Super User
ADG Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
Azərbaycan Diaspor Gəncləri (ADG) cari ilin 12–14 avqust tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Gənclər Assambleyasında (International Youth Assembly) iştirak etmək hüququ qazanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasprla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
12 avqust – Beynəlxalq Gənclər Günündə başlayacaq Assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirəcək. Tədbirdə iştirakçılar arasında bilik və təcrübə mübadiləsinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində dialoq və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin qlobal çağırışların həllinə yönəlmiş innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.
Assambleyada ADG-nin 5 gənc üzvü ölkəmizi təmsil edəcək. Bu münasibətlə ADG-nin loqosu Beynəlxalq Gənclər Assambleyasının 31-ci sessiyasının rəsmi reklam lövhəsində ("Brandwall") yer alıb. Bu, Azərbaycan diaspor gənclərinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
ADG-nin bu mötəbər platformada iştirakı onların qlobal gənclər şəbəkələrinə inteqrasiyasına, yeni tərəfdaşlıqların qurulmasına və ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, ADG üzvlərinin Beynəlxalq Gənclər Assambleyasında iştirakı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
“Maraqlı söhbətlər”də Vətənə can atan mühacirin inanılmaz hərəkəti
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1965-ci ildə 19 yaşlı uelsli Brayan Robson Avstraliyada müqavilə ilə işləyirdi. Evi üçün çox darıxdığından və təyyarə bileti üçün pulu olmadığından, vətənə təyyarənin yük bölməsində getmək qərarına gəlir. Bunun üçün o, dostları ilə birlikdə içərisində bir az yemək, su, fənər, kiçik yastıq və özü də olmaqla təxminən 76 x 66 x 96 sm ölçülü taxta yeşik hazırlayır. Brayan dostlarındn xahiş edir ki, həmin yeşiyi Melburndan Londona hava yükü kimi göndərsinlər...
Bağlama hava yükü kimi qeydiyyata alınır. Uçuşun 36 saat çəkməsi planlaşdırılırdı, lakin marşrutun dəyişdirilməsi səbəbindən təyyarə ABŞ-a uçur və marşrut təxminən 92 saata qədər uzanır. Bunun da 22 saatını baqajlar – o cümlədən Brayanın bağlaması uçuş fasiləsində yerdəyişməyə məruz qaldıqlarından, Robson baş-ayaq olmaqla, yəni tərs vəziyyətdə keçirir. Ac-susuz qalmaq bir yana, ən dəhşətlisi bədənin qıc olmasıdır. Axıra yaxın gənc tamamilə taqətdən düşür, bədəni keyiyir, zarımağa başlayır...
ABŞ-ın Los-Anceles hava limanında baqaj daşıyıcıları şübhəli bir yeşikdən səs gəldiyini eşidib, polisə məlumat verirlər. Haldan düşmüş Robson təcili yardım işçiləri tərəfindən xilas edilir.
Hadisə geniş rezonans doğurduğundan, uelsli həbsdən yayına bilir. Bundan sonra Avstraliya hökuməti cəsarəti üçün Brayan Robsonun Londona rahat gedə bilməsi qeydinə qalır və ona sərnişin təyyarəsi üçün bilet pulunu ödəyir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Az tanınmışlardan - Vaqif Məmmədov
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınmışlar” rubrikasında bu gün sizlərə bir mərhum şairi tanıtdıracağam. Uzun illər bir çox məsul vəzifələrdə də çalışıb. Doğma diyarında onu yaxşı tanıyırlar əlbəttə, amma geniş oxucu kütləsi üçün yəqin ki Vaqif Məmmədov adı heç nə demir.
Vaqif Məmmədov 1948-ci il iyul ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Qəzet məqalələrindən belə bəlli olur ki, şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunub.
YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində, Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində, Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda, Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində, Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda, Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda iştirak və çıxış edib.
"Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olub. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin üzvüdür.
2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışıb. 1996–1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, həmçinin universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru, universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində çalışıb.
V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan "Oğuz yurdu" qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadəkredaktoru olub.
2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
Şeir kitabları
- Yaşadacaq bu yol məni
- Sədərək harayı
- Qeyrət qalası
- Salam oğuz elləri
- Mənə çiçək borclusan
- Özüne dön halkım
- Bu dünyanın sevinci nə, qəmi nə…
- Vətən sığır ürəyimə
Ədib 6 fevral 2016-cı ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Xalq artisti Tələt Qasımovun anım günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qızıl səsli xanəndələrimiz…
Onlar mədəniyyət tariximizi, musiqi salnaməmizi yazıbdırlar.
İçlərində bir ad da var - Azərbaycan Respublikasının xalq artisti Tələt Qasımov.
Bu gün onun anım günüdür.
Xanəndəsi Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl edib və mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənətinə gəlib.
O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirib. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınıb. Tələt Qasımovun repertuarı zəngindir.
O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri Azərbaycan Dövlət Teleradiosunun Fondunda saxlanılıb.
Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan Tələt Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirib. "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanıb.
O, uzun illər "Azərkonsert" Birliyinin solisti olmuş, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində–Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil edib. Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olub.
