Yenə zülm. Yenə zorakılıq. Yenə əziyyət Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilən Almas İldırımdan söhbət açacam. Sonrakı taleyi isə lap acınacaqlı olub...

 

Milli istiqlal poeziyamızın ən duyğusal, parlaq və səmimi simalarından biri, həyatı ictimai-siyasi tufanlardan, burulğanlardan, fırtınalardan keçən, məşəqqətlərin girdabına atıldıqca vətən eşqi, yurd sevgisi sönmək bilməyən, hiss və duyğuların "boğulmayan səs"inə, müqtədir carçısına çevrilən Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub.

1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunub.  Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazıb. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin kitab senzuradan keçməyib, şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olub.

 Bu dəfə o Türkmənistana sürgün edilib. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışıb. Azərbaycandan Aşqabada göndərilən bir QRU (sonradan KQB, red.) agenti Əkbər Ruhiöz müşahidələri əsasında belə nəticəyə gəlib ki, "Almas İldırım ideolojimiz üçün zərərli bir insandır…". Bundan sonra Türkmənistanda qalmaq onun üçün təhlükəli olub.

1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulub. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatıblar, dərhal həbs olunub.

 

25 gün həbsxanada qalıb. Onu bolşevik casusu hesab edərək işgəncə veriblər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayıblar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyub. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olub. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilib.

Burada ürəyincə iş tapa bilməyib  çox yoxsul, acınacaqlı həyat sürüb. Burada qala bilməyib tezliklə Türkiyəyə gedib və 1934-cü ildə  qardaş ölkənin vətəndaşlığına qəbul edilib. O, burada  katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyib. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışıb.

1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır. Vətən həsrəti, qəribliyin hüznü onun demək olar ki, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edib. O, Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib milliyətçi və istiqlalçı şair kimi tanınıb.

 1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verərək onların dərhal yığışdırılmasını təklif edib. 1954-cü il oktyabrın 9-da qəbul edilən qərara əsasən araslarında onun da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılıb.

 

Kitabları

1. Seçilmiş əsərləri

2. Qara dastan (şeir və poemalar)

3. Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev

4. Azərbaycan mahnıları

 

 Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.