Super User
“Maraqlı söhbətlər”də toyuqlar barədə inanılmaz həqiqət
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Sən demə, toyuqlar dinozavrların, xüsusən də tirannozavrların da daxil olduğu teropod qrupundan olan ikiayaqlı yırtıcı kələzlərin birbaşa nəsilləridir. Qədim dinozavrlar və müasir toyuqlar oxşar skelet quruluşlarına, ayaqlarına və tənəffüs sistemlərinə malikdir və bir çoxunun lələkləri var idi.
Yeri gəlmişkən, illərlə insanları bu suala həmişə cavab axtarıblar: ilk dəfə toyuq, yoxsa yumurta peyda olub?
Düzgün cavab, əlbəttə ki, yumurtadır. Yumurtanın dəqiq peyda olma tarixini müəyyən etmək çətindir, çünki onun nədən ibarət olduğu tam aydın deyil. Lakin, dinozavrların quşların yumurtalarına bənzər şəkildə yumurta qoyduğu məlumdur. Bu kələzlər təxminən 250 milyon il əvvəl peyda olublar. Bu isə onu göstərir ki, bütün dinozavrların nəsli kəsilməyib: toyuqlar da daxil olmaqla quşlar da bu kələzlərin birbaşa nəsilləri hesab olunurlar. Ümumiyyətlə, bir çox dinozavrlar kiçik, tüklü və lələkli idilər. Dinozavrların toyuğabənzər dəstəsi təxminən 85 milyon il əvvəl digər dinozavrlardan ayrılmağa başlayıb. Bu da onu deməyə əsas verir ki, yumurta toyuqdan ən azı 165 milyon il əvvəl yaranıb!
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
Onun potensialından kifayət qədər istifadə edilmədi...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları "Qayınana" filmindən Sevda kimi tanıyır. Cənnət xalanın gəlini, diş həkimi Sevda. O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilib. Özü də bu rolunu çox sevib. Bəzən bütün ömür bir rola sığışır aktrisa üçün...
Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb. M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başlayıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar ifa edib. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bilib.
Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacarıb. Tanilə Əhmədova qeyd etdiyimiz "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə elə bir portret yaradıb ki xalqın sevimlisinə çevrilib.
Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib. Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmayıb. Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər.
Filmoqrafiya
- Arşınmalçı - Alverçi
- Evlənmək istəyirəm - Epizodik rol
- Əlavə iz - Bağırova
- İlıq dənizdə buz parçası - Gəlin
- İşarəni dənizdən gözləyin - Qadın
- Qayınana - Sevda
- Qəribə adam - Aytən
- Sevinc buxtası - Leyla
- Səndən xəbərsiz - Sərvinaz
- Şir evdən getdi - Şəfiqə müəllimə
- Təhminə - Ad günündəki qonaq
- Tələ - Rübabə Babayeva
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı ilə təltif olunub.
Ömrü boyu kinoda yeni filmlərə çəkiləcəyini gözləyən aktrisa 1990-cı ildən sonra xəyal qırıqlığına uğrayıb, depressiyaya məruz qalıb və sonuncu dəfə 1993-cü ildə “Təhminə” filmində epizodik rola çəkilərək sənətdən uzaqlaşıb. Filmlərə çəkilməmək aktrisanın maddi durumuna da pis təsir edib. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşməyib.
2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı.
Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etmədiyini bildirirdi. Səhhəti gün-gündən pisləşən aktrisa 2015-ci ilin yanvarında ikinci dəfə insult keçirir. Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriyə bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmur.
Özünə qarşı bu biganəlik onu hamıdan üz döndərməyə məcbur edib. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlayıb. Mətbuata müsahibə verməyib. Ölüm gününədək heç kimlə görüşmək istəməyib.
Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat edib.
Tanilə Əhmərova ilə birlikdə “Qayınana” filmində oynamış Xalq artisti, mərhum Fuad Poladov deyir:
“Tanilə Əhmərova həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Xatirimdə çox yaraşıqlı, həlim bir xanım kimi qalıb. Çox gözəl aktrisa, özünəməxsus rolların ifaçısı idi. Bunlardan biri də “Qayınana” filmindəki Sevda roludur. Filmdəki rolu həyatdakı obrazına çox uyğun gəlirdi. Azərbaycan kinosunda öz imzasını qoydu Tanilə xanım. Uzun müddət xəstə yatdı. Mən də bir neçə dəfə onu yoluxmaq istədim, amma deyib ki, heç kimi qəbul etmək istəmir. Dünən vəfat etdiyini eşidəndə çox pis təsir etdi mənə”.
