Super User

Super User

Çərşənbə axşamı, 22 Sentyabr 2026 13:13

Bu dəfə dizi cırılmış şalvarlardan danışacağıq

DİZİ CIRILMIŞ ŞALVARIN TƏKAMÜLÜ: ETİRAZ SİMVOLUNDAN QLOBAL MODA TRENDİNƏ

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Dizi cırıq cins şalvarlar müasir qarderobun ən adi, eyni zamanda ən çox mübahisə doğuran geyim parçalarından biridir. Bu gün məşhur brendlərin vitrinlərini bəzəyən və milyonlarla insanın gündəlik həyatında rahatlıqla geyindiyi bu üslub, əslində təkcə modanın deyil, həm də sosial etirazların, subkulturaların və mədəni dönüşlərin kəsişmə nöqtəsində dayanır. Dizi cırıq şalvarın nəyin simvolu olduğunu, onun yaranma tarixini və keçdiyi sosial-mədəni transformasiyanı anlamaq üçün fəhlə sinfinin ehtiyaclarından başlayıb populyar mədəniyyətin zirvəsinə uzanan tarixə nəzər salmaq lazımdır.

 

Tarixin fərqli mərhələlərində cırıq şalvarlar müxtəlif ideoloji və estetik mənalar kəsb etmişdir. İlk dövrlərdə cırıq geyimlər kapitalist istehlakçılığa və cəmiyyətin diktə etdiyi "qüsursuz xarici görünüş" standartlarına qarşı kəskin bir üsyan idi. Zaman keçdikcə bu üslub nizamlara sığmayan, çərçivələri qıran və özünü azad ifadə etmək istəyən gəncliyin ruhunu təmsil etməyə başladı.

Baha, səliqəli və rəsmi geyimlərə alternativ olaraq, insanın xarici görünüşlə deyil, daxili azadlıqla dəyərləndirilməsi mesajını verən bu geyim forması, ilk vaxtlar ağır iş şəraitinin göstəricisi olsa da, zamanla "yaşanmış" və səmimi həyat tərzinin rəmzinə çevrildi.

Bu sosial-mədəni simvolun tarixi faktiki olaraq iki ana mərhələyə bölünür: maddiyyat zərurəti və qəsdən cırma dövrü.

Cins (denim – möhkəm, sıx toxunmuş və adətən pambıq saplardan hazırlanan) parça 1870-ci illərdə Levi Strauss tərəfindən mədənçilər, fermerlər və ağır fiziki işlə məşğul olan fəhlələr üçün davamlı iş geyimi kimi yaradılmışdı. XIX əsrdən XX əsrin əvvəllərinə qədər şalvarın cırılması moda deyil, yoxsulluğun və ağır əməyin məcburi nəticəsi idi. Yeni şalvar almağa imkanı olmayan insanlar cırılan yerləri – xüsusən ən çox yük düşən diz hissələrini yamayır və ya elə o şəkildə geyinməyə davam edirdilər.  

Cırıq cinslərin əsl dəb və ideologiyaya çevrilməsi isə 1970-ci illərin ortalarına təsadüf edir. Böyük Britaniya və ABŞ-da meydana gələn Pank-Rok subkulturası mövcud siyasi sistemə, işsizliyə və burjuaziya dəyərlərinə etiraz edərək hazır geyim mağazalarından alış-veriş etməkdən imtina etdi. Onlar "DIY" (Özün et) mədəniyyətini formalaşdıraraq şalvarlarını ülgüclərlə cırır, kəsir və sancaqlarla birləşdirirdilər. Sex Pistols və The Ramones kimi qrupların səhnəyə bu cür geyimlərlə çıxması isə stili gənclər arasında sürətlə yaydı.

1970-ci illərin ortalarında Böyük Britaniya və ABŞ-da meydana gələn, mövcud cəmiyyət normalarına, siyasi quruluşa və kommersiyalaşmış kütləvi mədəniyyətə qarşı qiyam kimi formalaşan, subkultura və musiqi axını sayılan pankların etiraz simvolu olan bu geyim forması, 1980-ci illərdə Heavy Metal və Hard Rock qruplarının vizual kartına çevrilərək rok və qlamur mədəniyyətinin ayrılmaz hissəsi oldu. Məhz bu dövrdə geyim brendləri ilk dəfə fabriklərdə qəsdən köhnəldilmiş şalvarlar istehsal etməyə başladılar.

1990-cı illərdə isə Nirvana qrupunun solisti Kurt Kobeyn ikinci əl mağazalardan aldığı dizləri cırıq cinsləri geniş flanel köynəklərlə geyinərək "qranj" inqilabını reallaşdırdı və bu stil "necə görünməyim vecimə deyil" mesajı ilə kütləviləşdi.

XXI əsrə gəldikdə isə Balenciaga və Saint Laurent kimi lüks dizayn evləri bu küçə stilini mənimsəyərək onu yüksək modaya çevirdilər. Məhz bunun nəticəsidir ki, əvvəllər evdə qayçı ilə edilən kəsiklər artıq lazer texnologiyaları və xüsusi kimyəvi yuyulmalarla fabrik şəraitində hazırlanır.

Cins şalvarlarda xüsusilə diz hissəsinin cırılmasının həm praktiki, həm də estetik səbəbləri var. Oturub-durarkən şalvarın ən çox dartılan yeri diz qapaqları olduğu üçün təbii köhnəlmə zamanı da ilk zədələnən zona bura olur. Eyni zamanda sərt denim parçalarda diz hissəsinin kəsilməsi bədənə əlavə rahatlıq və hərəkət sərbəstliyi verir. Vizual baxımdan isə dizdəki kəsik bədən proporsiyasını pozmur və ayaqların anatomik xəttinə tam uyğun gəldiyi üçün daha balanslı görünür.

Dizi cırıq şalvarın keçdiyi inkişaf yolu bəşəriyyətin moda, cəmiyyət və fərd anlayışının necə dəyişdiyini göstərən bir güzgüdür. Əvvəllər yoxsulluq və ağır əməyin göstəricisi olan, daha sonra cəmiyyətin qoyduğu qaydalara qarşı üsyan simvoluna çevrilən bu geyim parçası, bu gün azadlıq, rahatlıq və fərdi stilin ən parlaq nümunələrindən birinə dönüşmüşdür. Bir vaxtlar sistemə etiraz etmək üçün kəsilən o dizlər, hazırda sistemin və qlobal modanın ən çox tələb olunan trendlərindən biri kimi yaşamaqdadır.

Ənənəvi və ya mühafizəkar mühitlərdə, xüsusən yaşlı nəsil tərəfindən cırıq cinslər bəzən "səliqəsizlik" və ya "paltara hörmətsizlik" kimi qəbul edilır. Lakin müasir gənclik və şəhər mədəniyyətində bu, adi bir dəb, rahatlıq və özünüifadə forması hesab olunur.

