Təfəyyüz və Füyuzat – bunlar yalnız məktəb və dərgi adi deyil Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Təfəyyüz və Füyuzat anlayışları sadəcə (Quzey Makedoniya paytaxtında) məktəb və (Azərbaycan Respublikası paytaxtında) dərgi adı deyil, onlar bir maarifçilik gələnəyinin, mədəni və ictimai inkişafın simvollarıdır. Üsküp (Skopye) və Bakı kimi şəhərlərin intellektual həyatı (həm də) bu milli maarifçilik axınlarının təsiri ilə formalaşıb; buralarda öyrətmənlərin, aydınların, yetişən gənc nəsillərin yeni fikir dalğaları toplumun sosial-mədəni quruluşuna yön verən bir xətt kimi meydana çıxıb.

 

Təfəyyüz biləvasitə Üsküpdəki bir məktəbi və ondan irəli gələn təhsil, maarifçilik və yeni nəsil dalğasını, bu dalğanın doğurduğu yaradıcılıq aktlarını, əsərləri ifadə edir;

Füyuzat biləvasitə Bakıdakı bir dərgini, ondan irəli gələn maarifçilik dalğasını, bu dərgi və dalğanın doğurduğu məktəbi ifadə edir.

Təfəyyüz – feyz almaq, faydalı olmaq anlamına gəlir;

Feyzlər, lütflər, bərəkətlər anlamındakı Füyuzat isə, burada bilik, maarif və mədəni zənginlik anlamında işlədilir.

Təfəyyüz ötən il 140 illik yubileyini qutladı;

Füyuzat gələn il 120 illik yubileyini qutlayacaq. Həyata vəsiqə almaları arasında 22 illik fərq olan Təfəyyüz ilə Füyuzat yalnız adlarında “feyz” keçməsinə görə yox, əlbəttə, mahiyyətlərinə, amallarına görə qoşa çəkilən ocaqlardır.

Üsküp də, Bakı da uzun illər sosializm realizmi ilə digər gerçəkliklərlə yaşamaq zorunda qalınca, Təfəyyüzçülər, Füyuzatçılar zamanında gördükləri işlərdən, öyrətdiklərindən, aşıladıqlarından və gələcəyin vicdanına ötürdüklərindən feyz alıblar… Hər iki şəhər, ölkə və coğrafiya təlatümlərdən keçib və bu gün Təfəyyüz ilə Füyuzat həm irs hadisəsi həm günümüzün yaşayan-yaşadan dəyəri, həm də gələcəyə aydın yol xəritəsi cızan ocaqlardır…

 

Haşiyə 1:

Təfəyyüz İbtidai Məktəbi, 1884-cü ildə Hilmi bəy Deralanın tikdirdiyi binada fəaliyyətə başlayıb; daha sonralar Osmanlı dövləti bu binanı satın alıb, burada “Təfəyyüz İbtidai Məktəbi” qurulub. Bu yolçuluq 141 ildir davam etməkdədir.

 

Daha sonra, 1919/20-ci illərdə “Təfəyyüz” digər bütün məktəblər kimi yeni qurulmuş Yuqoslaviya Krallığının yönətiminə keçib və fəaliyyətini Osman Çikiç İbtidai Məktəbi adı ilə davam etdirib. Osmanlı dövlətinin Üsküpdən çəkilməsindən sonra Təfəyyüz türk azlığının yalnız məktəbi yox, sanki təsəlkisi və dayağı olub...

Balkan savaşları sonucunda baş verən dəyişikliklər Rumeliyə vida demək idi. Lakin vida edə bilməyən bir qisim türk əhalisi Rumelinin ən qədim türk şəhərlərindən olan Üsküpdə yaşamını davam etdiib. Bu əhali yalnız varlığını qorumaqla qalmayıb, Qoca Çinarı - təhsil ocağı Təfəyyüzü də yaşatmağı bacarıb.

Söhbət etdiyimiz bu təhsil ocağı – Təfəyyüz İbtidai Məktəbidir. Osmanlı dönəmində ibtidai məktəb olaraq fəaliyyətə başlayan Təfəyyüz məktəbi, Serb Krallığı, Bolqar işğalı, Yuqoslaviya Cümhuriyyəti və Müstəqil Makedoniya dönəmlərini keçərək çevrəsindəki türklərlə birgə ayaqda qala bilib, nəfəs aldığı türk əhalisinə xidmət etməyi bacaran köklü bir qurumdur.

