“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Hafiz Ataxanlının “Varlıq və yoxluq” adlı fantasmaqorik povesti təqdim edilir.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
Hafiz ATAXANLI
VARLIQ VƏ YOXLUQ
(existense and absence)
fantasmaqorik povest
...Hər şey ani oldu. Mən arxa oturacaqdaydım. Sürücünün yanında ağsaqqal şair Məzlum Mərifət oturmuşdu. Onun yubiley tədbirləri çərçivəsində oxucularla görüşə gedirdik. İkinci dərəcəli yoldan qəfil çıxan avtobusun üstümüzə gəldiyini gördüm. Saniyədə 300.000 km, daha doğrusu, işıq sürətilə zərbədən sağ tərəfimin sümüklərinin xıncım-xıncım olacağını, sağ qalaramsa, mütləq və mütləq travmatologiya şöbəsinin uzunmüddətli pasiyenti şərəfinə layiq görüləcəyimi düşündüm. Elə həmin bircə saniyənin içində “görəsən, lüks palata boşdur?” ritorik sualını verməyə də macal tapdım. Yox, siz Allah, məni düzgün anlayın. O biri- ümumi palatalarda, adətən, çox basırıq olur, irin-qan qoxusundan baş çatlayır. Qohumum yatanda görmüşdüm.
Ardını götür-qoy etməyə qocaman şairin “Vay dədə!” qışqırığı mane oldu. Sürücümüz avtomobili avtobusun zərbəsindən yayındırmaq istədi, amma qəzadan qaça bilmədi. Onun peşəkarlığını göstərmək, manevr etmək bacarığı qəzavü-qədəri dəyişə bilmədi.
Bir fərq oldu, “vay!” naləsi məndən eşidiləcəkdi, ağsaqqal qabağa düşdü. Arsız və abırsızcasına onu da fikirləşdim: “Eybi yox, yol böyüyündür”. Sürücümüzün alnından şırıltı ilə qan axırdı. Sağ olsunlar, ətrafdakı insanlar laqeyd qalmadılar. Ağsaqqal şairi maşından çıxarıb skamyanın üstünə uzatdılar. Sürücüyə kömək göstərdilər. Mən isə kiminsə qolumdan yapışmasına, halıma pərişan olmasına imkan vermədim. Özüm birtəhər qalxıb Məzlum müəllimin ayaq tərəfində oturdum. Bir nəfər təcili yardıma zəng vurdu. Avtobusun sürücüsü yaşlı kişiydi. Bir əli ilə başına qapaz vururdu, o biri əli ilə dizinə:
–Evim yıxıldı, bədbəxt oldum, – deyirdi: – Şəkər adamam, böyrəklərim xəstədir, sidik saxlaya bilmirəm, türmədə necə qalacağam? İpotekam nə olacaq? Atacaqlar uşaqları bayıra, 5 il boğazından kəs, ipoteka ödə, sonra da hamısı batsın. Atova lənət, səhər-səhər qabağıma çıxan! Tək səbir gətirən yerdə burnun çürüsün, Züleyxa! Dünən maşınıma baxıb “Saz avtobusdur” deyən yerdə dilin qurusun, bədnəzər gözün çıxsın, İbadulla!
Yaxşı ki, təcili yardım və post-patrul xidməti gəldi. Yoxsa avtobus sürücüsü törətdiyi qəzaya görə, hər kəsi, hətta ola bilsin, ona döşündən süd vermiş anasını südündə zülalın az olduğuna, toy məclisində oxumuş müğənnini bədbin notlu mahnılar ifa etdiyinə, avtobusu bazadan götürəndə qapıçını “Xeyirli olsun!” ifadəsini ürəkdən demədiyinə görə, günahlandıracaqdı. Özündən başqa istənilən adam bu hadisəyə bais ola bilərdi.
...Məzlum Mərifətlə yanaşı çarpayılarda uzanmışdıq. Yazıq şairin ayaqlarını yuxarı qaldırıb daş asmışdılar. Həkimlər deyirdilər, çoxlu qan itirib. Həm də, bədənində salamat yer qalmayıb, sümükləri kəpək kimi ovulub. O dar macalda fürsət tapıb qoşa hörükləri olan qəşəng tibb bacısına gülümsədim. Sağ olsun, o da cavab qaytardı. Elə həmin dəqiqə qızı özümə simsar bilib soruşdum:
– Gözəl xanım, lüks palata boşdur?
Qız qulağıma pıçıldadı:
– Təəssüf ki, boş deyil.
Ətri ruhumu bürüdüyündən söhbəti uzatmaq istədim:
–Kimsə var? Yəqin, baş həkimin tanışlarındandır? Ya da yuxarılardan kiminsə ...
Yenə qız mənə tərəf əyilib ətri ilə məni məndən aldı:
–Yox, Holdinq sahiblərindən birinin katibəsi stolun üstündən yıxılıb, ayağı sınıb.
– Allah, Allah, qız stolun üstündə neynirmiş? – güldüm.
– Orasını bilmirəm, – tibb bacısı həm mənalı, həm də işvə ilə güldü.
– Əşşi, nəyimizə lazımdır, katibə stolun üstünə niyə çıxıbmış? Bəlkə, dolabın üstündə nəsə axtarırmış? Yıxılıb, yıxılıb da. Şair demiş, camaat öz içindən, daxili dünyasından yıxılır, heç travmatoloqa müraciət etmir, – ağıllı-ağıllı danışıb yenə dəxli olmayan təbəssümlə qıza baxdım.
Tibb bacısının rəngi dəyişdi, elə bil üzünə qaranlıq çökdü. Göz bəbəklərindəki kədər özünü satdı.
“Ə, sən öl, mərc gələrəm, bu qız öz içindən yıxılıb, travma alıb”, – düşündüm. Söhbətin yönünü fəlsəfəyə aparsam, cekpotu udacağam.
Hara? İmkan verərlər? Tibb bacısını çağırdılar. Getdi, amma qapıdan çıxanda boynu üstdə dönüb mənə baxdı və gülümsədi. Təbii ki, gedəndə ətrini də özü ilə apardı. Qaldım dava-dərman, qan, bir də ağsaqqal şairin tər iyi ilə.
Bilmirəm mənə nə olmuşdu? Uşaq kimi dəcəlləşmişdim. Ağrı-zad da vecimə deyildi. Həkimlərdən biri yaxınlaşıb:
–Ağrın yoxdur? – soruşdu.
Tibb bacısı ilə söhbətdən sonra fəlsəfəyə nə qədər aludə olmuşdumsa, o orbitdən çıxa bilmirdim:
– Doktor, Çexovun “6-cı palata” əsərinin qəhrəmanı Mark söyləyir ki, ağrı-ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, şikayət eləmə, ağrı öz-özünə yox olub gedəcək.
Həkim bu fikri qəbul etmək istəmədi:
– Ədəbiyyat başqa, real həyat bir başqa. Çexov həkim olduğuna görə, mən də onun bütün əsərlərini oxumuşam.
– Aha, deməli, siz ixtisasca həkim olan yazıçıları oxuyursunuz. İnciməyin, peşə baxımından çox şovinistsiniz. Çexov həkim-yazıçı kimi bunu söyləyirsə, deməli, təkcə ədəbiyyat təxəyyülü deyil, həm də elmi, tibbi bilgiyə və ya təcrübəyə söykənir.
– Bəli, mən həkim-yazıçıları oxuyuram.
– Onda belə çıxır ki, Paşa Qəlbinuru da oxuyursunuz?
– Postmodernist romanını, esselərini, şeirlərini çox sevirəm. Qaldı siz deyənə, bir halda ki, ağrı deyilən tibbi-fizioloji duyğu yoxdur, onu ötürmək olur, onda bu qanı-qoxunu, çirki-irini də təsəvvür ilə yox elə də. Bizim də canımız dincəlsin, bu murdarlıqdan qurtaraq da, Çexovla bir yerdə, – həkim dönüb tasdakı irinli bintləri göstərdi: – Ödümüz ağzımıza gəlir.
Həkimə təslim olmaq niyyətim yox idi. Mövzuya uyğun gəldi-gəlmədi, istənilən misalı çəkim, amma cavabsız qalmayım: mənim mübahisə metodum belədir:
– Doktor, bir halda ki, polemika Çexovdan yarandı, elə həmin Çexovun bir sözü də var: “Dünyada elə bir yaxşı şey tapılmaz ki, onun ilk mənbəyində murdarlıq olmasın”.
Özüm də yaxşı anlayıram ki, ikinci misal birincinin davamına uyarlı deyil. Bu yerdə Nəsrəddin Tusidən-filan sitat söyləməliydim. Amma görünür, həkim “fəlsəfənin əsasları” mühazirəsinə barmaqarası baxmışdı, yemi uddu.
– Deyirsən, yəni bu irini təmizləyib sağlam ayaq, qıç, qol düzəldirik?
Həkimin fəlsəfi baxış bucağına, doğrudan, ürəyim ağrıdı:
–Yox, – dedim: – İnsan yaradılmışların ən gözəlidir də, amma bir anlıq gözlərini yum, təsəvvür elə: bədbəxt insan nədən yaranıb?
Həkim əməlli-başlı hirsləndi, pörtdü, başqa tibb bacısını çağırdı:
– Bu tərbiyəsizə sakitləşdirici vur, qızdırması var, çox danışır.
Həkim şairlə məşğul olan həmkarlarının yanına getdi. Orta yaşlı tibb bacısı iynəni hazırlayıb mənə yaxınlaşdı. Ha burnumu çəkib iylədim, gördüm, yox, bu qız ətirsizdir, az hiss olunacaq dərəcədə novokain iyi verir.
Görünür, bu xanımın ətri bitmişdi. İndi ancaq balaları üçün ətir pulu qazanmaq hayındaydı. Hər halda, bu tibb bacısını da danışdırmaq istədim:
– Xanım qız, həkimlərin çarəsizliyindən anlayıram ki, uzağı sabaha, bizim Elmanın çörəyi var, həm də baton çörək.
– Elman kimdir? – tibb bacısı təəccüblə soruşdu.
– Tələbə yoldaşımdır, kənddə mürdəşirdir, – güldüm.
– Bəyəm mürdəşirlik fakültəsi də açılıb? Hansı universitetdədir? – tibb bacısı sadəlövhlüklə soruşdu.
– Yox, xanım, tələbə yoldaşım başqa sahəni bitirib, amma həyatın acı reallığı fakültəsində fərq imtahanı verib, o işə qəbul olundu. Maşallah olsun, indi əməlli-başlı ev-eşik qurub, maşın alıb özünə.
Bilmirəm, mən qəliz danışdım, yoxsa tibb bacısı yumor hissindən uzaq idi, hər halda, heç nə anlamadı, təəssüflə başını yelləyib getdi.
Baş həkim və şöbə müdirləri də vəziyyətlə maraqlanmaq üçün gəldilər. Məzlum Mərifət əldən çıxırdı. Kimsə aparata qoşmağı, süni nəfəs verməyi təklif etdi, kardioloq çıxarışa diqqətlə baxıb:
– Bir infarktı varmış, birini də qəzada alıb, mənası yoxdur, –dedi.
Baş həkim əlacsızlıqla:
– Qan köçürək, görək nə olur, – söylədi.
Onun təklifi havada qaldı, çünki qapı zərblə açıldı, içəri bir havalı kişi girdi. Mühafizəçi də ardınca:
– Dedim axı olmaz, ağsaqqal! – deyə-deyə.
İsfəndiyar idi, şairin böyük qardaşı molla İsfəndiyar. Rayonda yaşayır. Güclü ilahiyyatçıdır. Sübh tezdən rayondan çıxıbmış ki, qardaşının yubiley tədbirinə çatsın. İsfəndiyar Məzlumu qucaqladı, kövrəldi, onun gözlərini aralayıb baxdı, ayaqlarını yoxladı, hönkürdü:
– Can qağa, bu məhərrəmliyin günündə hansı yezid oğlu səni bu günə qoydu?
Bir az boğazını təmizləyib qəhərdən qurtardı, göz yaşlarını silib həkimlərə üz tutdu:
– Bu babalı niyə incidirsiniz, niyə qoymursunuz rahat can verə?
Görmürsünüz, can üstdədir? Müsəlman deyilsiniz? – “Yasin” kitabı çıxartdı: – Sizlik iş bitdi. “Yasin”oxuyacağam.
– Ay ağsaqqal, siz nə iş görürsünüz, “Yasin” vaxtıdır? – baş həkim irəli keçdi.
– Siz vaxtında işinizin öhdəsindən gəlsəydiniz, “Yasin”in də vaxtı olmazdı. Əməliyyat vaxtı olardı, doktor. Məndən çox qayğısına qalacaqsınız? Doğmaca qardaşımdı ey! Zəhmət olmasa, ayaqlarına əl vurun, gözlərinə baxın. Yadınızda qalsın, xəstə can verəndə ona dözülməz susuzluq gəlir. Bundan istifadə edən şeytan keçir can verən adamın qarşısına, deyir: “Sənə su verirəm, bir şərtlə. Söylə ki, səndən başqa Tanrı yoxdur”. Amma əgər ki, adamın başı üstündə “Yasin” oxunursa, onda Rizvan adlı mələk şəxsən gəlib can verən adama cənnət şərabı ilə dolu piyaləni uzadır.
Sözünü bitirib “Yasin”ə başladı. Ağsaqqal şair, doğrudan da, can verirdi. Halaldır İsfəndiyara, həkimlərdən tez anladı xəstənin vəziyyətini. Belə də götürəndə peşəkardır da, gör nə qədər adam yola salıb. Həm də gör e, iki daşın arasında, qardaş ayrılığı məqamında belə, peşəsinin marketinq tərəfini də gözəl bildiyini anlatdı.
