Super User
Ən məşhur yay yeməkləri – Seviçe
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Seviçe (Peru)
Ərzaqlar:
- Ağ balıq filesi
- Laym suyu
- Qırmızı soğan
- Acı bibər
- Keşniş
- Duz
Hazırlanması:
1. Balığı kub şəklində doğrayın.
2. Laym suyunda 20–30 dəqiqə marinad edin.
3. Soğan, bibər və keşniş əlavə edin.
4. Qarğıdalı və ya şirin kartofla birlikdə soyuq servis edin.
Beləliklə, biz 10 gün ərzində sizə dünyanın ən məşhur yay yeməklərini təqdim etdik.
Bu yay yeməklərinin əksəriyyəti:
- yüngül və az kalorilidir;
- təzə mövsümi tərəvəzlərdən hazırlanır;
- isti havada orqanizmi sərinləşdirməyə kömək edir;
- hazırlanması nisbətən sürətlidir;
- vitamin və minerallarla zəngindir.
Bu yeməklər dünyanın müxtəlif ölkələrində yay aylarının ən məşhur və ən çox hazırlanan mövsümi təamları hesab olunur.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
ÖZÜNƏMƏXSUSLUQ – Publisistik düşüncələr
Sadiq Qarayev,
“Ədəbiyyat və incəsənət”
Baxırsan ki bir dəstə uşaq futbol oynamağa gedir, top birinin əlindədir. Oyun qaydalarını da, komandaların bölgüsünü də o edir. Qalanlarından cüzi bir hissə nəsə təkliflər edir, az da olsa " mən də varam, mənim də fikirim var" deyir.
Çox hissə deyilən bütün qaydalara razı olur.
Daha bir hissə isə onları da oyuna alacaqlarını, harada oynayacaqlarını arzu edir, bu səbəbdən də birinci uşağa yarınmaq üçün yalançı təbəssümlər, təriflər edir...
Zaman keçir o uşaqlar elə bu cür bölgü ilə böyüyürlər, hərəsi bir peşə sahibi olurlar.
O əlində top tutub qaydalar müəyyən edən, özünü yalnız həmişə öz qaydalarına, öz liderliyinə inandıran, belə olduğunu təbii hesab edən uşaqdan Özünəməxsus bir şəxsiyyət formalaşır.
O uşaq bunu düşünülmüş etmir. Fitrətində olan zəka, liderlik, qürur, cəsarət, fiziki, əqli və ruhi keyfiyyətlərin birgə yaratdığı effekt ortaya çıxır.
Beləliklə özünəməxsusluq yaranır.
Özünəməxsus şəxs sabah çoban olanda çoban yoldaşları onu qəbul edir, müəllim olanda müdiriyyət onu qəbul edir, uşaqlar ona xüsusi baxır, hansı təşkilatda, müəsissədə işləsə vəzifəsindən asılı olmayaraq qəbul edilir.
O özü isə yenə də top əlində ən azından özü öz qaydaları ilə oynayır. Kimlərisə təqlid etmir, qruplara qoşulmur, əlaltı olmur.
Təbiətdə də belədir. Meşədə eyni növdən olan çoxlu ağacların içində bəziləri daha uca, qollu- budaqlı möhtəşəm, özünə məxsus olur. İşığı, kölgəni, torpağı, suyu o "bölür", diktə edir.
Ya çəkilib meşədən aralı, təkcə, öz qanunları ilə möhtəşəm formada, uca, yüz illərlə özünəməxsus yaşayır.
Aslanlar "top əlində" qaydaları müəyyən edir, ayılar, canavarlar az da olsa " mən də varam" deyir, tülkülərsə fürsət gözləyir, hiyləgərlik edir, yalandan gülümsəyir.
Xalqların, bəşəriyyətin həyatını, tarixin gedişini dəyişən insanlar birmənalı olaraq özünəməxsus olmuşlar.
"Top" həmişə öz əllərində olmuşdur.
İstər alimlər, sərkərdələr, idmançılar, mədəniyyət, ədəbiyyat nümayəndələri olsun, istərsə də siyasətçilər, prezidentlər, dövlət adamları olsun, özünəməxsus insanlardır.
Yamsılayan, öz "topu" olmayan heç vaxt heç bir sahədə 1- ci ola bilməz.
Heydər Əliyevin gənclikdən ömürünün son anlarına qədər şəkillərini, videogörüntülərini, çıxışlarını, ümumi fəaliyyətini izlədikcə özünəməxsusluğu, əlindən buraxmadığı öz "topu" aydın görünür.