O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Heç nəyi qorumamaq, əslində hər şeyə sahib olmaq deməkdir
Kübra Quliyeva
"Ədəbiyyat və İncəsənət" portalının yaradıcılıq şöbəsi
Əgər bir qab olacaqsa, yalnız o cür olsun ki,daşıyanın çəkməsi altında, ya da tankın tırtılı altındaçətinlik çəkmədən qırıla bilsin;
əgər kreslo olacaqsa, o qədər də rahat olmasın ki,durub getmək ağrılı olmasın;
əgər geyim olacaqsa, yalnız bir çamadana sığacaq qədər;
əgər kitablar olacaqsa, yalnız yaddaşda daşıya biləcəyin qədər;
əgərplanlarolacaqsa, elə olsunlarki, vaxt çatanda –başqabirküçəyə, qitəyə, dövrəyadadünyayakeçəndəunudabiləsən.
Bunu sənə kim dedi ki, alışmaq sənə yaraşır?
kim dedi ki, nəsə əbədi ola bilər?
heç kim sənə demədi ki, sən heç vaxt bu dünyada özünü evindəki kimi hiss etməyəcəksən?
Wislawa Szymborska haqlıdır, deyilmi?
Əgər bir ev olacaqsa, qoy divarları daşdan yox, hər an yola çıxmağa hazır olan kölgələrdən qurulsun;
qapısı hər gələnə açıq, pəncərəsi ötən illərə baxan bir üfüq olsun.
Əgər bir ümid olacaqsa, sabahın səhərinə qalan yox, məhz bu gecənin qaranlığında öz içimizdən yaktığımız bir işıq olsun.
Bunu sənə kim dedi ki, yollar bitmək üçündür, kim dedi ki, hər addım bir iz qoymaq məcburiyyətindədir?
Heç kim sənə demədi ki, əsl azadlıq – heç kəsə və heç nəyə bağlanmadan, elə bu səssizliyin özü ilə əbədi bir yoldaş olmaqdır?
Səyahətçinin yükü
Həyatın ağır yükləri, qırılmaz zənn etdiyimiz əşyalar, ömürlük qurduğumuz planlar əslində insanın ayağına vurulmuş ən ağır buxovlardır.
Vislawa Szymborska haqlıdır: daşıdığımız hər şey, sahib çıxmaq istədiyimiz hər bir detal vaxtı gələndə bizi irəliyə yox, geriyə çəkir. İnsan bu dünyaya kök salmağa deyil, sadəcə qonaq olmağa gəlib. Qapıları kilidləmək, divarları bərkitmək arzusu isə ruhun azadlığına çəkilən ən böyük səddir.
Alışmaq anlayışı insanı rahatlığa alışdıraraq ətalətə sürükləyir. Halbuki əsl həyat komfort zonasının bitdiyi yerdə, hər an hər şeydən imtina edə bilmək cəsarətində başlayır. Bir çamadana sığınan geyim, yaddaşda daşınan bir neçə səhifə və hər an dəyişməyə hazır olan planlar... Bunlar itki yox, əslində yüngüllükdür. Ömrü əbədiləşdirməyə çalışmaq əvəzinə, anın keçiciliyini qəbul etmək lazımdır.
Çünki bu dünyada əsl evimiz hər hansı bir ünvan, daş-divar deyil; heç kəsə və heç bir mülkə bağlanmadan daşıdığımız öz içimizdəki azadlıq hissidir. İnsan yoldadırsa, o, həm də zamandan azaddır. Geriyə baxmadan, gələcəyi planlamadan, sadəcə bu anın nəfəsini hiss edərək addımlamaq – bəlkə də yer üzündə yaşamağın tək haqlı və təmiz yoludur. Əşyaların köləsindən ayrılıb zamanın səyyahına çevrildiyin anda başa düşürsən ki, heç nəyi qorumamaq, əslində hər şeyə sahib olmaq deməkdir.
R.S.Sonda əgər bir işin qalacaqsa, o da yəqin ki Wisława Szymborska kimdir deyə soruşmağın lacaq. O, 1996-cı ildə Nobel Ədəbiyyatı ödülü almış dünyaca ünlü Polşalı bir şair, gündəm yazarı və tərcüməçidir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Əfsanəvi tankçı və qəhrəman komandir: Şəhid Kapitan Həmid Həmidli
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Həmid Əlisahib oğlu Həmidli, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Tovuz döyüşlərinin, 44 günlük Vətən müharibəsinin iştirakçısı və 2023-cü ilin lokal antiterror tədbirlərinin qəhrəman şəhididir. O, peşəkar bir tankçı və tabor komandiri kimi Azərbaycan hərb tarixinə öz adını qızıl hərflərlə yazdırmışdır.
Erkən illəri və hərbi təhsili
Həmid Həmidli 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdur. Cəbrayıl rayonu 21 saylı tam orta məktəbində ilk təhsilini aldıqdan sonra, qəlbindəki Vətən sevgisi onu hərb sənətinə yönəltmişdir.
2013-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olmuşdur.
2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini tankçı ixtisası üzrə uğurla bitirmişdir.
Sürətli yüksəliş və "ən yaxşı tank bölüyü"
2017-ci ildə "leytenant" rütbəsi alaraq "N" saylı hərbi hissədə tank taqım komandiri kimi fəaliyyətə başlamışdır. Nizam-intizamı və yüksək peşəkarlığı sayəsində cəmi 6 ay sonra tank bölüyünün komandiri vəzifəsinə irəli çəkilmişdir.
2019-cu ildə Azərbaycan Ordusunda keçirilən "Ən yaxşı tank bölüyü" yarışmasında Həmidlinin rəhbərlik etdiyi bölük I yerə layiq görülmüşdür.