Bu gün dizi cırıq şalvarlar gündəlik geyim üslubuna aiddir. Çox da abartmadan (böyründə-başında əlavə eybəcər yarıqlar açmadan), milli-mənəvi və etnik dəyərlər nəzərə alınmaqla dostlarla gəzintidə, parkda, konsertdə və ya asudə vaxtlarda geyinilməsində heç bir problem görülmür. Lakin rəsmi tədbirlərdə, dövlət idarələrində, iş müsahibələrində, ciddi akademik mühitlərdə, dəfn və ya anım mərasimlərində geyinilməsi dress-code (geyim) və etiket qaydalarına uyğun sayılmır.

Sizin üçün rahatdırsa, bulunduğunuz mühitin ümumi nəzakət və etiket qaydalarını pozmursa, bunu geyinməkdə mənəvi və ya şəxsi bir qəbahət yoxdur. Əsas məsələ geyimin məkanı və zamanı düzgün seçildikdə özünüzü necə rahat hiss etməyinizdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

 

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.

“Ədəbiyyat və incəsənət”

 

Türk Dövlətləri Təşkilatının (TDT) inkişaf dinamikası siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Təşkilatın fəaliyyətinin mühüm istiqamətlərindən birini ortaq tarixi yaddaşın, dil və mədəni yaxınlığın, milli-mənəvi dəyərlərin qorunması, eləcə də humanitar əlaqələrin genişləndirilməsi və müasir məzmunla zənginləşdirilməsi təşkil edir. Prezident İlham Əliyevin 17 sentyabr 2026-cı ildə TDT-yə üzv dövlətlərin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlərdə də bu istiqamətlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.

 

Çıxışda beynəlxalq təhlükəsizlik məsələləri ilə yanaşı, multikulturalizm, humanitar əməkdaşlıq, gənclər siyasəti, milli-mənəvi dəyərlər, dil və mədəniyyətlərarası yaxınlıq kimi məsələlərin diqqətə çatdırılması Türk dünyasında inteqrasiya prosesinin yalnız siyasi və institusional müstəvidə deyil, həm də ortaq mənəvi-mədəni dəyərlər əsasında inkişaf etdiyini göstərir.

Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan Sazişi əsasında təsis edilmiş hökumətlərarası təşkilat kimi türk dövlətləri arasında hərtərəfli və çoxşaxəli əməkdaşlığın inkişafını əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirir. Təşkilatın konseptual yanaşmasında ortaq tarix, dil, kimlik və mədəni dəyərlər üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin mühüm təməlini təşkil edir. Bununla belə, TDT çərçivəsində əməkdaşlıq yalnız bu ümumi xüsusiyyətlərlə məhdudlaşmır. Təhsil, elm, turizm, gənclər siyasəti, humanitar əlaqələr və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət də təşkilatın çoxşaxəli əməkdaşlıq gündəliyinin mühüm istiqamətlərini təşkil edir. Bu baxımdan, TDT-nin fəaliyyət modeli ortaq tarixi-mədəni irsin qorunması ilə yanaşı, onun müasir şəraitdə inkişaf etdirilməsi və üzv dövlətlər arasında humanitar əlaqələrin daha da dərinləşdirilməsinə yönəlmiş institusional mexanizm kimi səciyyələndirilə bilər.

Bu baxımdan, humanitar əməkdaşlığı yalnız ayrı-ayrı mədəni tədbirlərin təşkili və keçirilməsi ilə məhdudlaşdırmaq kifayət deyil. Humanitar əlaqələr xalqların bir-birini daha yaxından tanımasına, ortaq və fərqli tarixi-mədəni təcrübələrin qarşılıqlı öyrənilməsinə, gənc nəslin ümumi dəyərlər və mədəni irs haqqında biliklərinin genişləndirilməsinə, eləcə də elm və təhsil sahələrində qarşılıqlı əlaqələrin inkişafına şərait yaradan çoxşaxəli sosial-mədəni prosesdir. TDT-nin fəaliyyət istiqamətləri sırasında humanitar məsələlər və inkişaf, təhsil, gənclər və idman, tədqiqat mərkəzləri, eləcə də mədəni əlaqələr üzrə əməkdaşlığın ayrıca müəyyənləşdirilməsi də bu yanaşmanın təşkilatın institusional fəaliyyətində mühüm yer tutduğunu göstərir.

Prezident İlham Əliyevin çıxışında “mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər” anlayışlarının qarşılıqlı əlaqədə təqdim edilməsi Türk dünyasında humanitar münasibətlərin mahiyyətinin dərk edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmada söhbət yalnız tarixi keçmişdən miras qalan ortaq xüsusiyyətlərin sadalanmasından getmir. Ortaq tarix, dil və mədəni yaddaş müasir dövrdə xalqlar və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın, mənəvi yaxınlığın və humanitar əlaqələrin əsas dayaqlarından biri kimi nəzərdən keçirilir. Bu baxış türk xalqları arasında münasibətlərin dövlətlərarası əməkdaşlıq çərçivəsindən kənara çıxaraq insanlararası ünsiyyət, mədəni dialoq, qarşılıqlı tanıma və ortaq dəyərlərin paylaşılması müstəvisində də inkişaf etdirilməsini nəzərdə tutur.

Bu prosesdə mədəniyyət xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət xalqların tarixi təcrübəsini, dünyagörüşünü, mənəvi dəyərlərini və özünəməxsusluğunu ifadə edən, eyni zamanda nəsillər arasında mənəvi varisliyi təmin edən mühüm sosial institutlardan biridir. Ədəbiyyat, musiqi, teatr, folklor, dekorativ-tətbiqi sənət, memarlıq, milli mərasim və ənənələr, eləcə də digər maddi və qeyri-maddi mədəni irs nümunələri kollektiv yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Bu baxımdan, türk xalqlarının ortaq mədəni irsinin araşdırılması, qorunması və müasir mədəni mühitdə təqdim olunması yalnız tarixi irsin yaşadılması məqsədi daşımır. Bu proses eyni zamanda ortaq dəyərlərin müasir dövrün tələbləri ilə əlaqələndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və mədəni dialoqun yeni məzmunla inkişaf etdirilməsinə şərait yaradır.

TDT çərçivəsində mədəni əməkdaşlığın institusional xarakter alması bu istiqamətin sistemli və davamlı şəkildə inkişaf etdirildiyini göstərir. TURKSOY, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti ortaq türk mədəni irsinin öyrənilməsi, qorunması, təbliği və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm mexanizmlər formalaşdırır. Bu qurumlar vasitəsilə mədəni tədbirlərin keçirilməsi ilə yanaşı, ortaq tarix, dil, ədəbiyyat və ənənələrin tədqiqi, maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması, muzey və mədəni irs obyektləri arasında əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlər də inkişaf etdirilir. Beləliklə, mədəni əməkdaşlıq TDT məkanında yalnız ayrı-ayrı tədbirlərin təşkili ilə məhdudlaşmayan, ortaq mədəni yaddaşın elmi və institusional əsaslarla qorunmasını, müasir nəsillərə çatdırılmasını və xalqlar arasında humanitar əlaqələrin dərinləşdirilməsini əhatə edən çoxşaxəli bir proses kimi çıxış edir.