Onun səsi, hərəkətləri, davranışları, zəkası, cəsarəti, xarakteri, bütün əqli, fiziki, ruhi parametrləri özünəməxsus idi.
Heydər Əliyev ömrü boyu, heç kimin təkrar yaşaya bilməyəciyi həyat və vəzifələrdə öz "topunu" əlində saxlamışdır.
Onun "topu" Azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqının elmi, mədəni, milli düşüncə inkişafı, müstəqil dövlətçiliyi, Azərbaycan təbiəti, bir sözlə AZƏRBAYCAN mahiyyətli, özünəməxsus idi.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Arzu Nağıyev - arzuları çin olan adam
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Uzun müddət ciddi, qapalı bir mühitdə çalışıb, 1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən, nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub. Amma buna baxmayaraq, həm şair, həm jurnalist, həm də ədibdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə bədii və eləcə də sənədli kitabların müəllifidir...
Deyir ki:- “Həkim ailəsində doğulmuşam. Atamla-anam Tibb Universitetində bir yerdə oxuyublar, ancaq onların təyinatı Oğuz rayonuna verilib. Mən də Oğuzda, Baş Layısqı kəndində doğulmuşam. 1-2 yaşımdan sonra isə yenidən Tovuza qayıtmışıq. Özümü tovuzlu hiss edirəm, başqa yerdə anadan olsam da. Orta məktəbi də Tovuzda oxumuşam, Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində. 1970-ci ildə məktəbə getmişəm, 1980-ci ildə isə həmin məktəbi qızıl medalla bitirmişəm. Dəqiq elmlərə, riyaziyyat, fizika, kimyaya çox maraq göstərmişəm. Demək olar ki, Respublika fənn olimpiadalarında həmişə ən yüksək yerləri tutmuşam, dünya olimpiadasında iştirak etmişəm. Kvantın olimpiadalarında da iştirak etmişəm, yaxşı oxuyan olmuşam. Biz evdə elə tərbiyə almışıq ki, hər birimiz yaxşı oxumalı, idmanın bir növü ilə məşğul olmalı, musiqi alətlərindən birində ifa etməyi bacarmalı, mütləq sağlamlığımızın qeydinə qalmalı və heç olmasa bir xarici dil bilməliyik. Mən də idmanla məşğul olmuşam, dərslərimi yaxşı oxumuşam, pianoya getmişəm, rus dilini öyrənmişəm. Ailədə 7 nəfər olmuşuq, anam-atam, 3 qardaş, 2 bacı...”
Haqqında söhbət açdığım Arzu Nağıyevi yəqin ki, çoxunuz tanıyır. O, 1963-cü il iyulun 27-də dünyaya gəlib. 1980-ci ildə Tovuz rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsində mühəndis iqtisadçı ixtisasına yiyələnib. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vuraraq uzun müddət bu sahədə çalışıb. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır...
“Ehtiyatda olan zabit kimi MTN-dən işdən çıxandan sonra dostlarımla bir yerdə “Trend” İnformasiya Agentliyində işləməyə başladım. Artıq neçə illərdir ki, həyatımın digər bir hissəsini yaşayıram. Bu həyata görə də xoşbəxtəm, qapalı xüsusi xidmət orqanı həyatından sonra jurnalistika mühitinə gəldim. Hər iki sahədə oxşar bir cizgi var. Orada da, burada da informasiya əldə etmək, o informasiyanı necə öyrənmək və hansı nəticəyə gəlmək şərti var”- söyləyir.
1985-1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləyib. 1987-1989-cu illərdə Azərbaycan komsomolun Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olub. 1991-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçib, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışıb. 2011-ci ildən "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir...
Təmsil olunduğu kollektivdə, ümumiyyətlə media camesində qazandığı hörmət ona başucalığı gətirib. Xeyirxah, yaxşı adam kimi tanınır. 2020-ci ildən Milli Məclisin deputatıdır. Partiya mənsubiyyəti yoxdur. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Eyni zamanda Milli Məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilib. 2023-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib...
Bütün bunlardən əlavə o, siyasi ekspert kimi, tez-tez “sehirli qutu”dan çıxışlar edir...
