Super User

Super User

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Türklərin tarixi rubrikasına keçid alırıq. Əhatə dövrü Səlcuqlu imperiyasıdır.

 

Böyük Səlcuqlu İmperiyasının hərbi və siyasi qüdrətinin zirvədə olduğu 11-ci əsrdə imperiyanın sərhədləri Aralıq dənizindən Mərkəzi Asiyaya qədər uzanırdı. Bu möhtəşəm imperiyanın memarlarından biri Sultan Məlikşah idisə, onun hakimiyyət illərində saray daxilində və şərq sərhədlərində ən böyük gərginlik mənbəyi öz qardaşı — Xorasan valisi Şahzadə Məlik Təkiş olmuşdu. Döyüşkənliyi, sərkərdəlik istedadı və bitmək bilməyən taxt iddiaları ilə seçilən Məlik Təkiş, Səlcuqlu verasət (taxt-tac) sisteminin ən bariz və dramatik nümunələrindən biridir.

 

Xorasan valiliyi və ilk qiyamın qığılcımları

Böyük Səlcuqlu Sultanı Alp Arslanın oğlu olan Məlik Təkiş, atasının vəfatından və qardaşı Məlikşahın 1072-ci ildə taxta çıxmasından sonra imperiyanın strateji baxımdan ən mühüm bölgələrindən biri olan Xorasanın və Bəlxin valisi təyin edildi. Bu bölgə imperiyanın şərq qapısı sayılır, həm Qəznəvilər və Qaraxanlılar kimi qonşu dövlətlərlə sərhəddə yerləşir, həm də böyük bir hərbi qüvvəni özündə cəmləşdirirdi.

Ancaq türk-islam dövlətçilik ənənəsindəki "ölkə sülalənin ortaq mülküdür" anlayışı Məlik Təkişi sadəcə bir vali olmaqla kifayətlənməyə qoymurdu. 1080-ci ildə Sultan Məlikşah qərbdə səfərdə olarkən və dövlət işləri ilə məşğul ikən Məlik Təkiş fürsətdən istifadə edərək ilk dəfə açıq şəkildə qiyam qaldırdı. O, özünü müstəqil hökmdar elan etməyə və adına xütbə oxutdurmağa cəhd göstərdi.

 

Sultan Məlikşah və Nizamülmülkün siyasəti: Bağışlanan xəyanət

Məlik Təkişin qiyamından xəbər tutan Sultan Məlikşah və dahi vəzir Nizamülmülk dərhal böyük bir ordu ilə Xorasana tərəf hərəkət etdilər. Səlcuqlu ordusunun əzəmətini və qardaşının hərbi üstünlüyünü görən Məlik Təkiş birbaşa döyüşə girməyə cürət etməyib geri çəkildi və sonradan peşmanlıq bildirərək sultandan əfv dilədi.

Sultan Məlikşah böyük dövlət xadiminə yaraşan təmkinlə və qan qohumluğunu nəzərə alaraq qardaşını bağışladı. Onu yenidən Xorasan valisi vəzifəsində saxladı. Lakin bu bağışlanma Təkişin daxilindəki taxt həvəsini söndürmədi, əksinə, onu daha gizli və təhlükəli planlar qurmağa sövq etdi.

 

İkinci qiyam və gözlərinə mil çəkilməsi

1084-cü ildə Məlik Təkiş növbəti və daha böyük bir isyana əl atdı. Bu dəfə o, Səlcuqlu imperiyası ilə rəqabətdə olan Qaraxanlılar və Qəznəvilərlə gizli ittifaqa girməyə, onların dəstəyi ilə Məlikşahı taxtdan salmağa çalışdı. Şərq sərhədlərində təhlükəsizliyin tamamilə pozulduğunu görən Sultan Məlikşah ikinci dəfə Xorasana qoşun çəkdi.

Bu dəfə Məlik Təkişin ordusu darmadağın edildi və şahzadə özü əsir götürüldü. Sultan Məlikşah dövlətin bütövlüyünü və imperiya daxilindəki sabitliyi qorumaq üçün bağışlamaq limitinin bitdiyini anladı. Təkiş öldürülmədi (türk ənənəsinə görə xanədan qanı tökülmürdü), lakin bir daha qiyam qaldıra bilməməsi üçün gözlərinə mil çəkilərək kor edildi və qalaya həbs olundu.

 

Məlik Təkişin tarixi siması və Səlcuqlu dövlətinə təsiri

Məlik Təkiş təkcə qiyamçı bir şahzadə deyil, həm də dövrünün cəsur və bacarıqlı komandanlarından biri idi. Onun Xorasandakı fəaliyyəti imperiyanın şərq sərhədlərinin qorunmasında müəyyən müddət mühüm rol oynamışdı. Lakin onun şəxsi iddiaları Səlcuqlu dövlətinin daxili enerjisini və hərbi resurslarını bir neçə il boyunca lüzumsuz mübarizəyə sərf etməyə məcbur etdi.

Onun faciəvi taleyi Səlcuqlu imperiyasında taxt mübarizəsi adlanan böhranların ən parlaq nümunələrindən birinə çevrildi və Məlikşahın ölümündən sonra baş verəcək daha böyük vətəndaş müharibələrinin (Bərkiyaruq, Məhəmməd Tapar və Səncər dövrü) ilkin xəbərçisi oldu.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Çərşənbə, 29 İyul 2026 15:07

“Bizdə həmişə təklikdir...”

Həyat Şəmiyə minnətdarlıq hissim

 

Hikmət Məlikzadə,

şair-tədqiqatçı.

“Ədəbiyyat və incəsənət”

 

Həyat Şəmi... - qələmimi kürəyimə şələləyib Bakıya – şeir məclisinə gəldiyim gün ilk gördüyüm qadın şairdir. Yadımdadır, 1999-cu il idi, “Ədəbiyyat qəzeti”ndə Gənclər günü keçirilirdi, hansısa zərurətdən yanaşı oturmuşduq, məclis başlamamış anidən soruşdu:

-Siz hansı mövzuya daha yaxınsız?