Bu kontekstdə ortaq mədəni irsin mühüm təzahürlərindən biri yaddaş məkanlarının və mədəni simvolların qarşılıqlı təqdimatı və mənalandırılmasıdır. Prezident İlham Əliyevin çıxışında Bakıdakı Əlişir Nəvai və Daşkənddəki Nizami Gəncəvi abidələrinin xatırladılması bu baxımdan diqqətəlayiq nümunə kimi dəyərləndirilə bilər. Müxtəlif tarixi dövrlərdə yaşamış bu iki böyük söz sənətkarının adlarının Azərbaycan və Özbəkistanın paytaxtlarında yaşadılması onların yaradıcılığının yalnız milli ədəbi irs çərçivəsində deyil, daha geniş türk-mədəni məkanın ortaq mənəvi sərvəti kimi qəbul edildiyini göstərir.

Bu cür yaddaş məkanları və mədəni simvollar xalqların tarixi və ədəbi irsi arasında mövcud olan qarşılıqlı əlaqələrin görünən ifadəsinə çevrilir. Abidələr, ədəbi şəxsiyyətlər, tarixi məkanlar və digər mədəni yaddaş elementləri keçmişi yalnız xatırlamaq vasitəsi kimi deyil, müasir cəmiyyətlər arasında mədəni ünsiyyət və qarşılıqlı tanıma üçün canlı platforma kimi də çıxış edir. Bu baxımdan, ortaq mədəni irsin müxtəlif ölkələrdə qarşılıqlı şəkildə təqdim olunması xalqların bir-birinin tarixi və mədəni dəyərlərinə daha yaxından bələd olmasına, ortaq yaddaşın möhkəmlənməsinə və humanitar dialoqun dərinləşməsinə şərait yaradır.

Humanitar əməkdaşlığın mühüm istiqamətlərindən biri də gənclər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin çıxışında gənc nəslin milli və mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də TDT çərçivəsində gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, mədəni irsin davamlılığı yalnız onun qorunması və gələcək nəsillərə ötürülməsi ilə deyil, gənclərin həmin irsi necə dərk etməsi, mənimsəməsi və müasir həyatın sosial-mədəni kontekstində yaşatması ilə də müəyyənləşir.

Bu baxımdan, gənclər arasında forumlar, konfranslar, birgə təhsil proqramları, mədəni layihələr, yaradıcılıq təşəbbüsləri və qarşılıqlı səfərlər vasitəsilə qurulan birbaşa ünsiyyət ortaq dəyərlərin daha yaxından tanınmasına və mədəni əlaqələrin praktik məzmun qazanmasına imkan yaradır. Belə təşəbbüslər gəncləri yalnız mədəni irsin passiv daşıyıcıları kimi deyil, onun müasir dövrdə inkişafında iştirak edən fəal subyektlər kimi formalaşdırır. TDT çərçivəsində təhsil və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki təhsil mühitində formalaşan qarşılıqlı əlaqələr bilik və təcrübə mübadiləsi ilə yanaşı, gələcək nəsillər arasında davamlı humanitar münasibətlərin və ortaq mədəni şüurun inkişafına zəmin yaradır.

Bu əməkdaşlığın real məzmunu xüsusilə böhran və təbii fəlakətlərin yaratdığı çətinliklər zamanı daha aydın şəkildə üzə çıxır. Görüşdə Türkiyədə 2023-cü ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi dəstəyin xatırladılması türk dövlətləri arasında həmrəyliyin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret humanitar fəaliyyət və qarşılıqlı dəstək mexanizmləri ilə müşayiət olunduğunu göstərir. Eyni zamanda, Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesində Qazaxıstanın mədəni-humanitar iştirakının, o cümlədən Kurmanqazı adına İncəsənət Mərkəzinin qeyd edilməsi dövlətlərarası münasibətlərdə mədəniyyət amilinin praktiki əhəmiyyətini nümayiş etdirir. Bu nümunələr göstərir ki, böhran və postmünaqişə dövrlərində qarşılıqlı dəstək yalnız maddi və institusional xarakter daşımır, həm də xalqlar arasında mənəvi yaxınlığın, qarşılıqlı etimadın və həmrəyliyin möhkəmlənməsinə xidmət edən mühüm sosial-mədəni məna qazanır.

Beləliklə, Türk dünyasının müasir inteqrasiya prosesinə humanitar-mədəni aspektdən yanaşdıqda üç əsas istiqamət ön plana çıxır: ortaq yaddaşın qorunması, mədəni dialoqun genişləndirilməsi və yeni nəslin bu mədəni əlaqələrə cəlb olunması. Bu üç istiqamət bir-birini tamamlayır. Tarixi yaddaş olmadan mədəni kimliyin davamlılığı, canlı mədəni dialoq olmadan qarşılıqlı anlaşma, gənc nəslin iştirakı olmadan isə bu prosesin gələcəyə ötürülməsi çətinləşir. Nəticə etibarilə, TDT-nin humanitar-mədəni potensialı türk xalqları arasında mövcud olan tarixi yaxınlığın müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təşkilatın rəsmi fəaliyyət istiqamətlərində mədəniyyət, təhsil, humanitar məsələlər, gənclər və elmi əməkdaşlığın ayrıca yer alması da bu sahənin institusional əhəmiyyətini göstərir.

Mədəniyyət burada sadəcə keçmişin qorunduğu sahə deyil, xalqların bir-birini tanıdığı, ortaq dəyərləri yenidən dərk etdiyi və gələcəyə dair qarşılıqlı münasibətlər formalaşdırdığı sosial-humanitar platformadır. Türk dünyasının ortaq tarixi, dilləri, ədəbiyyatı, sənəti və ənənələri bu platformanın zəngin mənbəyini təşkil edir. Bu irsin elmi şəkildə araşdırılması, tədrisə və mədəni layihələrə daxil edilməsi, gənclər arasında yayılması və beynəlxalq mədəni dialoq müstəvisinə çıxarılması isə Türk dünyasının humanitar əlaqələrinin daha da dərinləşməsinə şərait yarada bilər.

Beləliklə, Türk dünyasının müasir inteqrasiya prosesinə humanitar-mədəni müstəvidən yanaşdıqda üç əsas istiqamət xüsusilə diqqət çəkir: ortaq tarixi yaddaşın qorunması, mədəni dialoqun genişləndirilməsi və gənc nəslin bu proseslərə fəal şəkildə cəlb olunması. Bu istiqamətlər bir-birini tamamlayan vahid sosial-mədəni sistem təşkil edir. Tarixi yaddaşın qorunması ortaq kimlik və mənəvi dəyərlərin davamlılığı üçün zəmin yaradırsa, mədəni dialoq xalqlar arasında qarşılıqlı anlaşma və tanımanı dərinləşdirir. Gənclərin prosesə fəal cəlb olunması isə formalaşmış əlaqələrin yeni nəsillərə ötürülməsini və onların müasir şəraitdə inkişaf etdirilməsini təmin edən mühüm amil kimi çıxış edir.