Qısa müddət ərzində göstərdiyi xidməti uğurlara görə vaxtından əvvəl tabor komandiri vəzifəsinə təyin olunmuş və kapitan rütbəsinə yüksəlmişdir.
Döyüş yolu: Tovuzdan şanlı qələbəyə
Kapitan Həmid Həmidli Azərbaycanın son onillikdəki ən mühüm hərbi əməliyyatlarının hər birində ön cəbhədə yer almışdır:
1.Tovuz döyüşləri - İyul 2020: Ermənistanın dövlət sərhədindəki təxribatlarının qarşısının alınmasında qorxmazlığı ilə seçilmişdir.
2.44 Günlük Vətən Müharibəsi - Sentyabr-Noyabr 2020:* Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən ağır döyüşlərdə tank taboru ilə düşmənə sarsıdıcı zərbələr vurmuşdur.
3.Yaralanması: 8 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə ağır yaralansa da, sağaldıqdan sonra yenidən ordu sıralarına və öz vəzifəsinə geri dönmüşdür.
Antiterror tədbirləri və şəhidlik zirvəsi
19 sentyabr 2023-cü ildə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı başladılan lokal xarakterli antiterror tədbirlərində kapitan Həmidli yenidən ön xətdə döyüşə atılmışdır.
O, şəhid olmamışdan öncə atası Əlisahib Həmidli ilə görüşərək sanki şəhid olacağını hiss etmiş və ona: "Ata, mən şəhid olacağam" demişdi.
Sentyabrın 20-də Xocavənd rayonu istiqamətində gedən gərgin döyüşlərdə tapşırıqları yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Nəşi doğulduğu Beyləqan rayonunun Milabad qəsəbə qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir.
Dövlət təltifləri
Göstərdiyi misilsiz şücaət, igidlik və hərbi vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi cəsarətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə aşağıdakı medallarla təltif olunmuşdur:
"İgidliyə görə" medalı
"Cəsur döyüşçü" medalı
"Şücaətə görə" medalı
"Füzulinin azad olunmasına görə" medalı
"Xocavəndin azad olunmasına görə" medalı
"Cəbrayılın azad olunmasına görə" medalı
"Vətən müharibəsi iştirakçısı" medalı
Kapitan Həmid Həmidlinin xatirəsi hər il rəsmi qurumlar və doğmaları tərəfindən Beyləqanda təşkil olunan tədbirlərlə ehtiramla yad edilir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Türk dastanları - Ötügen
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə Türk dastanlarıdır. Bu dəfə Türklər üçün müqəddəs sayılan "Ötüken" barədə danışacağıq.
Türk tarixində elə bir ad var ki, o, nə böyük bir şəhərdir, nə də möhtəşəm saraylarla tanınır. Buna baxmayaraq, əsrlər boyu xaqanlar onun uğrunda döyüşmüş, tayfalar onu itirməmək üçün canlarından keçmişdilər. Bu yer Ötüken idi. Qədim türklərin inancına görə, Ötüken sadəcə bir dağlıq ərazi deyildi, o əsas olaraq dövlətin ruhunun yaşadığı müqəddəs mərkəz idi.
VIII əsrə aid Orxon kitabələrində Bilgə Xaqan xalqına belə müraciət edir: "Ötüken yışda otursan, elini əbədi idarə edərsən." Bu cümlə tarixçilərin diqqətini uzun illərdir cəlb edir. Çünki burada söhbət hərbi üstünlükdən yox, dövlətin mənəvi dayağından gedir. Qədim türklər inanırdılar ki, xaqan Ötükəndə hakimiyyət sürərsə, Tanrının verdiyi qut, yəni ilahi hakimiyyət və uğur onu tərk etməz.
Araşdırmaçılar hesab edirlər ki, Ötüken Göytürk xaqanlığının siyasi və dini mərkəzi olmuşdur. Burada yalnız dövlət işləri həll edilmirdi. Böyük qurultaylar keçirilir, xaqan seçilir, mühüm qərarlar qəbul edilirdi. Bu səbəbdən Ötüken qədim türklər üçün həm paytaxt, həm də müqəddəs məkan idi.
Maraqlıdır ki, türk mənbələrində düşmənin şəhərləri yandırmasından tez-tez bəhs olunsa da, Ötükeni tərk etmək ən böyük faciələrdən biri hesab edilirdi. Çünki onlar düşünürdülər ki, torpağı itirməkdən daha təhlükəlisi, qutu itirməkdir. Dövlət yalnız ordu ilə deyil, mənəvi dayaqları ilə yaşayır.
Bəzi türkoloqlar Ötüken anlayışını "Yer-Su" inancı ilə də əlaqələndirirlər. Qədim türklər dağların, çayların və meşələrin qoruyucu ruhlarının olduğuna inanırdılar. Ötüken isə bu müqəddəs coğrafiyanın mərkəzi sayılırdı. Burada yaşayan insanın Tanrıya daha yaxın olduğuna, dövlətin isə daha güclü olacağına inanılırdı.
Məhz buna görə Bilgə Xaqan kitabəsində xalqını uzaq diyarlara köçməməyə çağırırdı. O xəbərdarlıq edirdi ki, var-dövlət dalınca müqəddəs mərkəzi tərk edən xalq sonda həm azadlığını, həm də dövlətini itirə bilər. Bu fikir yalnız VIII əsr üçün deyil, bu gün də düşündürücü görünür.
