Super User
Böyük Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyi sükutla keçdi
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Mən yeni-yeni yazmağa başladığım zamanlarda əlimə M.Ə.Sabirin “Hophopnamə”si düşdü. Onu bir neçə dəfə oxudum. Bu əsər mənə böyük təsir bağışladı. Bundan sonra mən də Sabir kimi... gizli imzalar ilə satirik şeirlər yazmağa başladım.”
Məşhur özbək şairi Qafur Qulam
İyulun 25-i görkəmli Azərbaycan satirik şairi, mütəfəkkiri, maarifçisi Mirzə Ələkbər Sabirin anım günü idi. Şamaxıda və bəzi mədəniyyət müəssisələrinin sosial media səhifələrində Sabirin anım günü ilə bağlı paylaşımlar edildi. Lakin mədəniyyətə cavabdeh olan dövlət qurumları tərəfindən geniş ictimai rezonans doğuran rəsmi anım mərasimləri və ya iri tədbirlər keçirilmədi. Ən azından, bu qurumlar öz sosial media hesablarında adi bir paylaşım belə etmədilər. Heyif. Səd heyif.
Bu adi, sıradan anın günü deyildi axı. Necə deyərlər, dəyirmi rəqəm idi, ünlü şairin vəfatının tam 115 illiyi idi.
30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.
12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlayıb. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olub. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər alıb.
Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxıb. Müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar verib. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən manzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlayıb. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirib və ona Nizaminin "Xəmsə"toplusunu hədiyyə edib.
Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr edib. Mirzə Ələkbər Sabir, ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə alıb. Bu səbəbdən professor, ədəbiyyatşünas Cəfər Xəndan Sabirin bədii irsini tematik və üslubi xüsusiyyətlərinə əsaslanaraq iki əsas dövrə bölüb:
1905-ci il rus inqilabına qədərki dövr
1905-ci il rus inqilabından sonrakı dövr
Mirzə Ələkbər Sabirin yaradıcılığında dil məsələsi mühüm yer tutub. Şair ana dilin qorunmasına, düzgün istifadəsinə və təhsildə tətbiqinə xüsusi diqqət yetirib. O, ana dilində təhsili milli şüurun formalaşması baxımından vacib hesab edib, ictimai məzmunlu şeirlərini sadə və anlaşıqlı dillə qələmə alıb.
“Yaz günləri” şeirində Sabir təbiət gözəlliklərini uşaqların baxış bucağından təqdim edərək, onların estetik dünyagörüşünün formalaşmasına yardım edib. Burada uşaq poetikasına xas olan ritm, ahəng və sadəlik qorunmuş, mövzu isə fəslin poetik təəssüratları üzərində qurulub. “Artıq alıb əskik satan tacir” şeirində Sabir uşaqların tərbiyəsində ailənin, xüsusilə valideyn nümunəsinin mühüm rol oynadığını önə çəkir.
Şeirdə atasından ədalətsiz davranışlar öyrənən bir uşağın timsalında mənfi sosial vərdişlərin nəsildən-nəslə ötürülməsinin təhlükələri göstərilib və uşaqların düzgün tərbiyəsi üçün valideynlərin məsuliyyətinə diqqət yetirilib. Sabirin tərcümə etdiyi və Ezopun məşhur təmsillərindən biri olan “Qarğa və tülkü” əsərində uşaqlara hər kəsə inanmağın doğru olmadığı izah edilib.
Sabir bu şeirdə həm əyləndirici, həm də öyrədici funksiyanı birləşdirərək təmsil janrının imkanlarından məharətlə istifadə edib. “Məktəbə tərğib” şeirində isə şair uşaqlara məktəbə getməyi tövsiyə edib, təhsilin cəmiyyətin tərəqqisi üçün mühüm olduğunu vurğulayıb. Sabirin bu mövzularda yazdığı şeirlər yeni tipli məktəblərin genişləndirilməsinin tərəfdarı olduğunu göstərib və bu ideyalarına görə dövrünün bəzi dairələri tərəfindən tənqid və təqiblərə məruz qalıb.