Utancaq çöhrə, titrək vücudla dedim:

-Fərq etmir. – Bir neçə saniyə susdum, bir-iki dəfə udqunub əlavə etdim: - Allah məni hər mövzuda qəmə ürcah edib...

O, təəccüblə yanındakı qadına üz tutdu, ani bir-birlərinə islahedici baxışlarla nəsə dedilər, sonra mənə tərəf çevrildi, dedi:

-Tanış olun, Rəsmiyyə Sabirdir, oxunaqlı şeirləri var.

Mən hələ tam qurumamış – islaq gözlərimi Rəsmiyyə xanıma sarı çevirib məmnunluq ifadə etdim. Bu an hörmətli Ayaz Vəfalının səsi eşidildi:

-Hə, kimdən başlayaq?

Beləcə, hər dəfə o şeir məclisinə gələndə əvvəlcə Həyat Şəminin, sonra da Rəsmiyyə Sabirin xoş çöhrəsi ilə qarşılaşırdım... Sanıram, biz eyni ruhun, eyni ovqatın və eyni əxlaqın sahibləri olmuşduq...  

Aradan illər keçib. Nə xoş ki, indi biz üçümüz də eyni ruhun daşıyıcılarıyıq...

Qarşımda qələmdaşım Həyat Şəminin bir neçə şeiri var. Səmimi deyim, ruhu həminkidir - o vaxt da belə məzmunlu şeirlər yazırdı...

Hörmətli şairimizin poetik yaradıcılığını (qısa da olsa) bir neçə rakursdan çözmək istəyirəm...

1. Həyat Şəminin qələmini oxucuya sevdirən birinci şərt fikir gözəlliyidir. Bu, o anlama gəlməsin ki, Həyat xanım şeirdə ancaq fikir sərrastlığı güdür, xeyr, o, ən çox sözün batini qatında duru-lirik fövqlərə varır, oxucunu fikri qavramaq, dopdolu düşünmək və doğru nəticə çıxarmaq əzmi ilə üz-üzə qoyur.

2. Həyat Şəmi şeirində lirik təəssürat fəlsəfidir, orada keçici-dəyişkən heç nə yoxdur, əksinə, söz-fikir elə poetik təcəssüm qurur ki, şairin diqtə etdiklərini bir neçə dəfə düşünməklə əxz edə bilirsən.

3. İstedadlı şair hətta modern ədəbi çək-çevirlərində belə Azərbaycan şeirinə xas temperamenti - milli hissi qoruyub saxlayır.  

4. Həyat Şəmi şeirində təsadüf-zərurət faktoru təsəvvüfçü zəmin kimi məna tapır.  

5. İstedadlı şair hətta vətənpərvərlik fəhmini milli-aşılayıcı fövqdə - həm də maarifləndirici zəmin kimi ehtiva edir. 

İndi Həyat Şəmi şeirini bu proseslər üzrə tədqiq edək. Məsələn, onun “Şuşa” şeirində fikir fəlsəfi çırpıntıdan daha çox milli tərpənişlərə məruzdur:

 

Musiqi beşiyim, səssiz qalmışdın,

Dumanlı dağların bizsiz qalmışdı,

Əsir yaşayırdın, susuz qalmışdın,

Mən əsgər andımı içdim səninçün.

 

Bu şeir parçasında milli zəmin - əsas da vətəndaşlıq məsuliyyəti bəlli süjet xəttidir, müəllif hadisələrə keçici deyil, inandırıcı yanaşması ilə diqqət çəkir, səmimi görünür.

Həyatın “İstanbul vaxtı ilə” şeiri də maraqlı ehtizazdadır:

 

Eyni işləməz

Gedənlə qalanın saatı...

Getdim,

Bir saat geri çəkdim həyatı...

 

Bu şeirdə örnək qəlib fəlsəfi təəssüratdır. Şair “Eyni işləməz Gedənlə qalanın saatı...” ricəti ilə çox dərin mətləbə eyham vurur. Oxucu buradakı fəlsəfi diqtələri iqrar etmək üçün əlbəttə, bir neçə dəfə düşünmək, fikri təkrar-təkrar çözmək israrı ilə üz-üzə qalır. Bu, şairin uğuru, oxucunun qazancıdır.

“Salam, əsgər!” şeirində biz vətənpərvərliyin doğru səmtlərini görürük; burada vahiməçi hay-haray yoxdur, burada daha çox ağılca davranış, Vətən naminə düşmənə ehtiyatla həmlə endirmək çağırışları sezirik:

 

Candan usanıbdır, Füzuli xəstə,

Nəfəsi get-gəlli, səsi ahəstə.

Qaldır Bayrağımı Ərgünəş üstə,

Göz yaşıyla islat, sonra günə sər,

Salam, əsgər!

 

Bu şeirdə müəllif bir komandan kimi irəlidədir, əsgərlərinə - torpaqlarımızın müdafiəsində duran oğullara həyat örnəkləri ifadə edir.

“Rənglə duyuruq” şeirində oxucuya həyat zərurətləri əxz edən poetik nüans səbəbdir. Gerçəkçi zəmində biz bir çox həqiqətləri səbəblə təxmin edirik.

Şeirdən bir parçaya diqqət edək:

 

Rənglə duyurduq yağışı,

göyün üzü qaralanda...

Yağışdan sonrakı

göy qurşağını...

 

Buradakı sətiraltı anlam, əslində, təsəvvüfçü israrları doğru rakursdan çözür. Oxucu şeirdəki elmi mündəricəni, bir növ, poetik fakt kimi qavrayır, elmlə poeziyanın eyni xətt üzərində cərəyan eməsinə inanır. 

Həyat Şəminin “Adam olmadı bizdən...” şeirində Allah-insan münasibətləri, həyatı başqa – doğru olmayan səmtlərdən müşahidə etmək yanlışımız çox qabarıq sezilir: 

 

Evcik-evcik oynadıq,

ev qurduq özümüzdən...

böyüyüb uşaq olduq,

Adam olmadı bizdən...