Deyir ki:- “Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, çox ciddi problemlər var. Regional təhlükəsizlik böyüyərək, beynəlxaql təhlükəsizliyə keçir. Ona görə də, hətta vasitəçilik missiyasından çıxış edəndə də, tək öz maraqları yox, böyük maraqları da nəzərə almalıdırlar. Burada da son vaxtlar, sizin də qeyd etdiyiniz kimi, öz nümayəndələrini təyin ediblər, görüşlər keçirməyə çalışırlar. Lakin missiyalarınıda həyata keçirəndə, konkret olaraq, “nə etməli?”, məsələsinə praktiki cəhətdən cavab verməlidirlər. Bu gün gündəmdə olan məsələ budur ki, Azərbaycan XİN-lə Ermənistan XİN arasında təmas var. Məsələ isə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasıdır. Birinci şərt budur. Bunun biz praktiki şahidi olmalıyıq ki, ikitərəfli əlaqələr nə nəticə verdi?! Rusiyanın XİN-nin başçısının cənab prezidentlə görüşündə kommunikasiyaların açılması - istər Qazax istiqamətində, istər Zəngəzur dəhlizi və digər istiqamətdə - konkret bu işlərin praktiki həllini istəyirik. Mina xəritələrinin alınması və s.. Biz diqtə edən tərəfik, bu məsələləri öz gücümüzə həll edirik. Bunu həll ediriksə, bizə hansısa vasitəçi gərəkdirmi? Vasitəçi öz marağını güdməklə bərabər, regionunda, iki dövlətin də maraqlarını güdməlidir. Düşünürəm ki, birbaşa danışıqlar mühüm nəticə verə bilər.”
Təkrarolunmaz bir insandır. Xeyli parlaq xüsusiyyətləri var. Bəxtə çox gözəldir, necə deyərlər, şanslı adamdır. Arzularının bir çoxu artıq çin olub. Həyatda bacarmadığı çətin ki, nəsə olsun, bütün əngəlləri rahatlıqla dəf etməyi bacarır. Olduqca qürurludur. Özünə inamı çox yüksəkdir. Məğrur yerişi var. Xarakteri yumşaq, tutarlı və sakitdir. Açıq danışmağı xoşlayır. Son dərəcə çalışqandır. Hər nə olursa olsun, hədəflədiyi nöqtəyə mütləq gedib çıxacaq. Səxavətli və əliaçıqdır. Sevgisini hər anlamda göstərməyi bacarır. Ehtiyacı olan hər kəsə qarşı yardımsevərliyi var...
Bəli, yazıçı, jurnalist, təhlükəsizlik üzrə ekspert, deputat Arzu Nağıyevi belə tanıyıram. Bu gün - iyulun 27-si Arzu müəllimin 63 yaşı tamam olur. Ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Səyahətin yeni trendi: Etnoturizm nədir və niyə populyarlaşıb?
Nərgiz M.Mustafayeva, Gəncə
“Ədəbiyyat və incəsənət”
Müasir dünyada turizm anlayışı tamamilə dəyişir. Artıq insanlar sadəcə beş ulduzlu otellərdə dincəlmək və ya çoxlu insanın axın etdiyi populyar məkanlarda şəkil çəkdirməklə kifayətlənmirlər. Müasir səyahətçilər getdikləri yerin “ruhunu” hiss etmək, yerli xalqların gündəlik reallığını yaşamaq və fərqli mədəniyyətlərlə dərindən tanış olmaq istəyirlər. Məhz bu axtarış son illərin ən rəngarəng, orijinal və sürətlə inkişaf edən qollarından birini - etnoturizmi (etnik turizmi) ön plana çıxarıb.
Bəs Etnoturizm Nədir? Etnoturizm - səyahətçilərin müəyyən bir bölgənin yerli əhalisinin adət-ənənələri, məişəti, dili, folkloru, mətbəxi və sənətkarlığı ilə yaxından tanış olması məqsədilə etdikləri səfərlərdir. Bu turizm növündə səyahətçilər sadəcə kənardan izləyən bir müşahidəçi deyil, prosesin canlı iştirakçısı olurlar. Məsələn, turist bir kənd evində gecələyir, yerli xalqla birlikdə təndir çörəyi bişirir, unudulmaqda olan sənətlərin sirlərini öyrənir və ya qədim ritualların icrasına şahidlik edirlər.
Rəqəmsallaşma və qloballaşma dünyanı eyniləşdirdikcə, insanlar unikallığa, köklərə və səmimiyyətə daha çox can atırlar. Etnoturizm insanlara “rəqəmsal detoks” etmək və fərqli mədəniyyətlərin çoxəsrlik müdrikliyini kəşf etmək şansı verir.