Təəssüf ki, “Yasin”in bağışlanmasını və Məzlum Mərifətin ölümünü görə bilmədim. Nəsə baş verdi. Nə? Baş verənləri görürəm, amma izah edə bilmirəm. Danışmağına danışıram, di gəl, səsim çıxmır. Adamlara əlimlə toxunuram, intəhası məni duymurlar, hiss etmirlər. Lənət şeytana, nə olur axı?! Yazmaq istəyirəm, əlimdəki qələm uzanır, uzanır, qılınca çevrilir, adamların başını bədənindən ayırır, lakin qanlı başlar çəyirtkə kimi tullanır, idbar qəhqəhə ilə üstümə gəlirlər. Allah, bu nə kabusdur? Başqa əlacım qalmayıb. Başıma gələnlərə tabe olum, görüm dəhşət hansı nöqtədə bitəcək?
...Kəndə gedəndə ürəyim istəyən vaxt professora baş çəkirəm. Onun qapısı yalnız mənə açıqdır. Qapı deyəndə... Nəsə, bu barədə bir azdan danışaram. Hərçənd, buna görə kəndin bəzi insanları tərəfindən qınaq obyektinə dönmüşəm:
– Biz də səni oxumuş, ağıllı, savadlı bir adam bilirdik, – deyirlər: – O cüvəllağının tayıymışsan ki!
Hətta şübhə ilə üzümə baxan da var: tanınmış psixiatrın əmisidir, nə gizlədim. Amma mənim vecimə də deyil.
İndi də, yerimiz məlum, oturmuşam professor Azad Verdizadənin yanında. Fincanda şay süzüb, qoyub qabağıma. Qızılgül mürəbbəsi də yanında. Çaya kəklikotu və mixək də atıb. Düzdür, bütün bu ədviyyatın ətrinə bir az da nəm iyi qarışıb. Çünki... Kənddə hamının “bir dəngi, yəni şurupu əksik” saydığı professor qəbiristanlıq ərazisində, torpağın altında, qəbir-evdə yaşayır. Ona görə də, çayına fransız ətri qarışdırsa belə, nəmişliyin kəsif qoxusu hopur.
Bir az standartlardan kənar qazılmış qəbrin içində bütün şərait var. Açılıb-yığılan, gündüzlər divarın oyuğunda gizlədilə bilən çarpayını, eyni qayda ilə işlədilən stol və stulları professorun ev əşyaları saymaq olar. Başdaşı da enlidir, günbəzə oxşayır, kodunu düzgün yığsan, açılacaq və oliqarx villalarındakı pilləkənləri xatırladan ornamentli, qoz ağacından düzəlmiş pılləkənlə qəbir-evə daxil olacaqsan. Kodunu da məndən başqa kimsəyə söyləməyib: 84.284. Mənasını da açıqlayıb: 114 surə, 6236 ayə və bunların bəyanı üçün “Qurani-Kərim”də işlənən 77.934 sözün cəmi. Professor söyləyir ki, əslində, dünyada yeni heç nə yoxdur. Hər şey- həyatın astar-üzü, inkişaf prosesi Müqəddəs kitabda bəzən açıq, bəzən də şifrələrlə göstərilib. Deyir:
– Yazıçı və şairlər çox öyünməsinlər, bütün yeni saydıqları ideyalar “Quran”da keçir. Böyük filosof olub ey Mahmud Şəbüstəri! “Sirr gülşəni” əsərini yazıb. Onun fikrinə görə, hər aləm bir surədir. Biri “Fatihə”dir, biri də “İxlas”. – deyir: – Gör rəhmətlik nəyi başa salır? “Quran”da “Ən-Nas”, yəni “İnsan” surəsi axırıncıdır. Çünki insan nəfsi mövcudatın sonunda yaranıb.
Hə, dostum sinədaşından da su çəni kimi istifadə edir. Qəbiristanlıq ərazisinə örüşdən su çəkib. Ehsanat bulağı düzəldib. Boş vaxtlarında qəbirlərin ətrafındakı kol-kosu, qanqalları təmizləyir, hasarın əyər-əksiyini səhmana salır. Hasar boyunca müxtəlif güllər əkib. Amma heç kimlə kəlmə kəsmir. Kəndin ədəbiyyat müəllimi Mehdi deyir ki:
– Bu sirli adam məzarlığa yerləşəndən elə gözəllik yaradıb ki, ölənləri dəfn edəndə hesab edirik, onları Yessentukiyə göndəririk.
Son iki gündə qapısından, pardon, başdaşından asılmış iri karton parçasında yazılmış şeir görürəm. Hərçənd, özü də etiraf edir ki, poetik məziyyətlərinə, strukturuna görə, yazılmış nümunəni şeir adlandırmaq düzgün olmazdı, sadəcə, misraların qanadında gəzintiyə çıxmış poetik düşüncələrdir yəni! Amma öz aramızdır, özünü öyüb yekə-yekə gəzən çox şairdən yaxşı və mənalı yazıb:
Dərdim – illər nəmidir,
Sərdim günə: qurusun.
Başbəlası – dilimdir,
Qoymaz yiyəsi yarısın.
Qarışıb şərlə xeyir,
İndi adam yeyirlər.
Ağa qara deyirlər,
Mənim günahım deyil.
Etalonlar dəyişib,
Koordinat oxu çaşıb.
Mənfi bucaqlar şişib,
Müsbətin aşı daşıb.
Azad Verdizadənin qəbir-evdə məskunlaşması nəinki kənddə, bölgədə zəmanənin sirrinə çevrilmişdi. Qonşu rayonlardan insanlar ərinmirdilər, durub gəlirdilər. İntəhası, yaxınlaşmağa cəsarət etmirdilər, uzaqdan baxırdılar.
Əlbəttə, insan təxəyyülünün hüdudsuzluğu ortaya çeşidli versiyalar çıxarır. Bir neçə belə düşüncənin bölüşməsinə mən də şahid oldum. Axşamçağı kişilər Kələkbaşı deyilən yerə yığışır, şou-biznesdən, məşhur müğənninin maşınının neçə litr benzin işlətməsindən tutmuş, Trampın saçının rənginə qədər hər şeydən danışırdılar. Son vaxtlarsa mövzu daralıb: professorun sirrindən alayı heç nə yada düşmür. 20 yaşında oğurluğa görə zindana düşmüş, 25 yaşında zindandan çıxıb gitara çalmağı öyrənmiş və toyların bəzəyi olmuş, 35 yaşında dülgərliyə, 45 yaşında mollalığa başlamış Abbasağa professora haqq qazandırdı. Hətta onun varlığını camaat üçün qənimət saydı:
– Bu kişini Allah-təala bizdən ötrü göndərib. Bəsirət gözümüzü açmaq üçün. Başa salmaq istəyir ki, ay bədbəxt insan, nə qədər haram tikə yeyəcəksən, nə qədər ayaq altı qazacaqsan, sonda gedəcəyin mənzili niyə unudursan?
Vahidin şit damarı tutdu, atmacasız qala bilmədi:
– Görəsən, türmə də son mənzil sayıla bilər, ya yox?
Boyu çox uzun olan Abbasağa yuxarıdan-aşağı ona baxdı:
– Cahil olub, qanmayıb sonradan tövbə etmək caizdir, qonşu. Vay o gündən ki, 60 yaşında namaz qılıb, məsciddən təzə ayaqqabıları oğurlayasan, sonra da kənddə tanıyarlar deyə aparıb rayon bazarında ucuz qiymətə satasan. Məncə, şit-şit gülməkdənsə, şərəfini həkimə göstərsən, faydası olar. Amma unutmayasan, sənə baytar həkim lazımdır.
Vahid rəng verib-rəng aldı. Ağzını aça bilmədi. Siqaret yandırıb yavaş-yavaş arxaya çəkildi və məkandan uzaqlaşdı.
İsmixan müəllim araya çökən pərtliyi aradan qaldırmaq üçün mövzunu davam etdirdi:
– Abbasağa, qardaşoğlu, düz deyirsən, sözündə həqiqət var, amma professorun həyatı sadə adamlara yox, Allahı, Peyğəmbəri unudan, puldan gözü doymayan, xalxın pensiyasına, kasıb-kusubun yardımına belə, göz dikən məmurlara mesajdır.
Bu yerdə “sobez”də vəzifə tutan Cavanşir ilanvurmuş kimi oturduğu yerdən qalxdı. Son vaxtlar kənddə hamı ondan danışırdı. Arvadların qarğışının biri bir köpüyə idi: “Xırdalanda oğluna üçmərtəbəli villa tikib, nəynəndir?”, “Qarajında 4 maşını neynir, bacı-qardaş saxlayır?”, “Qızına o boyda bahalı cehizi nəynən verdi, bizim pullarla”, “Köpəyoğlu 190 manatları necə yedi, üstündən barjom suyu içdisə, mədəsi də qıcqırma vermədi”, “Biz bayramdan-bayrama ətin dadını bilirik, bu köpəyoğlu hər həftə rayondan, qəssab Güloğlandan 10 kilo ət alır” kimi fikirlər Cavanşirin qulağına çatırdı. Elə o nifrətə bələnmiş hikkə ilə də od püskürdü:
– İşiniz-gücünüz qurtarıb? Avaranın, tüfeylinin birini, az qala, xalq qəhrəmanına çevirmisiniz. Gedin, araşdırın, birdən Babəkin, Koroğlunun nəslindən olar, bilməzsiniz, eyib çıxar. Ay balam, professor dediyiniz adam tənbəlin, tüfeylinin biridir, qəbiristanlıqda daldalanıb ki, ölüsünün üstündə “Yasin” oxutdurmağa gələnlərdən pay-puş dilənsin; “ver yeyim, ört yatım”. Darıxmayın, orucluq qurtaranda deyəcək ki, kəndin xüms-zəkatını mənə gətirin. Bu kişi də ünvanlı sosial yardımı belə alır da. Bəziləri kimi ağzını Allah yolunda köndələn qoymur ha.
Bir il ərzində 3 dəfə məhəbbət bəlasına tutulsa da, hər üçündə sevgi oxu daşa dəyib çilik-çilik olmuş, 6 dəfə elçiliyə (hər qıza 2 dəfə) göndərdiyi qohumları yağışsız islanmış Elşən professor məsələsinə özünün romantik versiyası ilə yanaşdı, sevgi sarıdan bəxti gətirməyənlərin yarasına insafsızcacına duz səpdi:
– Professoru bu günə qoyan nakam sevgidir. Bu sevgi yaman köpəyoğlu şeydi ha, zarafat saymayın. Professor qonşu kənddə bir qıza vurulubmuş. Qızın da könlünə od düşübmüş də. Amma ikisi də anlayır ki, bu sevda baş tutan deyil. Çünki arada 28 il yaş fərqi var.
– Ay qurumsaq, hələ bax, utanmır e! – Vəli professorun üzünə tüpürürmüş kimi ətrafa tüpürdü: – Tfu, sənin tərbiyə verəninə!
Elşən ona əhəmiyyət vermədən şövqlə sevgi versiyasını davam etdirdi:
– Qız çox pak olub. Mələk kimi. Namaz üstündə Allaha yalvarıb, əlini qaldırıb deyib ki, “İlahi, məni şikəst elə, yaxın duran olmasın, ya da birdəfəlik canımı al”. Gör ha! Sevgi necə haqdan gələn olubsa, o dəqiqə Allah-təala bədbəxt qızının hacətini qəbul buyurub. Qız dərgaha qovuşub. Professor da deyib ki: “İndən belə mənə torpağın üstündə yaşamaq haramdır”. O kənddən də qovulub. Bizə pənah gətirib. Qızın qırxından sonra gecəynən gizli şəkildə meyidi oğurlayıb. Qəbri söküb, təzədən hər şeyi yerinə qoyub. Heç kim heç nə hiss etməyib. Bilirəm, inanmayacaqsınız. Amma bu kişi Əfqanıstan müharibəsində kəşfiyyatın komandiri olub. Qonşu kənddəki uşaqlar and içirlər ki, ilanlar bu kişini görən kimi, gizlənirmişlər. Deyirlər: “Allaha and olsun, gürzə o cür tullana bilməz, Azad hoppanır ilanın üstünə, görməyə macal tapmırsan. Əlinin tini ilə nətəhər vurursa, ilan tirtap uzanır yerə. Sonra onun zəhərli hissəsini çıxarıb atır, qalanını şişə çəkib bir marça-marçla yeyir ki, elə biləsən, quzu kababı yeyir”. Yəni deməyim odur ki, bu professorun bacarmadığı iş yoxdur, dəyirmana ölü halda sal, dirilib çıxacaq. Əlqərəz, sevdiyi qızın meyidini gətirib qaldığı qəbir-evin yanında basdırıb. Fikir verməmisinizmi, yaxınlığında ciyirtkənlik (gicitkənlik) var. Düşünün də, o boyda qəbiristanlığı arıtdı, gül əkdi, öz gözünün qabağında bitən ciyirtkən koluna toxunmadı? Özü toxumunu səpib. Bunun da bir neçə səbəbi var. Birincisi, orada kiminsə basdırıldığından heç kim şübhələnməsin. İkincisi... Hə, bunu gərək bir az ətraflı izah edəm.
Hamı heyrət və maraqla Elşənə qulaq kəsilmişdi. Vallahi, billahi, birinə bıçaq verib göndərəydin ha, o da bir-bir Kələkbaşına yığışanların barmağını kəsəydi, ay tövbə, əgər birinin xəbəri olardı. Elşənin də nakam sevgi dərdi qövr eləmişdi, danışdıqca özü vəcdə gəlir, içini dalayan göynərtinin, sızıltının toxtadığını hiss edirdi:
– Gecələr professor çıxıb uzanır o ciyirtkənliyin üstünə, qızın basdırıldığı yerə. Hönkürür, əşşi, hönkürür nədir, nalə çəkir, ulayır, birdən elə bilirsən ki, muğam oxuyur, birdən də adama elə gəlir ki, azana qulaq asırsan. Allaha and olsun, bir dəfə gecəyarısı yaylaqdan qayıdırdım, üzbəüz dağda çaqqallar ulaşırdı, kəndin üstündəki meşədə də canavarlar səs-səsə vermişdilər. Elə ki professor Verdizadə qəbir evindən çıxıb ciyirtkənliyə gəldi, o səsləri çıxarmağa başladı, heyvanlar xırp səslərini kəsdilər. Hə, indi ciyirtkən məsələsinin ikinci mənasını deyim. Ciyirtkən tikanlıdır, dalayandır axı. Tikan həmişə aşiqlə məşuqun arasında bitər. Üçüncüsü, professor bədənini tikanda incitməklə vücudundan, dünya nemətindən əl çəkdiyini, ruhu ilə sevdiyini sevgilisinə bəyan etmək istəyir. Nəhayət, dördüncüsü, professor həmin ciyirtkənlərlə də qidalanır. Göz yaşlarının islatdığı ciyirtkənləri yedikcə demək istəyir ki, ey ilahi eşqim, səndən sonra eşqin göz yaşlarından başqa bir şey yeməm, içməm.
