“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Qəhrəman Kamiloğlunun şeirləri ilə tanış edəcəyik.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
Qəhrəman KAMİLOĞLU
EDƏSƏN
Məni, xoşdur, baxışından asıb edam edəsən!
Sonra hər gün baxıb əhvalıma bayram edəsən!
Ye səhər gözlərimin qarasını, nuşi-canın,
Özüm axşam verərəm ağlarını, şam edəsən!
Tellərindən asılıb qalmağım əyləncən idi,
Çəkəsən dara məni, gündüzü axşam edəsən
İstəyim tək budur, Allah, bu əzazil mələyi
Əbədi tək məni edam üçün ezam edəsən.
Kirpiyindən əgər illərlə asılsam, qalsam,
Ölərəm, istəmərəm halıma əncam edəsən.
Bezmərəm, ac-yalavac hey dolaşam çöhrəndə,
Bəs edər, bircə təbəssüm mənə ənam edəsən.
Xoşdursa, Qəhrəman, ölmək o baxışlarda sənə,
Gərək öz qatilinə hər gün ehtiram edəsən!
SEVGİNİN İNTİQAMI
Hara baxdım, səni gördüm qapıdan, pəncərədən,
Məhrum etdin məni aləmdəki hər mənzərədən.
Səni görməklə unutdum gözəl aləmdə nə var,
Məhəbbət intiqamı bir cür alırmış hərədən.
Bir dəfə qətlə yetirdin məni, bir söz demədim,
Mənə hər dəfə bunu eyləməyindir yer edən.
Qəm çəkənlər hərə bir dəfə ağardır saçını,
Amma sən salmısan hər bir saçıma min kərə dən.
Neçə arif mənə anlatdı bunu, anlamadım,
Elə insan özü imiş özünə iş törədən.
İlahi, bolluca yer saxla cəhənnəmdə mənə,
Bezmişəm mən daha artıq bu darısqal kürədən.
Nalə çəkməkdə Qəhrəmandı bütün aşiqlər,
Tanrı, səndən savayı bunları yox bir kiridən!
SEHR
Baxışın hər dəfə bir can qoparır canımdan,
Deyiləm zərrəcə narazı güzəranımdan.
Düşəndə gözlərinin sehrinə şad oldum ki,
Asacaqsan məni ən xırdaca nöqsanımdan!
Gözəl iş varmı, görən, eşqinə düşmək qədəri?
Bir də çıxmaq qədəri göylərə əfqanımdan!
O gün ki Tanrı səni qibləgahım etdi, daha
Azdıra bilmədi şeytan məni imanımdan.
Cənnətə eşqinə xatir düşə bilsəydim kaş,
Səni görməklə mələklər düz ötə yanımdan.
Qoymaram solmağa çöhrəndə təbəssüm çiçəyin,
Dodağın saralsa hər gün səpərəm qanımdan.
Telinin sehrinə bük Qəhrəmanı, edam et,
Qoy “sevgi yoxdu” deyənlər yesin ehsanımdan.
İŞ YERİ
Elə işdir bu məhəbbət ki, sifariş yoxdur,
Kimi gəldi işə almaq kimi xahiş yoxdur.
Sevəcəksənsə, gecə-gündüz işin var, deməli,
Niyə boş-boş deyinirsən ki: “Mənə iş yoxdur!”
Bir vəfasız gözələ könlünü verdin, getdi,
Onu bir gün geri qaytarmalı-saziş yoxdur.
Arzu etmək var onu, sadəcə, susqun, sakit,
Aşikar etiraz etməklə nümayiş yoxdur.
Ali məktəbdi məhəbbət, girə bilməz hər adam,
Canana canı fəda eyləməsən, “5” yoxdur.
Qarışar baş qəmə, bir gün ayılarsan, ay aman,
Daha qəddin bükülüb, üz qırışıb, diş yoxdur.
Nə üçün bağlamasın, Qəhrəman, ümid sabaha?
O bilir ki, qocaman aşiqə keçmiş yoxdur!
NƏSƏ
Həyatı anlamaq olmur təzə çağlarda nəsə,
Və qaçırsan, elə bil vardı qabaqlarda nəsə.
Və aşırsan nə qədər zirvəli dağ, qarlı yamac,
Və görürsən, yox imiş zirvəli dağlarda nəsə.
Və enirsən düzə ki, düzdə yolum düzdü daha,
Və görürsən, tükənib taqət, ayaqlarda nəsə.
Və baxırsan ki, bulaq var, yüyürürsən, içəsən,
Və görürsən ki, ilan var bu bulaqlarda nəsə.
Və tutursan ətəyindən ümidin, qalxırsan,
Və görürsən ki, qazandın bu sınaqlarda nəsə.
Və duyursan, nə qədər aşmalı dağlar var hələ,
Və bilirsən, yanacaqsan çox ocaqlarda nəsə.
Və sonda dərk eləyirsən ki, yalan imiş həyat,
Nə yaxınlarda var imiş, nə uzaqlarda nəsə!
SOYUQDUR DÜNYA
Dünyanı axıracan kimsə getmədiyinə görə,
Arzular sonsuz olur, hamı yetmədiyinə görə!
Hamı peşman gedir axırda köçüb dünyadan,
Kimsə etdiyinə görə, kimsə etmədiyinə görə.
O ürəkdir, yonur insan, yaradır daşlardan,
Daş da daşdır üstündə çiçək bitmədiyinə görə.
Bir daş üstündə çiçək bitsə də, gülzar deyil o,
Saralıb xar olacaq bülbül ötmədiyinə görə.
Zəhərin bal kimi hər gün yeyirik dünyanın,
Hələ son istifadə vaxtı bitmədiyinə görə.
Bilmirəm, ya anadangəlmə soyuqdur dünya,
Üstünü ya anası yaxşı örtmədiyinə görə.
Qəhrəman, sənin də bir gün soyuyar torpağın,
Yaşayırsan hələ ki, gözdən itmədiyinə görə.
YADIMDAN ÇIXDI
Bilmirəm heç deyəcəkdim nə, yadımdan çıxdı,
Təzədən yadıma düşdü və yadımdan çıxdı.
Bir şeir yazmaq üçün bir sözə min söz verdim,
Təzəsin tapmamış heç, köhnə yadımdan çıxdı.
Bildiyim, anladığım hər nə vardı ağlımda,
Hüsnünü gördüyüm dəqiqə yadımdan çıxdı.
Nə gözəllik ki gözüm görmüş idi indiyəcən,
Gülüşünqopardı həngamə, yadımdan çıxdı.
Təkcə sənsənmənim ünvanım, onubirdəfəlik
Dağ çəkibqəlbimə yaz, bəlkə, yadımdan çıxdı.
Mindəfə sevməyi öyrətdimona, söylədiki:
“Bəlkə, təkraredəsənbirdə, yadımdan çıxdı”.
“Ədəbiyyat və incəsənət”
(24.09.2026)


