Görün nə deyirəm - AKTUAL Featured

Kubra Quliyeva

"Ədəbiyyat və İncəsənət" portalının yaradıcılıq şöbəsi

 

Mən bu yazını yazmağa başlayanda ilk ağlıma gələn Sevil oldu. Cəfər Cabbarlının Sevilini, Fikrət Əmirovun musiqisində bir qadının çadrasını atdığı o səhnəni düşündüm. Çünki biz bu səhnəni illərdir yalnız bir tamaşa, bir opera, bir ədəbi obraz kimi yox, Azərbaycan qadınının azadlığa çıxmasının simvollarından biri kimi danışmışıq. “Sevil” əsəri qadının əsarətdən azad edilməsi probleminə həsr olunmuşdu.

 

Və bu gün mən başı açıq bir Azərbaycan qadını kimi oturub düşünürəm: biz doğrudan da bura gəlmək istəyirdik?

Çünki mənim üçün məsələ heç vaxt “hicab yaxşıdır, ya pisdir?” olmayıb. Mən başımı örtmürəm. Mənim dini seçimim başqasınınkından fərqlidir. Amma mənim başımın açıq olması mənə başqa bir qadının başındakı örtüyü çıxarmaq haqqı vermir. Əksinə, mən başı açıq qadın olaraq bir gün başını örtmək istəyən qadının qarşısında dayanıb deməliyəm: “Bu sənin bədənindir. Bu sənin inancındır. Bu sənin seçimindir. Mənim seçimim kimi.”

İndi isə dövlət məktəblərində geyim qaydalarına yeni müddəa əlavə olunub: müəyyən edilmiş məktəb formasının vahidliyini pozan, habelə ümumi təhsilindünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə yol verilmir.

Mən hüquqşünas deyiləm. Amma iqtisadçıyam, auditoram, magistrantam və ən əsası, düşünən bir vətəndaşam. Ona görə bu qərarı oxuyanda beynimdə bir sual yarandı:

Dünyəvilik nə vaxt insanın başına qədər uzanır?

Dövlətin dünyəvi olması o deməkdir ki, dövlət hansısa dinin hakimiyyətinə tabe deyil. Dövlət vətəndaşına “sən mütləq bu dinə inanmalısan” demir. Amma eyni məntiqin əks tərəfi də olmalıdır: dövlət “sən bunu göstərə bilməzsən” deyə bilməyə başlayanda dünyəviliklə dindən uzaqlaşdırma siyasəti arasındakı sərhəd harada çəkilir?

Azərbaycan Konstitusiyasının 48-ci maddəsi vicdan azadlığını tanıyır; insanın dinə münasibətini müstəqil müəyyənləşdirmək, dinə etiqad etmək və əqidəsini ifadə etmək hüququnu təsbit edir. Eyni maddə heç kəsin dini etiqadını ifadə etməyə məcbur edilə bilməyəcəyini də deyir.

Deməli, mənim dövlətim həm başını örtməyən qadını, həm də başını örtən qadını qorumağı bacarmalıdır. Çünki dünyəvilik ikisindən birini seçmək deyil. Dünyəvilik ikisinin də dövlət qarşısında bərabər qalmasıdır.

Məni ən çox düşündürən isə başqa şeydir. Bizim tariximizdə qadının geyimi üzərindən azadlıq haqqında çox danışılıb. Sevil çadrasını atanda bu, cəmiyyətin qadın üzərində qurduğu görünməz divarların dağılması kimi təqdim olunurdu. Əsərin özündə qadının əsarətdən azad edilməsi mərkəzi problemdir. Mən bu gün həmin səhnəni xatırlayanda qəribə bir hiss keçirirəm. Çünki bir vaxtlar qadına “Başını ört, belə daha yaxşı qadınsan” deyən zehniyyətlə mübarizə aparırdıq. İndi isə başqa bir qadına “Başını aç, belə daha dünyəvisən” deyən zehniyyət yaranarsa, mən bunun adını azadlıq qoya bilmirəm.

Bir qadının çadranı zorla çıxarmaqla azad olduğunu düşünmək qədər, bir qadının başını zorla örtməklə dindar olduğunu düşünmək də eyni səhvdir.

Qadının azadlığı onun başındakı parçanın ölçüsü ilə müəyyən olunmur. Bu cümləni xüsusilə yazmaq istəyirəm. Çünki mən başı açığam. Və bəlkə də məhz buna görə bu sözləri demək mənim üçün daha vacibdir.

Mənim başım açıqdır deyə başı örtülü qadından daha azad deyiləm. O da başını örtüb deyə məndən daha dindar, daha əxlaqlı, daha yaxşı və ya daha pis deyil. Biz sadəcə fərqliyik.

 Və dövlətin vəzifəsi bizi eyniləşdirmək yox, hüquq qarşısında bərabər saxlamaqdır.

İndi gəlin “məktəbli forması” arqumentinə baxaq.