 

Təfəyyüz və Füyuzat:

Tarixi zərurət və maarifçilik platformu

Üsküpdə Təfəyyüz - Osmanlı dönəmində, özəlliklə Balkanlarda milli kimliyi qorumaq, müsəlman əhalini maarifləndirmək və onları mədəni cəhətdən yeni dönəmə hazırlamaq üçün qurulmuşdu. Bu məktəbdə təhsil təkcə dini bilgilərlə sınırlanmır - eləcə də, çağdaş elmlərə və milli şüurun formalaşmasına yönəlirdi. Osmanlı yönətimində Balkanlarda türklərin, ümumən müsəlmanların mədəni varlığını qorumaq strateji önəm daşıyırdı.

Bakıda Füyuzat - Azərbaycan və ümumilikdə Türk-İslam dünyasında yeni düşüncənin formalaşmasına xidmət edən bir dərgi olaraq 1906-1907-ci illərdə fəaliyyət göstərdi. O, Əli bəy Hüseynzadənin başçılığı ilə maarifçi hərəkatın əsas platformlarından birinə çevrildi. Bu dərgi təkcə Azərbaycan üçün deyil, ümumilikdə türk xalqları üçün yeni, universal çağdaşlaşma xəttini təqdim edirdi. - “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” ülküsü məhz buradan geniş yayılmağa başladı.

Bakı ilə Üsküpün geosiyasi və mədəni konteksdə fərqli mövqeləri vardır, əlbəttə. Örnəyi, Bakı - Doğu ilə Batının iqtisadi-mədəni qarşılaşma yeriykən, Üsküp - Osmanlıdan sonrakı türklüyün Balkan kontekstində dirənişi, dayanıqlığı və Batı ilə Doğunun bir buluşma yeridir…

 

Haşiyə 2:

Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə gün üzü görən “Füyuzat” dərgisinin mətbuat tariximizdə özünəxas yeri, göyü, yaratdığı mədəni iqlim vardır. Çevrəsində Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dönəmin tanınmış aydınlarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır; lakin “Füyuzat”ın o vaxt yalnız 32 sayı çıxıb, qabaqcıl və milli fikirləri təbliğ etdiyinə görə, gerilikçi Çar hökuməti onun çapını dayandırııb.

 

İrsimizin ayrılmaz parçası olan bu dərgini Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa edib; tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ı bərpa edib, yeni saylar yayınlanmağa başlayıb. Artıq 18 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan çağdaş “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” dərgisi MİMTA-nın milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiqdir. “Füyuzat” tarix, vətəncanlılıq, görkəmli şəxsiyyətlərimiz, milli-mədəni irs, eləcə də mənəvi dəyərlərimiz haqqında məqalələrdən ibarət yeni sayları oxuculara təqdim olunur.

Mətbuat sahəsində fəaliyyət göstərən aydınlarımızın “Füyuzat”ı rəğbətlə qarşılanması, eləcə də dərginin dost-qardaş ölkələrdə, özəlliklə Türkiyədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycançılıq və Turan məfkurəsinin təbliğində rol oynaması ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.

2021-ci ilin mart ayından etibarən dərginin baş redaktoru Mübariz Yunusdur.

 

Haşiyə 3:

“Füyuzat” qapadıldıqdan 3 il sonra, "Yeni Füyuzat" (یئنی فیوضات‎) — həftəlik ictimai-siyasi, ədəbi, şəkilli dərgisi gün üzü görüb. 1910-cu il oktyabrın 18-dən 1911-ci il martın 15-dək Bakıda Azərbaycan dilində yayımlanan bu dərginin isə toplam 21 sayı çıxıb.

 

"Yeni Füyuzat"ın naşiri və məsul redaktoru Əlipaşa Hüseynzadə (Səbur), baş redaktoru Əhməd Kamal idi. Dərgi Azərbaycan milli burjuaziyasının çıxarlarına xidmət edirdi. "Yeni Füyuzat"ın səhifələrində M.Ə. Sabir, Ə.Qəmküsar, A.Şaiq, Ə.Kamal, Ə.Münzib, Y.Talıbzadə, Ə.Hüseynzadə, N.Kamal, Ə.Mişan, M.Axundov, Ə.S.Qasımov və başqalarının bədii və publisist yazıları dərc olunub. 1911-ci il martın 19-da bir çox Azərbaycan jurnalistləri həbs edilib, bu dərginin naşirinin və baş redaktorunun da evində axtarış aparıldıqdan sonra, Əlipaşa Hüseynzadə Həştərxana sürgün olunub, Əhməd Kamal isə Rusiya hüdudlarından çıxarılıb vətəni Osmanlıya göndərilib; bununla da "Yeni Füyuzat"ın fəaliyyəti dayandırılmış olub.