Mehdi müəllim onunla yanaşı dayanmış Arzumana pıçıldadı:
– Sən öl, bu uşağı eşq havalandırıb. Elə bilirsən Mövlanə Cəlaləddin Rumidir danışan, ya Şəms Təbrizi. Vallah, ədəbiyyatdan mən dərs demişəm, inşadan zorla “3” alırdı. Gör eşq fəlsəfəsini neçə xırdalayır!
Riyaziyyat müəllimi Akif qayıtdı ki:
–Məncə, Azad Verdizadə 21-ci əsrin ən qəliz krosvordudur. Burada nəsə bizim dərk edə bilmədiyimiz bir sirr gizlənir.
Mehdi müəllim də münasibətini aydınlaşdırdı:
– Yadınızda saxlayın: Azad Verdizadə bir simvoldur. Bəşəriyyətin dərd və günahlarını ürəyinə yükləyib, girib qəbir evinə. Adamı elektrik cərəyanı vuranda neynirlər? Torpağa basdırırlar. Torpaq vücuddakı dalğa və zərrəcikləri alır, təmizləyib özünə çəkir. Bu kişi də ümumbəşəri günahları yığıb gətirib ki, torpaqda təmizləsin.
Mehdi müəllimin sözündən sonra hamı bir anlıq fikrə getdi. Sükutu arsız Bəndalının şit gülüşü pozdu:
– Ə, sən öl, Mehdi müəllim, müxalifətin ağlı olsaydı, səni vəkil götürərdi, seçkilərdə ölüsü 96 faiz səs yığardılar.
Mehdi müəllim təmkinini pozmadı:
– Bəndalı, müxalifət yaxşı bilir ki, mənim bir sifətim var. Onlara vəkillik etmərəm. Hamı sənin kimi səkkiz sifətli deyil ki! Xahiş edirəm, öz xislətinlə başqalarının xarakterini qarışdırma.
– Sənə lazım idi? İndi, di ver cavabını! Nə deyəcəksən, Mehdi müəllimə söz çatdıra bilərsən?! – qonşusu, həm də uşaqlıq dostu Müzəffər Bəndalını danladı.
Bayaqdan bütün versiyalara qulaq asdıqca ironiya ilə gülümsəyən Şükür, nəhayət, dilləndi:
– Bizim oğlan Bakıdan gələndə professor söhbətini eşitdi, gedib diqqətlə qəbiristanlığa baxdı. Dedi: “Dədə, bu, professor-zad deyil, masonların casusudur”. Deyir, o başdaşı adı ilə qoyduğu günbəz var ha, o, xüsusi ölçülərlə hesablanıb. Kəndin nə qədər yaxşı, müsbət enerjisi var, çəkir özünə. Camaat heysizləşir. Görmürsən, deyir, son vaxtlar kənd camaatı necə gic qoyuna dönüb?
Məlum, bu gic qoyun söhbəti heç kimin ürəyincə olmadı. Hər kəs “çırt” eləməklə narazılığını bildirdi. Yenə Mehdi müəllim Şükürün şax üzünə söz şilləsini çırpdı:
– Şükür kişi, yəqin, oğlun sənin yerişinə, duruşuna, gəzişinə, baxışına əsasən nəticə çıxarıb. Ona deyərsən ki, “bala, dədən gic qoyuna oxşayırsa, o demək deyil ki, bütün kənd onun kimidir”.
Şükür pərt olsa da, Mehdi müəllimin sözünün üstünə söz deməyə cəsarət etmədi.
Həmid müəllim təqaüdə çıxmışdı. Amma ordan-burdan materiallar tapıb oxuyurdu, xüsusən, vaxtilə dərs dediyi fizika elmi ilə bağlı ələ nə keçirdi, tənbəllik eləmirdi, bir cümləsini belə, buraxmırdı. Bu yerdə o da öz bildiklərini və professorla bağlı gəldiyi qənaəti bölüşmək istədi:
– Verdizadə, həqiqətən, professordur. Amma sıradan bir professor deyil. Amerika kosmik bazasının - NASA-nın yüksək rütbəli əməkdaşıdır. Masson təşkilatı onu oğurlayıb, tapşırıq dalınca göndərib. Yəqin, çoxunuz bilirsiniz ki, uçan boşqablar 1947-ci ildə 24 iyunda ilk dəfə görünəndə insanlar heyrətə düşmüşdülər. 1964-cü ildə də sovet kosmonavtları yer atmosferinə yaxınlaşarkən fəzada uçan işıqlı obyekt gördülər. 1978-ci ildə Amerika, Kanada, Belçika, Fransa, Danimarka, Norveç, İsveç, Finlandiya, İngiltərə və Qərbi Almaniya dövlətləri birləşərək tədqiqata başladılar ki, görsünlər, bu zəhrimar nə olan şeydir? Amma çox maraqlıdır, indiyədək tədqiqatların bütün nəticələri məxfi saxlanılır. Uçan boşqabları görən bütün mütəxəssislər deyirlər ki, onlar elə havadaca ən mürəkkəb əməliyyatlar apara bilirlər. Yəni bu əməliyyatları bəşər övladının ağlı dərk edə bilməz. Alimlərin bir qismi deyir ki, boşqablar, əslində, Günəş sisteminin digər planetlərindən gəlmiş kosmik gəmilərdir. Yer kürəsini öyrənmək üçün kəşfiyyata çıxıblar.
– Ay Həmid müəllim, başına dönüm, ürəyimizi çəkdin, uçan boşqablara professorun nə dəxli var? Deyirsən, yəni o boşqablardan düşüb qalıb kənddə, gözləyir ki, nə vaxt dalınca gələcəklər?
Bəziləri kar Mustafanın sözünə güldü.
– Gör nə tez uçan boşqabı eşitdi ey kar şöğərib, başqa vaxt adamın boğazı yırtılır bir sözü başa salınca. Kişi, hövsələn olsun da, rəhmətlik Təzəgül xala səni altıaylıq doğub? Deməli, bir neçə il qabaq uçan boşqablar Azərbaycan fəzasında da göründü. Sonradan aydınlaşdı ki, onların məskəni Xəzər dənizidir. Necə deyərlər, aviabaza Xəzərin dibində yerləşir. Məni bağışlayın, söhbətim uzun olacaq. Çünki ayrı-ayrı hadisələr danışacağam, amma onları birləşdirən səbəb var. Uçan boşqabları söylədim, indi qulaq asın. Mən bütün səmavi kitabları diqqətlə oxudum. “İncil”in Matta bölməsinin 6-cı ayəsində bir cümlə var: “Baş kahinlər gümüşü götürüb dedilər: madam ki, qan bahasıdır, onları məbədin xəzinəsinə qoymaq caiz deyildir”. Bu nə deməkdir? Yəhuda Həzrəti İsanın əl-qolunu bağladı, gətirib şəhərin valisi, bizim dillə desək, icra başçısı Ponti Pilata təslim etdi. Ona otuz gümüş verdilər. Amma elə ki bədbəxtin balası gördü, İsaya zərər yetirmək istəyirlər, peşman oldu. Baş kahinə yaxınlaşıb dedi ki: “Mən təqsirsiz qanı ələ verdim. Bu gümüşləri geri qaytarıram”. Amma gümüşlərə yiyə duran tapılmadı. Yəhuda onları ortalığa atıb qaçdı. Qanbahası olduğuna görə, gümüşü məbəddə saxlamaq düzgün sayılmırdı. Amma kahinlər bir variant tapdılar. O gümüşə bir tarlanı satın aldılar. Tarlanın da adı Qanlı tarla qaldı. Həmin Qanlı tarla ilə Xəzər arasında bir əlaqə var. Uçan boşqablar Xəzərin dibindən məxfi yolla Qanlı tarlaya gəlirlər. Və o uçan boşqablar qiyamət gününə az qalmış Həzrəti İsanın komandasına tabe olacaqlar. Həzrəti İsa da, bilirsiniz, Sahib-əz-Zamanın arxasında dayanıb onunla birlikdə namaz qılacaq. Hə, indi gələk professora. Professorun vəzifəsi Qanlı tarlaya və Xəzərin dibinə gedən gizli yolu tapmaq, bir də, uçan boşqabların kodunu öyrənməkdir. Gör bizim kəndin adamları necə xoşbəxt adamlardır ki, Qanlı tarlaya da, Xəzərin dibinə də yol məhz bizim Haçadağın altından gedir. Deməli, professor birinci növbədə qəbir-evindən Haçadağa lağım atıb. Dağın altında 6 istiqamətə ayrılan yolun ortasında bir göl var. Göldə də 6 balıq. Balıqların yaşı yoxdur, ölmürlər, kürü qoymurlar, sehrli olduqlarından yeyilə də bilməz. “Qurani-Kərim”də deyilir ha, şənbə günü, yəni 6-cı gün yəhudilərlə balıq ovu haram buyuruldu, amma onlar bu qadağaya məhəl qoymadılar. Bunlar həmin qadağa vaxtı ovlanmış balıqlardır. Həzrəti İsaya Allah tərəfindən verilmiş möcüzə sayəsində dirildilib. Professorun axtardığı məxfi kod da o 6 balıqdan birinin qəlsəməsindədir.
– Keşkə, Şərafət o balıqların yerini biləydi, gecəynən əkişdirib yeyərdi, – yenə şit-şit gülən Bəndalıydı.
– Bəndalı kişi, gündə bir dəfə məndən danışmasan, dədən gorda fırlanar də! – Şərafət tərs-tərs Bəndalıya baxdı.
Bəndalı əl çəkmədi:
– Həmid müəllim, nağıl danışırsan, vallah. “İncil”in bizim kəndə nə dəxli?! Müsəlmansan, “Quran”dan danış. Haçadağın boşqablara nə dəxli?! Bəlkə, Firudinin qab-qacaq dükanı var orda? Bir azdan deyərsən ki, Həzrəti İsa bizim kənddəndir. Mərgə xala dərz bağlayanda qoşa armudun altında doğub. Göbəyini də traktorist Yaqub kəsib. Professor da o Qanlı tarlanı tapıb çuğundur əkəcək. Əşşi, professorun nəyinə lazımdır sənin dediklərin?
Həmid axıracan Bəndalıya qulaq asdı, sonra təmkinlə söhbətini davam etdirdi:
– Ağsaqqal, özüm şəxsən baxmışam amerikalıların filminə. 7 milyard il əvvəl dünya mövcud olmayıb, yəni hər tərəf qaranlıq, boşluq imiş. Amma 2 qara dəlik varmış. Biri 85, o birisi 65 Günəş enerjisində və böyüklüyündə. Onlar birləşdilər. 2,5 milyard il sonra Yer kürəsi yarananda hələ onların qravitasiyası gəlib çıxmamışdı, necə deyərlər, yoldaydı, zamanın burulğanında. Deyirlər, dünya heç nədən yaranıb və böyüyüb. Yəni Böyük Partlayışdan Yer kürəsi doğulub. Bütün atomlar bir yerə yığıldı, partladı, toz halına düşüb kainatı yaratdı. İndi son illər alimləri qorxudan bir şey var: atomlar yenə yığılır, amma bu dəfə sıfırlanıb məhvə gedəcək. Bax bunların qarşısını almaq, bir də dünyanı bir düymə, bir kompüter proqramı ilə idarə etmək üçün uçan boşqabların kodu lazımdır. O kodu da ancaq 10 milyon dollar qiymət qoyulmuş kəllənin sahibi - professor tapa bilər. Ondan sonra lazım gəldikcə, istədikləri vaxt insanları yox edəcəklər. Distansion pultlarla istənilən adamla məzələnmək üçün fiziki cəhətdən toxunmayacaqlar, amma haqqındakı bütün məlumatı sistemdən siləcəklər. O bədbəxt oğlu hara getsə, it yerinə də qoyan olmayacaq, deyəcəklər, sistemdə belə adam mövcud deyil. Bir də, proyeksiya sistemində istədikləri proqramı tərtib edəcəklər.
– O nəmənə şeydir, müəllim? – Mustafa kişi soruşdu.
– Bilirsiniz, Günəş sistemindən xaricdəki fəzada da bizim fəzadakı insanların kopiyası yaşayır. Yəni hər şeyin təkrarı var.
– Ay müəllim, lap ağ elədin ki! Yox bir, kserokopiyə budkəsi var, – yenə kimsə söz atdı.
– Ay zalım, niyə inanmırsan? Alimlər bunu sübut ediblər. Bir şey deyim: ən yaxın ulduzdan bizim planetə gəlmək üçün 50 milyon il vaxt lazımdır. Amma bu əlaqəni uçan boşqablardakı texnologiya ilə, proyeksiya vasitəsi ilə əldə etmək mümkündür. Məsələn, biz Kələkbaşında dayanıb mübahisə edirik, düzdür? Amma əslində, ola bilsin ki, biz yoxuq.
Mustafa kişi cırnadı:
– Yetim, adam kimi başa sal, loru dildə. Ürəyimizi partlatma. Necə yəni biz yoxuq? Bə hara getdik? Burdayıq axı. Deyirsən, dirigözlü qəbrə qoyulmuşuq?
– Yox, ölməmişik, Mustafa kişi. Bəlkə, bu planetdəki təvəllüd ilimizə görə, hələ doğulmamışıq. Bəlkə, başqa planetdə yaşayan, amma burada bir əsr sonra dünyaya gələcək Zərbalının proyeksiyası üst planetlərin birindən bura ötürülür?