Bu isə Xalq artisti İlham Namiq Kamalın dedikləridir:
“Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
Bu dünyada Ramiz Məlik adında bir xalq artisti var idi...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hər tənəzzülün öz tərəqqisi olduğu kimi, hər tərəqqinin də öz tənəzzülü var. Ötən əsrin 60-90-ci illəri Azərbaycan kino və teatr sənətinin tərəqqi dövrü olub. Həmin zaman kəsiyində onlarla böyük sənətkar yetişib. Əgər onların hər biri qapalı sovetlər ittifaqında deyil, hər hansı bir Qərb ölkəsində yaşasaydılar, inanın ki, ən nüfuzlu mükafatlara layiq görülərdilər. Belə aktyorlardan biri də, xalq artisti Ramiz Məlik idi...
Deyirdi ki:- “Kinodakı fəaliyyətim məni qane etmir. Ona görə ki, dəvətlər yoxdur. İndi kino çəkmirlər. Çəkəndə də peşəkar aktyorları çəkmirlər. İndi kinoda harda oxuyan, oynayan varsa onların meydanıdır. Professional aktyorlardan demək olar ki, çox az istifadə edirlər.”
Gileylənsə də kino tarixində silinməz izlər buraxa bildi, gözəl obrazlar yaratdı…
“1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin zamandan başlayaraq Ulu Öndər bir çox istedadlı sənətkarlarımıza ən yüksək fəxri adlar verdi. 1974-cü ildə isə teatrımızın 100 illiyinin keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Həmin dövrdə də bir çox korifey sənətkarlarımız “SSRİ Xalq artisti” fəxri adına layiq görüldülər. Hətta mənzillə mükafatlandırılırdılar. Onlardan biri də mən idim. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə mənə Azadlıq prospektində 3 otaqlı mənzil verildi. Nəhayət, 1984-cü il sentyabrın 24-də Ümummilli Lider Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. O, dahi şəxsiyyət Hüseyn Cavidin əsərlərini çox sevərdi. Həmin vaxt Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis” tamaşası hazırlanırdı. Biz o zaman məzuniyyətdən yeni qayıtmışdıq, xəbər gəldi ki, Heydər Əliyev gəlib, Bakıdadır və tamaşaya baxmaq istəyir. Bir həftə ərzində ciddi məşq etdik və tamaşanı yüksək səviyyədə nümayiş etdirdik. Əsərin baş qəhrəmanı Arifi mən canlandırırdım. Ulu Öndər adəti üzrə tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərlə görüşdü. Bu çox sevindirici və qürurverici idi ki, dövlət başçısı tamaşa barədə öz təəssüratlarını aktyorlarla bölüşürdü. Ümummilli Lider Hüseyn Cavid yaradıcılığını, dramaturgiyasını təhlil edərək, tamaşaya olan münasibətini, tövsiyələrini bildirdi və kollektivi bu münasibətlə təbrik etdi. Orada həmin an belə bir söz də işlətdi "Bu tamaşa mütləq öz mükafatını almalıdır”. Doğrudan da az bir müddətdən sonra “İblis” tamaşası Dövlət mükafatına layiq görüldü. Ümumilikdə səkkiz nəfər, başda rejissor Mehdi Məmmədov və iki rəssam, eləcə də beş aktyor - Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova və mən Dövlət mükafatı aldıq. Bu, Heydər Əliyev kimi şəxsiyyətin bizə və sənətimizə olan diqqətinin, qayğısının ən bariz nümunələrindən yalnız biridir.”- söyləyirdi…
Heydər Əliyevin qəlbən pərəstişkarı olduğundan, onun haqqında ehtiramla, səmimiyyətlə xatirələrini bölüşürdü...
Deyirdi ki:- “Mən o vaxtlar Əməkdar artist, Dövlət mükafatı laureatı idim və 1998-ci ildə Heydər Əliyevin imzası ilə Xalq artisti adına layiq görüldüm. O, tez-tez teatra gəlir, tamaşalara baxır və sənət adamları ilə görüşərək onların qayğıları ilə maraqlanırdı. Yaxşı yadımdadır, Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını da izləmişdi və tamaşa çox xoşuna gəlmişdi. Orada da tamaşadan sonra ənənəvi olaraq səhnə arxasında tamaşanın yaradıcı heyəti ilə görüşüb səhnə əsəri ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Dedi ki, “Bu bizim türk kökümüzə layiq bir əsərdir”. İşinin gərgin olmasına baxmayaraq elə bir yeni tamaşa olmazdı ki, Ulu Öndər həmin tamaşaya gəlib baxmasın. Bu, onun Azərbaycan ədəbiyyatına sevgisindən, sözə həssas münasibətindən irəli gəlirdi. Allah ona rəhmət eləsin!”
