Çağdaş Azərbaycan ədəbi mühitinin dərdi Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AYB, AJB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”

 

Qələm müqəddəs, söz isə dəyərdir. Qələmin yad və nalayiq əllərdə olması, sözün isə nalayiq kəslərə verilməsi bu günümüz və gələcəyimiz üçün danılmaz təhlükədir. Etiraf etmək lazımdır ki, bu gün müqəddəs sayılan qələm və eləcə də söz haqqı bəzən nalayiq adamların ixtiyarındadır.

 

Bu gün Odlar Yurdu Azərbaycanımızda ədəbiyyat sahəsində olanlar müxtəlif ədəbi birliklərin üzvü olaraq tanınırlar. Lakin təəsüflər olsun ki, qələm əhli olaraq müxtəlif ədəbi birliklərin üzvlük vəsiqəsini daşıyanlardan insanı təəccübləndirəcək səviyyədə olan bir qismi öz mənfi və qeyri-etik davranışları ilə ədəbiyyat adını aşağılayır, eyni halda mənsub olduqları ədəbi birliyin adına ləkə gətirirlər. Bunun da bir səbəbi tərbiyə məsələsidirsə, digər səbəbi əsasən nevroloji və psixoloji xəstəliklərdən ibarətdir...
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün onların arasında olduqca ciddi və kompleks ruhi xəstəlik və psixi pozuntu növlərindən sayılan şizofreniya (reallığı qiymətləndirmə bacarığının itirilməsi), narsistlik (şəxsiyyət pozuntusu, özünə həddindən artıq heyranlıq duyulması), sadizm (başqasına acı verməkdən həzz alma) və s. bu kimi müxtəlif nevroloji və psixoloji xəstəliklərdən əziyyət çəkənlər heç də az deyil. Bunu sübut etməyə lüzum yoxdur. Çünki ölkənin ədəbi mühitinə diqqətlə baxdıqda, bunun çoxsaylı, həm də acı nümunələrini müşahidə etmək mümkündür. Əslində isə heç uzağa getməyə da ehtiyac yoxdur. Bunun üçün "Facebook", "Tik-tok", "İnstagram" və "Youtube" kimi sosial şəbəkələrdə özünü "şair", "yazıçı", "ədəbi tənqidçi" və ya "bədii qiraətçi" kimi təqdim edib min bir oyundan çıxan, insana utanc hissi gətirən, böyük-kiçik saymayan, həmçinin, ətrafa nifrət, tərbiyəsizlik və ədəbsizliyi püskürən "qələm sahibləri"ni görmək kafidir. Bəziləri də özünü bəzi "şou-biznes" nümayəndələri kimi gündəmdə qalmaq hədəfi ilə yalnız kimlərləsə qalmaqal yaşamaq, ətürpədici və ürəkbulandırıcı "fotosessiyalar"la gündəmdə qalmağa can atırlar. Heç şübhəsiz, bütün bunlar çağdaş Azərbaycan ədəbi mühitinin acı dərdlərindən sayılır. Mövcud durum onu deməyə əsas verir ki, bu gün ədəbi mühitdə yad və nalayiq ünsürlər var...

Bu qəbil psixoloji və nevroloji xəstəliklər nəticəsində tez-tez sosial şəbəkələrdə tənqid adı altında ağır təhqirlərin şahidi oluruq. Nadanlıq isə digər tərəfdən baş alıb gedir. Sözün həqiqi mənasında hər növ təhqiri "tənqid", Qanun qarşısında məsuliyyət xatırlatmasını isə "təhdid" kimi təsəvvür edən əli qələmli və özünü ali savadlı, ziyalı kimi təsəvvür edən modern cahillərimiz də var...
Mən fürsətdən istifadə edib, bu problemin əsaslı şəkildə həlli üçün üç təkliflə çıxış etmək istəyirəm:
1. Hər hansı bir ədəbi birliyin üzvlüyünə qəbul üçün lazım olan sənədlər arasında həm də namizədlərdən psixoloji və nevroloji baxımdan sağlamlıq haqqında ayayış tələb edilsin...
2. Namizədlərdən tələb olunan "zəmanət məktubu" xüsusi sifariş, dostluq, qonaqlıq və "şirinlik"lə, eyni halda şablon formada imzalanmış kağızlarla deyil, daha etibarlı, həm də qarşı tərəfin cəmiyyət arasında formalaşmış mədəniyyəti, tərbiyəsi və eləcə də bədii yaradıcılıq qabiliyyətini bəyan edən formada olsun...
3. Ədəbi birliklərin nizamnaməsi və idarəçilik sistemində "Nəzarət şurası" və ya "Etika şurası" adları altında birliyə üzv olanların davranışlarına nəzarət mexanizmi təsis edilsin və beləliklə də ədəbiyyat və qələm adına ləkə gətirənlərlə müxtəlif (xəbərdarlıq cərimə və üzvülükdən qovulma kimi) mərhələlər əsasında davranılsın və beləliklə də kimsə özünü toxunulmaz saymasın...
Qələmi müqəddəs, ədəbiyyatı isə ədəb-ərkan və etika vadisi sayan bütün əziz, ziyalı və dəyərli qələm əhlinə dərin sayğılarımla!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)


 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.