Bəli, məktəbin müəyyən geyim standartı ola bilər. Bunun sosial və pedaqoji əsasları müzakirə edilə bilər. Vahid forma sosial fərqlərin görünüşünü azaltmaq, məktəb daxilində nizam yaratmaq məqsədi daşıya bilər. Hətta 2026-cı il dəyişiklikləri də geyim qaydalarının vahidliyini və sosial bərabərlik arqumentini əsaslandıran yanaşmalarla təqdim olunur.

Amma onda sual yaranır:Vahid forma niyə mütləq vahid düşüncə deməkdir? Məktəbdə hamı eyni polo köynəyi geyinə bilər. Amma hamı eyni cür düşünmək məcburiyyətində deyil. Biri namaz qıla bilər. Biri qılmaya bilər. Biri Quran oxuya bilər. Biri İncil oxuya bilər. Biri heç bir dini qəbul etməyə bilər. Biri başını örtə bilər. Digərinin başı açıq ola bilər. Məktəbin vəzifəsi uşaqlara eyni düşünməyi yox, düşünməyi öyrətməkdir.

Əgər dünyəvi təhsil sisteminin mahiyyəti budursa, onda biz dünyəviliyi geyimin üzərində deyil, təhsilin məzmununda axtarmalıyıq.

Və mənim içimdə ən böyük narahatlığı yaradan sual budur: Niyə biz təhlükəli şeyləri qadağan etməkdə bu qədər tərəddüd edir, amma insanın inancının görünən formasına münasibətdə bu qədər rahat qərar veririk?

Məktəbdə bir uşağın təhlükəsizliyi necə qorunur?

Müəllim necə qorunur?

Uşaqların psixoloji təhlükəsizliyi necə təmin edilir?

Məktəbdə zorakılığın qarşısı necə alınır?

Silahın məktəbə daxil olmasının qarşısını necə alırıq?

Bunlar da məktəbin “nizamı” deyilmi?

Məsələn, bu ilin əvvəlində Bakıda “İdrak” liseyində müəllimə odlu silahla atəş açılması kimi ağır hadisə baş verdi. Bu, dünyəvilik problemi deyildi. Bu, insan həyatının təhlükəsizliyi problemi idi. Ona görə mən bir gənc qadın kimi bunu soruşmaq istəyirəm:

Əgər dövlət məktəbin təhlükəsizliyinə görə məsuliyyət daşıyırsa, prioritetlərimizi necə müəyyənləşdiririk?

Bir qızın başındakı parçanı dövlət üçün təhlükə hesab edən sistemin həmin qızın məktəbdə özünü təhlükəsiz hiss etməsi üçün nə qədər ciddi işlədiyini də görmək istəyirəm. Çünki mənim üçün məktəbdəki ən böyük təhlükə hicablı qız deyil. Başqa uşağın inancını təhqir edən uşaqdır. Zorakılıq edən uşaqdır. Silahla gələn uşaqdır. Müəllimi döyən uşaqdır. Həmyaşıdını alçaldan uşaqdır. Bullinq edən uşaqdır.

Və bunların heç birinin başında hansısa dini simvolun olub-olmaması əsas məsələ deyil. Təhlükə geyim deyil. Təhlükə davranışdır.

Mən bu yazını dini müdafiə etmək üçün yazmıram. Mən ateisti də müdafiə edirəm. Mən dindarı da müdafiə edirəm.  Mən başı açıq qadını da müdafiə edirəm. Mən başı örtülü qadını da. Çünki mən əslində seçmək hüququnu müdafiə edirəm.

Bu gün başı açıq bir qadın kimi başı örtülü qadının hüququnu müdafiə etməsəm, sabah mənim hüququmu kim müdafiə edəcək? Bu çox sadə bir prinsipdir. Hüquq yalnız sənə sərf edəndə hüquq deyil. Azadlıq yalnız sənin seçiminə veriləndə azadlıq deyil.

Əgər mən “mən başımı örtmürəm, deməli örtmək istəyən də örtməsin” deyirəmsə, mən azadlığı yox, öz seçimimi universal qaydaya çevirməyi müdafiə edirəm. Eyni şey dini düşüncə üçün də keçərlidir. “Allah belə istəyir, ona görə hamı belə etməlidir” deyən adam da eyni səhvə düşür.

Birinin azadlığı digərinin üzərində hökmranlıq etməyə başladığı anda artıq söhbət azadlıqdan getmir. Məni həm də bu qərarın dilindəki bir söz düşündürür:

Dünyəvilik.

Çox ağır sözdür. Çox böyük anlayışdır. Onu sadəcə “dini geyim görməmək” səviyyəsinə endirmək təhlükəlidir. Çünki dünyəvilik dinə düşmənçilik deyil. Dünyəvilik dövlətin dinlər qarşısında neytral qalması ideyasıdır.

Əgər dövlət başı açıq qadına “sən necə istəyirsənsə elə geyin” deyib, başı örtülü qadına “sənin seçimin dünyəviliyə uyğun deyil” deyirsə, onda mən dövlətin neytrallığını soruşmaq məcburiyyətində qalıram.