Ötüken haqqında rəvayətlər bizə göstərir ki, qədim türklər üçün dövlət sərhədlərlə ölçülmürdü. Dövləti yaşadan xalqın birliyi, tarixi yaddaşı və müqəddəs hesab etdiyi dəyərlər idi. Buna görə də Ötüken türk dünyasında sadəcə bir coğrafi ad deyil, dövlətçilik fəlsəfəsinin və milli kimliyin rəmzinə çevrilmişdir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı
İlqar İsmayılzadə, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
“Ədəbiyyat və incəsənət”
İyulun 26-da Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində "Həməşəra" mətbu orqanının təşkilatçılığı ilə Azərbaycan ədəbi mühitinin tanınmış və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, "Turan Ödülü" və "Həməşəra" Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı və yenicə işıq üzü görmüş "Milli Qəhrəman Vüqar" adlı bioqrafik poema kitabının təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir vətən və dövlətçilik uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükutla, eyni halda Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Tədbiri öz nitqi ilə açan fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında Ustad Niftalı Göyçəlinin türk milli kimliyi və Turan məfkurəsinə etdiyi xidmətlərdən söz açaraq bu xidmətlərin çox böyük və misilsiz olduğunu bildirdi, eyni halda doğma Cəlilabad diyarının ilk qəhrəman şəhidlərindən olan Milli Qəhrəman şəhid Vüqar Mürsəlovun həyat və şəhadət yolundan danışaraq Vətən uğurunda canından keçmiş şəhidlərimizin, xüsusilə də Azərbaycan Dvölətçiliyi və ordusunun zəif olduğu I Qarabağ Müharibəsində igidliklə canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinin uca tutulmasının bir vazkeçilməz zərurət olduğuna təkid göstərdi. O, Ustad Niftalının "Milli Qəhrəman Vüqar" poemasının şəhidlik yolu, onun yaxınlarına, eyni halda əziz şəhidimizin xatirəsinə təqdim edilmiş ən möhtəşəm və təqdirəlayiq hədiyyə olduğunu bildirərək kitab müəllifinə xüsusi təşəkkürünü bildirdi.
Sonra çıxış edən Ustad Niftalı Göyçəli şəhid barədə ərsəyə gəlmiş kitab haqqında məlumat verərək, Cəlilabad ədəbi mühitinin ölkə çapında ilk yerdə dayandığını bildirərək, bunun əslində Tomris kimi bir igid sərkərdənin yurdu olmuş Muğan ellərinin tarixi və mədəni köklərindən qaynaqlandığına təkid göstərdi.
Ardınca tədbir iştirakçıları ayrı-ayrılıqda çıxış edərək şəhid Vüqar Mürsəlovun həyat yolu və qəhrəmanlığı, eləcə də Ustad Niftalı Göyçəlinin Milli Qəhrəman barədə qələmə aldığı poemasından danışaraq onu dəyərləndirdilər. Tədbirdə çıxış edən iştirakçılar aşağıdakılardan ibarət idi:
1. Hacı Paşa Rüstəmov (Əmək veteranı və Əmək zərbəçisi, "Həməşəra" Fəxri Diplomu, "Dədə Qorqud" və "Turan Ödülü" laureatı, təqaüdçü pedaqoq);
2. Gülşən Şahmuradlı (TYB-nin üzvü, "Qızıl Qələm" Media Mükafatı və "Həməşəra" Fəxri Diplomu, TYB-nin xüsusi Ödülü və "Turan Ödülü" laureatı, şair);
3. Ustad Zülfi Vellifağ (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, Turan Xalq şairi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin Ödülü, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, şair);
4. Ustad Əfrahim Abbas (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin xısusi ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, şair);
5. Ustad Şəhla xanım Rəvan (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, "Bəxtiyar Vahabzadə" Diplomu, TYB-nin xüsusi ödülü, "Tomris Ödülü", "Ustad Niftalı Göyçəli" və "Turan Ödülü" laureatı, həmçinin, "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair);
6. Jalə xanım Mürsəlova (Milli Qəhrəman şəhid Vüqar Mürsəlovun bacısı, pedaqoq, şair);
7. Seylan xanım Abbas (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, şair);
8. Mikayıl İnçəçaylı (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, bədii qiraətçi, şair);
9. Nicat Ərtürk (AYB və TYB-nin üzvü, "Heydər Əliyev" medalı, "Qızıl Qələm" Media Mükafatı və "Ziyadar" Mükafatı, "Həməşəra" Fəxri Diplomu və "Ustad Niftalı Göyçəli" Ödülü laureatı, şair-publisist);
10. Ramil Bəylər (TYB-nin üzvü, TYB-nin xüsusi ödülü və "Hüseyn Cavid" ödülü laureatı, yazıçı-şair);
11. Ehtiram Sevənli (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Turan Ödülü" laureatı, yazıçı, şair-publisist);
12. Sakit Orduxanlı ("Həməşəra" Fəxri Diplomu laureatı, veteran jurnalist, yazıçı-şair);
13. Xəlil Fərəməzoğlu (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, pedaqoq, yazıçı);
14. Əziz Orucov (Cəlilabad rayon İncilli kənd orta məktəbinin müəllimi, filoloq, ədəbiyyatşünas);
15. Azər Mirzə (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, TYB-nin xüsusi ödülü və "Turan Ödülü" laureatı, şair);
16. İlqar Mustafayev (telejurnalsit, "DünyaTv"-nin region üzrə əməkdaşı);
17. Hicran Fuad Əhmədli (TYB-nin üzvü, "Sarı Aşıq" Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, "Zim.az" portalının redaktoru, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları, "TYB"nin xüsusi ödülü, "Həməşəra" Fəxri Diplomu, "Tomris" ödülü və "Turan Ödülü" laureatı, bədii qiraətçi, yazıçı-şair);
18. Sevinc Şirvanlı (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi Ödülü", "Turan Ödülü" və "Tomris" ödülü laureatı, şair);
19. Arzu Əyyarqızı (AYB, AJB və TYB-nin üzvü, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi portalının İdarə Heyətinin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları və "Ziyadar" Mükafatı, TYB-nin xüsusi ödülü və "Turan Ödülü" laureatı, şair-publisist);
20. Aydan Nizamiqızı (Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin müəllimi, TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Turan Ödülü" və "Tomris" ödülü laureatı, ədəbiyyatşünas, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair);
21. Atlaz Rzayi (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi Ödülü", "Turan Ödülü" və "Tomris" ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)...