Hamı qəribə nəzərlərlə dönüb Zərbalıya baxdı. Zərbalı da özünü itirən kimi oldu. Pörtdü. Adının məsəl kimi çəkilməyinə narazılıq bildirdi:
– Səndə günah yoxdur e, müəllim, mənim baxtım-taleyim belədir. Aşağı siniflərdə oxuyanda rəhmətlik Ağa müəllim deyirdi: “Filankəs, tutaq ki, Zərbalıda 5 alma var, ikisini verdi sənə, neçəsi qalar?” Bir köpəyoğlu da qayıtdı ki: “Müəllim, Zərbalının babası qəbirdən qalxa gələ, almasından ikisini kiməsə verən deyil”. Bir az böyüdük, Mehdi müəllim, özü də burdadır elə, lövhəyə yazırdı: “Zərbalı meşəyə gedəndə atdan yıxıldı”. Sonra da soruşurdu ki: “Zərbalı hansı cümlə üzvüdür?” Mehdi müəllim, o vaxt çəkinirdim, deyə bilmirdim, birincisi, Zərbalı zəlil deyil, hər ata minəndə yıxıla. İkincisi, Zərbalı “çumo” cümlə üzvüdür, hər dəfə qulağından tutub misal kimi gətirirsiniz ortalığa. Həmid müəllim, xətrinizə dəyməsin e, Zərbalı köpəyoğlundan başqa burda, azı, 20 adam var. İkincisi də, ay müəllim, başa düşmədim, necə yəni Zərbalı hələ yoxdur, bir əsr sonra doğulacaq? Bu nə deməkdir? Müəllimim olmusan, başına dönüm, bağışla, amma gərək sözün düzünü deyəm də, bə mənim 9 yetimim nə olsun? Əgər mən yoxamsa, onlar hardan dünyaya gəliblər? Kölgədən törəyiblər? Ya samanlıqda dovşandan əmələ gəliblər?
Həmid bir xeyli gülüb Zərbalıya sadə dildə izahat verməyə çalışdı:
– Bax, Zərbalı, yadındadır, o vaxtlar Sərəstan əminin evinin divarında kinoya baxırdıq? Həm camaatın oturması üçün şərait vardı, həm də divar bütöv idi, yaxşı rənglənmişdi. Divarda çat yoxdu deyə təsvirlər qaralmırdı. Proyeksiya ideal alınırdı. Yəni biz başqa bir planetdən bizim Yerə verilən proyeksiya da ola bilərik. Real adamlar deyilik, bəlkə də. Doğulmamışıq, obrazımız yuxarıda yaradılıb, kinomuz çəkilib, Yerə proyektorla verilir, bəlkə də, 100 il sonra doğulacağıq. Heç uşaqların kompüterdə, internetdə nəyisə axtaranda baxmamısan? Deyir, filan “dannılar” bazada var. Elə bil dünya, kainat, planetlər də yekə kompüterdi də. 5 əsr qabaq doğulub getmişlərin də, 5 əsr indən belə dünyaya gələsi olanların da şəxsi işi böyük kompüterin bazasında yığılıb. Yəni dünya monitorunda 100 il qabaq, 100 il sonra böyük bir rəqəm sayılmır, onlar xırdaçılıq eləmirlər. Ola bilsin, gələcək real həyatımızda mən səndən 20 yaş böyük müəllimin yox, sinif yoldaşın olum.
– O nətəhər olur, müəllim, “metirkanı” saxtalaşdırırlar? – Zərbalının gözləri hədəqəsindən çıxmışdı.
– A kişi, mən həmdən-həmə, sən dəmdən-dəmə. Müasir sistemdə hər şey sensordur, “metirka”-zad anlayışı yoxdur. Ümumiyyətlə, kitab-dəftər deyə nəsə qalmayıb. Həm də, üçüncü dünya ölçüsündə zaman vahidi olmur.
– Ay tövbə, əgər bir şey anladımsa, – Zərbalı havalanmış adama oxşayırdı.
– Niyə anlamadın, bala? – Həmid müəllim Zərbalının qolundakı saata işarə ilə soruşdu: – İndi saatın neçəni göstərir?
– 4-ə işləyib 15 dəqiqə, – həyəcanlanmış Zərbalı hər ehtimala qarşı mobil telefonundakı saata baxdı: – Hə, burda 17 dəqiqə işləyib. Nədir ki?
– Ay sağ ol, amma amerikanlar gözlərini ovuşdura-ovuşdura indi yerlərindən qalxırlar.
– Nə bilim, vallah, müəllim, çox üzü yoxuşa qalxdın e, adamın nəfəsi tıncıxır, – Zərbalı donub qalmışdı, deyəsən, məclisdən aralanmaq istəyirdi, amma birdən nəyisə xatırladı, yenə girdi Həmidin çənəsinin altına: – Bura bax, barı, deyə bilərsən, bu dəqiqə danışan mən özüməm, ya yuxarıdan düşən kölgəm? Baxma da, arvad-uşağın yanına gedirəm.
Hamı güldü. Zərbalı tərs-tərs onları süzdü:
– Guya siz bilirsiniz kimsiniz?
– Zərbalı, mən məsəlçün dedim, çox da dərinə getmə, – Həmid onu sakitləşdirməyə çalışdı.
– Vallah, dərinə getmə deyəndə, ta ən dərin quyuya atdın məni, müəllim, çətin ordan çıxam, – Zərbalı hövllü-hövllü dönüb getdi.
...Verdizadənin qəbir-evində bu söhbətləri xatırlayıb doyunca güldük. Amma yox, bir dəqiqə...
Düşünürdüm ki, olub-keçənləri mən danışıram, professor gülür. Birdən anladım ki, mən danışmıram e, həmin hadisəni videomaqnitofonda olduğu kimi qəbir-evdən görürük və eşidirik. Özüm ölüm, eynən canlı yayım kimi. Yaxşı, mən o söhbətlərdə iştirak edirəmsə, bəs burada nə azarım var? Yəni Həmid müəllim düz deyirmiş? Özüm ordayam, proyeksiyam burda? Ya da tərsinə?
Möcüzədir e, vicdan haqqı. Mən bunları öz-özümə düşündüm. Sual-zad vermədim ha. Amma Verdizadə mənim sualıma cavab verirmiş kimi izahata başladı:
– Yuxularında belə şeylər az olub, bəyəm? Həm durub bir hadisəyə baxırsan, həm də o hadisənin iştirakçısısan. Başqa bir misal deyim. Evdə oturub diski qoymusan, çıxışına, ya toyda oynamağına baxırsan. Birdən qonaq gəlir, ya telefonla danışmalı olursan, “stop”u vurub saxlayırsan. İndi bunun kainat üçün böyük modelini təsəvvürünə gətir. Mahiyyət eynidir də. Böyük zaman axını üçün biz həmin diskdə olan videomaterialıq. İstənilən vaxt baxıla, lazım gələndə dondurula bilərik. Sadəcə, kodu bilmək lazımdır.
“Sən öl, Həmid müəllimlə professor görüşüb söhbətləşiblər məndən xəbərsiz” – fikri ağlımdan keçirtməyimə peşman oldum, dərhal Verdizadə qayıtdı ki:
– Yox, müəllimə mənim heç bir təsirim-filan yoxdur. Sadəcə, o müəllim özü də bilmir ki, hələlik doğulmayıb. 60 il sonra dünyaya gələcək və aytişniklərin ən üstünü olacaq, texnologiyada hoqqalar çıxaracaq. Yuxunu canlı yayıma bağlamağın, bir də alın yazısını “pdf” formatına salıb printerdən çıxartmağın texnologiyasını kəşf edəcək. Düzdür, arada sui-qəsdə məruz qalacaq, amma qurtulacaq.
– Niyə, kim onu öldürmək istəyəcək? – indi mən də Zərbalıdan betər günə düşmüşdüm.
– Çünki Həmid müəllim bütün texnologiya istehsalçılarını bankrot edəcək. Hər adam heç olmasa, 2-3 ildə telefonunu təzələyir, təmirə verir, həkimə müraciət edir və s. Həmidin yeni kəşfində mobil telefon birdəfəlik, həm də ömürlük bədənə yerləşdiriləcək. İnsanların dişində və qulağında çox xırda bir detal olacaq. Çox rahat şəkildə, həm də başqalarını narahat etmədən xısın-xısın danışa biləcək.
– Deyə bilərsən, zəng vuranda nömrəni necə yığacaq və ya adları ekranda necə görəcək?
– Aha, deməli, “Həmid nano-texno” adlı proqrama əsasən, beyin texnologiyaya tabe etdiriləcək. Proqramlar beyində olacaq, əl sensoru ilə deyil, fikir, arzu-istək sensoru ilə idarə ediləcək. Məsələn, ağlından keçir ki, mənə zəng vurasan. O dəqiqə beynindəki yaddaş kitabçasından Verdizadə faylı qoşulur dişindəki mikrosxemə və mənə zəng gəlir. Niyə heyrətlənirsən? Burada qeyri-adi nə var ki? Evlərə gedəndə bəzi qapıların üstündə sensor işıqlar qoyulub. Baxırsan ki, blok qaranlıqdır. Elə ki həmin mərtəbədə insan görünür, sensor reaksiya verir və işıq yanır. Yəni əslində, Həmid müəllim bu texnologiyanı dərinləşdirəcək. Hə, bunun ardı var hələ, tələsmə. Bədəndə nasazılıq olan kimi N.T.T.S mərkəzinə siqnal ötürüləcək. N.T.T.S - Nano-Texno Tibbi Sığorta. Yəni küçədə getdiyin yerdə bir də gördün, təcili yardım maşını qabağını kəsdi, iki nəfər düşdü, səni maşına basıb apardılar klinikaya. Sən demə, bədənində nasazlıq olub, özün ağrını hiss etməmisən, amma siqnal avtomatik ünvana çatıb. Amma bəzi adamlara bu texnologiya qənim kəsiləcək. Məsələn, oğru küçə ilə gedir, birdən ürəyindən keçir ki, bahalı maşındır, içində, yəqin, qiymətli şeylər olar. O dəqiqə “Asayiş” texbuferinə siqnal çatır, iki dəqiqə keçməmiş, polislər başının üstünü alır. Və ya dövlət əleyhinə nəsə düşünürsə, “Təhlükəsizlik” texbuferində onun faylında “SOS” işığı yanır. Hə, dostum, Həmid müəllim belə bir dahidir. Daha doğrusu, dahi olacaq. Əslində, kəndinizdə Həmid adlı gerçək adam yoxdur. Sadəcə, gələcəkdən bu günə proyeksiyasıdır, həmin dahi Həmidin zəkasından bir az işartı düşür proyeksiyanın üstünə. Həmidi danışdıran odur. Yaxşı, səni çox yordum, dostum. Gəl Kələkbaşındakı maraqlı söhbətləri dinləyək.
– Dinləyək, – sevincək dilləndim: – Bəyəm, gecənin bu vaxtı ordadırlar?
– Yox, on gün sonra olacaq söhbətləri nəzərdə tuturam, – professor sınayıcı nəzərlərlə üzümə baxdı: – Təəccüblənmə. Təkcə dünən baş vermiş hadisənin deyil, sabah olacaqların da diskinə baxa bilirik. Bu da bizim nanotexnologiyamızdır.
Dilim-ağzım qurumuşdu. Nitqim tutulmuşdu. Başımı tərpətməklə qulaq asmaq istədiyimi bildirdim.
...Kimsə iddia edirdi ki, professor qəbiristanlığı şeytan yuvasına çevirib. Allah bilir, orada gecələr hansı pis-pis işlərlə məşğul olur. Qovmaq, qəbir-evin də üstünü betonlamaq lazımdır. Bəlkə, elə oğrudur? Birdən-ikiyə professor vəsiqəsini görən olub, bəyəm? Nə bilirsiniz, bəlkə, gecələr qəbirləri açıb ölülərimizin qızıl dişlərini çıxardır? Bizim kənd camaatının yarıdan çoxu qızıl dişli olub, öləndə də çıxartmayıblar.
Müzəffər kişi bu sözdən bərk əsəbiləşdi:
– A kişilər, onu bilirsiniz ki, şər atmaq ən böyük günah sayılır?! Bədbəxt oğlu sizə neynir ki?! Plovunuzun başını dağıdır, ya toyuqlarınıza daş atır? Qəbiristanı gül bağçasına çevirib. Bundan əvvəl uşaqlar, bəzən elə saqqallı uşaqlar da darvazanı açıq qoyurdular, mal-heyvan girib qəbirlərin üstünü abırdan salırdı. İndi necə qorunur, görmürsünüz? Əksinə, professora rəsmən məvacib düşür.
Bu vaxt Zərbalı təngnəfəs özünü yetirdi. Yapışdı Həmid müəllimin köynəyinin yaxasından:
– Allah sənin evini xaraba qoysun, gic eləmisən məni. Güzgüyə baxmaqdan gözümə ağ düşüb.
– Zərbalı, ədəbsizlik eləmə, yaxamı burax, – Həmid müəllim yekəpər Zərbalının əlindən çıxmağa çalışırdı: – Sənin güzgüyə baxmağından mənə nə?! Onsuz da, nə qədər baxsan, dəyişib adam sifəti alan deyilsən, heyvansan ki, heyvan!
– Əşşi, o qədər gic-gic şeylərdən danışdın ki, hamısı oturdu beynimə. Gecə yerimdən tullanıb özüm özümü şillələyirəm, çimdikləyirəm ki, görüm, hələ özüməm, yoxsa proyeksiya, kölgə, hər nə zibil deyirsən adına. Evdə əlim heç işə yatmır. Fikirləşirəm, bəlkə, özüm deyiləm, ya bu ev, əslində, mənim deyil? Bu cəhənnəm, siz də məni bağışlayın, hamımız kişiyik də. Bir həftədir arvada yaxınlaşa bilmirəm ki, birdən mən özüm olmaram, başqasının kölgəsi olar. Həm də, bu proyeksiyanı verən adamdı-nədir, hər nə məxluqdu, yəqin yuxarıda oturub izləyir də. Ayıbdı, ayıb yox ey, biabırçılıqdı.