Etnoturizm sadəcə muzeylərdəki qədim eksponatları seyr etmək demək deyil. Onun əsl fəlsəfəsi “yaşayan mədəniyyət” və qeyri-maddi irslə təmasdadır.
Yerli əfsanələr, nağıllar, mövsüm ritualları (məsələn, səməni cücərdilməsi, çərşənbə adətləri) etnoturizmin görünməyən tərəfidir. Səyahətçi bir axşam ocaq kənarında yerli ağsaqqaldan qədim bir inancın hekayəsini dinləyəndə, o mədəniyyətin bir parçasına çevrilir.
Bundan əlavvə Yaylaq festivalları, yerli sənətkarlıq yarmarkaları və milli oyunlar qeyri-maddi mədəni irsi həm qoruyub saxlamaq, həm də turistlərə vizual və emosional şəkildə ötürmək üçün ən yaxşı etnoturizm alətləridir.
Mədəniyyətini qoruyub gələcəyə daşıyan xalqlar üçün etnoturizm sadəcə bir gəlir mənbəyi deyil, öz kimliyini dünyaya tanıtmağın ən səmimi yoludur. Unutmayaq ki, hər bir adət-ənənə, hər bir sənətkarlıq nümunəsi və hər bir folklor mətni kəşf edilməyi gözləyən canlı bir xəzinədir.
Qeyd: Məqalə müəllifin etnoturizm sahəsindəki tədqiqatları, regional turizm potensialının təhlili və yerli etnoqrafik mənbələr əsasında hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Məşhur və imtiyazlı ailənin təqibi və Nəcibə Məlikovanın məhrumiyyətləri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Elə Gəncədə işlədiyizamanailəliolubayrılmış, biroğluolanNüsrəddinadlı imkanlı kişiilə tanış olur. Nəcibə xanımMəlikovailkgündənNüsrəddinə bağlanırvə onunevliliktəklifinə razılıqverir, evlənirlər.
İllər ötür, ömür sona doğru yüyürür, ölümayağındaolandanəvəsisoruşurki, nənə, indiyanındakimigörməkistərdin? Nəcibə xanımyarışüurluvəziyyətdə “YalnızNüsrəddini” – deyib, arzusuna çatmaq üçüngözlərinihəmişəlikyumur.
İlk əvvəl kino aktrisası kimi şöhrətlənib, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.
EvinsonbeşiyiolanNəcibə Məlikovanınatası HaşımbəySaqibhəm şair, həmdə Bakınınənməşhurtacirlərindənbiriolub. Bakı şairlərininəsərlərindənibarətalmanaxlardaonunda şeirləridəfələrlə çapolunub, kitabları işıq üzü görüb. Anası Xoşsimaxanımisə komsomolçufəallardanidi. Ancaqqardaşı RuhullaAxundovtutulandansonraXoşsimaxanımındaictimaihəyatınasonqoyulur.
Məlikovlarailəsiniisə “xalqdüşmənininailəsi” adlandırırlar. Bundansonrabütünqapılaronların üzünə bağlanır. AktrisaNəcibə Məlikovanınuşaqlıqdanbircə arzusuvaridi. O, məktəbiqurtarıbTibb İnstitutunadaxilolmaq, həkimişləməkistəyirdi. Lakin “xalqdüşməni”ninbacısı qızı olduğunagörə, arzusu ürəyində qalır.
Bunabaxmayaraq, atası HaşimbəySaqibinziyalı olması, sənətiyaxşı bilməsi övladlarınahəyatdauğurluyolseçməyə köməkedir. Nəcibə xanımınböyükbacısı Nuriyyə MəlikovanəinkiAzərbaycanın, bütün Şərqinilkrəqqasəsikimitanınır. O, dahi ÜzeyirHacıbəyovunansamblında çalışırvə müxtəlifxarici ölkələrdə Azərbaycanı layiqincə təmsiledir.
Nəcibə Məlikovaisə məcburiyyətdən, könülsüzaktrisalığı seçir. 10-cusinfiqurtarandansonrasənədləriniTeatr İnstitutunaverirvə FatmaQədrininsinfinə qəbulolunur. Təhsilinibaşavurangəncaktrisa özarzusuilə Gəncə Teatrınaişləməyə gedir. Bir-birininardıncayaratdığı obrazlardildən-dilə düşür. “Yaşar” tamaşasındaoynadığı Yaqutobrazı isə onunGəncə teatrındaənböyükuğuruhesabolunur.