Tədbirin davamında yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Niftalı Göyçəliyə ədəbiyyat sahəsində xidmətlərinə görə yenicə təsis edilmiş “Məhəmməd Füzuli” Fəxri ödülü, həmçinin, “Yazarlar” jurnalının baş redaktoru, çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi yazıçı-publsisit və şair Zaur Ustac tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi təqdim edildi.
Bundan əlavə, şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvan, AYB və TYB-nin üzvü, şair-publisist Nicat Ərtürk, TYB-nin üzvü, yazıçı-şair Ramil Bəylər "Həməşəra" mətbu orqanı və TYB-nin müxtəlif ödülləri ilə, həmçinin, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən Şəhla Rəvan, Hicran Fuad Əhmədli, Pərvanə İsgəndərqızı, Sevinc Şirvanlı, Aydan Nizamiqızı və Atlaz Rzayi TYB-nin "Tomris" və "Hüsen Cavid" ödülü ilə təltif olundular.
Bu tədbirdə ustad şairimiz Niftalı Göyçəlinin yenicə nəşr edilmiş "Milli Qəhrəman Vüqar" adlı kitabından tədbir iştirakçılarına hədiyyə olundu.
Tədbirin sonunda qısa formada çıxış edən Turan Xalq şairi, eyni halda Milli Qəhrəman şəhid Vüqar Mürsəlovun bibisi Şəhla xanım Rəvan, əziz şəhidimizin bacısı Jalə xanım Mürsəlova, həmçinin, Ustad Niftalı Göyçəli öz çıxışlarında onlara göstərilən sayğı və diqqətə görə tədbir iştirakçılarına, “Həməşəra” mətbu orqanı və onun rəhbəri yazıçı-publisist İlqar İsmayılzadəyə, “Yazarlar” jurnalının rəhbəri yazıçı-publisist, şair Zaur Ustaca, eləcə də Cəlilabad ədəbi mühitinin nümayəndələrinə və bütün tədbir iştirakçılarına səmimi minnətdarlıqlarıını, xoş təəssüratlarını bildirdilər. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı...
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Həyatın qəribə təzadları
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Həyat bəzən ən böyük həqiqətlərini səs-küylə deyil, səssizliklə danışır. İnsan illərlə bir arzunun arxasınca qaçır, ona çatanda isə anlayır ki, əslində axtardığı şey həmin arzu deyilmiş. Elə buna görə də həyat yalnız hadisələrin ardıcıllığı deyil, həm də təzadların qurduğu böyük bir məktəbdir. Bu məktəbdə heç bir dərs kitabdan öyrədilmir. Hər dərsin müəllimi zaman, imtahanı isə insanın öz taleyidir.
Ən qəribə təzadlardan biri budur ki, insan xoşbəxtliyi uzaqlarda axtarır, halbuki o, çox vaxt əlini uzatsa toxuna biləcəyi qədər yaxında olur. İnsan daha böyük ev, daha yaxşı vəzifə, daha çox pul, daha geniş imkanlar əldə etməyə çalışır. Bunların heç biri pis deyil. Ancaq yol boyu onun yanında səssizcə yeriyən insanları, birlikdə içilən bir fincan çayın istiliyini, ailə süfrəsinin səmimiyyətini, dost söhbətlərini görməyə macal tapmır. İllər sonra geriyə baxanda isə anlayır ki, əsl sərvət sahib olduqları deyil, yaşaya bilmədiyi anlarmış.
Həyatın başqa bir təzadı da budur ki, insanlar çox danışdıqca bir-birini daha az anlayırlar. Texnologiya bizi saniyələr içində dünyanın o biri başına bağlayır, amma eyni evdə yaşayan insanların ürəyi bəzən bir-birindən kilometrlərlə uzaq olur. Mesajlar artır, amma söhbətlər azalır. Minlərlə izləyicisi olan insanlar belə bəzən öz dərdini danışacaq bir nəfər tapa bilmirlər. İnsan əlaqələrinin sayı artır, dərinliyi isə azalır.
Qəribədir ki, insan güclü görünmək üçün zəifliyini gizlədir. Halbuki ən böyük güc məhz öz zəifliyini qəbul etməkdən başlayır. Ağlamayan insanın daha möhkəm olduğu düşünülür. Amma göz yaşını saxlayan hər insan güclü olmur. Bəzən ağlaya bilmək, hisslərini etiraf edə bilmək, kömək istəmək ən böyük cəsarətin özüdür. Maskalar insanı cəmiyyət qarşısında qorusa da, ruhunu tədricən yorur.