İllər onu heç dəyişmədi. Ömrünün sonunadək gənclik çılğınlığı ilə hadisələrə, gündəmdə olan məsələlərə münasibət bildirirdi. Ünsiyyətdə mehriban və diqqətli idi. Şux geyimi, ruh yüksəkliyi ilə fərqlənirdi. Məzəli zarafatları, şirin söhbətləri adama ləzzət verirdi. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyük idi...
Yaşasaydı, bu gün - avqustun 4-ü xalq artisti Ramiz Məlikin 83 yaşı tamam olacaqdı. Artıq iki il, səkkiz aydır ki, haqqa qovuşub. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Kəşfiyyatın səssiz qəhrəmanı: Şəhid Gizir İlkin Kazımov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Gizir İlkin Xanməmməd oğlu Kazımov, 44 günlük Vətən müharibəsinin başladığı ilk saatlarda Talış-Suqovuşan istiqamətində düşmən sədlərini yararkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin peşəkar kəşfiyyatçı zabit-giziridir.
Erkən illəri və hərbi xidmət eşqi
İlkin Kazımov 4 avqust 1995-ci ildə Astara rayonunun Artupa kəndində zəhmətkeş vətənpərvər bir ailədə dünyaya göz açmışdır.
Xarakteri: Uşaqlıq illərindən sakit təbiəti, məsuliyyəti və böyüklərə olan dərin hörməti ilə qəsəbə və kənd sakinlərinin rəğbətini qazanmışdı.
Hərbi sahəyə gəlişi: Müddətli həqi hərbi xidmətini başa vurduqdan sonra daxilindəki Vətən sevgisi və hərb sənətinə olan marağı onu yenidən orduya bağladı. O, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində gizirlik kursunu uğurla bitirərək "gizir" hərbi rütbəsi aldı.
Peşəkarlığı: Fiziki dözümlülüyü və analitik düşüncə qabiliyyəti nəzərə alınaraq xüsusi kəşfiyyat bölmələrində xidmətə təyin olundu.
Ailəsi: Ailəli idi, gələcəyə xalqı üçün fəxr dolu bir ad qoyan iki körpə övladı yadigar qalıb.
Vətən müharibəsi: ilk saatların ağır döyüşü
27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq və torpaqlarımızı azad etmək üçün başlayan əks-hücum əməliyyatlarında kəşfiyyatçı gizir İlkin Kazımov ilk dəqiqələrdən döyüşə atıldı.
Onun tabe olduğu kəşfiyyat qrupuna cəbhənin ən strateji nöqtələrindən sayılan Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində düşmənin illərlə qurduğu keçilməz istehkam xətlərinə sızmaq və oradakı mühüm hədəfləri məhv etmək tapşırığı verilmişdi. İlkin və döyüş yoldaşları ilk saatlarda düşmənin bir neçə mühüm atəş nöqtəsini tamamilə sıradan çıxararaq hücum taborlarımızın irəliləməsi üçün təhlükəsiz dəhliz açdılar.
Hücumda keçən ömür və şəhadəti
Müharibənin ilk günü cəbhə xəttində ən şiddətli və amansız artilleriya duelləri gedirdi. Gizir İlkin Kazımov 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan əməliyyat zonasında qarşıya qoyulmuş mühüm kəşfiyyat-döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan qəfil ağır artilleriya və ya minaatan atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Şanlı ordumuzun qazandığı tarixi zəfərin ilk şəhidlərindən olan İlkin Kazımovun nəşi doğulduğu Astara rayonunun Artupa kənd qəbiristanlığında böyük el izdihamı, rayon rəhbərliyi, döyüş yoldaşları və hərbi ehtiram qaydaları ilə torpağa tapşırılmışdır.
Dövlət Təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, həmçinin Suqovuşanın işğaldan azad edilməsi əməliyyatlarında göstərdiyi şəxsi rəşadətə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı dövlət medalları ilə təltif edilmişdir:
"Vətən uğrunda" medalı
"Suqovuşanın azad olunmasına görə" medalı
"Cəsur döyüşçü" medalı
Əbədi xatirəsi
Şəhid gizir İlkin Kazımovun adı doğulduğu Astara rayonunda və Artupa kəndində əbədiləşdirilmişdir. Hər il avqustun 4-də doğum günündə və sentyabrın 27-də Anım Günündə Astara Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, ictimaiyyət nümayəndələri və kənd sakinləri qəhrəmanın məzarını və onun iki övladını, ailəsini ziyarət edir, xatirəsini uca tuturlar.