Gəncə dövründə gəncaktrisaBakıdatəzəcə açılmış Teatr İnstitutunaqəbulolunur. Ədil İsgəndərovdan, RzaTəhmasibdənsənətdərslərialır. Sənətdərslərinigözəlmənimsəyir, alitəhsilalır, MilliDramTeatrındaişləməyə başlayır.
1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.
Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman) pyeslərinin tamaşalarında çıxış edib.
Kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. 14 Fevral 1956-cı ildə ilk AzTV-nin efirə çıxan verlişin ilk aparıcısı və ilk diktoru olub.
Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.
Filmoqrafiya
1. Arşın mal alan
2. Axşam konserti
3. Aygün
4. Bakının işıqları
5. Bizim qəribə taleyimiz
6. Böyük ömrün anları
7. Doğma xalqıma
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
“Biri ikisində” Cavid Qasımovun şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Cavid Qasımovun şeirləri təqdim ediləcək.
Xatırladaq ki, gənc şair ilk dəfə Nigar Həsənzadənin “SÖZ” layihəsində parlayıb.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
***
Qulaqlarında üzə bilmədiyi suların səsi,
Gözlərində sonuncu dəfə çıxdığı dənizin şəkli,
Baxır vitrindən balıq...
Canındakı tikanlar
Gülün müjdəçisi deyilmiş....
***
Almaq istədiyi ayaqqabının bir tayını
Protez ayağına keçirtdi.
Mızıldandı dodağının altında,
– bir az sıxır .
Satıcı hiss etmişdi,
Yeridikcə açılacaq, – dedi...
***
Öz bürcü olmasa da,
Ulduzların xərçəng haqqında dediklərini eşidəndə sevindi.
Yatdığı palataya gələn həkimlərdən heç biri
Radio aparıcısı qədər
Onu ümidləndirməmişdi...
Pəncərəyə yaxınlaşıb, günəşə baxdı.
Şüa haqqında çox şey deyə bilərdi
Güzgüsü əlindən alınan adam...
***
Səhər dən səpdiyim göyərçin
Belinə sığal çəkdiyim pişiyə yem oldu bu axşam.
İkisi də gözəl idi.
Lənətə gəlsin aclığı...
***
Saçlarını qələmlə yığıb,
Qara, uzun misraları bundan gözəl qafiyələndirmək olmazdı.
Yəqin, şair olduğumu bilirmiş.
***
Gecənin yarısında yadıma üskük düşdü.
Ürəyim ağrıdı unudulmuş
Döyüşçü dəbilqəsindən ötrü.
Sonuncu dəfə kimin barmağını qorumuşdu
Ard-arda gələn iynə zərbələrindən?
Necə oldu, necə?
Barmaq şəhidmi oldu,
Yuvarlandı tarixin bir küncünə üskük?
Yoxsa parça üzərində savaş bitdi?
Sonda kim qalib gəldi?
Kim?
Sap?
İynə?
Barmaq?
Bəlkə, otağın bir küncündə gözlərini mənə zilləyib,
Səhərin açılmasını gözələyən tikiş maşını?
Onun ki ayağı heç bir parça üzərində axsamamışdı.
Belə qalibiyyət olar?
***
O vaxt ki qanadların göy üzünə dil uzadırdı,
Xoşbəxt idin, Tutuquşu.
İndi adın çəkiləndə
Ağıla qəfəs gəlir,
Sonra hecalanmış bir-iki söz...
Danışa bilmək adamın əlindən hər şeyini alır...
QLADİATORUN DUASI
Düşmən yanında,
Şəhərin ortasında,
Adamların çox olduğu yerdə
Səndən başqa heç kimə etiraz edə bilmirik, Allah,
Bağışla bizi, bağışla...
Adını çəkib, dilənməkdən başqa əlimizdən heç nə gəlmir.
Bütün qapılarda boynu bükük xatirə şəklimiz var...
And olsun
Nəsildən-nəsilə kəçən yoxsulluq kürsüsünə,
Səndən başqa hamıya inandıq,
İtaət etdik .
Təkcə sənə inana bilmədik, sənə.
Bağışla bizi, bağışla...
***
Eyni şəhərdə,
eyni gündə,
eyni saatda
kölgən doğuldu səninlə.
Hansı doğum günündə
Onu bərk-bərk bağrına basıb təbrik etdin?