Həyat bizə zamanın qiymətini də qəribə şəkildə öyrədir. Uşaq ikən böyüməyə tələsirik. Böyüyəndə isə uşaqlığımızı axtarırıq. İş həyatına başlayanda təqaüd günlərini xəyal edirik. Təqaüdə çatanda isə işlədiyimiz illərin necə sürətlə keçdiyinə təəccüblənirik. İnsan daim sahib olmadığı zamanı arzulayır, sahib olduğu zamanı isə çox vaxt hiss etmədən yaşayır.
Sevginin də öz təzadları var. Bəzən insan ən çox sevdiyi adamı ən az anlaya bilir. Çünki sevgi həmişə eyni dildə danışmır. Kimi qayğı göstərərək sevir, kimi susaraq, kimi gözləyərək, kimi isə uzaqlaşaraq. Hər sevgi görünən olmur. Bəzən ən böyük məhəbbət heç vaxt etiraf edilməyən hisslərin içində yaşayır. Elə buna görə də həyatın ən ağır peşmanlıqları çox vaxt deyilən sözlərdən deyil, deyilə bilməyən cümlələrdən yaranır.
Maraqlıdır ki, insanlar azadlıq axtarır, amma çox vaxt öz qorxularının əsirinə çevrilirlər. Kənardakı maneələri aşmaq üçün böyük mübarizə aparırlar, daxillərindəki tərəddüdləri isə illərlə qoruyurlar. Halbuki insanın ən böyük həbsxanası bəzən divarlar deyil, öz düşüncələridir. Qorxu insanın qanadlarını görünməz şəkildə bağlayır və onu olduğu yerdə saxlayır.
Başqa bir təzad isə uğur anlayışındadır. Cəmiyyət uğuru çox vaxt vəzifə, şöhrət və ya sərvətlə ölçür. Amma gecələr rahat yata bilməyən, ailəsinə vaxt ayıra bilməyən, özünü xoşbəxt hiss etməyən bir insan doğrudanmı uğurludur? Bəzən kənddə sakit həyat yaşayan, vicdanı rahat olan bir insan şəhərin ən məşhur adamından daha varlı olur. Çünki həqiqi zənginlik bank hesabında deyil, insanın ruhundakı rahatlıqdadır.
İnsan münasibətlərində də təzadlar bitmir. Ən çox sevdiklərimizi ən çox incidə bilirik. Çünki onların bizi bağışlayacağını düşünürük. Tanımadığımız insanlara nəzakət göstərir, evimizdə bizi ən çox sevən adamlara qarşı isə səbrsiz davranırıq. Sonra isə bir gün anlayırıq ki, insan ən çox dəyər verdiyi münasibətləri diqqətsizlik ucbatından itirir.
Həyatın ən acı təzadlarından biri də budur ki, insan sağlamlığının qiymətini xəstələnəndə, valideyninin dəyərini onu itirəndə, zamanın əhəmiyyətini isə geri qaytara bilməyəndə anlayır. Bəzi həqiqətlər yalnız gecikmiş şəkildə görünür. Təəssüf ki, həyatın saatı geriyə işləmir.
Təbiət belə bizə təzadlarla danışır. Ən sərt qışın ardınca bahar gəlir. Ən uzun gecənin sonunda günəş yenidən doğur. Quruyan ağaclar yenidən tumurcuqlayır. Bu mənzərə insana pıçıldayır ki, heç bir çətinlik əbədi deyil. Hər sonluq yeni başlanğıcın səssiz xəbərçisidir.
Bəlkə də həyatın bütün bu təzadlarının bir məqsədi var. İnsan yalnız rahatlıq içində yaşasaydı, səbrin nə olduğunu bilməzdi. Heç vaxt ayrılıq yaşamayan biri qovuşmağın sevincini hiss etməzdi. Kədər olmasaydı, sevinc adi bir duyğuya çevrilərdi. Qaranlıq olmasaydı, işığın qiyməti bilinməzdi. Deməli, təzadlar həyatın qüsuru deyil, onun tarazlığıdır.
İnsan ömrü su kimi axıb gedir. Bu axının içində hər kəs öz həqiqətini tapmağa çalışır. Kimi bunu uğurda, kimi sevgidə, kimi sənətdə, kimi də sadəcə sakit bir ömür sürməkdə görür. Amma yolun sonunda əksəriyyət eyni nəticəyə gəlir: həyat bizə sahib olduqlarımızı deyil, onların dəyərini vaxtında görə bilməyi öyrətmək istəyirmiş.
Bəlkə də həyatın ən böyük təzadı elə budur: insan həmişə xoşbəxt olacağı günü gözləyir, halbuki xoşbəxtlik çox vaxt gözlənilən gələcəkdə deyil, yaşanılan bu andadır. Zaman keçdikcə anlayırıq ki, ömür bizi böyük həqiqətlərə gurultu ilə deyil, kiçik təzadların sakit pıçıltısı ilə aparır. Onları eşidən insan isə həyatın sirrini bir az daha yaxşı anlayır.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)
Mənim də 25 fəslim var artıq - ESSE
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Bir gün bu günlərimi nəvələrimə danışacam. Onlar hər dəfə olduğu kimi sözümü kəsəcəklər. Biri eynəyimi götürüb qaçacaq, biri dizimə çıxacaq, biri də "Baba, 25 yaşında həyat necə idi?" deyə soruşacaq. Mən də əvvəl bir stəkan çay istəyəcəm, sonra belim üçün balaca bir yastıq. Axı babanın da nüfuzu olmalıdır. Sonra bir az susacam. Çünki insanın bəzi xatirələri var ki, danışmazdan əvvəl onları ürəyində bir dəfə də yaşamalıdır.
