Super User

Super User

Cümə, 31 İyul 2026 13:39

Bir şair, bir şeir

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

“Bir şair, bir şeir" rubrikası bu dəfə sözləri musiqiləri bəzəyən, dillərdə nəğmə olan Kamalə xanım Abıyeva yaradıcılığından "Unut bircə anlıq" adlı şeirini izləyicilərinə təqdim edir.

Bəzən elə hisslər olur ki, unudulması qeyri-mümkünə dönür, qəlbi od kimi qovurur, külə çevirir.

 

 

KAMALƏ ABIYEVA,

“UNUT BİRCƏ ANLIQ”

 

Təsəlli tapardım xatirələrdə

Səni bircə anlıq unuda bilsəm.

İndi ovunmayır xatirələr də

Gəl ovut onları ovuda bilsən.

 

Nələri, nələri aparıb getdin,

Gülüş həsrət qaldı dodaqlarıma.

Könlümün odunu qoparıb getdin,

Baxışın iz saldı yanaqlarıma.

 

Nələri, nələri qıydın ömrümə

Əlinin yanğısı əlimdə qaldı.

Gözünün qarası hopdu günümə

Adının həsrəti dilimdə qaldı.

 

Belə səxavətli bilmirdim səni,

Bir ömürlük sevgi qoyub getdin sən.

Demirəm xatırla, xatırla məni,

Unut bircə anlıq, unuda bilsən.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

İnsanların kitab seçimi çox vaxt onların daxili dünyası, düşüncə tərzi və maraq dairəsi haqqında müəyyən təsəvvür yaradır. Kimi klassik əsərlərin dərin fəlsəfi məzmununa üstünlük verir, kimi kriminal və detektiv süjetlərdə sirrin açılmasından zövq alır, kimi isə fantastik dünyaların sərhədsiz təsəvvürünə səyahət etməyi seçir. Məncə, bu seçimlər təsadüfi deyil və insanın xarakteri, emosional ehtiyacları, həyata baxışı ilə müəyyən qədər əlaqəli ola bilər.

 

Necə ki, insanın danışığı, davranışı və münasibətləri onun şəxsiyyətindən xəbər verir, oxumağa üstünlük verdiyi janrlar da onun düşüncə tərzi barədə maraqlı ipucları təqdim edə bilir.

Bəs fərqli janrlara maraq göstərən insanların psixoloji xüsusiyyətləri nələrdir?

 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov "Ədəbiyyat və İncəsənət" portalına açıqlamasında mövzunun psixoloji tərəflərini izah edib:

"Bəzi insanların klassik ədəbiyyata, digərlərinin isə detektiv və fantastik əsərlərə üstünlük verməsi təkcə zövq məsələsi deyil. Bu seçim insanın şəxsiyyət xüsusiyyətləri, emosional ehtiyacları, düşüncə tərzi, həyat təcrübəsi və psixoloji vəziyyəti ilə sıx əlaqəlidir. Oxuduğumuz kitablar əslində beynimizin hansı tip məlumatı emal etməyə daha çox meyilli olduğunu və hansı emosional ehtiyacları qarşılamaq istədiyini də əks etdirə bilər. Klassik ədəbiyyata maraq göstərən insanlar adətən insan təbiətini, münasibətləri, həyatın mənasını və mənəvi dilemmaları dərin şəkildə anlamağa meylli olurlar. Bu əsərlər oxucunu hadisələrin sürətindən daha çox personajların daxili dünyasına yönəldir. Empatiya qabiliyyəti yüksək olan, düşünməyi, təhlil etməyi və emosional zənginlik axtarmağı sevən insanlar klassik ədəbiyyatdan daha çox zövq ala bilirlər. Belə əsərlər insanın özünü tanımasına, fərqli baxış bucaqları qazanmasına və emosional intellektinin inkişafına da töhfə verir.

Detektiv əsərlərə üstünlük verən insanlar isə adətən məntiqi düşünməyi, səbəb-nəticə əlaqələrini qurmağı və qeyri-müəyyən vəziyyətləri həll etməyi sevirlər. Onlar üçün kitab oxumaq yalnız emosional təcrübə deyil, həm də intellektual oyundur. Süjet boyunca ipuclarını izləmək, hadisələri təxmin etməyə çalışmaq və sirrin açılmasını gözləmək beyində mükafat sistemini aktivləşdirir və maraq hissini gücləndirir. Bu səbəbdən detektiv janr bir çox insan üçün həm zehni məşq, həm də stressdən uzaqlaşma vasitəsinə çevrilir".

Müsahibimiz vurğulayıb ki, fantastik ədəbiyyat isə insanın yaradıcılıq potensialını və təsəvvür dünyasını qidalandırır:

"Bu janrı sevən insanlar çox vaxt yeni ideyalara açıq olur, alternativ dünyalar və fərqli ssenarilər üzərində düşünməkdən zövq alırlar. Fantastik əsərlər gündəlik həyatın məhdudiyyətlərindən müvəqqəti uzaqlaşmağa, yaradıcı təfəkkürü stimullaşdırmağa və gələcəklə bağlı fərqli ehtimalları təsəvvür etməyə imkan yaradır. Bu xüsusiyyət xüsusilə yenilikçi düşüncəyə malik insanlarda daha qabarıq müşahidə olunur.

Bununla yanaşı, insanın oxu zövqü həyatının müxtəlif dövrlərində dəyişə bilər. Gənclik dövründə daha dinamik və macəra dolu əsərlərə maraq göstərən bir şəxs zaman keçdikcə klassik ədəbiyyata yönələ bilər. Eyni zamanda emosional vəziyyət də seçimlərə təsir edir. Stressli və yorucu dövrdə insan daha sürətli süjetli əsərləri seçə, sakit və düşüncəli mərhələdə isə klassik ədəbiyyata üstünlük verə bilər. Bu dəyişiklik tamamilə təbii psixoloji prosesdir. Psixoloji tədqiqatlar göstərir ki, kitab seçimi insanın şəxsiyyətini müəyyən edən yeganə göstərici olmasa da, onun düşüncə tərzi və emosional ehtiyacları haqqında müəyyən ipucları verir. Ən sağlam yanaşma müxtəlif janrlarla tanış olmaqdır. Klassik ədəbiyyat empatiyanı və dərin düşünmə bacarığını inkişaf etdirə, detektiv əsərlər analitik təfəkkürü gücləndirə, fantastik ədəbiyyat isə yaradıcılığı və təsəvvürü zənginləşdirə bilər. Müxtəlif janrların oxunması həm psixoloji, həm də intellektual inkişaf baxımından daha balanslı oxu mədəniyyətinin formalaşmasına kömək edir".