Xatırlamırsan.
Adam doğmasını unudur...
***
Ömrün sahilində
Yarpaq kimi düşür eynəyinin bir gözü,
Ayağının altında
Xəzəl nəğməsi bilib
Şüşənin hecalara ayrılan səsini
keçirsən...
Tanımasaydım,
Pirata oxşadardım.
Ömrünü soyan adamdan hər şey gözləmək olar ...
***
"Tərəzi, tərəzi" deyib
Qışqırırdı ehtiyacdan yol qırağında duran kişi.
Ovcuna iyirmi qəpik qoyub,
Özümü çəkdirdim,
Yüngülləşdim.
On addım getməmişdim,
Daha bir tərəzidə özümü çəkdirdim,
İki kiloqram artıq gəldim birincidən,
Qayıdıb, halallıq aldım...
MOLBERT
Ayağının birini itirəndən
Hər iki əlinə ağac budağı almısan.
Uzaqdan yeriyən molbertə oxşatdım.
Adam özündən başqa
Hər şeyə,
Hər kəsə rahatlıqla oxşaya bilir.
Neyləmək olar?
Rahat dur,
Sinənə yoxsulluğunun,
Ehtiyacın,
Vətənin şəklini çəksin zaman.
***
Qorxduğu olmaq istəyər adam.
Nədən çox qorxursan,
Ya da kimdən
Ona çevrilirsən.
Bayaq ana qorxudurdu uşağını
Özünün bir vaxtlar qorxduğu həkimlə deyil,
Polisin gələcəyi ilə.
Polis olacağam dedi uşaq böyüyəndə
Yüksək səslə...
Asayişi pozuldu fikirlərimin,
Qorxutmaq hüququ tapdalandı əli iynəli həkimin.
Şahidi oldum dağılmaq bilməyən mifin dağılmasının,
iynənin dəyənəyə çevrilməsinin,
Qorxu möcüzəsinin şahidi oldum.
Səni nə ilə,
Kimlə qorxudurlar?
Səmimi ol,
Allahla demə...
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Qəfil gələn bədbəxçiliyə qurban gedən istedadlı musiqiçi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ölüm qaşla gözün arasındadır. Qəfildən elə gəlir, sən bircə an əvvəl onun gələ biləcəyini milyardda bir ehtimalla da güman edəmmirsən...
Ötən əsrin 80-ci illərində ölkəmizdə "Dan ulduzu" instrumental ansamblı çox məşhur idi, ansambla da istedadlı musiqiçi Gülarə Əliyeva başçılıq edirdi.
1991-ci ilin 27 iyul günü adidən də adi gün kimi görünürdü. Gülarə xanımın həyat yoldaşı kulturoloq Adil Adilov Moskva klinikasına müalicəyə yola düşürdü. Gülarə xanım və kiçik qızları Nuridə, həmçinin "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə Adil müəllimi qapıdan yola salıb birgə eyvana çıxdılar ki baxışları ilə də onu avtomobilə minicəyə qədər müşayiət eləsinlər. Və bu an gözlənilməzi baş verdi. Köhnə tikilinin eyvanı gurultuyla uçdu. Gülarə Əliyeva və qızı Nuridə beləcə, həyata əlvida dedilər.
İndi onların hər ikisi Yasamal qəbiristanlığında uyuyurlar.
Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. O, görkəmli dövlət xadimi Əziz Əliyevin – Azərbaycan Prezidenti İlham Əliyevin ana babasının qızı – xalası idi.
Gülarə xanım 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri olub.
Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje edib. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış edib.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olub. "Dan ulduzu" ansamblına onun adı verilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.06.2026)
“Maraqlı söhbətlər”də Çe Gevaranın edamı barədə
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azadlıq simvolu olan əfsanəvi inqilabçı Çe Gevaranı satan, gizləndiyi yeri xəbər verən şəxsin çoban olduğu ortaya çıxır.
Ondan soruşurlar ki, nəyə görə Çe Gevaranı satdın. Axı o kasıbların, xalqın, yəni sənin haqlarını müdafiə edirdi, kapitalistlərlə sənin üçün döyüşürdü.
Çoban sadəcə belə cavab verdi:
“O düşmənlə döyüşərkən qoyunlarım qorxurdu, hürkürdü. Qoyunlarımın hürkməyini istəmirəm. Mənə lazım olan qoyunlarım idi”.