Şairin "Ə.Sabir Tahirzadə” adlı bir çox imzası ilə “Məktəb şagirdlərinə töhfə”, “Ə.Sabir Tahirzadə” imzası ilə “Təbib ilə xəstə” yaxud “Ə.S.” imzası ilə “Molla Nəsrəddinin yorğanı”, yenə də “Ə.S.” imzası ilə “Molla Nəsrəddin və oğru”, “Ə.S.” “Yalançı çoban” mənzum hekayələrini ancaq və ancaq valideynlərə kömək kimi uşaqların tərbiyəsinin formalaşmasına həsr edib.
“Kim nə deyər bizdə olan qeyrətə?” şeirində isə xalqın zahiri qəhrəmanlığının içi boş olduğu ironik tərzdə təqdim olunub. Sabir “iş görəcək yerdə söz əzbərləmək”, “boş söhbətə aşiq olmaq”, “yay gəlməmiş qızmaq” kimi davranış nümunələri ilə milli xarakteri satirik şəkildə təsvir edib. O, bu şeirdə xalqı yaxşı tanıdığını və ona layiq olduğu qiyməti verdiyini göstərib.
Mir Cəlalın «Mirzə Ələkbər Sabirin sənət dünyası» əsərində isə şairin yaradıcılıq metodları və sənətkarlığı dərindən təhlil edilib. Əli Akifin «Mirzə Ələkbər Sabirin satira sənətkarlığı» kitabı isə onun satira janrındakı ustalığını ön plana çıxarıb. Həmçinin Rafael Hüseynovun «Şirvan şairləri» monoqrafiyasında Sabir Şirvan bölgəsinin ədəbi mühitində formalaşmış görkəmli şairlərdən biri kimi təqdim olunub.
1962-ci ildə Muxtar Dadaşov tərəfindən Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə Sabir adlı qısametrajlı sənədli film həsr edilib.
Böyük azərbaycanlı olan Sabir 25 iyul 1911-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Vətən eşqi ilə ucalan ömür: Şəhid Seymur Əzizalıyev
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Seymur Teyyub oğlu Əzizalıyev, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən, 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin qəhrəman şəhidlərindən biridir. O, cəmi 19 illik qısa, lakin şərəfli ömür yolunda Vətənə xidmətin ən uca zirvəsinə — şəhidlik məqamına ucalmışdır.
Erkən illər və vətənpərvərlik ruhu
Seymur Əzizalıyev 27 iyul 2004-cü ildə İmişli şəhərində çoxuşaqlı ailədə dünyaya göz açmışdır. O, ailənin sonbeşik övladı olaraq 3 bacının və 2 qardaşın əzizi, sevimli qardaşı idi. İmişli rayon 2 nömrəli tam orta məktəbində təhsil alan Seymur, hələ məktəb illərindən hərbi sənətə və idmana böyük maraq göstərmişdir. Güləş və kikboksinq idman növləri ilə məşğul olması onun fiziki və mənəvi cəhətdən dözümlü bir döyüşçü kimi yetişməsində böyük rol oynamışdır.
Onun xarakterinin formalaşmasında 2020-ci ilin Vətən müharibəsi dərin iz buraxmışdır. Həmin vaxt 10-cu sinif şagirdi olan gənc Seymur, Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən ilhamlanaraq gələcəkdə mütləq hərbçi olmağı qarşısına məqsəd qoymuşdur.
Zirvəyə aparan hərbi xidmət yolu
Seymur Əzizalıyev 2022-ci ilin iyul ayında İmişli rayonundan həqi hərbi xidmətə çağırılmışdır. İdman keçmişi və yüksək nizam-intizamı sayəsində o, Azərbaycan Silahlı Qüvvələrinin elit bölmələrindən sayılan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmət etmək hüqu qazanmışdır.