 

Burada da fikir həm fəlsəfidir, həm bəşəridir, həm də yanlışını daha çox görə bildiyimiz fövqdədir.

 “Dialoq” şeirindəki ədəbi təfsilat da elə bu nəticə ilə özünü bəlli edir:

 

-Sizdə təkliyə xırda olmaz?

-Bizdə həmişə təklikdir...

-Gəl evlənək, sən darıxmamaq üçünsən...

 

Şeir (ilk baxışdan) sadə sözlərlə çəpərlənib, fəqət burada fikir elə şüursal sədlər qurur ki, adamın bəti-bənizi donur. Səmimi deyirəm, (şəxsən mən) tək bu şeirin fövqündə bir kitab söz yazaram. Bu şeirin yozumu çoxdur, bu şeirin əxz etdiyi məna çox dərindir və s.

Həyat Şəmini - hörmətli qələm dostumu eyni poetik libasda görmək və təqdir etmək mənə çox xoş oldu. Əlbəttə, bu yazıda təhlilə o qədər də yer vermədim, ancaq səmimi deyirəm, bu yazı illər sonra Həyat Şəmiyə bir minnətdarlıq hissimdir. Qəbul etsə, səmimiyyətimə inansa, nə xoş.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

 

Çərşənbə, 29 İyul 2026 08:34

İnformasiya sınırı da Vətəndir!

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Dövlətin əsas atributlarından, dövləti göstəricilərindən savayı bir də görünməyən sınırları var: dili, mədəniyyəti, tarixi yaddaşı, informasiya məkanı və milli iradəsi!.. Bu sınırlar pozulduqda, xəritədə heç nə dəyişməsə də, dövlətçiliyin özünə zərbə dəyə bilir, cəmiyyət çalxalanır, aydınlar qələmini, sözünü əsirgəmir.

 

İş elə gətirib, Azərbaycan uzun illərdir həm fiziki, həm informasiya savaşının ön cəbhəsindədir. İlgincdir, ölkəmizə qarşı aparılan bu kampaniyaların önəmli bölümü zaman-zaman özünü “dostluq-qardaşlıq”, “ümmət”, “məzhəb”, “ümumi dəyərlər” pərdəsi altında təqdim etməyə çalışıb. Halbuki dövlətlərarası münasibətlərin ölçüsü romantik şüarlarla ölçülmür, ölçü-ülgü üçün siyasi davranışın necəliyi, nəliyi önəmlidir.

Tehran hakimiyyətinin müxtəlif dönəmlərdə Azərbaycanın suveren qərarlarına qarşı sərgilədiyi münasibət, ölkəmizin iç işlərinə təsir göstərmək çabaları, informasiya və ideoloji təsir alətlərindən istifadə etməsi artıq təsadüfi hadisələr kimi qiymətləndirilə bilməz. Burada söhbət ayrı-ayrı jurnalistlərin, media qurumlarının çalışmasından getmir; biz dövlət siyasətinin informasiya müstəvisindəki təzahürlərindən danışırıq.

Müstəqil Azərbaycan öz dövlət mövqeyini ifadə edərkən hüquqa üstünlük verir, emosiyalarla möhtac qalmır.

Qarşılıqlılıq prinsipi beynəlxalq münasibətlərdə qəbul olunmuş bir hüquqi mexanizmdir. Eyni münasibətin eyni hüquq çərçivəsində cavablandırılması nə qərəzdir, nə də qarşıdurma həvəsi; bu, dövlət suverenliyinin təbii müdafiə formasıdır.

Məsələnin daha dərin qatı isə kulturolojidir. İnformasiya məkanı XXI yüzilin ən önəmli geosiyasi ərazilərindən birinə çevrilib. Əgər vaxtilə qalalar daşdan tikilirdisə, bu gün onların yerini milli informasiya təhlükəsizliyi arxitekturu tutur. Söz də sınır keşikçisidir. Kamera da, mikrofon da, qələm də dövlət çıxarlarından qıraq düşünülə bilməz.

Bəs yaxşı, Azərbaycan mediası təkcə xəbəri ötürən institutdurmu? – Əlbəttə, yox. – Mediamızı ulusun yaddaşını qoruyan, həqiqəti bəlgələşdirən və dövlətin informasiya suverenliyini gücləndirən strateji quruluş olaraq görməliyik. Ona görə də ulusun çıxarlarına qarşı yönəlmiş sistemli informasiya çalışmalarına münasibətdə hüquqi və prinsipial mövqe nümayiş etdirilməsi demokratik dövlət davranışının ayrılmaz hissəsidir.

Bizimlə problemi olmayanlarla bizim bir  problemimiz yoxdur. Bununla belə, dövlət siyasəti ilə ulusların taleyini eyniləşdirmək də doğru sayılmaz. Tənqidimizin ünvanı Azərbaycanın çıxarlarına qarşı yönəlmiş siyasi xətdir.

Bəlağətli çıxmasın, Rüstəm Behrudinin ünlü “Vətən” şeiri havasında desək, bəli, bu gün informasiya məkanı da Vətəndir. O Vətənin keşiyini həm də jurnalistlər çəkir.

Ulusumuzun çıxarları adına deyilən hər doğru söz dövlətçiliyin görünməyən istehkamlarından birinə çevrilir.

Həqiqətin yanında olmaq, dövlətin yanında olmaq və Azərbaycanın informasiya suverenliyini qətiyyətlə qorumaq! – Azərbaycan mediasının əsas missiyası da məhz bu deyilmi?

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

P.S. Tehran, Kreml, Daşnaksütyun, PKK, anrı-bəri cocuqlarının bu aralar yenə canlanacağını görsək, təəccüblənməyək. Birbaşa bu və bənzəri yazılara cavab vermədən, guya çox ağıllıymışcasına ayrı-ayrı kateqoriyalar, sahələr üzrə bizləri “ələşdirmə”ləri bildiyimiz, güldüyümüz haldır.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Çərşənbə, 29 İyul 2026 10:12

Zamanın fövqündə” – yubiley sərgisi

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İyulun 31-də “Phigaro Gallery”də tanınmış Azərbaycan rəssamı Soltan Soltanlının 50 illik yubileyinə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgisi keçiriləcək.

Sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq.

 

“Əsl sənət öz mövzusuyla, ifadə etdiyi anlamla həmişə zamanın fövqündə dayanmalı, yüzillər boyunca ucalığını qorumalıdır. Bu sərgidə də başlıca mövzum insan və onun dünyada, həyatdakı yeridir” - deyə rəssam bildirib.

Qeyd edək ki, S.Soltanlı 30 ildir ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə əsərlərilə təmsil edir. Çoxlu beynəlxalq mükafatlar qazanan rəssamın əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda saxlanır.

Sərgi avqustun 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Seyran Səxavətin essesi təqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

Seyran SƏXAVƏT

SÖZÜN BELİNDƏN GƏLƏN ADAM

 

Mənim bir yazıçı olaraq oxuculuq “stajım” yaradıcılıq “stajımdan” çoxdur. Nə az, nə çox, düz yetmiş dörd il. Bu illər ərzində saysız-hesabsız kitablar oxumuşam, vəcdə gəlmişəm, gülmüşəm, kədərlənmişəm, oxuduqlarımın ardını yuxularımda görmüşəm, yuxularımda da təkrar vəcdə gəlmişəm, gülmüşəm, kədərlənmişəm, oxuduğum əsərlərin müəllifləri qədər, bəzən də ondan artıq dərəcədə sarsılmışam, ona bir müəllif olaraq yazığım gələn vaxtlar olub, onun yerində olmaq istəmişəm də, istəməmişəm də bəzən günlərlə, bəzən də aylarla o əsərin təsiri altında ilan kimi qıvrılmışam, əzilmişəm, dəymişim dura-dura kalım tökülüb, nəfəsimin kor bıçaqla kəsildiyi vaxt olub, dünyanın acığı duzsuz tər kimi dabanımdan tökülüb, günəş gözümdə özü boyda soyuq kömürə çevrilib, bu çevrilişin insanlara verdiyi əzab Allahın da xoşuna gəlməyəndə yer kürəsi adlı gen-bol əbədi əzəli vətəndə heç olmasa tək ayağım üstə dik dayanmaq üçün özümə yer tapa bilməyəndə, bu dolu boşluğun varlığına şübhə eləyəndə, onun içində özümə bir künc tapmalı və bu küncü itirməkdən qorxa-qorxa, üşənə-üşənə dünyanı dərsi pozan məktəbli kimi küncə qoyulan görəndə dəli olmuşam və mənə elə gələndə ki, bütün bəşəriyyət məni barmağı ilə göstərir, bu dəfə əməli-başlı dəli olub düşmüşəm öz doğma küncümün ucsuz-bucaqsız çöllərinə.

İndi sizlərə müraciət edirəm.

– Hörmətli oxucular deyə yox, hörmətli qohumlar, çünki mənim ən yaxın qohumlarım oxucularımdır. Qan qohumlarım onlardan sonra gəlir, bəli…

İndi gələk mətləbə…

Hörmətli qohumlar!

Mən bu gün bu yazımda yetmiş ilə yaxın yaradıcılıq illərimdə özümün Azərbaycanın, bəlkə də, dünyanın (Bunu dəqiq deyə bilmərəm, imanım Allaha əmanət) ən böyük cümləsini yazdım – yüz yetmiş beş sözdən ibarət.

Ən böyük cümləni yazmağı qarşıma məqsəd qoymamışdım, sadəcə olaraq, belə alındı. Dünyanın bu ən böyük cümləsi bilirsiniz nə vaxt doğuldu?

Yəqin ki, bilmirsiniz…

Onda icazə verin deyim…

Yüz yetmiş beş sözdən ibarət olan bu ən böyük cümlənin təvəllüdü, doğum tarixi 2 may 2026-cı il saat 12-də Mərdəkan söz doğum evində…

Vüsal Cəbrayıloğlunun “Ölümün bəxş etdiyi həyat” əsərini oxuduğum gün.

Bu əsər haqqında uzun-uzadı danışmaq bu əsəri yazmamaq qədər günah olardı və Allah Vüsal Cəbrayıloğlunu bağışlamazdı. Ona görə də bu əsər haqqında yazılanı oxumaqdansa, bu əsərin özünü oxuyun, özünü…

Mən dünya ədəbiyyatına bələdəm. Onunla çox yaxınam. Mən deyərdim ki, qardaş kimiyik, aramızdan su da keçmir…

Dünya sözünün ağırlığını Atlant kimi çiynində saxlayan yazılar var.

Ad çəkmək istəmirəm, çünki onların əsl adları şərtidir. Hamısının bir adı var:  Nəhənglər.

Yuxarıda deyəndə ki, dünya ədəbiyyatı ilə qardaş kimiyəm, aramızdan su da keçmir, o nəhəngləri nəzərdə tuturdum və bu nəhənglərin hər birinin böyük sözlə öz münasibətləri var. Biri digərinə bənzəməz, yüz il bənzətsək də.

O nəhənglərin hamısı böyük sözlə amansız və qəddar rəftar etməsəydilər, böyük sözlə dil tapa bilməzdilər. Çünki söz üzü yola uşaq deyil ki, nə desən, canla-başla əməl eləsin. Xeyr, elə deyil. Özü də böyük söz hər adamla, hər istedad deyilənlə oturub-durmaz. Çünki sözdən yuxarı ancaq Allahdır, Allahdan aşağıda ancaq və ancaq sözdür. Orada kimsə görünməz. Görünmək istəsə də, görə bilməzsiniz – mümkünsüzdür…

Qaldı Vüsal Cəbrayıloğluna…

Maşallah…

Allah saxlasın, o üzü yola olmayan böyük sözləri, Azərbaycan sözlərini Azərbaycan əsgəri kimi sıraya düzüb onlara belə əmr verir: “Haqqa bax, düzlən!”