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Cümə, 31 İyul 2026 09:34

Ona MÜRŞİD də demək olar…

Elman Eldaroğlu,

 “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Mürşid” kəlməsi ərəb mənşəlidir, mənası- tərbiyəçi, müəllim deməkdir. Yəni insanı doğru yola, zəlalətdən hidayətə yönəldən şəxs deməkdir. Hər bir mürşidin də öz müridləri olur. “Mürid” sözü isə mürşidə bağlanaraq onun yolunu izləyən və təlimlərini öyrənən şəxsə verilən addır. Bu dəfə sizə bir mürşiddən- filosof, sosialoq Mail Yaqubdan söhbət açmaq istəyirəm. O, 1979-cu ilin iyun ayının 10-da Cəlilabad rayonunda dünyaya gəlib. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görüb. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir...

 

Deyir ki:- “Allaha inanıram. İnamımın əsaslandığı aspektə gəlincə, dini aspekti elmi-fəlsəfi aspektdən ayırmıram. Yəni, mənim üçün xurafat və mövhümatdan təcrid olunmuş, sağlam, fundamental zəkaya əsaslanan bir din var. Dediyim bu əsasları İslam dinində tapmaq olar. Həmin əsaslara söykənən din elmi-fəlsəfi aspektdən kənar deyil. Gəlin əvvəlcə “fəlsəfə nədir” və “filosof kimdir” suallarına geniş  aspeltdən yanaşaq və bu çətin suallara cavab axtaraq. Ancaq “fəlsəfə nədir” sualı “filosof kimdir” sualından daha çətindir. Beləliklə- “Fəlsəfə nədir?” Bu sahə çox genişdir. Hər zaman geniş sahələr tərifə çətin sığırlar. Çünki geniş geniş sahələrin aspekti çox olur. Tərifdə isə bütün aspektlər nəzərdə tutulmalıdır. Həmin sahənin də min aspekti varsa, sən o tərifdə min aspektin hamısını sıxışdırmağı bacarmalısan. “Tərif” isə adətən qısa və konkret olur. Məsələnin çətinliyi burdadır. Bir xarici müəllif əsər yazmışdı. Əsərin epiqrafında adətən müəlliflər əsəri  bir insana ithaf edirlər. Biri həyat yoldaşına, biri sevgilisinə, dostuna, anasına və s.. Həmin müəllif epiqrafında yazıb ki, mən bunu bütün dəyərli dostlarıma ithaf edirəm. Və o dəyərli dostların bir-bir adını çəkib. Bu isə, 52 səhifə yer tutub. İndi bu suala cavab olaraq deyim ki, bəzi sualların cavabı başqa sahələrdə araşdırılmır. Yəni, konkret olaraq fəlsəfəyə aid olur. Misal üçün, “var” niyə var?! Baxın, bir bina tikilir. Bina tikiləndə prinsipə uyğun olaraq otaqları boş olmalıdır. Daha sonra təmir edilir və ora mebellər, əşyalar  əlavə olunur. Bu əlavələrdən sonra yaşayış üçün uyğun olur. Ancaq “prinsip”ə uyğun olaraq, bina boş olmalıdır. Adətən prinsipə uyğun olan məsələlərə görə sual verilmir. Heç kim demir ki, bu otaq niyə boşdur, bu boşluğu burada kim yaradıb? Lakin otağa əşya qoyulanda da sual verirlər ki, bu əşyanı kim gətirib?. Baxın, burada sualın yeri var. Çünki onun gətirilib otağa qoyulması prinsipə uyğun deyil. Bildiyiniz kimi, indi böyük kainat var. Bu kainatda “var”lar var. Əslində, olmamalı idi axı. Kim gətirib qoyub bunları bura? Baxın, bu sualın cavabını fəlsəfədə axtarırlar. Aristotel deyib ki, ilk qüvvə burada var. Dində onun adını Allah qoyublar. Fəlsəfədən xəbəri olmayan şəxsin filosof olmasına gəlincə, bu mümkündür. Çünki filosof xarakterli insanlar var. Bu insanlar fitrən fəlsəfi suallar verirlər. Fəlsəfə fitrətdən gəlir. Bu cür insanlar filosof yox, fəlsəfi düşünən insanlar olur. Filosof o adama deyirlər ki, hansısa sistem yaratsın...”

 

Həm zərifliyi və həm də yaradıcı olması ilə seçilir. Çox tərbiyəli və diqqəti cəlb edən insandır. Onun intuitiv düşüncəlri əladır. Qayğıkeş və balanslı olması onun ətraf mühitlə ünsiyyətini çox asanlaşdırır. Yumşaq, tələskən və sakit bir təbiətə sahib olması isə onun əsas xüsusiyyətlərindəndir. Xəyal qurmağı sevir. İstədiyi şeyi əldə etməkdə israrlıdır. Hərəkətlərində çox diqqətlidir. Necə deyərlər, nə əməlindən, nə də dilindən kiminsə zərər çəkməsini xoşlamır. Götürdüyü öhdəliyə məsuliyyətlidir. Yorulmadan, o cümlədən də gecələr işləyə bilər. Dəyişikliklərdən və gözlənilməz situasiyalardan narahatdır. Sakit və dinc mühitlərə üstünlük verir...

 

“Psixologiyada “Halo effekti” deyilən bir termin var. Misal üçün biz bir yerə gedirik, orada çox adam görürük, biri bizə yaxınlaşır və görüşür, biz başlayırıq onunla münasibət qururuq, ola bilsin orada bu adamdan daha intellektli adam var, ancaq birinci qarşınıza bu şəxs çıxıb. On iki il bundan əvvəl Facebook-da bir status paylaşmışdım ki, bir neçə gündən sonra 34 yaşım tamam olacaq. Amma mən bəzi fəlsəfi-irfani ideyaları hələ təzə-təzə anlayıram. İndi o yazımdan 12 il keçir, mən yenə də o fikirdəyəm. Yenə düşünürəm ki təzə-təzə anlayıram.”- söyləyir.