Xidmət müddətində verilən tapşırıqları peşəkarlıqla yerinə yetirən və komandir heyətinin rəğbətini qazanan gənc əsgərin hərbi xidmətinin başa çatmasına və evinə tərxis olunmasına cəmi 3 ay qalmışdı. Lakin Qarabağda separatçı qüvvələrin təxribatlarına son qoymaq üçün başlayan antiterror əməliyyatları onun xidmət yolunu döyüş meydanına yönəltdi.
Antiterror əməliyyatları və son zəng
19 sentyabr 2023-cü ildə başlayan əməliyyatlarda Seymur və tabe olduğu xüsusi təyinatlı qrup ön cəbhədə yer aldı. O, döyüşlər zamanı Xocavənd və Xocalı ərazilərində verilən çətin tapşırıqların öhdəsindən uğurla gəlmişdir.
Döyüş başlamazdan əvvəl, sentyabrın 18-də ailəsi ilə sonuncu dəfə telefonla danışan Seymur, hər şeyin yaxşı olduğunu bildirmiş, onlardan narahat olmamalarını xahiş etmiş və "Mən sağ-salamat qayıdacam" deyərək ailəsini əmin etməyə çalışmışdı.
Döyüşlərin növbəti mərhələsində — strateji əhəmiyyət kəsb edən Xankəndi istiqamətində irəliləyərkən düşmən tərəfindən atılan minomyot mərmisi Seymurun yaxınlığına düşmüşdür. Aldığı ağır qəlpə yaralarından Seymur Əzizalıyev 20 sentyabr 2023-cü ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Nəşi doğulduğu İmişli rayonuna gətirilərək Göbəktala kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur.
Dövlət təltifləri və əbədi xatirəsi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasında göstərdiyi yüksək peşəkarlıq və igidliyə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Seymur Əzizalıyev ölümündən sonra yüksək mükafatlara layiq görülüb:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
"Vətən uğrunda" medalı
Şəhidimizin xatirəsi həm rəsmi platformalarda, həm də doğma rayonu İmişlidə keçirilən anım tədbirlərində hər il ehtiramla yad edilir. Cəmi 19 il yaşamasına baxmayaraq, Seymur Əzizalıyev adı Azərbaycanın hərb tarixinə və xalqımızın qəlbinə silinməz hərflərlə yazılmışdır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Əmir Mustafayevin 90 illiyinə
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
1954-cü ildə, universitetinikincikursundaoxuyarkən ƏmirMustafayevin "Azərbaycangəncləri" qəzetində "Ogəldi" adlı ilkhekayəsi çapolundu. Həminvaxtdanmətbuatdamüntəzəm çıxış edənyazıçının "Xəcalətlibaxışlar", "Qonşu", "Sonuncukürsü" və başqahekayələri ölkəninnüfuzlumətbuorqanlarındaişıq üzü gördü...
Əmir Mustafayev 12 mart 1936-cı ildə Qusar rayonunun Xuluq kəndində anadan olub. Rayonda Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Daha sonra 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirən Əmir Mustafayev Moskva Mərkəzi Komsomol Məktəbində təhsilini davam etdirib. Daha sonra Bakı Ali Partiya Məktəbində təhsil alıb.
Gənc yazıçı bundan sonra Əmir Qaraçəmənli təxəllüsü ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış edib. 1957-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Zolaqlı adam" hekayəsi Əmir Mustafayevi ədəbi aləmdə daha çox tanınmasına səbəb olub. Yazıçı "Qurd ürəyi", "Ürəkdən asılan yük", "Qara zolaq" kimi romanların müəllifidir.
"Qurd ürəyi" kitabında eyni adlı roman, povest və hekayələr cəmləşib. Bu hekayələrdə 1937-ci ilin repressiya qurbanlarından, onların taleyindən bəhs olunur. Habelə Əmir Mustafayev 20 povestin, 200 hekayənin və 500-dən artıq publisistik yazının və müxtəlif səpkili məqalələrin müəllifidir. Ədibin povest və hekayələri Türkiyədə, İranda, İraqda və Rusiyada çap edilib.