Bu sualın cavabı olmalıdır.

Sadəcə “çünki dünyəvi dövlətik” cavabı kifayət etmir. Çünki hüquqda ən təhlükəli cümlələrdən biri budur: “Çünki belə qərar verilib.”

Qərarın özü hüququn son nöqtəsi deyil. Qərarın əsaslandırılması da var. Məqsədi var. Zəruriliyi var. Proporsionallığı var. Tətbiqi var.

Və ən əsası, insan hüququ ilə toqquşduğu yerdə onun sərhədləri var.

Mən bir gənc qadınam. Mənim başım açıqdır. Mən universitet oxumuşam. Magistr oxumuşam. İşləyirəm. Öz pulumu qazanmaq, öz ayaqlarımın üstündə dayanmaq istəyirəm. Mən qadının gücünü onun geyimində yox, təhsilində, seçimində, iradəsində, sözündə, əməyində görürəm. Ona görə mən Sevilin çadrasını atdığı səhnəyə baxanda “qadın başını açdı, deməli azad oldu” demirəm.

Mən deyirəm: Sevil öz həyatına sahib çıxmağa başladı.

Əsas məsələ budur.

Əgər bu gün başqa bir Sevil başını örtərək öz həyatına sahib çıxmaq istəyirsə, mən ona niyə mane olum?

Əgər bir başqası başını açaraq öz həyatına sahib çıxmaq istəyirsə, niyə ona mane olaq?

Niyə biz qadının azadlığını mütləq bizim seçdiyimiz formada görmək istəyirik?

Və ən çox buna üzülürəm. Doğrudan da, çox üzülürəm. Çünki mən ölkəmin dünyəvi olmasını istəyirəm. Amma dünyəviliyin qadının saçının görünməsi ilə ölçülməsini istəmirəm.

Mən məktəblərimizin təhlükəsiz olmasını istəyirəm. Amma təhlükəsizliyin uşağın başındakı yaylığın çıxarılması ilə başlamasını istəmirəm.

Mən qızlarımızın savadlı olmasını istəyirəm.

Mən onların universitetlərə daxil olmasını, iqtisadçı, həkim, mühəndis, müəllim, hüquqşünas olmasını istəyirəm.

Mən onların öz pullarını qazanmasını istəyirəm.

Mən onların zorakılıq görməməsini istəyirəm.

Mən onların evlənib-evlənməmək, nə geyinmək, hansı dini qəbul etmək və ya etməmək barədə düşünə bilən subyekt olmasını istəyirəm.

Və bütün bunların içində mənə ən qəribə gələn budur: Biz hələ də qadının başındakı parçanı onun şəxsiyyətindən böyük məsələ kimi müzakirə edirik.

Bəlkə problem elə buradadır?

Bəlkə qadını azad etməyin ən böyük mərhələsi onun başındakı örtüyü açmaq yox, başındakı qərarı özünün verməsinə imkan yaratmaqdır?

Əgər bir gün mənim qızım məktəbə getsə və başını örtmək istəsə, mən onun qarşısında dayanıb “yox, sən bunu edə bilməzsən” demək istəmirəm.

Əgər başını açmaq istəsə, yenə demək istəmirəm. Mən istəyirəm ona deyim: “Düşün. Araşdır. Sual ver. İnancını özün seç. Seçiminin məsuliyyətini daşı. Amma heç kim sənin yerinə seçməsin.”

Mənim üçün əsl dünyəvi təhsil budur. Çünki dünyəvi dövlətin yetişdirdiyi vətəndaş dövlət nə deyirsə ona inanan insan yox, dövlət də daxil olmaqla hər şeyi sorğulaya bilən insandır.

Və bəlkə də bu yazının ən böyük paradoksu elə budur: Mən başı açıq bir qadın olaraq başı örtülü bir qızın hüququnu müdafiə edirəm. Çünki sabah onun hüququnu qoruyan prinsip mənim hüququmu da qoruyacaq.

Mən onun başındakı örtüyü öz başımdakı açıqlıqdan üstün hesab etmirəm. Sadəcə deyirəm: İkisi də insanın öz seçimi olduğu müddətcə, dövlətin işi seçimlərdən birini digərinə qalib etdirmək deyil.

Sevil çadrasını atanda biz buna azadlıq dedik. Bu gün başqa bir qadın çadrasını taxmaq istəyirsə, onun əlindən bu seçimi almağa da azadlıq adı verməməliyik. Çünki azadlıq qadının başındakı örtünün olub-olmaması deyil. Azadlıq odur ki, o örtünü kimin qərarı ilə taxdığını və ya çıxardığını özü müəyyən etsin.

Və mən bu gün buna görə üzülürəm.

Başım açıq olduğuna görə yox.

Başqa bir qadının başının üstündə mənim kimi düşünməyən insanların qərar verməsini gördüyüm üçün.

Ay millət, görün nə deyirəm: Bir qadını azad etmək istəyirsinizsə, əvvəlcə onun yerinə qərar verməkdən əl çəkin.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.