 

Son dərəcə cəlbedici, ləyaqətli və xarizmatikdir. Təbii olan hər şeyə meyllidir. Təbii gözəllikdən zövq alır. Dostluqda sadiqdir, bu davranışı ilə onu ətrafdakılara bariz nümunə kimi göstərmək olar. Çox nəzkətlidir, hətta duyğularından istifadə edən insanlara, ona problem yaradanlara qarşı da yumşaq və mehriban davranır. İstər iş həyatında, istərsə də maliyyə ilə bağlı hər hansı bir sahədə hər şeydə ən yaxşısını etməyə meyllidir. Bir sözlə, o xeyirxah, yaradıcı, anlayışlı, intuitiv, səxavətli, romantik, səmimi və həssas insandır. Sirli, mistik hadisələrlə maraqlanmağı xoşlayır...

 

Deyir ki:- “Ədalət ağılı sevindirən müjdəçidir. Bunu bir düstur ilə izah edirəm. Müasir psixologiyada “Arousal” bir vəziyyət var. İnsan sıxıntılı, əsəbi, yuxulu, ac, stressli olan zaman məntiqlə düşünə bilmir. Mən deyirəm ki, “Arousal” vəziyyətin biri də ədalətsizlikdir. Ədalətsizlik olan atfosmerdə ağıl özünü itirir. Ədalətsiz adamın atmosferi ağıla ziddir. ədalət gələndə ağıl sevinir. Burada Həzrət Əliyə istinad edirəm, Həzrət Əlinin Malik Əştərə yazdığı məktubda deyirlir ki, insanlarla danışanda onlara üz tutub demə ki, mən sizin başçınızam, tabe olmalısınız. Əgər görsən ki, təkəbbürlüsən, onda Allahın səltənətini yadına sal. Yəni o da başçıdır, sən də başçısan. Beləliklə özünü müalicə et, bunu etsən, itmiş ağlın yerinə gələcək...”

 

Düşüncə və intellektual fəaliyyətlərdə çox aktivdir. Onun fəlsəfəsi ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir fikir və hər bir fərd öyrəniləsi bir mövzudur. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışır. Odur ki, tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür və bu mövzular ətrafında dərin mülahizələr yürütməyi bacarır. Onun həyat fəlsəfəsi hər zaman dəyişkən və inkişafda olan bir prosesdir, çünki o, hər yeni təcrübədən dərs çıxarmağa və öyrəndiklərini həyatına tətbiq etməyə səy göstərir...

 

“Əgər desəm ki, bir müsəlman olaraq danışıram və qeyri-müsəlmanların hamısını təhqir edirəm, əlbəttə ki, burada mən haqsız olaram. Orada haqsız olaram ki, orada dialoq və polemika üçün zəmin yoxdur. Burada məsələnin ümumbəşəri ağıla transfer etmək metodu var. Amerika filosofu Con Dyui deyir ki, insanın yeməyə ehtiyacı olduğu kimi mühüm adam hesab edilməyə də ehtiyacı var. Münasibətlərdə qarşı tərəfə dəyər verməsəniz, o polemika baş tutmayacaq. Deyə bilərəm ki, peyğəmbərimiz belə buyurub, çinli də deyə bilər ki, Konfutsi belə buyurub. Burada heç bir toqquşma yoxdur. Mən Nitşeyə də istinad edirəm, peyğəmbərimizə də, Həzrət Əliyə də. Sadəcə fərq budur ki, Azərbaycan insanı öyrəşməyib bir fəlsəfə müəlliminin tez-tez Qurana, Həzrət Əliyə istinad etməsinə. Əvvəl Nitşe vardı, Tolstoy, Huqo vardı, indi Həzrət Əlini də gətirmişəm bu saraya. Bu metod çox vacibdir, biz dini ehkamçılıqdan çıxarmalıyıq.”- söyləyir.

 

Tanınan xüsusiyyətlərindən biri də onun çoxşaxəli olması və maraq dairəsinin genişliyidir. O, bir mövzuya maraq göstərdiyi zaman, bütün diqqətini ona verir, lakin tez bir zamanda başqa bir maraqlı mövzuya da keçə bilir. Bu dəyişkənlik bəzən onu qeyri-sabit və qərarsız göstərə bilər, lakin əslində bu, onun zəkasının nə qədər geniş olduğunu göstərir...

 

Deyir ki:- “Mən elə düşünürəm ki, bəzən əsas missiya yaddan çıxır. Dinin əsas mahiyyəti qalır bir kənarda məzhəblər, firqələr ortaya çıxır. Nədir əsas mahiyyət? Əsas mahiyyət mətnə istinad ediləndə başa düşülür. Məsələn, mən elə şirkət rəhbərləri tanıyıram ki, çox səmimi və təvazökardırlar və işçilər də o qədər sevirlər ki, o rəhbəri. Bu cür rəftar edir və hamı sevir, bu da bir növ dindir. Məsələn, dünyanın ən müasir ölkəsi olsun, texnologiya yüksək səviyyədə olsun, hər şey yüksək səviyyədə, heç bir problemi yoxdur, indi burada dinin funksiyası nə ola bilər? Dinin funksiyası o vaxt məlum olur ki, dinin dediyi ideyaları sıralayaq və sonra müasir cəmiyyətə gətirək, görək problemlərinə dərman ola bilirmi? O zaman görəcəyik ki, din bizə lazımdır, yoxsa yox. Əlbəttə ki, lazımdır, vacibdir və dinin irfani tərəfləri çox mühümdür. İslamın özündə də bu zəngindir. Mənim müşahidələrimə görə, sadəcə bəzi din təqdimatçılarının böyük problemi var. İnsan özü kobuddursa, o, Allahı insanlara sevdirməyi bacarmayacaq...”

 

Ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Odur ki, sosial çevrəsi çox genişdir. Məntiqli, analiz edən və düzgün qərar verən insandır. Sürətli düşünmə qabiliyyəti var və problemləri kreativ, gözlənilməz yollarla həll etməyi bacarır. Hər cür şəraitə və vəziyyətə tez uyğunlaşa bilir. O, münasibətlərdə də maraqlı və dinamikdir. Onun üçün intellektual uyğunluq və ortaq maraqlar münasibətlərin vacib tərkib hissəsidir...