Əmir Mustaayev həm də peşəkar jurnalist olub. O, universitetin dördüncü kursunda oxuyarkən, 1957-ci ildə "Azərbaycan pioneri" qəzetinə dəvət alıb və 1969-cu ilə qədər həmin mətbu orqanda ədəbi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib. Daha sonra 1971-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini yerinə yetirib.
1976-1979-cu illərdə isə Azərbaycan Yazıçıları İttifaqının orqanı olan "Azərbaycan" jurnalında məsul katib kimi çalışıb. Eyni zamanda jurnalist bir il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenarist kimi çalışmış, lakin daha sonra yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasına qayıdıb.
Əmir Mustafayev 1985-1989-cu illərdə "Azərnəşr"də bədii ədəbiyyat şöbəsində müdir, 1989- 1990-cı illərdə "Karvan" kitablar seriyası redaksiyasında məsul katib kimi çalışıb. Yazıçı-jurnalist 1990- 1991-ci illərdə "Respublika" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərib. Habelə o, 1991-1993-cü illərdə "Həyat" qəzetində mədəniyyət şöbəsinin müdiri olub.
1993- 2002-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. Prezident təqaüdçüsü olub. Əmir Mustafayev 27 iyul 2007-ci ildə Bakı şəhərində vəfat edib, Qusar rayonunda dəfn edilib.
Mükafatları
- "Tərəqqi" medalı
- "Araz" ali ədəbi mükafatı
- "Ustad" media mükafatı
- "Kamil sənətkar" ali jurnalist mükafatı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.07.2026)
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anım günüdür
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şəkər xəstəliyindən gözləri tutulmuşdu, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib, həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm”.
Ölüm ayağında heç bir vəsiyyət etməyib, amma övladlarına son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”.
Ədəbiyyat tarixində qalmasını tək bircə romanı ilə özünə təmin edən, adı kiçikdən böyüyə hamının dilində dolaşan böyük İsmayıl Şıxlının 26 iyul günü anım günüdür.
Biz eşidə-eşidə, görə-görə gəlmişik, bir çox məşhur, istedadlı kişi mədəniyyət xadimləri insan kimi müsbət keyfiyyətlərə malik olmayıblar, içki meyilli, qadın meyilli, var-dövlət meyilli olmaları daim nların mənfi xüsusiyyətlərini qabardaraq üzə çıxarıb. Amma İsmayıl Şıxlı gözəl yazıçı olmağı ilə bərabər nümunəvi insan idi, belələrinə “ağır otutub batnab gələn kişi” deyilir.
İngilis bayrağı kimi oyan-buyana əsən, qeybətcil, onun-bunun qarşısında daim baş əyib iltifat göstərən, sözünü tutmayanlar İsmayıl Şıxlı şıxsiyyətini öyrənsinlər, anlasınlar ki, əsl kişi olmaq nə deməkdir.
Azərbaycan SSRi xalq yazıçısı İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax qəzasının İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Qazax qəzasının Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra Qazax Pedaqoji Texnikumunda oxuyub. Texnikumda təhsil alarkən komsomol sıralarına daxil olub. Qazax Pedaqoji Texnikumunu bitirdikdən sonra Kosalar kənd orta məktəbində müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali təhsilini bitirib.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib. Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasına sədrlik edib.
"Ədəbi yaradıcılığı"
İlk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi nəsr yaradıcılığına 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
"İctimai-siyasi fəaliyyəti"
İctimai işlərdə fəal çalışıb. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan KP Bakı şəhər komitəsinin, Azərbaycan KP MK-nın, Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib.
Milli azadlıq hərəkatının ön sıralarında olub.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilib. Xidmətlərinə görə "Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medallarla təltif edilib.
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb.