Bu sözə hamı, hətta Həmid müəllim də güldü. Amma gülüş ani oldu. Bir azdan sifətlərdəki təbəssüm dondu. Çünki hər kəs nəyisə xatırlamağa çalışır və bir-birinə şübhə ilə baxırdı...
Dağılışmaq istəyirdilər ki, İbadulla kişi bir cavan oğlanla gəldi:
– Tanış olun, bacımın kürəkənidir Maarif. Bakıda yaşayır. Akademiyada işləyir. Alimdir. Axşam professorun məsələsinin ucundan-qulağından danışdım. Xeyli güldü. Dedi: “Dayı, məlumatım var. Yaxşı tanıyıram onu...” Nəsə. Yaxşısı budur, yeyənim özü danışsın.
Həmid müəllimin proyeksiya söhbəti hamının ürəyinə xal salmışdı. Yeni bir versiya eşitmək ümidi ilə tələm-tələsik Maarifi dinləməyə hazır olduqlarını bildirdilər. Maarif yekəxana bir əda ilə kötüyün üstündə oturdu, cibindən siqaret çıxarıb yandırdı:
–Deməli, 1944-cü ildə Hitlerin məxfi laboratoriyada “Qorxmaz ordu”, yəni indiki dildə desək, vəhşilər, robotlar yaratmaq planının üstü açıldı. Nürnberq məhkəməsindən sonra SSRİ-nin NKVD-si bu işin üstünə düşdü. Amma heç nə alınmadı. Sonradan amerikanlar maraqlandılar. Bəzi məlumatlar öyrənsələr də, tam nəticə olmadı. Axır ki, Barak Obamanın vaxtında Mərkəzi Kəşfiyyat İdarəsi bəzi sənədləri və düsturları ələ keçirə bildi. Tez Amerikada, Kolumbiyada və Kanadada laboratoriyalar quruldu. 10 kimsəsizi küçədən tutub gətirdilər. Beyinlərini təmizlədilər. 40 gün beyinlərə MKİ-nin hazırladığı mətni yeritdilər. Eksperiment sona çatanda 10 nəfərdən 9-u xəstə toyuqlar kimi iki dəfə ağzını açıb-yumdu və getdi. Biri də ayağa qalxıb Şərq əlbəyaxa döyüş növünün banisi olduğunu bildirdi. Qarşısına keçəni nəfəsi ilə, əlinin enerjisi ilə havaya uçurtdu. Bir sözlə, salamat adam qoymadı. Güllə atdılar. Gilizi havadan dişi ilə tutub yerə tüpürdü. Elektrik qoşdular, bütün ətrafın enerji bloku partladı. Axır ki, hər tərəfdən tankı buraxdılar üstünə. O da başladı tanklara kata atmağa. Qolu, qıçı sındı, yıxıldı. Tırtılın altına salıb yazığı analiz etdilər, anladılar ki, düsturda səhv var, daha doğrusu, bir element çatmır. Onu da araşdırdılar. Sən demə, Hitler o düsturun hər elementini ən çox inandığı bir kəşfiyyatçının qoluna döymə üsulu ilə yazdırıbmış. Axırıncı element köpəyoğlu Volfun sağ biləyindəymiş. Bu Volf da kim olsa yaxşıdır? “Edelveys planı”nı sonuncu nöqtəsinə, vergülünə qədər işləyib Hitlerin stolunun üstünə qoyan polkovnik. Neft mühəndisi adı ilə İrana soxulub, orda iş aparırmış, həm də Azərbaycanla bağlı məlumat toplayırmış. Almaniyanın uduzmağını hiss edən Volf qurumsaq qoşulur Seyid Cəfər Pişəvərinin dəstəsinə. Azərbaycan, fars dillərini tərtəmiz bilirmiş. Deyirmiş ki: “Anam fars, atam azərbaycanlıdır”. Sonradan Stalin Cənubi Azərbaycan hökumətini satdı, Seyid Cəfəri də gətizdirib Yevlax yolunda avtoqəzaya saldırdı. Çünki Azərbaycanın birləşməsi SSRİ üçün konkret təhlükəydi. Volf da gördü ki, İranda o qədər məşrutəçi asılır ki, artıq dar ağacı defisit sayılır, gecəynən aradan çıxdı. Gəldi, bax, o aşırımın arxasındakı dağa. Orda yaşı məlum olmayan bir mağara var.
– Elədir, qardaşoğlu, Cinli mağara deyirlər, – Müzəffər kişi əli ilə irəlini göstərdi.
– Xeyr, ağsaqqal, cinli-minli deyil, gördüyün adi mağaralardandır. Volf qəsdən o yeri qorxulu təsvir edib. O qədər qorxulu nağıllar uydurub ki, indi heç kim mağaraya girməyə cəsarət etmir. Gündüzlər çıxıb ətraf kəndlərin camaatıyla, çobanlarla qaynayıb-qarışıb. Özünü nur üzlü ağsaqqal kimi tanıdıb. Yığdığı mer-meyvədən, ovladığı quşlardan pay-püş verib, hamının etibarını qazanıb. Arada da fürsətdən istifadə edib mağara haqqında çox dəhşətli, qorxulu hadisələr toqquşdurub. İndi lap düşkün qoca olar. Bax, professoru da onun dalınca göndəriblər. Verdizadə, əslində, Condur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır. Cona tapşırıq verilib; ya dirisini gətir, ya da ölübsə əgər, dərisini soy, gətir.
Zərbalının gözlərinə işıq gəldi:
– Allah səni salamat eləsin, qardaş, bizim həyatımızı xilas elədin. Yoxsa Həmid sayəsində, az qalmışdı, havalanam.
Arzuman da o yandan qayıtdı ki:
– Maarif, bala, nə yaxşı ki, bizi ayıltdın, yoxsa özümüz də bilmədən o casus professorun toruna düşərdik, iraq olsun, vətənimizə xəyanət edərdik. Bura bax, oğlum, deyirəm, bəlkə, mən gedib rayonda “keqebeyə” xəbər verim? Yoxsa kəndə ziyanlıq vurar köpəyoğlu.
– Ağsaqqal, ağzında “keqebe” deyirsən. Çoxdan xəbərləri var, – Maarifin özü öz nağılından genləşdi: – Professorun üstündə necə lazımdır, işləyirlər. Belələrinə “dvoynoy agent” deyirlər.
Ağarza kinayə ilə gülüb üzünü Maarifə tutdu:
– Maarif, bacıoğlu, sən Arzumanı qınama e. Çoxdandır “keqebeyə” gedə bilmir, andır pandemiya imkan vermir. Yaman darıxıb.
Maarifin kefi kök idi, yalnız arif adam lazım idi ki, bu söhbətə camaatın reaksiyasından sonra onun çöhrəsindəki hiyləgər təbəssümün törədəcəyi fəsaddan agah olsun. Heç kimə əhəmiyyət vermədən kənara çəkildi. Dostunu yığdı:
– Bura bax, Alik, bir kəndə düşmüşəm, nağıllar aləmidir. Elə o mənada ki, buradakı bədbəxtlər, saçı-saqqalı ağarmış kişilər uşaq kimi nağıllara inanırlar. Çox rahat şəkildə tora düşürlər. Özünü tez çatdır.
...Bir aydan çox vaxt keçmişdi. Professor mənə reyhan kompotu verdi. Həqiqətən, çox dadlıdır. Sonra Maarifin kəndin başına açdığı oyundan danışdı. Nədənsə, bu hadisədən xəbərim olmayıb. Amma professorun yanında özümü sındırmadım:
– Yəqin, zaman fırtınasının girdabına, ya məsələn, işıq selinə düşmüşəm, ondandır, – dedim.
O da eyni təbəssümlə cavab verdi:
– Sənə elə gəlir ki, zarafat edirsən?
– Nə bilim? – çaşıb qaldım.
Bilmədim professor bu sualı lağlağı yolla verir, ya ciddi soruşur? Ən yaxşı yol-mallıqdır. Yəni danışığındakı korrektəyə əminliyin yoxdursa, mal kimi bax, gözlərini ölü qoyunun gözünə oxşat.
Professor bu dəfə gülümsəmədi, sadəcə, gözləri yol çəkirdi. Handan-hana dilləndi:
– Sən mənbədən buraxılan korpuskul selsən, böyük sürətlə, coşqunluqla hərəkət edirsən. Lap dəqiqləşdirsək, zərrəcik selsən. Mənsə, mənbədən yaradılan, amma efir adlanan yerdə yayılan dalğayam. Ona görə, sən bəzən çayaşağı gedirsən. Mənsə, efirə nəzarət edirəm. Əslində isə müasir fizika nəzəriyyəsinə görə, bizim vəhdətimiz işıq yaradır.
– Dayanın, Allah eşqinə, bir dəqiqə nəfəs dərin! – mən heyrət içində ona baxırdım: – Siz əsl həqiqətdə kimsiniz? Mən kiməm? Yalvarıram, aydınlaşdırın: mən buradakı reallığam, yoxsa Kələkbaşında yığışan kişilərin yanında fağır-fağır dayanan adamam? Hansımız gerçəkdir?
– Mən 1979-cu ildə Nobel nitqi söyləyən Əbdus Salamam. “Mərhəmətli Yaradanın yaratdıqlarında hər hansı bir qüsur görə bilməzsən. Bir baxışlarını çevir, hər hansı bir qüsuru gördünmü? Sonra gözlərini müəyyən bir nöqtədən ayırmayaraq təkrar-təkrar bax. Baxışların ovsunlayıcı və gözqamaşdırıcı parıltı halında geri dönərlər. Və əslində bu, bütün fiziklərin inancıdır”.
Professor bu sözləri pafosla və özünü tarıma çəkmiş vəziyyətdə dedi, qurtardı, “farağat” komandasından boşalan kimi rahatlaşdı, yenə əvvəlki, mənə doğmalaşmış təbəssümünü göstərdi:
– Tribunadan səni gördüm. 34 il sonra, elə sən idin, içindəki düyünləri aça bilməyən yazıçı, 94 il sonra həmin dünyanı heyrətə salan Həmid müəllimdin.
– Yenə anlamadım, cənab professor.
Özümdən asılı olmayaraq, səsimdəki ironiyanı çatdırdım. Guya ki, mənim kinayəli danışığım çox da təsir edəcəkdi?!
–Qulaq as, – asta səslə dedi: – Bu, işığın dispersiyasıdır. Şüşə prizmaya düşüb 7 rəngə parçalanan ağ işıq 7 obraz yaradır. Yox, əvvəlcə rəngləri sayaq; qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Yəni bu, spektrdir. Təbiət versiyasında təbiətşünaslar və coğrafiya müəllimləri, lap elə çox adam göy qurşağı deyirlər. Amma sizin kəndin adamları üçün göy qurşağı Fatma xalanın hanasıdır. Əslində, onlar özləri də bilmədən yaradılışın sirrinə işarə edirlər - analar anası, xanımlar xanımı Fatmeyi-Zəhrada ehtiva olunan ağ işıqdan yaranan çeşidli çaları. Yəni yarananda Ağ işıq spektr şəklində təcəlla edir. Nəsə, bu, başqa söhbətin mövzusudur. İndi, hörmətli yazıçı, bir az beynini işlət, işıq sınaraq 7 rəng yaradır. Gəl işığa dünyanın enerji mənbəyi kimi baxaq, yəni yaradılışın Yaradıcısı qismində. Onda niyə bu kontekstdə böyük enerji sayəsində hər insanın 7 surəti, müasir dillə desək, kseroksu olmasın? Həm də zamansızlıq vahidində. Yəni ayrı-ayrı əsrlərdə, qərinələrdə, müxtəlif planetlərdə.
– Yox e, belə olmaz, Azad müəllim, siz əməlli-başlı məni karıxdırdınız, – mən, doğrudan da, havalanmaq dərəcəsinə çatmışdım: – Mən kiməm, hardan yaranmışam, şair demiş, əvvəlim nə, sonum nə?
Professor sakitcə ayağa durdu, divarın içində gizlədilmiş dolabı açdı - bura ondan ötrü soyuducu idi - kompota oxşayan, amma bir az qatı olan yarım stəkan mayeni mənə uzatdı:
– Həyəcanlanırsan. Ürəyinin döyüntüsünü eşidirəm. Reyhanı döyüb suyunu çıxarandan sonra balla qarışdırmışam. Əslində, gündə 3 dəfə içməlisən, amma eybi yox, bir dəfəsi də kömək edər. Ürək döyüntülərini nizamlayır. –tərəddüdümü görüb güldü: – Qorxma, mən yazıçını zəhərləyəcək dərəcədə cahil deyiləm. İç, özünə gələcəksən.
Stəkanı alıb başına çəkdim. Həqiqətən, tamı xoşuma gəldi.
Professor gözlərimin içinə baxıb danışırdı:
– Antik filosof Fales güman edirdi ki, hər şey sudur. Su buxara və buza çevrilir. Məsələn, balıq suda doğulur və susuz qaldıqda ölür. Əksər maddə suda əriyir. Deməli, su substansiya, yəni ilk başlanğıcdır. “Qəliz” ləqəbli Heraklit isə oddan ikiəlli yapışmışdı. “Hər şey oda çevrilir”, – deyirdi: “Od da hər şeyə!” Necə ki, bütün malları qızıla, qızılı da istənilən mala çevirmək mümkündür. Demokrit də təbiəti bilyard oyununa bənzədib. Yəni ona görə, ilk başlanğıc kiçik, bölünməz hissəciklərdir, boşluqda hərəkət edirlər. Bu prosesi də “mexaniki determinizm” adlandırırdı. Amma “Pifaqorçular” adlanan bir dəstə dirənmişdi ki: “Riyaziyyat, riyazi struktur və münasibətlər substansiyadır!” Əsasları da buydu ki, hər şey yox olur, amma riyazi anlayışlar hər an sabit qalır. Yəni riyaziyyat mahiyyətinə görə dəyişilməzdir. Deməli, kainatın sirri riyaziyyatdadır...
– Bəs bizim müasir filosoflar nə düşünürlər? – qəfil professorun sözünü kəsdim.