 

“Sadə bir müəlliməm, içimdə bir enerji, istək var, dayanmadan mütaliə edib öz üzərimdə çalışıram. Dəvət edirlər, gedirəm, auditoriyalarda, verilişlərdə danışıram. Sonra bir mərkəzimiz var, akademiyada paylaşırlar. Və beləcə çoxlu mesajlar alıram. Mən tənqidə açıq adamam, çünki tənqid inkişafa aparır. İstəyirəm ki, yaxşı bir cəmiyyət formalaşdıraq. Arzulayıram ki, Azərbaycan gözəl cəmiyyətə dönsün, mənəvi, maddi problemləri azalsın. Bunun üçün də öz dairəmdə bacardığım qədər çalışıram...”- söyləyir.

 

Xülasə, haqqında söhbət açdığım pedaqoq, filosof, sosioloq Mail Yaqub, bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi bir dövrdə, cəmiyyəti düzgün istiqamətə yönəltmək uğrunda yorulmadan çalışan ziyalılarımızdandır. Ona MÜRŞİD də demək olar...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə Azərbaycan Milli QHT Forumunda anım tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin keçdiyi şərəfli ömür yolundan, Vətənə sonsuz sevgisindən və döyüşlərdə göstərdiyi igidlikdən bəhs edib. Bildirib ki, torpaqlarımızın azadlığı, dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsinin daim yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur.

Sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhidin anası, qazi Sevil Hüseynova oğlunun həyat yolundan danışaraq bildirib ki, Zaur ailənin yeganə oğlu  olsa da, Vətən sevgisini hər şeydən üstün tutaraq müqəddəs şəhidlik zirvəsinə ucalıb. O qeyd edib ki, övlad itkisi hər bir ana üçün ağır olsa da, oğlunun Vətən uğrunda canından keçməsi ona böyük qürur verir. Sevil ana çıxışını "Allah Vətənimizi qorusun, bir daha heç bir ana övlad acısı yaşamasın. Qoy övladlarımız sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Vətən sağ olsun!" sözləri ilə yekunlaşdırıb.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının şərəf salnaməsidir. O vurğulayıb ki, qəhrəman oğullarımızın həyat yolu daim öyrənilməli, onların əziz xatirəsi yaşadılmalı və gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

 

Tədbirdə çıxış edən şəhid Zaur İsmayılzadənin  bacısı  Xavər Nizami qızı , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Xətai rayonu üzrə kuratoru Nuru İmanov, Komitənin əməkdaşı Rəşadət Hidayətoğlu, Əbədi Turan Kitab Fondunun rəhbəri, filologiya elmləri doktoru Esmira Fuad, yazıçı Aqşin Ağkəmərli və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin üzvü Tərxanım Musayibqızı şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlığın xalqımızın milli-mənəvi dəyərlərinin, vətənpərvərlik ruhunun və milli birliyinin ən ali təcəssümü olduğunu vurğulayıblar. Natiqlər şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların keçdiyi şərəfli ömür və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirərək, şəhid Zaur İsmayılzadənin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbiri çərçivəsində şəhid Zaur İsmayılzadənin həyat və döyüş yolunu əks etdirən xüsusi xatirə guşəsi də təşkil olunub. Guşədə şəhidin müxtəlif dövrlərdə çəkilmiş fotoları, təltif olunduğu medal və ordenlər, eləcə də şəxsi əşyaları nümayiş etdirilib. Guşə tədbir iştirakçılarında böyük maraq doğurub, şəhidimizin ömür yolu və qəhrəmanlığına dərin ehtiramın ifadəsinə çevrilib.

Daha sonra şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər, media nümayəndələri və gənclər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın heç zaman unudulmayacağını, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirərək şəhid Zaur İsmayılzadənin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

 

Ana dilimiz - milli kimliyimizin əbədi möhürü

  

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən təsis edilib və ana dilimizin dövlətçilik tarixindəki müstəsna rolunu bir daha diqqət mərkəzinə gətirir. Bu gün yalnız təqvimdə əlamətdar bir tarix deyil, həm də milli kimliyimizin, mənəvi sərvətlərimizin, tarixi yaddaşımızın və dövlətçilik ənənələrimizin təcəssümüdür.

 

Hazırda dünyada 50 milyondan artıq insan Azərbaycan dilində danışır. Minilliklər boyu formalaşan zəngin dilimiz xalqımızın mənəvi varlığını yaşadan, milli birliyimizi qoruyan ən mühüm amillərdən biri olub. Tarixin müxtəlif dövrlərində Azərbaycan dövlət müstəqilliyini itirsə də, xalqımızı bir millət kimi qoruyan onun dili, mədəniyyəti, ədəbiyyatı və milli-mənəvi dəyərləri idi. Məhz ana dilimiz assimilyasiya siyasətinə qarşı xalqımızın ən möhkəm sipərinə çevrilmişdir.

Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması siyasəti açıq şəkildə həyata keçirilirdi. Ana dili uğrunda mübarizə aparmaq böyük cəsarət tələb edirdi. XX əsrin 30-cu illərində milli dil məsələsini qaldıran ziyalıların repressiyalara məruz qalması, sürgün olunması həmin dövrün acı həqiqətlərindən biridir. Belə mürəkkəb siyasi şəraitdə belə Azərbaycan dili öz zəngin daxili potensialı və xalqın ona bağlılığı sayəsində yaşamağı və inkişaf etməyi bacardı.

Azərbaycan dilinin dövlət dili kimi qorunması və hüquqi status qazanması istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri tariximizin ən şərəfli səhifələrindəndir. 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra ittifaq respublikalarının əsas qanunlarında dövlət dili məsələsinin əks olunmasına ciddi maneələr yaradılsa da, Heydər Əliyev prinsipial mövqeyindən geri çəkilmədi. Onun qətiyyətli iradəsi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. O dövrün siyasi reallıqları nəzərə alınarsa, bu addım milli maraqların qorunması baxımından böyük tarixi nailiyyət idi.

Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə də Ümummilli Lider ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etdi. Onun "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir" fikri bu siyasətin əsas ideoloji xəttini təşkil edir. Heydər Əliyev haqlı olaraq vurğulayırdı ki, Azərbaycan dili bütün təzyiqlərə baxmayaraq qorunub saxlanılmış, inkişaf etdirilmiş və bu gün yüksək elmi, ədəbi və ictimai imkanlara malik mükəmməl bir dil kimi formalaşmışdır.

2001-ci il iyulun 18-də imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, həmin ilin avqustun 9-da təsis olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, eləcə də 2003-cü ildə qüvvəyə minən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun ana dilimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu sənədlər dövlət dilinin bütün sahələrdə tətbiqinin genişləndirilməsinə, onun saflığının qorunmasına və gələcək inkişafına xidmət edən strateji qərarlar kimi tarixə düşdü.

Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycan dilinin yeni dövrün çağırışlarına uyğun inkişafını təmin edir. Latın qrafikalı nəşrlərin kütləvi çapı, "Azərbaycan Milli Ensiklopediyası"nın hazırlanması, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsi, 2013-cü ildə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi və dilimizin saflığının qorunmasına dair qəbul edilmiş mühüm sənədlər dövlətin ana dilinə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.

Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq tribunalarda, diplomatik görüşlərdə, mötəbər beynəlxalq təşkilatların iclaslarında səslənir. Bu, müstəqil dövlətimizin qüdrətinin, milli kimliyimizin və dilimizin nüfuzunun göstəricisidir. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəni irsi, ədəbiyyatı və mənəvi dünyasıdır. Ana dilini qorumaq milli varlığımızı qorumaq deməkdir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə ana dilimizin keçdiyi tarixi inkişaf yolu, onun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də müasir dövrdə dilimizin qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə şair, publisist, folklorşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Avtandil Ağbaba, AZƏRTAC-ın Sumqayıt bölgəsi üzrə müxbiri Ətrabə Rzayeva, "Sumqayıt" qəzetinin və "Ədəbiyyat və incəsənət" saytının əməkdaşı, şair-publisist İlhamə Məhəmmədqızı, Sabir Sarvan adına Uşaq Poeziya Teatrının rəhbəri Yeganə Hüseynova, Nizami Gəncəvi adına Kitabxana-Klubun direktoru Ülviyyə Quliyeva və digər ziyalılar çıxış edərək ana dilinin milli-mənəvi dəyərlər sistemində tutduğu müstəsna yerdən, dövlətin bu sahədə həyata keçirdiyi uğurlu siyasətdən, gənc nəslin dilə sevgi ruhunda tərbiyəsinin vacibliyindən danışıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, qloballaşma dövründə Azərbaycan dilinin saflığını qorumaq, onu gündəlik həyatda düzgün tətbiq etmək hər bir vətəndaşın mənəvi borcudur.

Tədbir maraqlı diskussiya şəraitində keçib, iştirakçılar dilimizin zənginliyinin qorunması, bədii sözün inkişafı, milli-mənəvi irsin təbliği istiqamətində fikir və təkliflərini bölüşüblər.

Ümummilli Lider Heydər Əliyevin "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur" fikri bu gün də öz aktuallığını qoruyur. Hər bir azərbaycanlının müqəddəs vəzifəsi ana dilimizi sevmək, onu saf saxlamaq, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Çünki ana dili xalqın milli pasportu, tarixinin canlı salnaməsi və müstəqilliyinin ən möhkəm dayaqlarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Səma Muğanna,

“Ədəbiyyat və incəsənət”

 

Həmsöhbətim Azərbaycannın ən görkəmli şairlərindən biri, məhəbbət poeziyasının zirvəsi olmuş Nüsrət Kəsəmənlinin övladı,  Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənlidir.

 

1. Rəşad bəy, atanızla bağlı uşaqlığınızda, ya da gənclik illərinizdə ən yadda qalan xatirəniz?

 

Atamla bağlı çox xatirələrim olub. Ən yadda qalanlardan biri isə uşaqkən şeirlər yazırdım, getdikcə bu həvəs daha da çoxaldı, indi də şeir yazmaq mənim üçün mənəvi qidadır. 12 il bundan öncə şeirlər kitabım çap olunub. Atama şeirlərimdən birini göstərdim, çox bəyəndi, hətta şeirimdəki bir misranı belə vurğuladı ki, bax çox xoşuma gəldi. Mən isə atama zarafatla dedim ki, ata, bəyəndinsə, bu şeiri öz adına təqdim etməyinə sənə icazə verirəm. O an üzündəki təbəssüm getdi, sərt bir ifadə aldı. Mənə dedi: “Öğul, yadında saxla, sənət elə bir şeydir ki, burada atana belə güzəştə getmə, çünki ata bir tək sənə məxsusdur, amma sənət isə xalqa. Sənə məxsus olanı el-obaya da qurban vermə. Əgər sənətdə məndən belə yaxşısansa, vur keç!” O zaman anladım ki, sənətdə böyüyə, kiçiyə hörmət lazım deyil, çünki sənət xalqa məxsusdur və xalqdan böyük heç nə yoxdur. O vaxtdan bu fikir mənim yaddaşıma əbədi həkk olunub.

 

2. Kəsəmənli soyadının karyeranızdakı  rolu nədir?

 

 Soyadımla həmişə fəxr etmişəm, ancaq elə zaman olub ki, bu soyad mənə çox qapıları açıb, bəzən isə bu qapılar bağlanıb. Mən bağlı qapıların arxasında qalmaqla belə fəxr etmişəm, çünki soyadım var, bununla fəxr edirəm. Mənə çox xoşdur ki, bu sənətə gəldim və bir  müddətdən sonra məni görən sənət adamları belə bir fikir səsləndirirlər. Bunu deyənlərdən biri də hamının tanıdığı, gözəl aktyorumuz Natiq Fərzəliyevdir. O deyir ki, Rəşad, səni soyadına görə tanıdıq, amma özünə görə hörmət etdik, sevdik. Bundan başqa, dəfələrlə aktyorlar, aktrisalar, müğənnilər, hətta izləyicilər belə bu fikri deyirlər: "Rəşad,  sən özünü təsdiq etdin. Sənin kiminsə köməyinə ehtiyacın yoxdur." Mənim üçün böyük uğurdur ki, mən özümü özüm kimi təsdiq etməyi bacardım.

 

3. Biri vardı, biri yoxdur" hamımıza məlumdur ki, Nüsrət Kəsəmənlinin həyat tarixçəsilə bağlıdır. Bu şeirin bir parçası sizin həyatınıza da toxunubmu?