Kitabları
1. Yetər Aslanova
2. Kerç sularında (hekayələr)
3. Dağlar səslənir
4. Daşkəsən (oçerk)
5. Ayrılan yollar
6. Dəli Kür
7. Cəbhə yolları
8. Məni itirməyin
9. Namərd gülləsi (hekayələr)
10. Daim axtarışda (məqalələr, publisist çıxışlar)
11. Ölən dünyam (roman)
İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
1997-ci ildə İsmayıl Şıxlının anadan olmasının 80 illiyinə Ziya Şıxlinski tərəfindən çəkilən "Azanfilm" istehsalı Ayrılan yollar adlı qısametrajlı sənədli film həsr olunub.
28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.
İndi isə oxuculara İsmayıl Şıxlı ilə bağlı bir neçə maraqlı faktı təqdim edəcəyəm:
-İsmayıl Şıxlı zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb;
-İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə - Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər olub.
-1937-ci ildə qohumu Ümidə xanımla nişanlansa da, yalnız 7 il sonra ailə həyatı qura bilir. Baxmayaraq ki, qohumdurlar, nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar. İşmayıl Şıxlının bu evlilikdən Elçin və Fərrux adında iki oğlu dünyaya gəlib.
-İ.Şıxlının nəşr olunan ilk şeiri “Quşlar”dır, 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. Həmin gün şair deyib: “Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ki, şeirim çıxıb. Kədərlənirəm ki, bir də şeir yazmayacam”.
-Yazıçının ən sevilən əsəri olan “Dəli Kür” romanı 9 ilə ərsəyə gəlib. 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təzyiqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.
- İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir. Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.
- Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib, İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə.
-İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.
- İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.07.2026)
Professor Eldar Quliyevin 75 illik yubileyi münasibətilə təbrik məktubu
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Eldar Quliyevə təbrik məktubu ünvanlamışdır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məktubda deyilir:
Hörmətli Eldar müəllim!
Sizi 75 illik yubileyiniz münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin ömür yolunuz Vətənə və xalqa sədaqətli xidmətin, dövlətçilik prinsiplərinə bağlılığın, yüksək ziyalılığın və fədakar əməyin parlaq nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi, elm-təhsil və iqtisadi həyatında göstərdiyiniz səmərəli fəaliyyət, Azərbaycan kooperasiya sisteminin inkişafına verdiyiniz mühüm töhfələr, iqtisad elminin inkişafı istiqamətində apardığınız fundamental tədqiqatlar və gənc nəslin yetişdirilməsi sahəsində gördüyünüz işlər Sizi cəmiyyətimizin böyük hörmət və rəğbət qazanan ziyalılarından birinə çevirmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev şərəfli əməyinizə yüksək qiymət verərək Sizi dəfələrlə dövlət mükafatları ilə təltif etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin uzun illər deputatı kimi dövlətimizin qanunvericilik fəaliyyətində, ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən mühüm qərarların qəbulunda fəal iştirakınız, beynəlxalq parlament platformalarında Azərbaycanın maraqlarını layiqincə təmsil etməyiniz yüksək dövlətçilik məsuliyyətinizin bariz ifadəsidir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətimizdə həmrəylik və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz ardıcıl işlər də xüsusi ehtiramla qarşılanır.
Sizin fəaliyyətiniz Təşkilatımız tərəfindən daim yüksək qiymətləndirilir. Veteranlarla səmimi münasibətləriniz, onların təşəbbüslərinə verdiyiniz dəstək və milli maraqlar naminə göstərdiyiniz həmrəylik təşkilatımızın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk.
İnanırıq ki, zəngin həyat və idarəçilik təcrübəniz, yüksək intellektiniz və vətənpərvər mövqeyiniz bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətimizin tərəqqisinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfələr verməyə davam edəcəksiniz.
Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizə xoşbəxtlik, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy həyat yolunuz daim uğur, ehtiram və xalqımızın sonsuz məhəbbəti ilə müşayiət olunsun.
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)
Türk dastanlarından "Dədə Qorqud"
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə Türk dastanlarıdır. Bu dəfə Türklərin ortaq yaradıcılıq məhsulu sayılan "Dədə Qorqud" dastanı barədə maraqlı məlumatlar danışacağıq.