Gülümsəyib deyəcəm: "Qəribə yaş idi, bala... Çox qəribə."
Uşaq olanda elə bilirdim ki, 25 yaşına çatanda insanın bütün suallarının cavabı olur. Elə bilirdim böyümək hər şeyi bilməkdir. Sonra həyat elə bir güldü ki, mən də onunla birlikdə gülməyə məcbur oldum. Çünki başa düşdüm ki, böyümək cavab tapmaq deyilmiş. Böyümək, bəzi suallarla ömür boyu yaşamağı öyrənmək imiş. Sabah 25 yaşım olur. Düzünü desəm, bu yaşı heç vaxt belə təsəvvür etməmişdim. Uşaqlıqda qurduğum xəyallarda 25 yaşlı mən daha ciddi idi, daha varlı idi, daha ağıllı idi. Hətta elə düşünürdüm ki, bu yaşa çatanda paltaryuyan maşının niyə qəribə səs çıxardığını da biləcəm. İndi isə həyatın qarşısında oturub bəzən öz-özümə gülürəm. Həyat mənə öyrətdi ki, plan qurmaq gözəldir, amma planın pozulmasına da gülümsəyə bilmək ondan da gözəldir.
Mən bu 25 ildə çox dəyişdim. Bəzən özüm istədiyim üçün, bəzən də həyat məni dəyişməyə məcbur etdiyi üçün. Elə insanlar tanıdım ki, onları ömrümün sonuna qədər yanımda görəcəyimi düşünürdüm. Getdilər. Elələri də oldu ki, qısa müddətlik gəldilər, amma ömrümə uzun iz buraxdılar. O vaxtlar hər gedənə üzülürdüm. İndi isə anlayıram ki, bəzi insanlar həyatımıza qalmaq üçün yox, bizi dəyişmək üçün gəlirlər. Ona görə də bu gün geriyə baxanda qəribə bir rahatlığım var.
Yaxşı ki, hər şey istədiyim kimi olmayıb.
Yaxşı ki, bəzi qapılar üzümə bağlanıb.
Yaxşı ki, bəzi dualarım qəbul olmayıb.
Yaxşı ki, həyat hər istəyimi verməyib.
Çünki indi bilirəm... Allahın "yox" dediyi duaların çoxu, illər sonra dönüb baxanda insanın ən böyük "şükür"ünə çevrilir.
İnsan yaş artdıqca qəribə şeyləri başa düşür. Məsələn, uşaq olanda ev dediyin yer dörd divar idi. Sonra böyüyürsən və anlayırsan ki, ev səni gözləyən insanlardır. Gec gəldiyində işığın sönməyən bir otaqdır. "Yemək yemisən?" sualının içində gizlənən sevgidir. Ananın dua edərkən adını pıçıldamasıdır. Atanın heç nə demədən çiyninə vurduğu o əlidir. O vaxt bu xırda şeyləri adi hesab edirdim. İndi isə bilirəm ki, insanın ömrü məhz bu xırda görünən möcüzələrin üzərində dayanır.
Dostluq da qəribə şey imiş. Əvvəl elə bilirdim ki, insanın çox dostu olmalıdır. Sonra həyat mənə göstərdi ki, dar gündə telefonunda yüz nömrənin olmasının heç bir mənası yoxdur. Əsas odur ki, gecənin üçündə "gəl" deyəndə "hara?" deyən bir adamın olsun. Mənim bəxtim gətirdi. Sayları çox olmadı, amma varlıqları həmişə kifayət etdi. Mənə görə dostluq eyni masada neçə dəfə gülmək deyil, eyni yükün altına neçə dəfə birlikdə girməkdir.
Bir də həyat mənə gözləmədiyim bir hədiyyə verdi. Sevməyi. Əvvəllər sevgini böyük cümlələrdə axtarırdım. Elə bilirdim ki, eşq həmişə şeir kimidir, həmişə film kimidir, həmişə möhtəşəm səhnələrdən ibarətdir. Sonra bir gün anladım ki, sevgi, insanın günün ən yorğun vaxtında ağlına gələn ilk nəfərdir. "Çatdın?" mesajıdır. Heç bir səbəb olmadan edilən zəngdir. Birlikdə susanda belə darıxmamaqdır.nMən gələcəyi əvvəllər tək təsəvvür edirdim. İndi isə qəribədir... Gələcək haqqında düşünəndə həmişə iki nəfər görürəm. Mən və o. Bəlkə də xoşbəxtlik elə budur. Gələcəyi xəyal edəndə artıq tək olmamaq.