Yorulmayasan, qardaş…

Qardaşım dedim…

Bəli…

Biz qardaşıq… İkimiz də SÖZün belindən gəlmişik.

 

21-ci əsr, 2 may 2026-cı il.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

10 FAİZ ENDİRİM

 

Füsünkar Qubada yerləşən əsrarəngiz “Quba palas” oteli məxsusi Azərbaycan vətəndaşları üçün sevgi və sayqı nümayiş etdirərək inanılmaz bir kampaniyaya start veribdir. İyul ayının 1-dən 31-dək burada dincələn hər bir azərbaycanlı otelin gecəsinə 890 manat deyil, 801 manat verir. 

 

Dünyanın ən bahalı otelləri olan The Mark (Nyu-York), Grand Hyatt Cannes Hotel (Kann), Burj Al Arab (Dubay) və digərlərinin belə həsəd aparacaqları “gecəsi 890 manat” yüksəkliyinə ucalan Quba palas otelinin bu addımından qürur duyur, belə misilsiz bir güzəştə görə otel rəhbərliyinə hədsiz minnətdarlıq bildiririk. 

Bax budur əsl vətən, xalq sevgisi. 

Azərbaycan vətəndaşı, sən necə də xoşbəxtsən. 

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

Amil Əzimli,

“Ədəbiyyat və incəsənət”

 

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var. Onun akademik fəaliyyəti, keçdiyi yol hər kəsə məlumdur. Bu barədə geniş məlumat almaq üçün Səadət xanımın sevimli tələbələrindən biri, mənim keçmiş qrup yoldaşım Eminin yazısını nəzərdən keçirə bilərsiniz. Mən isə istəyirəm ki, əziz müəllimimi bir tələbəsi kimi təsvir edim. Çünki müəllim tələbəsinin həqiqi yolgöstərənidir, əsl müəllim də tələbəsinin müəllimi olan şəxsdir.

 

Mən magistraturaya qəbul olunanda deyirdilər ki, mövzu götürəcəm, elmi rəhbərim olacaq və onunla işləyəcəyəm. Hər birimiz tələbə olmuşuq; elmi rəhbərimin Səadət xanım təyin olunduğunu biləndə kiçik bir “kəşfiyyata” başladım. Kimdən soruşurdumsa, hamısı eyni şeyi deyirdi: “Çox işləməli olacaqsan”, “Ciddi məşğul olur”. Səmimi desəm, ölkəmizdə bir çox universitetlərdə elə tələbələr tərəfindən də magistratura təhsilinə layiqincə qiymət vermirlər. Mən də hamı kimi nə ilə qarşılaşacağımı tam anlamadan bu yola qədəm qoymuşdum. İlk dəfə Səadət xanımla görüşəndə içimdə qəribə bir narahatlıq var idi. Amma onun söhbətə başlama tərzi, mənim hansı mövzuya marağımın olduğunu soruşması məni dərhal ümidləndirdi. Sabir yaradıcılığını sevdiyimi dedim. Səadət xanım başqa təkliflər də etdi, amma birbaşa qarşı çıxmasam da, öz incə müəllim duyğusu ilə ürəyimdən keçəni anlayıb mənə elə Sabir yaradıcılığından bir mövzu verdi.

 

Kitabla bəzənmiş bir ömür yolu,

Səhifə-səhifə çiçək deməkdir,

Əziz müəllimin hər xatirəsi,

Hər vaxt dilimizdə səslənəcəkdir.

 

O gündən əziz müəllimim məni öyrətməyə başladı: mövzuya uyğun mənbə seçmək, kartotekalarla işləmək, arxivlərlə məşğul olmaq, eləcə də mövcud bilikləri sistemləşdirib elmi hala salmaq bacarıqlarını mənə addım-addım mənimsətdi. Adi esse səviyyəsində olan yazılarımın üstündə dəfələrlə işləyərək onları elə bir səviyyəyə gətirdi ki, hətta özüm də yazdıqlarıma inana bilmirdim. Təbii ki, əvvəllər çətin gəlirdi. Yaş və təcrübə azlığı bəzi şeylərin gərəksiz, artıq olduğunu düşündürürdü. Amma Səadət xanımın təcrübəsi və peşəkarlığı məni yavaş-yavaş doğru istiqamətə yönləndirdi. İnsanın nəfsinə hər şeyi yola vermək, üstündən keçmək xoş gəlsə də, nəticəsində bir uğur görməyəndən sonra o rahatlığın da əzab olduğunu anlayırsan. Təbii ki, hər uğuru nəsib edən Allahdır, amma düşünürəm ki, mənim təhsilimi davam etdirməkdə əsas səbəbim Səadət xanımın rəhbərliyi olmuşdur. Ona görə də Səadət xanımın rəhbərliyini bu yolda özümə Allahın lütfü kimi bilirəm.

 

Hərdən bitirərdik dərs saatını,

Sonra tələsərdik gələn dərsinə,

Var elə insanlar, bir hədiyyədir.

Allahın lütfündən öz bəndəsinə.

 

Elə müəllimlər var ki, ciddiyyətlə səmimiyyət onların xarakterində kəsişmir. Səadət xanımın mənə ən çox təsir edən tərəfi isə onun akademik ciddiyyətlə insani səmimiyyəti ustadcasına bir arada cəmləşdirməsidir. Hərdən bir şeyi soruşmağa tərəddüd edirdim ki, bəlkə sərt reaksiya verər, amma dərhal onun nəzakəti, izah tərzi, gözəl üslubu və öyrətmək həvəsi yadıma düşürdü və tərəddüd etmədən suallarımı verirdim. Səadət xanım öyrətməyi çox sevir; təki kimsə ondan nəsə soruşsun, nəsə öyrənmək istəsin. Verdiyim hər sualın cavabına görə təşəkkür edəndə gözlərində qəribə bir sevinci görürdüm. Çünki niyyəti neçə təmizdirsə, cavabının da o qədər dəqiq olduğundan əmin idi. Onun yanında qaranlıq qalan bir məqam ola bilməz, əgər varsa da, Səadət xanımın izahında dərhal aydınlığa qovuşacaq. Ona görə də zaman keçdikcə özümü Səadət xanımı daha çox dinləmək məcbüriyyətində hiss edirdim. Bəzən elə bir ortam olurdu ki, Səadət xanımla söhbət etmək, məsləhət almaq üçün bir məqam olmasa da, eyni mühitdə olmaq belə rahat hiss etdirir, xoş təsir bağışlayırdı.