"Dədə Qorqud" dastanı çox vaxt yalnız qəhrəmanlıq hekayələri kimi təqdim olunur. Halbuki müasir araşdırmalar göstərir ki, bu əsər Oğuz türklərinin hüquq sistemi, dövlət quruluşu, diplomatiyası, inanc dünyası və sosial münasibətləri haqqında qiymətli tarixi məlumatları özündə qoruyub saxlayır. Tədqiqatçılar onu sadəcə folklor nümunəsi deyil, Oğuz cəmiyyətinin "mədəni yaddaşı" kimi qiymətləndirirlər.
Ən maraqlı məqamlardan biri odur ki, Dədə Qorqudun özü hadisələrin baş qəhrəmanı deyil. O, boyların sonunda meydana çıxaraq dua verir, ad qoyur, nəsihət edir və baş verən hadisələri mənalandırır. Bu xüsusiyyət göstərir ki, Dədə Qorqud adi ozan deyil, qədim türk cəmiyyətində müqəddəs ağsaqqal və müdrik simvoludur. Araşdırmaçılar onun obrazını qədim şaman ənənələri ilə islam dövrünün müdrik ağsaqqal modelinin qovuşduğu bir fiqur kimi dəyərləndirirlər.
Az araşdırılan mövzulardan biri də dastanda ad qazanmaq ənənəsidir. Oğuz cəmiyyətində insan doğulduğu anda tam mənada bəy hesab edilmirdi. O, igidlik göstərməli, cəmiyyət qarşısında özünü sübut etməli və yalnız bundan sonra Dədə Qorquddan ad almalı idi. Bu, əslində qədim türklərdə sosial statusun irsi deyil, şəxsi qəhrəmanlıq və xidmətlə qazanıldığını göstərən mühüm ənənə idi.
Dastanda qadın obrazları da gözlənildiyindən daha güclüdür. Burla Xatun, Banuçiçək və Selcan Xatun yalnız ailə üzvləri deyil, at minən, silah işlədən, döyüş strategiyası quran və lazım gəldikdə elini müdafiə edən şəxsiyyətlərdir. Bu, Oğuz cəmiyyətində qadının yüksək ictimai mövqeyə malik olduğunu göstərən ən mühüm mədəni göstəricilərdən biridir.
Son illərin ən mühüm kəşflərindən biri isə Günbəd əlyazmasıdır. Bu əlyazmada əvvəl məlum olmayan yeni bir boy – "Salur Qazanın Yeddi Başlı Əjdahanı Öldürməsi" yer alır. Bu tapıntı göstərdi ki, Dədə Qorqud dastanı əsrlər boyu düşündüyümüzdən daha zəngin mətn ənənəsinə malikdir və onun müxtəlif bölgələrdə yaşayan fərqli variantları mövcud olub.
Araşdırmalar göstərir ki, Salur Qazan obrazı da tamamilə uydurma qəhrəman deyil. Bir sıra türkoloqlar onun obrazında VIII əsrdə yaşamış Türgiş hökmdarı Su-lu Kağanın tarixi izlərinin qorunub saxlanıldığını ehtimal edirlər. Bu, dastanın müxtəlif tarixi dövrlərin hadisələrini və şəxsiyyətlərini bir qəhrəman obrazında birləşdirdiyini göstərir.
Dastanda tez-tez rast gəlinən İç Oğuz və Dış Oğuz anlayışları da təsadüfi deyil. Bunlar sadəcə coğrafi bölgü deyil, Oğuz tayfalarının siyasi təşkilatlanmasını və hakimiyyət münasibətlərini əks etdirən anlayışlar hesab olunur. Tədqiqatçılar bu bölgünün müxtəlif dövrlərdə dəyişdiyini və dastanın uzun əsrlər ərzində formalaşdığını qeyd edirlər.