Bəzən xəyal qururam. Aradan uzun illər keçib. Mən qocalmışam. O da qocalıb. Saçlarımız ağarıb, üzümüzə qırışlar düşüb. Nəvələr yenə evi başına götürüblər. Mən yenə nəsə danışmağa çalışıram, o isə həmişəki kimi gülümsəyib sözümü yarıda kəsir. Mən də zarafatla deyirəm: "Görürsünüz? Mənim sözümü 50 ildir bitirməyə qoymur." Hamı gülür. Mən isə içimdə Allaha bir dəfə də şükür edirəm. Çünki bəzi dualar cavab gələndə səs çıxarmır. Sadəcə ömrünə çevrilir. Bəlkə də buna görə artıq Allahdan mükəmməl həyat istəmirəm. Mükəmməl həyat çox darıxdırıcı olardı. Mən sadəcə sevdiklərimin sağlamlığını, ailəmin duasını, dostlarımın səmimiyyətini və hər səhər yanında oyanmaq istədiyim insanın gülüşünü istəyirəm. Qalanını həyat özü yazsın. Axı indiyə qədər mənim yazdığım ssenarilərdən daha maraqlısını həmişə o yazıb.
Günün sonunda başa düşdüm ki, insan yaş almır. İnsan hekayə toplayır. Hər il təqvimdən bir vərəq qopmur, insanın ruhuna bir səhifə əlavə olunur. Mənim də 25 fəslim var artıq. Bəzisi göz yaşı ilə yazılıb, bəzisi gülüşlə, bəzisi isə heç kimə danışmadığım sükutlarla. Sabah tortun üstündəki şamları söndürəndə (əgər tort olsa) böyük arzular tutmayacam. Uşaq olanda elə bilirdim ki, ad günü dilək tutmaq üçündür. İndi isə anlayıram ki, ad günü əvvəlcə şükür etmək üçündür.
Şükür ki, bu günə gəlib çıxdım.
Şükür ki, məni ayaqda saxlayan ailəm var.
Şükür ki, dar günlərimdə çiynimi söykəyə bildiyim dostlarım var.
Şükür ki, sevməyi bacardım. Çünki insan həyatda çox şey qazana bilər, amma ürəyini rahatlaşdıran bir insan tapmaq hər adama nəsib olmur.
Əgər illər sonra bu sətirləri oxuyuramsa və o yenə yanımdadırsa, deməli həyat mənə təsəvvür etdiyimdən də artıq mərhəmətli davranıb. Ümid edirəm o vaxt da çayımızı birlikdə içəcəyik. Mən yenə hansısa köhnə xatirəni danışacam, o isə "bu əhvalatı yüz dəfə eşitmişik" deyib gülümsəyəcək. Mən də hər dəfə olduğu kimi eyni cavabı verəcəm.. "Yüz birinci dəfə də qulaq as." Çünki bəzi hekayələr danışmaq üçün deyil, birlikdə qocalmaq üçündür. Bir də ümid edirəm ki, o gün nəvələrim mənə baxıb soruşacaqlar:
-Baba, həyat sənin istədiyin kimi oldu?
Mən yəqin ki, yenə gülümsəyəcəm.
Sonra deyəcəm:
- Yox, bala... Həyat heç vaxt tam istədiyim kimi olmadı. Amma dönüb baxanda başa düşdüm ki, istədiyimdən daha doğru şəkildə oldu.
Çünki mən hər dəfə "niyə mən?" deyəndə, həyat illər sonra "bax, buna görə" cavabını verdi. Mən hər dəfə bir qapının bağlanmasına üzüldüm, həyat isə məni başqa bir qapının qarşısına gətirdi. Mən hər dəfə itirdiyimi düşündüm, həyat isə məni özümə bir az da yaxınlaşdırdı. Bəlkə də xoşbəxtlik elə budur... Başına gələn hər şeyi sevmək yox, başına gələn hər şeydən sonra yenə də həyatı sevə bilmək.
Əziz 80 yaşlı Harun... Əgər doğrudan da bunları oxuyursansa, 25 yaşlı mənə görə bir stəkan içki qaldır.
O uşaq bəzən çox yoruldu. Bəzən gecələr gələcəyini düşünməkdən yata bilmədi. Bəzən səhv qərarlar verdi. Bəzən çox inandı. Bəzən çox məyus oldu. Amma bir şeyi heç vaxt etmədi... Ümidini torpağa basdırmadı. Əgər sən bu gün rahat nəfəs alırsansa, deməli onun bütün mübarizəsi boşa getməyib.
Və əziz nəvələrim...
Əgər babanızdan yadınızda bir cümlə qalacaqsa, qoy bu olsun..
İnsan güclü olduğu üçün ayaqda qalmır. Sevməyə, inanmağa və yenidən başlamağa cəsarəti olduğu üçün ayaqda qalır.
Mən sadəcə 25 yaşımı qeyd etməyəcəm. Mən yolun yarısında dayanıb arxaya baxacam.
Uşaqlığıma gülümsəyəcəm.
Səhvlərimlə barışacam.
Məni incidənləri bağışlayacam.
Məni sevənlərə bir daha minnətdar olacam.
Məni heç vaxt tərk etməyən Allaha səssizcə "şükür" deyəcəm.
Sonra isə üzümü gələcəyə çevirəcəm. Çünki hiss edirəm...
Həyatın mənim üçün yazdığı ən gözəl fəsillər hələ oxunmayıb.
Və sonda...
Mən bu gün 25 yaşımı qeyd etmirəm. Mən məni bu günə gətirən bütün Harunlara təşəkkür edirəm. Hər yıxılanına, hər ayağa qalxanına, hər sevəninə, hər sınanına... Çünki bu gün güzgüdə gördüyüm adam onların heç birini yarı yolda qoymadı...
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)