 

"Biri vardı, biri yox" mənim həyatımda  öz təsirini göstərib. Atam daxili tənhalığı ilə bu şeiri yazıb. Atamın  çox şeirləri olub, onun bu şeirində də mən özümü tapdım və yaşadım. Atam mənə çox şey öyrətdi. O, dünyadan köçəndə ad günündə, xoş günlərində yığışan dostlarını da özü ilə birgə qəbrə apardı. O mənə öyrətdi ki, sağlığında hansısa bir stasusa maliksənsə, ətrafında yüzlərlə insan varsa, əmin ol ki, 10 nəfəri sənin öz mənliyinə, şərəfinə, insanlığına görə yanında qalacaq. Qalanları isə şan-şöhrətdən ötrü. Təbii ki, mən atamın keçdiyi yolları keçməmişəm, çünki atam mənə hər zaman deyərdi: "çünki sən Nüsrətin oğlusan! Sən də mənim kimi böyüməyin üçün atan gərək Nüsrət olmayaydı."  Atam düz deyib, çünki o, qayğıkeş idi, uşaqları çox sevirdi. Müəyyyən bir yaşdan sonra isə atamla dost olmuşuq.

 

4. İllərdir teatrda çalışırsız, tamaşaçılar tərəfindən çox sevilirsiniz. Maraqlıdır, xoşbəxtliyin açarını sənətdə tapmısınız, yoxsa ailədə?

 

Mənim üçün teatr, sənət həqiqətən böyük xoşbəxtlikdir. O mənim başqa bir dünyamdır. O özümü axtarıb tapdığım dünyadır. Mənim özümü görmək istədiyim kimidir. Çalışdığım Bakı Bələdiyyə Teatrının rəhbəri, iş yoldaşlarım və hər kəs gözəl bilir ki, mən işə sevə-sevə gəlirəm. Yalnız işə getmək üçün getmirəm, sevdiyim yerə gedirəm. Yeni tamaşalar olduqda və mənə rol verildikdə çox sevinirəm. Demək, artıq mən bir neçə ayı hər gün bu rolun üzərində işləmək, oynamaq üçün kollektivlə görüşüb, məşqlər edəcəyik və sonunda gözəl bir tamaşa ərsəyə gələcək. Bu mənim üçün böyük xoşbəxtlikdir. Ailədə isə təbii olaraq balalarım var, onların yanına qaçıram, bu da başqa bir xoşbəxtlikdir.

 

5. Gəlin, bir az məktəb illərinə qayıdaq. Yəqin ki, ilk sevginiz olub və məktəb illərinə təsadüf edib. Necə xatırlayırsınız?

 

Məktəb illərində uşaqkən birini sevdim, amma yəqin ki, ona sevgi demək olmaz, çünki sevginin nə olduğunu hələ dərk etməmişdim. Uşaqların sevgisi saf olur, amma ona tam sevgi də demək olmaz. Hər zaman partada yanında oturmağa çalışırdım, müəllim uşaqları bölərkən, mən artıq onun yanında otururdum, amma bu az bir müddət çəkdi, 3 ay.  Bu hadisə birinci sinifdə olub.

 

6. Düşünün ki, hal-hazırda daxili dünyanızda dəhşətli fırtına qopur. Bu zaman  tamaşaçı qarşısına çıxıb rolu ifa etmək necə bir hissdir? Çox çətindir?

 

O qədər olub ki, stress, əsəb, böyük bir problem içində olmuşam və səhnəyə çıxıb, tamaşa oynamışam. Normal insanın fikri məhz o problemdə qalır ki, həll olunmalıdır, çünki bu artıq onun həyatını zəbt edib. Ancaq mən rolumu oynamışam, çünki bilirsiniz, tamaşa, kino, teatrda tamaşaçı heç bir halda günahkar deyil. Əgər sən səhnəyə çıxırsansa, problemin varsa və bu sənin oynadığın rolda öz əksini tapırsa, bu tamaşaçının günahı deyil. Sən bu rolu gözəl oynamağa məcbursan, çünki tamaşaçı qarşısına çıxırsan, onlar səndən bunu gözləyir. Sənin haqqın yoxdur ki, rolu pis oynayasan, çünki onlar səni sevib gəliblər. Artıq sən özün özünü aşağı salmış olacaqsan. Buna görə insan özünü psixoloji hazırlamalıdır, bu asan deyil, çox çətindir. Bu vəziyyətə düşmədən öncə zehnində bu anı yaşamalısan ki, hazır olasan. Mən də bunu dəfələrlə yaşamışam. Deyə bilmərəm ki, tam gizlətmişəm, bu mümkünsüzdür, amma mən rolumu mükəmməl şəkildə oynamağa çalışardım və elə də bilərdim ki, oynadım. Hər kəs bu sənətin asan olduğunu düşünür, amma inanın ki, yaxşı və məsuliyyətli aktyor olmaq çox çətindir.

 

7. Atanızla yenidən görüşsəniz, ona ilk sözünüz nə olardı?

 

Atama çox sözlər deyərdim, həyatdan köçmədən öncə çox şeyləri düzəltməsini istəyərdim, çünki yükü mənim çiynimdə qaldı. Bu yük atamdan qalmış olsa da, mən çəkərəm. Ancaq yenə də çox istərdim ki, atam yenidən gəlsin, onun boynuna sarılım və bəzi məsələləri ikilikdə onunla dərdləşim, çünki o mənim sözün əsl mənasında dostum idi.

 

8. . Arzu etdiyiniz, amma heç vaxt oynamadığınız rol?

 

Uşaqlığımdan bəri hər zaman demişəm, hətta bu sənətə gəlməmişdən öncə də bu fikirdə olmuşam. Rasim Balayev sağ olanda belə, Allah ona qəni-qəni rəhmət eləsin. Mən ona "Rasim əmi" deyə müraciət edərdim, çünki onun qucağında böyümüşəm, atamın ən yaxın dostlarından biri olub. O vaxtlar futbol oyunlarında hər həftə mütəmadi olaraq birlikdə gedərdilər, mən də Rasim əminin boynunda gedərdim. Rasim əminin ruhu şad olsun. Hər zaman demişəm ki, mən çox istərdim ki, "Babək" rolunu oynayım, hətta sağlığında Rasim müəllimin özünə də demişdim. Bilmirəm kino yenidən çəkilər, ya da çəkilməz, amma bu mənim arzumdur. Bəlkə gələcəkdə kino yox, tamaşa olar, böyük məmnuniyyətlə mən o insanın xarakterini canlandırmaq istərəm.