Bəlkə də Dədə Qorqudun ən böyük sirri elə budur: bu əsər yalnız qəhrəmanlıq dastanı deyil. O, Oğuz türklərinin dövlətçilik düşüncəsini, hüquq anlayışını, ailə modelini, hərbi ənənələrini və mənəvi dünyasını gələcək nəsillərə çatdıran canlı bir tarix kitabıdır. Məhz buna görə yüzillər keçməsinə baxmayaraq, Dədə Qorqud yalnız ədəbiyyat abidəsi kimi deyil, türk tarixini və kimliyini anlamaq üçün ən etibarlı mənbələrdən biri kimi dəyərləndirilir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)
Londonda "YAŞAT” yay məktəbi davam edir
“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü “YAŞAT” yay məktəbi davam edir.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (UCL) keçirilir. Proqramın məqsədi şəhid övladlarının ingilis dili biliklərini, dünyagörüşlərini və şəxsi bacarıqlarını inkişaf etdirməkdir. Onlar həmçinin mədəniyyətlərarası mübadilədə iştirak edir və səmərəli asudə vaxt keçirirlər.
Yay məktəbində ölkəmizdə 9-cu sinif buraxılış imtahanında ən yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir. Proqram çərçivəsində onlar gündəlik ingilis dili dərsləri ilə yanaşı, Temza çayı, Britaniya Muzeyi, Biq Ben, Vestminster Sarayı və Abbatlığı, Elm Muzeyi və London Təbiət Tarixi Muzeyini ziyarət edirlər.
Layihənin media dəstəkçisi ASAN Radio və ASAN TV-dir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)
Şəhid övladları Vaşinqtonda keçirilən “Zəfər” Yay Düşərgəsində iştirak edirlər
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Zəfər” Yay Düşərgəsi təşkil olunub. Düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, düşərgənin uğurla həyata keçirilməsində və proqramın səmərəli təşkilində Virciniya ştatındakı Azərbaycan Evi fəal iştirak edib. Həmçinin, düşərgənin beşinci günündə Azərbaycan Evinin təşkilatçılığı ilə iştirakçılar üçün ziyafət təşkil olunub.
ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alan, yüksək akademik göstəriciləri ilə seçilən 10 şəhid övladının qatıldığı düşərgənin məqsədi iştirakçıların ABŞ-nin dövlət idarəçiliyi sistemi, ali təhsil, STEM və innovasiya, hüquq, tarix və mədəniyyət sahələri ilə yaxından tanış olmalarını təmin etmək, onların beynəlxalq bilik və təcrübələrini zənginləşdirməkdir.
Düşərgə çərçivəsində ABŞ Konqresi, Konqres Kitabxanası, ABŞ Ali Məhkəməsi, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Corctaun Universitetinə, eləcə də müxtəlif muzey və mədəniyyət müəssisələrinə səfərlər, ekspert təqdimatları, maarifləndirici görüşlər, mədəni proqramlar, tarixi-mədəni abidələrə ekskursiyalar təşkil olunub.
Proqramın ilk günü İndiana Universitetinin iqtisadiyyat üzrə doktorantı Xətai Alıyevin təqdimatında “Amerikada təhsil imkanları” mövzusunda təlim keçirilib. Təlimdə ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
İştirakçılar, həmçinin Ağ Evin tarixi və ABŞ prezidentlik institutu haqqında interaktiv ekspozisiyaların sərgiləndiyi “The People’s House: A White House Experience” muzeyində olublar. Daha sonra Renvik Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunan “State Fairs Tour: Growing American Craft” sərgisinə baş çəkib, Amerika sənətkarlığının inkişaf tarixini əks etdirən eksponatları izləyiblər. Onlar həmçinin Lafayette Meydanı və Ağ Evin ətrafında gəzərək Vaşinqtonun tarixi-mədəni mühitini yaxından müşahidə ediblər.
Amerika Tarixi Milli Muzeyinə təşkil olunan səfərdə “Prezidentlər pavilyonu”, “Birinci xanımlar” pavilyonu, Corc Vaşinqtonun heykəli, ABŞ Dövlət Himninə ilham vermiş tarixi bayraq və ölkənin 250 illiyinə həsr olunan “Həyat, azadlıq və xoşbəxtlik axtarışında” sərgisi iştirakçıların marağı ilə qarşılanıb.