Cənnətdəki növbəti yaşın mübarək, canını gələcək nəsillərə sipər edən igid kəşfiyyatçımız! Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
Və bir gün həyatına xərçəng gəldi, gəldi ki onu tezliklə aparsın...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şuşadan çıxanməşhurları başda Xurşudbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül olmaqla hər kəs tanıyır. Azərbaycan SSR xalq artisti Rafiq Hüseynovu da hər kəs tanıyır. Amma bəlkə çoxu bilmir ki o da şuşalıdır.
Bu gün onun anadan olmasının 80 illiyidir.
Azərbaycan Televiziyasının aparıcısı Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.
Atasını çox erkən yaşda itirib. Həmin vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış. Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız. Rafiq Ceyhun Mirzəyevlə bir sinifdə oxuyub. Onu da Ceyhun Mirzəyevlə birgə “Ögey ana” filminə dəvət ediblərmiş, ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak etməyib.
Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. “Çahargah” çaldığı yerdə tarın sarı simi qırılıb. Bunu düşməzlik hesab edərək məktəbi qurtarandan sonra tarı atıb, anası kimi hüquqşünas olmaq istəyib. Xatirələrində yazır:
“Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaqdı sarı simlər, dəfələrlə təkrar olunacaqdı”.
Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. “Nə iş versəniz, işləyəcəm” deyir və onu işıqçı kimi işə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da müsabiqədə iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycan dilində səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, “bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!”. Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir, deyir, bu oğlanın gələcəyi var.
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb.
Filmoqrafiya
1. Şəki
2. Ölü zona
3. Fəryad
4. Ailə
5. Kədərimiz... Vüqarımız...
6. Nəsrulla Nəsrullayev
7. Narahat adam
8. Biz qayıdacağıq
9. Top həm düşər, həm qalxar
10. Gün keçdi
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ başqa xanımlarla da eşq macəraları yaşayıb… Haqqında səsləndirilən “arvadbaz” ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyib:
“Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq… Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz. Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq… Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatlarını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur”.
İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olub. Aralarında isti münasibət yaranıb və onlar ailə qurublar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar. 1984-cü ildə onların 18 yaşlı oğlu Rövşən amansızcasına qətlə yetirilib... Cinayətkar onu öldürməklə kifayətlənməyib, meyitini doğrayaraq çamadana yığıb.
Şayiələr çox idi: guya, uşağı Rafiq Hüseynovun oğulluğa götürdüyü adam qısqanclıqdan öldürüb, kimlərsə Roza Tağıyevanın əvvəlki evlilikdən olan oğlunu günahkar bilirdi... Amma məlum olan o idi ki, Azərbaycan Dövlət Universitetinin 18 yaşlı tələbəsini kimsə qisas zəminində öldürmüşdü. Amma nəyin, kimin qisası? Bu aşkar edilmədi. Faciə Rafiq Hüseynovla Roza xanımı birləşdirmədi, əksinə ayrıldılar. Hərə öz dərdini ayrılıqda çəkməyə üstünlük verdi.
Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
2016-cı ildə diktorda ağciyər xərçəngi aşkar olunur. Müxtəlif ağır terapiyalardan keçib, müalicə alsa da, Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir.
2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir.
3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
Həyat yoldaşı onun ölümündən sonra müsahibələrinin birində əfsanəvi diktoru belə xatırlayır:
“Bir gün evə gəldi, məni otağa çağırdı və dedi ki, Səbinə, məndə xərçəng xəstəliyi var, mən öləcəm. Mən ona dedim ki, niyə ölürsən, indi gör neçənci əsrdir, səhiyyə inkişaf edib. Mən heç vaxt ona bədbin şeylər yükləmirdim, çalışırdım, ümidli olsun. Amma ürəyimdə bilirdim ki, vəziyyəti yaxşı deyil. Çox çətindir o günləri xatırlamaq. Son gününə qədər biz demək olar ki, vuruşurduq. Türkiyədən onu Bakıya gətirəndə pis olmuşdum. Özü mənə dedi ki, Səbinə, məni apar evə, Bakıya getmək istəyirəm. Bakıya gələndən sonra onun gözünə işıq gəldi, rahatlandı. Burda dostları, yaxınları yanına gəlib gedirdi. O, həmişə insanların arasında olub deyə, son günlərini də elə keçirmək istəyirdi”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib
Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ASAN müraciət” informasiya sistemi arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.
Bu barədə “Ədəbiyyat və incəsənət “ portalına ASAN-dan məlumat verilib.
“Vizual məzmunun intellektual analizi və uyğunluğunun avtomatik yoxlanılması" mövzusu üzrə çağırışın qalibləri "Zeka Lab" komandasından Ceyran MirQasım, Rəşad Cəfərov və Bibixanım Babayeva seçiliblər.