Çe Qevaranın əslində əllərini deyil, başını kəsmək istəyiblər. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti Feliks Rodrigesin sözlərinə görə, Çe Qevara güllələnəndən sonra onun öldüyünü sübut etmək üçün başını kəsib Fidel Kastroya göndərmək istəyiblər.
“Mən güllələnmədən sonrakı gün Çe Qevaranın meyitinin saxlanıldığı yerə gəldim. Boliviya ordusunun baş komandanı Ovando Kandia dedi ki, Kastro onun ölümünü inkar etməsin deyə Çe Qevaranın ölümünə aid qəti sübutlar lazımdır”, – deyə agent Feliks Rodriges bildirib. Onun sözlərinə görə, bu zaman baş komandan Ovando Kandia Çe Qevaranın başını kəsməyi təklif edib.
Amma Roqriges inqilabçının yalnız bir barmağını kəsməyi təklif edib. “Mən onun bir barmağını kəsməyi təklif etdim, çünki bizdə Argentina polisinin barmaq izləri var idi. Kandia isə Çe Qevaranın hər iki əlini kəsməyi əmr etdi. Sonra bu əllər Kubaya göndərildi. Onlar Havanada İnqilab meydanındakı binalardan birində saxlanılır”, – deyən CIA agenti bildirib ki, Kastro Çe Qevaranın kəsilmiş əllərini yalnız yüksək rütbəli qonaqlara göstərib.
Feliks Rodriges həm də etiraf edib ki, Çe Qevara edam edilməzdən əvvəl onun güldüyü şəkli qəsdən korlayıb. “Çe Qevara güllələnməzdən əvvəl mayor Sausedo onunla şəkil çəkdirmək istəyib. Bunun üçün onlar məktəb binasından çıxdılar və mayor fotoaparatı göstərərək zarafat etdi ki, “baxın, komandante, indi quş çıxacaq”. Bu zaman Çe Qevara güldü.
Mən qəsdən həmin kadrın alınmasına imkan vermədim. Çünki bir müddət sonra Çe Qevaranın döyüşdə ölməsi haqqında xəbər yayılacaqdı. Amma mayor hər kəsə sağ və gülən inqilabçının şəklini göstərsəydi, bu, Boliviya hakimiyyətini pis vəziyyətdə qoya bilərdi”, – deyə Rodriges əməlini belə izah edib.
Güllələnmədən sonra CIA agentləri Çe Qevaranın meyitinin yanında şəkil çəkdirirdilər.
Qeyd edək ki, 1967-ci ildə Feliks Rodriges Mərkəzi Kəşfiyyat İdarəsinin tam səlahiyyətli müşaviri kimi batalyonun tərkibində Çe Qevaranın gizləndiyi Boliviyaya göndərilib.
Onların vəzifəsi Ernesto Çe Qevaranın kommunist partizan dəstəsini yox etmək idi. 1967-ci il oktyabrın 8-də həmin dəstə dağıdılmış, Çe Qevara isə əsir götürülərək güllələnmişdi.
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Prezidentin musiqi müəllimi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hazırda Bakı Musiqi Akademiyasında, Milli Konservatoriyada çalışan bir sıra dosent və müəllimlər onun yetirmələridir. Bu xanım musiqimizin nəzəriyyəsinə, musiqi kadrlarının hazırlanmasına öz töhfələrini layiqincə vermişdir.
Prezident İlham Əliyev və bacısı Sevil Əliyeva, digər tanınmış şəxslər də vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas musiqi məktəbində bu xanımın sinfində oxuyublar.
Bu günsə onun doğum günüdür, anadan olmasının 92-ci ildönümüdür.
Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirib. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas musiqi məktəbində müəllim işləyib. Nahidə Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub.
Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu alıb. Onun məsləhəti ilə də N. Məmmədova bu təhsil ocağına direktor təyin olunub. 1972-ci ildən N. Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib.
1977-ci ildə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərib. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N. Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib.
1985-ci ildə Vilnus şəhərində keçirilən Ümumittifaq seminarda "Fortepiano sinfi üzrə yeni proqramın vacibliyi" məruzəsi ilə, 1986-cı ildə Lvov şəhərində keçirilən Ümumittifaq seminarda "Fortepiano əsərlərində səslənmə üzərində iş" məruzəsi ilə çıxış edib.