Proqram çərçivəsində Milli İncəsənət Qalereyasında “Amerika İncəsənətinin Tərənnümü”(“Celebrating American Art”), “Əziz Amerika” (“Dear America”) və “Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə” (“The American Flag in Art”) sərgiləri də ziyarət olunub. Burada iştirakçılar Amerika təsviri incəsənətinin müxtəlif dövrlərini əks etdirən sənət nümunələrini izləyiblər.
Şəhid övladları Virciniya ştatının Aleksandriya şəhərində yerləşən “Torpedo Factory Art Center”də fəaliyyət göstərən rəssam emalatxanalarına baş çəkiblər. Onlar əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasında yaradıcılıq prosesini yaxından izləyib, sənətkarla fikir mübadiləsi aparıblar. Daha sonra Aleksandriya şəhərinin tarixi küçələri və memarlıq irsi ilə tanışlıq imkanı əldə ediblər.
Qeyd edək ki, “Zəfər” Yay Düşərgəsi cari ilin 16 iyul tarixində başlayıb və 26 iyul tarixinədək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)
Sənədli filmlər və cizgi filmləri sahəsində adını kino tarixinə yazdırıb
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Respublikasının xalq artisti Yalçın Əfəndiyevi – mərhum sənətkarımızı bu gün anmaqda haqlıyıq. Axı bu gün onun dünyaya gəldiyi gündür, dünyaya gəlişinin 89-cu ildönümüdür.
Təkcə onu deyək ki, sənədli filmlər və cizgi filmləri tarixində bu şəxsin misilsiz xidmətləri olub. Biz adətən bədii filmləri çəkənləri tanıyırıq. Gəlin bu gün başa düşək ki, tək onlar tanınmağa layiq deyirlər, digərləri də var.
Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb, lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub.
Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir.
Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.
Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.
"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.
Sənədli filmlərilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir. Yalçın Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs də deyib.
Filmoqrafiya
1. "Ağ pələng"lə görüş
2. Azadlıq məşəli
3. Azərbaycan incəsənəti
4. Azərbaycan narı
5. Azərbaycan, Azərbaycan
6. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında
7. Bakı haqqında 10 dəqiqə
8. Burada başlanmışdır
9. Cırtdan
10. Dostluğun təntənəsi
11. Dönüş
12. Fransada Azərbaycan günləri
Mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
Yalçın Əfəndiyev 10 dekabr 2019-cu ildə Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)
Yadınızdadırmı, bir vaxtlar Toylar Kralımız var idi...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, bir vaxtlar Toylar Kralımız var idi – Səməd Səmədov. İfasına, səsinə peşəkar musiqiçilər, musiqi tənqidçıləri əksərən ağız büzsələr də, o, ən çox toy aparır, ən çx pul qazanana müğənni statusunu qoruyub saxlayırdı...
Azərbaycan xalq artisti Səməd Səmədov!
Hətta na xalq artisti adı veriləndə belə bir hal da baş vermişdi. Müğənni fəxri ad alması barədə fərmanı oxuyan kimi sevincini Xalq artisti, kamança ustası, baməzəliyi ilə tanınan Habil Əliyevlə bölüşmək istəmişdi. Aralarında belə bir dialoq olmuşdu:
-Habil müəllim, indicə mənə Xalq artisti adını verdilər.
-Onlar verirdi verirdi. Sən niyə götürürdün?
Estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbində oxuyub, məktıbin kripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edib. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu Ulduzlar Bağında Səməd Səmədovun ad ulduzu qoyulub.
Müğənni 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Məşhur mahnıları
1. Qızlar
2. Bu dünyanın üzünə bax!
3. Bakılı balasıyam
4. Sensiz qalan dünya
5. Sevgimiz
6. Taleyimə qurban olum
7. Yenə görüşərik
Filmoqrafiya
- Yanmış körpülər
- El içində
Səməd Səmədov 24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)