TDT-nin humanitar-mədəni potensialı türk xalqları arasında mövcud olan tarixi və mədəni yaxınlığın müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təşkilatın fəaliyyətində mədəniyyət, təhsil, humanitar məsələlər, gənclər və elmi əməkdaşlıq istiqamətlərinin ayrıca yer alması bu sahələrin dövlətlərarası münasibətlər sistemində mühüm əhəmiyyət daşıdığını göstərir. Bu əməkdaşlıq yalnız mövcud mədəni əlaqələrin qorunmasına deyil, həm də onların yeni institusional və intellektual məzmunla zənginləşdirilməsinə şərait yaradır.

Bu baxımdan, mədəniyyət Türk dünyasında yalnız keçmişin qorunduğu və təqdim edildiyi sahə deyil, xalqların bir-birini daha yaxından tanıdığı, ortaq dəyərləri müasir baxışlar əsasında yenidən dərk etdiyi və gələcəyə yönəlmiş münasibətlər formalaşdırdığı sosial-humanitar platforma kimi çıxış edir. Ortaq tarix, dillər, ədəbiyyat, teatr, musiqi, folklor, incəsənət və ənənələr bu platformanın zəngin mənbəyini təşkil edir. Bu irsin elmi şəkildə araşdırılması və sənədləşdirilməsi, təhsil proqramlarına və mədəni layihələrə inteqrasiyası, gənclər arasında yayılması, eləcə də beynəlxalq mədəni dialoq müstəvisində təqdim olunması Türk dünyasının humanitar əlaqələrinin davamlı və çoxşaxəli inkişafına zəmin yarada bilər. Beləliklə, ortaq mədəni irs yalnız keçmişi birləşdirən yaddaş deyil, həm də Türk dünyasının gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirən mühüm mənəvi və sosial resursdur.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə "Şeir saatı" rubrikasında Aysel Əlizadənin şeirlərini təqdim edir.

 

DOĞULACAQ QADIN

 

Məndən sonra doğulacaq qadın

Ruhumu vəsiyyət edirəm sənə.

Gələn bütün kişiləri, şeirlərimi,

Bir də sevgimi vəsiyyət edirəm.

Sevilməyini istəyirəm,

Məni düşün bu şeirimi oxuyarkən, bizi düşün.

Dünyanın ən xoşbəxti ol,

ən bədbəxti də mənim kimi.

Hərdən qəlbini rahat burax,

Hərdən də günah işlət.

Səndən öncə bir şair qadın vardı

Bir az məsum, bir az günahkardı.

Bir adi qadın vardı, bir dəlisov qadın...

Bütün qadınlar o idi.

Coşqun yaşardı, sakit yaşardı.

Sevgiləri, ayrılıqları vardı.

Ən gözəl kişiləri

ən pis qadınlara bağışlayardı.

Bir qadın vardı

Bir tərəfi sevgi qoxardı,

Bir tərəfi yalqızlıq olardı...

...Sənə kədərimi vəsiyyət edirəm.

Bilirəm kədər yaraşacaq sənə,

Gözlərin havaya dikiləcək,

Havanın rəngsizliyində

Daha kədərli görünəcək.

Sənə sevincimi vəsiyyət edirəm

Bilirəm,sevinc yaraşacaq sənə,

gözəlləşəcəksən.

Sən gülüncə o xoşbəxt olacaq.

Sevinclə kədərin dostlaşacaq

Hər yerdə ikisi də yanında olacaq.

Onlardan başqa kimsəyə güvənmə,

Kimsəyə.

Unutma,heç vaxt yerlər unutmayacaq səni,

Unutsa yollar unudacaq.

Məndən sonra doğulacaq qadın,

yerimi sənə verirəm.

qadın olmağı bacarsan

səni şeirlərim ağladacaq.

Ruhuma kövrələcən,

Sükutumu istəyəcən,səs-küyümü də.

Heyif, oturub üz-üzə

Şərab içmədik səninlə, dərdləşmədik.

Heyf ondan danışmadıq,

Sevərsən,

Qorxmazsan sevərsən onu.

Bu bir həyat qanunu, sadəcə sevərsən.

Çox görmə özünə bunu.

Bu acı deyil, bir həyat düzənidi,

sevməsən pozarsan.

Öpürəm səni, qoru özünü.

Özündən sonrakı qadın üçün qoru.

 

 

MƏHBUS

 

Cinsim ağrıyır, anlayırsan? Cinsim ağrıyır.

 Mutlu ol, qadın!   

Cümlələrində dibsiz tənhalıq

çarəsiz qadınlıq

yetim azadlıq görmək istəmirəm.

Bir şeyə əminəm.

Yaxşı sevgili azadlığını əlindən almır adamın

Yaxşı sevgili azadlığına azadlıq verir.

Yaxşı sevgili yaxşı rəhbər kimidir,

özüylə demokratiya gətirir.

Sən onun xalqısan-

 Azad, xoşbəxt görmək istəyir.

Yaxşı sevgili bütün varlığıyla

“xalqına” xidmət (kömək) edir.

 O gələndə sən rahat olursan

gizlənməyə gərək duymursan.

Sənin həyatında onun  

gəlmədiyini görürəm,

Sənə yaxşı sevgili arzulayıram.   

Dəmir ledini xatırlayıram.

Dəmir – zad deyiləm,

sadəcə, qadınam – deyib, ağlamışdı.  

Üzrlü say,   “ siz” lə yaza bilmirəm

İndi çox doğma gəlirsən…

 

 

NƏLƏR GÖRDÜK...

 

Nələr gördük!

İnsan qəlbi təpikləyən adamlar,

Uşaq qəlbi təpikləyən adamlar.

Ürəyinin lap başına kürsü təpənlər,

Dünyayla aramıza hasar hörənlər.

Yaxşıları ruhumuzla öpdük,

Ayağımız yerə dəymədən

ayaq döydük ölüməcən.

 

 PAYIZ GƏLDİ

 

Payız gəldi.

Yavaş-yavaş üşütdü bizi

Xəzan yenə oxşadı gözümüzü

Sən indi harda isinirsən?

Payız gəldi.

Yağış yenə itirir izi

Sən indi harda özünsən?

Mən meşələrdə

tənha, quru agaclara

kürkünü geydirən biriyəm,

Mən indi özüm ağac kimiyəm,

üşüsəm, kürkünü verərsənmi?

Yağışlarda kövrəlirəm,

kövrəlsəm, ovutmağa gələrsənmi?

Təbiətin saçları tökülür

torpaq saçları öpür

Təbiət ölüb-dirilir...