Qəhqəhə çəkdi:
– Bizimkilər, təxminən, Dekartın düşüncəsindədirlər: “Həm qoyunlar sağ qalsınlar, həm də canavarlar tox olsunlar”.
Mən də güldüm, amma tez də növbəti sualımı verdim:
– Yaxşı, sizcə substansiya nədir? Bunlardan hansıdır?
– Məncə enerjidir. Sudan enerji yaranır. Su Elektrik Stansiyasını yada sal. Günəşdən enerji alınır. Rəqəmlərin mistik enerjisi var. Yəni dünyanın ilk başlanğıcı Böyük Enerji suya, oda, havaya, torpağa bölünərək yaşayışı təmin edir, sonra yenidən onları enerji halında özünə qaytarır, özünə yapışdırır. Kamil insan fəlsəfəsində necədir? Biz kamil insan kimi yetişməliyik ki, gedib Allaha qovuşaq, düzdür? Mövlanə Cəlaləddin Rumi də söyləyirdi ki, Allahdan gəlib, Allaha gedirik. İsrailin Qüds şəhərində havadan asılı bir qaya var. Adına “Ümumdünya cazibə qanununa gülən qaya” deyirlər. Hədislərə görə, 620-ci ildə Rəcəb ayının 26-dan 27-nə keçən gecə böyük İslam Peyğəmbəri Məhəmməd Əleyhissəlam o daşın üstündən Meraca gedib. O vaxtdan daş elə havadan asılı qalıb. Bəs niyə yerə düşmür? Həmin enerjidir onu o vəziyyətdə saxlayan. Dostum, illərdir, dünya alimləri bir sirr pərdəsini açmağa çalışırlar, qara dəliklər üzərində baş sındırırlar. Hə, belə götürəndə, Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsindən araşdırmağa çalışırlar. Qara dəliyin səthində cazibə qüvvəsi çox güclüdür. Böyük bir kütlə işığın sıza bilməyəcəyi qədər kiçik bir sahədə toplanıb. Ən böyük teleskop da görə bilmir. Bu nə deməkdir, qardaşoğlu? Sən Allahı görə bilərsən? Sirrindən agah ola bilərsən? “Quran”da “Vaqiə” surəsinin 75, 76-cı ayələrində yazılır: “Ulduzların mənzillərinə and olsun. Kaş, bunun nə qədər böyük bir and olduğunu biləydiniz”. “Tariq” surəsində də deyilir: “And olsun göyə və gecə gələnə! Sən nə bilirsən ki, gecə gələn nədir? (Bu) gəlib keçən ulduzdur”. Alimlərin bəziləri söyləyirlər ki, Qara dəliklərdən keçmişə aid məlumatları əldə etmək mümkündür. Kütləsi Günəşdən 3 dəfə böyük, diametri 20 km olan Qara dəliklərin güclü cazibə qüvvəsi Kvant qanunlarına üstün gəlir. Alimlər bu sirli ulduzlarda keçmiş məlumatları axtarırlar, əslində isə gələcək də var. “Lövhi-məhfuz” eşitmisən də. Deyir: “Hər şey-olanlar, olacaqlar o kitabdadır”. Yəni “Lövhi-məhfuz”, “Allahın hafizəsi”, başqa cür desək, Allahın Hafiz adının təcəllası deməkdir. Və həmin sirli ulduzlar, zənnimcə, elə “Lövhi-məhfuz”dur. Ona görə ora girmək olmur, ən məşhur fizika qanunları Qara dəliyin anlaşılması mövzusunda aciz qalır, qanunauyğunluqdan kənara çıxır. Düzdür, bəzi ağzıgöyçəklər deyirlər ki, bu boyda kainat, bu qədər talelər bir kitaba necə sığışır? Yaxşı, ay insanlar, yəni Allah tərəfindən yaradılanlar bu boyda texnologiyalar kəşf edir, az qala, bir nəslin, bir rayonun tarixi, yazıları, şəkilləri, videogörüntüləri bir harddiskə sığır, yaxud bütün dünyanın hər bir sahəsi üzrə məlumatlar bir kompüterin, ya telefonun yaddaşına yerləşir, amma o alimlərə o elmi bəxş etmiş Allah öz Qüdrət əsərini saxlamağa bir saxlanc tapa bilmir? Və mən niyə deyirəm ki, Qara dəliklərdə gələcəklə bağlı məlumat da var? Çünki Allah dünyanı bərqərar edəndə hər şey bir anda baş verdi. “Ol!” nidası ilə kainat pərvəriş tapdı. Ona görə də, necə deyərlər, proqram tam hazır vəziyyətdə qorunur. Dünən də var, bu gün də var, sabah da. Axı hər varlıq yaradıldıqda, əslində, onun üçün, həm də, son başlayır. Yəni məsələn, “Lövhi-məhfuz”un 15-ci səhifəsindən 65-ci səhifəsinə qədər. Yenə qayıdıram bayaqkı fikrimə. Necə ki ən yüksək meqabayt yaddaşına malik fləş, harddisk və ya kompüter enerji ilə fəaliyyət göstərir, həmin Qara dəliklər də enerjidir. Eyni məntiqdir. Yaxşı yadıma düşdü. Dünyanın əbədiliyi nəzəriyyəsi olub, “Emanasiya prinsipi” adlandırılıb. İlk dəfə bu prinsipi Şərqin Aristoteli kimi tanınan ərdəbilli alim Əl-Fərabi inkişaf etdirib. Onun düşüncəsinə görə, Allahın zəruri mahiyyəti Onun hər cür enerji axınının ilk mənbəyi olmasındadır. Necədir, yazıçı dostum, “substansiya enerjidir” düşüncəmə inandıra bildim səni?
– Vallah, bir şey deyə bilərəm, professor, sabah, birisigün görsənməsəm, yəqin et, məni dəlixanaya aparıblar, – doğrudan da, halım qalmamışdı.
– Bilirəm, bu gün səni çox yordum, həm də yubatdım, – professor bu dəfə təmiz reyhan kompotu verdi, buz kimi: – Çox gecdir, birdən məzarlığın içi ilə gedəndə qorxarsan, ötürə bilərəm səni.
– Çox sağ ol, professor, hər halda, mən Arzumanın qohumu deyiləm, – ürəkdən güldüm.
O da ucadan güldü. Çox güman, Arzumanın məsələsini xatırlamışdı.
...Arzuman gecəyarısı dəyirmandan qayıdırmış. Qəbiristanlığın yanından keçəndə başdaşları gözünə yeriyən, ona dil çıxaran, əl-qol atan qara paltarlı adamlar kimi görünür. Ağ rəngli yarı heyvana, yarı insana oxşayan bir məxluq da həmin qara paltarlı adamların başları üstündən ora-bura hoppanırmış, arada da ucadan ağlayırmış. Arzuman yerində donub qalır. Nə qədər əlləşir, ayaqlarını durduğu yerdən qopara bilmir. Qışqırmaq istəyir, səsi çıxmır. Hiss edir ki, şalvarının dizindən üzüaşağı axan maye ayaqqabılarının içinə dolur. Ağköynəkli bədheybət lap yaxına gəlir. Arzuman pencəyinin qolu ilə alnından sel kimi axıb gözlərini yandıran tər damcıların silir, diqqətlə baxır... Və görür ki, sən demə, güclü küləyin vıyıltısı ağlama səsi verirmiş və ağ “məxluq” adicə ağ rəngli sellofan imiş, külək ora-bura atırmış. Arzuman yazıq bir həftə evdən bayıra çıxa bilmədi. Titrətmə tutdu, qızdırmadan bədəni alışdı-yandı. İynə vurdular, faydası olmadı. Axır molla İsaq dua yazdı.
Bu hadisəyə işarə ilə Verdizadə soruşdu:
– Dostum, insanlar ölülərdən niyə qorxurlar? Ölü sizə neynəyə bilər ki? Dirilərdən qorxmalısınız, dirilərdən! –Dolabından qalın dəftər çıxartdı. Vərəqlədi. Yaşıl rənglə yazılmış bir abzası ucadan oxudu:
“– Yatmısan?
– Bəs sən?
– Mən də yatmışam. Amma heç bilmirəm mənə nə olub? Səhərlər oyana bilmirəm”.
Dəftəri yerə qoydu:
– Hansısa əsərdəndir. Bir də, nə əcəb kənd camaatı səndən əsl həqiqətdə mənim kim olduğumu soruşmur?
– Soruşmurlar, qəribədir. Yəqin, mənə də anormal kimi baxırlar, ondandır, – getmək üçün ayağa durdum.
– Gəl səninlə bir oyun quraq. Kəndin ziyalıları, müəllimləri Nəsimini də, onun ustadı Nəimini də tanıyır, hər halda. Düzdür, bir-iki bədbəxt mömin, hələ də sovet dövründə olduğu kimi, Nəsimini kafir sayır. Bir gün Kələkbaşına yığışanda söylə ki: “Bu professor Fəzlullah Nəiminin “Cavidannamə” əsərinin düşmüş vərəqlərini bərpa edir”. Nəimi papaqçı olub. Yəni başları təkcə soyuqdan qorumayıb, həm də papaqların altındakı başlara ilahi sirri, həqiqəti təlqin edib. Bu, bir simvoldur. Camaata söylə ki: “Verdizadə Nəiminin qız şəcərəsindəndir, deməli, Nəsiminin nəslindəndir. Müasir elektron papaqlar tikir. İnsanların hövsələsizliyini, oxumağa meylin azaldığını nəzərə alıb ulu babası kimi kitabla yox, elektron variantla beyinləri, zehinləri qidalandırmaq istəyir. Yəni papaqda proqram olacaq. Onu geyən şəxs istənilən mövzuda söhbətə qoşula və dəqiq cavablar verə bilər”. Şübhəli baxışları tutsan, fikrini bir az da məntiqlə gücləndir. Söylə ki: “Professorun bir məqsədi də milli dəyərləri qorumaq, kişilərin papaqdan imtinasının qarşısını almaqdır”. Mərc gələrəm, bu söhbət yayılandan sonra qəbiristanlıqda növbənin ucu-bucağı görünməyəcək, “repetitora verdiyim pulu elə bu gic professora birdəfəlik ödəyim, uşaq da əlavə məşğələyə itirdiyi vaxtı odun-ocağa kömək eləsin də” düşüncəsi hamını bura gəlməyə vadar edəcək.
Heyrətimi ifadə etməyə macal tapmadım. Bayırda, yəni qəbrin üstündə hay-küy qopdu.
– Ölülərin qılıncoynatma məşğələsi var, – yumor hissimi göstərmək istədim, zarafatıma əhəmiyyət vermədi.
– Gələndə qəbiristanlığın darvazasını açıq qoymamısan?
– Yox, niyə soruşdunuz ki?
– Deyirəm, bəlkə, itlər girib içəri. Yenə üstümüzə, başdaşımıza ayaqlarını qaldırıblar.
Səs-küy güclənirdi. Professor içəridən kodu yığdı. Yadımdan çıxmışdı, qapı, yəni başdaşı açılanda mistik-fantasmaqorik, dəhşət filmlərinə yazılmış musiqi effekti verirdi, xof yaradırdı. Yuxarı çıxdıq. Bir də nə görək? Sovet kişi sinədaşının üstünə düşmüş qonşusu Ərşadı özünə gətirməyə çalışır. Vəziyyəti anladıq: bədbəxtin balası səs effektindən qorxub, bayılıb. Əlindəki qoşalülə də bir qırağa düşmüşdü.
Professor uğunub getdi. Hələ onu indiyəcən belə ürəkdən gülən görməmişdim. Əlini Sovetin çiyninə qoydu:
– Qardaş, məlum, gecə vaxtı əlinizdə qoşalülə tüfəng hər halda xoş niyyətlə, əzgil, ya qaragilə kompotu-filan içməyə gəlməmisiniz. Məqsədiniz oğurluqdur. Məndən sənə nəsihət: belə yerlərə gedəndə yol yoldaşına diqqət elə. Bu ağciyərlə kəşfiyyata getmək olmaz.
Ərşad ayıldı. Adamın başının üstündə Allah var, tutduğu işdən peşman kimi görünürdü. Sovet kişi isə abırsızcasına açıq qalmış qapı tərəfə boylanırdı, eyni zamanda, yavaş-yavaş qoşalüləyə tərəf dartınırdı. Mən tez qoşalüləni götürüb baxdım. İçində patron yox idi. Bir kənara atdım.
Professor onları içəri-yəni qəbrə dəvət etdi. Sovetin gözləri işıldadı.
Ərşad yalvardı:
– Professor, siz mənim günahımdan keçin, bəsimdir. Qələt elədim, başımı daşa döydüm, bu tamahkar köpəyoğlunun toruna düşdüm.
Sovet heç nə olmayıbmış kimi dilləndi:
– Müəllim, düz deyir, onu mən yoldan çıxartdım. Danışım da, bura niyə gəlmişik.