İnsanın öz müəlliminin ona dəyər verməsi və uğurlarına sevinməsi əvəzedilməz hissdir. Səadət xanım başqalarının uğuruna səmimi şəkildə sevinməyi bacarır. Çünki o bilir ki, biri uğur qazanırsa, deməli, elm də qazanır. Bu da onu sevindirmək üçün kifayətdir. Mən nə qədər yolun əvvəlində olsam da, xırda addımlar atsam da, o, hər zəhmətimi yüksək qiymətləndirir və hər kiçik uğurumu alqışlayır. Düşünəndə ki, bu xoş sözləri Səadət xanım deyib, anlayıram ki, bunlar sadəcə xətrə dəyməmək və ya həvəsləndirmək üçün deyilən sözlər deyil, həqiqi dəyərdir. İnsanın başqalarının uğuruna sevinməsi kamillik göstəricilərindəndir, Səadət xanımda bu kamillikdən böyük bir pay var.

Bütün bunlarla bərabər hər zaman Səadət xanım öz cəsarəti ilə də xatırlanır. Gündəmdə olan məsələlərə, elmin inkişafına təsir edən problemlərə hər zaman toxunmuş, toxunmaqla qalmayıb həlli yollarını təklif etmişdir. Əsl elm fədaisi necə olmalıdırsa, Səadət xanımın mövqeyi hər zaman bunu göstərmişdir.

Sonda Allahdan Səadət xanımın ömrünü bərəkətli etməsini istəyirəm. Həmişə sanballı tədqiqatları və nümunəvi xarakteri ilə bizim hər birimizə öndər olsun. Arzusunda olduğu hər şeyin xeyirlisini əldə etmək qisməti olsun.

 

Ruhunu duyarsan bu qoca Şərqin,

Dinləsən sözünü, duysan səsini,

Özgələr unutsa, Amil unutmaz,

Dövrünün səadət nümunəsini.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Haqqında çoxlu filmlər çəkilən, dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olan Mati Hari kimdir? Sağlığında əfsanələr yaradan və ölümündən sonra “Fransanı məhv edən qadın”adı ilə məşhurlaşan Mati Hari adi rəqqasə idi. Tarixçilər onun ikili agent olduğunu də bildirirlər (fransızlardan almanlara, almanlardan fransızlara).

 

Əsl adı Marqareta Gertruda Zeller olan bu qadın Hollandiyada doğulmuşdur. Rəqqasə olandan sonra isə Mata Hari (malay dilində “Şəfəq gözü”) adını götürmüşdür. O,Birinci Dünya müharibəsində 50 min fransız əsgərinin ölümündə təqsirli bilinərək ,Fransa hərbi məhkəməsi tərəfindən 41 yaşında edam olunmuşdur.

O,ölümün üzünə də cəsarətlə baxdı,əyilmədi. Böyük aktyorlar kimi,ölüm səhnəsində öz axırıncı rolunu oynayaraq,güllələnmə səhnəsini şouya çevirməklə sanki son konsertini verdi. Adətən belə şeyləri yazıçı təxəyyülü olan kitablardan oxuyuruq. Bu isə real həyatda olan hadisə idi.

1917-ci il oktyabrın 15-də gözərçi Mata Harinin qaldığı kameraya gələrək,bildirir ki,hazırlaşsın , onu güllələnməyə aparacaq. Amma o,hiddətlənərək bildirir ki,səhər yeməyi verməmiş,onu güllələnməyə necə aparırlar. Tələsik ona səhər yeməyi verilir. Bu vaxta kimi artıq onu tabutu da gətirilmişdi. Kameradan isə o, sakit,həyacansız və bəzənmiş vəziyyətdə: ayağında hündürdaban tufli, qara geyimdə və o vaxt Parisdə son dəbdə olan şlyapada çıxdı. O,fotoqrafçıların gəlməsini də xahiş etdi:”Qoy bu mənim axırıncı foto-sessiyam olsun”-deyə bildirdi. Ona isə bildirirlər ki,artıq bütün mərkəzi qəzetlərdən fotoqraflar gəlib. Güllələnmə Parisin yaxınlığındakı Vansen hərbi poliqonunda həyata keçirilir. Onu gözü qara sarğılı halda dirəyə bağlayan zaman ucadan bu prosesi həyata keçirən dövlət məmurunun onun yanına gəlməsini tələb etdi.

-Xahiş edirəm ki, məni bağlamayın və gözümdəki sarğıları açın. Hər şeyi öz gözlərimlə görmək istəyirəm.

-Yox,sizi burdan aça bilmərəm. Bu hərbi nizamnaməyə ziddir. Amma gözünüzdəki sarğını aça bilərəm. Əgər istəyirsiniz simvolik olaraq elə bağlayaq ki,əlləriniz sərbəst olsun. Başqa bir arzunuz var.

- Xahiş edirəm mənə şərab verin.

Onun bu xahişini də yerinə yetirirlər. Bu anda isə onun qabağında silahlı 12 əsgər hazır vəziyyətdə “Atəş” əmri gözləyirdi. Sağında və solunda isə fotoqrafçılar öz işində idi. Mata şərabən son qurtumunu içib həyacansız və sakit halda “Atəş”əmrini gözləyən əsgərlərə öpüş göndərərək:

-Mən hazıram,canablar-dedi.

“Atəş” əmrindən sonra 11 əsgər eyni vaxtda ona atəş açır. 12 –ci əsgər isə huşunu itirərək, özündən gedir. Serjant isə Mata Harinin cansız bədəninə yaxınlaşaraq, boynunun arxasından daha bir güllə vurur”.