Hökmünü dəyişmir zaman

Yenə pəncərəmdə damcıları sayıram

Sən aynanın uzağında qalırsan

Mən hər payız

yalnız Səni gözləyirəm

Sən hər payız gəlmirsən.

Yay bitdi...

Əllərim yenə üzümü örtdü.

Payız gəldi, getdi...

 

 

GÖRÜNMƏYƏN AY İŞIĞI

 

Səni azadlığa buraxıram

İçində yaşamaq istədiyin

qadınlara get.

Təki yaşa!   

 

Dərimin qoxusunu sev

Sənə toxunuşumu sev

yad  tutqularda…

 

Ayın ağacın arxasındakı işığında

Arzuladığın hər qadında

həm  də məni sev.

 Mənə doyub  gəl

Bədənini heç yerdə qoyub gəlmə

Mənə gələndə başqa yataqlarda

hər şeyi soyunub gəl!

 

Qısqancığım səni

gözəl qadına qıymağa yetər.

qısqanclığım buna dözər…

İnsanları sevib gəl.

 Bircə, qolunda zəncir gətirmə.

 Tanrılardan od oğurla

Qadınlardan dad oğurla gəl.

 

Mənə gələndə köləlik gətirmə.

 Sevişdiyin hər qadınla

bir qucaq adamla.

 

 

ÇEVRİLİŞ

 

Adını bilmədiyim,

üzünü  görmədiyim tanışım,

bu dünyanın bir qarışı gərəkdi mənə.

Bir qarış yer göstər dayanım. Havadayam. 

Bir də yol ayrıcındayam

Durmadan ağrıyan başdan,

 yaş üstünə yaşdan

birbaşa sənə aparan yol olmalı,

yoxsa nəyə yarıyır bu yaş, bu baş…

Üzünü  görmədiyim tanış,

misraları pillə – pillə qalxsammı,

 pillə-pillə ensəmmi sənə gələrəm?.. 

Bir görüş olmalı əlbət,

bir dönüş,

bir dönüş olmalı…

 

 

GECİKƏN ADAMLARA

 

Mən intihar edəndə sən yoldaydın

gəlirdin…

Ayaq səslərini duya-duya

boğazıma ip salırdım.

Tarixi oya-oya

Özümə yer qazırdım.

Dəm qazı otağıma dolurdu

İlk dəfə rahat nəfəs alırdım.

 sən gəlirdin, yoldaydın

Bu dəfə sağalmaq üçün yox

Ölmək üçün içirdim.

 

Sənin addımların, addımların…

atıldım havadan,

 asıldım tavandan,

ölümü qucaqladım

eh…sən hələ  yoldaydın…

 

 

BU DA MƏN

 

Ağlaya bilməyəcəm, bağışla,

su dövrü deyil.

Quru bir səhracayam, alqışla!

Sən güclü nəsnələri sevirdin.

İstər adamlar,

İstər anlamlar olsun

Susuzluğa dözən torpağı

Öləninə ağı

deməyən qadınları sevirdin…

Alqışla,

Dözürəm!

 

 

EHTİRAS

  

Qolların

ağacların yağışa uzanan,

Günəşə dartınan,

Tanrıya açılan budaqları.

Bəlkə deyil vətən Edem bağı.

Ancaq Sən

Adəmnən çox Alma kimisən

dadında həm sevgi, həm günah…

Məni bağışla, Tanrı!

Məni bağışla, İlahi!

Hər ağacda bağışla.

Ordasansa qarşıla,

Yoxsansa, qarışma.

Cənnətə uçuram, sus. 

 

 

DARIXDIM

 

Sən bilmədin harda, necə darıxdım

Bədənimi sıxıb küncə darıxdım

Saatları basdım sənsiz bağrıma

Yoxluğunu bircə-bircə darıxdım

 

Gülüşümün yalanında darıxdım

Gerçəyimin dalanında darıxdım

Hava kimi doldu ülvi duyğular

Nəfəs-nəfəs boğulanda darıxdım

 

Sirlərimin dözümündə darıxdım

İllərimin düzümündə darıxdım

Bir-birinə dolaşıb düyünlənən

Günlərimin çözümündə darıxdım.

​

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təntənəli konsert keçirilib 

 

Aysel Kərim,

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi.

“Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə XVIII Beynəlxalq Musiqi Festivalı davam edir. Bir-birindən maraqlı, yaddaqalan tədbirlər, konsert proqramları sıralanmaqdadır.

21 sentyabr 2026-cı il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan bəstəkarlarının kamera-instrumental və vokal əsərlərindən ibarət təntənəli konsert proqramı təqdim olunub. 

 

​Tədbiri giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq festivalın əhəmiyyətini və təqdim olunan proqramın zənginliyini vurğulayıb.

Konsertin aparıcılığını isə Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova edib.

​Konsert proqramındə təqdim olunan əsərlər öz müxtəlifliyi, rəngarəngliyi ilə seçilib. Gecədə tanınmış və gənc bəstəkarların əsərləri, o cümlədən bir neçə parlaq premyera dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bəzilərini mütlqə şəkildə qeyd etmək lazımdır:

​Üzeyir Hacıbəyli – "Leyli və Məcnun" operasından Müqəddimə (fortepianoda 4 əl üçün işləyəni – bəstəkar Gülnarə Səfərəliyeva). 

​İfaçılar: Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin müəllimi Zeynəb Həmidova,  Vs. şagirdi Dərya İsmayıllı. 

Rəna Qədimova – "Həsrət" (kamança və piano üçün, ilk ifa). 

​İfaçılar: Beynəlxalq müsabiqələr laureatı Hüseyn Nağıyev (kamança) və Sevinc Kərimova (piano). 

Məmməd Cəfərov– 2 Romans: "Ümid olun" (söz: Qismət Məsim), "Olmaz bana" (söz: Yunus Əmrə) (ilk ifa). 

​İfa edib: Günel Hacıyeva (soprano), Konsertmeyster: müəllif. 

​Elnarə Dadaşova – "Laçın" (Azərbaycan xalq mahnısının işlənməsi) və "Alqış qeyrətinizə" (2 saz və piano üçün). 

​İfaçılar: Əməkdar artist Elnarə Kabırlinskaya (piano),

AMK-nın magistri Ramal Abdullayev (saz), Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Cavid Abbasov (saz). Pianoda müşayiət edib – müəllif. 

​Mehriban Əhmədova – "Sən elə gözəlsən ki..." Romans (söz: Leyla Əliyeva, ilk ifa). 

​İfa edib: Beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli (soprano). Konsertmeyster: Əməkdar artist Eldar Məmmədov. 

​Firəngiz Babayeva – "Sonatina" (violonçel və piano üçün, ilk ifa). 

​İfaçılar: Beynəlxalq müsabiqələr laureatı Cəlalə İsmayılzadə (violonçel) və Svetlana Əhmədova (piano). 