Çağırışlar çərçivəsində ümumilikdə 20 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən həll üzrə ən yüksək nəticə göstərən 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
Bu təşəbbüs “ASAN müraciət” informasiya sisteminin süni intellekt əsaslı vizual analiz və avtomatik doğrulama imkanları ilə təkmilləşdirilməsinə yönəlib.
Yekun mərhələdə isə çağırış üzrə qalib komanda 5000 AZN məbləğində mükafat ilə təltif olunub.
“ASAN AI Hub” platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir.
Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur və tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
“Ana dilimiz” adlı tədbir keçirilib
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Ana dilimiz” adlı tədbir keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini müvəqqəti icra edən Arzu Xudayarova və kitabxananın əməkdaşları, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər Kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev, Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrasının müəllimi filologiya üzrə fəsəfə doktoru Sevinc Qəmbərova və digər qonaqlar iştirak ediblər.
Qonaqlar öncə Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatiəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbiri açaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində misilsiz xidmətlərindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini müvəqqəti icra edən Arzu Xudayarova və digər çıxışçılar bu gündə ana dilimizin dövlət səviyyəsində tətbiqi və saflığının qorunub saxlanması, hərtərəfli inkişafı haqqında məlumat veriblər.
Mərkəzin bələdçisi Cəvahir Xalıqova “Azərbaycan dilinin keçmişi, bu günü və gələcəyi” mövzusunda mühazirə ilə çıxış edib.
1 – Avgust Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş videoçarx təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Ana dilinin işığında nağıl dünyasına səyahət
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira Məmmədova ilə balaca oxucuların görüşü təşkil olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Maarifləndirici və interaktiv formatda keçirilən tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi aşılanması, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və müasir Azərbaycan uşaq ədəbiyyatının təbliğidir.
Əvvəlcə Elvira Məmmədova 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün tarixi əhəmiyyəti barədə danışaraq dövlət dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Yazıçı ana dilinin xalqın milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olduğunu vurğulayıb və uşaqları Azərbaycan dilini sevməyə, ondan düzgün istifadə etməyə və daha çox kitab oxumağa çağırıb.
Görüşün ən yaddaqalan anlarından biri yazıçının müəllifi olduğu “Düymə” kitabının təqdimatı olub. Müəllif əsəri bədii ifadə tərzi ilə səsləndirərək balaca oxucuları nağılın sehrli dünyasına səyahətə aparıb. Əsərin qəhrəmanları və onların macəraları uşaqlarda böyük maraq doğurub, təqdimat iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Təqdimatdan sonra uşaqların iştirakı ilə nağıl əsasında viktorina təşkil olunub. Balaca oxucular sualları böyük həvəslə cavablandıraraq diqqət, yaddaş və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən iştirakçılara nağıl kitabları hədiyyə olunub.
Görüşün sonunda təşkil edilən rəngləmə saatı isə uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına imkan yaradıb. Balacalar müxtəlif rəsmləri böyük həvəslə rəngləyərək təxəyyüllərini və bədii zövqlərini nümayiş etdiriblər.
Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mənəvi dəyərlərin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, müasir Azərbaycan uşaq ədəbiyyatının tanıdılması və yazıçı-oxucu əlaqələrinin möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Uşaqların intellektual və mənəvi inkişafına töhfə verən maarifləndirici layihələr, müəlliflərlə görüş və kitab müzakirələri davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)
Latın qrafikalı Azərbaycan əlifbasına gedən yol, yaxud tarixə bir nəzər
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Əlifba və yazı xalqın milli mədəniyyətinin tərkib hissələrindən biri, başqa sözlə, həmin xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Ona görə də əlifba məsələsi mədəni inkişaf və tərəqqi üçün həmişə vacib hesab olunub.
Tarixi faktlar sübut edir ki, Azərbaycan qədim əlifbaların yarandığı, müxtəlif əlifbaların istifadəyə edildiyi ölkələrdən biri olmuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin imzaladığı fərmanda oxuyuruq: “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikdə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş” və digər əlifbalardan istifadə edilməyə başlanmışdır.