 

9. Məhz indiki yaşınızda ⁠ananız Rəhilə xanımın gənclik illərinə səyahət etdiyinizi düşünün.  İlk təəssüratınız?

 

Bu an belə mən onu gözümün önündə canlandırdım. O məni tanımayacaqdı, amma mən görən kimi biləcəkdim ki, odur. İlk növbədə qarşısında baş əyərdim, amma çıxıb gedəndən sonra arxasınca ağlayardım. Baş əyməyim onun çox böyük xanım olmağına görədir. Mən həyatı yaşadıqca hər qadının o ürəyə sahib olmadığını gördüm. Hər qadın o cür xanım ola bilmir, ona görə onun qarşısında diz çöküb, baş əyərdim, amma getdikdən sonra ürək dolusu ağlayardım. Niyə? Çünki onun keçəcəyi həyat yolu gözümün qarşısında canlanardı və mən artıq onun nə çəkmiş olduğunu biləcəkdim, buna görə də için-için ağlayardım.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu günlərdə hər bir ədəbiyyatsevər dərin kədər içindədir. Xalq şairi Nəriman Həsənzadənin səhhətinin ağırlaşması və süni tənəffüs aparatına qoşulması hamını narahat edir. Aldığımız son məlumata görə, onun səhhətiylə bağlı heç bir irəliləyiş yoxdur.

 

Ömrünü Azərbaycan söz ədəbiyyatına, poeziyasına, milli-mənəvi dəyərlərimizin yaşadılmasına həsr etmiş şairin qələmi neçə-neçə nəsillərin ruhuna işıq salıb. O, daim Vətən sevgisini, saf duyğuları tərənnüm edib.

Onun varlığı bir millətin mənəvi sərvətidir.

Bildiyiniz kimi, şair şeirlərini sovetdənqalma yazı makinasıyla yazırdı. Yeni texnologiyalara alışa bilmirdi. Son bir ildə şairin səhhəti ona yazıb yaratmağa imkan vermədiyindən, olsun ki, ötən il yazdığı bu şeir onun sonuncu şeiridir. Doğulduğu yerlərin həsrəti, qəlb göynərtiləri görün necə də ustalıqla qələmə alınıbdır.

 

NƏRİMAN HƏSƏNZADƏ,

“POYLU VAĞZALI”

 

Yada düşür Kür çayı,

Analı vaxtımıydı,

Bizim Poylu vağzalı

Mənim paytaxtımıydı.

Bilmirdim qayğı nəydi,

Ağrı nəydi, fikir nə.

Mən meydan oxuyurdum,

Bu dünyanın özünə.

Əyilib bu torpağı,

Öpürəm indi, Tanrım.

O günləri, ayları

Kaş görəm indi, Tanrım.

                     (Bakı şəhəri. 13.VII.2025)

 

Əlacımız yalnız böyük söz ustadına Uca Allahdan şəfa diləməyə qalır. Dualarımız onunladır. İnşallah, bu çətin günləri də geridə qoyar.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Siz başqa kimi tanıyırsınız ki, öncə həkimliyə könül versin, sonra həm yazıçı olsun, həm də aktyor? Yazıçı-rəssam var, şair-bəstəkar, şair-müğənni də var. Amma yazıçı-aktyor heç eşitməmişdim, bu ilki oldu. Azərbaycan yazıçısı, aktyor Şahmar Hüseynov. Bu gün həm də onun doğum günüdür.

 

O, 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olub. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alıb. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçib (3 il) və leytenant rütbəsi qazanıb.

Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I-ci kursu başa vurmadan oranı tərk edib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, dram və aktyorluq fakültəsinə  qəbul olunub.

Kurs rəhbəri məşhur Azərbaycan rejissor və aktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.

Əllidən çox tamaşada oynayıb və hər tamaşada fərqli obrazlar yaradıb. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub.

Uşaq vaxtından kiçik hekayələr yazan Şahmar Hüseynov aktyor fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olub. Şahmar imzası ilə Azərbaycan mətbuatında hekayələri işıq üzü görüb. Onun “Bir balaca səhv” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap edilib.

Bir-birindən maraqlı hekayələri ilə ədəbi mühitə səs salan Şahmar təkcə aktyor kimi deyil, həm də yazıçı kimi də peşəkarlaşıb. Onun hekayələrində kənd cazibəsi, yaşadıqları ilə yanaşı teatr aləmi, şəhər həyatı, xüsusilə, aktyorların həyatı öz əksini tapıb. 70-ci illərdə yazıçının “Sehrli güzgü” adlı pyesi çalışdığı Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

1986-cı ildə "Elçilik" adlı bir hekayələr kitabı çap olunub. Ölümündən sonra, 1989-cu ildə isə yazıçının “İtki” kitabı çapdan çıxıb. 11 yanvar 1989-cu ildə "Gözləmədyim gəliş", "Qoyungöz", "Qəndil-sinab" hekayələrinə görə Mirzə Fətəli Axundov adına ədəbi mükafata layiq görülüb.

 1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var.

Amma çox qısa ömür sürüb.

1988-ci ilin 9 yanvar tarixində Bakıda, yaşadığı mənzildə ürək tutmasından dünyasını dəyişib. Valideynlərinin istəyi ilə dəfni doğma yurdu Gəncədə baş tutub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

 

 

Elşən Təhməzov adlı müəllif şeirlərini sosial media hesabımıza göndərib, dərc edilməsini xahiş edib. Əlbəttə ki, biz “Ədəbiyyat və incəsənət” olaraq azacıq işıq olan hər bir yazını dərc edirik. Elşənin şeirlərində lirizm güclüdür, hisslər inandırıcıdır.

 

Düzdür, bəzən o, ən məşhur şeirlərdən təsirlənib bunu aşkar üzə çıxarır. Elə bu misralarda olduğu kimi:

Mən səni ən gözəl

sevən insanam,

Sən məni ən gözəl

unudan insan.

Amma digər hallarda o, özünəməxsus şairdir, oxumağa dəyər.

Xətrimə ki dəyməmişdin,

Üzüm səndən niyə döndü?

Gözü şəkər, sözü qəndim

Üzüm səndən niyə döndü?

Beləliklə, sizləri Elşən Təhməzovun şeirləri ilə başbaşa buraxıram.

Xoş mütaliələr.

 

 

AYRILIQ

 

Əzablar çoxalır sevəndə insan,

Ömür kədərlidir, həyat zülümdür.

Deyirlər: “Ayrılıq ölüm deyil ki”

Ayrılıq – ölümdən betər ölümdür.

 

Nə yatmaq, nə yemək, nə gəzmək olur,

Yatdığın yuxuda ümid arzusu.

Yediyin yemək də keçmir boğazdan,

Gözlərin hər yerdə gəzir o qızı.

 

Fikirlər ürpərir xəyal quranda,

Tənhalıq qəlbinin yelkənləridir.