​İlham Azmanlı – "Batan qala Səbail" (solo piano üçün, ilk ifa) və "Azərbaycan rəngləri" silsiləsindən №2. 

​İfa edib: İnci Azmanlı. 

Müslüm Maqomayev – "Şah İsmayıl" operasından Aslan şahın aryası. 

​İfa edib: Elçin Əhədzadə (bariton). Konsertmeyster: Beynəlxalq müsabiqələr laureatı Aynur Xəlilova. 

​Məmmədağa Umudov – "Rəqs-Fantaziya" (tar və piano üçün). 

​İfaçılar: Samir Əsədli (tar), Beynəlxalq müsabiqələr laureatı Firuzə Qədiməliyeva (piano). 

 

​Tədbir musiqisevərlər və sənət adamları tərəfindən yüksək qiymətləndirilərək gur alqışlarla başa çatıb.

Mən özüm hələ uzun müddət ​Aynur İsgəndərlinin ifa etdiyi "Sən elə gözəlsən ki..." romansının təsiri altından çıxmayacağımı hiss edirəm. Həqiqətən də Azərbaycan musiqisinə tay ola bilməz.

​

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

19 sentyabr 2026-cı il tarixində Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib.

 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, "SOY" Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, filmin əsas yaradıcı heyəti, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin, Milli Qəhrəman Natiq Qasımovun və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin və milli qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, onların həyat və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət göstərildiyini bildirib. O, Natiq Qasımovun həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayaraq, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə təşəkkürünü bildirib. Çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev filmin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə olunmasını xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, müasir texnologiyaların tarixi hadisələrin və qəhrəmanlarımızın həyat hekayələrinin yeni təqdimat imkanları yaratdığını qeyd edib. Çıxış edən “SOY” Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva bildirib ki, “Düşmənə qarşı tək” filminin Ağdamda təqdim olunması onlar üçün xüsusi məna daşıyır. O qeyd edib ki, süni intellekt texnologiyaları ilə hazırlanan film şirkətin üçüncü belə layihəsidir. Filmin əsas məqsədinin Milli Qəhrəman Natiq Qasımovun həyatını, qəhrəmanlığını və Vətənə bağlılığını tamaşaçılara çatdırmaq olduğunu vurğulayan Dilarə Əliyeva layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya və təqdimatın təşkilatçılığına görə Ağdam Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Sonda Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

18 sentyabr 2026-cı il tarixində Ağdam Musiqi Kollecində “Milli Musiqi Günü” münasibətilə konsert proqramı təşkil edilib. Konsert proqramında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Musiqi Kollecinin direktoru, Respublikanın əməkdar artisti Fehruz Səxavət, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov milli musiqimizin zəngin irsindən, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən və musiqi sənətinə göstərilən dövlət qayğısından bəhs etmişdir. Daha sonra Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəylinin və Azərbaycanın digər klassik bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları konsert iştirakçılarına təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 11:07

“Qiraət saatı”nda Aysel Fikrətdən kiçik etüdləri

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının sevimli izləyiciləri, xoş gördük. Bu dəfə Qiraət saatı rubrikamda poeziya ilə deyil, nəsr ilə Sizə qonaq gəlmişik.

Beləliklə, Aysel Fikrətdən kiçik etüdləri ilə tanış olun.

 

 

YAD

 

Əvvəlcə bir yada rast gəlirsən.

İllərlə o jadı doğma etmək dəlilik.

İnsan gərək əvvəldən öz doğmasını tapa.

Bu yad elə yadlığıyla sənə doğma gəlir.

Başqa adı yox, yad doğma.

Sonra görürsən ətrafın bir sürü tanımadığın insanla doludu,

Hamı yaddı sənə....

Əvvəl bir yada rast gəlirsən,

Sonra o arxasıyca bir sürü sənə yad insanı gətirir.

Ömrünü yadlar içində başa vurursan.

Özün də beləcə yadlaşırsan...

Yalnız bütün bunlardan əvvəl bir yada rast gəlirsən, unutma.

 

 

UÇAN XALÇA

 

Doqquz yaşım olardı məktəbdən evə həmişə ürəyimdə bir ümidlə qaçırdım. Bəlkə bir qonaq gələr.

Evin ən kiçik uşağı olmaq içimdə daima darıxan birinin olduğunu yadıma salırdı. Pillələri dörd-dörd çıxırdım. Bir otaqlı evimizdə çox əşya olmazdı. Atam müəllim, anamsa evdar qadın idi. Anam həmişə mətbəxdə zümzümə edir, nəsə hazırlardı. Anam üçün əsas odur ki, axşamlar üçümüz də onun qurduğu süfrədə oturaq.bu ki gözəldi. Atamın gəlişi bayram olurdu. Amma yemək yedikdən sonra anam ev işi, atam yazı masasının başına  keçirdi, mən isə bomboş otaqda qırıq qollu gəlinciyimlə tək qalırdım.

Bir az özümdən nağıllar uydurub yatırdım.

İndi bilmirəm bu uşaqlıq illərinə gözəl demək olarmı, ya yox baxır ömür yollarında başına nə gəlir.

Yalnız bu boz və eyni zamanda ürəyimin ümidli və işıqlı vaxtlarından sizə kiçik bir əhvalat danışmaq istəyirəm.

Uşaqlıqdan uçan xalçaya inanırdım. Bizim bir köhnə xalçamız var idi. Onun üstündə oturub gözlərimi möhkəm yumurdum. Sanki buludlar ayaqlarımın altında əriyirdi, özümü dünyanı aşıb duyğulardan uzaqda hiss edirdim. Bunu yalnız mən bacarırdım.

Bir gün yenə dərsdən evə gəldim. Soyuq, bumbuz otağıma girəndə birdən-birə gözlərimə inanmadım. Otaq boyu dünyanın bütün rənglərini özündə birləşdirən xalça vardı. Yox, bu xalça deyildi sehrli rənglərin şöləsi idi. bütün otağımı tutmuşdu. Gün işığı otağa düşdüyündən rənglər divarlarda bərq vururdu. Nəfəsimə sığmayan xoşbəxtlik hissi məni bürümüşdü. Yan otaqdan anamın nəfəsini duyurdum, amma bu möcüzənin bitməyini istəmirdim.

Xəyallardan ayrılmaq istəmirdim. Otaqdan qaçıb anamı möhkəm qucaqladım. “Çox sağ ol” deməyi bilmirdim onda, amma anamın mənim özümə də deməyə qıymadığım sevgimi duyması məni uçururdu. Ürəyim sinəmə sığmırdı. Bir az keçdi, otağa dönəndə anam yerdən xalçanı yığırdı. Onu iri bir bağlama halına gətirib qucağına götürüb otaqdan çıxdı.

Sonra küçə qapısını açıb getdi. Bir müddət sonra qayıtdı, mətbəxə keçdi. Bütün bu vaxtı dəhlizdə kandarda oturub olanları sakitcə izləyirdim.