 

Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Yeni füyuzat” dərgisinin toplu halında çapa hazırlaması və önsözlə birgə nəşr etdirməsi də ədəbiyyat, mədəniyyət və ictimai fikir tariximizin öyrənilməsinə sanballı töhfədir.

“Elm və təhsil” nəşriyyatında gün üzü görmüş toplunun “Yeni Füyuzat”ın yeni həyatı” adlı önsözündə Hüseyn Həşimli dərginin nəşr tarixinə nəzər salır; bildirirlir ki, dərginin oxucu dairəsi çox geniş olub; o, Moskva, Sankt-Peterburq, Həştərxan, Batum, Aşqabad, Daşkənd, Xivə, Tiflis, Ənzəli, Nuxa, Bakı, Naxçıvan, Culfa, Astara, Şamaxı, Lənkəran və digər şəhərlərdə maraq doğurub.

Hüseyn Həşimlinin bu toplusu ilə tanışlıq “Yeni Füyuzat”ın mətbuat tariximizdə önəmli yer tutduğunu bir daha təsdiqləyir.

Dərginin tam halda nəşr olunaraq yüz ildən sonra ictimaiyyətə çatdırılması ədəbiyyat, mətbuat, maarif və ictimai fikir tariximizin bəlli bir mərhələsini öyrənmək üçün dəyərli qaynaqdır.

 

Feyz qaynaqları:

Üsküpdə və Bakıda maarifçilik dalğası

 

Həm Üsküp, həm də Bakı dönəmin intellektual axınlarının kəsişmə nöqtəsində idi.

-Bəli, Üsküpdə maarifçilik Osmanlı mirasına əsaslanırdı lakin eyni zamanda Avropa təsirlərinə açıq idi. Burada Balkanların etnik və dini müxtəlifliyi önəmli amil idi;

-Bakıda isə Rusiya İmperiyasının tərkibində olmaq Çar qadağalarına uğramaq demək idi; digər tərəfdən neft sənayesinin gətirdiyi sürətli çağdaşlaşma dalğası yeni ideyaların inkişafına zəmin yaradırdı.

 

Oxşarlıqlar, fərqlər

Tarixi kontekst baxımından, həm Üsküpdəki Təfəyyüz məktəbi, həm də Bakıda çıxan Füyuzat dərgisi, öz dönəmlərinin mədəni böhran və milli oyanış aşamasında ortaya çıxmışdı. Yuxarıda bir qədər vurğu etdiyimiz kimi, Təfəyyüz, Osmanlının Balkanlardakı çöküşü və türk-müsəlman əhalinin əriməsi, qarışması təhlükəsi fonunda, kimliyi qorumaq və maarifləndirmə funksiyasını daşıyırdı. Məktəb yalnız uşaqların öyrədildiyi ocaq olmayıb, ata-analar, qardaş-bacılar, qohum-əqrabalar üzərindən dalğalanmalardı: dərs-dərs, yazı-yazı (dəftər-dəftər), oxu-oxu (kitab-kitab)...

Füyuzat isə Rusiya İmperiyasının tərkibində, neft kapitalizminin və Avropaya açılma sürəclərinin təsiri altında bir milli-mədəni çağdaşlaşma platformu kimi meydana çıxmışdı.

İdeoloji baza baxımından, hər iki təşəbbüs öyrətmə, öyüd üzərində qurulsa da, bu maarifçiliyin qaynaqları bir qədər fərqliydi:

Təfəyyüz daha çox Osmanlı-türk kimliyi və İslam maarifindən ilham alırdı. Füyuzat isə həm türkçülük, həm islamçılıq, həm də Batı çağdaşlığını birləşdirən “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” düsturunu daşıyırdı.

 

Təhsil və mədəniyyət modeli baxımından,

Təfəyyüz məktəbi (ilk illər) mədrəsə ilə çağdaş məktəb arasında bir keçid forması idi; burada dini biliklərlə yanaşı, çağdaş fənlər də tədris olunurdu. Füyuzat isə bir dərgi üzərindən ədəbiyyat, fəlsəfə və ictimai düşüncə sahəsində geniş fikir alış-verişi yaradır, oxucunun dünyagörüşünü çağdaşlaşdırmağı hədəfləyirdi.

Sosial auditoriya baxımından da ilginc fərqlər vardı: Təfəyyüz əsasən Quzey Makedoniya və çevrə bölgələrdəki türk-müsəlman əhaliyə xitab etməklə, o lokal və bölgəsəl düzeydə bir mədəni dirəniş idi. Füyuzat isə yalnız Bakıya deyil, ümumilikdə Türk-İslam coğrafiyasına xitab edən genişmiqyaslı ideoloji və mədəni ismarıcları daşıyırdı.