Qəbir-evin yanında skamyada, professorun əkdiyi ağacın altında əyləşdik. Sovet böyük həvəslə hadisəni nəql edirdi:
– Arzuman qurumsaq dedi ki, Maarif deyən məsələ də, o birilər də boş şeydir. Ortada qızıl məsələsi var. Professor qəbir-evdən Qızıldağın altına yol qazır. Çünki Qızıldağla qəbir-ev bir qabarma xəttin üzərində yerləşir. Deyir ki, cavanlığında sən Maqadanda qızıl mədənlərində işləmisən. Professorluğun da qızıl işindən yaxşı baş çıxartmağına görədir. Qızıl külçələrini barmaqlarının arasında içəridən çıxarmısan. Siqaret qutusuna doldurub, bir kupenin biletlərini alıb Bakıya gəlmisən. Qış, yay, fərqi yoxdur, kupenin pəncərəsini açıq qoymusan. Siqaret qutusunu da əlində oynatmısan. Bir neçə dəfə qəfil yoxlama olub, tez qutunu pəncərədən tullamısan. Əlində tutmayandan sonra kim nəyi sübut edəcək ki?! Beş-altı il belə işləyib zərərlərin də əvəzini ödəmisən. Ayrı-ayrı şəhərlərdə qramlarla malı əridib pula çevirmisən. Amma günlərin bir günündə böyük məbləğdə pula ehtiyacın olub. Bakıda dostunun qohumu olan zərgərə vəziyyəti anlatmısan. O da deyib ki, problem yoxdur, axşamçağı saat beşdə gətir, əridərik. Sən də saat beşdə çanta dolu qızılla zərgərin yanına girəndə, bayaq yapışıblar qolundan. Tapançanı da dirəyiblər böyrünə. “Keqebe” ilə Cinayət Axtarışı İdarəsi imiş. Zərgər xəbər veribmiş. Ta dinib-danışmamısan. Zərgərin üzünə tüpürmüsən. Məhkəmədə də heç kimin adını verməmisən. Ona görə də, 12 il alıb içəri gedəndə hörmət-izzətnən qarşılanmısan. Bütün qohumların evində axtarış aparılıb, heç nə tapa bilməyiblər. Kiminsə ağlına gəlməyib ki, qırmızıların çox hissəsi kənddə, dədə-baba bulağınız olan Qoşa çinar bulağında, çinarların altındadır. Əlqərəz, professor, deyirlər ki, 10 ildən sonra çıxmısan, həmin qırmızıları götürüb balın içinə doldurmusan. Soruşanda da demisən ki, anam Moskvada xəstəxanada yatır, dağ balı istəyib. Hə, içəridə səninlə bir Vasilkov yatırmış. Brejnevin kürəkəni Çurbanovun zibillərini boynuna götürübmüş. Vasilkovun əli ilə qızılları Çurbanova ötürmüsən. O da Daxili İşlər Naziri, Baş katibin kürəkəni. Kim nə deyəsidi ki? Bal kimi ballı qızıl da qarşılığında sənədlərindən türmə söhbətini təmizləyib. İndiki kimi deyildi ha, burdan yığışdırarsan, o tərəfdən hansısa sistemdən pırtlayıb çıxa. Professor, bir sözlə, qayıtmısan Bakıya. Zərgərlik Zavodunda mühafizəçi kimi işə düzəlmisən. Bir ildən sonra rəhbərlik ayılıb ki, ay qardaş, bu Verdizadənin dümdüz, cod saçları vardı. Birdən-birə bu saç niyə qıvrımlaşdı, pırpızlaşdı? Sən demə, buruq saçın arasında qızıl tozunu içəridən çıxartmaq heç kəsdə şübhə oyatmır. Bu dəfə də beş il aldın. İntəhası, aləm dəydi bir-birinə, müstəqillik-filan, üç il yatıb çıxdın. Hətta könüllü kimi gedib Qarabağda döyüşdün də. Ermənilərin anasını ağlatmısan. Amma andır qızılın dadı damağında qalıb. Öz kəndində qan davanız olub, həm də Qızıldağ haqqında eşitmişdin, ona görə gəlib bu hoqqanı çıxartdın. Gecələr yeraltı yolla xəzinəni daşıyıb yığırsan bura. Yükünü tutandan sonra gecəynən götürüb çıxacaqsan aradan.
Professor güldü:
– Bəxtəvər başıma, gör necə qoçaq adam olmuşam?! Keşkə, deyilənlər doğru çıxaydı. Siz də bu yalana inanıb, silah-sursata qurşanıb gəlmisiniz ki, dağın altından çırpışdırdığım qızılları oğurlayasınız.
Sovet də niyyətini gizlətmədi:
– Açığı, müəllim, istədik ki, kasıblığın daşını biryolluq ataq. Sizi öldürmək-zad fikrimiz də yox idi. Tüfəngi qorxutmaq üçün götürdük. Düşündük ki, gedib polisə şikayət edə bilməyəcəksən, çünki sən də qanunsuz iş görürsən. Yəni oğrudan oğruya halaldır. Başqa çarəm qalmamışdı. Xalxın arvad-uşağı Bakı nədir, İstanbulu su yoluna döndərib, bizimkilər rayona düşəndə sevindiklərindən qanad açıb uçmaq istəyirlər. Elə biləsən, Amerikaya-zada gedirlər. Allah evin yıxsın, İbadullanın qohumu Maarif də gəldi, olan-qalanımızı yığışdırıb apardı. Kəndin çoxu bankdan pul götürüb verdi ey itin qarnından çıxana.
– Hə, danış görək, Maarif necə Şeyx Nəsrullahlıq eləmişdi, qoy yazıçı dostumuz da eşitsin, – professor əlini mənim çiynimə qoydu.
Ərşad özünə gəlmişdi, professorun mülayim rəftarından ürəkləndi. Maarif söhbətini o danışdı:
– Maarifin bir dostu gəldi Bakıdan. Dedilər, guya pandemiyanın dərmanını tapıblar. İntəhası, üzə çıxarmağa qorxurlar. Əgər massonlar-filan bilsələr, onları gecəynən oğulayacaqlar. Ona görə də, bu sirr kənddə qalmalıdır. Hər adamın müalicəsinə də 100 manat pul lazımdır. Kəsəsi, kənd razılaşdı. Maarif çoxbilmiş adamdı, anladı ki, Arzuman bu xəbəri uçuracaq. Onu çağırıb deyib ki: “Sənin ailəni pulsuz müalicə edəcəyəm. Amma heç kimə xəbər vermə”. İbadulla da lovğa-lovğa otağının birinin açarını verib Maarifə. Bir də əhalidən keçi südü istəyiblər. Maşallah, keçi də boldu kənddə. O da dostu ilə 3 gün ərzində kənd əhalisini qəbul edib. Hər adama 10 dəqiqə ara olmaqla xörək qaşığında iki cür məhlul içirdirmişlər. Üçüncü gecə aradan çıxıblar. Telefonlarına zəng çatmır. Deyir: “Belə nömrə mövcud deyil”. Sonra qapını sındırıb giriblər içəri. Feldşer Qulam da şəhərdən, kursdan qayıdıbmış. Deməli, əvvəlcə dəmlənmiş dəmrovotu içirdirmiş. 10 dəqiqədən sonra sarıkök qarışdırılmış keçi südündən isti-isti yarım stəkan verirmiş ki, əvvəlkinin acılığını aparsın. Hamı başına döyə-döyə qaldı. Gücləri İbadullaya çatırdı. O yazıq da oturub ağladı. Dedi: “Sizə qurban olum, oğlum 10.000 manat pul göndərmişdi ki, kənddə ev satan olsa, alım. On minim getdi. Nətəhər tutmuşdusa məndə pul var, bilmirəm, dedi materiala lazımdır, kənddən yığdığım puldan qaytararam. Üstəlik, ailədə 8 nəfərik, 800 manat da belə getdi. Bacıma zəng vurdum ki, bəs qızının nişanlısı kəndin başına oyun açdı, bizi xəcil elədi. Qayıtdı ki, ay qardaş, nə nişanlı, bir aydır üzüyü çırpmışıq o dəyyusun təpəsinə. Fırıldaqçıdır. Virus başlayanda saxta spirt alverinə girişmişdi. İndi axtarışdadır”.
Çox gec idi. Sovetlə Ərşad professordan bir də üzr istədilər, sağollaşıb getdilər. Məni heç it yerinə də qoyan olmadı. Elə bil yoxam. Və yalnız indi fərqinə vardım: bütün söhbətlərdə üzünü mənə tutub danışan olmur. Kömək göstərsəm belə, “sağ ol” deyən tapılmır. Görəsən, nə məsələdir? Bəlkə, doğrudan da, mən əslində yoxam, proyeksiyam gözümə özüm kimi görünür?! Hər halda, professor Verdizadədən sualıma cavab alaram.
Döndüm ki... Allah, Allah!
Professor nə gəzir?! Yəqin üşüyüb, düşüb qəbir-evə. Qardaş, bu nədir? Mən hardayam? Qəbir-evdən, kodunu bildiyim başdaşı-qapıdan əsər-əlamət yoxdur. Bir də ətrafa göz gəzdirirəm. Axı necə ola bilər? Gözümün qarşısında, sözün müstəqim mənasında gecənin qaranlığı əriyir. Sürətlə gecə gündüzə dönür. Qəbiristanlığın darvazasından bir dəstə adam üç tabutla içəri girir. “Söyləmişdim də, mürdəşir Elmanın ruzisi bu gün boldu”, – kədərli halda düşünürəm.
Tabutları mənim dayandığım yerdən bir neçə metr aralıda qoydular. Meyit namazı qılmağa başladılar. Ümidlə bir də geri döndüm. Bəlkə, professor...
Qəbir-evin yerində başqa qəbir var.
Daş ustası vardı-Mürsəl. Divar hörürdü. Deyirdilər, daşları onun kimi tanıyan yoxdur. Evin hansı küncünə, hansı tərəfinə necə daş qoyulmasını mükəmməl bilirdi. Adam kimi söhbətləşirdi daşlarnan. Dağda, dərədə baxan kimi, bilirdi ki, burda böyük qara, ya göy daş yatağı var. Sifarişsiz qalan kimi, düşürdü örüşün canına. Qara daş çıxarıb əl arabası ilə həyətinə daşıyırdı. Bütün hasarı daşdandı. Evindən əsas maşın yoluna qədər daş döşəmişdi. Zarafatla söyləyirdilər ki, Mürsəli qınayan olmasa, qızlarının cehizinin üstündə iki maşın da daş verər.
110 yaşlı Abdulla kişi də bir dəfə gülə-gülə demişdi:
– Mürsəl, qardaşoğlu, mən ömrümdə çox xəstələr gördüm, amma sənin kimi daşa vurulan adam görmədim. Qorx ki, ölümün də daşdan olsun.
Sən öl, ağsaqqalın ağzı falmış elə bil. Keçən ay Mürsəl ləvazimatlarını götürüb Cəbi qayasında lövbər salır. Deyir:
– Burada göy daş yatağı var. Göy daş çox möhkəmdir. Zəlzələyə də davamlıdır. Evi söküb teyxa bu daşlardan tikəcəyəm.
Bir-iki gün işləyir, nahar vaxtı qayanın ayağında, qazdığı yerdə oturub pendir-çörəyini yeyərkən qayanın başından altı boşalmış iri sal daş nətəhər gəlib Mürsəli altına salırsa, yazıq elə orda canını tapşırır. Binəva Səlimə xala üzündə salamat yer qoymamışdı. Saçını yolur, üzünü cırıb nalə çəkirdi: “Başına daş düşən balam, vay!”
Mürsəlin yeddi məclisindən sonra Səlimə xala durub gedib Mehdi müəllimin evinə:
– Yanıram, cızdağım çıxır, a Mehdi, balam köhlən atını əcəlinə doğru çapdı. Heç kəsə qulaq asmadı. Ürəyimə oğul dağı çəkdi. O boyda maşınlarla daş daşıyıb gətirib həyətə, nə oldu, ondan bircəsi kara gəldi də, o da başdaşı kimi. Səndən təvəqqəm budur, alışıb-yanan ocağa bir az su tök. Sən ədəbiyyat adamısan. Bir şeir yaz, başdaşının üstünə vurdurum, həm də, məni bir az toxtatsın. Boğaz inəyimi gətirib bağlaram qapında. Payızda doğasıdı...
Mehdi müəllim Allah saxlamış, onsuz da, kövrək adamdır, Səliməyə qoşulub o ki var ağlayır. Özünə gələndən sonra Səlimə xalanın boynunu qucaqlayır:
– Anam, inək nədir, günü sabah mən o yazını verərəm sənə. Ayıbdı, başqa söhbət eləmə, bu dərd hamımızı üzür. Rəhmətliyin nə yaşı vardı ki?!
Sonra da Mehdi müəllim oturub bu şeiri yazır. Mürsəlin başdaşından oxuduğum şeiri:
Qazıb çıxartdığım daşı
Qoydular mənə başdaşı.
Elə şeiri oxuyub qutarmışdım, gördüm, Səlimə xala gəlir, ağ saçları boynuna tökülüb, yenə üzünü cırıb, əllərini sinəsinə çırpıb bir nalə çəkib, bu şeiri muğamat kimi oxuyur. İlahi, bu yaşlı qadının necə gözəl səsi varmış?! Handa bir xanəndə belə oxuya bilməzdi, vallah. İndi yadıma düşdü, dayım oğlu İlqar demişdi ki, kənddə hər yas düşəndə, hər qəbiristanlığa ölü aparanda Səlimə də hövllənir, başıaçıq, ayaqyalın qaçır oğlunun qəbri üstünə, Mehdi müəllimin yazdığı şeiri muğam kimi oxuyur, oxuyur, axırda bayılır. Sonra da nəvələri gedib qucaqlarında gətirirlər evə.
Meyit namazı qılmayan gənclərdən bir-ikisi yaxınlaşıb Səlimə xalanı sakitləşdirmək istəyir. Faydası yoxdur. Bu gəncləri tanıyıram. İdrislə Altaydır. Yaxınlaşıb salam verdim. Elə bil daşa deyirsən. İdris qayıtdı ki:
– Altay, dünən axşamdan ağlıma bir fikir gəlib. Deməyə də qorxuram. Fikir deyəndə, daha doğrusu, bir nəticəyə gəlmişəm. Kəndimiz böyüyəndən sonra Sadatın qoruq yerindən üzüyuxarı üçbucaq formasında böyük ərazini ev tikmək üçün camaata payladılar, yadındadır?
– Niyə yadımda deyil?! Təxminən, 20 il əvvəl olardı da, – Altay dilləndi.
– Ay sağ ol, indi bir anlığa siyahını gözünün qabağına gətir. Kimlər o ərazidə ev tikmişdi? Biri bu bədbəxt Səlimənin oğlu Mürsəl, sonra rəhmətlik şair Məzlumla qardaşı İsfəndiyar, daha sonra usta Elxan, Kərim müəllim, Xanış müəllim və arvadı, Kifayət, Dilbər, Xeyrulla ilə arvadı, Mərdanın iki cavan oğlu... Bəziləri yadımdan çıxdı... Hanı onlar? 20 ilin içində hamısı getdi. Heç biri 60-a çıxa bilmir e. Bunun fərqindəsən? Ya ər, ya arvad gedir, o ərazidə yaşayan uşaqlar mütləq valideynin birindən, bəzən ikisindən də məhrum olurlar. Görəsən, nə sirr gizlənib burda?