Tarix göstərir ki, Azərbaycanda əsrlər boyu aşağıda göstərilən müxtəlif quruluşlu əlifbalardan istifadə edilmişdir:
1. qədim milli türk əlifbalarından (qədimdən VII əsrin II yarısınadək)
2. ərəb qrafikalı əlifbadan (VII əsrin II yarısından 1929-cu ilədək)
3. latın qrafikalı əlifbadan (1929 – 1940)
4. kiril qrafikalı əlifbadan (1940 – 1992)
1992-ci ilədən hal-hazıradək ölkəmizdə latın qrafikalı tamamilə yeni
əlifbadan istifadə olunur. Araşdırmalar göstərir ki, Azərbaycanda latın qrafikalı əlifbaya keçid heç də asanlıqla baş tutmamışdır. (Düzdür, Azərbaycan ərazisində qədim latın qrafikalı ilk yazı Qobustan qayasında 1948-ci ildə arxeoloq İ.Cəfərzadə tərəfindən aşkarlanmışdır. Əlbəttə, eramızın I əsrində imperator Domisianın zamanında XII Fulminat Roma legionunun Azərbaycanda olmasını təsdiq edən altı sətrdən ibarət bu kitabə ölkəmizdə bir vaxtlar latın qrafikalı əlifbadan istifadə edilməsi anlamına gələ bilməz.
Arxiv materialları göstərir ki, latın qrafikalı əlifbaya keçmək cəhdləri və təşəbbüsləri XIX əsrin ikinci yarısından başlamışdır.
Həmin dövrdə cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud ərəb əlifbasını daha münasibi ilə əvəz etmək ideyasını meydana çıxarmışdı. Bu, əslində tarixi şəraitdən doğan zərurət idi. Bu zərurəti meydana çıxaran əsas amillər isə bunlar idi:
- birincisi, ərəb qrafikası dilimizin fonetik xüsusiyyətlərini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı.
- İkincisi, öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırırdı.
- Üçüncüsü, ərəb əlifbası ilə yazmaq və oxumaq çox müşkül bir iş idi. Təsadüfi deyil ki, ərəb əlifbası ilə savad almağın çətinliyi haqqında M.A.Şahtaxtlı “Şərqi-rus”da yazırdı: “İstemal eyləməkdə olduğumuz ərəb əlifbasıyla nəinki özgə dillərin və bəlkə öz türk dilimizin sözlərinin həqiqi tələffüzünü göstərmək mümkün deyil”. C.Məmmədquluzadə isə belə deyirdi: "Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım "danışmışıq" kəlməsinin on beş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq, vay bizim halımıza, vay mürəttiblərin gününə, heyif oxucularımızın gözlərinin işığına".
Məhz bu səbəblər XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir.
Bütün türk dünyasında, o cümlədən Azərbaycanda əlifbanın dəyişdirlməsi, latın qrafikalı əlifbaya keçilməsi ilə bağlı ilk təşəbbüs göstərən böyük mütəfəkkir M.F.Axundzadə olmuşdur. Akademik Tofiq Hacıyev bununla bağlı qeyd edir: “Yeni əlifba ideyası, ərəb əlifbasına qarşı mübarizə kimi böyük tarixi hadisə türk dünyasında və ümumən, Şərqdə Azərbaycan milli mədəniyyəti ilə bağlıdır və bütün dünyaya buradan car olmuşdur”.
İlkin olaraq ərəb əlifbasını dəyişdirmək fikrində olan M.F.Axundzadə sonda başa düşmüşdü ki, bu əlifbanı dəyişdirmək mümkün olmayacaq. Ona görə də ərəb yazısını dəyişmək cəhdindən əl çəkib diqqətini bir neçə kiril hərfləri ilə dəyişilmiş latın əlifbasının üzərində cəmləmişdi. Bu, böyük inqilabi ideya idi. O, latın qrafikası əsasında hazırladığı layihəni rəy almaq üçün Paris, London, Berlin, San-Peterburq və başqa şəhərlərə göndərmiş, Rusiyanın, Şərqin və Qərbin bir sıra dövlət və içtimai xadimlərinə müraciət etmişdi. Lakin hazırladığı bu əlifba layihəsinin özünün sözləri ilə desək, “…həyata keçirilməsini caiz görmədilər”. Ruhdan düşməyən M.F.Axundzadə uzagörənliklə akademik B.Dorna məktubunda yazırdı:” 100 ildən sonra mənim əlifbam Şərq ədəbiyyatında layiqli yerini tutacaq, onun vasitəsi ilə yeni əsərlər yaradılacaq. Onda mənim məqsədim yerinə yetəcək və mən qabaqcadan rahat ola bilərəm”.
Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas, M.F.Axundzadə ilə fikir ortağı olan M.Kazımbəy özünün «İndiki Hindistanda maarifin başlanğıcı» adlı məqaləsində vəziyyəti obyektivcəsinə qiymətləndirərək yazırdı:”…müsəlmanları Avropa əlifbalarının onların əlifbasından yaxşı olması fikrinə inandırmaq çətindir. Lakin hər şey zamanla, vaxtla bağlıdır. Elə mənafelər vardır ki, onlar hər şeyi idarə edə bilirlər”. Alim ”belə mənafelərdən» biri kimi mədəni tərəqqiyə coşqun meyli qeyd edir və göstərir ki, bu meyil gec-tez əlifba ideyasının reallaşmasına gətirib çıxaracaqdır.