Uçan xalçalara inanmışdım onda. Mütləq bir xilaskar xalça məni arzularımın qanadında harasa çox uzaqlarda, yalnız gözəlliklərin olduğu bir dünyaya çəkib aparacaqdı.

İndi buradan baxınca, o çağlara boylananda anamın özgə evi üçün yuyub təmizlədiyi xalçanın heç zaman uça bilməməsi məni daha incitmirdi.

Qayıdım həmin günə. O gün axşam da yemək yemədim. Həyətə qaçdım. Var gücümlə qaçıb hamıdan uzaqlaşmaq istədim. Elə bilirdim ki, mənim indi bildiyim acı həqiqəti həyətimizdə bütün uşaqlar bilir.

Dərk edib anlayanda ki, anam qonşu evi üçün xalça yuyur, ev təmizləyir, həyətə düşüb uşaqlara tərəf qaçmadım. Tək-tənha ağacların ardında gizləndim. Uzaqdan işdən gələn atamı görəndə tutuldum. İlk dəfə idi onu görüb üstünə qaçıb sarılmaq istəmədim. Bu gün o, hər dəfəsindən daha yorğun, daha beli bükülmüş görünürdü.

Məhəlləmizdəki uşaqların mənim üstümdə baxışlarına kinim bir az da böyüyürdü.

Mən sonralar bütün bu ağrıları dəyişə bildim. Yalnız həmin gün ilk dəfə olaraq mən böyüdüyümü hiss etmişdim. İnsan xəyallarını itirə-itirə yaşa dolurmuş.

Mən həmin gün xalçaların uçmadığına əmin oldum. Böyüdüm.

Bəs sən nə zaman böyüdün?

Mənə öz hekayəni danış…

 

 

YANIQ QOXUSU

 

Əlində tutduğun məktublar. Mənim bir zamanlar sənə göndərdiyim ağrılarım idi. Qovrulub içimdə acı çəkməkdən yorulub sözlər uydururdum. Bu sözlərdə səni o qədər öyərdim ki, o qədər varlığından çox böyüdərdim ki, özünü belə tanımazdın. Halbuki, sən də hamı kimi qorxaq, anlamsız həyatda günü-günə satan, bu gününü sabaha güclə ötürən min insandan biri idin. Gözlərin dərin dənizi xatırladırdı. İnsan sevincə necə gözəl olurmuş. Bu gün əlində tutduğun sarı məktubun işığında, gözlərində sevgi yaranmışdı. Ünvanını bilmədiyin izaha gəlməyən acıyla birgə. Fikrini toplayıb üzünü yadıma salmağa başladın. Elə bu vaxt, qonşu otaqdan balaca toppuş ayaqlarını yerə möhkəm vura-vura qaçan nəvən göründü. Əlindən sarı kağız yığınını alıb qaçdı. Nə qədər qaçdınsa da, çata bilmədin. Ona çatdıqda, Sobaya atdığı məktubları seyr edib gülümsünürdü. Bir məktubun yanmağı nədir ki?! Sən unudulmağın dadını çıxart. Məktublarım yandıqca yaddaşıma nəsə olur. Hər dəfə yadıma salıb dönə-dönə qayıtdığım üzünü, yavaş-yavaş yaddaşımdan silirəm. Ən son gözlərini unuduram. İlk gözlərini sevmişdim deyə. Sən demə unutmaq böyük bir azadlıqdır. Susqun, xəfif yanıq qoxulu səma ürəyimə rahatlıq gətirir. Nə gözəl imiş, səni unutmaq.

Səhər açılır, əynini geyinib evdən çıxırsan. Dünyanı, mənsiz duyduğun ilk günündü. Əlini cibinə atıb, bir məktubluq canın var idi deyirsən. O da yandı kül oldu.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 14:01

The Shell Seekers onu məşhur etdi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rosamunde Pilcher (Rozamunda Pilçer) — romantik və ailə mövzulu əsərləri ilə məşhurlaşmış britaniyalı yazıçıdır. Xüsusilə sakit kənd həyatı, ailə münasibətləri, sevgi, itki, dostluq və insan talelərini təsvir edən romanları ilə böyük oxucu auditoriyası qazanıb. Rosamunde Pilcher 22 sentyabr 1924-cü ildə İngiltərənin Kornuoll bölgəsində anadan olub. Əsl adı Rosamunde Scottdur.

 

 Yazıçılığa marağı hələ gənc yaşlarından yaranıb.

İkinci Dünya müharibəsi illərində Britaniya Hərbi Dəniz Qüvvələrinin Women's Royal Naval Service (WRNS) bölməsində xidmət edib. Müharibədən sonra 1946-cı ildə Graham Pilcher ilə evlənib və Şotlandiyada yaşamağa başlayıb. Pilçer əvvəlcə qısa hekayələr yazıb. İlk əsərlərini Jane Fraser təxəllüsü ilə nəşr etdirib. Daha sonra öz adı ilə yazmağa başlayıb.

 

Onun ən məşhur əsərləri arasında:

- The Shell Seekers — Dəniz qabığı axtaranlar

- September - Sentyabr

- Coming Home - Evə qayıdış

- The Empty House - Boş ev

- Voices in Summer - Yayda səslər

- The End of Summer - Yayın sonu

- Winter Solstice - Qış gündönümü

- Another View - Başqa baxış

xüsusi yer tutur.

 

Pilçerin ən məşhur romanı “The Shell Seekers” (1987) hesab olunur. Əsərin mərkəzində Penelope Keeling adlı qadının həyatı, ailəsi, keçmişi və xatirələri dayanır. Roman sadəcə sevgi hekayəsi deyil. Burada ailə münasibətləri, keçmişin insan həyatına təsiri, valideyn-övlad münasibətləri, seçimlər və insanın öz həyatını müəyyənləşdirmək istəyi kimi mövzular işlənir.

Kitab dünya miqyasında böyük uğur qazanıb və Pilçeri beynəlxalq səviyyədə məşhurlaşdırıb. Rosamunde Pilcherin romanlarında hadisələr çox vaxt sakit və gözəl təbiət mənzərələri fonunda baş verir. Xüsusilə Kornuoll və Şotlandiya onun yaradıcılığında mühüm yer tutur.

 

Yazıçının əsərlərində tez-tez:

sevgi - ailə - keçmiş- ayrılıq - yeni başlanğıc xətti müşahidə olunur. Onun dili emosional, sadə və oxucuya yaxın idi. Buna görə əsərləri xüsusilə geniş oxucu kütləsinə çatıb. Pilçerin əsərləri televiziya üçün dəfələrlə ekranlaşdırılıb. Xüsusilə Almaniyada onun romanları əsasında çəkilən televiziya filmləri böyük populyarlıq qazanıb. Bu ekranlaşdırmalar onun adını kitab oxucularından daha geniş auditoriyaya çatdırıb.

