir, tapdığı xırda cücülərlə qidalanmaqla xoşbəxt həyat sürürdü. Onun heç nədən qorxusu yox idi. Heç kəs onu sorğu-suala tutmurdu.
Amma bir gün qarşısını bir qurbağa kəsdi:
– Bəsdir, bizim sularda üzdüyün.
– Sular hardan sizin oldu? Mən burada doğulmuşam. Atam da anam da bu sularda dünyaya gəlib, bu sularda yaşayıblar. Səni isə ilk dəfədir ki, görürəm.
– Eh, vecsiz balıq, sən bilmirsən ki, qurbağalar sular padşahıdırlar?
Balıq gördü ki, qurbağa boş-boşuna danışır, ona məhəl qoymadan üzməyə başladı.
İsti yay günləri başladı. Gölün suyu gündən-günə azalırdı. Qurbağa suyun azalmasından narahat olaraq gölü tərk etdi. O, meşənin dərinliyinə çəkildi. Bütün günü kölgəlikdə yatır, qurdlardan, böcəklərdən yeyib kef edirdi.
Balığın isə heç yana getmək fikri yox idi. Axı bu göl onun üçün gözünün açdığı, yaşadığı məkan idi, doğma yurd idi. Vicdanlı balıq onu balıq edən gölü heç unudarmı?
Göldə su lap az qalmışdı. Balığın nəfəsi az qalmışdı ki, kəsilsin. Amma ümidi kəsilmirdi. Birdən göyün üzünə qara buludlar gəldi. Sonra buludlar daha da sıxlaşdı. Bir az keçdi yağış yağmağa başladı. Gölün suyu artdı. Balıq yenə də göldə xoşbəxtcəsinə üzməyə başladı.
...Birdən suya şappıltıyla nəsə düşdü. Balıq dik atılıb sudan havaya qalxdı, sonra da tez havadan suya düşdü. Qarşısında arzuolunmaz heyvanı – qurbağanı gördü:
– Ay qurbağa, neçə vaxtdır ki, itmişdin, indi nə yaxşı üzə çıxmısan?
– Bu nə sualdır, mənə verirsən? Öz yurduma, evmə gələ bilmərəm?
– Bəs “yurdunun” suyu azalanda hara yox olmuşdun?
– Suyun da, qurunun da, lap elə kosmosun da sahibi bizik. Vaxt gələcək, Aya da, Marsa da gedəcəyik, – qurbağa quruldadı.
– Nankorların nə vətəni olur, nə qeyrəti, qurbağasan ki, qurbağa.
Qurbağa nəsə demək istədi. Ağzını elə araladı ki, söz deməyə macal tapmamış ağzı su ilə doldu.
Hirslənmiş balıq quyruğunu qatlayaraq qurbağaya elə zərbə vurdu ki, o guppultuyla sahilə düşdü. Qorxusundan arxasına baxmadan qaçmağa başladı.
O gündən balıq yenə də xoşbəxt həyatına davam etdi.
“Ədəbiyyat və incəsənət”
(13.01.2026)