Transformativ funksiya baxımından isə Təfəyyüz Balkan türkləri üçün milli-mədəni dayanıqlığın, yəni varlığın qorunması üçün bir sipər kimiydi (Dərsə uşaqlar gedirdi amma öyrənən, dəyişən yalnız uşaqlar olmurdu)...

Füyuzat isə milli kimliyin təkcə qorunması yox, həm də yenidən qurulması və qalxınması üçün bir reform platformu idi – yəni iş müdafiə ilə bitmir, həm də hücum strategiyasına dönüşürdü.

 

Bugünkü Təfəyyüz və

(Ən) Yeni Füyuzat

 

Çağdaş dünyada maarifçilik artıq təkcə milli və ya dini bir zərurət kimi deyil, həm də qlobal rəqabət kontekstində zəka devrimi kimi ortaya çıxır.

Günümüzün Təfəyyüzü mədəni müxtəlifliyi qorumaqla, yeni texnoloji çağın tələblərinə uyğun çağdaş təhsil sistemini inkişaf etdirməkdədir.

(Ən) Yeni Füyuzat isə sadəcə bir dərgi və ya intellektual hərəkat deyil, daha geniş miqyasda dijital maarifçilik, mədəniyyət və texnologiyanın sintezindən doğan yeni çağdaşlıq deməkdir.

Yeni Füyuzat konsepti, belə deyək, qərargah mərkəzləri (“startap”lar, “think-tank”-lar, təhsil modelləri) üzərindən gerçəkləşir və ya gerçəkləşməlidir.

Yeni Füyuzat – dijital idrak aşamasının adı, məzmunu olsa gərək…

Maarifçilik artıq çap olunan dərgi və ya məktəbdən çox, (necə deyərlər) alqoritmik feyzləndirici sistemlərə bağlıdır:

-Açıq təhsil platformaları (MOOC - “Massive Open Online Course”),

-Süni intellekt əsaslı öyrənim,

-Qlobal və milli maarif strategiyalarının dəngəsi və s.

 

Bu aşamada sual təkcə “nə öyrənirik?” deyil, həm də “kim bizə nəyi öyrədir?” və “biz başqasına nəyi öyrədirik?” kontekstindədir.

Söhbət gəlib zəka devrimi və yeni kulturoloji görəvlərə çıxır.

Maarifçilik artıq universal maarif platformları ilə milli kimliklərin koordinasiyası kimi strateji bir layihəyə çevrilib. Belə deyək:

-Yeni Füyuzat - İnformasiya etikası, rəqəmsal mədəniyyət, texno-kulturoloji suverenlikdir;

-Yeni Təfəyyüz - çoxdilli, multikultural və şəxsiyyət yönümlü təhsil formasıdır.

 

Beləliklə,

“Təfəyyüz” və “Füyuzat” mədəniyyətimizin maarifçilik damarları kimi öz dönəmlərində işıqlı yollar salıb. Bu gün isə yeni nəslə düşən, həmin damarların ruhunu qorumaqla onları rabitəli texnoloji mədəniyyətə, humanist rəqəmsal təhsilə, ümumbəşəri və milli dəyərlərin sintezinə daşımaqdır.

Yeni Füyuzat – zəka ilə şəfqətin, texnologiya ilə ədəbiyyatın, keçmişlə gələcəyin dialoqunda feyz alan bir toplum modeli qurmağın adıdır.

Bu vurğuları edərkən bəzi sualları da bölüşmədən keçməyək:

Biz bəs bu gün nəyi feyz qaynağı kimi qəbul edirik? Dünənin maarifçilik füyuzatı bu gün elmi-texnoloji feyz ilə əvəzlənir, yoxsa köhnə ilə yeni sintez olunaraq mədəni davamlılıq formalaşır?

Üsküpdən (Balkanlardan) Bakıya (Qafqazlara), Bakıdan Üsküpə, habelə keçmişdən gələcəyə yeni maarifçilik xətti necə qurulmalıdır?..

Belə suallar, əslində, dərin kulturoloji və tarixi incələmə tələb edir. Biz hələlik bir yığcam yazı ilə çıxış (daha doğrusu, giriş) etdik. Mövzu, əlbəttə, daha geniş araşdırmanı haqq edir.

Feyz qaynaqlarımız qurumasın!

Təfəyyüzün, Füyuzatın bayrağı uca olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.