Çölün bir məzarın sükutu kimi,

İçinsə fırtına, alov kimidir.

 

Gör necə yanmışam sənin oduna,

Bir baxsan, sovrulan mənim külümdür.

Deyirlər: “Ayrılıq ölüm deyil ki”

Ayrılıq – ölümdən betər ölümdür.

 

 

ÜZÜM SƏNDƏN NİYƏ DÖNDÜ?

 

Xətrimə ki dəyməmişdin,

Üzüm səndən niyə döndü?

Gözü şəkər, sözü qəndim

Üzüm səndən niyə döndü?

 

Gəzir fikirlər başımda,

Sınan üzüyün qaşında,

Deyib gülən bu yaşımda,

Üzüm səndən niyə döndü?

 

Bir dənə yoxdur əvəzin,

Yazmağa tapmıram vəzn,

Ay mənim bu iki gözüm,

Üzüm səndən niyə döndü?

 

Güzgüdə baxdım özümə,

Yaş qonaq gəlir gözümə,

Hey deyirəm öz-özümə

Üzüm səndən niyə döndü?

 

Yarama vururam yamaq,

Quruyub dil, dodaq, damaq.

Düz iki il bundan qabaq

Üzüm səndən niyə döndü?

 

 

YEMƏYİMİN QAÇIB DUZU

 

Yeməyimin qaçıb duzu,

Yox çayımın istisi.

Nə bir insan səsi vardır,

Nə pişik hənirtisi.

 

İndi bir az dəli kimi,

İndi bir az ağıllı.

Qəm içində olan ömrüm

Elə bil ki nağıldır.

 

Ayılmağı gözləyirəm

Bu yuxudan, kədərdən.

Şirin arzu gözəl imiş

Bu boş xatirələrdən.

 

Nədənsə bir gün görmədi,

Gəncliyim, uşaqlığım.

Başıma da bəla oldu

Bu ürəyiyumşaqlığım.

 

 

SƏNİ DÜŞÜNƏNDƏ, DÜŞÜNMƏYƏNDƏ

 

Səni düşünməyəndə,

Elə bil naqisəm mən.

Səni düşünəndə də

Narahatam, pisəm mən.

 

Ayrılsaq da, sevgilim,

Ən gözəl yarım oldun.

Sən yoxsan deyə mən də

Qəmlə sevgili oldum.

 

Mənim sözlərimə,

yarım, inansan ?

Mənim atəşimdə

alışacaqsan.

Mən səni ən gözəl

sevən insanam,

Sən məni ən gözəl

unudan insan.

 

 

ŞEİRLƏR SƏNİ VERMİR

 

Ağlama qurban olum,

Ağlama məndə nə var?

Nə olsun ki sevmədim,

Nə olsun soyuyuram.

 

Mənim ki nə maşınım,

Nə də bir boy-buxunum,

Nə də ki çoxlu pulum,

Nə də yaraşığım var.

 

Unut məni, sevgilim,

Unut məni astaca.

Sənin kimi çoxları

Çox ağlayıb dalımca.

 

Əllərimi gizlədim

Tutmayasan sən deyə,

Sənə “Ayrılaq” dedim

Yollandım sənsizliyə.

 

Bir ildir ayrılmışam,

Qəlbim sənçün darıxıb.

Sənin kimi çox idi,

Hamısı yaddan çıxıb.

 

Unuda bilmirəm ki,

Zərrə-zərrə sezmişəm.

Bunu anlamışam ki,

Təkcə səni sevmişəm.

 

Son görüşdə baxırdın

Gözünü qaçırmayıb.

Əllərimi tutmağın

Heç yadımdan çıxmayıb.

 

Deyərdin ki, şeir yaz

Gecə-gündüz mənə sən.

Mən də yaza bilmirdim

Deyirdin ki, şeirsiz

Şair imişsənki sən.

Amma indi yazıram

Xəbərin yox 1 ildir.

Şeirlər səni vermir,

Ancaq təsəlli verir.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

 

 

 

 

Cümə, 31 İyul 2026 15:40

Onun parodiyaları çox mükəmməl idi

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Parodiya! Burada söhbət kimisə təqlid etməkdən getmir. Fitri istedadla həmin şəxsin obrazını yaratmaqdan gedir.

Bu janr çətin janrdır, amma insanları hədsiz güldürən və əyləndirən janrdır həm də. Tanınmış parodiyaçı Həsən Cəbrayılov sovetlər dönəmində çox məşhur idi. Televiziya, konsert salonları onun çıxışlarını növbələyirdi.

Bu gün unudulmaz sənətkarın anım günüdür.

 

Həsən Cəbrayılov əslən Ərdəbil şəhərindən olsa da, 1949-cu ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində dünyaya göz açıb. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhəri 39 nömrəli tam orta məktəbini, Rabitə Texnikumunu və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU), Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirib.

1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən ömrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilib. 1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələrini ifa edib.

O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim edib. Azərbaycanda parodiya sənətini fundamental şəkildə ilk olaraq məhz Həsən Cəbrayılov başladıb. İlk dəfə böyük səhnəyə Moskvada 1980-ci ildə çıxıb. 100-ə yaxın dildə, 300-dən çox aktyor və müğənniləri parodiya etməyi bacarıb. Filmlərə və verilişlərə baxdıqca məşhur aktyor, müğənni və aparıcıların səsləri, ifa və danışıq tərzini mənimsəyib. Peşəkar yumorist və müğənni kimi hər dəfə tamaşaçıların qarşısına maraqlı proqramlar ilə çıxıb, onların sevgisini və alqışını qazanıb.

Amma o, tək parodiyaçı deyildi.

Beş kitabın və 300-dən çox məqalənin, müxtəlif səpkili şeirlərin də müəllifidir. Həsən Cəbrayılov 27 iyul 2019-cu ildə işdən evə qayıdarkən infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Özü də bilmədən daha əvvəl 4 dəfə mikroinfarkt keçiribmiş. 2019-ci il iyulun 31-də vəfat edib.

 

Mükafatları

Müxtəlif yarışmaların, o cümlədən Moskva "Beynəlxalq Tələbə baharı-80", İrəvan "Tələbə baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Bolqarıstanın Qabrovo şəhərində keçirilən yumor yarışmasının, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi və çempionu olub. İki milli ədəbi və musiqi mükafatlarına layiq olunub.

Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən, 2016-cı il noyabrın 7-də, "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.