– Deyirsən, kənd soveti sədrinin əli ağırdır, – Altay heyrət içindəydi: – Vallah, sən kəlləsən e. Gör heç birinin ağlına gəlib?
– Kənd soveti sədrinin bura nə dəxli var? Ağlıma gələn ilk variant budur ki, bu ərazi, Həmid müəllimin sözü olmasın, Bermud üçbucağının proyeksiyasıdır.
– Nə danışırsan? – Altay həyəcandan tərləmişdi, alnından puçur-puçur tər damcılayırdı.
Meyit namazı bitdiyinə görə, onları çağırdılar ki, tabutları qaldırmağa kömək eləsinlər. Mən də düşdüm bunların dalınca. Dəfnə hazırlıq gedirdi. Bakıdan gəlmiş şairlər molla Həzini söhbətə tutdular:
– Məşədi, biz tolerant ölkəyik. Bu, məlumdur. Amma bəzi bölgələrdə konservativ dindarlar, aqressiv təriqət tərəfdarları da çoxdur, bunu danmayaq. Maraqlıdır, sizdə başqa dinlərə münasibət necədir?
Molla Həzi sıradan bir molla deyildi. İlahiyyat elmini də, onun fəlsəfəsini də yaxşı bilirdi. Dünyada baş verən prosesləri də izləyirdi. Həmişə də ehtiyatlı davranırdı. Danışanda nəyi necə deməyin yolunu ondan yaxşı bilən yoxdu:
– Müəllim, bax elə sabahdan orucluq ayı başlanır. Musa Peyğəmbərə “Tövrat” Ramazanın 1-ci, Davud Peyğəmbərə “Zəbur” 7-ci, İsa Peyğəmbərə “İncil” 13-cü, Məhəmməd Əleyhissəlama “Qurani-Kərim” 27-ci günündə nazil olub. Bu fakt öz-özlüyündə, məncə, hər şeyi deyir. Yəni nəinki, bu səmavi kitabları, 124 min Peyğəmbəri də, sühuf formasında, yəni səhifələrdə Şüeyb Peyğəmbərə, İdris Peyğəmbərə və İbrahim Peyğəmbərə gəlmiş ümumilikdə 100 risaləni də qurban olduğum göndərib də. Allahın göndərdiyi bir şeyə nə deyə bilərik? Başqa dinlərə nə münasibətimiz ola bilər ki?! Hə, müəllim, o başqa məsələ ki, bəzi şərəfsizlər xarici kəşfiyyatın əli ilə İslamı parçalayır, müsəlmanları vəhşi kimi göstərən təriqətləri yayırlar. Bizim düşük insanlar da aldanıb onların ardınca gedirlər. Baxın, müəllim, bizim əhalinin fikri də belədir. Klassik islama, habelə, digər dinlərə hörmətlə yanaşırıq. Ancaq İslama xələl gətirən, millətimizi parçalayan, dövlət quruluşumuza zərər verə biləcək hər hansı təriqətə qarşıyıq, onu yayanların gözünü burda basıb çıxardarıq, nə bu dünya məhkəməsini, nə o dünya haqq-hesabını gözləməyə səbrimiz çatmaz.
Ölənləri basdırmaq üçün bütün tədbirlər görülmüşdü. Kənd üçün çox ağırdı bir dəfəyə 3 nəfəri o dünyaya yola salmaq. Molla Həzi qonaqlardan üzr istəyib qəbirlərə yanaşdı.
Mən hələ də ümidimi üzməmişəm. Artıq mənə doğmalaşmış professorumu gözləyirəm. Bu dəfə sanki Allahın mənə yazığı gəlir. Professor əncir ağacının altında oturub, çiyinlərini ata-ata hönkürür. Sevinə-sevinə ona tərəf qaçıram. O məni tanımamış kimi davranır. Diqqətlə Verdizadəyə baxıram. Əynində dartılıb cırılmış, bəzi yerlərdən sapları sökülmüş uşaq paltarları var. Köynəyini tanıdım. Ötən ay ağsaqqal şairdən “Türkiyədən sənə nə gətirim?” soruşanda, “Mənə heç nə lazım deyil, balacama yaxşı bir köynək alarsan” demişdi.
Məsələ burasındaydı ki, Məzlum Mərifəti Bakıdakı ailəsi tərk etmişdi. Qayıdıb yaşlı vaxtında kənddə evlənmişdi. Ona görə, oğlu hələ indi ikinci sinfə gedirdi. Professorun gözlərinin içinə baxıram. Sifət uşaq sifətidir, amma ağ saçlı və ağ saqqallı bir kişidir, yəni indiyəcən tanıdığım professordur. O yenə də mənə əhəmiyyət vermir, meyiti görən kimi, durub qaçır. Özünü atır birinci tabutun üstünə. Ağlayır:
– Ay dədə, məni kimə tapşırıb gedirsən?
Camaat “hırr” gedir. Mollanı belə, gic gülmək tutur. Professor “Ay dədə!” deyib ağladıqca, camaat uğunub gedir. Meyitlər də yaddan çıxıb. Molla “Lənət şeytana!”, “Allahu Əkbər!” deyir, amma özünü saxlaya bilmir, pıqqıldayır.
– Şairin özündən qoca oğlu da varmış? Qəbiristanlıqda gizlədirmiş?
– Bəlkə, keçmiş arvadından olan oğludur?
– Əşşi, yox ey, onu görmüşük də, zənənəgözəl bir uşaqdır.
Səslər bir-birinə qarışdı. Molla birtəhər boğazını arıtlayıb professora qışqırdı:
– Ay Allahın dəlisi, çəkil qırağa, bizi günaha batırma, ölülərimizi urvatdan salma.
Professor-uşaq yalvardı:
– Həzi əmi, qurbanın olum, qoy dədəmin, əmimin dəfnində iştirak edim, nə olar, məni qovma. Mən Məzlumun oğlu Valehəm də, sizin oğlunuz Qüdrətlə bir sinifdə oxuyuram.
– Nə?! Adə, bu nə sarsaqlayır, Qüdrətin sinif yoldaşı, – molla az qalmışdı gülməkdən boğula: – Siz Allah, cavanlar, bunu uzaqlaşdırın burdan. Rəhmətlik mırt kişiydi, onun-bunun yasında o qədər lağlağı eləyib mollaları çaşdırmışdı, öz dəfni də KVN-nin konsertinə döndü e, sən öl.
İki gənc professora yaxınlaşdı. Qollarından yapışdılar. Gənclərdən biri diqqətlə professoru süzdü, duruxdu, onun qolunu buraxıb həyəcanla qışqırdı:
– Məşədi Həzi, düz deyirmiş, bu, rəhmətlik şairin oğlu Valehdir.
Yenə hamı gülüşdü. Molla Həzi hirsləndi:
– Hakim, bala, sənə dedim o gici hasardan çölə çıxardın.
Hakim Valehin qolundan tutub darta-darta gətirdi:
– Məşədi, diqqətlə bax! Valeh olmağına Valehdir, intəhası qocalıb.
Meyitlər yaddan çıxmışdı, az qala. İsfəndiyar qardaşının meyitini rayona gətirəndə qəzaya uğramışdı. O da keçinmişdi. Yas yasa qarışmışdı.
Kənd adamları Valehə baxdıqca, heyrətdən iç çəkirdilər. Bayaqdan gülən adamların sifətinə qorxu çökmüşdü. Molla Həzinin rəngi-ruhu özündə deyildi:
– İlahi, möcüzənə şükür! Bu dünyada hər şeyi göstərirsən ki, axirət gününü dərk etməyə zehniyyətimiz yetsin. Valeh, bala, sən bir saat bundan qabaq evinizdə deyildin?
– Evdəydim, Həzi əmi. Yarım saat qabaq evdən çıxdım. Həm daş gətirənlərin pulunu verməyə gəldim, həm də qəbirqazanlara halva gətirmişdim.
– Bala, bə yarım saatda nə baş verdi ki, bu qədər qocaldın? Bəlkə, nədənsə qorxdun?
– Yox e, Həzi əmi, 70 ildir burdayam, qocalaram da.
– Əstəğfürullah! Oğlum, özün də deyirsən ki, yarım saat qabaq evdən çıxmısan. Evdən çıxıb qəbiristanlığa gəlmisən. Düzdür?
– Düzdür, Həzi əmi.
– Ay sağ ol, 12-də evdən çıxırsan, indi də 12:30-dur. Amma deyirsən ki, 70 ildir burdasan. Bu necə olur, bala? Qızdırman yoxdur ki? Nədən bilirsən ki, 70 ildir burdasan?
– Başıma gələn hadisələrdən, burda dəfn olunan insanların başdaşlarındakı yazıdan bilirəm.
– Valeh, harda yaşayırdın, harda yatırdın, nə yeyib-içirdin?
– Böyük bir enerji kütləsi vardı, elə ordaydım. Günəşlə qidalanırdım. Başqa şeyə ehtiyac qalmır ki!
– Yaxşı, bala, bəs 70 il yarım saata necə sığdı? Axı sən 12 tamamda evdən çıxmısan, 12:30-da qarşımızda durub deyirsən ki, 70 il idi getmişdin.
– Həzi əmi, Arxiv RAR proqramı ilə sığışdırdım.
– O necə olur?
– Elə bil 5 giqabaytlıq materialı sıxışdırıb 50 meqabaytlıq həcmində saxlayırsan ha! Bax o cür.
– Əstəğfürullah! Beynimi qarışdırdın, qardaşoğlu, dədən sadə şeirlər yazırdı, alim də başa düşürdü, çoban da. Sən ikinci sinif uşağı niyə belə qəliz oldun? Yoxsa mənimlə zarafat edirsən, Valeh?
– Yox, bu boyda zarafat olar, Həzi əmi, görmürsən, nə gündəyəm? Kosmik qasırğaya rast gəldim. Zaman seli məni uddu, düşdüm zamanın qırışığına. Orda başqa vaxt ölçüsü var.
Həzi donub qalmışdı. Mən keçdim dədəmin yanına. Dədəmlə birgə qardaşım da, əmioğlularım, sinif yoldaşlarım da tabutlardan birinin başında dayanmışdılar. Ağlayırdılar.
– Dədə, qurbanın olum, niyə bu qədər ağlayırsan, ölən kimdir? Məzlumdan ötrü nədən bu qədər ah-vay edirsən?
Heç kimdən cavab gəlmədi. Dədəm də, qardaşım da, əmim oğlanları da, sinif yoldaşlarım da dillənmədilər. Çox hirsləndim. Xətrimə dəydi. Hələ bu Çingizə bax e, sən Allah. Dərslərdə bunun suallarından qulağım yara olmuşdu. İndi mənim bircə sualıma cavab vermək istəmir.
Bu vaxt Molla Həzinin bariton səsi qulaqlarımda cingildədi:
– Qardaşlar, bu gün gözümüzün qabağına möcüzə baş verir. Xoş bizim halımıza ki, Allah-təala bu möcüzəni görməyi bizə nəsib elədi. Ona görə də vacibdir ki, “Qurani-Kərim”in “Əl-Müzəmmil”, yəni “Libasına bürünmüş” surəsindən 17-ci ayəni oxuyaq: “Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağsaçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?”
...Eşitdiyim son canlı insan səsi oldu... Vəssalam. Torpaq divarlarda qarışqa dəstəsi tələm-tələsik ora-bura vurnuxurdu. Polis dostum Asəmin dünən axşam statusa qoyduğu yazını xatırladım: “Bir şəxs qarışqanı təhqir etmək məqsədilə onu barmağı ilə sıxdı. Qarışqa gülərək dedi: “Ey insan! Məğrur olma. Sən qəbir evində mənə yem olmaqdan başqa bir şey deyilsən. Nə qədər gücün varsa da, təvazökar olmağı unutma””.
Boynuma alıram, çox qarışqa öldürmüşəm. Barmağımla əzmişəm, tapdalamışam, yuvalarına su tökmüşəm. Qarışqaların canfəşanlığını indi anladım. Bilmirəm diriykən eşitdiyim səs idi, indi gəlib çatırdı mənə, yoxsa axirət evinin proseduru olan əmr və göstərişlərini eşidirdim: “Ey insan! Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək -bunların hamısı sahibinin etdiyi əməl, dediyi söz barəsində sorğu-sual olunacaqdır”. “Əl İsra” (Gecə vaxtı seyr) surəsi, 36-cı ayə.
“Yer üzündə təkəbbürlə gəzib dolaşma. Çünki sən nə yeri yara bilər, nə də boyca yüksəlib dağlara çata bilərsən”. 37 - ci ayə.
Allahım! Bu nədir?! Qabırğam mədəmi deşib o tərəfə keçdi, dalağım ciyərimin üstünə çıxdı, ürəyim öd kisəsi ilə öpüşdü, böyrəklərim bir-birinə yapışdı... Aha, sən demə qəbir əzabı çəkirmişəm.
... Keşkə, burda internet olaydı, Ənvərlə, Elmanla, Etibarla, Sahillə danışa biləydim. Deyəydim ki: “Siz orada film çəkirsiniz, Qulu Ağsəs jurnal çıxardır, mənsə burda qəbir əzabı çəkirəm”.
Sonra da arsız-arsız gülürəm. Gülürəm deyəndə, əlbəttə, ölən adamın gülməyi necə olacaq ki? Mənə elə gəlir ki, gülürəm. Fikirləşirəm. İnternet olsaydı belə, yaxşı tutmayacaqdı, çünki burada, yəni qəbiristanlıqda E.M.S. - elektromaqnit sahəsi güclüdür.
Ağrı içində bir neçə dəqiqə qıvrıldım... Və birdən-birə yüngülləşdim. Sözün müstəqim mənasında. Cismimin ağırlığı artıq yox idi.
Allahım, varlıqla yoxluq arasında mənə rəhmət əta et!
“Ədəbiyyat və incəsənət”
(25.09.2026)