M.F.Axundovun əlifba layihələri, o cümlədən latın qrafikalı əlifba layihəsi qəbul edilməsə də, geniş iştimai müzakirələrə səbəb olmuşdu. Onun əlifba islahatı ilə bağlı görüşləri və yeni əlifba uğrunda mübarizəsi Azərbaycanın mütərəqqi fikirli ziyalılarını bu məsələnin geniş aspektdə müzakirəsinə səfərbər etdi, onlara inam və güc verdi. T.Hacıyevin yazdığı kimi, “M. F. Axundzadə … ərəb əlifbasına qarşı mübarizəni böyük ictimai hərəkata çevirdi”.
Məhz bu inam və güc sayəsində M.F.Axundzadənin vəfatından bir neçə ay sonra onun məsləkdaşlarından olan, görkəmli mətbuat işçisi, Bakı Uniuversitetinin professoru M.Şahtaxtlı (1879-cu ilin yanvarında) Tiflisdə “Təkmillənmiş müsəlman əlifbeyi” adlı kitab nəşr etdirdi. Bu əsər Azərbaycanda yeni əlifba uğrunda mübarizə tarixində ilk kitab olub.
1886-cı ildə “Qafqaz” qəzetində M.Əliməhəmmədin ərəb yazısının dəyişdirlməsi barədə məqaləsi çap olundu. Yazıda ərəb əlifbasının dəyişdirlməsinin səbəblərindən və vacibliyindən söz açılırdı.
1898-ci ildə isə tanınmış ədəbiyyatşünas alim F,Köçərli tərəfindən yazılmış “Ərəb əlifbası və onun çatışmazlıqları” məqaləsi nəşr olundu.
Əlifba islahatı ilə bağlı müzakirələr XX əsrin əvvəllərində “İrşad”, “İqbal”, “Tərəqqi”, “Tazə həyat”, “Tərcüman” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında və digər mətbuat orqanlarında davam etdirilirdi. Görkəmli yazıcımız C.Məmmədquluzadə “Molla Nəsrəddin”in səhifələrində ərəb əlifbası barədə yazırdı:”Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir”.
M.F.Axundzadədən sonra bu məsələyə öz yaradıcılığında geniş yer verən ziyalılar arasında yuxarıda adları çəkilənlərdən başqa daha çox fəallıq göstərənlər İ.Qaspiralı, R.Əfəndiyev, M.T.Sidqi, F.Ağazadə, S.M.Qənizadə, S.S.Axundov, Ö.F.Nemanzadə, M.Mahmudbəyov, A.Əfəndizadə, A.Tağızadə, M.Seyidov, H.Şahtaxtinski, A.Əmirov, Ə.Pepinov və digərləri idi.
Şübhəsiz ki, əlifba islaharının həyata keçirilməsində bütün mütərəqqi fikirli ziyalılarımızın rolu olmuşdur. Bizcə, onlardan iki nəfəri - M.Şahtaxlını və F.Ağazadəni xüsusi olaraq qeyd etmək lazımdır. Doğrudur, M.Şahtaxlı da yaradıcılığının ilk dövründə ərəb əlifbasının islah edilməsinin tərəfdarı olub. Lakin “Şərqi-Rus” qəzetindən sonrakı dövr yaradıcılığında o artıq latın əlifbasına keçməyin tərəfdarı kimi çıxış edirdi. 1914-cü ildə Peterburqda çıxan “Mir islama” jurnalındakı bir məqalədə qeyd olunurdu ki, M.Şaxtaxtlının 5 əlifba layihəsi olsa da, o daha çox şərq latın əlifbasına ümid bəsləmişdir. Bundan başqa öz dövrünün tanınmış əlifba ıslahatçılarından F.Ağazadə özünün “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı əsərində əlifba hərəkatı tarixinmdə “Məhəmmədağa dövrü”nü xüsusi fərqləndirir. Hətta bəziləri haqlı olaraq M.Şahtaxtlını “yeni əlifba hərəkatının atası” adlandırırlar.
F.Ağazadə isə ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesində ən fəal iştirak edənlərdən idi. O, həmin dövrdə mətbuat səhifələrində tez-tez yeni əlifba ilə bağlı məqalələrlə çıxış edir, təklif olunan əlifba layihələrinə münasibət bildirirdi. O, mətbuatda çap olunan “Əlifba tarixində türklərin vəziyyəti”, “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində, “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı əsərində ərəb əlifbasının yararsızlığını sübut edir, ciddi faktlarla latın əlifbasına keçməyin düzgün yol olduğunu əsaslandırırdı.