N. Məmmədovanın təşəbbüsü və fəal iştirakı ilə 1989-cu ildə keçmiş SSRİ respublikaları arasında məhz Bakı Musiqi Akademiyasında "Xüsusi pedaqoji hazırlıq" tədris fənni açılaraq, ilk dəfə dövlət imtahanları keçirilməyə başlayıb. 1990–1991-ci illərdə bu fənn üzrə dövlət imtahan komissiyasının sədri olub.
Nahidə xanım Azərbaycanda ilk dəfə olaraq "Fortepiano sinfi üzrə Proqram (I–XI siniflər)" dərsliyini hazırlayıb, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi kafedrasının açılmasının təşəbbüskarı olub və burada tədris edilən ilk dərsliyin redaktoru olub, həmçinin müxtəlif vaxtlarda burada keçirilən elmi konfranslarda da uğurla çıxış edib.
Nahidə Məmmədova Milli Təhlükəsizlik Nazirliyinin, eyni zamanda ölkənin müvafiq təhsil ocaqlarının professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanıb.
Dərs vəsaitləri
- "Müəllim və şagird"
- "Fortepianoda ibtidai tədris təlimi"
- "Fortepiano əsərlərində səslənmə üzərində iş haqda"
- "Fortepiano əsərlərində müşayiət üzərində iş"
- "Musiqi məktəbində dərs"
- "Fortepiano pedaqogikasında bəzi pedaqoji mülahizələr haqda"
- "İfaçılıq texnikası üzərində işin növləri
Mükafatları
- Azərbaycan SSR əməkdar müəllimi
- "Əmək veteranı" medalı
- Prezident təqaüdçüsü
Nahidə xanım 23 yanvar 2016-cı ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Şərqdə opera yazan ilk qadın
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən gün Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın anım günüydü. Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunan Şəfiqə xanım Azərbaycanın mədəniyyət tarixində özünə şərəfli bir yer edibdir.
Düşünürəm ki, onun həyatı, əsərləri barədə hər bir azərbaycanlı səhih məlumata malik olmalıdır.
Şəfiqə Axundova 21 yanvar 1924-cü il tarixində qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olub.
Şəfiqə xanımım bacısı Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.
Şəfiqə Axundova incəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşüb. Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edib və Hacı Xanməmmədovun tar sinfinə göndərib. Bir ildən sonra o, Ağabacı Rzayevadan tarın sirrlərini öyrənib. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayıb. O həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənib.
1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanıb. Konservatoriyanın nəzdində hazırlıq kursları açan Üzeyir bəy gənc bəstəkarlara Azərbaycan xalq musiqisinin əsaslarını öyrədib, fərdi olaraq onların əsərləriylə məşğul olub, birlikdə muğamları nota köçürüblər.
Gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Üzeyir bəy Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət edib və gənclər böyük ustaddan bəstəkarlığın sirlərini öyrəniblər.
Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1972-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib. Şəfiqə Axundova 26 il -1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışıb.
Şəfiqə Axundova 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
Əsərləri
1. "Vicdan" pyesindən "Nədən oldu" mahnısı, «Gəlin qayası» radiopyesindən «Könül təranələri» mahnısı, «Natəvan» pyesindən «Neyçün gəlməz» mahnısı.
2. Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olub.
3. Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı "Gəlin qayası" operası
4. Novruz Gəncəlinin librettosu əsasında yazdığı "Ev bizim, sirr bizim" operettasında simfonik orkestr üçün yazdığı suitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələri
5. Əyyub Abbasovun "Adil və Sərvinaz" tamaşasına musiqi bəstələyib.
6. "Son məktub", "İliç buxtası", "Qaynana", "Böyük ürək", "Vicdan", "Sən nə üçün yaşayırsan?", "Qızıl Əjdaha", "Natəvan", "Yaşar", "Aydın", «Dost Əli», «Rübailər aləmində», "Əlvida, Hindistan" kimi tamaşalarına mahnılar bəstələyib
7. Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları
8. “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər.
9. “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Gəl, ey səhər”, “Yaşatdın elləri”, “Sevgi ölmür” lirik mahnıları.
Filmoqrafiya
- Azərbaycan elləri
- Mənim atam Əliövsət Sadıqov
- Bəstəkar Şəfiqə Axundova
Mükafatları
1. "Şərəf nişanı" ordeni
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
5. "Şöhrət" ordeni
Şəfiqə Axundva 26 iyul 2013-cü ildə vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. 2024-cü ildə haqqında "Şərqin nəğməkar qızı" sənədli filmi çəkilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)