Rosamunde Pilcher 6 fevral 2019-cu ildə, 94 yaşında vəfat edib. O, XX əsrin sonu və XXI əsrin əvvəllərində romantik və ailə romanlarının ən tanınmış britaniyalı müəlliflərindən biri kimi yadda qalıb. Pilçerin oğlu Robin Pilcher də yazıçıdır. Beləliklə, ailədə yazıçılıq ənənəsi növbəti nəslə də keçib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 10:37

Dünyanın qızıl səsli tenoru

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Andrea Bocelli — dünyanın ən tanınmış tenorlarından biri, opera və pop musiqisini uğurla birləşdirən italyan müğənni və musiqiçidir. O, xüsusilə güclü, emosional və özünəməxsus tenor səsi ilə məşhurdur. Bocelli həm klassik opera repertuarında, həm də populyar musiqidə böyük uğurlar qazanıb. Bu gün onun doğum günüdür, 68 yaşı tamam olur.

 

Andrea Bocelli 22 sentyabr 1958-ci ildə İtaliyanın Toskana bölgəsində, Lajatico yaxınlığında anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Altı yaşından piano öyrənməyə başlayıb, sonralar fleyta və saksofon da ifa etməyi öyrənib.

Bocelli doğuşdan görmə problemləri ilə üzləşib. 12 yaşında futbol zamanı aldığı zərbədən sonra görmə qabiliyyətini tamamilə itirib. Buna baxmayaraq, bu hadisə onun musiqi ilə məşğul olmasına mane olmayıb.

Maraqlı məqamlardan biri odur ki, Bocelli yalnız musiqi təhsili almayıb. O, Piza Universitetində hüquq oxuyub və universiteti bitirdikdən sonra bir müddət hüquq sahəsində çalışıb. Eyni zamanda musiqidən uzaqlaşmayıb və peşəkar müğənni olmaq üçün vokal dərsləri alıb. Onun müəllimləri arasında məşhur italyan tenor Franko Korelli də olub.

Bocellinin böyük səhnəyə çıxışı 1990-cı illərin əvvəllərinə təsadüf edir. 1994-cü ildə Sanremo Musiqi Festivalında “Il mare calmo della sera” mahnısı ilə qalib gəlməsi onun İtaliyada geniş tanınmasına səbəb olub. Bundan sonra həm pop, həm də opera karyerası sürətlə inkişaf edib.

Onun istedadının beynəlxalq səviyyədə tanınmasında “Con te partirò” mahnısı mühüm rol oynayıb. Mahnının “Time to Say Goodbye” adlı ingiliscə versiyası Sarah Brightman ilə duet şəklində böyük dünya uğuru qazanıb.

 

Opera və pop musiqisi

Andrea Bocellinin əsas xüsusiyyətlərindən biri opera ilə pop musiqisi arasında körpü yaratmasıdır. O, klassik opera əsərlərini səhnədə ifa etməklə yanaşı, müasir pop sənətçiləri ilə də çoxsaylı duetlər oxuyub. Onun repertuarında “Nessun Dorma”, “O Sole Mio”, “Con te partirò”, “Time to Say Goodbye” kimi məşhur əsərlər xüsusi yer tutur.

Bocelli karyerası ərzində Lorin Maazel, Seiji Ozawa, Zubin Mehta və Plasido Dominqo kimi böyük musiqi xadimləri ilə çalışıb. Bocelli milyonlarla albom sataraq dünyanın ən uğurlu klassik-pop ifaçılarından birinə çevrilib. Rəsmi bioqrafiyasına görə, onun albom satışları 90 milyondan çoxdur.

 

Məşhur albomları:

Romanza

Sogno

Sacred Arias

Andrea

Passione

Cinema

Sì

Believe

A Family Christmas

 

Andrea Bocelli karyerası ərzində müxtəlif janrlardan olan çoxsaylı sənətçilərlə duetlər ifa edib. Onun əməkdaşlıq etdiyi sənətçilər arasında Sarah Brightman, Céline Dion, Ed Sheeran, Ariana Grande, Jennifer Lopez, Nicole Scherzinger və başqaları var. Xüsusilə Ed Sheeran ilə səsləndirdiyi “Perfect Symphony” klassik və pop musiqisinin birləşməsinə yaxşı nümunədir.

Bocelli dünya miqyasında çoxsaylı mükafat və fəxri adlara layiq görülüb. 2010-cu ildə Hollivud Şöhrət Xiyabanında ulduzu yerləşdirilib. O, həmçinin İtaliya Respublikasının yüksək dövlət təltiflərindən birinə — Böyük Zabıtçı (Grand Officer) səviyyəsində “Order of Merit of the Italian Republic” mükafatına layiq görülüb.

2015-ci ildə Davosda Crystal Award mükafatını alıb. 2016-cı ildə isə Macerata Universiteti ona müasir filologiya üzrə fəxri doktor adı verib.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Çərşənbə axşamı, 22 Sentyabr 2026 10:09

“Maraqlı söhbətlər”də Almazovun sehirli qabı

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Rusiyanın görkəmli ürək cərrahı, tibb sahəsindəki xidmətlərinə görə Kembric universitetinin fəxri medalına layiq görülmüş akademik Vladimir Almazovun Birinci Tibb İnstitutunun klinikasındakı kabinetində içərisində spirtlənmiş insan ürəyi olan bir şüşə qab var. Orada oxuyan hər bir tələbə bu ürəklə bağlı olan maraqlı hadisənin tarixçəsini bilir.

 

50-ci illərin əvvəllərində, Almazov hələ Sankt-Peterburqdakı Birinci Tibb İnstitutunun 4-cü kurs tələbəsi olanda İnstitutun klinikasına o vaxtı müalicəsi olmayan və ölüm faizi yüksək olan ürək xəstəsi olan bir qızı yerləşdirirlər. Qızın temperaturu yüksək olurdu və ürəyi isə dayanırdı. Hər şeydən əllərini üzən həkimlər onun sağalmasını ümidsiz hesab edirdilər.

İnstitutda təcrübə keçən Almazovda az qala son günlərini sayan bu yaraşıqlı qıza qarşı sevgi hissi yaranır. O,hər gün palatada yatan qıza baş çəkir,ona gül gətirir,qayğıkeşlik göstərir. Ölümlə əlbayaxa olan qızın da ona qarşı sevgi hissi yaranır. Heç kəsin gözləmədiyi halda onun vəziyyəti getdikcə yaxşılaşmağa doğru gedir və yavaş-yavaş sağalmağa başlayır. Və sağalır da.

Sağalandan sonra onlar ailə qururlar, uşaqları da olur. Gümüş toylarına isə onu müalicə edən həkimləri də dəvət edirlər.

Uzun illər sonra qadın vəfat edəndə ürəyini Birinci Tibb İnstitutuna verilməsini vəsiyyət edir. Bununla o xatırladır ki, xəstə qəlbi sevən ürək sağaldır.

"Ürəyi ancaq ürəklə müalicə etmək olar" deyə Almazov bildirir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.