Cümhuriyyət dövründə ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri daha qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur. Türk dilini dövlət dili elan edən AXC hökuməti latın qrafikalı əlifbanın qəbuluna da laqeyd deyildi.
Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə parlamentdə bu barədə AXC hökumətinin üzvü X.Məlikaslanovun məruzəsi dinlənilir. AXC Nazirlər şurasının qərarı ilə XMN-nə ərəb əlifbasının islahatı üzrə komissiya yaratmaq və komissiyanın hazırladığı təklifləri baxilmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılır. Komissiyaya üç layihə təqdim olunur. Uzun mübahisə və müzakirələrdən sonra A.Əfəndizadənin latın qrafikası əsasında tərtib olunmuş “Son türk əlifbası” layihəsi qəbul edilərək çapına icazə verilir. Layihə 1919-cu ildə keçirilən müəllimlər qurultayında müzakirə olunandan sonra parlamentin təsdiqinə verilmişdi. Lakin aprel işğalı və AXC hökumətinin devrilməsi ilə onun reallaşdırılması mümkün olmur. Beləlikllə, əlifba məsələsi aktual olmaqda davam edir.
1921-ci ildən N.Nərimanovun təşəbbüsü ilə əlifba məsələsi yenidən müzakirə obyektinə çevrilir. Əsas mübarizə “latınçılar”la “ərəbçilər” arasında gedirdi. Hər iki tərəfə layihələr təqdim etmək təklif olunsa da, yalnız “latınçılar” layihə təqdim etdilər və hökumət onu qəbul etdi. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AMİK) yanında yeni əlifba komitəsi (AYTƏK) yaradıldı. AMİK-in 20 oktyabr 1923-cü il tarixli qərarı ilə latın əlifbası ərəb əlifbası ilə bərabərhüquqlu hesab edilmiş, lakin 27 iyun 1924-cü il tarixdən məcbiri dövlət əlifbası olmuşdur. Onu da qeyd edək ki, latın qrafikalı hərflərlə yanaşı Avropadakı rəqəm sistemi də qəbul olunmuşdur. 01 yanvar 1929-cu ildən etibarən Azərbaycanda ərəb əlifbası rəsmən ləğv edilərək latın əlifbası ilə əvəz olunmuşdur.
Təəssüf ki, 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Ümummilli liderimiz tərəfindən imzalanmış “Latın qrafikalı Azırbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, “1939-cu ildə latın əlifbasının kiril əlifbası ilə əvəz olunması 30-cu illərin kütləvi repressiyalarının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü”. Təcrübə də göstərirdi ki, kril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın tapilması mümkün deyildir, bu da nə vaxtsa onun dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.
XX əsrin sonlarında Azərbaycanda azadlıq uğrunda mübarizənin yeni dalğası yüksəldi. Nəhayət, xalqımız XX əsrdə ikinci dəfə, amma bu dəfə daimi və əbədi olmaqla öz müstəqilliyinə qovuşdu. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün də tarixi şərait yarandı.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonraSSRİ dövründə məcbur qəbul edilmiş qərarlara yenidən baxılmasınabaşlandı. Belə qərarlardan biri də əlifba ilə bağlı oldu. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. Xeyli müzakirələrdən sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.
2001-ci il avqustun 9-daAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən avqustun birinin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası vəAzərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)
Teatr rəssamları pərdə arxasında qalırlar
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həqiqətən də teatr rəssamları həmişə kulis arxasında qalırlar. Teatr terminologiyası ilə desək, onılar “zakulisye” əməkdaşlarıdır. Halbuki teatr tamaçasının uğur qazanmasında rəssam tərtibatı əhəmiyyətli rol oynayır. Azərbaycan SSR əməkdar incəsənət xadimi, teatr rəssamı Bəhram Əfəndiyevin yaradıcılığı buna əyani sübutdur.
Bəhram Əfəndiyev 25 avqust 1910-cu ildə ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulub. Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib, Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb.
1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə bağlı təhsilini yarımçıq qoyub. Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib.
Qazax Dövlət Dram Teatrının direktoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, Göyçay sənət artelində texniki rəhbət, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib.
Gördüyünüz kimi fərqli coğrafiyalar, amma məhsuldar və qənaətbəxş iş.
Bəhram Əfəndiyev 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Rəssam çox yaşamayıb, cəmi 56 il ömür dürüb. 1966-cı ilin 3 avqustunda dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Şəkildə: Rəssamın ayrıca fotosunu əldə edə bilmədik, bu onların ailə-nəsil fotosudur.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)