Qeyd edək ki, Rotterdamda keçirilmiş “Avroviziya 2021” beynəlxalq Mahnı yarışmasında Azərbaycanı təmsil edən Samirə Əfəndi bu cəsur qadına həsr olunmuş “Mata Hari”mahnısını ifa etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

 

(29.07.2026)

 

 

Xanım Aydın,

“Ədəbiyyat və incəsənət”

 

Olur ki, bir insanın taleyi hələ doğulduğu evdə yazılır. O evdə danışılan sözlər, oxunan laylalar, eşidilən səslər sonradan bütöv bir ömrün istiqamətini müəyyənləşdirir. Vasif Adıgözəlovun taleyi də belə talelərdən idi. Onun uşaqlığı not dəftərləri arasında deyil, muğam nəfəsi ilə yaşayan bir evdə keçdi. Atası – böyük xanəndə Zülfü Adıgözəlovun səsi bu evin divarlarına hopmuşdu. Elə buna görə də Vasif üçün musiqi öyrənilən sənət yox, yaşanan həyat idi.

 

28 iyul 1935-ci ildə Bakıda dünyaya gələn bu uşaq sonralar Azərbaycan musiqisinin ən qüdrətli simalarından birinə çevriləcəkdi. Amma o, heç vaxt yalnız məşhur xanəndənin oğlu kimi tanınmaq istəmədi. O, öz adını öz musiqisi ilə yazdı.

Azərbaycan musiqi tarixində bəzən nəsillər bir-birini davam etdirir, bəzən isə bütöv bir məktəbə çevrilir. Adıgözəlovlar məhz belə bir məktəbdir. Zülfü Adıgözəlov muğamın nəfəsini yaşatdı, Vasif Adıgözəlov həmin nəfəsi simfonik orkestrin səsləri ilə birləşdirdi, Yalçın Adıgözəlov isə bu musiqini dünyanın müxtəlif səhnələrinə daşıdı. Ata, oğul və nəvə... Üç fərqli tale, amma eyni musiqi damarından gələn üç böyük sənətkar.

Vasif Adıgözəlovun yaradıcılığı haqqında danışarkən ilk növbədə onun ən böyük xüsusiyyətini qeyd etmək lazımdır. O, nə keçmişə kor-koranə bağlı idi, nə də yeniliyin arxasınca gedərək milli köklərini unudurdu. O, Şərqlə Qərbin, muğamla simfoniyanın, klassika ilə müasirliyin arasında görünməyən, lakin möhkəm bir körpü salmışdı.

Bu körpünün ilk daşları Bülbül adına musiqi məktəbində qoyuldu. Sonra isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayev kimi dahi bir müəllimin yanında püxtələşdi. Qarayev ona yalnız bəstəkarlıq texnikasını öyrətmədi. Əslində, ona ən vacib dərsi verdi: musiqidə başqasına bənzəməmək dərsini. Vasif Adıgözəlov bu dərsi ömrünün sonuna qədər unutmadı.

1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında səslənən "Simfonik poema" və "Sonata" artıq yeni bir imzanın meydana çıxdığını göstərirdi. Həmin imza sonrakı yarım əsr ərzində Azərbaycan musiqisinin ən sanballı səhifələrini yazdı.

Onun yaradıcılığına nəzər salanda heyrətlənməmək mümkün deyil. Simfoniyalar, operalar, operettalar, oratoriyalar, kantatalar, instrumental konsertlər, yüzə yaxın mahnı və romans, kinofilmlərə yazılmış musiqilər... Sanki bir insan ömrünə deyil, bütöv bir musiqi institutunun fəaliyyətinə sığacaq qədər zəngin irs.

Lakin bu əsərlərin hər biri eyni məqsədə xidmət edirdi – Azərbaycanı musiqi dili ilə danışdırmağa.

Onun melodiyalarında Qarabağın küləyi əsirdi. Muğamın qədim nəfəsi duyulurdu. Xalq mahnılarının sadəliyi ilə klassik simfonizmin mürəkkəb düşüncəsi eyni məkanda görüşürdü.

Bu səbəbdən Vasif Adıgözəlovun musiqisini dinləyərkən heç vaxt süni intellektual nümayiş hiss olunmur. Əksinə, hər bir əsərdə insan ürəyinin döyüntüsü eşidilir.

Onun yaradıcılığının zirvələrindən biri, şübhəsiz ki, "Qarabağ şikəstəsi" oratoriyasıdır. Bu əsər xalqın ağrısının, qürurunun və ümidinin səsə çevrilmiş halıdır. Qarabağ faciəsinin ilk illərində yazılmış bu monumental əsər təkcə dövrün hadisələrinə münasibət deyildi. O, gələcəyə ünvanlanan inam idi.

Eyni ruh "Odlar yurdu", "Qəm karvanı", "Çanaqqala-1915" kimi əsərlərdə də yaşayır. Xüsusilə "Çanaqqala-1915" oratoriyası Azərbaycan bəstəkarının Türkiyə tarixinin ən şərəfli səhifələrindən birinə həsr etdiyi ilk monumental əsər kimi böyük rəğbətlə qarşılandı.

Onun operaları isə tamam başqa aləmdir. "Ölülər" operasında Cəlil Məmmədquluzadənin acı satirası musiqi dili ilə yeni nəfəs qazandı. Onilliklər sonra yazdığı "Natəvan" operasında isə artıq başqa bir Vasif Adıgözəlovu görürük. Daha müdrik, daha fəlsəfi, daha dərindən düşünən bəstəkar...

Bu əsərdə Qarabağ sadəcə məkan deyil. Vətən anlayışının musiqidə ifadəsidir.

Əlbəttə, milyonlarla insan üçün Vasif Adıgözəlov ilk növbədə mahnıları ilə yaşayır.

"Qərənfil", "Bakı", "Naz-naz", "Xoşum gəlir", "Şuşa laylası", "Ana"... Bu mahnılar illər keçdikcə köhnəlmir. Çünki onlar müəyyən dövr üçün deyil, insan hissləri üçün yazılıb. Rəşid Behbudovun, Mirzə Babayevin, Şövkət Ələkbərovanın, Fidan və Xuraman Qasımovaların ifasında bu mahnılar artıq xalqın ümumi yaddaşına çevrilib.

Onun kinofilmlərə yazdığı musiqilər də eyni taleni yaşadı. Bəzən tamaşaçı filmi unudur, amma melodiyanı yox.

Vasif Adıgözəlov yalnız bəstəkar deyildi. O, müəllim idi. Təşkilatçı idi. Mədəniyyət xadimi idi. Azərbaycan Bəstəkarlar İttifaqının uzun illər birinci katibi kimi neçə-neçə gənc bəstəkarın formalaşmasına dəstək verdi. Bakı Musiqi Akademiyasında professor kimi yeni nəsil musiqiçilər yetişdirdi. Onun tələbələri bu gün müxtəlif ölkələrdə Azərbaycan musiqisini yaşadırlar.

Əslində, müəllimlik də onun bəstəkarlığı kimi idi. O, nota öyrətmirdi. O, musiqini düşünməyi öyrədirdi.

Azərbaycan dövləti onun xidmətlərini yüksək qiymətləndirdi. Xalq artisti adına layiq görüldü, Dövlət mükafatı aldı, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edildi. Maraqlıdır ki, bəstəkarlarımız arasında hər iki ali dövlət ordeninə layiq görülən ilk və yeganə sənətkarlardan biri məhz Vasif Adıgözəlov idi.

Lakin böyük sənətkarların ən böyük mükafatı ordenlər olmur. Onların ən böyük mükafatı zamanın sınağından çıxmaqdır. Bu gün onun əsərləri dünyanın müxtəlif ölkələrində səslənir. Musiqi məktəblərində öyrədilir. Gənc pianoçular "24 prelüd"ünü ifa edir, dirijorlar onun simfoniyalarına yenidən müraciət edir, vokalçılar romanslarını repertuarlarından çıxarmırlar. Deməli, o hələ də bizimlə danışır.

Sadəcə sözlə yox... Notlarla.

2006-cı ilin sentyabrında Vasif Adıgözəlov bu dünyadan köçdü. Fəxri xiyabanda uyuyan böyük bəstəkarın ömrü başa çatdı, amma musiqisi dayanmadı. Çünki əsl sənətkarların həyatı təqvimlə ölçülmür. Onlar hər dəfə orkestr dirijorunun çubuğu havaya qalxanda yenidən doğulurlar. Hər dəfə fortepianoda onun melodiyası səslənəndə yenidən nəfəs alırlar. Hər dəfə "Qərənfil" oxunanda, "Qarabağ şikəstəsi" səslənəndə, "Natəvan" səhnəyə qoyulanda Vasif Adıgözəlov yenidən bizim aramızda olur...

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

 

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Növbəti təqdimatdakı ŞahinZeynalovdur. O, çox gəncdir, cəmi 19 yaşı var.

 

2007-ci ildə Şabran rayonunda anadan olub. Uşaq yaşlarından ədəbiyyata böyük maraq göstərib. Buna görə də Azərbaycan dili və ədəbiyyatı müəllimi olmağı məqsəd seçib. 2024-cü ildə qəbul imtahanında 700 bal üzərindan 644 bal toplayıb və Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub. Həmin ildən etibarən, fəal şəkildə şeirlər yazır. İlk kitabı üzərində çalışır.

Gənc Yazarlar Birliyinin üzvüdür.

 

 

ŞAHİN ZEYNALOV

KAŞ OLAYDI…

 

Kaş, səndə də sevən ürək olaydı,

Sevərdin, qalardın yanımda mənim.

Kaş ki, xəyallarım gerçək olaydı,

Çəkərdi telinə sığal əllərim.

 

Yoxluğun qəlbimə dərd olub qalıb,

Sevincdən uzaqdır gənclik illəri.

Kaş, bir dəfə gözün gözümə baxıb,

Yoxa çıxarardı qəmli günləri.

 

Tale də dərdimi sanki bilməyir,

Ona bəlli deyil necə sevməyim?

Bilirsə, bəs niyə üzə gülməyir?

Ona çoxmu gəlir arzu, istəyim?

 

İnan, səndən başqa yoxdur bir arzum,

Səni düşünürəm hər an, gözəlim.

Gəl yuxuma, onu yaxşıya yozum,

Sən gələnə qədər olsun təsəllim.

 

 

O BEŞ GÜNÜMDƏ

 

Dünya beş gündürsə, o beş günümdə

İstərəm ki, baxım gözünə sənin.

Qoy keçsin yanında bütün ömrüm də,

Bənd olum hər şirin sözünə sənin.

 

Çəkməyək heç zaman kədəri, qəmi,

Sənlə olur dünya cənnət aləmi.

Uzaq olsun bizdən ayrılıq dəmi,

Baxım doya-doya üzünə sənin.

 

Bir ömür əlimdə qalsın əllərin,

Mənə xoşbəxtlikdir varlığın sənin.

Nə yollar çəkirsə tale, qismətin,

Düşsün hər addımım izinə sənin.

 

Aylar, illər ötüb keçsə də belə,

Qoymaram baharın qışa çevrilə.

Neçə şeir yazsam, gəlsəm də dilə,

Çatmaz gözəllikdə özünə sənin.

 

 

ALDANDIM SƏNƏ

 

Düşünmə, olmadı kimsə səbəbkar,

Bir sönməz ocaqtək qalandım sənlə.

Heç demərəm sənə, sənsən günahkar,

Aldanmaq istədim, aldandım sənə.

 

Gözümü kor etdi, yəqin, bu sevda,

İtirdim özümü mən bu röyada.

Olmazdım aldanan, inan, dünyada,

Aldanmaq istədim, aldandım sənə.

 

Sən məni endirdin göylərdən yerə,

Vurdun ürəyimə yara min kərə,

Mən də qəribəyəm, göz görə-görə,

Aldanmaq istədim, aldandım sənə.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.